"Daşqın zonalarının,
onların mühafizə zolaqlarının ölçülərinin,
sərhədlərinin müəyyən edilməsi və
istifadəsi Qaydaları"nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi və Dövlət Tikinti və
Arxitektura Komitəsi ilə
razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Daşqın zonalarının, onların mühafizə
zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və
istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 27
iyul 2004-cü il
№ 99
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 27 iyul tarixli 99 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Daşqın zonalarının,
onların mühafizə zolaqlarının ölçülərinin,
sərhədlərinin
müəyyən edilməsi və istifadəsi
QAYDALARI
1.
Bu Qaydalar Azərbaycan Respublikasının Su
Məcəlləsinə və "Azərbaycan
Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə
təsdiq edilmiş Azərbaycan
Respublikası Su Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına
uyğun olaraq hazırlanmışdır və daşqın
zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin
təyin edilməsi və istifadəsi qaydalarını
müəyyən edir.
2.
Daşqın zonası - çaykənarı və ona
bitişik ərazidə yerləşən və daşqın
nəticəsində su basmasına məruz qalan torpaq
sahəsidir. Daşqın zonasını müəyyən
etmək üçün əlli ildən bir təkrarlanmaq ehtimalı olan
daşqın əsas götürülür.
3.
Daşqın zonalarının hüdudlarında sahil
mühafizə zolaqları çayın daşqınının gücünə
uyğun təyin edilir. Bu ərazilərdə
təbiətdən istifadəyə və təsərrüfat
fəaliyyətinə
məhdudiyyətlər və qadağalar müəyyən
edilərək onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.
4.
Daşqın
zonalarının
müəyyən edilməsi - çayların hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar, ekoloji
vəziyyətinin yaxşılaşdırılması üçün
zəmin yaratmaqla
yanaşı, onların sahilyanı ərazilərinin
abadlaşdırılması üzrə görüləcək kompleks tədbirlərin normativ
baxımdan tərkib hissələrindən biridir.
5.
Daşqın zonaları və onların mühafizə
zolaqlarının hüdudlarında daşqın zonası rejimi barədə
əhali məlumatlandırılır və ona müvafiq olaraq
hər bir zolaqda torpaqdan istifadə
üzrə tövsiyələr verilir.
6.
Daşqın zonalarının, onların mühafizə
zolaqlarının ölçüləri
və hüdudları çayların sahil xəttinin dəyişməsi
nəzərə alınmaqla, [1] Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla
müəyyən olunur və Azərbaycan Respublikasının
Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
7.
Daşqın zonalarının, onların mühafizə
zolaqlarının ölçüləri
və hüdudları hidrotexniki qurğuların layihələrində
dəqiqləşdirilir.
8.
Şəhərlərin və digər
yaşayış məntəqələrinin
ərazilərində daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri
və sərhədləri müvafiq dövlət orqanları tərəfindən bu
şəhərlərin və yaşayış
məntəqələrinin təsdiq olunmuş baş planlarına
uyğun müəyyən edilir.
9.
Daşqın zonalarının və onların
mühafizə zolaqlarının
layihələndirilməsi funksiyaları
və layihələrin müəyyən edilmiş qaydada
təsdiq edilməsi [2]Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti tərəfindən həyata keçirilir.
10. Daşqın zonalarının mühafizə zolaqları
ölçülərinə, sərhədlərinə və istifadə
rejiminə görə aşağıdakılara bölünür:
10.1. qadağan
zolağı-çayın hər iki tərəfi boyu uzanan və
iki ildən bir təkrarlanma
ehtimalı olan daşqının*yayıldığı
ərazidir və bu ərazidə:
10.1.1.
hər hansı yeni tikintiyə yol verilmir;
10.1.2.
çay axınına maneə yarada biləcək
fəaliyyət və tədbirlər qadağan edilir;
10.2. məhdudiyyət
zolağı-qadağan zolağına nisbətən daha az
təhlükəyə məruz
qalır və on ildən bir təkrarlanma ehtimalı olan
daşqının*
yayıldığı ərazidir və bu ərazidə:
10.2.1.
mövcud inşaat normalarına və qaydalarına
riayət etməklə (yaşayış və ictimai binalar istisna olmaqla) yeni
tikililər inşa edilə bilər;
10.2.2.
tikililərin döşəmə səviyyəsi on
ildən bir təkrarlanma ehtimalı olan daşqının
səviyyəsindən (layihə ilə müəyyən edilir)
ən azı 0,5 m hündür olmalı və onların beton özülü
suyun gözlənilən təzyiqinə və sürətinə davam
gətirməlidir;
10.2.3.
heyvanların çoban nəzarəti altında
otarılmasına, müvəqqəti fidanlıqların yaradılmasına,
meşələrin təbii bərpasına kömək
tədbirlərinin görülməsinə, toxum
tədarükünə və müəyyən olunmuş qaydada yabanı
bitkilərin yığılmasına
icazə verilir;
10.2.4.
yükboşaltma sahəsi və texnika üçün müvəqqəti
dayanacaq yaradıla bilər;
10.2.5.
çay
boyu su mühafizə zonasının minimum eni təmin
edildikdən sonra park salına bilər;
10.3. xəbərdarlıq
zolağı-əlli ildən bir təkrarlanma ehtimalı olan
daşqının yayıldığı
ərazidir və bu ərazidə hər növ təsərrüfat
və tikinti fəaliyyətinə yol verilir. Əhali daşqının
bu əraziyə nadir hallarda da olsa, yayılması ehtimalı
haqqında məlumatlandırılır.
11.
Məhdudiyyət və xəbərdarlıq
zolaqlarında layihələndirmə və inşaat
işləri
Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti
ilə razılaşdırılmaqla həyata keçirilir.
12.
Bu Qaydalar təsdiq edilənədək daşqın
zonasında inşa edilmiş tikililərə və
qurğulara aid mühəndis-axtarış işləri və
hidroloji təhlillər onların əlli ildən bir təkrarlanmaq ehtimalı
olan daşqına davam gətirə biləcəyini təsdiq
etmirsə:
12.1.
bu obyektlərin yenidən qurulmasına, yaxud
genişləndirilməsinə yol verilmir;
12.2.
bu obyektlərin təmirinə və bərpasına
nəzərdə tutulan xərclər onların dəyərinin
50 faizindən artıq olmur;
12.3.
daşqın da daxil olmaqla, hər hansı
səbəbdən onların dəyərinin 50 faizi, yaxud daha
çoxu sıradan çıxarsa, bu obyektlər bərpa edilmir.
13. Daşqın zonalarının hüdudlarında
tikinti-quraşdırma işləri həyata keçirilərkən nəzərə
alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 24 mart
tarixli 56 nömrəli qərarı ilə çayların
başlanğıcından uzunluğu boyu su mühafizə
zonalarının minimum eni onların ayrı-ayrı
hissələri üzrə aşağıdakı
hədlərdə qəbul edilmişdir:
13.1.
uzunluğu 10 km-dək olduqda
- 50 m;
13.2.
uzunluğu 10 km-dən 50 km-dək olduqda -
100 m;
13.3.
uzunluğu 50 km-dən 100 km-dək olduqda -
200 m;
13.4.
uzunluğu 100 km-dən 200 km-dək olduqda -
300 m;
13.5.
uzunluğu 200 km-dən 500 km-dək olduqda -
400 m;
13.6. uzunluğu 500
km-dən artıq olduqda -
500 m.
14.
Daşqın zonalarında çayların axın rejimini
nizamlamaq və daşqın zərərlərini azaltmaq
məqsədilə hər il çay məcralarında nizamlama
və sahilbərkitmə işləri aparılır.
15.
Respublikanın müxtəlif bölgələrində
daşqın zonalarına aid ərazilərdə hidroloji,
topoqrafik və torpaqdan istifadəetmə xüsusiyyətləri
fərqləndiyinə görə, bu Qaydalar yerli idarəetmə
orqanlarının
nəzarəti altında
həyata keçirilir.
16.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyəti,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə
daşqın və sel ehtimalı yüksək olan ən
təhlükəli çayların siyahısını tərtib edir və təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.
17.
Daşqın zonaları və onların mühafizə
zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar
şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
8
aprel 2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
2.
29
iyun 2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
* Daşqınların
təkrarlanma ehtimalı müddəti Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən çayların sululuğuna dair
aparılan çoxillik müşahidələrinə əsasən müəyyən edilir.
[1] 29
iyun 2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
ilə "Daşqın
zonalarının, onların mühafizə zolaqlarının
ölçülərinin, sərhədlərinin müəyyən edilməsi
və istifadəsi Qaydaları"nın 6-cı, 9-cu, 11-ci və
16-cı bəndlərində "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya
və Su Təsərrüfatı Komitəsi" sözləri
"Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya
və Su Təsərrüfatı Agentliyi" sözləri ilə
əvəz edilmişdir.
[2] 8
aprel 2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
ilə "Daşqın
zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin,
sərhədlərinin müəyyən edilməsi və
istifadəsi
Qaydaları"nın
6-cı, 9-cu, 11-ci və 16-cı bəndlərində
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi"
sözləri "Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri
ilə əvəz edilmişdir.