Azərbaycan Respublikası Ali Sovetinin və onun Milli Şurasının deputat-istintaq komissiyaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1.Azərbaycan Respublikası Konstitusiyasının 115-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Ali Soveti və ya onun Milli Şurası, lazım bildikdə, hər hansı məsələ üzrə istintaq komissiyası yaradır.

 

Maddə 2. Azərbaycan Respublikasının Ali Sovetinin və ya onun Milli Şurasının deputat-istintaq komissiyası (bundan sonra—komissiya) işlədiyi müddətdə onun üzvləri əmək haqqı saxlanılmaqla başqa vəzifələrin yerinə yetirilməsindən azad edilə bilər.

 

Maddə 3. Komissiyanın aşağıdakı hüquqları vardır:

1)     izahat vermək üçün vəzifəli şəxsləri, vətəndaşları, o cümlədən xalq deputatlarını çağırmaq;

2)     komissiyanın məşğul olduğu işlə əlaqədar istintaq orqanlarının hər hansı materialları ilə tanış olmaq, onlardan surət çıxarmaq:

3)     dövlət orqanlarının və ictimai təşkilatların hər hansı sənədləri ilə tanış olmaq, onların surətini çıxarmaq, habelə komissiyanın fikrincə, onun qarşısında qoyulmuş vəzifələrin həlli üçün həmin sənədlərdən istifadə oluna bilərsə, bu barədə akt tərtib etməklə onları götürmək;

4)     Azərbaycan Respublikası dövlət orqanlarının və respublika ictimai təşkilatlarının vəzifəli şəxslərinin öz fəaliyyətləri və ya fəaliyyətsizlikləri ilə obyektiv təhqiqat aparılmasına mane olduqları təsdiq edilərsə, onları xidmət vəzifələrini yerinə yetirməkdən müvəqqəti uzaqlaşdırmaq barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;

5)     müvafiq icazəsi olan ekspertlərlə birlikdə məxfilik rejimindən asılı olmayaraq hər hansı obyektə getmək, məxfilik dərəcəsindən asılı olmayaraq müvafiq sənədlər və digər materiallarla tanış olmaq;

6)     dövlət orqanlarının, ictimai birliklərin nümayəndələrini, alimləri və mütəxəssisləri ekspert kimi öz işinə cəlb etmək. Müvafiq müəssisələrin, idarələrin və təşkilatların rəhbərləri komissiyanın həmin şəxsləri işə cəlb etmək haqqında qərarına əsasən onları dərhal (bir gün ərzində) komissiyanın sərəncamına göndərirlər. Ekspertlərin və mütəxəssislərin cəlb edilməsi ilə bağlı bütün xərclər müvafiq müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilir.

 

Maddə 4. Komissiya ona tapşırılan məsələlərin araşdırılması üçün öz yanında istintaq qrupu yarada bilər. İstintaq qrupu komissiyanın qərarı əsasında prokurorlardan, müstəntiqlərdən və əməliyyat işçilərindən ibarət yaradılır və həmin şəxslər bu qərara əsasən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının daxili işlər naziri və Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri tərəfindən komissiyanın sərəncamına göndərilirlər.

Zəruri hallarda komissiyanın qərarı ilə istintaq qrupuna yuxarıda göstərilən orqanlarda işləməyən, lakin bu sahədə yüksək ixtisasa malik şəxslər də təyin edilə bilərlər.

İstintaq qrupunun prokurorları, müstəntiqləri və əməliyyat işçiləri komissiyanın nəzarəti altında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və şərtlərlə fəaliyyət göstərirlər.

Ayrı-ayrı müstəntiqlərə yoxlamaların və cinayət işləri üzrə ibtidai istintaqın aparılmasının tapşırılması, bu yoxlama və ibtidai istintaq üzərində nəzarət edən prokurorların təyin edilmə-si, onlara əməliyyat işçilərinin ayrılması komissiyanın qərarı əsasında həyata keçirilir.

Yoxlamanın və ibtidai istintaqın daha obyektiv və tam aparılmasını təmin etmək zərurəti yarandığı hallarda komissiyanın tələbinə əsasən yoxlamanın və ibtidai istintaqın aparılması və prokuror nəzarətinin həyata keçirilməsi dikər müstəntiqlərə, prokurorlara tapşırıla bilər.

Komissiyanın çağırışı ilə istintaq qrupunun müstəntiqləri, prokurorları və əməliyyat işçiləri icraatlarında olan yoxlamalar və cinayət işləri haqqında komissiyaya məlumat verirlər.

 

Maddə 5. Komissiyanın bu və yaxud dikər şəxsin əməlində cinayət əməllərinin olduğunu sübut edən materialları istintaq orqanlarına verilir.

 

Maddə 6. Komissiya öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının dövlət müstəqilliyi-haqqında Konstitusiya Aktını, Azərbaycan Respublikasının qanunlarını, digər normativ aktları rəhbər tutur.

 

Maddə 7. Komissiyanın iclasları komissiya üzvlərinin azı yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərarlar komissiyanın siyahı tərkibinin səs əksəriyyəti ilə qəbul edilir.

 

Maddə 8. Komissiyanın tərkibindən hazırlıq qrupları təşkil edilirsə, onlar öz sahələrində təhqiqat aparır və öz təkliflərini komissiyaya verirlər.

 

Maddə 9. Komissiyanın sədri komissiyanın işini təşkil edir, onun iclaslarını aparır, habelə hazırlıq qruplarının işini əlaqələndirir.

Komissiya sədrinin müavini komissiya sədri olmadığı hallarda onun səlahiyyətlərini həyata keçirir, komissiya sədrinin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini yerinə yetirir.

Komissiyanın katibi komissiyanın iclaslarını hazırlayır, iclasın protokollarının tərtib edilməsini, komissiyanın sənədlərinin qeydiyyatının aparılmasını və onların saxlanmasının təmin edilməsini, komissiyanın qərarlarının icraya göndərilməsini və icranın nəticəsi haqqında komissiyaya məlumat verilməsini təşkil edir.

 

Maddə 10. Komissiyanın iclasları açıq və ya onun qərarı ilə qapalı keçirilir.

Komissiyanın işi haqqında onun sədri və ya komissiyanın qərarı ilə vəkil edilmiş şəxslər məlumat verirlər.

 

Maddə 11. Komissiya onun işinin gedişində əldə edilən məxfi və ya gizli məlumatın yayılmasının qarşısının alınmasını təmin edir.

 

Maddə 12. Komissiya öz fəaliyyətini Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun Milli Şurasına məruzə təqdim; etməklə başa çatdırır.

Komissiyanın üzvü özünün fikrini Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun Milli Şurasına çatdıra bilər.

Məruzədə verilən nəticə və təkliflərə Azərbaycan Respublikası Ali Sovetinin və ya onun Milli Şurasının iclasında baxıl-malıdır, Azərbaycan Respublikası Milli Şurası bu barədə qərar qəbul edir.

 

Maddə 13. Dövlət orqanlarının və ictimai təşkilatların vəzifəli şəxsləri komissiyanın və onun üzvlərinin komissiyanın işləri ilə əlaqədar göstərişlərini mütləq yerinə yetirməyə və komissiyanın işinə kömək göstərməyə borcludurlar.

Komissiya ona izahat verməkdən imtina etməyə, sənədləri və baş-qa materialları təqdim etməməyə, məhv etməyə, saxtalaşdırmağa, yalan ifadə verməyə, yaxud komissiyanın işinə hər hansı başqa formada mane olmağa görə vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb etmək barədə məsələ qaldıra bilər.

 

Maddə 14. Komissiyanın üzvlərinə və istintaq qrupunun üzvlərinə komissiyanın sədri tərəfindən imzalanan vəsiqələr verilir.

 

Maddə 15. Komissiya öz vəzifələrini həyata keçirmək üçün zəruri olan aparatını yarada bilər.

 

Maddə 16. Komissiyanın fəaliyyəti üçün zəruri olan maddi vəsaitlər dövlət hesabına Azərbaycan Respublikası Milli Şurasının qərarı ilə təmin edilir.

 

Maddə 17. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Y. MƏMMƏDOV.

 

Bakı şəhəri, 30 aprel 1992-ci il.

¹ 116.