Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
KONSTİTUSİYA AKTI
1918-ci il mayın 28-də
Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi
qəbul edərək Azərbaycan xalqının dövlət
quruluşunun çoxəsrlik ənənələrini
dirçəltdi.
Azərbaycan Respublikası
öz ərazisində tam dövlət hakimiyyətinə malik
olub müstəqil xarici və daxili siyasət yeridirdi.
Azərbaycan Respublikasının müstəqil
dövlətə xas olan təsisatları - parlamenti,
hökuməti, ordusu, maliyyə sistemi
yaradılmışdı və fəaliyyət
göstərirdi. Azərbaycan Respublikası bir çox xarici
dövlətlər tərəfindən tanınmış
və onlarla diplomatik münasibətlər
yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR
beynəlxalq hüquq normalarını kobudcasına pozaraq,
müharibə elan etmədən öz silahlı
qüvvələrinin hissələrini Azərbaycana yeritdi,
suveren Azərbaycan Respublikasının ərazisini
işğal etdi, qanuni seçilmiş hakimiyyət
orqanlarını zorakılıqla devirdi və Azərbaycan
xalqının çox böyük qurbanlar bahasına
qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan
1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya
tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili
haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ilhaqı
təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan
Respublikasına qarşı əslində müstəmləkəçilik
siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları
amansızcasına istismar olunur, milli sərvətləri
çapılıb talanır, Azərbaycan xalqı
təqiblərə və kütləvi cəza tədbirlərinə
məruz qalırdı, onun milli ləyaqəti
tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan
xalqı dövlət müstəqilliyi uğrunda
mübarizəni davam etdirirdi.
"Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpası haqqında" Azərbaycan Respublikası Ali
Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə
də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının
Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın
28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə,
Azərbaycan Respublikasının demokratik prinsiplərinin
və ənənələrinin varisliyinə əsaslanaraq
və "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında" Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli
Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya
Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə
1. 1920-ci il aprelin 27-28-də
RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika
ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti
olan Azərbaycan Demokratik Respublikasını devirməsi
Rusiyanın müstəqil Azərbaycanı işğal
etməsi hesab edilsin.
Maddə
2. Azərbaycan Respublikası
1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud
olmuş Azərbaycan Respublikasının varisidir.
Maddə
3. SSRİ-nin təşkili
haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin
Azərbaycana aid hissəsi imzalandığı andan
etibarsızdır.
Keçmiş SSR
İttifaqının tərkibinə daxil olmuş suveren
dövlətlər ilə qarşılıqlı
münasibətlərin ortaya çıxan bütün
məsələləri müqavilələr və
sazişlər əsasında nizama salınmalıdır.
Maddə
4. Azərbaycan
Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya
Aktının müddəalarına zidd gəlməyən
yerlərində qüvvədə qalır.
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpası elan edilənə qədər qüvvədə
olmuş, Azərbaycan Respublikasının suverenliyinə
və ərazi bütövlüyünə zidd olmayan, milli
dövlət quruluşunun dəyişdirilməsinə
yönəldilməmiş aktların hamısı
Azərbaycan Respublikasında hüquqi qüvvəsini
saxlayır.
Azərbaycan
Respublikasının müvafiq qanunları qəbul
edilənədək SSRİ qanunları Azərbaycan
Respublikasının ərazisində hüquqi qüvvəsini
saxlayır; həmin qanunların siyahısını
Azərbaycan Respublikasının parlamenti müəyyən
edir.
Maddə
5. Azərbaycan
Respublikasının müstəqilliyinə qarşı
yönəldilən hər hansı hərəkət suveren
dövlətin daxili işlərinə qarışmaqdır
və beynəlxalq hüquq normalarına uyğun olaraq bu
hərəkətlərə cavab verilir.
Maddə
6. SSRİ-nin dövlət
borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına
keçə bilər ki, respublikanın ərazisində
təsərrüfat fəaliyyəti nəticəsində
və Azərbaycan Respublikasının ixtiyarına
keçən SSRİ əmlakı ilə əlaqədar
yaranmış olsun.
Maddə
7. SSRİ-nin Azərbaycan
Respublikası ərazisindəki bütün daşınar
və daşınmaz mülkiyyəti Azərbaycan
Respublikasının dövlət mülkiyyətidir.
SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq
hüquqa uyğun olaraq müqavilə üzrə başqa
dövlətlərə - SSRİ-nin keçmiş
subyektlərinə verilə biləcək hissəsi istisna
təşkil edir.
SSRİ-in Azərbaycan Respublikasının
hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin
tərkibində olduğu dövrdə Azərbaycanın milli
gəliri, təbii və başqa ehtiyatları hesabına
yaranmış əmlakı bu əmlakın yaranmasında
Azərbaycanın töhfəsinə müvafiq həcmdə,
müqavilə üzrə Azərbaycan Respublikasına
keçir.
II.
AZƏRBAYCAN XALQI
Maddə
8. Azərbaycan xalqı
Azərbaycan Respublikasının ərazisində və ondan
kənarda yaşayan, Azərbaycan dövlətinə və
onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir; bu isə
beynəlxalq hüquqla müəyyənləşdirilmiş
normaları istisna etmir.
Maddə 9. Öz idarəetmə formasını
seçmək, başqa xalqlarla öz münasibətlərini
müəyyənləşdirmək, siyasi, iqtisadi və
mədəni həyatını öz tarixi və milli
ənənələrinə, ümumbəşəri
dəyərlərə uyğun inkişaf etdirmək
Azərbaycan xalqının ayrılmaz hüququdur.
Maddə
10. Azərbaycan Respublikasında
suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur.
Azərbaycan xalqının hər hansı bir hissəsi,
hər hansı bir şəxs suveren hakimiyyətin həyata
keçirilməsi səlahiyyətini mənimsəyə
bilməz.
Azərbaycan xalqı suveren
hakimiyyəti bilavasitə referendum vasitəsilə və
Azərbaycan Respublikasının parlamentinə ümumi,
bərabər və birbaşa seçki hüququ əsasında
gizli səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsilə həyata
keçirir.
Maddə
11. Azərbaycan xalqı öz
iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının
demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.
III.
AZƏRBAYCAN DÖVLƏTİ
Maddə
12. Azərbaycan xalqı
müstəqil, dünyəvi, demokratik, unitar dövlət
yaradır, bu dövlətin suveren hakimiyyəti daxili
məsələlərdə ancaq hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan
xalqının azad surətdə razılıq verdiyi
müqavilələrdən və sazişlərdən
irəli gələn müddəalarla
məhdudlaşdırılır.
Azərbaycan
Respublikasının suverenliyi şəriksizdir və onun
bütün ərazisinə şamildir.
Azərbaycan Respublikası
öz ərazisində həyata keçirdiyi suveren
hüquqları heç bir formada başqa
dövlətlərə və ya dövlət ittifaqlarına
vermir.
Maddə
13. Azərbaycan Respublikasında
dövlət hakimiyyəti hakimiyyətin bölünməsi
prinsipinə əsaslanır.
Qanunvericilik hakimiyyəti
Azərbaycan Respublikasının parlamenti tərəfindən
həyata keçirilir.
Ali icra hakimiyyəti
Azərbaycan dövlətinin başçısı olan
Azərbaycan Respublikası Prezidentinə məxsusdur.
Məhkəmə hakimiyyəti
müstəqil məhkəmələr tərəfindən
və ali instansiyada – hər birinin öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi və
Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi
tərəfindən həyata keçirilir.
Maddə
14. Azərbaycan
Respublikasının ərazisi vahiddir, bölünə və
özgəninkiləşdirilə bilməz. Azərbaycan
Respublikası öz ərazisinin hər hansı bir
hissəsini, hər hansı bir formada kimsəyə vermir;
yalnız Azərbaycan Respublikası parlamentinin qərarı
ilə respublikanın bütün əhalisi arasında xalq
səsverməsi (referendum) keçirmək yolu ilə
Azərbaycan xalqının razılığı
əsasında sərhədlərdə dəqiqləşdirmə
aparıla bilər.
Azərbaycan Respublikası
ərazisinin heç bir hissəsi başqa dövlətə
və ya başqa dövlətin hüquqi şəxsinə
satıla və verilə bilməz.
Maddə
15. Azərbaycan
Respublikasının ərazisində yalnız Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının qanunları qüvvədədir.
Qanunvericilik hakimiyyəti
Azərbaycan Respublikasının Konstitusiyası ilə, icra
və məhkəmə hakimiyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, qanun və hüquq
ilə məhdudlaşdırılır.
Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikası
parlamentinin qərarı ilə respublikanın bütün
əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək
yolu ilə qəbul edilir.
Maddə
16. hamılıqla qəbul
edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq
Azərbaycan Respublikası başqa dövlətlərlə
münasibətlərini aşağıdakı prinsiplər
əsasında qurur: dövlətlərin suveren
bərabərliyi, zor işlətməmək və zor
işlətməklə hədələməmək,
dövlət sərhədlərinin toxunulmazlığı,
mübahisələri dinc yolla nizama salmaq, başqa
dövlətlərin daxili işlərinə qarışmamaq,
insanın hüquqlarına və əsas azadlıqlarına
hörmət etmək, xalqların bərabərliyi və
onların öz müqəddəratını təyin etmək
hüququ, dövlətlərin
əməkdaşlığı, beynəlxalq hüquqi
öhdəlikləri vicdanla yerinə yetirmək.
Maddə
17. Azərbaycan Respublikası:
1. Azərbaycan xalqının
birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai
birliklərin və digər kollektivlərin mənafeyinə
uyğun surətdə qanundan irəli kələn
hüquqları və azadlıqları müəyyən
edərək və bunlara hörmət göstərilməsini
təmin edərək hüquq qaydası yaratmalıdır.
2. Sosial fəallığın
bütün növlərinə rəvac verməli və
onları əlaqələndirməli, bütün
vətəndaşların mənafelərinin qanuna əsasən
uzlaşmasını təmin etməli, hər bir
şəxsin azad inkişafı üçün
bərabər şərait yaratmalıdır.
3. Dövlət və ya ictimai
mənzil fondunun evlərində abad yaşayış
sahəsi almaqda və ondan daimi istifadə etməkdə,
fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına
kömək göstərməlidir.
4. Güzəranı daha
ağır olan əhali qruplarının vəziyyətinin
yaxşılaşdırılması və sosial
müdafiəsi qayğısına qalmalı, onların insana
layiq həyat səviyyəsini, binəsiblərin sosial
müdafiəsini təmin etməyə
çalışmalıdır.
5. Azərbaycan
Respublikası vətəndaşlarının həyatına,
sağlamlığına, şəxsi azadlığına
və təhlükəsizliyinə edilən
qəsdlərdən onların müdafiəsini təmin
etməlidir.
6. Azərbaycan
Respublikası vətəndaşlarının
sağlamlığını qorumalı, sağlam ekoloji
mühitin mühafizəsinə kömək göstərməli,
dövlətin əzəli və təbii özəyi olan
ailəni, habelə anaları və uşaqları himayə
etməlidir.
Maddə
18. Azərbaycan Respublikasında
Azərbaycan Respublikasının vahid
vətəndaşlığı müəyyən edilir.
Azərbaycan Respublikası
öz vətəndaşlarının qarşısında qanunla
müəyyən edilmiş vəzifələr
daşıyır, Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikasının
qarşısında qanunla müəyyən edilmiş
vəzifələr daşıyırlar.
heç kəs
vətəndaşlıqdan və ya
vətəndaşlığını dəyişdirmək
hüququndan məhrum edilə bilməz. Azərbaycan
Respublikasının hüdudlarından kənarda olan hər
bir Azərbaycan Respublikası vətəndaşının
hüquqi müdafiəsinə təminat verilir.
Maddə
19. Azərbaycan
Respublikasının bütün vətəndaşları
qanun qarşısında bərabərdirlər. Azərbaycan
Respublikası insan hüquqlarının Ümumi
Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun
aktına və hamılıqla qəbul edilmiş başqa
beynəlxalq hüquq sənədlərinə qoşularaq,
onlarda nəzərdə tutulan bütün hüquq və
azadlıqlara vətəndaşların cinsindən,
irqindən və milli mənsubiyyətindən, dini etiqadından,
sosial mənşəyindən, siyasi əqidəsindən
və başqa hallardan asılı olmayaraq əməl
edilməsini, bu hüquq və azadlıqların maneəsiz
həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikası
vətəndaşlarının hüquq və
azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi
hallardan başqa, hər hansı formada
məhdudlaşdırıla bilməz.
IV.
İQTİSADİ MÜNASİBƏTLƏR
Maddə
20. Bütün təbii ehtiyatlar
hər hansı şəxslərin və ya
təşkilatların mülkiyyət hüquqlarına və
mənafeyinə xələl gətirilmədən
Azərbaycan Respublikasına məxsusdur.
Maddə
21. Hansı mənbədən
gəlirsə gəlsin, Azərbaycan Respublikasının
bütün mədaxili vahid ehtiyatlar əmələ
gətirir və bu ehtiyatlar qanundan irəli gələn tələblərə
və öhdəliklərə əməl olunmaqla, qanunun
müəyyən etdiyi məqsədlər üçün
və qanunun müəyyən etdiyi qaydada işlədilir.
Maddə
22. Mülkiyyət dövlət
mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv
mülkiyyət şəklində ola bilər.
Xüsusi və kollektiv
mülkiyyətə qanunla icazə və təminat verilir:
qanun onların alınması və onlardan istifadə
olunması üsullarını, onun fəaliyyət
hüdudlarını müəyyən edir.
Xüsusi və kollektiv
mülkiyyət məcburi şəkildə
özgəninkiləşdirilə bilməz. Qanunda
nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv
mülkiyyət zərərin ödənilməsi
şərtilə Azərbayçan Respublikasının
xeyrinə özgəninkiləşdirilə bilər.
Daşınar və
daşınmaz əmlakın tam müsadirəsinə yol
verilmir.
Maddə
23. Azərbaycan Respublikasında
hər cür iqtisadi fəaliyyət bazar
münasibətlərinə və sahibkarlıq
azadlığına əsaslanır.
Maddə
24. Azərbaycan Respublikası
kooperasiyaya rəvac verir və müxtəlif kooperativ
təşkilatlarının və başqa birliklərin qanuna
müvafiq surətdə inkişafı üçün.
lazımi şərait yaradır.
Maddə
25. Azərbaycan Respublikası
bütün formalarda əməyi mühafizə edir. Öz
əməyinin kəmiyyət və keyfiyyətinə uyğun
olaraq zəhmətkeşin azad və ləyaqətli
yaşayış üçün kifayət edən haqq almaq
hüququ vardır.
Qanunla müəyyən
edilmiş hallardan başqa, məcburi əmək qadağan
edilir.
Əmək qabiliyyəti olmayan
və lazımi dolanışıq imkanlarından məhrum
olan hər bir vətəndaşın dövlətdən
kömək və yardım almaq hüququ vardır.
Zəhmətkeşlər
həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.
Tətil hüququnu
zəhmətkeşlər bu hüququ tənzimləyən
qanunlar çərçivəsində həyata
keçirirlər.
V.
SİYASİ MÜNASİBƏTLƏR
Maddə
26, Azərbaycan
Respublikasının yetkinlik yaşına çatmış
vətəndaşlarının seçki hüququ vardır.
Səsvermə şəxsi,
bərabər, azad və gizlidir.
Səsvermə hüququ
yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi
nəticəsində və ya qüvvəyə minmiş
məhkəmə hökmü əsasında məhdudlaşdırıla
bilər.
Maddə
27. Azərbaycan
Respublikasının siyasətinin
müəyyənləşdirilməsinə demokratik yolla
kömək etmək üçün Azərbaycan
Respublikasının bütün vətəndaşlarının
azad surətdə siyasi partiyalar və digər ictimai
birliklər yaratmaq hüququ vardır.
Maddə
28. Siyasi plüralizm
prinsiplərinə uyğun olaraq siyasi partiyalar ictimai rəyin
formalaşdırılmasında və ifadəsində
iştirak edirlər və siyasi fəaliyyətin əsas
ünsürləridir. Onların yaradılması və
fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları
çərçivəsində azaddır.
Maddə
29. Azərbaycan
Respublikasını müdafiə etmək Azərbaycan
Respublikası vətəndaşının müqəddəs
borcudur.
Qanunla müəyyən
edilmiş hüdudlarda və növlərdə hərbi
xidmət məcburidir.
Maddə
30. Azərbaycan
Respublikasının bütün vətəndaşları
öz gəlirlərinə uyğun olaraq dövlət
xərclərində iştirak etməlidirlər.
Vergi sistemi
mütərəqqilik prinsipinə əsaslanır.
Maddə
31. Bütün
vətəndaşlar Azərbaycan Respublikasına sadiq
olmalı, onun Konstitusiyasına və qanunlarına riayət
etməlidirlər.
VI.
YEKUN MÜDDƏALARI
Maddə
32. Bu Konstitusiya Aktı
Azərbaycan Respublikasının yeni Konstitusiyasının
hazırlanması üçün əsasdır.
Azərbaycan
Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 18 oktyabr 1991-ci
il
¹ 222-XII.