Müflisləşmə və iflas haqqında[1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun müəssisənin müflisləşməsinin, iflasının və iflas haqqında işlər üzrə icraata başlanması üsullarını, şərtlərini və qaydasını, kreditorların tələblərinin ödənilməsinin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir.

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyar:

Müflisləşmə — borclunun öhdəliklərini ödəmə qabiliyyəti olmaması;

İflas — borclunun öhdəliklərini mütləq ödəmə qabiliyyəti olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi;

Məhkəmə — iflas haqqında işin tərəflərinin hüquqi statusundan asılı olaraq həmin işə baxıb həll edən xalq məhkəməsi və ya arbitraj məhkəməsi;

kreditor — borclu barəsində əmlak iddiası olan fiziki və ya hüquqi şəxs;

borclu — kreditor qarşısında öz öhdəliklərini vaxtında yerinə yetirə bilməyən və ya yerinə yetirməkdən imtina edən müəssisə;

kreditor borcu — müvafiq hüquqi və ya fiziki şəxslərə pul vəsaitlərindən ödənilməli olan borc məbləği;

barışıq sazişi — kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi və ya borcların ödənilməyən hissəsinin güzəşt edilməsi barədə borclu ilə kreditorlar arasında razılıq əldə edilməsi;

müəssisənin aktivi — müəssisənin əsas vəsaitlərindən, digər uzunmüddətli vəsait qoyuluşundan (qeyri-maddi aktivlər də daxil olmaqla), dövriyyə vəsaitlərindən və maliyyə aktivlərindən ibarət əmlakı;

müəssisənin passivi — kreditor borcu da daxil olmaqla borcdan və cəlb edilmiş vəsaitdən (subvensiyalardan, dotasiyalardan, öz vəsaitindən və bir sıra digər mənbələrdən başqa) ibarət öhdəlik;

cəlb edilmiş vəsait — borclunun kreditor borcu, o cümlədən banklara borcu, sığorta borcu və büdcəyə olan borcu;

sağlamlaşdırma — borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar, əmək kollektivləri və ya başqa şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun yenidən təşkil edilməsi üsulu;

müəssisənin yenidən qurulması — kreditorların tələbini ödəmək məqsədi ilə müəssisənin mülkiyyətçisi (mülkiyyətçiləri), müdiriyyəti və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən müəssisənin əmlakını bölmək, hamısını və ya müəyyən hissəsini digər təsərrüfat subyektlərinə vermək yolu ilə müəssisənin strukturunun və fəaliyyət istiqamətinin dəyişdirilməsi.

Maddə 2. İflasın subyektləri

Bu Qanun xüsusi təyinatlı dövlət müəssisələri, büdcə təşkilatları, ictimai təşkilatlar (kommersiya fəaliyyəti ilə məşğul olanlar istisna edilməklə) və fəaliyyəti mənfəət əldə etmək məqsədi güdməyən təşkilatlar (müəssisələr) istisna olmaqla Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, kreditorlar və büdcə qarşısında öz öhdəliklərini yerinə yetirməyən müəssisələrə şamil edilir.

 

II fəsil

İFLAS HAQQINDA İŞLƏRƏ BAXILMASI QAYDASI

Maddə 3. İflas haqqında işin qaldırılması

1.       İflas haqqında işin qaldırılması üçün əsas kreditorun və ya borclunun ərizəsidir.

2.       Borclunun ödəniş qabiliyyəti olmadıqda kreditorun borcluya qarşı sənədlərlə təsdiq olunmuş ərizəsi yerinə yetirilməsi günündən üç ay ərzində ödənilməyən tələblərə görə yazılı şəkildə verilir.

3.       Borclu müəssisə öz əmlakını bağışladıqda, ucuz qiymətə satdıqda və səmərəsiz idarə etdikdə, borclunun öz əmlakı hesabına kreditorların tələblərini ödəyə bilməməsi təhlükəsi yarandıqda da kreditorlar müəssisənin iflası haqqında işin qaldırılması üçün ərizə verə bilərlər.

4.       Borclu müəssisənin ərizəsi müəssisənin təsis sənədlərinə müvafiq surətdə müəssisənin rəhbəri və ya digər səlahiyyətli şəxsi tərəfindən yazılı şəkildə verilir.

5.       Ərizədə müəssisənin mütəmadi ödəniş qabiliyyətinin olmaması, yerinə yetirilməsi mümkün olmayan ödənişlərin miqdarı və ya ödəniş qabiliyyətinin itirilməsi təhlükəsi və bunun səbəbləri göstərilir. Ərizə mütəmadi ödəniş qabiliyyətinin olmadığı gündən üç ay müddətində verilir.

6.       Borclunun ərizəsinə onun kreditorlarının və borclularının siyahısı, müəssisənin mühasibat balansı əlavə edilir.

7.       İflas haqqında işlərin icraat qaydası bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

8.       İflas haqqında işlərə borclunun təsis sənədlərinə uyğun olaraq onun yerləşdiyi ərazinin məhkəməsində baxılır.

9.       Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən az bir hissəni təşkil etdiyi hallarda məhkəmə iflas haqqında işi rədd edə bilər. Belə halda borclu ilə kreditorların əmlak iddiaları əmlak mübahisələrinə baxılmasının ümumi qaydasına uyğun həll edilir.

Maddə 4. Ərizənin geri götürülməsi

Borclunun iflası haqqında kreditorun ərizəsi məhkəmə tərəfindən qərar qəbul edilənədək geri götürülə bilər.

Maddə 5. İflas haqqında işlərə məhkəmədə baxılması üçün zəruri olan sənədlər

1.   İflas haqqında işə baxılması üçün, iş icraata qəbul edildikdən sonra məhkəmənin müəyyənləşdirdiyi müddətdə borclu aşağıdakı sənədləri təqdim etməlidir:

mülkiyyət forması və mülkiyyət hüququnun subyektləri haqqında məlumat da daxil olmaqla, müəssisənin rekvizitləri;

işin icraata qəbul olunduğu günə mühasibat balansı;

debitor və kreditor borcunun siyahısı, borclunun maliyyə və əmlak vəziyyəti haqqında digər lazımi məlumat.

2.   Tələb olunmuş sənədlər və məlumat təqdim edilmədikdə məhkəmə balansın və digər lazımi məlumatın tərtib edilməsini və təqdim olunmasını borclunun hesabına auditor təşkilatına və ya sərbəst auditora tapşırır.

Maddə 6. İflas haqqında işlərə məhkəmədə baxılmasının ilkin qaydaları

1.   Borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin (mülkiyyətçilərinin) nümayəndəsi (nümayəndələri) iflas haqqında işin dayandırılması və sağlamlaşdırma keçirilməsi barədə vəsatət qaldıra bilərlər.

Məhkəmə iki həftə müddətində vəsatətə baxır və onun təmin edilməsi, yaxud təmin edilməməsi haqqında qərar qəbul edir.

Sağlamlaşdırmanın mümkün və ya məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün məhkəmə müstəqil ekspertlər cəlb edə bilər. Ekspertlərin fəaliyyəti ilə bağlı xərclər borclunun üzərinə qoyulur. Borclu barəsində və məhkəmə xərclərinin ödənilməsi barədə kreditorların əmlak iddialarının ödənilməsi üçün üçüncü şəxsin zəmanəti olmadıqda məhkəmə mətbuat vasitəsilə borclunun sağlamlaşdırılmasında iştirak etmək istəyən hüquqi şəxslər və vətəndaşlar arasında müsabiqə elan edə bilər. Bir ay ərzində müsabiqədə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər olmadıqda və ya sağlamlaşdırma barəsində ovların şərtləri ilə borclu razılaşmadıqda həmin borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.

2.   İflas haqqında iş üzrə icraatın qurtarması məqsədilə borclu ona ödənişlər üçün möhlət vermək, ödənişləri hissələrə bölmək və borcları güzəşt etmək imkanı verən barışıq sazişi bağlamaq təklifi ilə kreditorlara müraciət edə bilər. Barışıq sazişi haqqında kreditorların və borclunun razılığı məhkəmə tərəfindən təsdiq olunur.

Maddə 7. Əmlakında dövlətin payı olan müəssisələr üçün ilkin qaydaların xüsusiyyətləri

1. Borclunun əmlakında dövlətin payı olduqda məhkəmə işin icraata qəbul olunduğu barədə dövlət əmlakını idarə edən dövlət orqanına məlumat verir.

2. Dövlət əmlakını idarə edən dövlət orqanı məlumatı aldığı gündən on beş gün müddətində sağlamlaşdırmanın məqsədəuyğun olub-olmaması barədə öz qərarını məhkəməyə bildirir.

Sağlamlaşdırma haqqında qərar qəbul edildikdə dövlət əmlakını idarə edən dövlət orqanı kreditorların əmlak iddialarının və məhkəmə xərclərinin ödənilməsinə təminat verir.

Maddə 8. Banklar üçün ilkin qaydaların xüsusiyyətləri

Kommersiya bankları və ya digər kredit müəssisələri, onların kreditorları kommersiya banklarının və digər kredit müəssisələrinin iflası haqqında məhkəməyə ancaq bank əməliyyatlarının həyata keçirilməsinə icazə verən lisenziya Azərbaycan Respublikasının Milli Bankı tərəfindən geri alındıqdan sonra ərizə ilə müraciət edə bilərlər.

 

III fəsil

MÜSABİQƏ İCRAATI

Maddə 9. Borclunun iflası haqqında məhkəmənin qətnaməsi

Borclu barəsində sağlamlaşdırma tətbiq edilmədiyi və barışıq sazişi bağlanmadığı və ya əqdlərin etibarsız sayıldığı hallarda məhkəmə borclunun iflası haqqında qətnamə çıxarır.

Maddə 10. İflasın elan edilməsi

1. Müsabiqə icraatına başlanması haqqında məhkəmə qərardad çıxarır. Borclunun iflas elan edilməsi və müsabiqə icraatına başlanması haqqında məhkəmə tərəfindən çıxarılan müvafiq qətnamə və qərardad haqqında məlumat rəsmi mətbuatda dərc olunur. həmin qərardadda aşağıdakılar göstərilməlidir:

icraatında iş olan məhkəmənin adı;

borclu müəssisənin adı və yeri;

müsabiqə icraatına başlanması üçün əsas olmuş ərizənin verilməsi tarixi;

qətnamə və qərardadın dərc olunduğu gündən iki ay müddətində borclu barəsində kreditorların öz iddialarını irəli sürməsi zərurəti haqqında onlara müraciət;

digər mühüm hallar.

2. Müsabiqə icraatına başlandığı barədə məhkəmə aşağıdakılara məlumat verir:

müəssisənin təsisçilərinə;

müəssisənin iştirakçısı dövlət olduqda dövlət əmlakını idarə edən dövlət orqanına;

kreditorlara;

maliyyə orqanlarına;

iflas olmuş müəssisənin xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ olduqda, belə fəaliyyət üçün lisenziya verən orqana;

iflas olmuş müəssisə birgə müəssisədirsə, xaricdəki müvafiq şəriklərə;

yerli icra hakimiyyəti orqanına;

vergi müfəttişliyinə;

müəssisənin hesablarını aparan bank idarələrinə;

müvafiq həmkarlar ittifaqı orqanına;

müəssisənin əmək kollektivinə.

Bankın iflası elan edildikdə, Azərbaycan Respublikasının Milli Bankına bu barədə məlumat verilir.

Maddə 11. Müsabiqə icraatına başlanması

1. Müsabiqə icraatı kreditorların tələblərini mütənasib ödəmək, borclunu borclardan azad elan etmək, tərəfləri bir-biri barəsində qeyri-hüquqi hərəkətlərdən qorumaq məqsədi ilə aparılır.

2. Müəssisənin iflası elan edildiyi andan müsabiqə icraatına başlamaq haqqında qərardad çıxarılır. Bu qərardad ilə:

əmlakı özgəninkiləşdirmək (əmlakı özgəninkiləşdirməyə kreditorlar yığıncağının icazə verdiyi hallardan başqa), başqasına vermək və öhdəlikləri ödəmək qadağan edilir;

borclunun bütün borc öhdəliklərinin müddətləri bitmiş hesab olunur;

müəssisənin bütün borc növləri üzrə cərimə və faizlər yazılmasına xitam verilir;

tutulmalı haqqın müəssisə əmlakına yönəldilməsi üzərində qanunvericiliyə müvafiq məhdudlaşdırmaların hamısı götürülür. Həmin andan borclu qarşısında əmlak və ya maliyyə xarakterli bütün tələblər yalnız müsabiqə icraatı çərçivəsində irəli sürülə bilər.

Maddə 12. Müsabiqə icraatının iştirakçıları

Müsabiqə icraatının iştirakçıları müsabiqə təşkilatçısı, kreditorlar yığıncağı, borclu və marağı olan digər şəxslərdir.

Maddə 13. Müsabiqə icraatında müsabiqə təşkilatçısının səlahiyyətləri

1. Müsabiqə təşkilatçısı kreditorlar yığıncağının təqdimatı əsasında iflas haqqında işə baxan məhkəmə tərəfindən təsdiq olunur.

2. Müsabiqə təşkilatçısı:

borclunun əmlakını idarə edir və sərəncam verir;

borclunun maliyyə vəziyyətini təhlil edir və kreditorların tələblərinin əsaslı olub-olmadığını öyrənir, onları qəbul və ya rədd edir;

müsabiqə icraatında borclunun tələb yönəldilə bilən əmlakının dairəsini müəyyən edir, o cümlədən debitor borclarının alınması üzrə iş aparır;

müsabiqə icraatının başlandığı vaxt borclunun maliyyə vəziyyəti və əmlakı haqqında məhkəməyə və kreditorlara lazımi məlumat verir;

ləğvetmə komissiyasının tərkibini formalaşdırır və fəaliyyətinə rəhbərlik edir;

kreditorlar yığıncağının öz səlahiyyətlərinə uyğun gəlməyən, yaxud müsabiqə təşkilatçısının səlahiyyətlərini məhdudlaşdıran qərarlarından məhkəməyə şikayət verir.

Maddə 14. Kreditorların yığıncağı

1.   Kreditorlar yığıncağı kreditorların borcluya olan tələblərini müəyyənləşdirmək və bununla bağlı müvafiq qərar çıxarmaq üçün keçirilir.

Mülkiyyət formasından və qeydiyyatdan keçdiyi yerdən asılı olmayaraq bütün kreditorlar bərabər hüquqa malikdirlər. Kreditorları yığıncaqda vəkil edilmiş şəxs təmsil edə bilər. Kreditorların yığıncağında müsabiqə təşkilatçısının, borclu müəssisə kollektivinin nümayəndəsinin iştirak etmək hüququ vardır. Kreditorlar yığıncağının sədri məhkəmə tərəfindən təyin olunur. Yığıncaqda yalnız kreditorların (onların nümayəndələrinin) səsvermə hüququ vardır.

Kreditorların ilk yığıncağı müəssisə (borclu) iflas elan olunduğu vaxtdan 30 gün müddətində keçirilməlidir.

Kreditorların sonrakı yığıncaqlarını məhkəmənin və kreditorlar yığıncağının sədrinin çağırmaq hüququ vardır.

İrəli sürdükləri tələbləri ümumi məbləğin üçdə birindən az olmayan kreditorlar qrupunun kreditorlar yığıncağının çağırılması xahişi ilə müraciət etmək hüququ vardır.

Kreditorlar yığıncağının bütün iştirakçılarına bu yığıncağın başlanmasına azı 10 gün qalmış yazılı şəkildə xəbər verilməlidir.

2.   Kreditorlar yığıncağında öhdəliklərin ümumi məbləğinin azı 50 faizini təmsil edən kreditorlar iştirak etdikdə yığıncaq səlahiyyətlidir.

Tələbləri bütün kreditorların irəli sürdükləri tələblərin ümumi məbləğinin (üzürlü səbəblərə görə yığıncaqda iştirak etməyən kreditorların tələbləri nəzərə alınmadan) yarıdan çoxunu təşkil edən kreditorlar açıq səsvermə yolu ilə kreditorlar yığıncağının qərarı lehinə səs verdikdə qərar qəbul edilmiş sayılır.

3.   Kreditorlar yığıncağının qərarı bütün kreditorlar üçün məcburidir. Kreditorlar yığıncağının qəbul etdiyi qərarlar barədə bütün kreditorlara, məhkəmədə iş qaldırıldığı hallarda isə məhkəməyə də beş gün müddətində yazılı məlumat verilməlidir.

Maddə 15. Kreditorlar yığıncağının səlahiyyətləri

Kreditorlar yığıncağı:

müsabiqə təşkilatçısının namizədliyini məhkəmənin təsdiqinə verir;

müsabiqə təşkilatçısının borclunun əmlakını özgəninkiləşdirməklə əlaqədar ayrı-ayrı əqdlər bağlamasına icazə verir;

borclu ilə barışıq sazişi bağlamaq haqqında qərar qəbul edir;

müsabiqə təşkilatçısından özünün fəaliyyəti barədə hesabat tələb edir və onu təsdiq edir;

borclu müəssisəni yenidən təşkil etməyi və ya sağlamlaşdırmağı təklif edir;

- müəssisənin ləğv olunmasını tələb edir;

- borclu müəssisənin əmlakının satışına başlanmasını, satışın formasını, habelə əmlakın ilkin qiymətini müəyyən edir.

Maddə 16. Müsabiqə icraatında borclunun hüquqları

Müsabiqə icraatı başlandıqda borclu müsabiqə təşkilatçısının hüquqa zidd hərəkətlərindən şikayət etmək hüququna malikdir.

Müsabiqə icraatı başlandıqda borclu öz əmlakının sərəncamçısı olmaq və onu idarə etmək hüququnu itirir.

Maddə 17. Əmlakın və borcun qiymətləndirilməsi

1.       Borclunun bütün aktivləri müəssisənin balanslarında göstərilib-göstərilmədiyindən asılı olmayaraq müsabiqə kütləsinin formalaşdırılması üçün əsadır.

2.       Müsabiqə icraatının gedişində müsabiqə təşkilatçısı cəlb olunmuş ekspertlərin köməyi ilə borclunun əmlakını (aktivlərini) və öhdəliklərini inventarlaşdırır və qiymətləndirir.

3.       Borclunun müsabiqə kütləsinə məxsus əmlakı müəyyənləşdirilmiş qaydada qiymətləndirilir və hərracda satılmaq üçün əmlakın ilkin qiyməti kimi qəbul olunur.

4.       Müsabiqə kütləsinə borclunun mülkiyyətində olmayan, lakin bu və ya digər formada onun istifadəsində olan əmlak daxil edilmir.

Maddə 18. Müsabiqə kütləsinin bölüşdürülməsi qaydası və növbəliyi

Əşya (girov) hüququ ilə təmin edilmiş borc öhdəlikləri, habelə iş vaxtı xəsarət və ölüm halları ilə bağlı borclu müəssisənin işçilərinin və ya onların ailə üzvlərinin tələbləri birinci növbədə ödənilir.

Əmək haqqı, pensiya və müavinət üzrə borcun ödənilməsi barədə borclu müəssisə işçilərinin tələbləri ikinci növbədə ödənilir.

Müsabiqə başlanmasından əvvəlki bir il ərzində dövlət büdcəsi qarşısında yaranmış vergi öhdəlikləri və digər öhdəliklər, məhkəmə xərcləri, habelə məcburi dövlət sosial sığortası üzrə tələblər üçüncü növbədə ödənilir.

Kreditorların əşya (girov) hüququ ilə təmin edilməyən və digər tələbləri dördüncü növbədə ödənilir.

Əmək kollektivi səhmlərinin sahiblərinin tələbləri beşinci növbədə, müəssisə mülkiyyətçilərinin əmlak hüquqları altıncı növbədə və qalan bütün tələblər yeddinci növbədə ödənilir.

Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.

Bir növbənin bütün tələblərinin tam ödənilməsi üçün tutulmuş məbləğ kifayət olmadıqda, bu tələblər növbənin hər iştirakçısına düşən məbləğə mütənasib surətdə ödənilmir.

Maddə 19. Müsabiqə təşkilatçısının hərəkətlərindən şikayət

Kreditorun və ya borclunun rəyincə müsabiqə təşkilatçısının onların mənafelərini pozan hərəkətlərindən müsabiqə təşkilatçısını təyin etmək haqqında qərar çıxarmış məhkəməyə şikayət edilir.

Maddə 20. Borclunun əmlakının satışının təşkili

1. Borclunun əmlakının satışına başlamaq haqqında qərarı kreditorlar yığıncağının razılığı ilə müsabiqə təşkilatçısı qəbul edir.

2. Müsabiqə təşkilatçısı borclunun əmlakının satışının başlandığı barədə rəsmi mətbuatda elan verir.

Təkliflər daxil olduqdan sonra müsabiqə təşkilatçısı açıq hərrac keçirilməsi məqsədilə iclas təyin edir.

3.   Müsabiqə təşkilatçısı əmlakın satışını keçirir. Əmlak ən yüksək qiymət təklif edən alıcıya satılır.

Maddə 21. Kreditorların tələblərinin ödənilməsi

1. Borclunun əmlakının satışından əldə edilmiş pul vəsaiti bu Qanunun 18-ci maddəsində müəyyənləşdirilmiş qaydada və növbəliyə uyğun olaraq kreditorlar arasında bölüşdürülür.

2. Tələblərin elan edilməsi üçün müəyyənləşdirilən müddətdən sonra aşkar edilmiş yeni tələblər vaxtında bildirilmiş tələblər ödənildikdən sonra borclunun qalan əmlakından ödənilir.

3. Əmlak çatışmadığına görə ödənilməmiş tələblər ödənilmiş sayılır. Müsabiqə təşkilatçısının təsdiq etmədiyi tələblərə qarşı kreditorlar məhkəmədə mübahisə etmədikdə, yaxud məhkəmə kreditorların şikayətlərini əsaslı hesab etmədikdə həmin tələblər də ödənilmiş sayılır.

4. Əmlak satıldıqdan sonra borclu borclardan azad edilmiş sayılır.

Maddə 22. Müsabiqə təşkilatçısının hesabatı

1. Borclu borclardan azad edildikdən və kreditorların tələbləri ödənildikdən sonra müsabiqə təşkilatçısı öz fəaliyyəti haqqında məhkəməyə yekun məlumatı təqdim edir və ləğvetmə balansını, iddialar təmin olunduqdan sonra qalmış vəsaitdən istifadə edilməsi haqqında hesabatı bu məlumata əlavə edir.

2. Məhkəmə müsabiqə təşkilatçısının hesabatını təsdiq etdikdən sonra müsabiqə icraatının başa çatması haqqında qərar qəbul edir və müəssisəni dövlət qeydiyyatından keçirmiş orqana, habelə uçot vahidlərinin dövlət reyestrini aparan dövlət statistika komitəsi orqanına öz qərarı barədə məlumat verir.

Maddə 23. Müəssisənin ləğv edilməsi

Borclu müəssisə müsabiqə icraatının başa çatması haqqında məhkəmənin qərarından sonra dövlət qeydiyyatından və Uçot vahidlərinin dövlət reyestrindən çıxarıldığı andan ləğv edilmiş sayılır.

 

IV f ə s i l

BARIŞIQ SAZİŞİ

Maddə 24. Barışıq sazişinin bağlanması

1.       Kreditor və ya kreditorlar qrupu borclu ilə barışıq sazişi bağlaya bilərlər. Bağlanmış barışıq sazişində borclu müəssisənin balansı və borclarının siyahısı, borclardan imtina edilməsi, onların azaldılması və ya onların ödənilmə vaxtının təxirə salınması şərtləri və tərəflərin öz öhdəliklərini yerinə yetirməsi qaydası barədə tərəflər arasında əqdlərin razılaşdırılmış şərtləri göstərilməlidir.

Barışıq sazişi yazılı şəkildə bağlanır və məhkəmə tərəfindən təsdiq edilir. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan dördüncü və sonrakı növbələrdəki kreditorların üçdə iki hissəsi barışıq sazişinin lehinə səs verdikdə saziş məhkəmədə təsdiq edilir və qəbul olunmuş sayılır.

2.       Borclu ilə müsabiqə kreditorları arasında barışıq sazişi iflas haqqında işlərə baxılmasının hər hansı mərhələsində bağlana bilər.

3.       Barışıq sazişi yalnız bu Qanunun 18-ci maddəsində müəyyənləşdirilmiş dördüncü və sonrakı növbələrin tələbləri barəsində bağlana bilər.

4.       Barışıq sazişi bağlanarkən büdcəyə vergilər və qeyri-vergi ödənişləri üzrə qalıqların təxirə salınmasına, hissə-hissə ödənilməsinə, cəmləşdirilməsinə, habelə dövlət sosial sığortası üzrə ödənişlərə və artıq alınmış məbləğlərin, qaytarılmasına yalnız qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada yol verilir.

5.       Müsabiqə kreditorlarının azı üçdə iki hissəsi (iddiaların məcmusuna görə) barışıq sazişinə tərəfdar çıxdıqda, barışıq sazişi bağlanmış sayılır.

6.       Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən sonra müəssisənin iflası üzrə işin icraatı dayandırılır.

7.       Barışıq sazişinin bağlanması ilə razılaşmayan kreditorlar üçün barışıq sazişinə razılıq vermiş və tələbləri eyni növbələrə aid edilmiş kreditorlara nisbətən daha pis şərtlər müəyyən edilə bilməz.

Maddə 25. Məhkəmədə barışıq sazişinə baxılması

1.       Barışıq sazişini təsdiq etmək haqqında vəsatət verərkən borclu müəssisə barışıq sazişinin layihəsini, habelə müəssisənin balansını, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan dördüncü, beşinci, altıncı və yeddinci növbəli bütün müsabiqə kreditorlarının ünvanlarını və borcunun məbləğini göstərməklə siyahısını, habelə barışıq sazişinin şamil edilmədiyi tələblər üzrə borc haqqında arayış təqdim etməlidir.

2.       Barışıq sazişi haqqında məlumatın dinlənilməsi tarixi haqqında məhkəmə marağı olan tərəflərə məlumat verir. Çağırılmış şəxslərİn gəlməməsi işə baxılmasına mane olmur.

3.       Məhkəmə öz iclasında barışıq sazişinin təsdiq olunmasına etiraz edən hər bir kreditoru dinləməlidir.

4.       Barışıq sazişinin bağlanması nəticəsində kreditorlar borcun məbləğinin azı 35 faizini almalıdır.

Maddə 26. Barışıq sazişinin etibarsız sayılması və ya xitamı

1.   Borclu balansda öz əmlakını düzgün göstərmədikdə, barışıq sazişləri bağlanarkən müvafiq qanunvericilik və başqa şəxslərin hüquqları pozulduqda kreditorların hər hansı birinin ərizəsi ilə barışıq sazişi məhkəmə qaydasında etibarsız sayıla bilər.

Barışıq sazişinin etibarsız sayıldığı hallarda borclu müəssisənin həmin barışıq sazişi bağlananadək etibarlı olan maliyyə öhdəlikləri bərpa edilir.

2.   Aşağıdakı hallarda barışıq sazişinə xitam verilə bilər və müəssisənin iflas hesab edilməsi prosesi yenidən başlana bilər:

a)   barışıq sazişi yerinə yetirilmədikdə;

b)   müəssisənin maliyyə vəziyyəti pisləşməkdə davam etdikdə: bu hal kreditorların nümayəndəsinə prosesə yenidən başlamaq haqqında vəsatət qaldırmaq hüququ verir;

v)   borclu kreditorların hüquq və mənafelərinə ciddi zərər vuran hərəkətlər etdikdə.

3.   Barışıq sazişinə xitam verildiyi halda müəssisənin iflas sayılması işinə yenidən başlanması haqqında rəsmi mətbuat orqanında məlumat verilir.

4.   Barışıq sazişinin iclasınadək müəssisə iflas elan edildikdə ödənişlərin təxirə salınması, hissələrə bölünməsi, yaxud borcların ödənilməmiş hissəsinin güzəşt edilməsi üçün əsas götürülmüş kreditor tələbləri tam həcmdə bərpa edilir.

 

V f ə s i l

MÜƏSSİSƏNİN YENİDƏN QURULMASI

Maddə 27. Müəssisənin yenidən qurulması şərtləri

Kreditorlar yığıncağının və ya müəssisənin təklifi ilə məhkəmə aşağıdakı məqsədlərdən birinə çatmaq imkanı olduqda müəssisənin yenidən qurulması haqqında qərar qəbul edə bilər:

1) müəssisənin ödəniş qabiliyyətinin bərpa edilməsi;

2) kreditorların borclarını tam ödəmək üçün müəssisənin təsərrüfat fəaliyyətini dayandırmadan onun əmlakının bir hissəsinin satılması.

Müəssisənin yenidən qurulması barədə qərarın qəbul edilməsi üçün kreditorların azı üçdə iki hissəsi açıq səsvermə yolu ilə lehinə səs verməlidir.

Maddə 28. Müəssisənin yenidən qurulması layihəsi

Müəssisənin yenidən qurulması layihəsi kreditorlar, müdiriyyət və borclu tərəfindən işlənib hazırlana bilər.

Müəssisənin yenidən qurulması layihəsi məhkəmədə iflas üsulunun tətbiqi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək hazırlanmalı və verilməlidir.

Müəssisənin yenidən qurulmasının həyata keçirilməsi müddəti kreditorların yığıncağında müəyyən edilir.

Müəssisənin yenidən qurulması layihəsində aşağıdakılar nəzərdə tutulmalıdır:

1) yenidən qurulmanın obyekti, məqsədləri və müddəti;

2) müəssisənin yenidən qurulmasını həyata keçirən müdiriyyətin hüquq və vəzifələri;

3) kreditorlar yığıncağının hüquqları;

4) müəssisəyə verilən hüquqlar;

5) müdiriyyətin kreditorlar yığıncağı qarşısında hesabat qaydası.

Müəssisənin yenidən qurulması layihəsi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.

Yenidən qurulma layihəsi məhkəmədə təsdiq edildikdən sonra kreditorlar yığıncağı və müəssisə yalnız bu layihədə nəzərdə tutulan hüquqlara malikdirlər. Layihənin qüvvədə olduğu müddətdə məhkəmədə iflas haqqında işə baxılması dayandırılır.

Maddə 29. Müəssisənin yenidən qurulmasının dayandırılması və başa çatdırılması

Layihədə nəzərdə tutulan yenidən qurulma məqsədlərinə çatdıqda və müəssisənin iflası haqqında işə xitam verildikdə müəssisənin yenidən qurulması başa çatır.

Müəssisənin yenidən qurulması və ya onun fəaliyyəti məhkəmənin qətnaməsi ilə aşağıdakı hallarda dayandırıla bilər:

1) yenidən qurulma məqsədlərinə nail olmağın qeyri-mümkünlüyü barədə kreditorlar yığıncağı qərar çıxardıqda;

2) müəssisənin həyata keçirdiyi fəaliyyət ayrı-ayrı kreditorların mənafeyini pozduqda və ya pozması ehtimalı olduqda.

Müəssisənin yenidən qurulması məhkəmə tərəfindən dayandırıldıqdan sonra kreditorların ilkin iddiası bərpa edilir və iflas haqqında işə baxılmasına yenidən başlanır.

 

VI f ə s i l

MÜƏSSİSƏNİN SAĞLAMLAŞDIRILMASI

Maddə 30. İflas olan müəssisənin sağlamlaşdırılması

Məhkəmə müəssisənin yenidən qurulması layihəsini və ya barışıq sazişini təsdiq etmədikdə müəssisənin iflası haqqında işə baxılması gedişində müəssisə barəsində sağlamlaşdırma tətbiq edilə bilər.

Məhkəmə müəssisə barəsində sağlamlaşdırma tədbirlərinə baxaraq, bu müəssisənin sağlamlaşdırılması prosesində hüquqi və fiziki şəxslərin iştirakı üçün açıq müsabiqə elan edə bilər.

Müəssisənin sağlamlaşdırılması təqdim edilmiş müvafiq layihəyə görə sağlamlaşdırma müsabiqəsinin qalibi olmuş fiziki və hüquqi şəxslər və ya dövlət sağlamlaşdırma orqanları tərəfindən həyata keçirilir.

Məhkəməyə sağlamlaşdırma barədə ərizə sağlamlaşdırma müsabiqəsinin elan edildiyi gündən 2 ay müddətində verilə bilər.

Müəssisənin sağlamlaşdırılması barədə ərizədə sağlamlaşdırmanın həyata keçirilməsində iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər, onlar haqqında əsas məlumatlar, müəssisə ilə olan iqtisadi əlaqələrin xarakteri, habelə sağlamlaşdırmanın məqsədi, sağlamlaşdırma tədbirlərinin keçirilmə müddəti, kreditorların tələbinin ödənilməsi vaxtı göstərilməlidir.

Maddə 31. Müəssisənin sağlamlaşdırılması şərtləri

Müəssisənin sağlamlaşdırılması müddəti 18 aydan çox ola bilməz. Sağlamlaşdırmanı həyata keçirənin təqdimatı ilə məhkəmə həmin müddəti 6 aydan çox olmamaq şərti ilə artıra bilər. Məhkəmə sağlamlaşdırmanın həyata keçirilməsi haqqında qərar qəbul etdiyi gün sağlamlaşdırmanın başlandığı gün sayılır.

Sağlamlaşdırmanın başlandığı gündən 12 ay müddətində kreditorların tələb etdikləri məbləğin azı üçdə bir hissəsi ödənilməlidir.

Sağlamlaşdırma vaxtı kreditorların tələbləri müəssisənin ləğv edilməsi üçün nəzərdə tutulmuş qaydada ödənilməlidir.

Maddə 32. Sağlamlaşdırma dövründə müdiriyyətin funksiyalarının yerinə yetirilməsi və kreditorlar qarşısında hesabatı

Sağlamlaşdırma dövründə müdiriyyətin funksiyalarını sağlamlaşdırmanı həyata keçirənin şəxsi nümayəndəsi yerinə yetirir.

Müdiriyyət kreditorlar yığıncağının tələbi ilə müəssisənin sağlamlaşdırılması haqqında hesabat verir.

Maddə 33. Dövlət və dövlət-səhmdar müəssisələrinin sağlamlaşdırılması qaydası

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət və dövlət-səhmdar müəssisələrinin sağlamlaşdırılmasının başqa qaydasını müəyyən edə bilər.

Maddə 34. Müəssisənin sağlamlaşdırılmasının dayandırılması və başa çatdırılması

Sağlamlaşdırma dövründə kreditorlar və ya müəssisənin mülkiyyətçisi sağlamlaşdırmanın səmərəsizliyi və ya sağlamlaşdırmanı həyata keçirən şəxsin qanunsuz hərəkətləri nəticəsində müəssisəyə ziyan vurulması və ziyan vurula biləcəyi ilə əlaqədar olaraq sağlamlaşdırmanın dayandırılması haqqında məhkəməyə müraciət etmək hüququna malikdir.

Məhkəmədə sağlamlaşdırmanın dayandırılması haqqında kreditorların və ya müəssisənin mülkiyyətçisinin tələbləri təsdiq edildikdə, məhkəmə bu müəssisənin sağlamlaşdırılmasını dayandıra bilər. Bu Qanunun 31-ci maddəsində göstərilən sağlamlaşdırma şərtləri pozulduqda da sağlamlaşdırma məhkəmənin qərarı ilə dayandırıla bilər.

Sağlamlaşdırma gedişində sağlamlaşdırma layihəsində müəyyənləşdirilmiş məqsədlərə nail olunduğu halda sağlamlaşdırma məhkəmənin qərarı ilə başa çatır, müəssisənin iflası haqqında işə xitam verilir.

Müəssisənin sağlamlaşdırılması qurtardıqda onu həyata keçirən şəxs müəssisənin sağlamlaşdırılması gedişində müəssisəyə qoyduğu əmlakın bir hissəsinə mülkiyyət hüququ qazanır.

 

VII f ə s i l

BORCLUNUN, KREDİTORUN VƏ DİGƏR ŞƏXSLƏRİN HÜQUQAZİDD HƏRƏKƏTLƏRİ

Maddə 35. Hüquqazidd hərəkət anlayışı

Borclunun və kreditorun bir-birinə və ya digər şəxslərin kreditora və ya borcluya qarşı qəsdən, səriştəsizlik və ya səhlənkarlıq nəticəsində yönəldilmiş və müsabiqə icraatı başlananadək və ya icraat zamanı müəyyən edilmiş əməli hüquqazidd hərəkətdir.

Maddə 36. Borclunun müsabiqə icraatı başlananadək olan hüquqazidd hərəkətləri

Borclunun müsabiqə icraatı başlananadək törətdiyi hüquqazidd hərəkət onun qəsdən və ya saxta yolla müflisləşmə vəziyyəti yaratmasıdır.

Borclunun və ya kreditorun hüquqazidd hərəkətlərinə həm də kreditorların bir hissəsinin və ya hamısının mənafeyinə toxunan, borclunun əmlakının bir hissəsinin və ya öhdəliklərinin, təsərrüfat fəaliyyəti ilə əlaqəsi olan uçot sənədlərinin məhv edilməsi, saxtalaşdırılması, mühasibat sənədlərinə vaxtında zəruri məlumatların daxil edilməməsi, borclunun girov götürdüyü əmlakın, ödənilməmiş kredit sənədlərinin məhv edilməsi, satılması daxildir.

Maddə 37. Borclunun müsabiqə icraatı başlandıqdan sonrakı hüquqazidd hərəkətləri

Borclunun müsabiqə icraatı başlandıqdan sonrakı hüquqazidd hərəkətləri aşağıdakılardır:

bu Qanunun 36-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hərəkətlər;

müsabiqə təşkilatçısından borclu müəssisənin əmlakının nə vaxt və hansı formada verildiyi (satıldığı) barədə məlumatın gizlədilməsi;

borclu müəssisənin istifadəsində və ya mühafizəsində olan əmlakın müsabiqə təşkilatçısının tələbi ilə təqdim edilməməsi;

borclunun mühasibat sənədlərini müsabiqə təşkilatçısına təqdim etməməsi;

borclunun iflas elan edilməzdən əvvəlki ayrı-ayrı hərəkətlərinin qanunsuz sayılması (müsabiqə təşkilatçısının məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən);

müəssisə iflas elan edilməzdən altı ay əvvəl müəssisənin həmin müddətdə iflas olacağını bilə-bilə borclu əvvəlki öhdəliklərə görə kreditorlardan bəzilərinin tələblərini ödəmişsə;

müəssisənin müflisləşməsi əlamətləri olduğu halda girov götürən və üstünlük hüququna malik olan kreditorlar istisna olmaqla, vaxtı çatmış öhdəliklərin yerinə yetirilməməsi.

Maddə 38. Kreditorun və digər şəxslərin hüquqazidd hərəkətləri

Digər kreditorların mənafeyinə toxunduğunu bilə-bilə öz tələblərinin ödənilməsinə üstünlük verilməsinə razılıq verən kreditorun əməli hüquqazidd hərəkətdir.

Müəssisənin müflisləşdiyini bilən və ya müflisləşmə əlamətlərini görərək bilə-bilə əmlakın bir hissəsini və ya hamısını gizlətməyə kömək etmiş şəxsin əməli hüquqazidd hərəkətdir.

Maddə 39. Hüquqazidd hərəkətin nəticələri

Bu Qanunun 35 — 38-ci maddələrində nəzərdə tutulan əməlləri törətmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

VIII f əsil

MÜFLİSLƏŞMƏNİN MƏHKƏMƏDƏNKƏNAR HƏLLİ QAYDASI

Maddə 40. Müflisləşmənin məhkəmədənkənar həlli qaydası

Borclu özünün maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini könüllü elan edib, müəssisənin adını və digər məlumatları, habelə kreditorlar yığıncağının keçiriləcəyi yeri göstərməklə, bu barədə bütün kreditorlara yazılı məlumat verirsə, borclu və ya kreditor müəssisənin iflası barədə məhkəməyə müraciət etməyə də bilərlər.

Bütün kreditorların və borclunun razılığı ilə kreditorların yığıncağı müflisləşmənin məhkəmədənkənar həlli barədə qərar qəbul edə bilər.

Kreditorların tələblərinin ödənilməsi əsasları və qaydası iflasla əlaqədar işlərə məhkəmədə baxılması qaydasına və əsaslarına uyğun olaraq kreditorların yığıncağı tərəfindən müəyyən edilir.

Müflisləşmənin məhkəmədənkənar həlli qaydası barədə tərəflər razılığa kələ bilmədikdə və ya kreditorların yığıncağı tələblərin yerinə yetirilməsi əsasları və qaydası barədə bu Qanunla müəyyənləşdirilmiş qaydada qərar qəbul edə bilmədikdə iflas haqqında məsələ məhkəməyə verilir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 22 iyul 1994-cü il.

№ 857.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə ləğv edilmişdir.