İcarə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. İcarə anlayışı
İcarə əmlaka, torpağa və digər təbii
ehtiyatlara müqavilə əsasında, əvəzi
ödənilməklə müddətli sahib olmaq və
bunlardan istifadə etməkdir.
M a d d ə 2. İcarə qanunvericiliyi
İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə
və Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə tənzimlənir.
Torpaq icarəsi ilə bağlı
münasibətlər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında"
Azərbaycan Respublikasının Qanunu, habelə həmin
qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi
aktlarla tənzimlənir. [1]
Ələt azad iqtisadi zonasında icarə münasibətləri
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[2]
M a d d ə
3. İcarə dairəsi və obyektləri
İcarəyə xalq təsərrüfatının
bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və
növlərinin əmlakı barəsində tətbiq
edilə bilər.
İcarə münasibətlərinin obyekti ola bilməyən
əmlakın dairəsi və növləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 4.
İcarəyəverənlər
Əmlakı icarəyə vermək hüququ
mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara
və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya
hüquqlarına malik olan şəxslərə məxsusdur.
[3]
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin
icarəsinə dövlət və bələdiyyə
mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin
razılığı ilə verilir.
M a d d ə 5. İcarəçilər
hər hansı hüquqi və fiziki şəxs icarəçi
ola bilər.
M a d d ə 6. İcarəçi birlikləri
İcarəçilərin ixtiyarı var ki,
könüllülük əsasında assosiasiyalar, ittifaqlar, başqa birliklər yaratsınlar,
onların fəaliyyətini maliyyələşdirsinlər
və nizamnamələrə uyğun olaraq sərbəst surətdə onların tərkibindən
çıxsınlar.
M a d d ə 7. İcarə müqaviləsi
1. İcarəyəverənin icarəçi ilə
münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
2. İcarə müqaviləsində
aşağıdakılar nəzərdə tutulur: icarəyə
verilən əmlakın tərkibi və dəyəri,
icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən
icarəyə verilməsi (icarəyə
götürülmüş əmlakın icarəyə verilməsi)
imkanına münasibət, icarəyə
götürülmüş əmlakı tam bərpa və təmir
etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin
icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi,
icarəçinin əmlakdan müqavilə
şərtlərinə uyğun surətdə istifadə etmək,
icarə haqqını ödəmək. və
müqaviləyə xitam verildikdən sonra əmlakı
müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə
qaytarmaq vəzifəsi.
3. İcarə müqaviləsinə tərəflərin
başqa vəzifələri də daxil edilə
bilər.
4.
İcarəyə verilən
əmlakın dəyəri faktik aşınma nəzərə
alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan
qiymət əsasında müqavilədə
müəyyən edilir.
5.
İcarə müqaviləsi
üzrə vəzifələri icra etməmək və ya
lazımınca icra etməmək, o cümlədən
müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər
Azərbaycan Respublikasının qanunvericiliyi
və müqavilə ilə müəyyən edilən məsuliyyət
daşıyırlar.
Maddə 8. İcarə
haqqı
1. İcarə
haqqının məbləği və ödənilməsi
qaydası müqavilədə şərtləşdirilir.
həm də icarə ödənişinin məbləği
icarəyə götürülən
əsas fondların dəyəri və vəziyyəti, müəssisənin
inkişaf perspektivləri və
digər amillər, habelə icarəyə
götürülmüş əmlakın istismarından əldə edilməli
olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
Dövlət əmlakının
(mənzil fondundan başqa) icarəyə verilməsi
üçün icarə haqqının minimum məbləği
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. [4]
İcarə müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, icarəyə götürülmüş
əmlakın dəyərindən amortizasiya ayırmaları
icarə haqqına daxil edilir. İcarəyə
götürülmüş əmlakın təkrar
istehsalını tamamilə icarəçi həyata
keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə
məxsus olur.
Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda, icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi isə həmin müəssisələrin sərəncamında qalır. [5]
Dövlət mülkiyyətində olan əmlakın
icarəyə verilməsindən daxilolmalara nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. [6]
2. Zərərlə işləyən və azrentabelli
müəssisələr icarə münasibətlərinə keçərkən müqavilədə
mütərəqqi ixtisarla dotasiyanın məbləği, zərərlə işləmənin
aradan qaldırılmasına, rentabelliyin yüksəldilməsinə
dair öhdəliklər, icarə ödənişlərinin
tutulmağa başlanacağı vaxt nəzərdə
tutula bilər. İcarəyəverən zərərlə
işləyən və azrentabelli dövlət
müəssisələrinin icarəçilərinə icarə
haqqının məbləği
üzrə güzəştlər verə bilər.
3. Dövlət tərəfindən tənzimlənən
qiymətlər, tariflər, ödənişlər və ya amortizasiya normaları dəyişdikdə,
inflyasiyanın sürəti kəskin
artdıqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa
hallarda tərəflərdən biri icarə
məbləğinin dəyişdirilməsini tələb edə
bilər.
4. Əmlakdan istifadənin müqavilədə nəzərdə
tutulmuş şərtləri və ya əmlakın
vəziyyəti icarəçinin cavabdeh olmadığı səbəblər
üzündən xeyli pisləşdikdə icarəçinin
hüququ var ki, icarə haqqının azaldılmasını
tələb etsin.
5. İcarəçi icarə haqqından savayı, Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin
vəzifəsinə daxil edilməsin.
6. İcarə haqqı tərəflərin
razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə
bilər.
M a d d ə
9. İcarə zamanı mülkiyyət
1. Əmlakın icarəyə verilməsi bu əmlak
üzərində mülkiyyət hüququnun verilməsinə səbəb
olmur.
2. İcarəçinin icarəyə
götürdüyü əmlakdan istifadə nəticəsində
əldə etdiyi məhsul və gəlir, habelə
icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak
onun mülkiyyətidir.
3. Əgər icarə müqaviləsində başqa hal
nəzərdə tutulmayıbsa, icarəyə
götürülmüş ərazidə icarəyəverənin
razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması
mümkün olmayan binalar və qurğular icarəçiyə
məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən
həmin binaların və qurğuların bazar dəyərini
icarəçiyə ödəməlidir.
İcarəyə götürülmüş ərazidə
icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş,
aparılması mümkün olmayan
binalar və qurğular icarəyəverənə məxsusdur.
İcarəyəverən bunların sökülməsini
tələb etdikdə icarəçi onları öz
hesabına sökməyə və ya sökülmə
xərclərini ödəməyə borcludur.
5.
İcarəyə
götürülmüş əmlak icarəyəverənin
razılığı ilə yaxşılaşdırıldıqda
müqavilənin müddəti qurtardıqdan və ya
müqavilə pozulduqdan sonra icarəçinin
hüququ var ki, qanunda və ya müqavilədə
başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə
çəkdiyi bütün xərclərin
ödənilməsini tələb etsin.
6.
İcarəyəverənin
icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər
vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar
müqavilənin müddəti qurtardıqdan və ya
müqavilə pozulduqdan sonra əvəzi
ödənilmədən icarəyəverənə keçir.
7.
İcarəyəverənin
icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər
vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən
ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri
götürə bilər.
Maddə 10. İcarəyə
götürülən əmlakın satın alınması
İcarəçi icarəyə
götürdüyü əmlakı mülkiyyətçinin
razılığı ilə dövlətsizləşdirmə
və özləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən
satın ala bilər.
Maddə 11. İcarəçinin təsərrüfat fəaliyyəti
istiqamətlərinin müəyyənləşdirilməsi
İcarəçi icarə müqaviləsinə
uyğun olaraq müstəqil surətdə özünün təsərrüfat fəaliyyətinin istiqamətlərini
müəyyənləşdirir və istehsal
etdiyi məhsul, götürdüyü gəlir barəsində
sərəncam verir.
İcarəçi öz təsərrüfat fəaliyyətində
yalnız icarə müqaviləsinin şərtləri
ilə məhdudlaşdırılır.
M a d d ə
12. İcarənin müddətləri
İcarənin müddətləri müqavilə ilə
müəyyənləşdirilir. [7]
Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması
1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə,
onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində və digər normativ
hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol
verilir. Tərəflərdən birinin müqavilə
şərtlərini pozduğu hallarda o biri tərəfin
tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula
bilər. [8]
2. İcarə obyekti dövlətsizləşdirmə və
özəlləşdirmə üçün
açıldıqda icarə müqaviləsi
ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən
bazar dəyəri üzrə ödəməlidir.
3. İcarəyəverən təşkilatın yenidən
təşkil edilməsi, habelə icarəyə
götürülmüş əmlakın mülkiyyətçisinin
dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi
və ya onun pozulması üçün əsas deyildir.
4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin
müqaviləni təzələmək hüququ vardır.
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona
xitam vermək və ya onu dəyişdirmək
haqqında tərəflərdən birinin ərizəsi
olmadıqda o, müqavilədə nəzərdə
tutulmuş eyni müddət üçün və eyni şərtlərlə
uzadılmış hesab edilir. Müqavilə yeni müddət
üçün uzadılarkən onun şərtləri tərəflərin
razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin
ayrı-ayrı növləri üçün Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və digər
qanunları ilə başqa qaydalar da müəyyən edilə
bilər. [9]
6. İcarəçi vətəndaş ilə müqaviləyə
xitam verilərkən onunla birlikdə
yaşamış və işləmiş ailə üzvləri
icarə müqaviləsi bağlamaqda
üstün hüquqa malikdirlər.
İcarəçi vəfat etdikdə icarə
müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş
ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü
icarəçi olmağa razı olsun.
Müqavilənin bağlanmasının icarəçinin
şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi
hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan
müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına
razılıq verməsin.
Maddə 14. İcarə
müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə
baxılması
İcarə müqaviləsinin bağlanması,
icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn
mübahisələrə məhkəmə
baxır. [10]
Maddə 15. İcarəçinin əmlak
hüquqlarının müdafiəsi
1. İcarəçinin icarəyə götürülən
əmlak üzərində hüququnun müdafiəsi
mülkiyyətçinin hüququnun müdafiəsi ilə
eyni əsasda təmin edilir. O, icarəyə
götürülmüş əmlakın hər hansı
qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə
edilməsində maneələrin aradan
qaldırılmasını, bütün şəxslərin, o
cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb
edə bilər.
2.
İcarəyəverənin
borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir.
3.
İcarəçinin əmlakı
ondan yalnız məhkəmənin qərarı
ilə geri alına bilər. [11]
Maddə 16. (Çıxarılıb) [12]
Maddə 17. (Çıxarılıb) [13]
Maddə 18. Əmlakın vətəndaşlar tərəfindən
icarəsi
1. Vətəndaş, yaxud vətəndaşlar qrupu
istehsal vasitələrini və təsərrüfat
fəaliyyəti ilə məşğul olmaq üçün
onlara lazım olan başqa əmlakı
icarəyə götürə bilərlər.
2.
Fərdi icarə, yaxud
qrup icarəsi şərtləri üzrə əmək fəaliyyəti ilə məşğul olan şəxslər fəhlə
və qulluqçularla bərabər sosial sığorta edilməli və sosial cəhətdən
təmin olunmalıdırlar. İcarəçilər
qanunvericilikdə müəyyən olunmuş qaydada və
miqdarda müvafiq
icra hakimiyyəti orqanına vəsait
ayırırlar. İcarəçilərin sığorta haqqı ödənilən iş
dövrü əmək stajına daxil edilir. [14]
3.
Fərdi icarə, yaxud
qrup icarəsi zamanı icarəçilər istehsal olunmuş məhsul barəsində müstəqil sərəncam
verir, istehlakçı ilə razılaşmaya
əsasən və ya müstəqil surətdə müəyyən
edilmiş qiymətlər və tariflər üzrə işlər
görür və xidmətlər göstərirlər.
İstehsal edilmiş məhsul respublika ərazisində sərbəst
surətdə satılır. Respublika
hüdudlarından kənara məhsul qanunvericilikdə müəyyən
olunmuş qaydada aparılır.
4.
(çıxarılıb)
5.
İcarəçi məhsulun
(işlərin, xidmətlərin) satış pulundan icarə haqqını, vergiləri və bankın
borcları üzrə tədiyələri ödədikdən sonra onun barəsində müstəqil sərəncam
verir.
6.
(çıxarılıb)
7.
Kəndli və başqa
əmək təsərrüfatları istehsal fəaliyyətini
həyata keçirərkən kooperasiya əlaqələrinə
kirə bilər, təchizat-satış,
emal, təmir, tikinti kooperativləri və başqa kooperativlər,
habelə təsərrüfat birlikləri yarada bilər,
ittifaqlarda birləşə bilərlər.
8.
İcarəçinin pul
əməliyyatları üçün bank idarələrində
hesab açmaq ixtiyarı vardır.
9. (çıxarılıb).
10. (çıxarılıb) [15]
M a d d ə 19. (çıxarılıb).
M a d d ə 20. (çıxarılıb).
M a d d ə 21. (çıxarılıb). [16]
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini
həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV.
Bakı şəhəri, 30 aprel 1992-ci il.
¹ 114.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11
avqust 1992-ci il tarixli 265 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 17, maddə
736)
2. 05
noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, ¹ 03, maddə 226)
3. 28
dekabr 1998-ci il tarixli 600-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 01, maddə
8)
4. 05
oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683)
5. 23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241)
6. 22
noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706)
7. 03
dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 01, maddə
16)
8. 31
may 2017-ci il tarixli 703-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 iyun 2017-ci il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1057)
9. 29
iyun 2018-ci il tarixli 1204-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2018-ci
il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1420)
10. 28
dekabr 2018-ci il tarixli 1409-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 26)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 2-ci maddədə "Torpaq Məcəlləsi"
sözləri çıxarılmış və ikinci hissə
əlavə edilmişdir.
[2] 28
dekabr 2018-ci il tarixli 1409-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 26) ilə 2-ci
maddəyə yeni məzmunda üçüncü hissə
əlavə edilmişdir.
[3] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 4-cü maddənin birinci hissəsində "tam təsərrüfat idarəsinə
yaxud əməli idarəsinə verilmiş hüquqi şəxslərə"
sözləri "üzərində
digər əşya hüquqlarına malik olan şəxslərə"
sözləri ilə əvəz edilmişdir.
[4] 28 dekabr 1998-ci il tarixli 600-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 01, maddə 8) ilə 8-ci maddənin
1-ci hissəsinə birinci abzasdan sonra daha bir abzas əlavə
edilmişdir.
[5] 29
iyun 2018-ci il tarixli 1204-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul
2018-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1420)
ilə 8-ci maddənin 1-ci hissəsinin
dördüncü abzasında “Qanunla”
sözündən sonra “və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə
edilmişdir.
[6] 22 noyabr
2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706) ilə 8-ci maddəsinin 1-ci hissəsinə
dördüncü və beşinci abzaslar əlavə
edilmişdir.
[7] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 05, maddə 241) ilə 12-ci maddənin ikinci və
üçüncü cümlələri
çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
Bu zaman torpağın,
dikər təbii ehtiyatların, müəssisələrin,
binaların, qurğuların icarəsi, bir qayda olaraq,
uzunmüddətli xarakter daşımalıdır.
Əmlakın xarakteri və icarənin məqsədləri nəzərə
alınmaqla-müqavilə qısamüddətli də ola bilər.
[8] 05 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683) ilə 13-cü maddənin 1-ci bəndindən "arbitraj məhkəməsinin və
ya" sözləri çıxarılmışdır.
[9] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 05, maddə 241) ilə 13-cü maddənin
adında "müqavilənin"
sözü "icarə
müqaviləsinin" sözləri ilə əvəz
edilmiş, 1-ci bəndin birinci cümləsində "verilməsinə"
sözündən sonra "Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
digər normativ hüquqi aktlarda müəyyən edilmiş
qaydada, habelə" sözləri, həmçinin 5-ci bəndə
üçüncü cümlə əlavə edilmişdir.
[10] 05 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683) ilə 14-cü maddədən "arbitraj məhkəməsi və ya" və "öz səlahiyyətinə
müvafiq surətdə" sözləri çıxarılmışdır.
[11] 05 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683) ilə 15-ci maddənin 3-cü bəndindən "arbitraj məhkəməsinin və
ya" sözləri çıxarılmışdır.
[12] 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 16-cı maddə çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 16. İcarə müəssisəsinin
yaradılması
1.. Dövlət və bələdiyyə
müəssisəsinin əmək kollektivinin ixtiyarı
vardır ki, icarəçilər təşkilatı əsasında
icarə müəssisəsi yaratmaq üçün
müstəqil hüquqi şəxs kimi belə təşkilat
yaratsın.
İcarəçilər
təşkilatını və onun idarə orqanlarını
yaratmaq haqqında qərarı əmək kollektivinin
ümumi yığıncağı kollektivin üzvlərinin səslərinin
azı üçdə iki hissəsi ilə qəbul edir.
İcarəçilər
təşkilatı həmkarlar ittifaqı komitəsi ilə
birlikdə icarə müqaviləsinin layihəsini
hazırlayır və onu müəssisənin mülkiyyətçisinə
və dövlət, bələdiyyə müəssisələrini
icarəyə vermək üçün
mülkiyyətçi tərəfindən vəkil edilmiş
orqana göndərir. Onlar müqavilənin layihəsini
alındığı gündən etibarən otuz gün ərzində
nəzərdən keçirməlidirlər, Meydana
çıxan fikir ayrılıqları bu Qanunun 14-cü maddəsinə
müvafiq surətdə nizama salınır.
Müqavilə
imzalandıqdan sonra icarəçilər təşkilatı
icarə müəssisəsi statusunu əldə edir.
2.. İcarə müəssisəsi öz əmək
kollektivinin ümumi yığıncağı tərəfindən təsdiq edilən nizamnamə
əsasında fəaliyyət göstərir. İcarə müəssisəsi Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş
qaydada dövlət qeydiyyatına alındıqdan sonra
hüquqi şəxs statusu alır.
[13] 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 17-ci maddə çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
Maddə 17. Əmək
münasibətləri və sosial təminatlar
1.
İcarə müəssisəsinin əmək
kollektivi üzvlərinin əmək münasibətləri bu Qanunda
müəyyən edilmiş xüsusiyyətlər nəzərə
alınmaqla əmək qanunvericiliyi ilə tənzimlənir.
2.
Dövlət qüvvədə olan
qanunvericiliyə uyğun olaraq icarə müəssisələri
işçilərinin sosial müdafiəsini təmin edir.
3.
İcarə
müəssisəsi öz gəlirlərindən dövlət
sosial sığorta fonduna qanunvericiliklə
müəyyən olunan qaydada və məbləğdə
ayırmalar verir.
[14] 03 dekabr
2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 01, maddə
16) ilə 18-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində
"öz gəlirlərindən
dövlət sığorta fonduna" sözləri "Dövlət Sosial Müdafiə
Fonduna" sözləri ilə əvəz edilmişdir.
31 may 2017-ci il tarixli 703-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 iyun 2017-ci il, ¹ 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1057)
ilə 18-ci maddəsinin 2-ci hissəsinin ikinci
cümləsində “Dövlət
Sosial Müdafiə Fonduna” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri
ilə əvəz edilmişdir.
[15] 11 avqust 1992-ci il tarixli 265 nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992-ci il, ¹ 17, maddə 736) ilə 18-ci maddənin 4-cü bəndinin
birinci hissəsində “o
cümlədən mənzil tikmək” sözlərindən
sonra “(kənd təsərrüfatı
təyinatlı torpaqlar da istisna olmaqla)” sözləri əlavə
olunmuş, eyni zamanda 18-ci maddənin 4-cü bəndinin ikinci
hissəsi çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
İcarəyə
götürülmüş torpaq sahəsində icarəçinin
öz vəsaiti və borc
götürdüyü vəsait hesabına tikdiyi binalar və
qurğular onun mülkiyyətidir, bu şərtlə ki, icarə
müqaviləsində başqa hal nəzərdə tutulmasın.
23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə 241)
ilə 18-ci maddənin 4-cü, 6-cı, 9-cu və 10-cu bəndləri,
habelə 8-ci bəndin ikinci cümləsi çıxarılmışdır.
Maddələrin
əvvəlki redaksiyasında müvafiq
olaraq deyilirdi:
4. İcarəçinin
icarəyə götürdüyü torpaq sahəsində icarəyəverənin
razılığı ilə və ümumi tikinti
qaydalarına əməl etməklə lazımi istehsal və qeyri-istehsal
binaları, o cümlədən mənzil tikmək (kənd təsərrüfatı təyinatlı
torpaqlar da istisna olmaqla) hüququ vardır.
6. Kənd təsərrüfatında
icarəçilərin maddi-texniki təminatı, onlara nəqliyyat, təmir və başqa
növ xidmətlər göstərilməsi müqavilələr əsasında həyata
keçirilir.
8. İcarəçinin pul əməliyyatları
üçün bank idarələrində hesab açmaq ixtiyarı
vardır. Onun—kredit hesablaşma əməliyyatlarını
həyata keçirmək
üçün bankı müstəqil seçmək
hüququ vardır.
9. İcarəçilər
istehsalı inkişaf etdirmək üçün bank idarələri
və ya icarəyəverənlər ilə
razılaşdırılmış şərtlərlə
qısamüddətli və uzunmüddətli borclar ala bilərlər.
10. Yerli xalq deputatları Sovetləri yeni
təsərrüfat yaradılması, istehsalın inkişafı,
torpaqların meliorasiyası, yol çəkilişi və mənzil tikintisi
üçün qaytarmaq və ya qaytarmamaq şərti ilə icarəçilərə vəsait ayıra
bilər.
[16] 23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 05, maddə
241) ilə 19-21-ci maddələr çıxarılmışdır.
Maddələrin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 19. Təsərrüfatdaxili icarə
podratı
1. .Ayrı-ayrı işçilərin, kollektivlərin,
bölmələrin, işçi qruplarının (bundan sonra
icarə kollektivləri adlanacaqdır) əməyinin təşkili və
ödənilməsi forması kimi təsərrüfatdaxili
icarə podratı dövlət müəssisələrində,
bələdiyyə müəssisələrində və dikər
müəssisələrdə tətbiq edilə bilər.
İcarədən fərqli
olaraq təsərrüfatdaxili icarə podratında yalnız əmlak icarəsi
(satın almaq hüququ olmadan) nəzərdə tutulur.
2.. Həmkarlar ittifaqı komitəsi ilə
razılığa əsasən müəssisə təsərrüfatdaxili
icarə podratı haqqında əsasnaməni, məhsulun
(işlərin, xidmətlərin) təsərrüfatdaxili
hesablaşma qiymətlərini və tariflərini, maddi və
başqa məsrəflərin icarə kollektivləri tərə-findən uçotu
formalarını təsdiq edir.
3. Dövlət və bələdiyyə müəssisələrinin
icarə kollektivləri əməyin ödənməsi
formalarını və sistemlərini, iş günü
bölgüsünü, işin növbəliyini
müstəqil müəyyənləşdirir, iş
vaxtının məcmu uçotunun tətbiqi
haqqında qərar qəbul edir, müəssisənin müxtəlif
bölmələrinin fəaliyyətində zəruri
uzlaşmanı pozmadan istirahət günlərinin verilməsi
qaydasını müəyyən edir.
İcarə kollektivinin tərkibinə
yeni işçilər onun razılığı ilə daxil edilir.
4. Kənd təsərrüfatında
icarə podratı müqaviləsində icarə kollektivinin üzvü olmayan vətəndaşlar
ilə icarə kollektivinin müəyyən işlər görülməsi üçün
müəssisə adından əmək müqavilələri
bağlamaq hüququ nəzərdə
tutula bilər. Belə vətəndaşların əməyi
icarə kollektivi üzvlərinin
əməyinin ödənməsi üçün nəzərdə
tutulan vəsait hesabına
ödənilir.
M a d d ə 20. İcarə
podratı daxilində təsərrüfat fəaliyyətinin təşkili
1. İcarə podratı müqaviləsinə
uyğun olaraq icarə kollektivi müqavilədə nəzərdə tutulmuş məhsulu
(işləri, xidmətləri) istehsal etmək və müəssisəyə vermək, yaxud
onun göstərişi ilə dikər müəssisələrə və ya vətəndaşlara
satmaq barəsində öhdəlik götürür.
İcarə kollektivi
müqavilədə göstərilmiş həcmdən
artıq istehsal edilmiş məhsul (işlər, xidmətlər)
barəsində öz mülahizəsinə əsasən sərəncam!
vermək ixtiyarına malikdir, bu şərtlə ki, qanunvericilik aktları və
ya müqavilə ilə başqa hal müəyyən edilməsin.
2. İcarə podratı zamanı müəssisə
müəyyən edilmiş qaydada bütövlükdə müəssisənin
fəaliyyətinin nəticələri üzrə büdcə,
bank və yuxarı orqan ilə
hesablaşmalar aparır. Müəssisə əsas nomenklaturanın və məhsul (işlər,
xidmətlər) istehsalı həcminin planlaşdırılması funksiyalarını
özündə saxlayır, habelə vahid texniki siyasət yeridir, müəssisə
üçün ümumi planlar üzrə müəssisəni
yeni texnika ilə təchiz edir
və yenidən qurur, sosial sahəni inkişaf etdirir.
İstehsal
proqramını icarə kollektivi icarə podratı müqaviləsi ilə nəzərdə
tutulmuş öhdəlikləri nəzərə almaqla
müstəqil formalaşdırır.
3.
İcarə podratı müqaviləsi
ilə müəssisənin xərclərində və tədiyələrində,
o cümlədən istehsalın, elm və texnikanın
inkişafına, sosial ehtiyaclara çəkilən xərclərdə
icarə kollektivinin iştirakının miqyası və
qaydası müəyyən edilir.
4. İcarə podratı
müqaviləsində tərəflərin müqavilə
üzrə öhdəliklərinin icra
olunmaması və ya lazımınca icra olunmaması
üçün onların məsuliyyəti müəyyən edilir.
5.
Müəssisə bölmənin icarə
kollektivinə müəssisə adından təsərrüfat
müqavilələri bağlamaq hüququ verə bilər. Belə
icarə kollektivinin bank idarəsində hesab açmaq ixtiyarı
vardır. İcarə kollektivi ona təhkim
edilmiş əmlak üçün müqavilələr
üzrə məsuliyyət daşıyır. Əmlak kifayət
qədər olmadıqda icarə kollektivinin öhdəlikləri
üzrə məsuliyyəti icarəyəverən müəssisə
daşıyır.
6.
İcarəyə verən müəssisə
müqavilə əsasında bölmələrin icarə kollektivlərinə
özlərinin istehsal etdikləri məhsulu (işləri, xidmətləri) müstəqil
satmaq, götürdükləri gəlirdən əmək
haqqı, vergilərin ödənilməsi və büdcəyə tədiyələr,
sosial sığortaya haqq verilməsi
üçün istifadə etmək hüququ verə bilər.
Belə icarə kollektivləri bank idarələrində
və ya maliyyə-hesablaşma mərkəzlərində hesablar aça bilərlər.
7.
Təsərrüfatdaxili icarə
zamanı icarəyəverən icarəçiyə müxtəlif güzəştlər
verə bilər.
8.
İcarə kollektivinə təhkim
olunmuş əmlakdan istifadə üçün haqq (icarə
haqqı) icarə podratı müqaviləsində müəyyən
edilir. Qiymətlər və dikər iqtisadi şərait dəyişildikdə
icarə haqqının miqdarı tərəflərin
razılığı ilə yenidən nəzərdən
keçirilib dəyişdirilə bilər.
9.
Əkinlər, mal-qara və icarəyə
götürülmüş dikər əmlak müəssisə tərəfindən
sığortalanırsa və icarə kollektivi təbii fəlakət
üzündən və ya başqa sığorta
hallarında müqavilədə göstərilmiş; həcmdə məhsul
götürmürsə, icarə haqqı müəssisənin
aldığı sığorta haqqının məbləğinə
mütənasib surətdə azaldılır.
İcarə kollektivi
müəssisənin razılığı ilə əkinlərin,
mal-qaranın və dikər əmlakın
sığortalanması üçün onun adından
müqavilələr bağlamaq ixtiyarına malikdir. Bu halda təbii
fəlakət və başqa sığorta
halları zamanı icarə haqqının məbləği
yenidən nəzərdən keçirilib dəyişdirilir.
10. İcarə kollektivlərinin gəliri
icarə haqqı verildikdən, maddi məsrəflər ödənildikdən, müqavilədə
nəzərdə tutulmuş başqa ayırmalardan sonra satış pulundan əmələ gəlir.
İcarə kollektivində
qalan gəlirdən o, müstəqil istifadə edir və bu gəlir
geri alına bilməz.
Maddə 21. İcarə
kollektivinin hüquqlarının təminatı
1. İcarə podratı
müqaviləsinə müvafiq surətdə icarə kollektivinə təhkim
edilmiş əmlakın müəssisə tərəfindən
geri alınmasına yol verilmir.
2.
İcarə podratı müqaviləsinin
vaxtından əvvəl dəyişdirilməsinə və ya
pozulmasına yalnız icarə kollektivi ilə müəssisə
arasındakı razılığa əsasən yol
verilir.
3.
İcarə podratı müqaviləsinin
icrası, pozulması və dəyişdirilməsi sahəsində
icarə kollektivi ilə müəssisə arasında əmələ
gələn mübahisələr əmək
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.