İnvestisiya fəaliyyəti
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan
Respublikasının ərazisində
investisiya-fəaliyyətinin (sərmayədarlığın)
ümumi sosial, iqtisadi və hüquq şərtlərini
müəyyənləşdirir.
Qanun investisiyanın
Azərbaycan Respublikası iqtisadiyyatının intensiv cəlb
olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının,
habelə beynəlxalq iqtisadi əməkdaşlığın
və inteqrasiyanın inkişafı üçün
səmərəli istifadə edilməsinə
yönəldilmişdir və mülkiyyət formasından
asılı olmayaraq bütün investorların
hüquqlarının bərabər müdafiəsinə
təminat verir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. İnvestisiya anlayışı
İnvestisiya—gəlir (mənfəət) və ya
sosial səmərə əldə etmək məqsədi
ilə sahibkarlıq və digər fəaliyyət
növləri obyektlərinə qoyulan maliyyə
vəsaitindən, habelə maddi və intellektual
sərvətlərdən ibarətdir.
Belə vəsait
və sərvətlər aşağıdakılardır:
pul vəsaiti,
məqsədli bank əmanətləri, kreditlər, paylar,
səhmlər və digər qiymətli kağızlar;
daşınar və
daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və»
başqa maddi sərvətlər);
müvafiq qaydada
rəsmiləşdirilmiş elmi-təcrübi və digər
intellektual sərvətlər;
bu və ya digər
istehsal növünün təşkili üçün
zəruri olan ancaq patentləşdirilməmiş, texniki
sənədləşdirmə, vərdiş və
istehsalat-təcrübəsi kimi tərtib edilmiş texniki,
texnoloji, kommersiya və digər biliklərin məcmusu
(«non-hau»);
torpaqdan, sudan və
digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan
istifadə hüquqları, habelə müəlliflik
hüququndan irəli gələn və başqa əmlak
hüquqları;
başqa
sərvətlər.
Əsas fondların
yaradılmasına və təkrar istehsalına, habelə maddi
istehsalın digər formada inkişafına investisiya
yönəldilməsi kapital qoyuluşları
şəklində həyata keçirilir.
Maddə 2. İnvestisiya
fəaliyyəti
1.
İnvestisiya
fəaliyyəti investorların investisiya qoyuluşu və onun
həyata keçirilməsi ilə əlaqədar bütün
hərəkətlərinin məcmusudur.
2. İnvestisiya
fəaliyyətinin aşağıdakı növləri
vardır:
Azərbaycan
Respublikasının vətəndaşları,
qeyri-dövlət müəssisə, idarə, təşkilat
və qurumları tərəfindən həyata
keçirilən özəl investisiya fəaliyyəti;
dövlət
hakimiyyət və idarəetmə orqanları, habelə
dövlət müəssisə, idarə və
təşkilatları tərəfindən
büdcələrin, büdcədənkənar fondların,
özlərinə məxsus və borc vəsaitinin hesabına
həyata keçirilən dövlət investisiya
fəaliyyəti;
xarici
vətəndaşlar, hüquqi şəxslər,
dövlətlər, beynəlxalq maliyyə
təşkilatları, habelə
vətəndaşlığı olmayan şəxslər
tərəfindən həyata keçirilən xarici investisiya
fəaliyyəti;
Azərbaycan
Respublikasının və xarici dövlətlərin
vətəndaşları, hüquqi şəxsləri və
dövlətlər tərəfindən həyata
keçirilən birgə investisiya fəaliyyəti.
3. İstehsalata və
sosial sahəyə elmi-texniki tərəqqinin
nailiyyətlərini tətbiq etmək üçün
investisiya fəaliyyətinin bir forması kimi innovasiya
fəaliyyəti həyata keçirilə bilər.
İnnovasiya fəaliyyətinə aşağıdakılar
daxildir:
uzunmüddətli
elmi-texniki proqramların həyata keçirilməsi;
iqtisadiyyatın
strukturunun təkmilləşdirilməsi məqsədi ilə
məhsuldar qüvvələrin vəziyyətində
keyfiyyət dəyişiklikləri etmək üçün
fundamental tədqiqatların maliyyələşdirilməsi;
texnika və
texnologiyanın prinsipcə yeni, qənaətcil
növlərinin işlənib hazırlanması,
buraxılması, yayılması və tətbiqi.
Maddə 3. İnvestisiya
fəaliyyətinin obyektləri
İqtisadiyyatın
bütün sahələrində hər hansı əmlak, o
cümlədən əsas fondlar və dövriyyə
vəsaiti, qiymətli kağızlar, məqsədli pul
əmanətləri, elmi-texniki məhsullar, intellektual
sərvətlər, digər mülkiyyət obyektləri,
habelə əmlak hüquqları investisiya fəaliyyətinin
obyekti ola bilər.
Yaradılması
və istifadə edilməsi Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə
müəyyənləşdirilmiş sanitariya-gigiyena,
radiasiya, ekologiya, arxitektura və digər normaların
tələblərinə uyğun gəlməyən, habelə
vətəndaşların, hüquqi şəxslərin və
dövlətin qanunla müdafiə edilən hüquq və
mənafelərini eləcə də insanların
sağlamlığını, dövlət
təhlükəsizliyini pozan, yaxud poza biləcək
obyektlərə investisiya qoyulması qadağandır . [1]
Maddə 4. İnvestisiya fəaliyyətinin
subyektləri
1.
Azərbaycan
Respublikasının və xarici ölkələrin
vətəndaşları və hüquqi şəxsləri,
vətəndaşlığı olmayan şəxslər,
habelə dövlətlər investisiya fəaliyyətinin
subyektləri (investorları və
iştirakçıları) ola bilərlər.
2. Özünə
məxsus olan, borc götürdüyü və ya cəlb
etdiyi maliyyə vəsaitini, maddi və intellektual
sərvətləri investisiya fəaliyyəti
obyektlərinə qoymaq haqqında qərar qəbul edən,
habelə onlardan istifadə olunmasını təmin edən
subyektlər investorlardır (sərmayədəyərdır).
İnvestorlar
investisiya fəaliyyətində əmanətçi, kreditor
və alıcı qismində çıxış edə,
habelə investisiya fəaliyyətinin istənilən
iştirakçısının funksiyalarını yerinə
yetirə bilərlər.
3. İnvestisiya
niyyətinin həyata keçirilməsini sifarişlərin
icraçısı qismində və ya investorların
tapşırığı əsasında təmin edən
Azərbaycan Respublikasının və xarici
dövlətlərin vətəndaşları və hüquqi
şəxsləri, habelə vətəndaşlığı
olmayan şəxslər investisiya fəaliyyətinin
iştirakçılarıdır.
Maddə 5. İnvestisiya fəaliyyəti haqqında qanunvericilik
Azərbaycan Respublikası
ərazisində investisiya fəaliyyətinin həyata
keçirilməsi zamanı yaranan münasibətlər bu
Qanunla və Azərbaycan Respublikasının digər
qanunları və onların əsasında qəbul edilmiş
qanunvericilik aktları, habelə beynəlxalq
müqavilələri ilə tənzimlənir.
Azərbaycan
Respublikası investorlarının xarici dövlətin
ərazisində investisiya fəaliyyəti həmin
dövlətin qanunvericiliyi ilə tənzimlənir.
Ələt
azad iqtisadi zonasında investisiya fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı münasibətlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq
tənzimlənir.[2]
II
fəsil
İNVESTİSİYA
FƏALİYYƏTİNİN HƏYATA
KEÇİRİLMƏSİ
Maddə 6. İnvestisiya
fəaliyyəti subyektlərinin hüquqları
1. Azərbaycan Respublikası
ərazisində mülkiyyət formasından və
təsərrüfat fəaliyyətinin növündən
asılı olmayaraq investisiya fəaliyyətinin bütün
subyektləri investisiya fəaliyyətinin həyata
keçirilməsi sahəsində bərabər hüquqlara
malikdirlər.
Bu Qanunla və ya
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə investisiya qoyulması qadağan edilən
və ya məhdudlaşdırılan obyektlərdən
başqa, hər hansı obyektə investisiya qoyulması
investorun müstəsna hüququdur və qanunla qorunur.
2. İnvestor
müstəqil surətdə investisiya qoyuluşunun
məqsədini, istiqamətini, növünü və
həcmini müəyyənləşdirir, onun həyata
keçirilməsi üçün müqavilə
əsasında, o cümlədən müsabiqə və
hərrac yolu ilə fiziki və hüquqi şəxsləri
investisiya fəaliyyətinin hər hansı
iştirakçısı qismində cəlb edir. [3]
3. Azərbaycan
Respublikasının qanunvericilik aktlarına uyğun olaraq
investor Azərbaycan Respublikasının ərazisində
investisiyanın obyektlərinə və
nəticələrinə sahiblik, istifadə və sərəncam
vermək, həmçinin investisiya və ticarət
əməliyyatları həyata keçirmək
hüquqlarına malikdir.
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş mülkiyyət hüququ əmələ
gətirməyən obyektlərə investisiya qoyulması
sonradan onlara digər əşya hüquqları
əsasında və ya belə obyektlərin istismarından
əldə edilən gəlirdə investorun iştirakı
hüququnu istisna etmir. [4]
4.
İnvestorun qərarı ilə investisiyaya və
onun nəticələrinə sahiblik, istifadə və
sərəncam hüquqları qanunla
müəyyənləşdirilmiş qaydada digər fiziki
və hüquqi şəxslərə verilə bilər.
hüquqların bu cür verilməsi zamanı yaranan
qarşılıqLı münasibətləri onlar
müstəqil surətdə müqavilə əsasında
nizama salırlar.
5.
İnvestor investisiya qoyuluşu üçün
maliyyə vəsaitini kredit. qanunvericiliklə
müəyyən edilmiş qaydada qiymətli kağızlar
buraxılışı və borc kimi də cəlb edə
bilər.
İnvestor
öz öhdəliklərinə təminat vermək
üçün yalnız mülkiyyət hüququ
əsasında özünə məxsus olan əmlakı girov
qoya bilər. [5]
Azərbaycan
Respublikası ərazisinin hüdudlarından kənarda ipoteka
krediti hesabına investor kimi çıxış edən
dövlət müəssisələrinin investisiyaları
üçün Azərbaycan dövləti
tərəfindən təminat verilir.
6.
Azərbaycan Respublikası qanunvericiliyinə zidd
olmadıqda investorun fiziki və hüquqi
şəxslərdən birbaşa və ya vasitəçilik
yolu ilə istənilən miqdarda və növdən olan
əmlakı tərəflərin
müəyyənləşdirdiyi qiymətlərlə və
şərtlərlə almaq hüququ vardır.
7.
Dövlət və bələdiyyə
mülkiyyətinin, habelə başa
çatdırılmamış tikinti obyektlərinin
özəlləşdirilməsində investorlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş şərtlərlə
və qaydada iştirak edə bilərlər.
Maddə 7. İnvestisiya
fəaliyyəti subyektlərinin vəzifələri
1. İnvestisiya
fəaliyyətinin subyektləri Azərbaycan Respublikası
qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və
qaydada müvafiq olaraq aşağıdakıları həyata
keçirməyə borcludurlar:
maliyyə vəsaiti
və maddi sərvətlər əsasında həyata
keçirdikləri investisiyanın həcmi və
maliyyələşdirilməsi mənbəyi barədə
yerli banklara və ya maliyyə orqanlarına müvafiq
orqanların arayışını təqdim etmək;
əsaslı tikinti
və icazə tələb edən digər işlər
üçün müvafiq dövlət orqanlarından və
xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq
almaq;
texnoloji,
sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura
tələblərinə əməl edilməsi baxımından
investisiya layihələri üçün ekspertiza rəyi
almaq;
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada müəyyənləşdirilən norma
və standartlara, habelə beynəlxalq norma və standartlara
əməl etmək;
dövlət
orqanlarının və vəzifəli şəxslərin
öz səlahiyyətləri daxilində, Azərbaycan
Respublikasının Qanunvericilik aktlarına uyğun
verdikləri tələbləri yerinə yetirmək;
müəyyənləşdirilmiş
qaydada maliyyə və statistika
hesabatları təqdim etmək; [6]
haqsız
rəqabətə yol verməmək və antiinhisar
tənzimlənməsinin tələblərinə əməl
etmək.
2. Xüsusi razılıq (lisenziya) tələb olunan
fəaliyyət növləri ilə məşğul olmaq
üçün investisiya fəaliyyətinin
iştirakçıları lisenziya almalıdırlar[7]
Maddə 8. İnvestisiya
fəaliyyətinin subyektləri arasında
münasibətlər
İnvestisiya
fəaliyyətinin subyektləri arasında
münasibətləri tənzimləyən əsas hüquqi
sənəd müqavilədir (kontraktdır).
Müqavilənin
bağlanması, tərəflərin seçilməsi,
öhdəliklərin, təsərrüfat
münasibətlərinin Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayan hər hansı şərtlərinin
müəyyənləşdirilməsi investisiya
fəaliyyəti subyektlərinin müstəsna
səlahiyyətinə daxildir. Dövlət orqanlarının
və vəzifəli şəxslərin mövcud qanunvericilik
aktları ilə müəyyənləşdirilmiş
həddən artıq investisiya fəaliyyəti
subyektlərinin müqavilə münasibətlərinə
qarışmasına yol verilmir.
Maddə 9. İnvestisiya
fəaliyyətinin maliyyələşdirilməsi
mənbələri
İnvestisiya
fəaliyyəti aşağıdakı
mənbələrdən maliyyələşdirilə bilər:
investorun
özünün maddi və intellektual sərvətləri,
maliyyə vəsaiti və təsərrüfatdaxili
ehtiyatları (mənfəət, amortizasiya ayırmaları,
fiziki və hüquqi şəxslərin pul
yığımları, əmanətləri, qəza və
təbii fəlakət nəticəsində dəymiş
ziyanın ödənilməsi üçün sığorta
orqanlarının müvafiq ödənişləri və s);
investorun borc
maliyyə vəsaiti (bank və büdcə kreditləri,
istiqrazlar və digər vəsait);
investorun cəlb
edilmiş maliyyə vəsaiti (əmək kollektivlərinin,
vətəndaşların, hüquqi şəxslərin
payları və digər haqları, səhmlərin
satışından əldə edilən vəsait);
büdcədən
və büdcədənkənar fondlardan investisiya
məqsədli təxsisatlar;
xarici investisiya;
müəssisələrin,
təşkilatların və vətəndaşların
əvəzsiz və xeyriyyə haqları, ianələr və
s.
Zərurət
yarandıqda investisiya fəaliyyətini həyata
keçirmək məqsədilə müvafiq investisiya
fondları və digər təsisatları yaradıla
bilər.
III fəsil
İNVESTİSİYA
FƏALİYYƏTİNİN DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Maddə 10. İnvestisiya fəaliyyətinin dövlət
tənzimlənməsinin məqsədi
İnvestisiya
fəaliyyətinin dövlət tənzimlənməsi vahid
iqtisadi, elmi-texniki və sosial siyasət yeridilməsi
məqsədi ilə həyata keçirilir və Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişaf proqramında
nəzərdə tutulmuş həcmlərdə dövlət
büdcəsi hesabına maliyyələşdirilir. [8]
İctimai
tələbatın ödənilməsinin daha vacib
istiqamətlərində investisiya fəaliyyətini həyata
keçirən investorlara Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə nəzərdə tutulan
güzəştlər verilir.
Maddə 11. İnvestisiya fəaliyyətinin dövlət
tənzimlənməsinin formaları
1. İnvestisiya
fəaliyyətinin dövlət tənzimlənməsinə
dövlət investisiyasının idarə olunması,
habelə investisiya fəaliyyəti şərtlərinin
tənzimlənməsi və bu şərtlərə
investisiya fəaliyyətinin bütün subyektləri
tərəfindən əməl edilməsinə nəzarət
daxildir.
2.
Dövlət investisiyasının idarə
olunması respublika və yerli dövlət hakimiyyət və
idarəetmə orqanları tərəfindən həyata
keçirilir və büdcə, büdcədənkənar
vəsaitin və həmin orqanlar tərəfindən cəlb
edilən başqa vəsaitin planlaşdırılmasından,
investisiyanın şərtlərinin
müəyyənləşdirilməsindən və bunlarla
bağlı digər məsələlərin həllindən
ibarətdir.
3.
İnvestisiya fəaliyyətinin dövlət
tənzimlənməsi aşağıdakı
vasitələrlə həyata keçirilir:
(Çıxarılıb)
[9]
kredit və amortizasiya
siyasətinin həyata keçirilməsi, o cümlədən
əsas fondların sürətli amortizasiyası yolu ilə.
Amortizasiya üzrə güzəştlər ayrı-ayrı
iqtisadi sahələr, əsas fondların və
avadanlığın müxtəlif növləri və
elementləri üçün dəyişkən və
fərqli müəyyən edilə bilər;
ayrı-ayrı region,
sahə və istehsalatların inkişafı üçün
subvensiya, subsidiya büdcə borclarının verilməsi;
dövlət norma
və standartlarının
müəyyənləşdirilməsi;
antiinhisar
tədbirlərin görülməsi;
mülkiyyətin
dövlətsizləşdirilməsi və
özəlləşdirilməsi;
torpaqdan, sudan və
başqa təbii ehtiyatlardan istifadə şərtlərinin
müəyyənləşdirilməsi;
qiymətqoyma
siyasətinin həyata keçirilməsi;
investisiya
layihələrinin ekspertizasının keçirilməsi;
başqa
tədbirlər.
Maddə 12. Respublika ərazisində dövlət
investisiyalarına dair qərarların qəbul edilməsi
qaydası
1. Respublika
ərazisində dövlət investisiyalarına dair qərarlar
respublikanın iqtisadi və sosial inkişaf proqnozları,
məhsuldar qüvvələrin inkişafı və
yerləşdirilməsi sxemi, bu investisiyaların
məqsədəuyğunluğunu
müəyyənləşdirən texniki-iqtisadi
əsaslandırmalar, məqsədli elmi-texniki və kompleks
proqramlar əsasında qəbul edilir.
2.
Respublika üzrə məqsədli kompleks
proqramların layihələri Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyənləşdirilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanında işlənib hazırlanır və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
3.
həyata keçirilmə müddəti iki ilə
qədər olan və fövqəladə vəziyyət,
qəzalar və təbii fəlakətlərlə
bağlı dövlət investisiyaları haqqında
qərarları Azərbaycan Respublikasının Nazirlər
Kabineti müvafiq
icra hakimiyyəti orqanının təklifləri əsasında
qəbul edir. [10]
Maddə 13. Əsaslı tikintidə işlərin yerinə
yetirilməsi üçün dövlət sifarişinin
yerləşdirilməsi qaydası
1.
Respublika ərazisində dövlət
investisiyasının həyata keçirilməsi
formalarından biri əsaslı tikintidə işlərin
yerinə yetirilməsi üçün dövlət sifarişidir.
2.
Dövlət sifarişi, bir qayda olaraq,
müəssisə və təşkilatlar üçün bu
sifarişin iqtisadi sərfəliyi nəzərə
alınmaqla müsabiqə (tender) əsasında
yerləşdirilir. Bu zaman həmin müəssisə və
təşkilatlar üçün qanunvericiliklə
müəyyən güzəştlər də
nəzərdə tutula bilər.
3.
Respublika dövlət sifarişi obyektləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyənləşdirdiyi qaydada istismara qəbul olunur.
Maddə 14. İnvestisiyaların
dövlət ekspertizası
1. Büdcə və
büdcədənkənar vəsaitlər, o
cümlədən xarici investisiya hesabına
maliyyələşdirilən respublika,
dövlətlərarası və regional investisiya layihə
və proqramları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyənləşdirdiyi qaydada müvafiq
icra hakimiyyəti orqanında mütləq dövlət
ekspertizasından keçirilməlidir. [11]
Başqa
mənbələr hesabına maliyyələşdirilən
investisiyalar ekoloji, seysmoloji və sanitariya-gigiyena
tələblərinə əməl edilməsi
baxımından Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyənləşdirdiyi qaydada dövlət
ekspertizasından keçirilməlidir.
(Çıxarılıb) [12]
Maddə 15. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi və yerli
dövlət hakimiyyət və idarəetmə orqanları
tərəfindən investisiya fəaliyyətinin
tənzimlənməsi
Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi və respublika tabeli
şəhər və rayonların yerli dövlət
hakimiyyət və idarəetmə orqanları öz
səlahiyyətləri daxilində ərazilərində
investisiya fəaliyyətinin subyektləri tərəfindən
istehsal və sosial obyektlərin yaradılması, təbii
ehtiyatlardan istifadə edilməsi məsələlərinin
razılaşdırılması yolu ilə investisiya
fəaliyyətini tənzimləyirlər.
İnvestisiya
məqsədləri sosial infrastruktur obyektləri tikdirmək,
tikinti üçün torpaq sahəsi ayırmaq, torpaqdan
istifadə şərtlərinin, sosial sahə və
təbiəti mühafizə təyinatlı obyektlərin
tikintisi həcminin və müddətlərinin, habelə
tikinti norma və qaydalarının pozulduğu halda tikintinin
dayandırılması haqqında səlahiyyətli
dövlət orqanları qarşısında məsələ
qaldırmaq yerli dövlət hakimiyyət və
idarəetmə orqanlarının müstəsna
səlahiyyətinə aiddir. [13]
Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi investisiyanın dövlət
tənzimlənməsi məqsədilə bu Qanuna zidd olmayan
əlavə şərtlər müəyyənləşdirə
bilər.
Maddə 16. İnvestisiya fəaliyyətində qiymətqoyma
İnvestisiya
fəaliyyəti prosesində məhsulların, işlərin
və xidmətlərin dəyəri sərbəst qiymət
və tariflərlə, o cümlədən
müsabiqələrin nəticələrinə əsasən,
qanunvericilik aktları ilə nəzərdə tutulmuş
hallarda isə dövlət tərəfindən
tənzimlənən qiymət və tariflərlə
müəyyənləşdirilir. [14]
Tikintidə müqavilə qiymətləri
tövsiyə edilən dövlət smeta normalarından və
qiymətlərindən istifadə etməklə də
müəyyənləşdirilə
bilər.
IV fəsil
İNVESTİSİYA
FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN HÜQUQLARININ
TƏMİNATI VƏ İNVESTİSİYANIN QORUNMASI
Maddə 17. İnvestisiya
fəaliyyəti subyektlərinin hüquqlarının
təminatı
Dövlət
investisiya fəaliyyətinin həyata keçirilməsi
şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının
və qanuni mənafelərinin qorunmasına təminat verir.
İnvestisiya
fəaliyyətinin subyektləri arasında bağlanmış
müqavilənin şərtləri bu müqavilənin
bütün müddəti ərzində və hətta o
bağlandıqdan sonra qanunvericiliklə subyektlərin
vəziyyətini pisləşdirən və ya
hüquqlarını məhdudlaşdıran şərtlər
müəyyən edildikdə belə, əgər onlar
müqavilə şərtlərinin dəyişdirilməsi barədə
razılığa gəlməyiblərsə, qüvvəsini
saxlayır.
Dövlət
orqanları və onların vəzifəli şəxsləri
qanunvericiliklə yol verilən və onların səlahiyyətinə
daxil olan hallardan başqa, investisiya fəaliyyəti
subyektlərinin işinə qarışa bilməzlər.
Bu Qanunla
müəyyənləşdirilən hallardan başqa,
investisiya qoyulan obyektlərin seçilməsində
investorların hüquqları məhdudlaşdırıla
bilməz.
Dövlət orqanları
və başqa orqanlar investorların və investisiya
fəaliyyətinin digər subyektlərinin
hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya
fəaliyyəti subyektlərinə dəyən zərəri
bu orqanlar tam həcmdə ödəməlidirlər.
Zərərin ödənilməsi barədə
mübahisələrə aidiyyəti üzrə
məhkəmə baxır. [15]
Maddə 18. İnvestisiyanın qorunması
1. Dövlət
mülkiyyət formasından asılı olmayaraq bütün
investisiyaların, o cümlədən xarici investisiyanın
qorunmasına təminat verir.
İnvestisiyanın
qorunması Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi, habelə başqa dövlətlərlə
bağladığı müqavilələrlə təmin
edilir. İnvestorlar, o cümlədən xarici investorlar
investisiyasını idarə, istifadə və ona xitam
verməyə maneçilik törədə bilən
ayrı-seçkilik xarakterli tədbirləri istisna edən,
habelə qoyulmuş sərvətlərin və
investisiyanın nəticələrinin respublikadan
aparılması şərtləri və qaydasını
müəyyənləşdirən bərabər hüquqi
rejimlə təmin olunurlar.
2. Azərbaycan
Respublikasının sonrakı qanunvericiliyi investisiya
qoyuluşu şəraitini pisləşdirdikdə investisiya
fəaliyyətinə dair bağlanmış
müqavilədə nəzərdə tutulan
müddətdə investisiyanın qoyulduğu zaman
qüvvədə olmuş qanunvericilik tətbiq edilir.
3. Azərbaycan
Respublikası ərazisində investisiya əvəzsiz
milliləşdirilmir, rekvizisiya edilmir və onlara
nəticələrinə görə dikər oxşar
tədbirlər tətbiq olunmur. Belə tədbirlər
investorlara vurulmuş zərərin, o cümlədən
itirdikləri faydanın əvəzi tam həcmdə real
dəyər üzrə ödənilməklə yalnız
Azərbaycan Respublikasının qanunvericilik aktları
əsasında həyata keçirilə bilər.
Zərərin ödənilməsi qaydası həmin
qanunvericiliklə müəyyənləşdirilir.
İnvestorların
qoyduğu və ya əldə etdiyi məqsədli bank
əmanətləri, səhmlər və digər qiymətli
kağızlar, əldə edilmiş əmlak və ya
icarə hüquqları üçün
ödənişlərin əvəzi Azərbaycan
Respublikasının qanunvericilik aktlarına uyğun olaraq
alındıqda, investorların öz hərəkətləri
və ya onların iştirakı ilə edilmiş
hərəkətlər nəticəsində istifadə olunan
və ya itirilən məbləğlər istisna
edilməklə investorlara qaytarılır.
4. İnvestisiyalar
sığortalana bilər, qanunvericiliklə nəzərdə
tutulan hallarda isə hökmən
sığortalanmalıdır.
Maddə 19. İnvestisiya fəaliyyəti subyektlərinin
məsuliyyəti
1. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş tələblərə və ya investisiya
fəaliyyətinin subyektləri arasında bağlanmış
müqavilə (kontrakt) öhdəliklərinə əməl
olunmadıqda tərəflər həmin aktlarla
müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyırlar.
2.
Dövlət orqanları investisiya
fəaliyyətinin həyata keçirilməsinə dair
öhdəliklərini və ya qanuni əsaslar üzrə
onlara həvalə edilmiş vəzifələri yerinə
yetirmədikdə, yaxud lazımınca yerinə
yetirmədikdə investisiya fəaliyyətinin digər
subyektləri qarşısında həmin
öhdəliklərə görə əmlak məsuliyyəti
daşıyırlar.
3. Qanunvericiliyin
tələblərinin və müqavilə
öhdəliklərinin pozulmasına görə
cərimənin və dəbbə pulunun, habelə
dəymiş zərərin ödənilməsi təqsirkar
tərəfi, qanunvericiliklə və müqavilə ilə
digər hal nəzərdə tutulmayıbsa,
tələblərin və öhdəliklərin tam yerinə
yetirilməsindən azad etmir.
4. İnvestisiya
fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan
mübahisələrə müvafiq olaraq məhkəmə
və ya münsiflər məhkəməsi baxır. [16]
Maddə 20. İnvestisiya fəaliyyətinin dayandırılması
və ya ona xitam verilməsi şərtləri
1. İnvestisiya
fəaliyyətinin dayandırılmasına və ya ona xitam
verilməsinə aşağıdakıların qərarı
ilə yol verilir:
investorların
özünün (bu zaman investorlar investisiya fəaliyyətinin
digər iştirakçılarına dəymiş
zərəri ödəyirlər); səlahiyyətli
dövlət orqanının.
2. İnvestisiya
fəaliyyətinin dayandırılması və ya ona xitam
verilməsi barədə səlahiyyətli dövlət
orqanının qərarı aşağıdakı hallarda
qəbul edilə bilər:
onun davam etdirilməsi
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
müəyyənləşdirilmiş ekoloji, seysmoloji,
sanitariya-gigiyena, arxitektura və başqa normaları, vətəndaşların
və hüquqi şəxslərin, dövlətin qanunla
qorunan hüquq və mənafelərini pozduqda;
investor qanunla
müəyyənləşdirilmiş qaydada müflis elan
edildikdə;
qəza və
təbii fəlakət baş verdikdə;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş digər hallarda. [17]
Belə hallarda
investisiya fəaliyyətinin subyektlərinə zərərin
ödənilməsi qaydası Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilir.
Maddə 21. Beynəlxalq müqavilələr
Azərbaycan
Respublikasının beynəlxalq müqaviləsində
investisiya fəaliyyəti haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydalardan fərqli qaydalar müəyyən
olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq
edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 13 yanvar 1995-ci il.
¹ 952.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23
mart 2001-ci il tarixli 103-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə
360)
2.
5
oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683)
3.
23
noyabr 2002-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
4.
23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241)
5.
30
aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 1)
6.
6
dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
709)
7.
9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202)
8.
9
oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938)
9.
28 dekabr 2018-ci il tarixli 1410-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 27)
10.
3
may 2019-cu il
tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 6, maddə 993)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 mart 2001-ci il
tarixli 103-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə
360) ilə 3-cü maddənin ikinci hissəsində “pozan obyektlərə investisiya
qoyulması qadağandır” sözləri “eləcə də insanların
sağlamlığını, dövlət təhlükəsizliyini
pozan, yaxud poza biləcək obyektlərə investisiya
qoyulması qadağandır” sözləri ilə
əvəz edilmişdir.
[2] 28 dekabr 2018-ci il tarixli 1410-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 27) ilə 5-ci maddəsinə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.
[3] 6 dekabr 2002-ci il tarixli 399-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 709) ilə
6-cı maddəsinin ikinci hissəsindən "(tender)" sözü
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
2. İnvestor müstəqil surətdə investisiya
qoyuluşunun məqsədini, istiqamətini, növünü
və həcmini müəyyənləşdirir, onun həyata
keçirilməsi üçün müqavilə
əsasında, o cümlədən müsabiqə
(tender)və hərrac yolu ilə fiziki və hüquqi şəxsləri
investisiya fəaliyyətinin hər hansı
iştirakçısı qismində cəlb edir.
[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241) 6-cı maddənin 3-cü bəndinin ikinci abzasında
"sahiblikdə, əməli
idarəetmədə" sözləri "digər əşya
hüquqları əsasında" sözləri ilə
əvəz edilmişdir.
[5] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə )
6-cı maddənin 5-ci bəndinin ikinci abzası yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının qanunları ilə
başqa hallar nəzərdə tutulmayıbsa investor
öhdəliklərinə real təminat vermək
məqsədi ilə girov qoymaq üçün yalnız
özünə məxsus və ya özünün tam
təsərrüfat səlahiyyətində olan əmlakdan
istifadə edə bilər.
[6] 3
may 2019-cu il
tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 6, maddə 993) ilə 7-ci maddəsinin birinci
hissəsinin yeddinci abzasında “mühasibat”
sözü “maliyyə”
sözü ilə əvəz edilmişdir.
[7] 9 oktyabr 2007-ci il tarixli
429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 7-ci maddəsinin 2-ci bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Müvafiq attestasiya tələb edən xüsusi
növ işlərin yerinə yetirilməsi üçün
investisiya fəaliyyətinin iştirakçıları
lisenziya almalıdırlar. Belə işlərin
siyahısını Azərbaycan Respublikasının Ali Soveti,
onlara lisenziya verilməsinin qaydasını isə Azərbaycan
Respublikasının Nazirlər Kabineti
müəyyənləşdirir.
[8] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 10-cu
maddənin birinci
hissəsində "respublika
və yerli büdcələr" sözləri "dövlət büdcəsi"
sözləri ilə
əvəz edilmişdir.
[9] 23 noyabr 2002-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə 11-ci
maddənin 3-cü bəndinin ikinci abzası
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
vergitutma subyektlərinin və obyektlərinin, vergi
dərəcələrinin və güzəştlərinin
fərqləndirildiyi vergi sisteminin tətbiqi;
[10] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə
1) ilə 12-ci maddənin 2-ci bəndində "əlaqədar dövlət
orqanlarının və ictimai təşkilatların
iştirakı ilə" sözləri "müvafiq icra hakimiyyəti
orqanında" sözləri ilə, "Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin
tərkibində Azərbaycan Respublikası Ali Soveti"
sözləri "müvafiq
icra hakimiyyəti orqanı" sözləri ilə, 12-ci
maddənin 3-cü bəndində "müvafiq mərkəzi və yerli dövlət idarəetmə
orqanlarının" sözləri "müvafiq icra hakimiyyəti orqanının"
sözləri ilə ilə əvəz edilmişdir.
[11] 30 aprel 2002-ci il tarixli 317-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 1) ilə
14-cü maddənin 1-ci bəndində "müəyyənləşdirdiyi qaydada"
sözlərindən sonra "müvafiq
icra hakimiyyəti orqanında" sözləri
əlavə edilmişdir.
[12] 30 aprel 2002-ci il tarixli 317-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 1) ilə
14-cü maddənin 2-ci bəndi
çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Zərurət olduqda,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
yaratdığı ekspert komissiyası ayrı-ayrı investisiya
layihələrini və proqramlarını ekspertizadan
keçirə bilər.
[13] 9 mart 2004-cü il tarixli 603-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə 15-ci maddənin ikinci hissəsindən
"yerli büdcədən istifadə
etmək"
sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
İnvestisiya məqsədləri üçün
yerli büdcədən istifadə etmək, sosial infrastruktur
obyektləri tikdirmək, tikinti üçün torpaq
sahəsi ayırmaq, torpaqdan istifadə şərtlərinin,
sosial sahə və təbiəti mühafizə
təyinatlı obyektlərin tikintisi həcminin və
müddətlərinin, habelə tikinti norma və qaydalarının
pozulduğu halda tikintinin dayandırılması haqqında
səlahiyyətli dövlət orqanları
qarşısında məsələ qaldırmaq yerli
dövlət hakimiyyət və idarəetmə
orqanlarının müstəsna səlahiyyətinə aiddir
[14] 6 dekabr 2002-ci il
tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
709) ilə 16-cı maddəsinin birinci hissəsindən
"(tenderin)" sözü
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
İnvestisiya fəaliyyəti prosesində
məhsulların, işlərin və xidmətlərin
dəyəri sərbəst qiymət və tariflərlə, o
cümlədən müsabiqələrin (tenderin)
nəticələrinə əsasən, qanunvericilik aktları
ilə nəzərdə tutulmuş hallarda isə
dövlət tərəfindən tənzimlənən
qiymət və tariflərlə
müəyyənləşdirilir.
[15] 5 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683) ilə 17-ci maddənin beşinci hissəsindən “və ya arbitraj məhkəməsi” sözləri
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Zərərin
ödənilməsi barədə mübahisələrə
aidiyyəti üzrə məhkəmə və ya arbitraj məhkəməsi
baxır
[16] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 683) ilə 19-cu
maddənin dördüncü bəndindən “arbitraj məhkəməsi”
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
İnvestisiya
fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan
mübahisələrə müvafiq olaraq məhkəmə,
arbitraj məhkəməsi və ya münsiflər
məhkəməsi baxır.
[17] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 20-ci
maddənin 2-ci bəndinə beşinci abzas əlavə
edilmişdir.