Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası
haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası
haqqında əlavə olunan Əsasnamə təsdiq edilsin.
Azərbaycan
Respublikasının Prezidenti
Əbülfəz
ELÇİBƏY.
Bakı şəhəri, 31 iyul 1992-ci il.
¹ 94.
|
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası
haqqında
Ə S A S N A M Ə
Bu Əsasnamə Azərbaycan
Respublikası vətəndaşlarının alternativ
xidmət (əmək mükəlləfiyyəti)
keçməsi qaydasını müəyyən edir.
I bölmə
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1.
Alternativ xidmət (əmək
mükəlləfiyyəti) dövlət xidməti olub
Azərbaycan Respublikası vətəndaşlarının
Azərbaycan dövləti qarşısında vəzifələrini
icra etməsi məqsədini güdür.
Maddə 2.
“Azərbaycan Respublikasının
Silahlı Qüvvələri haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq öz
əqidəsinə görə hərbi xidmət keçə
bilməyən Azərbaycan Respublikasının kişi
cinsindən olan 18 yaşından 25 yaşınadək
vətəndaşları alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçirlər.
Bu əsasnamədə Azərbaycan
Respublikası vətəndaşının hərbi xidmət
keçməyə imkan verməyən əqidəsi
dedikdə ruhani vəzifə tutan din xadimlərinin və dini
tədris məktəbləri şagirdlərinin etiqad
etdikləri dini əqidə başa düşülür.
Maddə 3. Aşağıdakı
vətəndaşlar alternativ xidmətə (əmək
mükəlləfiyyətinə)
çağırılmır:
a) “Azərbaycan Respublikasının
Silahlı Qüvvələri haqqında” Azərbaycan
Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq
alternativ xidmətə çağırışdan azad
edilmiş vətəndaşlar.
b) “Azərbaycan Respublikasının
Silahlı Qüvvələri haqqında” Azərbaycan
Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq
alternativ xidmətə çağırışdan möhlət
alan vətəndaşlar.
Maddə 4. Vətəndaşlar əlavə olunan
iş və ixtisas növlərinin siyahısına müvafiq
olaraq alternativ xidməti (əmək
mükəlləfiyyətini) keçirlər.
Alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçən şəxslər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı ilə qəzaların və təbii fəlakətlərin
nəticələrini aradan qaldırmağa
göndərilə bilərlər.
Alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçmiş şəxslər
qəzaların və ya təbii fəlakətlərin
nəticələrini aradan qaldırmaq üçün
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
3 aylıq müddətə təkrarən alternativ
xidmətə çağırala bilərlər.
Maddə 5.
Azərbaycan Respublikasının
vətəndaşları alternativ xidməti (əmək
mükəlləfiyyətini) dinc dövrdə
keçirlər.
Maddə 6. Alternativ xidmətin (əmək
mükəlləfiyyətinin) müddəti 2 ildir.
II bölmə
ALTERNATİV
XİDMƏTƏ (ƏMƏK
MÜKƏLLƏFİYYƏTİNƏ)
GÖNDƏRİLMƏ QAYDASI
Maddə 7. Bu Əsasnamənin 2-ci maddəsində
göstərilmiş vətəndaşlar alternativ xidmət
(əmək mükəlləfiyyəti) keçmək
üçün həqiqi hərbi xidmətə
çağırışa ən geci iki ay qalmış
rayonun (şəhərin) çağırış
komissiyasına əsaslandırılmış ərizə
verirlər.
Alternativ xidmətə (əmək
mükəlləfiyyətinə) göndərilmə
barədə ərizəyə onun verildiyi gündən
etibarən bir ay ərzində çağırış komissiyası
tərəfindən baxılır. Lazım gəldikdə
komissiya bu müddəti uzada bilər.
Maddə 8. Alternativ xidmətə (əmək
mükəlləfiyyətinə) göndərilmə
barədə ərizəyə baxılarkən
ərizəçi və onun nümayəndələri
çağırış komissiyasının iclasında
iştirak etmək hüququna malikdirlər. Komissiya
ərizəyə baxılmasının vaxtını
ərizəçiyə qabaqcadan bildirir.
Ərizəçinin komissiyanın
iclasına gəlməməsi məsələyə mahiyyətcə
baxılması üçün mane deyildir.
Maddə 9. Rayon (şəhər)
çağırış komissiyası ərizəyə
baxılmasının nəticələri əsasında
qərar qəbul edir (ərizə rədd edilərsə səbəbləri
izah edilməklə), qərarın surəti on gün
ərzində ərizəçiyə təqdim edilir və
respublika çağırış komissiyasına
məruzə edilir.
Maddə
10. Ərizə rədd edilərsə eyni
vətəndaşdan təkrar ərizə qəbul
edilməsinə yol verilmir.
Maddə
11. Çağırış
komissiyası alternativ xidmətə (əmək
mükəlləfiyyətinə) göndərilmə
barədə ərizəyə baxarkən öz iclasına
mütəxəssisləri dəvət edə bilər,
lazımi sənədləri tələb edə bilər.
Maddə
12. Azərbaycan Respublikasının
Prezidenti hərbi alternativ xidmətə
çağırış elan etdikdən sonra və
çağırış komissiyasının müvafiq
qərarı əsasında hərbi komissarlıq
vətəndaşın imzasını almaqla alternativ
xidmətə keçmək üçün
göndərişi (çağırış vərəqəsini)
ona təqdim edir.
Maddə
13. Çağırış
komissiyası alternativ xidmətə (əmək
mükəlləfiyyətinə) göndərilmə
barədə ərizəyə əməl edilməsi
haqqında qərar qəbul etdikdən sonra keçən vaxt
ərzində vətəndaş üçün
möhlət almağa, yaxud alternativ xidmətə
çağırışdan azad edilməyə əsas
yaranarsa, onun çağırış komissiyasına
müvafiq ərizə ilə müraciət etməyə
ixtiyarı vardır.
Maddə
14.
Çağırışçıların alternativ
xidmətə (əmək mükəlləfiyyətinə)
çağırılmasına dair mübahisələr,
çağırışdan möhlət verilməsi və
bundan azadedilmə barəsində mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada nəzərdən
keçirilib aradan qaldırılır.
III bölmə
ALTERNATİV
XİDMƏT (ƏMƏK MÜKƏLLƏFİYYƏTİ)
KEÇMƏ
Maddə
15. Vətəndaş alternativ xidmət
(əmək mükəlləfiyyəti) keçmək
üçün təyin olunmuş vaxtda lazımi
sənədlərlə göndərişdə göstərilmiş
müəssisəyə, idarəyə, təşkilata
gəlməlidir.
Maddə 16. Vətəndaşın alternativ
xidmət (əmək mükəlləfiyyəti)
keçmək üçün göndərildiyi müəssisənin,
idarənin, təşkilatın müdiriyyəti onu
göndərişdə göstərilmiş işlə
təmin etməlidir.
Alternativ xidmətə (əmək
mükəlləfiyyətinə)
çağırılmış vətəndaşın, bu
Əsasnamə ilə məhdudlaşdırılmış
hüquq və vəzifələri istisna olmaqla, əmək
münasibətləri Azərbaycan Respublikasının
mövcud əmək qanunvericiliyi ilə tənzim edilir.
Alternativ xidmətə (əmək
mükəlləfiyyətinə)
çağırılmış vətəndaş xidmət
etdiyi müəssisə, idarə və təşkilatda
fəhlələr üçün nəzərdə
tutulmuş əmək haqqı səviyyəsində (tarif
dərəcələrinə uyğun) əmək haqqı
alır, lakin alternativ xidmətin təşkili
xərclərinin ödənilməsi üçün
onların aylıq əmək haqqından 10 faiz
həcmində dövlət vergisi tutulur.[1]
Maddə
17. Müdiriyyət
vətəndaşın işə qəbul edilməsi,
habelə onun üzürlü səbəblər olmadan
işə çıxmaması barədə hərbi
komissarlığa üç gün ərzində
yazılı məlumat verməlidir.
Maddə
18. Vətəndaş üzürlü
səbəblər olmadan işə çıxmazsa
çağırış komissiyası onu alternativ
xidmətə (əmək mükəlləfiyyətinə)
göndərmək barədə öz qərarını
ləğv edə bilər.
Maddə
19. Alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçəl
vətəndaşlar özlərinin arzusu ilə və ya
müdiriyyətin təşəbbüsü ilə
işdən azad edilə bilməzlər, rəhbər
vəzifələr tuta bilməzlər,
müəssisələrin, idarələrin,
təşkilatların idarə aparatında xidmət edə
bilməzlər; onlara növbəti məzuniyyətlər
verilmir.
Maddə
20. Alternativ xidmətin (əmək
mükəlləfiyyətinin) müddəti
vətəndaşın işə qəbul edildiyi
gündən hesablanır.
Maddə
21. Alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçərkən
vətəndaş hərbi xidmətə
çağırılmaq istədiyi barədə hərbi
komissarlığa ərizə ilə müraciət etmək
hüququna malikdir.
Maddə
22. Hərbi komissarlıqlar öz
rayonlarının (şəhərlərinin) ərazisində
vətəndaşın alternativ xidmət
keçməsinə nəzarət edirlər.
Maddə
23. Vətəndaşların alternativ
xidmət keçdikləri müəssisələr,
idarələr, təşkilatlar ləğv olunarsa, yenidən
təşkil edilərsə, onların işçilərinin
say tərkibi və ya ştatı ixtisar olunarsa
müəssisənin, idarənin, təşkilatın
rəhbəri bunu dərhal müvafiq hərbi
komissarlığa bildirməlidir.
IV bölmə
ALTERNATİV
XİDMƏTİN (ƏMƏK MÜKƏLLƏFİYYƏTİNİN)
DAYANDIRILMASI QAYDASI
Maddə
24. Alternativ xidmətin (əmək
mükəlləfiyyətinin) təxirə
salındığı müddət, üzürlü
səbəblər olmadan işə
çıxılmamasının və inzibati həbslərin
müddətləri nəzərə alınmadan alternativ
xidmət (əmək mükəlləfiyyəti)
müəyyən edilmiş müddətdə dayandırılır.
Maddə
25. Müvafiq hərbi komissarlıq
alternativ xidmət (əmək mükəlləfiyyəti)
müddətinin başa çatmasına ən geci on gün
qalmış vətəndaşın alternativ xidməti
(əmək mükəlləfiyyətini)
dayandıracağı barədə müəssisəni,
idarəni, təşkilatı xəbərdar edir.
Müəssisənin, idarənin,
təşkilatın müdiriyyəti vətəndaşın
alternativ xidmət (əmək mükəlləfiyyəti)
keçməkdən müəyyən edilmiş
müddətdə azad edildiyini hərbi komissarlığa
dərhal bildirməlidir.
Maddə
26. Vətəndaş işi davam
etdirmək istədiyini bildirərsə, əmək
qanunvericiliyinə uyğun olaraq ümumi əsaslarla
əmək müqaviləsi bağlanır.
Maddə
27. Vətəndaş
aşağıdakı hallarda alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməkdən vaxtından
əvvəl azad edilir:
1) azadlıqdan məhrum edilməyə
məhkum edildikdə;
2) alternativ xidmətə
çağırıldıqdan sonra ailədə baş
vermiş dəyişikliklər nəticəsində yeganə
əmək qabiliyyətli adam olaraq qaldıqda;
3) I, II və ya III dərəcə
əlilliyi olan şəxs olduqda;[2]
4) öz ərizəsi əsasında
həqiqi hərbi xidmətə
çağırıldıqda.
Maddə
28. hərbi komissarlıq bu
Əsasnamənin 27-ci maddəsinin 2–4-cü
bəndlərində nəzərdə tutulmuş hallarda
müvafiq qərar qəbul edir və həmin qərar
müəssisənin, idarənin, təşkilatın
müdiriyyəti üçün icbaridir.
Maddə
29. Alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməkdən yayınmaq
üstündə məsuliyyət qüvvədə olan
qanunvericiliyə uyğun surətdə müəyyən
edilir.
Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası haqqında
Əsasnaməyə Ə L A V Ə |
Alternativ xidmət keçən
vətəndaşların əməyindən istifadə
etmək üçün müəyyən edilmiş iş
və ixtisas növlərinin
S İ Y A h I S I
1.
Ermənistan
Respublikası ilə həmsərhəd rayonlar da daxil olmaqla,
respublikanın rayon və şəhərlərində
dəmir yollarının və avtomobil magistrallarının,
yaşayış evlərinin, sosial və
mədəni-məişət obyektlərinin tikintisi,
təmiri və bərpası.
2.
Respublikanın
dövlət sərhədində sərhəd
zastavalarının və dövlət sərhədindən buraxılış
məntəqələrinin tikintisi. [3]
3.
Ekoloji
mühafizə obyektlərinin tikintisi.
4.
Yardımçı
işlər:
mədənçıxarma və neft
sənayesi müəssisələrində;
tikinti-quraşdırma və təmir
təşkilatlarında;
metropoliten tunelinin və digər
yeraltı qurğuların tikintisində;
su borusu, kanalizasiya və istilik
şəbəkələri, dəmir yolları və avtomobil
magistralları tikintisi obyektlərində;
rayonların (şəhərlərin)
abadlaşdırılmasında.
5.
Dağ
rayonlarında rabitə müəssisələrinə və
mədəni-maarif müəssisələrinə xidmət
göstərilməsi.
6.
Yerli icra
hakimiyyəti orqanlarının müntəzəm
komplektləşdirmədikləri və perspektivsiz
işlər kimi müəyyən edilən işlər.
7.
Yüksək
dağlıq rayonlarında və Ermənistanla
həmsərhəd rayonlarda çobanlıq.
8.
Dövlət tibb müəssisələrində sanitar və tibb
qardaşı. [4]
Respublika ərazisində hərbi
əməliyyatlar başlandığı hallarda əmək
mükəlləfiyyətli şəxslər müvafiq
komissiyaların qərarı ilə müdafiə xarakterli
obyektlərdə və qurğularda tikinti və
təmir-bərpa işlərinə göndərilə
bilərlər.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 26 dekabr 2001-ci il tarixli 615 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 761)
2. 6 mart
2018-ci il tarixli 1862
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 mart 2018-ci il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə
412)
3. 14 avqust 2020-ci il tarixli 1134
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹
160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8,
maddə 1037)
4. 12 iyun 2021-ci il tarixli 1352
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, I kitab,
maddə 567)
5. 16 avqust 2021-ci il tarixli 1428
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19
avqust 2021-ci il, ¹
173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 8, maddə
920)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 26 dekabr 2001-ci il tarixli 615 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 761) ilə 16-cı maddəsinin üçüncü
hissəsindən "lakin
alternativ xidmətin təşkili xərclərinin ödənilməsi
üçün onların aylıq əmək haqqından 10
faiz həcmində dövlət vergisi tutulur"
sözləri çıxarılmışdır.
[2] 14 avqust 2020-ci il tarixli 1134
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹
160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8,
maddə 1037) ilə “Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası
haqqında Əsasnamə”nin 27-ci maddəsinin 1-ci hissəsinin
3-cü abzasında “III qrup əlili”
sözləri “III
dərəcə əlilliyi olan şəxs” sözləri
ilə əvəz edilmişdir.
16 avqust 2021-ci il tarixli 1428
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19
avqust 2021-ci il, ¹
173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 8, maddə
920) ilə “Azərbaycan
Respublikası vətəndaşlarının alternativ
xidmət (əmək mükəlləfiyyəti)
keçməsi qaydası haqqında Əsasnamə”nin 27-ci
maddəsinin 1-ci hissəsinin üçüncü
abzasından “I, II və ya III
dərəcə” sözləri çıxarılmışdır.
[3] 6 mart
2018-ci il tarixli 1862
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 mart 2018-ci il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə
412) ilə “Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək
mükəlləfiyyəti) keçməsi qaydası
haqqında Əsasnamə”yə Əlavə − “Alternativ
xidmət keçən vətəndaşların
əməyindən istifadə etmək üçün
müəyyən edilmiş iş və ixtisas
növlərinin Siyahısı”nın 2-ci hissəsində “nəzarət-buraxılış”
sözləri “dövlət
sərhədindən buraxılış” sözləri
ilə əvəz edilmişdir.
[4] 12 iyun 2021-ci il tarixli 1352
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, I kitab,
maddə 567) ilə “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”yə əlavə – “Alternativ xidmət keçən vətəndaşların əməyindən istifadə etmək üçün müəyyən edilmiş iş və ixtisas növlərinin Siyahısı”nın 8-ci hissəsində “Respublika səhiyyə sisteminin tibbi təminat” sözləri “Dövlət tibb” sözləri ilə əvəz edilmişdir.