1990-cı
il yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
MƏCLİSİNİN QƏRARI
1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Bakı
şəhərinə və Azərbaycanın bir neçə
rayonuna keçmiş Sovet İttifaqının qoşun
hissələri fövqəladə vəziyyət elan
edilmədən yeridilmiş, dinc əhaliyə divan
tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş,
yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi
təyinatlı dəstələrin və daxili
qoşunların iri kontingentinin Bakını zəbt etməsi
xüsusi qəddarlıq və misli görünməmiş
vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək
hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə
yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə
yanvarın 20-də və sonrakı günlərdə Bakı
şəhərində 21 nəfər öldürülmüşdür.
Fövqəladə vəziyyətin elan olunmadığı
rayonlarda yanvarın 25-də Neftçalada və yanvarın 26-da
Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə,
qoşunların qanunsuz yeridilməsi nəticəsində
Bakıda və respublika rayonlarında 131 nəfər
öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər
qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular
tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o
cümlədən təcili yardım maşınları,
yandırıcı güllələrin törətdiyi yanğın
nəticəsində dövlət əmlakı və şəxsi
əmlak məhv edilmişdir. həlak olanların arasında
qadınlar, uşaqlar və qocalar, həmçinin təcili
yardım işçiləri və milis nəfərləri
olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR
Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan
Respublikasının suveren hüquqları tapdalanmışdır.
Qabaqcadan düşünülüb
hazırlanmış bu təcavüzkarlıq aksiyası
Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda
mübarizəsini boğmaq, xalqı təhqir edərək ona
mənəvi zərbə vurmaq məqsədi
daşımışdır.
20 yanvar
hadisələri ərəfəsində Sovet İttifaqı
Kommunist Partiyasının rəhbərliyinin xalqın,
mənafeyinə zidd olan siyasəti, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə qarşı
Mərkəzin, şəxsən Mixail Qorbaçovun
apardığı qeyri-obyektiv və qərəzlİ xətt
geniş xalq kütlələrinin qəzəbinə səbəb
olmuşdur.
Xalq arasında
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin,
onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti
də kəskin etirazlar doğurmuşdur. Respublikada belə bir
fikir mövcud olmuşdur ki, Azərbaycanın rəhbərliyi
Dağlıq Qarabağ məsələsində
Mərkəzlə sövdələşərək öz xalqına
qarşı gizli xəyanətkar planlar həyata keçirir.
Azərbaycan
rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti
ilə xalqla hakimiyyət arasında keçilməz uçurum
yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay
Bakıda və respublikamızın digər şəhər
və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə
Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu.
Cəmiyyətdə
yaranmış qarşıdurmanın siyasi yollarla
tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi
mövcud imkanlardan istifadə etməmişdir. Hakim
dairələrin müxalifətlə apardığı iş
siyasi oyun və intriqalar istiqamətində qurulmuş və
yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələnin
həllində Azərbaycan rəhbərliyi aciz olmuş,
nəticədə" respublikada kəskin hakimiyyət
böhranı yaranmışdır.
20 yanvara qədər
partiya, dövlət orqanları tərəfindən həyata
keçirilən tədbirlərin, eləcə də Bakıda
gedən ziddiyyətli proseslərin təhlili göstərir ki,
yanvar faciəsi qabaqcadan planlaşdırılmış
hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu
ilin axırından yanvar hadisələrinə kimi respublika
rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz
Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar
buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə
daxili qoşun və Sovet ordusu qüvvələrinin
göndərilməsi tələb olunmuşdur. Bu
səbəbdən Bakıda hərbi qüvvələrin
yerləşdirilməsi və təminatı ilə
əlaqədar müxtəlif hazırlıq işləri
aparılmış, hadisələrə bir neçə gün
qalmış Bakı şəhərinin
xəstəxanaları tələsik boşaldılmış,
külli miqdarda yaralıların yerləşdirilməsi üçün
hazırlıq görülmüş, Sovet ordusu hərbi
qulluqçularının ailə üzvləri təcili surətdə
Bakı şəhərindən köçürülmüşdür.
Beləliklə, hərbi təcavüz və qoşunların
yeridilməsi üçün hər cür şərait
yaradılmışdır.
Qoşunların
Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq
hərəkatını boğmaq məqsədinə xidmət
etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş
iclasında fövqəladə vəziyyətin tətbiq
edilməsi ilə əlaqədar irəli sürülmüş
təkliflər hakimiyyəti itirmək qorxusu ilə
bağlı olmuşdur.
1990-cı il
yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət
heyətinin sədri Elmira Qafarova Moskva şəhərində
ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti
Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay
olmadığı halda, Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman
Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda
Azərbaycanda; fövqəladə vəziyyətin tətbiq
edilməsinə razılıq verilmişdir. Bu bir daha
təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan
planlaşdırılmış cinayət aktıdır.
Hüquqi əsası
olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi,
Silahlı Qüvvələrin şəhərə soxulub heç bir
müqavimətlə üzləşmədən ağır texnika və
məhvedici silahlar vasitəsilə dinc əhaliyə
qəddarcasına divan tutması Azərbaycan xalqına
qarşı cinayət olmuşdur. Bu cəza tədbiri
şüurlu surətdə planlaşdırılmış və
vəhşicəsinə həyata keçirilmişdir.
Əsas məqsəd
Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud
olan rejimin dağılmasına yol verməmək və
istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri
məhv etmək olmuşdur.
Azərbaycan
xalqına qarşı edilmiş bu təcavüz
mərhələ-mərhələ həyata keçirilmişdir:
şəhərdə qarətlərlə
nəticələnən təxribatlar aparılmış,
əhalini tərksilah etmək bəhanəsilə faciə
ərəfəsində hətta milis işçilərindən
silahlar alınmışdır və s.
Yanvarın 19-da
hərbi əməliyyatın növbəti mərhələsi
kimi Azərbaycan televiziyasının enerji bloku
partladılmış, respublika televiziyası və radiosunun
verilişləri tamamilə kəsilmişdir. Faciə baş
verən gündən isə digər kütləvi informasiya
vasitələrinin fəaliyyəti dayandırılmış,
xalq informasiya almaq hüququndan məhrum edilmişdir.
Planlaşdırılmış
bu cinayət əməliyyatını həyata keçirmək üçün
keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər
naziri Vadim Bakatin və başqa yüksək rütbəli
hərbçilər Bakıya gəlmişdilər.
Keçmiş SSRİ Konstitusiyasının 119-cu
maddəsinin 14-cü bəndinin və Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddəsinin tələblərinin
pozulması ilə qəbul edilmiş. Bakı
şəhərində fövqəladə vəziyyətin
tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət
heyətinin fərmanı və bu fərmanın artıq fövqəladə
vəziyyət tətbiq ediləndən və yüzlərlə
insanın qanı axıdılandan sonra elan edilməsi
həmin hərbi-siyasi aksiyanın Sovet İttifaqı Kommunist
Partiyasının və Sovet dövlətinin rəhbərliyi,
şəxsən Mixail Qorbaçov tərəfindən Azərbaycan
xalqına qarşı törədilmiş cinayət və
açıq təcavüz olduğunu təsdiq edir.
Azərbaycan üçün
belə bir faciəli gündə Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman
Vəzirov xalqa qarşı xəyanətkarlıq yolu tutaraq
yanvarın 19 və 20-də öz iş yerində olmaq
əvəzinə yanvarın 19-nu Dövlət Təhlükəsizliyi
Komitəsinin binasında DTK. sədri Vaqif Hüseynovla birlikdə
keçirmişdir. Sonra o, gizli surətdə SSRİ Müdafiə
Nazirliyinin Bakıda yerləşən hərbi
qərargahına getmiş, yanvarın 20-nə keçən
gecə həmin qərargahda Dmitri Yazovla və Vadim Bakatinlə
birlikdə hərbi əməliyyata rəhbərlik
etmişdir. Nəhayət, yanvarın 21-də yalnız öz
şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli
şəkildə hərbi təyyarə ilə Moskvaya
qaçmışdır.
Öz hakimiyyətini
nəyin bahasına olursa-olsun qoruyub saxlamaq məqsədi
güdən keçmiş Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman
Vəzirov bu ağır cinayətin bilavasitə
təşkilatçısı və iştirakçısı
olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin ikinci katibi Viktor Polyaniçko, Azərbaycan SSR
Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan SSR
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynov
tutduğu vəzifə və səlahiyyətlərinə
görə həmin cinayətin birbaşa iştirakçıları
olmuşlar.
Azərbaycan SSR Ali
Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova,
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər
Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet
imperiyasının qoşun hissələrinin Bakı
şəhərinə yeridilməsi ilə əlaqədar heç
bir konkret tədbir görmədiklərinə və vətəndaşların
təhlükəsizliyini təmin etmədiklərinə görə
yüksək vəzifəli şəxslər kimi öz üzərinə
düşən məsuliyyətin öhdəsindən
gəlməmişlər.
Azərbaycan SSR
kommunist rəhbərliyinin xəyanətkar siyasəti
nəticəsində törədilmiş ağır cinayət
azadlıqsevər Azərbaycan xalqının iradəsini
qıra bilməmiş, onu daha da
qəzəbləndirmişdir. Xalqın Sov. İKP-yə
və mövcud rejimə qarşı nifrəti son həddə
çatmış, Sov. İKP üzvləri kütləvi
şəkildə partiya biletlərini ataraq onun
sıralarını tərk etmişlər.
Azərbaycan
xalqını dəhşət və müsibətə düçar
etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş,
mütərəqqi qüvvələrin qəzəb və
hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin
radiostansiyaları da yanvar faciəsi haqqında
hərtərəfli informasiya verir və imperiya
qüvvələrini lənətləyirdi.
Sivilizasiyalı
dövlətlərin təcrübəsindən fərqli olaraq
Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya
getməmiş, hətta belə bir məqamda susmağı
daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi
faciəli günlərdə o bu faciəyə rəsmi
bəyanatla münasibətini bildirməmiş, xalqın
qəzəbindən qorxaraq şəhidlərin dəfn
mərasimində iştirak etməmiş, yas içində olan
xalqına başsağlığı belə
verməmişdir. Bu cür şəraitdə Elmira Qafarovanın
bəyanatı xalqda ümid və inam oyatmışdı. Lakin
Mərkəzin siyasi xəttini həyata keçirən Azərbaycan
rəhbərliyi sonrakı fəaliyyətində bu
bəyanatı müdafiə etməmişdir.
Xalqın
tələbi və bir qrup deputatın təşəbbüsü
ilə 1990-cı il yanvarın 22-də çağırılan
Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında
respublikanın əksər siyasi və dövlət
rəhbərləri iştirak etməmişlər.
Azərbaycanın həyatında baş vermiş dəhşətli
yanvar faciəsi ilə bağlı sessiyaya respublika
rəhbərlərinin gəlməmələri onların
xalqın taleyinə biganə qaldıqlarını,
törədilmiş cinayətdə bu və ya digər
dərəcədə iştirak etdiklərini
göstərmişdir.
Buna baxmayaraq, sessiya
yanvar hadisələrinə qiymət verməyə cəhd
göstərmiş, bir sıra sənədlər qəbul
etmişdir. Həmin sessiya. SSRİ Ali Sovetinə, müttəfiq
respublikaların Ali Sovetlərinə, dünyanın bütün
ölkələrinin parlamentlərinə, Birləşmiş
Millətlər Təşkilatına, eləcə də
Azərbaycan SSR-də yaşayan bütün millət və xalqlara
müraciətlər qəbul etmişdir. Elə bu iclasda da
hadisələrə hüquqi qiymət verilməsi
məsələsi qaldırılmış və Deputat
istintaq komissiyası yaradılmışdır.
Belə bir ekstremal
vəziyyətdə keçirilmiş sessiyanın qəbul etdiyi
qərarlar Azərbaycanın siyasi rəhbərliyi
tərəfindən yerinə yetirilməmiş, sessiyanın
qərarına zidd olaraq fövqəladə vəziyyət Bakı
şəhərində dərhal ləğv
edilməmişdir. Ali Sovetin materiallarından bəlli olur ki,
Mərkəz Bakıda fövqəladə vəziyyətin
tətbiqindən cəmi ay yarım sonra onun ləğv
edilməsinə razı olmuşdur. Respublika rəhbərliyi
isə fövqəladə vəziyyətin ləğvinin guya ki,
cəmiyyətdə qarşıdurmaya səbəb
olacağından qorxaraq onu ləğv etməkdən imtina
etmişdir.
1991-ci il fevralın
9-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin sessiyasında onun
Rəyasət heyətinin sədri Elmira Qafarova deputatların
tələblərinə cavab olaraq demişdir: ...bu qərar
martın 5-də ittifaq sessiyasında müzakirə olunduqda biz Qorbaçov
yoldaşla görüşdük. Bu məsələni onun
qarşısında qaldırdım. O, bizə cavab verdi ki,
sabahdan mən fövqəladə vəziyyəti Bakıdan
götürürəm. Mən dedim ki, bizə vaxt verin. Ayaz Niyazoviçə
zəng çaldım, sonra da Bakıya qayıtdıqda bu
məsələni müzakirə etdik. Elə bilirəm ki, biz
fövqəladə vəziyyəti Bakıdan götürə
bilməzdik. Çünki vətəndaş müharibəsi baş
verə bilərdi.
Fövqəladə
vəziyyət yalnız 1991-ci il avqustun 30-da Ayaz Mütəllibovun
prezident seçkiləri ərəfəsində ləğv
olunmuşdur. Beləliklə, hakimiyyəti qan bahasına
əlində saxlayan iqtidar yalnız fövqəladə
vəziyyət mexanizmi vasitəsilə respublikanı idarə
edə biləcəyini başa düşərək, onu son anlara
qədər saxlamağa cəhd göstərmişdir.
SSRİ Ali Sovetinin
1990-cı il mart ayında keçirilən üçüncü sessiyası
Bakıdakı yanvar hadisələrinə siyasi qiymət
vermək əvəzinə çox müəmmalı bir qərar
qəbul etmişdir: Azərbaycan SSR-də və Ermənistan SSR-də
vəziyyət və həmin regionda şəraiti
normallaşdırmaq tədbirləri haqqında. SSRİ Ali
Soveti həmin qərarla Azərbaycan SSR Ali Sovetinin Deputat
istintaq komissiyasının gəldiyi nəticələri
nəzərə alaraq 20 yanvarda törədilmiş
cinayətlərin təhqiqi və istintaqı haqqında
SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinə və SSRİ Daxili İşlər
Nazirliyinə göstəriş vermişdir. Artıq 1990-cı il
dekabrın 20-də SSRİ Baş hərbi prokurorluğu
hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə
bağlı əməllərində cinayət tərkibi
görməyərək işə xitam vermişdir.
Beləliklə, SSRİ Ali Soveti əslində 20 yanvar
faciəsinə siyasi və hüquqi qiymət verməkdən
imtina etmişdir.
Azərbaycan
xalqının 20 yanvar faciəsi ilə əlaqədar
Mərkəzin bu ikiüzlü mövqeyinə və ədalətsiz
qərarına Azərbaycanın siyasi rəhbərliyi öz
münasibətini bildirməmişdir. Digər tərəfdən,
respublika Ali Soveti ali hakimiyyət orqanı olsa da,
əslində mövcud olan təcrübəyə görə o, respublika
Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişlərinin
dinməz icraçısı idi. Ona görə də özünün 1990-cı
il yanvarın 22-dən sonra olan fəaliyyətində o bu
ağır cinayətin mahiyyətinin açılması üçün müstəqil
qəti addım atmamışdır.
1990-cı il
yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati
məsələyə həsr olunmuş Plenumu keçirilmişdir.
Plenumda iştirakçıların təzyiqi altında
gündəliyə respublikada siyasi vəziyyətlə
əlaqədar məsələ salınmış, Bakı
şəhərində 1990-cı il yanvarın 1920-də
fövqəladə vəziyyətin tətbiqinin
səbəblərini təhqiq etmək üçün Əfrand
Daşdəmirovun sədrliyi ilə komissiya
yaradılmışdır. Həmin komissiyaya fövqəladə
vəziyyətin tətbiqi ilə bağlı bütün kompleks
məsələləri öyrənmək və növbəti Plenuma
təqdim etmək tapşırığı verilmişdir.
Yaranmış
vəziyyətlə əlaqədar məsələnin plenumun
gündəliyinə salınmasına baxmayaraq, respublika
kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət
verməmiş, ümumiyyətlə, heç bir bəyanatla
çıxış etməmişdir. Mərkəzi Komitənin
faciəyə bu cür münasibəti sonralar yeritdiyi siyasətdə
də öz əksini tapmışdır.
Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1990-cı il martın
31-də keçirilmiş Plenumunda Əfrand Daşdəmirovun
sədr olduğu komissiyanın işi haqqında məlumat
dinlənilmiş və işin davam etdirilməsi barədə
qərar qəbul edilmişdir. Sonra isə heç bir müvafiq
qərar olmadan komissiya öz işini dayandırmışdır.
Nəticədə Mərkəzi Komitə qanlı yanvar
hadisələrinin siyasi və hüquqi qiymətini verməkdən
tamamilə boyun qaçırmışdır;
Mərkəzi
Komitənin komissiyasının ilkin məlumatında
göstərilir ki, fövqəladə vəziyyət haqqında
qərarın qəbul edilməsində Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi
Əbdürrəhman Vəzirovun rolunu
müəyyənləşdirmək mümkün olmamışdır.
1990-cı il yanvarın 22-də Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin ilk partiya
təşkilatı Əbdürrəhman Vəzirovu Sov.İKP
sıralarından kənarlaşdırmış və
Azərbaycan xalqına qarşı etdiyi cinayətlərə
görə onun qanun qarşısında məsuliyyəti
məsələsini qaldırmışdır. Lakin
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
Plenumu prinsipsizlik göstərərək ilk partiya
təşkilatının qərarına etinasız
yanaşmış, Əbdürrəhman Vəzirova yalnız
şiddətli töhmət verməklə və onu Mərkəzi
Komitənin tərkibindən xaric etməklə kifayətlənmişdir.
hadisələrə
heç bir siyasi qiymət verməyən Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi, onun bürosu və
yeni birinci katib seçilməklə Azərbaycanın bu
ağır dövründə respublikada siyasi rəhbərliyi öz
üzərinə götürmüş Ayaz Mütəllibov cinayətin
mahiyyətini və səbəbkarlarını
pərdələmək xəttini müntəzəm və
ardıcıl surətdə həyata keçirmişlər.
20 yanvar faciəsinin
iştirakçılarından biri olmuş Ayaz Mütəllibov
xalqına qarşı növbəti xəyanət edərək,
1991-ci il martın 9-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin
sessiyasına təzyiq göstərmiş, SSRİ-nin saxlanması
ilə əlaqədar ümumittifaq referendumunda Azərbaycan SSR-in iştirak
etməsi haqqında qərarın qəbul edilməsinə
nail olmuş, nəticədə Azərbaycan xalqını ona
qarşı ən ağır cinayət törətmiş sovet
imperiyasının tərkibində qalmağa sövq etmişdir.
Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Ayaz Mütəllibovun
bu siyasi xətti Deputat istintaq komissiyasının
fəaliyyətinə də təsir göstərmişdir.
1990-cı il
fevralın M-də Deputat istintaq komissiyası özünün ilk
bəyanatını vermişdir. LakiN bu bəyanat Azərbaycan
SSR Ali Sovetinin həmin il yanvarın 22-də keçirilmiş
fövqəladə sessiyasında qəbul etdiyi qərarların
çərçivəsindən kənara çıxmamışdır. O
zaman Azərbaycanda yaranmış faciəli vəziyyət
Deputat istintaq komissiyasında qısa bir müddətdə 20 yanvar
faciəsinə siyasi qiymət verilməsini, cinayətin
təşkilatçılarının və
iştirakçılarının aşkar edilməsini və
bunların Ali Sovetin müzakirəsinə verilməsini
tələb edirdi. Bunu etmək üçün bütün imkanlar var idi.
Törədilmiş
cinayət və onun nəticələri köz qabağında
idi, cinayətin təşkilatçılarının Sovet
İttifaqı və Azərbaycan SSR siyasi rəhbərliyinin
olduğu artıq ictimaiyyətə məlum idi. Amma Deputat
istintaq komissiyası süründürməçiliyə yol verərək, öz
rəyini yalnız faciədən iki il sonra, yəni Sovet
İttifaqı Kommunist Partiyası ləğv olunduqdan, Sovet
dövləti süqut etdikdən sonra Ali Sovetin Milli Şurasına
təqdim etmişdir. Komissiyanın rəyi törədilmiş
cinayətin ciddiliyinə baxmayaraq səthi səciyyə
daşımış, mahiyyət etibarilə məlum olan ümumi
xarakterli fikir və ifadələrdən ibarət olmuşdur.
Həmin sənəddə faciənin qiyməti onun
əhəmiyyətinə uyğun səviyyədə
verilməmiş, artıq mövcud olmayan Sovet dövləti və
hökuməti rəhbərliyinin təqsirkar olduğu
göstərildiyi halda, Azərbaycan rəhbərliyinin
məsuliyyətinin üstündən keçməyə cəhd
edilmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, belə
nəticələrə gəlmək üçün heç də iki il vaxt
gərək deyildi.
Deputat istintaq
komissiyasının işində və rəyində olan bu
nöqsanlara baxmayaraq təqdim edilmiş rəydə əks
olunmuş faktik material və bəzi nəticələr 20
yanvar faciəsinə dolğun və siyasi qiymət vermək
üçün Milli Şuraya imkan yaradırdı. Lakin Milli Şura 20
yanvar hadisələrinə qiymət vermək
əvəzinə 1992-ci il yanvarın 19-da qəbul etdiyi
qərarı ilə Deputat istintaq komissiyasının rəyini
qənaətbəxş hesab edib onu təsdiq etməklə
kifayətlənmişdir.
Beləliklə, 20
yanvar faciəsi Azərbaycan Respublikasının ali
qanunvericilik orqanının qərarında öz siyasi-hüquqi
qiymətini tapmamışdır.
Qeyd etmək
lazımdır ki, respublikada kommunist rejimi mövcud olduğu zaman
20 yanvar faciəsinə siyasi qiymət verilməsini
dəfələrlə tələb edən Azərbaycan Xalq
Cəbhəsi hakimiyyətdə olduğu bir ildən çox
müddətdə (Azərbaycan Respublikasının sabiq Prezidenti
Əbülfəz Elçibəy, Azərbaycan Respublikası Ali Sovetinin
sabiq sədri İsa Qəmbərov) faciəyə siyasi
qiymət vermək üçün öz imkanlarından istifadə
etməmişdir.
Beləliklə,
Azərbaycan SSR Ali Soveti fövqəladə sessiyasının
1990-cı il 22 yanvar tarixli qərarı istisna olmaqla Qanlı
yanvar Hadisələrinin qiyməti dövlət
səviyyəsində qəbul edilən heç bir qərar,
bəyanat və digər rəsmi sənədlərdə öz
əksini tapmamışdır.
Deputat istintaq
komissiyasının topLadığı faktik materiallar
respublikanın hüquq-mühafizə orqanlarına bu cinayətin-istintaqı
üçün şərait yaratsa da, onlar konkret əməli işlər
görməmişlər.
hadisələrdən
ötən dörd il ərzində keçmiş SSRİ-nin və
Azərbaycanın rəhbərliyi tərəfindən xalqa
qarşı törədilmiş ən ağır cinayət açılmamış
qalmışdır.
1990-cı il
yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələrə indiyə qədər tam siyasi-hüquqi
qiymət verilməməsi Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 20 yanvar faciəsinin dördüncü
ildönümünün keçirilməsi haqqında 1994-cü il 5 yanvar tarixli
Fərmanında göstərilmiş və bununla əlaqədar
Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə
olunmuşdur.
Azərbaycan
Respublikasının Milli Məclisində bu
məsələyə baxılarkən yaradılmış
redaksiya komissiyası tərəfindən Ali Sovetdə,
Prezident Aparatında, Azərbaycan Respublikasının Prokurorluğunda,
Milli Təhlükəsizlik Nazirliyində, Daxili İşlər
Nazirliyində, Baş Arxiv İdarəsində olan materiallar
və Deputat istintaq komissiyasının rəyi nəzərdən
keçirilmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisi 20 yanvar
hadisələrinə siyasi-hüquqi qiymət verilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsini
qəbul edərək və məsələnin müzakirəsi
zamanı söylənmiş fikir və mülahizələri, habelə
əldə edilmiş faktları nəzərə alaraq qərara
alır:
1.
Azərbaycanda
vüsət tapmış milli azadlıq hərəkatını
boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı
ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq,
milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan
hər hansı xalqa sovet hərb maşınının gücünü
nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın
20-də Sovet Silahlı Qüvvələrinin Bakı
şəhərinə və respublikanın bir neçə rayonuna
yeridilməsi, nəticədə haqq və ədalətin
müdafiəsi naminə küçələrə çıxmış
silahsız adamların qəddarcasına qətlə
yetirilməsi Azərbaycan xalqına qarşı totalitar
kommunist rejimi tərəfindən hərbi təcavüz və
cinayət kimi qiymətləndirilsin.
2.
İşğalçılıq siyasəti ilə
Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq
hərəkatını boğmaq üçün bədnam kommunist
ideologiyası libasında köhnə imperiya iddialarını
həyata keçirmək məqsədilə 20 yanvar faciəsini
təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası,
Sovet dövləti və hökuməti rəhbərliyinin,
şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına
qarşı ağır cinayət törətdiyi qeyd olunsun.
3.
Xalqa qarşı törədilən hərbi
təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan
Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür.
Xalqın azadlıq hərəkatını boğmaq
məqsədilə Sovet qoşunlarının Azərbaycana
çağırılmasına və xalqa qarşı
yönəldilməsinə razılıq verən,
vətəndaşların əmin-amanlığını
təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz
xalqının qanının axıdılmasına yol verən
Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa
təşkilatçısı və iştirakçısı
olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu
cinayətdə bilavasitə iştirak etdikləri, bununla da,
Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun.
4.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin
sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası
Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm
Məmmədovun sovet imperiyasının qoşun
hissələrinin Bakı şəhərinə yeridilməsi
ilə əlaqədar heç bir konkret tədbir
görmədiklərinə və vətəndaşların
təhlükəsizliyini təmin etmədiklərinə görə
yüksək vəzifəli şəxslər kimi siyasi
məsuliyyət daşıdıqları qeyd edilsin.
5. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsi Plenumunun qərarı
ilə yaradılmış komissiyanın (sədrƏfrand
Daşdəmirov) yanvar faciəsinin mahiyyətini və əsl
səbəbkarlarını xalqdan gizlətmək və
cinayəti ört-basdır etmək məqsədi
daşıdığı qeyd olunsun.
6. Qeyd edilsin ki,
Azərbaycan Respublikası Ali Sovetinin Deputat istintaq
komissiyası (sədr Midhət Abasov, sədr müavini Tamerlan
Qarayev) 20 yanvar faciəsinin təhqiqi üçün müəyyən iş
aparmış, lakin süründürməçiliyə yol verərək
siyasi konyuktura naminə bəzi şəxslərin
təqsirinin üstündən keçməklə, respublikanın
rəhbərliyinə yarınmaq məqsədi güdmüşdür.
Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə
bağlı Komissiyanın çıxardığı
nəticələr kifayətləndirici hesab edilməsin.
7. Qeyd olunsun ki, Ali
Sovetin Milli Şurası və sonralar Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan xalqının
həyatında baş vermiş 20 yanvar faciəsinə öz
münasibətini bildirməmiş və yalnız Deputat istintaq
komissiyasının işinin yekunlarını
qənaətbəxş hesab etməklə
kifayətlənmişdir.
8. 1990-cı il 20
yanvar hadisələrindən ötən dörd il ərzində
respublika hüquq mühafizə orqanlarının keçmiş
rəhbərlərinin bu cinayətin istintaqı ilə
bağlı fəaliyyəti yarıtmaz hesab edilsin. Qeyd edilsin
ki, Bakı şəhərində, eləcə də
Azərbaycanın bir neçə rayonunda yüzlərlə insanın
həlak olması və yaralanması ilə
nəticələnmiş Qanlı yanvarın əsl
təqsirkarlarının üzə çıxarılmasına və
son dörd il ərzində bu faciənin mahiyyətinin
açılmasına maneçilik edən şəxslərin
müqəssirlik dərəcəsinin
müəyyənləşdirilməsində hüquq mühafizə
orqanlarının fəaliyyəti
qeyri-qənaətbəxş olmuşdur.
Azərbaycan
Respublikasının Baş prokuroruna tapşırılsın
ki, bu işin qısa müddətdə başa
çatdırılmasını və təqsirli
şəxslərin qanunla nəzərdə tutulmuş qaydada
məsuliyyətə cəlb olunmasını təmin etsin.
9. Yanvar faciəsinin
Azərbaycan xalqının tarixində böyük siyasi
əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,
habelə Azərbaycanın azadlığı uğrunda
şəhid olanların xatirəsini
əbədiləşdirmək məqsədilə Bakı
şəhərində xatirə kompleksi yaradılsın.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
Bakı şəhəri, 29 mart 1994-cü il.
№ 795.