Girov haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Girov
anlayışı
Girov öhdəliyin icrasını
təmin etmək vasitəsidir. Borclu tərəfindən
girovla təmin edilmiş öhdəlik icra edilmədikdə
kreditor-girovsaxlayan, qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olmaqla, girov qoyulmuş əmlakın
dəyərindən təminat almaqda başqa kreditorlar
qarşısında üstünlük hüququna malikdir.
Maddə 2. Girov
haqqında qanunvericilik
Girovla bağlı olan
münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının
“Mülkiyyət haqqında” Qanunu, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi və Mülki
Məcəlləsi ilə, habelə bu qanunlara müvafiq
surətdə qəbul edilmiş digər qanunvericilik
aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində
müəyyənləşdirilmiş qaydalar girov haqqında
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Girovqoyan
Mülkiyyət hüququ və ya tam
təsərrüfatçılıq səlahiyyəti
əsasında girovun obyektinə malik olan Azərbaycan
Respublikasının və xarici dövlətlərin fiziki
və hüquqi şəxsləri girovqoyanın
sayılırlar.
Tam təsərrüfatçılıq
səlahiyyəti ilə təhkim edilmiş əmlak girov
qoyulduqda mülkiyyətçinin razılığı
tələb olunur.
Əmlak hüququna malik olan şəxs onu
girov qoya bilər.
Maddə 4. Girovsaxlayan
(kreditor)
Borclu tərəfindən
öhdəliklərin real icrasını təmin etmək
məqsədi ilə borclunun mülkiyyətində və ya
tam təsərrüfatçılıq səlahiyyətində
olan əmlakı bu Qanunda müəyyən olunmuş
şərtlərlə girov götürən Azərbaycan
Respublikasının və xarici dövlətlərin fiziki
və hüquqi şəxsləri girovsaxlayan (kreditor)
sayılırlar.
Maddə 5. Girov
predmeti
Dövlət təhlükəsizliyi və
ictimai təhlükəsizlik mülahizələrinə və
başqa səbəblərə görə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş istisnalarla girovqoyanın
özgəninkiləşdirə bildiyi hər cür
əşyalar, qiymətli kağızlar, maddi
sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq
sahəsi və əmlak hüququ girov predmeti ola bilər.
Şəxsiyyətlə bağlı
tələblər, habelə qanunla qadağan olunmuş
tələblər girov predmeti ola bilməz.
Girov predmeti girovqoyanın
razılığı ilə dəyişdirilə bilər.
Maddə 6. Girovun
yaranmasının əsasları
Girov müqavilə və ya qanun
əsasında yaranır.
Müqavilə əsasında girov girovqoyanın
və ya üçüncü şəxs ilə girovsaxlayan
arasında qarşılıqlı razılaşmaya
əsasən girov qoyularkən bağlanan müqavilə
əsasında yaranır.
Qanun əsasında girov qanunun
özündə hansı öhdəliklər əsasında
hansı əmlakın hansı müddətə girovda
sayılması göstərildiyi halda yaranır.
Maddə 7. Girovun
tətbiq sahəsi
Girovla borc müqavilələrindən, o
cümlədən bank kreditləri, alqı-satqı, əmlak
kirayəsi, yük daşınması haqqında və
digər müqavilələrdən irəli kələn
həqiqi tələblər təmin edilə bilər.
Gələcəkdə baş verə biləcək
tələblərin icrası üçün də girov
qoyula bilər. Bu halda belə tələblərin girov
hesabına təmin edilməsi miqdarını
tərəflər razılaşdırırlar.
Maddə 8. Əmlak
girovunun xüsusiyyəti
Əmlakı girov qoymaq hüququ, qanunda
və ya müqavilədə başqa qayda müəyyən edilməmişsə,
həmin əmlakı və onun hər cür
artımını əhatə edir.
Əmlakdan ayrılmış
bəhərə və artıma ancaq qanunda və ya
müqavilədə nəzərdə tutulmuş hallarda girov
hüququ şamil edilə bilər.
Maddə 9. Kollektiv
mülkiyyətdə olan əmlakın girov qoyulması
Kollektiv mülkiyyətdə olan əmlak
yalnız bütün mülkiyyətçilərin
razılığı ilə girov qoyula bilər.
Kollektiv mülkiyyətdə olan
əmlakın mülkiyyətçilərində birinin öz
payını girov qoyması qalan
mülkiyyətçilərin razılığını
tələb etmir.
Mənzil mülkiyyətçisi onu girov
qoymaq məsələsini müstəqil həll edir.
Maddə 10. Girov
və sığorta
Girovsaxlayanın sahibliyinə verilmiş
girov qoyulan əmlakı sığortalatdırmaq
vəzifəsi qanunla və ya müqavilə ilə
girovsaxlayanın üzərinə qoyula bilər.
Lombard girov götürdüyü
əmlakı tərəflərin razılığı
ilə əmlaka qoyulmuş qiymət əsasında
girovqoyanın hesabına dərhal
sığortalatdırmalıdır.
Dövlət orqanları
tərəfindən girovqoyanın təsərrüfat
fəaliyyətinə xitam verən, yaxud ona mane olan və ya
mənfi təsir göstərən hərəkətlər
edilməsi və ya aktlar qəbul edilməsi, habelə onun
iflas elan edilməsi ehtimalına qarşı əmlakı
sığortalatdırmaq vəzifəsi qanunla və ya
müqavilə ilə girovqoyanın üzərinə qoyula
bilər.
Sığorta hadisəsi baş verdikdə
girovsaxlayan öz tələblərini sığorta
ödənişi hesabına təmin etməkdə
üstünlük hüququna malikdir.
Maddə 11. Girov
müqaviləsi, onun məzmunu və forması
Girov müqaviləsi müstəqil xarakter
daşımır və icrasını təmin etdiyi, əsas
müqavilə ilə əlaqədar olaraq bağlanır.
Girov müqaviləsində
tərəflərin adı və ünvanı, girov
qoyulmuş əmlak, onun qiyməti və saxlandığı
yer, girovla təmin olunmuş tələbin mahiyyəti, onun
həcmi, öhdəliyin icra edilməsi müddəti,
habelə tərəflər arasında
razılaşdırılmalı olan bütün
şərtlər nəzərdə tutulmalıdır.
Girov müqaviləsi yazılı formada
olmalıdır.
Qanuna və ya tərəflərin
razılaşmasına görə notariat qaydasında
təsdiq olunmuş müqavilədən irəli kələn
öhdəliyin təmin edilməsi üçün qoyulan
girov haqqında müqaviləni də əsas müqaviləni
təsdiq etmiş orqan təsdiq etməlidir.
Girovun şərtləri girovla təmin
edilmiş öhdəliyi yaradan müqavilədə
nəzərdə tutula bilər. Bu halda müqavilə girov
haqqında müqavilə üçün müəyyən
edilmiş formada bağlanmalıdır.
Azərbaycan Respublikasından kənarda
bağlanmış girov müqaviləsi Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
edilmiş tələblərə zidd deyilsə, yalnız
formaya əməl olunmadığına görə
etibarsız sayıla bilməz.
Azərbaycan Respublikasının
ərazisində yerləşən binaların,
qurğuların, müəssisələrin, torpaq
sahələrinin və digər obyektlərin, habelə
Azərbaycan Respublikasında qeydə alınmış
dəmiryol, mülki hava, dəniz və çay
nəqliyyatı və başqa nəqliyyat vasitələrinin
girov qoyulması haqqında müqavilə, harada bağlanmasından
asılı olmayaraq, Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyənləşdirilmiş
formada bağlanmalıdır.
Tərəflərin razılaşması
ilə başqa qayda müəyyən edilməyibsə, girov
müqaviləsi üzrə tərəflərin hüquq
və vəzifələri girovqoyanın təsis olunduğu,
yaşadığı və ya əsas fəaliyyət
göstərdiyi ölkənin qanunvericiliyi ilə
müəyyənləşdirilir.
Maddə 12. Girov
müqaviləsi formasına əməl edilməməsinin
nəticələri
Girov müqaviləsinin
müəyyənləşdirilmiş formasına əməl
edilməməsi müqavilənin etibarsız sayılmasına
və bununla əlaqədar Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
nəticələrə səbəb olur.
Maddə 13. Girovun
dövlət qeydiyyatı
Bu Qanunla qeydiyyatın başqa qaydası
nəzərdə tutulmayıbsa, bütövlükdə
müəssisə və ya dövlət qeydiyyatına
alınmalı olan başqa əmlak girov qoyulduqda həmin
qeydiyyatı həyata keçirən orqanda dövlət
qeydiyyatından keçirilməlidir.
Dövlət qeydiyyatına alınmalı
olan əmlak girov qoyulduqda girov müqaviləsi qeydiyyatdan
keçirildikdən sonra bağlanmış sayılır.
Dəmiryol, mülki hava, dəniz və
çay nəqliyyatı vasitələrinin girov qoyulması bu
nəqliyyat vasitələrini qeydə almış dövlət
orqanlarının apardıqları reyestrlərdə qeydə
alınmalıdır.
Maddə 14. Girovun
qeydiyyatı haqqında məlumat verilməsi
Girovu qeydiyyatdan keçirən orqan
girovqoyana və girovsaxlayana qeydiyyat haqqında
şəhadətnamə, onların, digər maraqlı
şəxslərin sorğusu üzrə reyestrdən
çıxarışlar verməlidir.
Maddə 15. Girovun
qeydiyyatı üçün dövlət rüsumu
Girovun qeydiyyatı, qeydiyyat haqqında
şəhadətnamə, reyestrdən
çıxarışlar verilməsi üçün
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məbləğdə
dövlət rüsumu alınır.
Ərizəçi dövlət
rüsumunun ödənilməsini təsdiq edən
sənəd təqdim etməlidir. Əks təqdirdə
ərizə hərəkətsiz saxlanılır.
Maddə 16. Girovla
təmin olunmuş öhdəliyin icrasının qeydiyyatı
Girovqoyanın tələbi ilə
girovsaxlayan müvafiq məlumatların sonradan reyestrə
salınması üçün ona öhdəliyin tam və
ya qismən ödənildiyi barədə sənəd
verməyə borcludur.
Girovu qeydə alan orqan girovla təmin
olunmuş öhdəliyin tam və ya qismən edildiyi
barədə sənəd aldıqda dərhal reyestrdə
müvafiq qeyd aparmalıdır.
Maddə 17. Girovun
qeydiyyatı ilə əlaqədar
hərəkətlərdən şikayət verilməsi
Girovu qeydə almaqdan imtina edilməsi
və ya girovun qanunsuz qeydə alınması haqqında
maraqlı şəxs qeydiyyata alan orqanın olduğu yerin
məhkəməsinə şikayət verə bilər.
Maddə 18. Qeydiyyat
aparan orqanın məsuliyyəti
Qeydiyyat aparan orqan öz
işçilərinin qeydiyyat qaydalarını pozması
nəticəsində vurulan ziyana görə məsuliyyət
daşıyır.
Maddə 19. Girovqoyan
tərəfindən girovun qeydiyyat kitabının tərtibi
Sahibkar kimi qeydə alınmış
girovqoyanın hüquqi və fiziki şəxslər girovun
qeydə alınması üçün qeydiyyat kitabı
tərtib edir və girovun yarandığı gündən
ən geci on gün keçənədək girovun növü
və predmeti, habelə girovla təmin olunmuş
öhdəliyin həcmi haqqında bu kitabda qeydlər edir
və həmin kitab tanış olmaq üçün
maraqlı şəxslərə təqdim edilir.
Girovqoyan kitaba girov haqqında vaxtında
və düzgün məlumatlar yazılmasına cavabdehdir.
Girovqoyan kitabda qeydlərin vaxtında
edilməməsi, qeydlərin tam və dəqiq olmaması,
habelə tanış olmaq üçün kitabı təqdim
etməkdən imtina edilməsi nəticəsində
dəymiş ziyanı
zərərçəkənlərə tam həcmdə
ödəməlidir.
Maddə 20. Girov
qoyulmuş əmlak üzərində sərəncam hüququ
Girovqoyan, qanunda və ya girov haqqında
müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa,
girov qoyulmuş əmlak üzərində sərəncam
hüququnu saxlayır.
Girov qoyulmuş əmlak üzərində
hüququn başqa şəxsə keçməsi girovla
təmin olunmuş əsas borcun yeni girovqoyana keçdiyi halda
mümkündür.
Maddə 21. Girovda
olan əmlakın sonradan girov qoyulması
Girovda olan əmlakın sonradan girov
qoyulmasına qanunda və əvvəlki girov
müqavilələrində başqa qaydaların
nəzərdə tutulmadığı hallarda yol verilir.
Maddə 22. Əvvəlki
girovqoyanın hüquqları
Başqa öhdəliyin təminatı kimi
girovda olan əmlak yenidən girov qoyulduqda əvvəlki
girovqoyanın girov hüququ öz qüvvəsini saxlayır.
Sonrakı girovsaxlayanın
tələbləri girov predmetinin dəyərindən
əvvəlki girovsaxlayanın tələbləri tam
ödənildikdən sonra ödənilir.
Girovqoyan hər bir sonrakı girovsaxlayana
girov qoyulan əmlakın başqa girovda olması haqqında,
habelə belə girovla təmin edilmiş
öhdəliklərin xarakteri və həcmi haqqında
dəqiq məlumat verməlidir.
Bu vəzifələrin yerinə
yetirilməməsi nəticəsində girovsaxlayana
dəymiş zərər girovqoyan tərəfindən
ödənilməlidir.
Maddə 23. Girovsaxlayanın
girov qoyulmuş əmlak hesabına ödənilən
tələbləri
Girov haqqında müqavilədə
başqa qayda nəzərdə tutulmayıbsa, girovsaxlayan girov
qoyulmuş əmlakın hesabına borcun faktiki
ödənilməsi müddəti üçün müəyyənləşdirilmiş
bütün tələblərini, o cümlədən
faizləri, icranın gecikdirilməsi nəticəsində
dəymiş zərəri, girovla təmin olunmuş
tələbin həyata keçirilməsi və girov
qoyulmuş əmlakın saxlanması ilə bağlı
xərcləri, qanunda və ya müqavilədə
nəzərdə tutulmuş hallarda isə dəbbə pulunu
tam həcmdə ödəmək hüququna malikdir.
Maddə 24. Öhdəliyin
girov qoyulmuş əmlak hesabına ödənilməsi
hüququnun yaranması
Girovqoyan girovla təmin edilmiş
öhdəliyi icra müddətində yerinə
yetirmədikdə girov saxlayan öz tələblərini,
qanunda və ya girov haqqında müqavilədə başqa
qayda müəyyən edilməyibsə, girov qoyulmuş
əmlakın dəyəri hesabına ödəmək
hüququ alır.
Maddə 25. Öhdəlik
qismən icra edildikdə girovun obyekti
Girovla təmin olunmuş öhdəlik
borclu tərəfindən qismən icra olunduqda, qanunda və ya
girov haqqında müqavilədə başqa qayda
müəyyən edilməyibsə, öhdəlik tam icra
olunanadək girov öz ilkin həcmində saxlanılır.
Maddə 26. Girovun
obyekti bir neçə əşyadan (hüquqdan) ibarət
olduqda girovsaxlayanın tələbinin ödənilməsi
Girovun obyekti bir neçə əşyadan
və ya hüquqdan ibarət olduqda girovsaxlayan öz
tələblərini bütün bu əmlakın
dəyəri, yaxud gələcəkdə qalan əşyalar
(hüquqlar) hesabına təmin olunmaq hüququnu saxlamaqla,
öz mülahizəsinə görə bu əşyalardan
(hüquqlardan) birinin dəyəri hesabına ödəyə
bilər.
Maddə 27. Girovsaxlayanın
tələbinin üçüncü şəxs
tərəfindən ödənilməsi
Girovsaxlayanın tələbi
üçüncü şəxs tərəfindən
ödənildikdə üçüncü şəxsə
qanunvericilikdə nəzərdə tutulmuş tələbin
güzəşti qaydasında tələb hüququ ilə
yanaşı həmin tələbi təmin edən girov
hüququ da keçir.
Maddə 28. Ödənişin
girov qoyulmuş əmlaka yönəldilməsi
Öhdəliyin ödənişi girov
qoyulmuş əmlaka, qanunvericilikdə başqa qayda
müəyyən edilməyibsə, məhkəmənin,
arbitraj məhkəməsinin və ya münsiflər
məhkəməsinin qərarı ilə yönəldilir.
Qanunvericilikdə nəzərdə
tutulmuş hallarda ödəniş girov qoyulmuş əmlaka
notariusun icra qeydinə əsasən mübahisəsiz qaydada
yönəldilir.
Maddə 29. Girov
qoyulmuş əmlakın ona ödəniş
yönəldildikdən sonra satılması
Girov qoyulmuş əmlak ona
ödəniş yönəldildikdən sonra, girov haqqında
qanunvericilikdə və ya müqavilədə başqa qayda
müəyyən edilməyibsə, Azərbaycan
Respublikasının mülki-prosessual qanunvericiliyinə
uyğun olaraq satılır.
Vətəndaşların
ödəniş yönəldilə bilməyən
əmlakının siyahısı Azərbaycan
Respublikasının Mülki-Prosessual Məcəlləsi
ilə müəyyən edilir.
Maddə 30. Girov
obyektinin satışından hasil edilmiş
məbləğdən girovsaxlayanın tələbinin
ödənilməsi
Girov obyektinin satışından hasil
edilmiş məbləğdən girovsaxlayanın bu girovla
təmin edilmiş tələbləri ödənilir, artıq
qalan məbləğ girovqoyana verilir.
Girov obyektinin satışından hasil
edilmiş məbləğ, girovsaxlayanın
tələblərinin tam ödənilməsi üçün
kifayət etmədikdə, girovsaxlayanın ixtiyarı var ki,
qanunvericilikdə və ya girov haqqında müqavilədə
başqa qayda müəyyən edilməyibsə,
çatışmayan məbləği borclunun qanuna
əsasən ödəniş yönəldilə bilən
başqa əmlakından alsın. Bu zaman girov hüququndan
irəli gələn üstünlüklərdən
istifadə edilmir.
Maddə 31. Ödənişin
girov qoyulmuş əmlaka yönəldilməsinin xitamı
Girovqoyan, öz öhdəliyini girov
qoyulmuş əmlak tam satılanadək yerinə
yetirməklə öhdəliyin girov qoyulmuş əmlakın
dəyəri hesabına ödənişinə xitam verə
bilər.
Girovla təmin edilmiş öhdəliyin
hissələrlə İcrası nəzərdə
tutulmuşsa, girovqoyan öhdəliyin vaxtı keçmiş
hissəsini ödəməklə öhdəliyin girov
qoyulmuş əmlakın dəyəri hesabına
ödənişinə xitam verə bilər.
Girovqoyanın bu maddədə
nəzərdə tutulmuş hüquqlarını
məhdudlaşdıran hər cür sazişlər
etibarsızdır.
Maddə 32. Girov
predmeti üçüncü şəxsə keçdikdə
girovun saxlanması
Girov qoyulmuş əmlak üzərində
mülkiyyət hüququ, yaxud tam
təsərrüfatçılıq hüququ və ya girovun
predmeti olan hüquq üçüncü şəxsə keçərsə
girov qüvvədə qalır.
Maddə 33. Tələb
güzəşt edildikdə və ya borc keçirildikdə
girovun saxlanması
Qanunla müəyyən edilmiş qaydada
girovsaxlayan girovla təmin edilmiş tələbini
üçüncü şəxsə güzəşt
etdikdə və ya girovqoyanın girovla təmin edilmiş
öhdəlikdən irəli kələn borcunu digər
şəxsin üzərinə köçürdükdə
girov qüvvəsində qalır.
Maddə 34. Girov
hüququna xitam verilməsi
Girov hüququna aşağıdakı
hallarda xitam verilir:
1) girovla təmin olunmuş
öhdəliyə xitam verildikdə;
2) girov qoyulmuş əmlak məhv olduqda;
3) girovun obyektini təşkil edən
hüququn qüvvədə olması müddəti
qurtardıqda;
4) girov obyekti üzərindəki hüquqlar
girovsaxlayana keçdikdə;
5) qanunla nəzərdə tutulmuş
digər hallarda.
Maddə 35. Girov
qoyulan əmlakın saxlanması
Azərbaycan Respublikasının
qanunvericiliyinə və girov haqqında müqaviləyə
uyğun olaraq girov qoyulan əmlak girovsaxlayana verilə
bilər və ya girovqoyanda qala bilər. Girov qoyulmuş
qiymətli kağızlar notariatın və ya bankın
depozitində saxlana bilər.
Maddə 36. Əmlak
girovqoyanda saxlanmaqla girov qoyulduqda girovun predmeti
Əmlak girovqoyanda saxlanmaqla girov qoyulduqda
girovun predmeti müəssisələr, binalar, qurğular,
nəqliyyat vasitələri və bu Qanunun 5-ci
maddəsində nəzərdə tutulan digər əmlak ola
bilər.
Əmlakın ayrılan bəhər və
artımları ayrılma anından üçüncü
şəxsə mənsub olmasa, bu maddənin birinci hissəsində
göstərilən girovun predmeti ola bilər.
Girovqoyanın müvəqqəti olaraq
üçüncü şəxsin ixtiyarına, yaxud
istifadəsinə verdiyi əmlakın girov qoyulması
əmlakın girovqoyanda saxlanmaqla girov qoyulması hesab edilir.
Maddə 37. Əmlak
girovqoyanda saxlanmaqla girov qoyulduqda girovsaxlayanın
hüquqları
Əmlak girovqoyanda saxlanmaqla girov qoyulduqda,
müqavilədə başqa qaydalar nəzərdə
tutulmayıbsa, girovsaxlayanın aşağıdakı
hüquqları var:
1) girov predmetinin mövcudluğunu,
ölçüsünü, vəziyyətini və saxlanma
şəraitini sənədlərlə və faktik yoxlamaq;
2) girov predmetinin salamatlığı
üçün lazım olan tədbirlər
görülməsini girovqoyandan tələb etmək;
3) girov predmetinin itirilməsi və ya
zədələnməsi üçün təhlükə
yaradan şəxslərdən bu hərəkətdən
çəkinməyi tələb etmək;
4) girov qoyulmuş əmlak girovqoyanın
günahı olmadan itirildikdə girovqoyanın onu bərpa
etməzsə və ya girovqoyanın razılığı
ilə onu bərabər dəyərli başqa əmlakla
əvəz etməzsə, girovla təmin edilmiş
öhdəliyin vaxtından tez ödənilməsini
tələb etmək.
Maddə 38. Əmlak
girovqoyanda saxlanmaqla girov qoyulduqda girovqoyanın hüquqları
Əmlak girovqoyanda saxlanmaqla girov qoyulduqda,
qanunda və ya müqavilədə başqa qayda
nəzərdə tutulmayıbsa, girovqoyanın
aşağıdakı hüquqları var:
1) girov qoyulmuş əmlaka sahib olmaq və
ondan təyinatına görə istifadə etmək;
2) girov qoyulmuş əmlakı, girov
üzrə öhdəliyi alıcıya keçirməklə
özgəninkiləşdirmək və ya icarəyə
vermək.
Maddə 39. Əmlak
girovqoyanda saxlanmaqla girov qoyulduqda girovqoyanın
vəzifələri və məsuliyyəti
Əmlak girovqoyanda saxlanmaqla girov qoyulduqda,
müqavilə ilə başqa vəzifələr
nəzərdə tutulmayıbsa, girovqoyan
aşağıdakı vəzifələri yerinə yetirir:
1) girov qoyulmuş əmlakı onun tam
dəyəri ilə öz hesabına
sığortalatdırmaq;
2) girov qoyulmuş əmlakın
salamatlığını təmin etmək üçün
tədbirlər görmək;
3) girov qoyulmuş əmlakı əsaslı
və cari təmir etmək;
4) girov qoyulmuş əmlakın
icarəyə verildiyi, başqa şəxsin istifadəsinə
və ya sərəncamına keçirildiyi və sair
özgəninkiləşdirmə halları barədə
girovsaxlayana dərhal məlumat vermək.
Girovqoyan bu maddənin 1 — 3-cü
bəndlərində nəzərdə tutulmuş
vəzifələrini yerinə yetirməzsə, girovsaxlayan
icra müddətini gözləmədən tələbinin ödənişini
girov qoyulmuş əmlaka yönəldə bilər.
Maddə 40. Əmlakın
girovsaxlayana verilməklə girov qoyulması (saxlanc girovu)
Girov müqaviləsinə əsasən
girov qoyulmuş əmlak girovsaxlayanın sərəncamına
verildikdə saxlanc girovu mövcud olur.
Saxlanc girovu zamanı tərəflərin
razılaşmasına əsasən girov qoyulmuş əmlak
girovsaxlayanın qıfılı və möhürü
altında girovqoyanda qala bilər (sabit girov).
Fərdi nişanələri ilə
müəyyən edilən əşya üzərinə
saxlanc girovunu göstərən xüsusi işarə qoymaqla
girovqoyanda saxlanıla bilər.
Maddə 41. Əmlak
girovsaxlayana verilməklə girov qoyulduqda (saxlanc girovunda)
girovsaxlayanın hüquqları
Girovsaxlayan, müqavilədə
nəzərdə tutulmuş hallarda saxlanc girovunda olan
əmlakdan istifadə edə bilər. Saxlanc girovunda olan
əmlakdan istifadə edilməsi nəticəsində girovsaxlayanın
əldə etdiyi maddi gəlir və digər əmlak
üstünlükləri saxlanc girovunda olan əmlakın
saxlanmasına, həmçinin girovla təmin olunmuş borcun
faizlərinin və ya həmin borcun özünün
ödənilməsinə sərf olunur.
Saxlanc girovunda olan əmlakın
girovqoyanın təqsiri olmadan real itmək, azalmaq və ya
zədələmək təhlükəsi olduqda girovsaxlayan
əmlakı dəyişməyi girovqoyandan tələb
edə bilər. girovqoyanın belə tələbin
icrasından imtina etdikdə, girovsaxlayan əsas
öhdəliyin icra müddətini közləmədən
ödənişi saxlanc girovunda olan əmlaka
yönəldə bilər.
Maddə 42. Əmlak
girovsaxlayana verilməklə girov qoyulduqda (saxlanc girovunda)
girovsaxlayanın vəzifələri
Əmlak girovsaxlayana verilməklə girov
qoyulduqda (saxlanc girovunda), müqavilə ilə başqa
vəzifələr nəzərdə tutulmayıbsa,
girovsaxlayan aşağıdakı vəzifələri
yerinə yetirir:
1) saxlanc girovuna qoyulmuş əmlakı tam
qiyməti üzrə girovqoyanın hesabına və
mənafeyinə sığorta etdirmək;
2) saxlanc girovuna qoyulmuş əmlakın
salamatlığını təmin edən tədbirlər
görmək;
3) saxlanc girovuna qoyulmuş əmlakın
itməsi və ya zədələməsi təhlükəsi haqqında
girovqoyana təxirsiz məlumat vermək;
4) bu Qanunun 41-ci maddəsinin birinci
hissəsində nəzərdə tutulmuş qaydada saxlanc
girovuna qoyulmuş əmlakdan girovsaxlayanın istifadə
hüququ nəzərdə tutulmuşsa, bu əmlakdan
istifadə edilməsi haqqında girovqoyana müntəzəm
məlumat vermək;
5) saxlanc girovuna qoyulmuş əmlakla
təmiri olunan öhdəlik girovqoyanın və ya
üçüncü şəxs tərəfindən
ödənildikdə əmlakı təcili qaytarmaq;
6) müqavilədə nəzərdə
tutulmuş halda saxlanc girovuna qoyulmuş əmlakdan
girovqoyanın xeyrinə gəlir əldə etmək.
Girovsaxlayan saxlanc girovunda olan əmlakı
lazımi qaydada saxlamadığı və ya istifadə
etmədiyi halda girovqoyanın hər hansı bir vaxt girova xitam
verilməsini tələb etmək və ya girovla təmin
olunmuş öhdəliyi vaxtından əvvəl yerinə
yetirmək hüququna malikdir.
Maddə 43. Əmlak
girovsaxlayana verilməklə girov qoyulduqda (saxlanc girovunda)
girovsaxlayanın məsuliyyəti
Saxlanc girovunda olan əmlak itirildiyi,
əskik gəldiyi və ya zədələndiyi halda
girovsaxlayan bunda təqsiri olmadığını sübut
etməzsə itirilmiş və ya əskik gəlmiş
əmlakın itirildiyi və ya əskik gəldiyi
dəyəri miqdarında, zədələnmiş
əmlakın isə zədələnmə nəticəsində
dəyərinin azaldığı miqdarda məsuliyyət
daşıyır.
Əgər girovsaxlayan lombard və ya
saxlanc girovu ilə kredit verilməsi fəaliyyət predmeti olan
digər sahibkardırsa(, saxlanc girovunda olan əmlakın
itirilməsi, əskik kəlməsi və ya
zədələnməsinə görə
məsuliyyətdən azad edilmə yalnız bunun
qarşısıalınmaz qüvvə, yaxud girovqoyanın
qəsdi və ya kobud ehtiyatsızlığı
nəticəsində baş verdiyi sübut olunarsa tətbiq
oluna bilər.
Maddə 44. Bilavasitə
torpaqla bağlı obyektlərin girov qoyulması — ipoteka
Müəssisənin, tikilinin, binanın,
qurğunun və ya torpaqla bilavasitə bağlı olan
digər obyektin müvafiq torpaq sahəsi ilə birlikdə,
yaxud bu torpaq sahəsindən istifadə hüququ ilə
birlikdə girov qoyulması ipoteka sayılır.
Maddə 45. İpoteka
haqqında müqavilənin forması və onun qeydiyyatı
İpoteka haqqında müqavilə
notariatda təsdiq edilir və ipoteka kitabında qeydiyyata
alınır.
İpoteka obyekti üzərində
mülkiyyət hüququnun və ya tam
təsərrüfatçılıq hüququnun girovqoyandan
başqa şəxsə keçməsi ipotekanın
qeydiyyatdan keçdiyi ipoteka kitabında qeydə
alınmalıdır.
Müəssisənin tam girov
qoyulmasını qeydə alan orqan bu barədə torpaq
qeydiyyatı aparan orqana, habelə müəssisənin
ayrı-ayrı bölmələrinin yerləşdiyi
ərazinin torpaq qeydiyyatı aparan orqanına məlumat
verməlidir.
Maddə 46. Müəssisənin
ipotekası
Müəssisənin ipotekası, qanunda
və ya müqavilədə başqa qayda müəyyən
edilməyibsə, onun əsas fondları, dövriyyə
vəsaitləri, habelə müəssisənin sərbəst
balansında əks etdirilən digər sərvətləri
də daxil olmaqla bütün əmlakını əhatə
edir.
Girovqoyan müəssisə girovqoyanın
tələbi ilə ona illik balansı təqdim etməlidir.
Müəssisənin ipotekası ilə
təmin olunmuş öhdəlik icra olunmadıqda girovsaxlayan
müəssisənin maliyyə vəziyyətini
sağlamlaşdırmaq üçün ipoteka haqqında
müqavilədə nəzərdə tutulmuş
tədbirləri həyata keçirə bilər. Bu halda
girovsaxlayan müəssisənin rəhbər orqanlarına
nümayəndələr təyin etmək, müəssisənin
istehsal etdiyi məhsulu və başqa əmlakı
üzərində sərəncam hüququnu
məhdudlaşdırmaq ixtiyarına malikdir. Bu tədbirlər
nəticə vermədikdə girovsaxlayan ödənişi
ipotekada olan müəssisəyə yönəldə
bilər.
Ödəniş ipotekada olan
müəssisəyə yönəldildikdə o, Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada hərracda satılır.
Maddə 47. İpoteka
ilə təmin edilmiş öhdəliyin vaxtından qabaq
icrası
İpoteka haqqında müqavilə
ipotekada olan əmlakı sonradan girov qoymaq imkanını
istisna edirsə, girovqoyanın ipoteka ilə təmin olunmuş
öhdəliyi vaxtından qabaq tam həcmdə icra edə
bilər.
Maddə 48. Dövriyyədə
və emalda olan əmlakın girovu
Dövriyyədə və emalda olan
əmlak (əmtəə ehtiyatları, xammal, materiallar,
yarımfabrikatlar, hazır məhsul və s.) hər hansı
bir öhdəliyin icrasının təminatı kimi girov
qoyula bilər.
Dövriyyədə və emalda olan girov
qoyulmuş əmlakın tərkibini və ilkin xalis
formasını dəyişməyə bu şərtlə yol
verilir ki, yeni əmlakın ümumi dəyəri girovun girov
müqaviləsində göstərilmiş
dəyərindən az olmasın.
Dövriyyədə və emalda olan girov
qoyulmuş əmlakın dəyəri, müqavilədə
başqa qayda müəyyən edilməyibsə, onunla
təmin olunmuş öhdəliyin icra edilmiş hissəsinin
dəyərinə mütənasib olaraq azaldıla bilər.
Dövriyyədə və emalda olan girov
qoyulmuş əmlak satılarsa, alıcının
mülkiyyətinə və ya əməli
idarəçiliyinə keçdiyi andan girov predmetliyindən
çıxır girovqoyanın girov haqqında
müqavilədə nəzərdə tutulmuş malları
aldıqda, onlar girovun predmeti olur.
Maddə 49. Dövriyyədə
və emalda olan əmlakın girovu haqqında müqavilə
Dövriyyədə və emalda olan
əmlakın girovu haqqında müqavilədə girov
qoyulmuş əmlakın növü, digər
əlamətləri, girov predmetinin ümumi qiyməti, onun olduğu
yer, habelə girov predmetinə dəyişdirilməsi
mümkün olan malların növü
müəyyənləşdirilməlidir.
Maddə 50. Dövriyyədə
və emalda olan əmlak girov qoyulduqda girovqoyanın
hüquqları
Dövriyyədə və emalda olan
əmlakı girov qoyan bu Qanunun 48-ci maddəsində
müəyyən edilmiş qaydalara əməl etməklə
həmin girov predmetinə sahib olmaq, onun barəsində
sərəncam vermək və əmlak üzərində
mülkiyyət hüququnu özündə saxlayır.
Maddə 51. Hüquqların
girov qoyulması
Girovqoyana məxsus olan sahiblik və
istifadə hüquqları, o cümlədən icarə
hüququ, öhdəliklərdən əmələ
kələn hüquqlar və əmlak hüquqları girov
qoyula bilər.
Müəyyən müddət
ərzində qüvvədə olan hüquq yalnız bu
müddət ərzində girovun predmeti ola bilər.
İcarəçi öz icarə
hüququnu, icarə müqaviləsində başqa qayda
müəyyən edilməyibsə, icarəyə verənin
razılığı olmadan girov qoya bilər.
Pul qiyməti olmayan hüquq girov qoyulduqda,
onun qiyməti tərəflərin razılaşması
əsasında müəyyənləşdirilir.
Maddə 52. Hüquqların
girov qoyulması haqqında müqavilə
Hüquqların girov qoyulması
haqqında müqavilədə bu Qanunun 11-ci maddəsində
nəzərdə tutulmuş şərtlərlə
yanaşı girov qoyulan hüquqla bağlı borclu olan
şəxs göstərilməlidir.
Girov qoyan borclu şəxslə
bağlı hüququn girov qoyulması haqqında onu
xəbərdar etməlidir.
Maddə 53. Hüquq
girov qoyulduqda girovqoyanın vəzifələri
Girovqoyan, hüququ girov qoyduqda
müqavilədə başqa vəzifələr
müəyyən edilməyibsə, aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
1) girov qoyulmuş hüququn
etibarlığını təmin etmək;
2) girov qoyulmuş hüququ
özgəsinə güzəşt etməmək;
3) girov qoyulmuş hüququn xitam olunmasına
və ya məhdudlaşmasına yönəldilmiş
hərəkətlər etməmək;
4) girov qoyulmuş hüququ
üçüncü şəxslərin
qəsdlərindən müdafiə etmək;
5) girov qoyulmuş hüquqda baş vermiş
dəyişikliklər, üçüncü
şəxslər tərəfindən həmin hüququn
pozulması və ona iddia edilməsi haqqında girovsaxlayana
məlumat vermək.
Maddə 54. Hüquq
girov qoyulduqda girovsaxlayanın hüquqları
Girovsaxlayan, hüququ girov
götürdükdə, müqavilədə başqa qayda
müəyyən edilməyibsə, aşağıdakı
hüquqlara malikdir:
1) girovqoyan bu Qanunun 53-cü maddəsinin
4-cü bəndində nəzərdə tutulmuş
vəzifələri yerinə yetirmədikdə, icra
müddətini közləmədən girov qoyulmuş
hüququn ona verilməsini məhkəmədə tələb
etmək;
2) girov qoyulmuş hüquq haqqında
mübahisələrə baxılan işə
üçüncü şəxs kimi qoşulmaq;
3) girovqoyan bu Qanunun 53-cü maddəsinin
4-cü bəndində nəzərdə tutulmuş
vəzifələri yerinə yetirmədikdə, girov
qoyulmuş hüququ üçüncü şəxslərin
qəsdindən qorumaq üçün müstəqil
surətdə lazımi tədbirlər görmək.
Maddə 55. Borclunun
girovqoyan qarşısında öz öhdəliklərini icra
etməsinin nəticələri
Girovqoyanın borclusu, girovla təmin
olunmuş öhdəlik girovqoyan tərəfindən yerinə
yetirilənədək öz öhdəliyini
ödəyərsə, bunun nəticəsində girovqoyanın
əldə etdiyi hər nə varsa Girovun obyektinə
çevrilir və girovqoyanın bu barədə girovsaxlayana
təcili məlumat verməlidir.
Girovqoyan öz borclusundan öhdəliyin
icrası hesabına pul aldıqda, girovqoyanın tələbi
üzrə müvafiq məbləğ, müqavilədə
başqa qayda müəyyən edilməyibsə, girovla
təmin olunmuş öhdəliyin icrası hesabına ona
verilməlidir.
Maddə 56. Girov
zamanı tərəflərin hüquqlarının
təminatı
Girov hüququna və ya girovqoyanın girov
qoyulmuş əmlaka olan hüququna xitam verən Azərbaycan
Respublikası qanunvericilik aktının qəbul olunması
nəticəsində girovsaxlayana dəyən zərər tam
həcmdə Azərbaycan Respublikası tərəfindən
ödənilir. Zərərin ödənilməsi haqqında
mübahisələri məhkəmə həll edir.
Dövlət hakimiyyəti və
idarəetmə orqanlarının girov qoyulmuş
əmlakın və ya hüquqların alınmasına
yönəldilmiş qərarı ilə, o cümlədən
girov qoyulmuş evin, tikililərin, qurğuların və
əkinlərin olduğu torpaq sahəsinin alınması
haqqında qərarla əlaqədar girov qoyulmuş əmlak
üzərində mülkiyyət hüququna, yaxud girov
qoyulmuş hüquqlara xitam verildikdə girovsaxlayana
dəyən zərəri həmin dövlət orqanı
öz sərəncamında olan vəsait hesabına tam
həcmdə ödəyir. Zərərin ödənilməsi
barədə mübahisələri məhkəmə həll
edir.
Maddə 57. Girov
hüququnu pozan aktların etibarsız sayılması
Dövlət idarəetmə
orqanının və ya yerli özünüidarə
orqanının qanunvericiliyə uyğun olmayan aktı
nəticəsində girovqoyanın hüquqları pozularsa,
belə akt girovqoyanın ərizəsi ilə
məhkəmə tərəfindən etibarsız
sayılır və bunun nəticəsində girovsaxlayana
dəymiş zərər həmin aktı vermiş orqanın
hesabına tam həcmdə ödənilir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər
ƏLİYEV.
Bakı şəhəri, 15 iyul 1994-cü
il.
№ 852
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
3 iyul
1998-ci il tarixli 516-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 490)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 iyul 1998-ci il tarixli 516-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 490) ilə
ləğv edilmişdir.