“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddə 597, 598, № 9, maddə 669) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin, ikinci və üçüncü hissələr müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilsin:

”Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq dərc edilir və elektron daşıyıcılarda yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da dərc edilməlidir.”.

2. 20-ci, 25-ci, 31-ci, 36-cı, 42-ci və 47-ci maddələrin ikinci hissəsinə” təhlil edir,” sözlərindən sonra” məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, “sözləri əlavə edilsin.

3. 23-cü, 28-ci, 34-cü, 39-cu, 45-ci və 50-ci maddələrin birinci hissəsinin altıncı abzasına “məhkəmə təcrübəsinin” sözlərindən əvvəl “məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin,

“sözləri əlavə edilsin.

4. 23-cü, 28-ci, 34-cü, 39-cu, 45-ci və 50-ci maddələrin birinci hissəsinin yeddinci abzasında, 57-ci, 66-cı, 74-cü maddələrin birinci hissəsinin on altıncı abzasında, 59-cu və 68-ci maddələrin beşinci abzasında, 84-cü maddənin doqquzuncu abzasında “vətəndaşları qəbul edir, onların” sözləri “şəxslərin” sözü ilə əvəz edilsin.

5. 57-ci maddədə:

a) yeddinci abzasda “hakimlərini mükafatlandırır” sözləri “hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir” sözləri ilə əvəz edilsin;

b) səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

”Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;”.

6. 66-cı maddədə:

a) yeddinci abzasdan” hakimlərini mükafatlandırır” sözləri çıxarılsın,” mükafatlandırılması barədə” sözlərindən sonra “Məhkəmə-Hüquq Şurasına “sözləri əlavə edilsin;

b) səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

”Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada birinci instansiya (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi istisna olmaqla) məhkəmələrinin hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası hakimlərinin və Apellyasiya Məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;”.

7. 74-cü maddədə:

a) yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

”İqtisad Məhkəməsinin hakimlərinin, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;”;

b) səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

”Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada İqtisad Məhkəməsi, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;”.

8. 78-ci maddənin altıncı hissəsi çıxarılsın.

9. 79-cu maddənin üçüncü hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

”qanunvericiliklə müəyyən edilmiş hallarda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır;”.

10. 83-cü maddədə:

a) yeddinci abzasda” hakimlərini mükafatlandırır” sözləri “hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir” sözləri ilə əvəz edilsin;

b) səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

”Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;”;

c) doqquzuncu abzas çıxarılsın, onuncu - iyirminci abzaslar müvafiq olaraq doqquzuncu - on doqquzuncu abzaslar hesab edilsin.

ç) onuncu abzasda “və kollegiyalarına” sözləri “əlavə” sözü ilə əvəz edilsin;

d) on səkkizinci abzasda “vətəndaşları qəbul edir, onların” sözləri “şəxslərin” sözü ilə əvəz edilsin.

11. 86-cı maddədə:

a) aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin və üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab edilsin:

”Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə bu Qanunun 19-cu maddəsinin birinci hissəsində göstərilən məhkəmələrdə kargüzarlığın aparılması qaydalarını müəyyən edir.”;

b) dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

”Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri istisna olmaqla, bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.”.

12. 87-ci maddədə:

a) maddənin adı aşağıdakı redaksiyada verilsin:

”Məhkəmələrin fəaliyyətinin təşkilinin təhlili və statistika hesabatları;

b) birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

”Müvafiq məhkəmə sədrləri statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə məsuldurlar.”;

c) ikinci hissədə müəyyənləşdirir sözündən sonra və bu hesabatları dərc edir. sözləri əlavə edilsin;

ç) üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

”Müvafiq icra hakimiyyəti orqanı məhkəmə fəaliyyətinə dair statistika hesabatlarını ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir, bu barədə Məhkəmə-Hüquq Şurasını məlumatlandırır.”.

13. 88-ci maddədə:

a) ikinci hissədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin, “kargüzarlığın” sözündən sonra”, məhkəmə tərəfindən çıxarılmış qərarların və onlarla bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun “ sözləri əlavə edilsin;

b) aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin və üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab olunsun:

”Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.”.

14. 92-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.”.

15. Qanuna aşağıdakı məzmunda 93-1-ci, 93-2-ci, 93-3-cü və 93-4-cü maddələr əlavə edilsin:

”Maddə 93-1. Məhkəmə-Hüquq Şurası

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Məhkəmə-Hüquq Şurasının təşkili, fəaliyyətinin hüquqi əsasları və səlahiyyətləri bu qanunla və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

”Maddə 93-2. Hakimlərin Seçki Komitəsi

Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata keçirən orqandır.

Hakimlərin Seçki Komitəsinin fəaliyyəti bu Qanunla, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir.

”Maddə 93-3. Hakim vəzifəsinə namizədlərin seçilməsi

Hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.

İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər.

İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir.

Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. 

Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.

Namizədlərin qiymətləndirməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir.

Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər.

Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən yüksək hakim vəzifələrinə təyin edilə bilərlər.”.

16. 94-cü maddədə:

a) ikinci hissədə “İqtisad Məhkəməsinin” sözləri “apellyasiya məhkəmələrinin” sözləri ilə əvəz edilsin;

b) aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin, üçüncü və dördüncü hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab olunsun:

“Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.”;

c) beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər və bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin oluna bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının digər məhkəmə sədrlərinin, habelə Azərbaycan Respublikası məhkəmələrinin sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır.”.

17. 96-cı maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 96. Hakimlərin səlahiyyət müddəti

Hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.

Hakimin fəaliyyətinin qiymətləndirilməsi” Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq həyata keçirilir.

İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.”.

18. 97-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

”Bu qanunla müəyyən edilmiş əsaslar istisna olmaqla, hakimlər vəzifədən kənarlaşdırıla və onların səlahiyyətlərinə xitam verilə bilməz.”.

19. 98-ci maddənin üçüncü hissəsinin ikinci abzasında “və vətəndaşlardan” sözləri”, fiziki və hüquqi şəxslərdən” sözləri ilə əvəz edilsin.

20. 99-cu maddəyə aşağıdakı redaksiyada üçüncü hissə əlavə edilsin:

”Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.”.

21. Qanuna aşağıdakı məzmunda 99-1-ci maddə əlavə edilsin:

”Maddə 99-1. Hakimlərin Etik Davranış Kodeksi

Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etika prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilir.”.

22. 100-cü maddənin ikinci hissəsində ”səlahiyyətlərinə xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının” sözləri “vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin” sözləri ilə əvəz edilsin.

23. 101-ci maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 101. Hakimlərin toxunulmazlığı

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.

Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.

Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir. Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Azərbaycan Respublikasının Baş prokuroruna təqdim edilir.

Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Digər hallarda hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.

Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.

Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda hakim vəzifəsindən kənarlaşdırılır.

Hakimin vəzifəsindən kənarlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur.

Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.”.

24. Qanuna aşağıdakı məzmunda 105-1-ci maddə əlavə edilsin:

”Maddə 105-1. Hakimlərin ictimai birlikləri (assosiasiyaları)

Hakimlər ümumi maraqlar əsasında birləşərək, könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında öz ictimai birliklərini təsis edə bilərlər.

Hakimlərin ictimai birliklərinin fəaliyyətinin əsas məqsədləri hakimləri birləşdirməkdən, onların müstəqilliyinin möhkəmləndirilməsindən, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir.”.

25. 106-cı maddənin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.”.

26. 107-ci maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı

Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir.

İllik məzuniyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin, Apellyasiya Məhkəməsinin, İqtisad Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinə müvafiq məhkəmə sədri tərəfindən, digər məhkəmələrin hakimlərinə isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.”.

27. 110-cu maddənin birinci hissəsində “Ali Məhkəmənin sədri” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci hissəsi çıxarılsın.

28. 111-ci maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 111. Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər

Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir:

fiziki və hüquqi şəxslərin şikayətləri;

kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;

işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar;

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları;

məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları;

intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar.”.

29. Qanuna aşağıdakı məzmunda 111-1-ci maddə əlavə edilsin:

”Maddə 111-1. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları

Hakimlər yalnız aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:

işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda;

hakim etikasını pozduqda;

əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozduqda;

”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə;

”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə;

hakim adına ləkə gətirən hərəkətə yol verdikdə.”.

30. 112-ci maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 112. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası

Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin, Apellyasiya Məhkəməsinin və İqtisad Məhkəməsinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda öz səlahiyyətləri daxilində intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməyə borcludurlar.

Fiziki və hüquqi şəxslər hakimlər tərəfindən bu Qanunun 111-1-ci maddəsinin altıncı abzasında hakimlər üçün müəyyən edilmiş intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar olduqda Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri həmin məhkəmənin hakimləri, habelə birinci instansiya (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi istisna olmaqla) məhkəmələrinin hakimləri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyasının hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri həmin məhkəmənin hakimləri, habelə Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin hakimləri və yerli iqtisad məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin hakimləri və Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Hakimlər haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən bir il və törədildiyi gündən üç il müddətində başlana bilər.

Hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının qərarına əsasən intizam məsuliyyətinə cəlb edilirlər.

Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

hakimə irad tutulması haqqında;

hakimə töhmət verilməsi haqqında;

hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

intizam icraatına xitam verilməsi haqqında.

İntizam məsuliyyətinə cəlb edilmə haqqında qərardan şikayət verilməmişsə, o, qəbul edildiyi vaxtdan on gün sonra qüvvəyə minir.

Həmin müddət ərzində intizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarından Ali Məhkəmənin Plenumuna şikayət verilə bilər.

Ali Məhkəmənin Plenumu bir ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Şuraya təqdim edir. Ali Məhkəmənin Plenumunun qərarı qətidir.

Hakimlər cəza verildiyi gündən bir il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişsə, intizam məsuliyyətinə cəlb edilməmiş sayılırlar.

Hakimlərin intizam məsuliyyəti məsələsinə bu Qanunla və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.”.

31. 113-cü maddədə:

a) ikinci hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

”hakim vəzifəsindən kənarlaşdırıldıqda;”;

b) ikinci hissənin 9-cu bəndində “dörd” sözü “altı” sözü ilə, “Ali Məhkəmə” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin;

c) ikinci hissənin 10-cu bəndi aşağıdakı redaksiyada verilsin:

”bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə;”;

ç) ikinci hissəyə aşağıdakı məzmunda 11-ci bənd əlavə edilsin:

”11) işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda.”.

32. 114-cü maddənin birinci və ikinci hissələri aşağıdakı redaksiyada verilsin:

”Bu Qanunun 113-cü maddəsinin 6-11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və ya müvafiq icra hakimiyyəti orqanı intizam icraatının başlanılması haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edirlər.

Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edildikdə Məhkəmə-Hüquq Şurası bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir.”.

33. Keçid müddəalarına aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:

“7. Bu Qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir. Fəaliyyəti məqbul qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin edilirlər:

15 ilə qədər hakimlik stajı olanlar - 10 il müddətinə;

15 il və daha çox hakimlik stajı olanlar - son yaş həddinə - 65 yaşınadək.

Səlahiyyəti 10 il müddətinə uzadılmış hakimlərin səlahiyyət müddəti başa çatdıqdan sonra onların səlahiyyətlərinin yenidən uzadılması qiymətləndirmə əsasında bu Qanunla müəyyən edilmiş ümumi qaydada həyata keçirilir.

Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

8. Müəyyən müddətə hakim vəzifəsinə təyin edilmiş şəxsin digər hakim vəzifəsinə keçirilməsi onun səlahiyyət müddətini artırmır. Hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət müddəti hüdudlarında həyata keçirilir.”.

Keçid müddəaları

1. 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən, işə baxılan zaman işə baxılıb qurtardığı gündən bitmiş hesab olunur.

2. Bu Qanun qüvvəyə minənə qədər başlanılmış intizam icraatları Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyasında davam etdirilir. Qeyd edilən intizam icraatları üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyasının qərarlarından, habelə İntizam kollegiyasının bu Qanun qüvvəyə minənədək qəbul edilmiş digər qərarlarından şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İntizam komissiyasına verilir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

                                       
Bakı şəhəri, 28 dekabr 2004-cü il

№ 817-IIQD