Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında Bəyannamə
barəsində
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında Bəyannamə
qəbul olunsun.
Azərbaycan
Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA.
Bakı şəhəri, 30 avqust 1991-ci il.
№
179-XII.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN BƏYANNAMƏSİ
Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycan xalqının ali dövlət mənafelərini
rəhbər tutaraq və onun iradəsini ifadə
edərək,
1918-ci ildən 1920-ci ilədək
Azərbaycan Respublikasının beynəlxalq birlik
tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud
olduğunu qeyd edərək,
Azərbaycan Respublikasının Konstitusiyasına,
Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan
Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında
Konstitusiya qanunlarına əsaslanaraq,
Azərbaycan xalqının müqəddəratı
və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini
dərk edərək,
milli mənsubiyyətindən və dini
etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün
vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə
tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat
verərək,
Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,
Azərbaycan Respublikasının
təhlükəsizliyini və dövlət sərhədlərinin
toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu
rəhbər tutaraq,
respublikanın bütün vətənpərvər
qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk
edərək,
Azərbaycan Respublikasının və onun
xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları,
konvensiyaları və başqa sənədləri qəbul
edərək,
SSR İttifaqına daxil olan bütün respublikalarla
dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu
edərək,
beynəlxalq birliyin üzvü olan
dövlətlərlə bərabər hüquqlu münasibətlər
yaratmağa hazır olduğunu bildirərək,
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və
konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə
beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş
Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid
bəsləyərək
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa olunduğunu elan edir.
Bəyannamə
1991-ci il avqustun 30-da Azərbaycan
Respublikası
Ali Sovetinin növbədənkənar
sessiyasında
qəbul edilmişdir.