Azərbaycan Respublikasında siyasi
vəziyyət haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI
Azərbaycan Respublikasının Ali
Soveti Azərbaycan Respublikasının Prezidenti
A.N.Mütəllibovun məruzəsini dinləyib müzakirə
edərək qeyd edir ki, respublikada yaranmış siyasi və
iqtisadi vəziyyət böhran hallarının
dərinləşməsi ilə səciyyələnir. Bu da
bütün ictimai qüvvələrin birliyinə nail olmaq, demokratik
prosesləri genişləndirmək , milli və Dövlət
suverenliyini möhkəmləndirmək, respublikanın ərazi
bütövlüyünü, vətəndaşların hüquq və
azadlıqlarını müdafiə etmək, qayda-qanunu
möhkəmləndirmək, iqtisadiyyatı sabitləşdirmək
sahəsində təxirəsalınmaz tədbirlər
görülməsini tələb edir.
Ölkədə baş verən
hadisələr respublikanın siyasi, ictimai və iqtisadi
həyatına öz təsirini göstərir. Bu il avqustun 19-21-də
Moskvada Konstitusiyaya zidd dövlət çevrilişi etmiş və ilk
addımlarından ölkədə totalitarizm quruluşunu
bərpa etməyə cəhd etmiş xuntanın
məğlubiyyəti Rusiyada üstün mövqe tutan
qüvvələrlə yanaşı bütün demokratik qüvvələrin
qələbəsi kimi qiymətləndirilməlidir, bu da
ölkədə humanist və demokratik cəmiyyət qurmaq prosesinin
dönməzliyini sübut etmişdir.
Dövlət fövqəladə vəziyyət
komitəsinin üzvləri ilə yanaşı Sov.İKP-nin
bəzi rəhbər işçiləri dövlət çevrilişinin
hazırlanmasında və həyata keçirilməsində
bilavasitə iştirak etmiş, onun rəhbər orqanları
və bir sıra təşkilatları isə Kontitusiyaya zidd
olan bu tədbiri açıqdan-açığa və ya
fəaliyyətsizlikləri ilə əslində müdafiə
etmişlər. Bu isə onsuz da cəmiyyətdə nüfuzunu
getdikcə itirən partiyaya böyük mənəvi və siyasi
zərbə vurmuşdur. Yarandığı gündən
Sov.İKP-nin tərkib hissəsi olan və onun rəhbər
orqanlarının qəyyumluğu ilə fəaliyyət
göstərən Azərbaycan Kommunist Partiyasının nüfuzunda
da bu hadisələr bütünlüklə öz əksini tapmışdır.
Sov.İKP-də mövcud böhran vəziyyəti Azərbaycan
Kommunist Partiyasının da taleyi məsələsini gündəliyə
daxil etmişdir.
Ali Sovet qeyd edir ki, respublikanın
suverenliyinə və ərazi bütövlüyünə qəsd
cəhdləri nəinki aradan qaldırılmamış, son
günlərdə bu təhlükə daha da artmışdır.
Dağlıq Qarabağda və Ermənistanla sərhəd olan
zonalarda erməni yaraqlılarının silahlı
basqınları güclənmişdir. Respublikanın suverenliyini
və ərazi bütövlüyünü qorumaq sahəsində öz
təəhhüdlərini İttifaqın yerinə
yetirməməsi respublikanı prinsipial və qəti
addımlar atmağa vadar edir. Respublika öz suverenliyini və
əhalisinin təhlükəsizliyini müdafiə etmək üçün
əsaslı tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Ali
Soveti Azərbaycan xalqının ali mənafeyini əsas
götürərək və yaranmış böhranlı
vəziyyətin aradan qaldırılması zərurətini
nəzərə alaraq qərara
alır:
1. Belə böhranlı dövrdə respublika
Konstitusiyasına və qanunlarına bütünlüklə riayət
olunmasını tam təmin etmək, respublikanın dövlət
müstəqilliyini bərqərar etmək, suverenliyi və ərazi
bütövlüyünü qorumaq, bu vəzifələrin həyata keçirilməsi
uğrunda bütün vətəndaşların həmrəyliyinə
nail olmaq əsas qayğı hesab edilsin. Konstitusiyaya uyğun
olaraq respublika Prezidentindən, bütün dövlət icra
orqanlarından tələb edilsin ki, respublikanın siyasi
şəraitindəki kəskin ziddiyyətləri aradan
qaldırmaq, hüquq qaydalarını möhkəmləndirmək üçün
təsirli tədbirlər görsünlər.
2. Azərbaycan Respublikasının
Prezidentinə həvalə edilsin ki, Nazirlər Kabinetinin,
nazirliklərin və baş idarələrin, yerli Sovetlərin
və onların icraiyyə komitələrinin bütün
fəaliyyətini respublikanın iqtisadiyyatını, xüsusən
onun ən mühüm sahələrini böhrandan çıxarmaq
vəzifəsinə tabe etsin, dövlət intizamının
pozulmasına, böhran hallarının
dərinləşməsinə yol verməmək üçün
səlahiyyəti daxilində bütün vasitələrdən
qətiyyətlə istifadə etsin.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar
olaraq mülkiyyətin bütün növlərinin və sahibkarlıq
fəaliyyəti formalarının sərbəst
inkişafına xüsusi diqqət yetirməklə
"Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin
əsasları haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununu əməli surətdə
həyata keçirmək üçün zəruri tədbirlər görülsün.
3. Azərbaycan
Respublikasının Prezidentinə təklif edilsin ki, DQMV
üzrə Respublika Təşkilat Komitəsinin
səlahiyyətini artırmaq, onun fəaliyyət dairəsini
genişləndirmək və tərkibini gücləndirmək
üçün tədbirlər görsün. Muxtar vilayətdə qayda-qanun
tezliklə bərpa edilməli, vətəndaşların
Konstitusiya hüquqları təmin olunmalı, erməni və
azərbaycanlı icmaları arasında
münaqişələrə son qoyulması üçün bütün
vasitələrdən istifadə edilməlidir.
4. Respublikanın
suverenliyinin və ərazi bütövlüyünün ciddi təhlükə
altında olduğunu qeyd edərək, respublikanın
Dövlət müstəqilliyinin elan edilməsini əsas
götürərək Azərbaycanda milli özünümüdafiə
qüvvələrinin yaradılması haqqında Ali Sovetin
qərarı nəzərə alınsın.
Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinə və Dövlət
Təhlükəsizliyi Komitəsinə tapşırılsın
ki, tabeliklərində olan bölmələrin qüvvəsi ilə
respublikanın Ermənistanla Dövlət sərhədinin
mühafizəsini gücləndirsinlər.
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, həmin
bölmələrin maddi-texniki təchizatını əsaslı
surətdə yaxşılaşdırmaq üçün bir ay
ərzində əlavə tədbirlər görsün.
5. Yerli
hakimiyyət orqanlarına tapşırılsın ki, hər
cür ekstremizm və hərcmərclik təzahürlərinin
qarşısını almaqla, bütün siyasi hərəkat və
cərəyanların fəaliyyəti üçün normal və
bərabər şərait yaradaraq demokratiyanın real
surətdə genişləndirilməsini təmin etsinlər. İndi
başlıca diqqət respublikada vətəndaşlıq
həmrəyliyinə, siyasi Hərəkat və
cərəyanlara mənsubiyyətindən asılı olmayaraq
xalqın ali milli mənafelər uğrunda mübarizə üçün
birliyinin əldə edilməsinə yönəldilməlidir.
Azərbaycan
Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA.
Bakı şəhəri, 30 avqust 1991-ci
il.
№ 184-XII.