Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə halları ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

1994-cü ilin əvvəlindən hal-hazıra kimi müvafiq icazə olmadan saxlanılan xeyli odlu silah, döyüş sursatı və partlayıcı maddələr, o cümlədən 943 avtomat silah, 106 pulemyot, 227 tapança, 92 qumbara-atan, 16 “Qrad” qurğusu və s. polis orqanları tərəfindən tapılmış və ya aşkar edilib götürülmüş, yaxud vətəndaşlar tərəfindən könüllü təhvil verilmişdir.

Lakin bunlara baxmayaraq müvafiq icazə olmadan saxlanılan xeyli odlu silah, döyüş sursatı və partlayıcı maddələr, hətta hərbi texnika vahidləri olduğu barədə məlumatlar vardır. Belə vəziyyət respublikada ictimai təhlükəsizlik və ictimai qayda, dövlət orqanlarının normal işi, vətəndaşların həyatı, səhhəti və əmlakı üçün real təhlükə yaradır. Bu, hazırkı ictimai-siyasi vəziyyətdə xüsusilə təhlükəlidir.

Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr saxlama halları ilə mübarizəni gücləndirmək, bu sahədə vətəndaşların fəallığını artırmaq, hüquq mühafizə orqanlarının işini yaxşılaşdırmaq məqsədilə qərara alır:

1.  Azərbaycan Respublikası vətəndaşlarına müraciət edilsin ki, müvafiq icazə olmadan saxladıqları odlu silahları, döyüş sursatlarını və partlayıcı maddələri 1994-cü il noyabrın 15-dək polis və digər hüquq mühafizə orqanlarına könüllü surətdə təhvil versinlər. Qeyd olunsun ki, belə şəxslər 1994-cü il noyabrın 15-dək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilirlər.

2.  Prokurorluq, istintaq, polis orqanlarına tapşırılsın ki, müvafiq icazə olmadan odlu silah saxlanılması halları ilə mübarizədə qanunun müəyyən etdiyi tədbirlərdən daha fəal istifadə olunmasını, belə cinayətlər törədən şəxslər barəsində daha ciddi məhdudiyyət tədbirlərinin tətbiqini təmin etsinlər.

Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzdirməkdə, saxlamaqda və əldə etməkdə təqsirli olan şəxslər barəsində cəza tətbiqinin sərtləşdirilməsi zəruri hesab edilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri respublika müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərində silahların və döyüş texnikasının uçotu və saxlanılması qaydalarına əməl edilməsi vəziyyətinin yoxlanılmasını və müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə halları üzrə istintaq və məhkəmə təcrübəsinin öyrənilməsini təmin etsin.

3.  Müvafiq icazə olmadan saxlanılan odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin yığılması sahəsində müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanlarının işinin və bu "sahədə prokuror nəzarətinin lazımı səviyyədə olmadığı qeyd edilsin.

"hüquq mühafizə orqanlarının rəhbərlərinin müvafiq icazə olmadan odlu silah, döyüş, sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama və əldə etmə halları ilə mübarizə işinin vəziyyətinə görə şəxsən cavabdehlik daşıyacaqları nəzərdə tutulsun və 1995-ci ilin yanvar. ayında bu sahədə görülmüş iş barədə onların məlumatları dinlənilsin.

4.  “Silah haqqında” və odlu silahların yığılması nəticələrindən asılı olaraq odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə üstündə cinayət məsuliyyətinin əsaslarının dəyişdirilməsi barədə Azərbaycan Respublikası qanunları layihələri hazırlansın və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilsin.

5.  Azərbaycan Respublikasının daxili işlər və maliyyə nazirlikləri 2 gün ərzində odlu silahı könüllü təhvil verən şəxslərə xüsusi komissiya tərəfindən maddi həvəsləndirmə tədbiri kimi müvafiq məbləğlərin ödənilməsi qaydalarını, komissiyanın tərkibini müəyyən edib, kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırsınlar.

6.   Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, hakimləri, prokurorluğu Azərbaycan Respublikasının müvafiq qanun normalarının və bu qərarın əhaliyə izah olunmasını təmin etsinlər və hüquqi təbliğat və hüquqi tərbiyə işini gücləndirsinlər.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 25 oktyabr 1994-cü il.

№ 914.