SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair Ermənistan Ali Sovetinin əsassız müraciəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI

 

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilər yaşayan digər məntəqələri barəsində məsələ müzakirə etmək üçün “SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair məsələ qaldırmaq haqqında” Ermənistan Respublikası Ali Sovetinin qərarını Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti respublikamızın daxili işlərinə kobud müdaxilə, SSRİ Konstitusiyasının 76-cı maddəsinə zidd qərar, regionda vəziyyəti yenidən kəskinləşdirmək, erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi qızışdırmaq, bu çirkin işə yenidən İttifaqın hakimiyyət orqanlarını cəlb etmək cəhdi hesab edir.

Dördüncü ildir ki, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Silahlı quldur dəstələri Azərbaycanın sərhədyanı kəndlərinə basqınlar edir, dinc sakinləri, SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və Sovet Ordusunun əsgər və zabitlərini, respublikanın hüquq mühafizə orqanlarının əməkdaşlarını öldürürlər. Azərbaycanın yaşayış məntəqələrinin raket və top atəşinə tutulması adi hal olmuşdur. Nəticədə evlər dağıdılır və yandırılır, bütöv kəndlər viran qoyulur, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin sakinləri zorakılıqla qovulmuş və kənd Ermənistan tərəfindən ilhaq edilmişdir. Ermənistandan DQMV-yə çoxlu terrorçu quldur dəstələri göndərilir; onlar adamları qətlə yetirir, soyğunçuluq edir, evlərə od vurur, malqaranı aparırlar. İndiyədək başa düşmək istəmirlər ki, müharibə Ermənistan tərəfindən törədilmişdir və arası kəsilmədən Azərbaycan ərazisində davam etdirilir.

Bu il aprelin 20-dən erməni yaraqlılarının təcavüzkar basqınları nəticəsində respublikada vəziyyət xeyli mürəkkəbləşmişdir. Silahlı basqınlar zonasına DQMV ərazisindən savayı, respublikanın on bir rayonu və Naxçıvan Muxtar Respublikası daxil olmuşdur. Respublikanın 1000 kilometrlik sərhədyanı zonasının hər yerində yaşayış məntəqələri Ermənistan tərəfdən top atəşinə tutulur.

Yaxşı təlim görmüş quldur dəstələrinin həyasızlığı o yerə çatmışdır ki, onlar SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və Sovet Ordusunun əsgər və zabitlərini tərksilah edirlər. Qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi üçün ölkə rəhbərliyinin uzun müddət tədbirlər görməməsinin nəticəsi bax budur. 1988—1989-cu illər ərzində Ermənistandan iki yüz min Azərbaycanlı əhali əsrlər boyu yaşadığı ərazidən qəddarcasına qovulmuşdur. Azərbaycanlılar kütləvi surətdə qovulub çıxarılarkən onların bir çoxu qətlə yetirilmiş, qış vaxtı neçə-neçə qaçqın dağlarda soyuqdan ölmüşdür. İndi Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Erməni yaraqlıları Dağlıq Qarabağ Muxtar Vilayətində də xeyli azərbaycanlını öz evlərindən qovmuşlar. halbuki günü bu gün də Azərbaycanda 200 minə yaxın erməni yaşayır və işləyir. Ermənilərin həyatı üçün azərbaycanlılar deyil, erməni quldur dəstələri təhlükə törədir, onları girov vəziyyətinə salırlar.

Qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi haqqında SSRİ Prezidentinin Fərmanına Ermənistan rəhbərliyi açıq-açığına etinasızlıq göstərmişdir və heç də gizlətmir ki, həmin dəstələr Azərbaycana qarşı təcavüz məqsədilə yaradılmışdır və bunun üçün də istifadə olunur. Ermənistandan göndərilən yaraqlı dəstələr ermənilərin yaşayış məntəqələrində yuva salıb yerli əhalini qorxu içərisində saxlayır, oradan azərbaycanlılar yaşayan şəhər və kəndlərə silahlı basqınlar edirlər. Respublikanın ərazisini silahlı erməni ekstremistlərindən təmizləmək zərurəti çoxdan yetişmişdir. Bu istiqamətdə görülən tədbirlər məhz SSRİ Konstitusiyasının və Azərbaycan Respublikası Konstitusiyasının fəaliyyət qüvvəsinin bərpasına, Azərbaycanlı və erməni əhalisi üçün normal həyat şəraiti yaradılmasına yönəldilmişdir.

Ermənistan Respublikasının Ali Soveti vəziyyəti normallaşdırmaq sahəsində Ermənistan hakimiyyət orqanlarının səylərindən riyakarcasına dəm vuraraq, erməni ekstremistlərinin təcavüzkar əməllərini və çoxdankı millətçi niyyətini — Azərbaycan ərazilərinin bir hissəsinə yiyələnmək niyyətini ümumittifaq və dünya ictimaiyyətindən gizlədir.

Başqa xalqa qarşı təcavüz, zorakılıq hərəkətləri Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək haqqında Ermənistan Ali Sovetinin qanunsuz, Konstitusiyaya zidd qərarı bugünədək ləğv edilməmişdir. SSR İttifaqı öz Konstitusiyasına sadiq qalaraq, hər bir respublikanın, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dönmədən təmin etməlidir. Bizim xalqımız İttifaq referendumunda öz iradəsini ifadə edərək, İttifaqın saxlanmasına tərəfdar çıxmış və bununla da möhkəm əmin olduğunu bildirmişdir ki, ölkənin rəhbərliyi Azərbaycan Respublikası qarşısında öhdəliklərini yerinə yetirəcəkdir.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu həqiqət SSRİ Konstitusiyasında və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş, bu yaxınlarda SSRİ Prezidentinin dili ilə də deyilmişdir.

Dağlıq Qarabağ ətrafında baş verən hadisələr göstərir ki, Qarabağ münaqişəsi deyilən münaqişə heç də iki millətin etnik barışmazlığının təzahürü olmayıb, qonşu xalqların torpaqları hesabına Ermənistanın ərazisini genişləndirməyə dair erməni millətçilərinin mənfur ideyasının həyata keçirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti öz Bəyanatında adın bildirmişdir ki, Dağlıq Qarabağ problemi adlandırılan problem Azərbaycan Respublikasının Konstitusiyası əsasında həll ediləcəkdir.

Ermənistan Respublikasının Ali Soveti SSRİ Ali Sovetinin bir çox qərarlarına və SSRİ Prezidentinin fərmanlarına    etinasızlıq göstərməklə, İttifaqın möhkəmləndirilməsi üçün görülən hər bir əməli tədbiri pozduğu kimi bu dəfə də məntiqsiz hərəkət edib ölkənin ali hakimiyyət orqanına əsassız müraciət edir.

Müttəfiq respublikanın səlahiyyətinə aid məsələyə baxmağa SSRİ Ali Sovetinin və SSRİ xalq deputatları qurultayının vadar edilməsini Ermənistan Respublikasının onlardan öz pozuculuq məqsədləri üçün istifadə etmək istəyi kimi qiymətləndirmək lazımdır.

Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

1.      “SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair məsələ qaldırmaq haqqında” Ermənistan Respublikası Ali Sovetinin qərarı suveren dövlət olan Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə sayılsın və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında məsələyə baxmağa SSRİ Ali Sovetini yenidən vadar etmək və SSRİ xalq deputatlarının buna dair növbədənkənar qurultayını çağırmaq üçün göstərilən hər hansı cəhdə qarşı qəti etiraz bildirilsin.

2.      SSRİ Konstitusiyasının 81-ci maddəsinə əsasən SSRİ Prezidentindən və SSRİ Ali Sovetindən tələb edilsin ki, Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünə son qoymaq üçün qəti tədbirlər görsünlər, Ermənistanda qanunsuz yaradılmış silahlı dəstələrin buraxılmasına və DQMV-ni Ermənistana birləşdirmək barəsində Ermənistan Respublikası Ali Sovetinin Konstitusiyaya zidd qərarının ləğvinə nail olsunlar.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA.

 

Bakı şəhəri,  5 may 1991-ci il.

            № 100—XII.