İcarə
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Maddə 1. İcarə anlayışı
İcarə əmlaka,
torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında,
əvəzi ödənilməklə müddətli sahib olmaq
və bunlardan istifadə etməkdir.
Maddə 2. İcarə
qanunvericiliyi
İcarə münasibətləri
bu Qanunla, Mülki Məcəllə və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
Torpaq
icarəsi ilə bağlı münasibətlər Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə
həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər
normativ hüquqi aktlarla tənzimlənir. [1]
Ələt
azad iqtisadi zonasında icarə münasibətləri “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Maddə 3. İcarə dairəsi
və obyektləri
İcarəyə xalq təsərrüfatının
bütün sahələrində yol verilir və o, mülkiyyətin
bütün formalarının və növlərinin əmlakı
barəsində tətbiq edilə bilər.
İcarə münasibətlərinin
obyekti ola bilməyən əmlakın dairəsi və növləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə
4. İcarəyəverənlər
Əmlakı icarəyə vermək
hüququ mülkiyyətçiyə, əmlakı icarəyə
vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara
və fiziki şəxslərə, habelə əmlak
üzərində digər əşya hüquqlarına malik
olan şəxslərə
məxsusdur. [3]
Xarici dövlətlərin
hüquqi və fiziki şəxslərinin icarəsinə
dövlət və bələdiyyə mülkiyyəti obyektləri
yalnız mülkiyyətçinin razılığı ilə
verilir.
Maddə 5. İcarəçilər
Hər hansı hüquqi və
fiziki şəxs icarəçi ola bilər.
Maddə 6. İcarəçi
birlikləri
İcarəçilərin
ixtiyarı var ki, könüllülük əsasında
assosiasiyalar, ittifaqlar, başqa birliklər yaratsınlar,
onların fəaliyyətini maliyyələşdirsinlər və
nizamnamələrə uyğun olaraq sərbəst surətdə
onların tərkibindən çıxsınlar.
Maddə 7. İcarə
müqaviləsi
1.
İcarəyəverənin
icarəçi ilə münasibətlərini tənzimləyən
əsas sənəd icarə müqaviləsidir.
2.
İcarə
müqaviləsində aşağıdakılar nəzərdə
tutulur: icarəyə verilən əmlakın tərkibi və
dəyəri, icarə haqqının məbləği, icarənin
müddətləri, əmlakın ikinci əldən icarəyə
verilməsi (icarəyə götürülmüş əmlakın
icarəyə verilməsi) imkanına münasibət, icarəyə
götürülmüş əmlakı tam bərpa və təmir
etmək sahəsində tərəflərin vəzifə
bölgüsü, icarəyəverənin icarəçiyə
əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə
vermək vəzifəsi, icarəçinin əmlakdan
müqavilə şərtlərinə uyğun surətdə
istifadə etmək, icarə haqqını ödəmək. və
müqaviləyə xitam verildikdən sonra əmlakı
müqavilədə şərtləşdirilmiş vəziyyətdə
icarəyəverənə qaytarmaq vəzifəsi.
3.
İcarə
müqaviləsinə tərəflərin başqa vəzifələri
də daxil edilə bilər.
4.
İcarəyə
verilən əmlakın dəyəri faktik aşınma nəzərə
alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan
qiymət əsasında müqavilədə müəyyən
edilir.
5.
İcarə
müqaviləsi üzrə vəzifələri icra etməmək
və ya lazımınca icra etməmək, o cümlədən
müqaviləni birtərəfli qaydada dəyişdirmək və
pozmaq üstündə tərəflər Azərbaycan
Respublikasının qanunvericiliyi və müqavilə ilə
müəyyən edilən məsuliyyət
daşıyırlar.
Maddə 8. İcarə haqqı
1. İcarə haqqının məbləği
və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.
həm də icarə ödənişinin məbləği
icarəyə götürülən əsas fondların dəyəri
və vəziyyəti, müəssisənin inkişaf
perspektivləri və digər amillər, habelə icarəyə
götürülmüş əmlakın istismarından əldə
edilməli olan minimum gəlir nəzərə alınmaqla
müəyyənləşdirilir.
Dövlət əmlakının
(mənzil fondundan başqa) icarəyə verilməsi
üçün icarə haqqının minimum məbləği
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. [4]
İcarə müqaviləsində
başqa hal nəzərdə tutulmayıbsa, icarəyə
götürülmüş əmlakın dəyərindən
amortizasiya ayırmaları icarə haqqına daxil edilir.
İcarəyə götürülmüş əmlakın təkrar
istehsalını tamamilə icarəçi həyata
keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə
verilmir və yalnız icarəçiyə məxsus olur.
Qanunla və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, dövlət əmlakı
dövlət büdcəsindən maliyyələşən
müəssisə və təşkilatlara məxsus olduqda,
icarə haqları 100 faiz dövlət büdcəsinə
köçürülür, kommersiya fəaliyyəti göstərən
müəssisə və təşkilatlarda isə 50 faizi isə
həmin müəssisələrin sərəncamında
qalır. [5]
Dövlət
mülkiyyətində olan əmlakın icarəyə verilməsindən
daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir. [6]
2.
Zərərlə
işləyən və azrentabelli müəssisələr
icarə münasibətlərinə keçərkən müqavilədə
mütərəqqi ixtisarla dotasiyanın məbləği, zərərlə
işləmənin aradan qaldırılmasına, rentabelliyin
yüksəldilməsinə dair öhdəliklər, icarə
ödənişlərinin tutulmağa başlanacağı
vaxt nəzərdə tutula bilər. İcarəyəverən
zərərlə işləyən və azrentabelli dövlət
müəssisələrinin icarəçilərinə icarə
haqqının məbləği üzrə güzəştlər
verə bilər.
3.
Dövlət
tərəfindən tənzimlənən qiymətlər,
tariflər, ödənişlər və ya amortizasiya
normaları dəyişdikdə, inflyasiyanın sürəti kəskin
artdıqda, habelə Azərbaycan Respublikasının
qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa
hallarda tərəflərdən biri icarə məbləğinin
dəyişdirilməsini tələb edə bilər.
4.
Əmlakdan
istifadənin müqavilədə nəzərdə tutulmuş
şərtləri və ya əmlakın vəziyyəti icarəçinin
cavabdeh olmadığı səbəblər üzündən
xeyli pisləşdikdə icarəçinin hüququ var ki,
icarə haqqının azaldılmasını tələb
etsin.
5.
İcarəçi
icarə haqqından savayı, Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş vergiləri və digər tədiyyələri də
ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin
vəzifəsinə daxil edilməsin.
6.
İcarə
haqqı tərəflərin razılığı ilə
natura, pul formalarında və ya qarışıq formada təyin
edilə bilər.
Maddə 9. İcarə
zamanı mülkiyyət
1.
Əmlakın
icarəyə verilməsi bu əmlak üzərində
mülkiyyət hüququnun verilməsinə səbəb olmur.
2.
İcarəçinin
icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində
əldə etdiyi məhsul və gəlir, habelə icarəyə
götürülmüş əmlakdan alınan gəlir
hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir.
3.
Əgər
icarə müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, icarəyə götürülmüş ərazidə
icarəyəverənin razılığı ilə icarəçinin
vəsaiti hesabına tikilmiş, aparılması mümkün
olmayan binalar və qurğular icarəçiyə məxsusdur.
Müqavilənin müddəti qurtardıqda və ya
müqavilə pozulduqda icarəyəverən həmin
binaların və qurğuların bazar dəyərini icarəçiyə
ödəməlidir.
İcarəyə
götürülmüş ərazidə icarəyəverənin
razılığı olmadan icarəçinin vəsaiti
hesabına tikilmiş, aparılması mümkün olmayan
binalar və qurğular icarəyəverənə məxsusdur.
İcarəyəverən bunların sökülməsini tələb
etdikdə icarəçi onları öz hesabına sökməyə
və ya sökülmə xərclərini ödəməyə
borcludur.
5.
İcarəyə
götürülmüş əmlak icarəyəverənin
razılığı ilə
yaxşılaşdırıldıqda müqavilənin
müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan
sonra icarəçinin hüququ var ki, qanunda və ya
müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, bu məqsədlə çəkdiyi
bütün xərclərin ödənilməsini tələb
etsin.
6.
İcarəyəverənin
icazəsi olmadan icarəçinin apardığı və
icarəyə götürülmüş əmlaka zərər
vurmadan ondan ayrıla bilməyən
yaxşılaşdırmalar müqavilənin müddəti
qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi
ödənilmədən icarəyəverənə keçir.
7.
İcarəyəverənin
icazəsi olmadan icarəçinin apardığı və
icarəyə götürülmüş əmlaka zərər
vurmadan ondan ayrıla bilən
yaxşılaşdırmaların dəyərini icarəyə
verən ödəməyə razı olmadıqda icarəçi
bu yaxşılaşdırmaları geri götürə bilər.
Maddə 10. İcarəyə götürülən əmlakın
satın alınması
İcarəçi icarəyə
götürdüyü əmlakı mülkiyyətçinin
razılığı ilə dövlətsizləşdirmə
və özləşdirmə haqqında qanunvericilikdə nəzərdə
tutulan qaydada tamamilə və ya qismən satın ala bilər.
Maddə 11. İcarəçinin təsərrüfat fəaliyyəti
istiqamətlərinin müəyyənləşdirilməsi
İcarəçi icarə
müqaviləsinə uyğun olaraq müstəqil surətdə
özünün təsərrüfat fəaliyyətinin istiqamətlərini
müəyyənləşdirir və istehsal etdiyi məhsul, götürdüyü
gəlir barəsində sərəncam verir.
İcarəçi öz təsərrüfat
fəaliyyətində yalnız icarə müqaviləsinin
şərtləri ilə məhdudlaşdırılır.
Maddə 12. İcarənin
müddətləri
İcarənin müddətləri
müqavilə ilə müəyyənləşdirilir. [7]
Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi,
pozulması, xitamı və uzadılması
1.
İcarə
müqaviləsi şərtlərinin dəyişdirilməsinə,
onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
digər normativ hüquqi aktlarda müəyyən edilmiş
qaydada, habelə
tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən
birinin müqavilə şərtlərini pozduğu hallarda o
biri tərəfin tələbi ilə icarə müqaviləsi
məhkəmənin qərarına əsasən pozula bilər. [8]
2.
İcarə
obyekti dövlətsizləşdirmə və özəlləşdirmə
üçün açıldıqda icarə müqaviləsi
ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə
obyektinə qoyduğu investisiyanı icarəyəverən
bazar dəyəri üzrə ödəməlidir.
3.
İcarəyəverən
təşkilatın yenidən təşkil edilməsi, habelə
icarəyə götürülmüş əmlakın
mülkiyyətçisinin dəyişməsi müqavilə
şərtlərinin dəyişdirilməsi və ya onun
pozulması üçün əsas deyildir.
4.
Müqavilənin
müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni
təzələmək hüququ vardır.
5.
Müqavilənin
müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu
dəyişdirmək haqqında tərəflərdən
birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə
tutulmuş eyni müddət üçün və eyni şərtlərlə
uzadılmış hesab edilir. Müqavilə yeni müddət
üçün uzadılarkən onun şərtləri tərəflərin
razılığı ilə dəyişdirilə bilər. İcarə
müqaviləsinin ayrı-ayrı növləri
üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi
və digər qanunları ilə başqa qaydalar da müəyyən
edilə bilər. [9]
6.
İcarəçi
vətəndaş ilə müqaviləyə xitam verilərkən
onunla birlikdə yaşamış və işləmiş ailə
üzvləri icarə müqaviləsi bağlamaqda
üstün hüquqa malikdirlər.
İcarəçi vəfat
etdikdə icarə müqaviləsi üzrə onun
hüquqları onunla birlikdə yaşamış və
işləmiş ailə üzvlərindən birinə
keçir, bu şərtlə ki, həmin ailə üzvü
icarəçi olmağa razı olsun.
Müqavilənin
bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri
ilə şərtləndirildiyi hallar istisna edilməklə,
icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin
qüvvədə olan müqavilə üzrə qalan müddət
üçün müqaviləyə daxil olmasına
razılıq verməsin.
Maddə
14. İcarə müqaviləsinin bağlanması,
icrası, dəyişdirilməsi və pozulması zamanı
mübahisələrə baxılması
İcarə müqaviləsinin
bağlanması, icrası, dəyişdirilməsi və
pozulması zamanı əmələ gələn mübahisələrə
məhkəmə baxır. [10]
Maddə 15. İcarəçinin
əmlak hüquqlarının müdafiəsi
1. İcarəçinin icarəyə
götürülən əmlak üzərində hüququnun
müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi
ilə eyni əsasda təmin edilir. O, icarəyə
götürülmüş əmlakın hər hansı
qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində
maneələrin aradan qaldırılmasını, bütün
şəxslərin, o cümlədən icarəyəverənin
əmlaka vurduğu zərərin ödənilməsini tələb
edə bilər.
2.
İcarəyəverənin
borcları üzrə tələbin icarəyə verilmiş əmlaka
yönəldilməsinə yol verilmir.
3.
İcarəçinin
əmlakı ondan yalnız məhkəmənin qərarı
ilə geri alına bilər. [11]
Maddə 16. (Çıxarılıb) [12]
Maddə 17. (Çıxarılıb) [13]
Maddə 18. Əmlakın vətəndaşlar
tərəfindən icarəsi
1. Vətəndaş, yaxud vətəndaşlar
qrupu istehsal vasitələrini və təsərrüfat fəaliyyəti
ilə məşğul olmaq üçün onlara lazım
olan başqa əmlakı icarəyə götürə bilərlər.
2.
Fərdi
icarə, yaxud qrup icarəsi şərtləri üzrə əmək
fəaliyyəti ilə məşğul olan şəxslər
fəhlə və qulluqçularla bərabər sosial
sığorta edilməli və sosial cəhətdən təmin
olunmalıdırlar. İcarəçilər qanunvericilikdə
müəyyən olunmuş qaydada və miqdarda müvafiq icra hakimiyyəti
orqanına vəsait
ayırırlar. İcarəçilərin sığorta
haqqı ödənilən iş dövrü əmək
stajına daxil edilir. [14]
3.
Fərdi
icarə, yaxud qrup icarəsi zamanı icarəçilər
istehsal olunmuş məhsul barəsində müstəqil sərəncam
verir, istehlakçı ilə razılaşmaya əsasən və
ya müstəqil surətdə müəyyən edilmiş
qiymətlər və tariflər üzrə işlər
görür və xidmətlər göstərirlər.
İstehsal edilmiş məhsul respublika ərazisində sərbəst
surətdə satılır. Respublika hüdudlarından kənara
məhsul qanunvericilikdə müəyyən olunmuş qaydada
aparılır.
4.
(çıxarılıb)
5.
İcarəçi
məhsulun (işlərin, xidmətlərin) satış
pulundan icarə haqqını, vergiləri və bankın
borcları üzrə tədiyələri ödədikdən
sonra onun barəsində müstəqil sərəncam verir.
6.
(çıxarılıb)
7.
Kəndli
və başqa əmək təsərrüfatları istehsal fəaliyyətini
həyata keçirərkən kooperasiya əlaqələrinə
kirə bilər, təchizat-satış, emal, təmir, tikinti
kooperativləri və başqa kooperativlər, habelə təsərrüfat
birlikləri yarada bilər, ittifaqlarda birləşə bilərlər.
8.
İcarəçinin
pul əməliyyatları üçün bank idarələrində
hesab açmaq ixtiyarı vardır.
9.
(çıxarılıb).
10. (çıxarılıb) [15]
Maddə
19. (çıxarılıb).
Maddə
20. (çıxarılıb).
Maddə
21. (çıxarılıb).
[16]
Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətini həyata
keçirən
Azərbaycan
Respublikası Ali Sovetinin sədri
Y.
MƏMMƏDOV.
Bakı şəhəri, 30
aprel 1992-ci il.
¹ 114.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 avqust 1992-ci
il tarixli 265 nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 17, maddə 736)
2. 05 noyabr
1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, ¹ 03, maddə 226)
3. 28 dekabr 1998-ci
il tarixli 600-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 01, maddə
8)
4. 05 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683)
5. 23 aprel 2002-ci
il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241)
6. 22 noyabr 2002-ci
il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706)
7. 03 dekabr 2002-ci
il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 01, maddə
16)
8. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 iyun 2017-ci il, ¹ 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1057)
9. 29 iyun 2018-ci il tarixli 1204-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2018-ci il, ¹ 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1420)
10. 28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 26)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 2-ci maddədə "Torpaq Məcəlləsi"
sözləri çıxarılmış və ikinci hissə
əlavə edilmişdir.
[2] 28
dekabr 2018-ci il tarixli 1409-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu
il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 01, maddə 26) ilə 2-ci maddəyə
yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[3] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə 241) ilə 4-cü
maddənin birinci hissəsində "tam təsərrüfat idarəsinə yaxud əməli
idarəsinə verilmiş hüquqi şəxslərə"
sözləri "üzərində
digər əşya hüquqlarına malik olan şəxslərə"
sözləri ilə əvəz edilmişdir.
[4] 28 dekabr 1998-ci il tarixli 600-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 01, maddə 8) ilə 8-ci maddənin
1-ci hissəsinə birinci abzasdan sonra daha bir abzas əlavə edilmişdir.
[5] 29 iyun 2018-ci il tarixli 1204-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2018-ci il, ¹ 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1420)
ilə 8-ci maddənin 1-ci hissəsinin
dördüncü abzasında “Qanunla”
sözündən sonra “və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə
edilmişdir.
[6] 22 noyabr 2002-ci il tarixli
382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 706) ilə 8-ci
maddəsinin 1-ci hissəsinə dördüncü və
beşinci abzaslar əlavə edilmişdir.
[7] 23 aprel 2002-ci
il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 12-ci maddənin ikinci və
üçüncü cümlələri çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Bu zaman torpağın, dikər
təbii ehtiyatların, müəssisələrin,
binaların, qurğuların icarəsi, bir qayda olaraq, uzunmüddətli
xarakter daşımalıdır. Əmlakın xarakteri və icarənin məqsədləri
nəzərə alınmaqla-müqavilə qısamüddətli də
ola bilər.
[8] 05 oktyabr 2001-ci il tarixli
190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 683) ilə
13-cü maddənin 1-ci bəndindən "arbitraj məhkəməsinin və ya" sözləri
çıxarılmışdır.
[9] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 05, maddə 241) ilə 13-cü maddənin
adında "müqavilənin"
sözü "icarə
müqaviləsinin" sözləri ilə əvəz
edilmiş, 1-ci bəndin birinci cümləsində "verilməsinə"
sözündən sonra "Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
digər normativ hüquqi aktlarda müəyyən edilmiş
qaydada, habelə" sözləri, həmçinin 5-ci bəndə
üçüncü cümlə əlavə edilmişdir.
[10] 05 oktyabr 2001-ci il tarixli
190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 683) ilə
14-cü maddədən "arbitraj
məhkəməsi və ya" və "öz səlahiyyətinə müvafiq
surətdə" sözləri çıxarılmışdır.
[11] 05 oktyabr 2001-ci il tarixli
190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 683) ilə 15-ci
maddənin 3-cü bəndindən "arbitraj məhkəməsinin və ya" sözləri
çıxarılmışdır.
[12] 23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə 241) ilə
16-cı maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 16. İcarə müəssisəsinin
yaradılması
1.. Dövlət və bələdiyyə
müəssisəsinin əmək kollektivinin ixtiyarı
vardır ki, icarəçilər təşkilatı əsasında
icarə müəssisəsi yaratmaq üçün müstəqil
hüquqi şəxs kimi belə təşkilat yaratsın.
İcarəçilər təşkilatını
və onun idarə orqanlarını yaratmaq haqqında qərarı əmək
kollektivinin ümumi yığıncağı kollektivin üzvlərinin səslərinin
azı üçdə iki hissəsi ilə qəbul edir.
İcarəçilər təşkilatı
həmkarlar ittifaqı komitəsi ilə birlikdə icarə müqaviləsinin
layihəsini hazırlayır və onu müəssisənin mülkiyyətçisinə və
dövlət, bələdiyyə müəssisələrini
icarəyə vermək üçün mülkiyyətçi tərəfindən
vəkil edilmiş orqana göndərir. Onlar müqavilənin
layihəsini alındığı gündən etibarən
otuz gün ərzində nəzərdən keçirməlidirlər,
Meydana çıxan fikir ayrılıqları bu Qanunun 14-cü maddəsinə
müvafiq surətdə nizama salınır.
Müqavilə imzalandıqdan
sonra icarəçilər təşkilatı icarə müəssisəsi statusunu əldə edir.
2.. İcarə müəssisəsi
öz əmək kollektivinin ümumi yığıncağı
tərəfindən təsdiq
edilən nizamnamə əsasında fəaliyyət göstərir.
İcarə müəssisəsi Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş
qaydada dövlət qeydiyyatına alındıqdan sonra
hüquqi şəxs statusu alır.
[13] 23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə 241) ilə 17-ci
maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 17. Əmək
münasibətləri və sosial təminatlar
1.
İcarə müəssisəsinin əmək kollektivi
üzvlərinin əmək münasibətləri bu Qanunda müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla əmək qanunvericiliyi ilə
tənzimlənir.
2.
Dövlət qüvvədə olan qanunvericiliyə
uyğun olaraq icarə müəssisələri işçilərinin sosial
müdafiəsini təmin edir.
3.
İcarə müəssisəsi
öz gəlirlərindən dövlət sosial sığorta
fonduna
qanunvericiliklə müəyyən olunan qaydada və məbləğdə
ayırmalar verir.
[14] 03 dekabr
2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 01, maddə
16) ilə 18-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində
"öz gəlirlərindən
dövlət sığorta fonduna" sözləri "Dövlət Sosial Müdafiə
Fonduna" sözləri ilə əvəz edilmişdir.
31 may 2017-ci il tarixli
703-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 iyun 2017-ci il, ¹ 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1057)
ilə 18-ci maddəsinin 2-ci hissəsinin ikinci
cümləsində “Dövlət
Sosial Müdafiə Fonduna” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri
ilə əvəz edilmişdir.
[15] 11 avqust 1992-ci il tarixli 265 nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992-ci il, ¹ 17, maddə 736) ilə 18-ci maddənin 4-cü bəndinin birinci hissəsində
“o cümlədən mənzil
tikmək” sözlərindən sonra “(kənd təsərrüfatı təyinatlı
torpaqlar da istisna olmaqla)” sözləri əlavə
olunmuş, eyni zamanda 18-ci maddənin 4-cü bəndinin ikinci
hissəsi çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
İcarəyə
götürülmüş torpaq sahəsində icarəçinin
öz vəsaiti və borc götürdüyü vəsait
hesabına tikdiyi binalar və qurğular onun mülkiyyətidir,
bu şərtlə ki, icarə müqaviləsində başqa
hal nəzərdə tutulmasın.
23 aprel 2002-ci
il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 05, maddə 241) ilə 18-ci maddənin
4-cü, 6-cı, 9-cu və 10-cu bəndləri, habelə 8-ci bəndin
ikinci cümləsi çıxarılmışdır.
Maddələrin
əvvəlki redaksiyasında müvafiq
olaraq deyilirdi:
4.
İcarəçinin
icarəyə götürdüyü torpaq sahəsində icarəyəverənin
razılığı ilə və ümumi tikinti
qaydalarına əməl etməklə lazımi istehsal və qeyri-istehsal
binaları, o cümlədən mənzil tikmək (kənd təsərrüfatı təyinatlı
torpaqlar da istisna olmaqla) hüququ vardır.
6. Kənd
təsərrüfatında icarəçilərin maddi-texniki
təminatı, onlara
nəqliyyat, təmir və başqa növ xidmətlər
göstərilməsi müqavilələr əsasında həyata
keçirilir.
8. İcarəçinin
pul əməliyyatları üçün bank idarələrində
hesab açmaq
ixtiyarı vardır. Onun—kredit hesablaşma əməliyyatlarını
həyata keçirmək
üçün bankı müstəqil seçmək
hüququ vardır.
9.
İcarəçilər
istehsalı inkişaf etdirmək üçün bank idarələri
və ya icarəyəverənlər ilə
razılaşdırılmış şərtlərlə
qısamüddətli və uzunmüddətli borclar ala bilərlər.
10. Yerli xalq deputatları
Sovetləri yeni təsərrüfat yaradılması, istehsalın
inkişafı, torpaqların meliorasiyası, yol çəkilişi və mənzil tikintisi
üçün qaytarmaq və ya qaytarmamaq şərti ilə icarəçilərə
vəsait ayıra bilər.
[16]
23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 19-21-ci maddələr çıxarılmışdır.
Maddələrin
əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 19. Təsərrüfatdaxili icarə
podratı
1. .Ayrı-ayrı işçilərin,
kollektivlərin, bölmələrin, işçi
qruplarının (bundan sonra icarə kollektivləri
adlanacaqdır) əməyinin təşkili və ödənilməsi
forması kimi təsərrüfatdaxili icarə podratı dövlət müəssisələrində,
bələdiyyə müəssisələrində və dikər
müəssisələrdə
tətbiq edilə bilər.
İcarədən fərqli
olaraq təsərrüfatdaxili icarə podratında yalnız əmlak icarəsi
(satın almaq hüququ olmadan) nəzərdə tutulur.
2.. Həmkarlar ittifaqı komitəsi
ilə razılığa əsasən müəssisə təsərrüfatdaxili
icarə podratı haqqında əsasnaməni, məhsulun
(işlərin, xidmətlərin)
təsərrüfatdaxili hesablaşma qiymətlərini və tariflərini, maddi və
başqa məsrəflərin icarə kollektivləri tərə-findən uçotu
formalarını təsdiq edir.
3. Dövlət və bələdiyyə
müəssisələrinin icarə kollektivləri əməyin ödənməsi
formalarını və sistemlərini, iş günü
bölgüsünü, işin növbəliyini müstəqil
müəyyənləşdirir, iş vaxtının məcmu
uçotunun tətbiqi
haqqında qərar qəbul edir, müəssisənin müxtəlif
bölmələrinin fəaliyyətində zəruri
uzlaşmanı pozmadan istirahət günlərinin verilməsi qaydasını
müəyyən edir.
İcarə kollektivinin tərkibinə
yeni işçilər onun razılığı ilə daxil edilir.
4. Kənd təsərrüfatında icarə
podratı müqaviləsində icarə kollektivinin üzvü olmayan vətəndaşlar
ilə icarə kollektivinin müəyyən işlər görülməsi üçün
müəssisə adından əmək müqavilələri
bağlamaq hüququ nəzərdə
tutula bilər. Belə vətəndaşların əməyi
icarə kollektivi üzvlərinin
əməyinin ödənməsi üçün nəzərdə
tutulan vəsait hesabına
ödənilir.
M a d d ə 20. İcarə
podratı daxilində təsərrüfat fəaliyyətinin təşkili
1. İcarə
podratı müqaviləsinə uyğun olaraq icarə
kollektivi müqavilədə nəzərdə
tutulmuş məhsulu (işləri, xidmətləri) istehsal etmək və müəssisəyə
vermək, yaxud onun göstərişi ilə dikər müəssisələrə və ya vətəndaşlara
satmaq barəsində öhdəlik götürür.
İcarə kollektivi müqavilədə
göstərilmiş həcmdən artıq istehsal edilmiş məhsul (işlər,
xidmətlər) barəsində öz mülahizəsinə əsasən sərəncam!
vermək ixtiyarına malikdir, bu şərtlə ki, qanunvericilik aktları və ya
müqavilə ilə başqa hal müəyyən edilməsin.
2. İcarə
podratı zamanı müəssisə müəyyən
edilmiş qaydada bütövlükdə
müəssisənin fəaliyyətinin nəticələri
üzrə büdcə, bank və yuxarı orqan ilə hesablaşmalar aparır. Müəssisə
əsas nomenklaturanın və
məhsul (işlər, xidmətlər) istehsalı həcminin
planlaşdırılması
funksiyalarını özündə saxlayır, habelə vahid
texniki siyasət yeridir, müəssisə
üçün ümumi planlar üzrə müəssisəni
yeni texnika ilə təchiz edir
və yenidən qurur, sosial sahəni inkişaf etdirir.
İstehsal proqramını icarə
kollektivi icarə podratı müqaviləsi ilə nəzərdə
tutulmuş öhdəlikləri nəzərə almaqla
müstəqil formalaşdırır.
3.
İcarə podratı müqaviləsi ilə müəssisənin
xərclərində və tədiyələrində, o
cümlədən istehsalın, elm və texnikanın
inkişafına, sosial ehtiyaclara çəkilən xərclərdə icarə
kollektivinin iştirakının miqyası və qaydası müəyyən
edilir.
4.
İcarə podratı müqaviləsində tərəflərin
müqavilə üzrə öhdəliklərinin icra olunmaması və
ya lazımınca icra olunmaması üçün onların məsuliyyəti müəyyən
edilir.
5.
Müəssisə bölmənin icarə kollektivinə
müəssisə adından təsərrüfat müqavilələri
bağlamaq hüququ verə bilər. Belə icarə kollektivinin bank idarəsində
hesab açmaq ixtiyarı vardır. İcarə kollektivi ona təhkim edilmiş əmlak
üçün müqavilələr üzrə məsuliyyət daşıyır.
Əmlak kifayət qədər olmadıqda icarə kollektivinin
öhdəlikləri
üzrə məsuliyyəti icarəyəverən müəssisə
daşıyır.
6.
İcarəyə verən müəssisə müqavilə
əsasında bölmələrin icarə kollektivlərinə özlərinin
istehsal etdikləri məhsulu (işləri, xidmətləri) müstəqil
satmaq, götürdükləri gəlirdən əmək
haqqı, vergilərin ödənilməsi
və büdcəyə tədiyələr, sosial
sığortaya haqq verilməsi üçün istifadə etmək
hüququ verə bilər. Belə icarə kollektivləri bank idarələrində
və ya maliyyə-hesablaşma mərkəzlərində hesablar aça bilərlər.
7.
Təsərrüfatdaxili icarə zamanı icarəyəverən
icarəçiyə müxtəlif güzəştlər verə bilər.
8.
İcarə kollektivinə təhkim olunmuş əmlakdan
istifadə üçün haqq (icarə haqqı) icarə
podratı müqaviləsində müəyyən edilir. Qiymətlər və dikər
iqtisadi şərait dəyişildikdə icarə
haqqının miqdarı tərəflərin
razılığı ilə yenidən nəzərdən
keçirilib dəyişdirilə bilər.
9.
Əkinlər, mal-qara və icarəyə
götürülmüş dikər əmlak müəssisə tərəfindən
sığortalanırsa və icarə kollektivi təbii fəlakət
üzündən
və ya başqa sığorta hallarında müqavilədə
göstərilmiş; həcmdə məhsul götürmürsə, icarə
haqqı müəssisənin aldığı sığorta haqqının məbləğinə
mütənasib surətdə azaldılır.
İcarə kollektivi müəssisənin
razılığı ilə əkinlərin, mal-qaranın və
dikər əmlakın sığortalanması
üçün onun adından müqavilələr bağlamaq
ixtiyarına malikdir. Bu halda təbii fəlakət və
başqa
sığorta halları zamanı icarə haqqının məbləği
yenidən nəzərdən keçirilib
dəyişdirilir.
10. İcarə
kollektivlərinin gəliri icarə haqqı verildikdən, maddi məsrəflər ödənildikdən,
müqavilədə nəzərdə tutulmuş başqa ayırmalardan sonra satış pulundan əmələ
gəlir. İcarə kollektivində
qalan gəlirdən o, müstəqil istifadə edir və bu gəlir
geri alına bilməz.
Maddə 21. İcarə
kollektivinin hüquqlarının təminatı
1.
İcarə podratı müqaviləsinə müvafiq surətdə
icarə kollektivinə təhkim
edilmiş əmlakın müəssisə tərəfindən
geri alınmasına yol verilmir.
2.
İcarə podratı müqaviləsinin vaxtından əvvəl
dəyişdirilməsinə və ya pozulmasına yalnız icarə kollektivi
ilə müəssisə arasındakı razılığa əsasən
yol verilir.
3.
İcarə podratı müqaviləsinin icrası,
pozulması və dəyişdirilməsi sahəsində icarə kollektivi ilə
müəssisə arasında əmələ gələn mübahisələr
əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada həll
edilir.