Auditor xidməti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini,
onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını
və vəzifələrini müəyyən edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil
maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur.
Auditor xidməti ilə bağlı münasibətlər bu Qanunla, habelə Azərbaycan
Respublikasının digər qanunvericilik aktları, beynəlxalq müqavilə və sazişləri ilə
tənzimlənir.
I f əsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun tətbiq sahəsi[1]
1.1. Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı
olmayaraq Azərbaycan Respublikası ərazisində (Ələt azad iqtisadi zonası istisna
olmaqla) fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan
sonra - təsərrüfat subyektləri) şamil edilir.
1.2. Ələt azad iqtisadi zonasında auditor
xidməti ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 2. Audit
anlayışı
Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi
ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının,
mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır.[2]
Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin
öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını
dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə
tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.[3]
Maddə 3. Auditor
xidməti
Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat
fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat
uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə
fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat
münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.
Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində
təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.
Maddə 4. Sərbəst
auditor
Sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının
(bundan sonra “Auditorlar Palatası” adlandırılacaqdır) verdiyi lisenziyaya əsasən
respublika ərazisində sərbəst auditor, xidməti göstərmək hüququnu əldə etmiş fiziki
şəxsdir.
Maddə 5. Auditor
təşkilatı
Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında
Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş
və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.
Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş
qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır.[4]
Maddə 6. Sərbəst
auditor olmağın şərtləri
Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək
üçün aşağıdakılar tələb olunur:
a) Azərbaycan Respublikasının vətəndaşı olmaq;
b) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində
müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum
edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş
qaydada ödənilməsi;
v) mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları
üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmaq;
q) sərbəst auditor imtahanlarını vermək.
Tamah məqsədilə cinayət törətmək, üstündə məhkum olunmuş və məhkumluğu
ödənilməmiş şəxslər auditor ola bilməzlər.
Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici
ölkə vətəndaşı Auditorlar Palatasının rəsmi icazəsi ilə həmin hüquqdan Azərbaycan
Respublikası ərazisində istifadə edə bilər.
Maddə 7. Auditor
adını almaq üçün imtahanların təşkili
Auditor adı almaq üçün imtahanlar Auditorlar Palatasının təyin
etdiyi komissiya tərəfindən qəbul edilir.
İmtahanlar Auditorlar Palatasının Əsasnaməsində nəzərdə tutulan
qaydaya uyğun olaraq təşkil edilir.
Maddə 8. Auditor rəyi
Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü
ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat
əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi
vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət
hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti
olan rəsmi sənəddir.[5]
Səlahiyyətli
dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən
auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin
edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.[6]
Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli
sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası
Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir.[7]
II f ə s
i l
AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN TƏNZİMLƏNMƏSİ
Maddə 9. Auditor
xidmətinin tənzimlənməsi
Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə
olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin,
təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini
müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi
aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət
edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası
yaradılır. Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq
olaraq Auditorlar Palatasının Əsasnaməsi təsdiq edilir və onun rəhbəri təyin edilir.[8]
Maddə 10. Auditor xidməti ilə məşğul olmaq üçün lisenziyanın verilməsi
Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra 5 il
müddətinə verilən lisenziya əsasında fəaliyyət göstərirlər.[9]
Maddə 11. Sərbəst auditorların və auditor təşkilatlarının
dövlət qeydiyyatı
Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı
aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Auditor öz fəaliyyətini sərbəst, yaxud auditor təşkilatı ilə müqavilə əsasında həyata
keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır.[10]
Sərbəst auditorlar öz fəaliyyətini əks etdirən gündəlikdən istifadə
edirlər. Gündəliyi onların fəaliyyətinə nəzarət və aparılan auditin keyfiyyətinin
yoxlanması üçün Auditorlar Palatasına təqdim edirlər.
Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş auditor təşkilatı Auditorlar Palatasından
lisenziya aldığı andan auditor xidmətini həyata keçirmək
hüququna malik olur.[11]
III f ə s
i l
AUDİTORLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
Maddə 12.
Auditorların hüquqları
Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:
bu Qanuna və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun
olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;
sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə
(o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama
üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu
yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;
sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti
göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ
qaldırmaq;
auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb
etmək;
yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan
sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.
Maddə 13.
Auditorların vəzifələri
Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan
ibarətdir:
auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə hökmən riayət etmək;
auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli
həyata keçirmək;
bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında
iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına)
xəbər vermək;
sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü,
qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;
auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat
uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin
rəhbərliyinə məlumat vermək;
sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı
(məhkəmə orqanlarının, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici
ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin)
icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb
etdiyi, habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən və maliyyə bazarlarını tənzimləyən digər qanunlara müvafiq olaraq
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmalı
məlumatlar istisna olmaqla) məxfi saxlamaq;[12]
yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub
saxlanmasını təmin etmək;
təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair
qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində
olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar
vermək;
qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi
vermək;[13]
sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq;[14]
Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
və “Hədəfli maliyyə sanksiyaları
haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə
riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
digər tədbirləri həyata keçirmək;[15]
qanunla müəyyən edilmiş hallarda auditin aparılması
zamanı aşkar olunan pozuntu, nöqsan və çatışmazlıqlar barədə qanunla müəyyənləşdirilmiş
orqana (quruma) məlumat vermək və qanunda nəzərdə tutulmuş hallarda digər vəzifələri
icra etmək.[16]
Maddə 14.
Auditorların məsuliyyəti
Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə
yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış
müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari
sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.[17]
Maddə 15. Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların geri alınması
Auditora və ya auditor təşkilatına Azərbaycan Respublikası ərazisində
auditor xidmətini həyata keçirmək hüququ verən lisenziya aşağıdakı hallarda Auditorlar
Palatasının qərarı ilə geri alına bilər:
təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit apardıqda;
audit aparılması zamanı bu Qanunun və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini kobudcasına
pozduqda;
sərbəst auditor haqqında maliyyə-təsərrüfat münasibətləri sahəsində
müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğulolma hüququndan məhrumetmə
cəzasını, habelə tamah məqsədilə törədilmiş cinayətə görə cəzanı nəzərdə tutan məhkəmənin
hökmü qanuni qüvvəyə mindikdə;
lisenziyanın verilməsindən sonra onun alınması üçün auditor tərəfindən
doğru olmayan məlumatların təqdim edilməsi faktı aşkar edildikdə;
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olaraq, audit
zamanı əldə edilmiş məlumatlar auditor tərəfindən təsərrüfat subyektinin rəhbərinin
(mülkiyyətçisinin) razılığı olmadan üçüncü şəxslərə verildikdə;
bu Qanunun 18-ci maddəsi ilə nəzərdə tutulan auditin aparılmasını
istisna edən hallar auditor (auditor təşkilatı) tərəfindən gizlədildikdə.
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari
sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
IV f ə s i l
AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN TƏŞKİLİNİN ÜMUMİ
QAYDASI
Maddə 16. Təsərrüfat subyektlərində auditor xidmətinin təşkili
Auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı,
digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması
müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə
də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir.
Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə
yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır.
Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı
üçüncü şəxsdən asılı deyildir.
Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin
yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor
rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir.
Maddə 17.
Auditor xidmətindən istifadə üzrə
təsərrüfat subyektinin vəzifələri və hüquqları
Təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması
üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir
və onların düzgünlüyünə məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna dair yazılı və
şifahi izahatlar verməyə borcludur.
Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər.
Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı
bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə
bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor
yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir.
V f ə s i l
XÜSUSİ MÜDDƏALAR
Maddə 18. Auditor xidməti sahəsində qadağanlar
Yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin
rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, müəssisədə
bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin
müəssisələrdə audit aparmaq qadağandır.
Maddə 19.
Mübahisələrin həll edilməsi
Auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında
meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə
bilmədikdə məhkəmə tərəfindən həll olunur.
Auditor (auditor təşkilatı) müəyyən edilmiş qaydada Auditorlar
Palatasının ona lisenziyanın verilməməsi və ya geri alınması barədə
qərarlarından, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə
bilər.[18]
Maddə 20.
Auditor təşkilatlarının yoxlanılması
Auditorlar Palatası auditor təşkilatlarının maliyyə-təsərrüfat
fəaliyyətinin bu Qanunun müddəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət
edir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 16 sentyabr 1994-cü il
№ 882.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)
2. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)
3. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
4. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)
5. 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 21)
6. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
7. 10 iyun 2005-ci
il tarixli 925-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
8. 9 oktyabr 2007-ci
il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
9. 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152)
10. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)
11. 30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938)
12. 11 fevral 2011-ci il tarixli 65-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 15 aprel 2011-ci il №79, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №04, maddə 246)
13. 28 dekabr 2018-ci il tarixli 1408-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 25)
14. 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993)
15. 6 iyul 2023-cü il tarixli 958-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 4 avqust 2023-cü il, № 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə
1108)
16.
5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə
1621)
17.
26 dekabr 2023-cü il tarixli 1080-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2024-cü il, № 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 138)
18.
28 iyun 2024-cü il tarixli 1200-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul
2024-cü il, “Azərbaycan” qəzeti, 18 iyul 2024-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 774)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 2018-ci il tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar
2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
№ 01, maddə 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1621) ilə 1-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun mülkiyyət formasından
və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra “təsərrüfat
subyektləri” adlandırılacaqdır) şamil edilir.
[2] 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu
il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 6, maddə 993) ilə 2-ci maddənin birinci hissəsindən “, mühasibat” sözü çıxarılmışdır.
[3] 11 fevral 2011-ci il tarixli 65-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 15 aprel 2011-ci il №79, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, №04, maddə 246) ilə 2-ci maddəsinin ikinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Qanunvericiliyə görə öz
maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik
aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanının
müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda
isə könüllüdür.
[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 5-ci maddənin ikinci hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Auditor təşkilatının yaradılması üçün azı üç sərbəst
auditor olmalıdır.
[5] 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu
il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 6, maddə 993) ilə 8-ci maddənin birinci hissəsində “mühasibat” sözü (birinci halda) “maliyyə” sözü ilə əvəz edilmişdir.
[6] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 8-ci maddəsinin
ikinci hissəsi çıxarılmışdır.
[7] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 8-ci maddənin üçüncü hissəsində "Palatası" sözündən sonra "Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq
tələblərini nəzərə almaqla" sözləri əlavə edilmişdir.
[8] 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, № 1, maddə 21) ilə 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının Ali Soveti Auditorlar Palatasının Əsasnaməsini təsdiq edir və onun
rəhbərini təyin edir.
[9] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 10-cu maddədə “təşkilatları” sözündən sonra “dövlət qeydiyyatına alındıqdan sonra” sözləri
əlavə edilmişdir.
[10] 23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə
241) ilə 11-ci maddənin ikinci hissənin birinci cümləsində "auditor təşkilatının üzvü kimi" sözləri
"auditor təşkilatı ilə müqavilə əsasında"
sözləri ilə əvəz edilmişdir.
[11] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 11-ci maddənin adında “təşkilatlarının” sözündən sonra “dövlət” sözü əlavə edilmiş, birinci hissədən
“və auditorların reyestrində qeydiyyata götürüldüyü”
sözləri çıxarılmış və hissənin sonuna yeni cümlə əlavə edilmişdir. Eləcə də dördüncü
hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan
Respublikası ərazisində auditorları və auditor təşkilatlarını Auditorlar Palatası
qeydiyyata alır.
Maddənin beşinci hissəsində isə “Palatasında
qeydiyyatdan keçdiyi” sözləri “Palatasından
lisenziya aldığı” sözləri ilə əvəz edilmişdir.
23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə
241) ilə 11-ci maddənin beşinci hissəsində "Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaya malik azı üç auditordan
ibarət" sözləri "Qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş" sözləri ilə əvəz
edilmişdir.
[12] 30 sentyabr 2010-cu il tarixli
1080-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 3-cü maddəsinin yeddinci
abzasda “Qanununun 7.2-ci maddəsində nəzərdə
tutulmuş” sözləri “Qanununa əsasən təqdim
olunmalı” sözləri ilə əvəz edilmişdir.
6 iyul 2023-cü il tarixli 958-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 4 avqust 2023-cü il, № 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə
1108) ilə 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında “və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən” sözləri “, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən və maliyyə bazarlarını tənzimləyən digər qanunlara müvafiq olaraq
Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilmişdir.
28 iyun 2024-cü il tarixli 1200-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul
2024-cü il, “Azərbaycan” qəzeti, 18 iyul 2024-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 774) ilə 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında “tələb
etdiyi hallar,” sözləri “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından
daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş
hallarda vergi orqanlarının tələb etdiyi, habelə” sözləri ilə əvəz edilmişdir.
[13] 23 noyabr 2001-ci
il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 12, maddə 736) ilə 13-cü maddəyə onuncu abzas əlavə edilmişdir.
[14] 1 fevral 2008-ci il tarixli
535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə
152) ilə 13-cü maddənin birinci hissəsinə on birinci abzas əlavə edilmişdir.
[15] 30 iyun 2009-cu il tarixli 856-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 13-cü
maddəsinə yeddinci abzasa “hallar” sözündən
sonra “və “Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar” sözləri əlavə edilmişdir və yeni məzmunda on ikinci abzas
əlavə edilmişdir.
30 sentyabr 2010-cu il tarixli
1080-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il №252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 3-cü maddəsinin on
ikinci abzas yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Sinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması
tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim
edilməsi ilə bağlı tələblərə riayət etmək, özünün daxili nəzarət sistemini hazırlamaq
və tətbiq etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş digər tədbirləri həyata keçirmək.
26 dekabr 2023-cü il tarixli 1080-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2024-cü il, № 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 138) ilə 13-cü maddəsinin birinci hissəsinin
on ikinci abzasından “pul vəsaitlərinin və
ya digər” sözləri çıxarılmışdır və həmin abzasda “Azərbaycan Respublikası Qanununun” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının”
sözləri ilə əvəz edilmişdir.
[16] 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə
1621) ilə 13-cü maddənin birinci hissəsində doqquzuncu – on ikinci abzasların sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü
abzas əlavə edilmişdir.
[17] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, № 3, maddə 152) ilə 14-cü maddəyə ikinci hissə əlavə edilmişdir.
[18] 5 oktyabr 2001-ci il tarixli
190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
683) ilə 19-cu maddənin birinci hissəsindən "(arbitraj məhkəməsi)" sözləri və ikinci hissəsindən "(arbitraj məhkəməsinə)" sözləri
çıxarılmışdır.
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 8, maddə 684) ilə 19-cu maddəsinin ikinci hissəsində "barədə, habelə auditor təşkilatının hüquqi şəxs
kimi dövlət qeydiyyatına alınmaması barədə qərarlarından" sözləri "barədə qərarlarından, habelə auditor təşkilatının
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasından imtinadan" sözləri ilə
əvəz edilmişdir.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, № 11, maddə 1053) ilə 19-cu maddəsinin ikinci hissəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə
edilmişdir.