Azərbaycan Respublikası Dövlət Protokolunun Əsas
Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Dövlət
səviyyəsində hazırlanan rəsmi tədbirlərin
qəbul olunmuş beynəlxalq təcrübəyə və
ənənələrə uyğun həyata
keçirilməsinin təmin edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Dövlət Protokolunun Əsas Qaydaları təsdiq edilsin
(əlavə olunur).
2. Bu Fərman
imzalandığı gündən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28
iyul 2004-cü il
¹ 97
Azərbaycan
Respublikası Prezidentinin
2004-cü
il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikasının Dövlət Protokolunun
ƏSAS QAYDALARI
1. Ümumi
müddəalar
1.1.Azərbaycan Respublikasının Dövlət Protokolu
qəbul olunmuş beynəlxalq təcrübəyə və
milli adət-ənənələrə əsaslanaraq
dövlət səviyyəsində keçirilən
tədbirlərin hazırlanmasını təmin edir.
1.2.Dövlət Protokolu vahid protokol-təşkilati normaları
müəyyən edir, Azərbaycan Respublikasının
ölkə daxilində və xarici ölkələrdə
rəsmi tədbirlərinin həyata keçirilməsi
qaydalarını tənzimləyir.
1.3.Dövlət Protokolu Azərbaycan Respublikası
Prezidentinin iştirakı ilə keçirilən rəsmi
tədbirlərin qəbul edilmiş beynəlxalq normalar,
qaydalar və adətənənələrə uyğun
şəkildə hazırlanmasına və həyata
keçirilməsinə xidmət edir.
1.4.Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti
(bundan sonra - Protokol Xidməti) ümumilikdə bu Qaydaların
həyata keçirilməsini təmin edir.
1.5.Dövlət Protokoluna riayət olunmasını
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının,
Milli Məclisin Aparatının, Nazirlər Kabinetinin Aparatının
və mərkəzi icra hakimiyyəti orqanlarının
müvafiq struktur bölmələri təmin edir.
Bu Qaydalarda əksini
tapmış müddəaların dövlət
orqanlarının müvafiq struktur bölmələri
tərəfindən həyata keçirilməsini Protokol
Xidməti əlaqələndirir və onlara lazımi kömək
göstərir.
1.6.Dövlət Protokoluna riayət olunması
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatı, Milli Məclisin Aparatı, Nazirlər
Kabinetinin Aparatı və mərkəzi icra hakimiyyəti
orqanları bu Qaydaların əsasında lazımi metodik
sənədləri hazırlayıb təsdiq edir.
1.7.Xarici nümayəndə heyətinin
səviyyəsindən və heyətə
başçılıq edən şəxsin statusundan
asılı olaraq Azərbaycan Respublikasına
səfərlər aşağıdakı kimi təsnif olunur:
1.7.1.Rəsmi səfər
1.7.2.İşgüzar səfər
1.7.3.Yolüstü səfər
1.7.4.Qeyri-rəsmi səfər
1.7.5.Prezidentin şəxsi qonağının səfəri
1.8.Dövlət başçısının
səfərlərinin keçirilmə müddəti,
davamiyyəti, təşkilati məsələlərə
məsuliyyət daşıyan şəxslər və
təşkilatlar Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyən edilir.
1.9.Dövlət başçılarının
səfər proqramı Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilir.
1.10.Xarici dövlətlərin hökumət
başçılarının iştirakı ilə
keçirilən protokol tədbirləri müvafiq xarici
dövlətin konstitusiya quruluşuna uyğun olaraq
hazırlanır. Prezident təsisatı olmayan
dövlətlərin hökumət başçıları
dövlət başçısı səviyyəsində
qarşılanır.
1.11.Xarici dövlətin nümayəndə heyəti
Azərbaycan Respublikasına gecə vaxtı, istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü səfər etdikdə,
qarşılanma mərasiminin protokol səviyyəsi
aşağı salmır.[1]
2. Azərbaycan
Respublikasına xarici dövlət
başçısının rəsmi səfəri
2.1. Dövlət
başçısının Azərbaycan Respublikasına
rəsmi səfəri ən yüksək kateqoriyaya aid edilir.
Belə səfərlər bu Qaydalarda müəyyən
edilmiş bütün təntənəli mərasim
qaydalarına uyğun həyata keçirilir.
2.2. Azərbaycan Respublikası
Prezidentinin xarici dövlət başçısı ilə
danışıqları böyük siyasi əhəmiyyət
daşıyır və səfər proqramının əsas
tərkib hissəsidir.
2.3. Hava limanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır.
2.4. Təyyarə trapının qarşısında
yüksək qonağa gül dəstəsi təqdim edilir.
2.5. Təyyarə trapının
qarşısına qırmızı xalça salınır,
xalçanın hər iki tərəfində Milli
Qvardiyanın əsgərlərindən ibarət fəxri
qarovul düzülür.
2.6. Azərbaycan Respublikasına
rəsmi səfərə gələn dövlət
başçısını (və xanımını)
trapın qarşısında, bir qayda olaraq, Azərbaycan
Respublikasının Baş naziri (və xanımı), xarici
işlər naziri, Azərbaycan Respublikasının qonaq ölkədəki
Fövqəladə və Səlahiyyətli Səfiri (bundan
sonra - səfir) qarşılayırlar.
2.7. Hava limanında dövlət başçısının
qarşılanmasına qonaq ölkənin Azərbaycan
Respublikasındakı səfirliyinin əməkdaşları,
həmçinin, az sayda vətəndaşları dəvət
oluna bilər.
2.8. Dövlət
başçısının avtomobili hava limanından
dövlət iqamətgahına motosiklet eskortunun
müşayiəti ilə yola düşür.
2.9. Dövlət
başçısının avtomobilində qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları qoyulur. Dövlət
başçısını (və xanımını)
iqamətgahadək Baş nazir (və xanımı)
müşayiət edir.
2.10.Kortejin marşrutu boyunca hər
iki ölkənin dövlət bayraqları asılır.
2.11.Adətən dövlət
başçısı Azərbaycan Respublikasında olduğu
müddət ərzində "Ulduz" sarayında
yerləşir.
2.12."Ulduz" sarayında qonaq
dövlətin bayrağı və yaxud dövlət
başçısının standartı asılır.
2.13."Ulduz" sarayında
yerləşdirilən şəxslərin xərcləri
Azərbaycan Respublikasının hesabına ödənilir.
Xərcləri Azərbaycan Respublikası tərəfindən
ödənilən nümayəndə heyəti
üzvlərinin sayı qarşılıqlı razılıq
əsasında müəyyən edilir.
2.14.Dövlət
başçısının Azərbaycan Respublikasında
rəsmi qarşılanma mərasimi Prezident Sarayının
rəsmi qarşılanma meydanında keçirilir.
2.15."Ulduz" sarayından
Prezident Sarayının rəsmi qarşılanma meydanına
olan yol boyu hər iki dövlətin bayraqları asılır.
2.16.
Səfər proqramının rəsmi hissəsi Prezident
Sarayının rəsmi qarşılanma meydanında
qarşılanma mərasimi ilə başlanır. Prezident
Sarayının rəsmi qarşılanma meydanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır, dövlət başçısının
şərəfinə Milli Qvardiyanın
əsgərlərindən ibarət fəxri qarovul və
hərbi orkestr düzülür.
Təyin olunmuş vaxtda qonaq
dövlətin rəsmi nümayəndə heyəti və
Azərbaycan Respublikasının nümayəndə heyəti
xüsusi ayrılmış yerləri tuturlar.
Əvvəlcə Azərbaycan Respublikasının
nümayəndə heyəti, sonra isə qonaq dövlətin
nümayəndə heyəti düzülür.
Azərbaycan
Respublikasının nümayəndə heyətini
Azərbaycan Respublikasının Prezidenti müəyyən
edir.
2.17.Təyin edilmiş vaxtda qonaq
dövlətin başçısının avtomobili hərbi
orkestrin şeypur sədaları altında Prezident
Sarayının həyətinə daxil olur. Avtomobilin qarşısında
dövlət başçısını (və
xanımını) Azərbaycan Respublikasının Prezidenti
(və xanımı) salamlayır. Fotoçəkiliş
aparılır.
2.18.Azərbaycan
Respublikasının Prezidenti dövlət
başçısını podiuma dəvət edir
(dövlət başçılarının xanımları
onlar üçün ayrılmış xüsusi yerə
dəvət olunurlar). Podiuma hərəkət zamanı orkestr
qarşılanma marşı ifa edir. Qonaq dövlət
başçısı Azərbaycan Respublikası Prezidentinin
sol tərəfi ilə hərəkət edir. Podiumda
dövlət başçısı Azərbaycan
Respublikası Prezidentinin sol tərəfində dayanır.
Fəxri qarovulun rəisi qonaq dövlət başçısına
məruzə edir. Hərbi orkestr qonaq dövlətin və
Azərbaycan Respublikasının dövlət himnlərini ifa
edir.
2.19.Dövlət
başçısı və Azərbaycan Respublikasının
Prezidenti fəxri qarovula tərəf hərəkət edir
və qonaq dövlətin başçısı fəxri
qarovulun sırasına yaxınlaşaraq Azərbaycan
Respublikasının Dövlət bayrağına təzim edir.
Sonra qonaq dövlət başçısı təyin
olunmuş yerdə fəxri qarovulun şəxsi heyətini
salamlayır: "Salam, əsgəri". Sıranın sonunda
geri dönərək fəxri qarovula təzim edir.
Azərbaycan Respublikasının nümayəndə heyəti
qonaq dövlət başçısına birinci təqdim
olunur, sonra isə Azərbaycan Respublikasının
Prezidentinə qonaq dövlətin rəsmi nümayəndə
heyəti təqdim edilir. Azərbaycan Respublikasının
Prezidenti və dövlət başçısı
danışıqlar aparmaq üçün Prezident Sarayına
daxil olurlar. Prezident Sarayının birinci
mərtəbəsində dövlət
başçılarının (xanımlarının)
rəsmi fotoçəkilişi aparılır (dövlət başçılarının
xanımları Prezidentlər ilə sağollaşırlar
və öz proqramları üzrə Prezident Sarayım
tərk edirlər).
2.20.Əvvəlcə Azərbaycan
Respublikasının Prezidenti ilə təkbətək
görüş, daha sonra isə böyük qonaq zalında
geniş tərkibdə danışıqlar keçirilir.
2.21.Danışıqlar
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
aparılır. Azərbaycan Respublikası tərəfindən
görüşlərdə iştirak edəcək rəsmi
şəxsləri Azərbaycan Respublikasının Prezidenti
müəyyən edir.
2.22.İkitərəfli
danışıqlardan sonra sənədlərin imzalanması
mərasimi (zəruri olduqda) və dövlət
başçılarının mətbuat konfransının
keçirilməsi nəzərdə tutulur.
2.23.
Səfər
proqramı çərçivəsində Azərbaycan
Respublikasının Baş naziri və Milli Məclisin
sədri ilə görüş və digər rəsmi
tədbirlər keçirilə bilər.
2.24. Dövlət
başçısı rəsmi səfərə xanımı
ilə gələrsə, xanım üçün xüsusi
səfər proqramı hazırlanır.
2.25. Dövlət
başçısının Azərbaycan Respublikasına
rəsmi səfər proqramına Şəhidlər
Xiyabanının ziyarəti daxil edilir. Dövlət
başçısını Şəhidlər
Xiyabanının qarşısında Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı, xarici
işlər nazirinin müavini, Bakı Hərbi Qarnizonunun
komandanı və Azərbaycan Respublikasının qonaq
dövlətdəki səfiri qarşılayırlar.
2.26. Dövlət
başçısının şərəfinə
Şəhidlər Xiyabanında fəxri qarovul
düzülür. Dövlət başçısı
şəhidlərin xatirəsinə ucaldılmış
"Əbədi məşəl" kompleksinin
önünə xatirə əklili qoyur. Şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hərbi orkestr
qonaq dövlətin və Azərbaycan Respublikasının
dövlət himnlərini ifa edir. Himnlər ifa edildikdən
sonra dövlət başçısı "Xatirə
kitabı"na xatirə sözlərini yazır.
2.27. Rəsmi səfər zamanı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
dövlət başçısının
şərəfinə rəsmi ziyafət verilir.
2.28. Bir qayda olaraq, rəsmi nahara
danışıqlarda iştirak edən şəxslər
və səfərlə bağlı digər rəsmi
şəxslər dəvət olunur. Azərbaycan
Respublikası tərəfindən ziyafətə dəvət
olunan şəxsləri Azərbaycan Respublikasının
Prezidenti müəyyən edir.
2.29. Ziyafətə dəvət
olunanlar masa arxasında qəbul olunmuş ümumi protokol
qaydaları əsasında yerləşdirilir.
2.30. Ziyafət zamanı qarşılıqlı
çıxışlar (tostlar) nəzərdə tutulur.
Çıxışların (tostların) mətni
kitabça formasında çap edilərək masaların
üzərinə qoyula bilər.
2.31. Ziyafət musiqi ilə
müşayiət edilir.
2.32. Rəsmi səfər zamanı
öncədən ikitərəfli razılıq olduğu
təqdirdə, qonaq dövlət başçısı
istəyinə əsasən öz adından protokol tədbiri
keçirə bilər.
2.33. Mədəni proqram
çərçivəsində qonaq dövlət
başçısının istəyi ilə teatra, operaya,
baletə, filarmoniyaya rəsmi ziyarət təşkil edilə
bilər. Dövlət başçısını (və
xanımını) Azərbaycan Respublikasının Prezidenti
(və xanımı) müşayiət edir. Zalda qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları qoyulur, dövlət himnləri ifa
olunur. Tamaşanın sonunda səhnəyə yüksək
qonaqların adından iki gül çələngi
qaldırılır.
2.34. Bir qayda olaraq, rəsmi
səfərin müddəti 3 (üç) gündən
çox olmur. Rəsmi səfər zamanı dövlət
başçısının istəyinə əsasən
Azərbaycan Respublikasının digər regionlarına da
səfər təşkil edilə bilər. Qonaq dövlət
başçısının istəyinə əsasən
Azərbaycan tərəfi bu məqsədlə təyyarə
təqdim edə bilər. Azərbaycanın regionlarına
səfər zamanı dövlət
başçısını (və xanımını), bir
qayda olaraq, Azərbaycan Respublikası Baş nazirinin
müavini, xarici işlər nazirinin müavini və
Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri
müşayiət edirlər. Azərbaycan Respublikasının
regionlarına səfər proqramına tarixi, mədəni və
digər yerlərin ziyarəti və yerli rayon icra
hakimiyyətinin adından ziyafət daxil edilir. Qonaq
dövlət başçısı regiondan paytaxta
qayıtmır (texniki səbəblər istisna olmaqla).
2.35.Rəsmi səfər zamanı
dövlət başçısına hədiyyə, rəsmi
nümayəndə heyətinin üzvlərinə isə
Azərbaycan Respublikasının Prezidentinin adından
xatirə suvenirləri təqdim olunur. Hədiyyələr
protokol xidməti vasitəsilə və yaxud öncədən
razılaşdırılaraq, təntənəli
şəkildə təqdim oluna bilər.
2.36.Dövlət
başçısının rəsmi yolasalınma mərasimi
keçirilmir.
2.37.Dövlət
başçısının təyyarənin trapı
qarşısında yolasalınma qaydaları
qarşılanmada olduğu kimidir.
3. Azərbaycan
Respublikasına xarici dövlət
başçısının işgüzar səfəri
3.1. İşgüzar
səfərə dəqiq müəyyən edilmiş
məqsədli, ikitərəfli danışıqlar,
işgüzar görüşlər, beynəlxalq
sazişlərin bağlanması, birgə sənədlərin
imzalanması, beynəlxalq konfranslarda iştirak və yubiley
mərasimlərində iştirakla əlaqədar
səfərlər daxildir.
3.2. Hava limanında və Prezident
Sarayının rəsmi qarşılanma meydanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır.
3.3. Hava limanında
təyyarənin trapının qarşısında
qırmızı xalça salınır və
xalçanın hər iki tərəfində Milli
Qvardiyanın əsgərlərindən ibarət fəxri
qarovul düzülür.
3.4. Dövlət
başçısını adətən Azərbaycan
Respublikasının Baş nazirinin müavini, xarici
işlər nazirinin müavini, Azərbaycan
Respublikasının qonaq ölkədəki səfiri
qarşılayırlar.
3.5. Hava limanında dövlət
başçısının qarşılanmasına qonaq
ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin
əməkdaşları dəvət oluna bilər.
3.6. Dövlət
başçısının avtomobilinə hər iki
dövlətin bayraqları qoyulur.
3.7. Adətən qonaq dövlət
başçısı Azərbaycan Respublikasında olduğu
müddət ərzində "Ulduz" sarayında
yerləşir.
3.8. Qonaq dövlətin
iqamətgahında qonaq dövlətin bayrağı və
yaxud dövlət başçısının standartı
asılır.
3.9. Səfər zamanı
dövlət başçısının Azərbaycan
Respublikasının Prezidenti ilə ikitərəfli
görüşü keçirilir.
3.10.Azərbaycan Respublikası
tərəfindən görüşlərdə iştirak
edəcək rəsmi şəxsləri Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir.
3.11.Danışıqlar,
sənədlərin imzalanması mərasimi və
kütləvi informasiya vasitələrinin
nümayəndələri ilə görüş
tərəflər arasında öncədən
razılaşdırma əsasında təşkil edilə
bilər.
3.12.Səfər proqramı
çərçivəsində Azərbaycan
Respublikasının yüksək vəzifəli rəsmi
şəxsləri ilə görüş keçirilə
bilər.
3.13.Səfər zamanı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
dövlət başçısının
şərəfinə nahar (lanç) verilir.
3.14.Nahar (lanç) zamanı
qarşılıqlı tostlar nəzərdə tutulur və
müstəsna hallarda musiqi proqramı ilə
müşayiət olunur.
3.15.Bir qayda olaraq, nahara
danışıqlarda iştirak edən şəxslər
dəvət olunur və Azərbaycan Respublikası
tərəfindən ziyafətə dəvət olunan
şəxsləri Azərbaycan Respublikasının Prezidenti
müəyyən edir.
3.16. Səfər zamanı
dövlət başçısına Azərbaycan
Respublikası Prezidentinin adından xatirə hədiyyəsi
təqdim olunur. Hədiyyənin təqdimatı Protokol
Xidmətləri vasitəsilə həyata keçirilir.
3.17. Dövlət
başçısının təyyarə trapının
qarşısında yola salınma qaydaları qarşılanmada
olduğu kimidir.
4. Azərbaycan
Respublikasına xarici dövlət
başçısının yolüstü səfəri
4.1. Yolüstü səfər
dedikdə dövlət başçısının xarici
dövlətlərə səfəri zamanı Azərbaycan
Respublikasının hava limanında qısamüddətli
dayanacaq etməsi nəzərdə tutulur.
4.2. Hava limanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır.
4.3. Yolüstü səfər
zamanı dövlət başçısını
adətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin
üzvü və qonaq dövlətin Azərbaycan Respublikasındakı
səfiri qarşılayırlar.
4.4. Əvvəlcədən
əldə edilmiş razılıq əsasında,
yolüstü səfər zamanı dövlət
başçısının xahişi ilə (dayanacaq
vaxtı nəzərə alınaraq) Azərbaycan
Respublikasının Prezidenti ilə görüş
keçirilə bilər.
4.5. Dövlət
başçısı hava limanından şəhərə
hərəkət edərsə, qonağın avtomobilində
hər iki ölkənin dövlət bayraqları qoyulur.
5. Azərbaycan
Respublikasına xarici dövlət
başçısının qeyri-rəsmi səfəri
5.1. Qeyri-rəsmi
səfərlərə xarici dövlət
başçılarının Azərbaycan Respublikasına
şəxsi məqsədlərlə səfərləri aid
edilir (istirahət, turizm, ictimai xətlə konfrans və ya
seminar, sərgilərin açılışında
iştirak, idman yarışlarında iştirak və s.)
5.2. Hava limanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır.
5.3. Qeyri-rəsmi səfər
zamanı dövlət başçısını, bir qayda
olaraq, Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini və qonaq dövlətin Azərbaycan
Respublikasındakı səfiri qarşılayırlar.
5.4. Qeyri-rəsmi səfər
zamanı protokol tədbirləri nəzərdə tutulmur.
6. Azərbaycan
Respublikasına Azərbaycan Respublikası Prezidentinin
şəxsi qonağının səfəri
6.1. Azərbaycan Respublikası
Prezidentinin şəxsi qonağının (görkəmli
dövlət, siyasi, ictimai, mədəni, idman xadimləri)
Azərbaycan Respublikasına səfəri Prezidentin şəxsi
dəvəti ilə həyata keçirilir.
6.2. Azərbaycan Respublikası
Prezidentinin şəxsi qonağını hava limanında
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təyin edilmiş şəxs (Azərbaycan Respublikası
Prezidentinin nümayəndəsi) qarşılayır.
7. Azərbaycan
Respublikası Prezidentinin xarici səfərləri
7.1. Hava limanında
Azərbaycan Respublikasının Dövlət bayrağı
asılır.
7.2. Azərbaycan Respublikası
Prezidentinin xarici dövlətlərə rəsmi
(işgüzar) səfəri zamanı hava limanında yolasalma
(qarşılama) mərasimində Azərbaycan Respublikasının
Baş naziri, Prezidentin İcra Aparatının rəhbəri,
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı və gedişlə
(gəlişlə) bağlı məsul rəsmi
şəxslər iştirak edirlər.
7.3. Azərbaycan Respublikası
Prezidentinin gediş vaxtı və yeri barəsində
səfər edilən dövlətin Bakıdakı diplomatik
missiyasının başçısı
məlumatlandırılır.
8, Azərbaycan
Respublikası Prezidentinin ölkədaxili səfərləri
8.1. Azərbaycan
Respublikasının Prezidenti regionlarda iqtisadi, ictimai-siyasi
vəziyyətlə şəxsən tanış olmaq, yerli
icra hakimiyyəti orqanları başçılarının
iştirakı ilə müşavirə keçirmək
və mərasimlərdə iştirak etmək
məqsədilə Azərbaycan Respublikasının
regionlarına səfər edir.
8.2. Azərbaycan Respublikası
Prezidentinin regionlara səfəri zamanı hava limanında
(dəmir yol vağzalında) yolasalma və qarşılama
mərasimlərində Azərbaycan Respublikasının
Baş naziri, Prezidentin İcra Aparatının rəhbəri
və gedişlə (gəlişlə) bağlı məsul
rəsmi şəxslər iştirak edirlər. Yerlərdə
Azərbaycan Respublikasının Prezidentini yerli icra
hakimiyyəti orqanlarının başçıları
qarşılayırlar (yola salırlar).
9. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən Azərbaycan
Respublikasında akkreditə olunmuş diplomatik korpusun
qəbulu
9.1. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ildə bir
dəfə Azərbaycan Respublikasında akkreditə olunmuş
diplomatik korpus nümayəndələrinin
şərəfinə rəsmi ziyafət təşkil olunur
(furşet).
9.2. Qəbulda Azərbaycan
Respublikasının xarici işlər naziri iştirak edir.
10. Azərbaycan
Respublikasının Prezidentinə etimadnamələrin
təqdim edilmə mərasimi
10.1.Xarici dövlətlərin səfirləri
etimadnamələrini Azərbaycan Respublikasının
Prezidentinə təqdim edirlər. Etimadnamələrin
təqdim edilməsi mərasimində adətən 5
nəfərə qədər səfir iştirak edir.
10.2.Xüsusi hallarda Azərbaycan Respublikasının
Prezidenti səfirləri tək-tək qəbul edə
bilər.
10.3.Mərasim "Ulduz" sarayında keçirilir.
11. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
fəaliyyət müddətinin başa çatması
münasibəti ilə diplomatik nümayəndəliyin
başçısının qəbul edilməsi
11.1.Adətən Azərbaycan Respublikasının Prezidenti
fəaliyyət müddətinin başa çatması
münasibəti ilə diplomatik nümayəndəliyin
başçısını qəbul edir.
11.2.Azərbaycan Respublikası Prezidentinin
tapşırığı ilə diplomatik
nümayəndəliyin başçısı Azərbaycan
Respublikasının Baş naziri və yaxud digər rəsmi
şəxslər tərəfindən qəbul edilə
bilər.
12. Azərbaycan
Respublikasının dövlət bayramları münasibəti
ilə bayram tədbirləri
12.1.Azərbaycan Respublikasının dövlət
bayramlarında (eyni zamanda 20 Yanvar və 31 mart - Soyqırım
günü) Azərbaycan Respublikasının Prezidenti
Şəhidlər Xiyabanında şəhidlərin
xatirəsinə ucaldılmış "Əbədi
məşəl" kompleksinin önünə əklil qoyur.
12.2.Şəhidlər Xiyabanında fəxri qarovul
düzülür. Hərbi orkestr Azərbaycan
Respublikasının Dövlət himnini ifa edir. Tədbirə,
bir qayda olaraq, Azərbaycan Respublikası Hökumətinin
və Milli Məclisin üzvləri, elm və
incəsənət xadimləri, Azərbaycanda akkreditə
olunmuş diplomatik nümayəndəliklərin
başçıları dəvət olunurlar.
12.3.Azərbaycan Respublikasının dövlət
bayramında Azərbaycan Respublikası Prezidentinin adından
"Gülüstan" sarayında rəsmi qəbul
təşkil olunur. Qəbulda Azərbaycan Respublikasının
Prezidenti çıxış edir.
12.4.9 may Qələbə Günü münasibəti
ilə Azərbaycan Respublikasının Prezidenti Həzi
Aslanovun heykəli önünə əklil qoyur.
13. Azərbaycan
Respublikası Prezidentinin matəm mərasimlərində
iştirakı
13.1.Xarici dövlət başçısının
vəfat etməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti bu dövlətin Bakı
şəhərindəki səfirliyini ziyarət edir və
başsağlığı kitabında xatirə
sözlərini yazır.
13.2.Xarici dövlət başçısının
vəfatı ilə əlaqədar keçirilən dəfn
mərasimində Azərbaycan Respublikasının Prezidenti
və yaxud Prezident tərəfindən təyin edilmiş
yüksək vəzifəli şəxs iştirak edə bilər.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan
Respublikasının həmin dövlətdəki səfiri
daxil edilir.
13.3.Matəm münasibəti ilə Azərbaycan
Respublikası Prezidentinin imzası ilə
başsağlığı məktubu göndərilir.
14. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən dövlət
təltiflərinin təqdim edilmə mərasimi
14.1.Dövlət təltiflərinin təqdim edilməsi
mərasimləri "Ulduz" sarayında keçirilir.
"Ulduz" sarayında Azərbaycan Respublikasının
Dövlət bayrağı asılır və Dövlət
gerbi vurulur.
14.2.Prezident təltif ediləcək şəxslərin
qarşısında çıxış edir və
dövlət mükafatlarını təqdim edir.
14.3.Bu mərasimə dəvət edilən
şəxslərin siyahısı Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırılır.
15. Azərbaycan
Respublikasına beynəlxalq təşkilatların
rəhbərlərinin səfərləri
15.1. Beynəlxalq
təşkilatların rəhbərlərinin
səfərlərinin formatı və yüksək
qonağın yerləşmə, mühafizə və s.
məsələləri hər konkret halda ayrıca müvafiq
qaydada müəyyən olunur.
15.2.Beynəlxalq təşkilatların
rəhbərlərinin səfəri zamanı hava limanında
Azərbaycan Respublikasının və beynəlxalq
təşkilatın bayraqları asılır.
15.3.Beynəlxalq təşkilatların
rəhbərlərini hava limanında qarşılayacaq
şəxsi Azərbaycan Respublikasının Prezidenti təyin
edir.
15.4.Beynəlxalq təşkilatın rəhbərinin
iqamətgahında və avtomobilində beynəlxalq
təşkilatın və Azərbaycan Respublikasının
bayraqları qoyulur.
16. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təbrik
və təşəkkür məktublarının
göndərilməsi
16.1.Azərbaycan Respublikası Prezidentinin imzası ilə
Azərbaycan Respublikası ilə diplomatik
münasibətləri olan dövlətlərin
başçılarına milli bayramlar, dövlət başçılarının
seçilməsi, hökumət
başçılarının təyin olunması,
dövlətlərarası sazişlərin imzalanması
(hər 5 ildən bir), diplomatik əlaqələrin
yaradılmasının ildönümləri (hər 10
ildən bir) və bayramlar münasibəti ilə təbrik
məktubları göndərilir.
16.2.Azərbaycan Respublikasının Prezidentinə
ünvanlanmış təbrik məktublarına Prezidentin cavab
təşəkkür məktubları göndərilir.
16.3.Azərbaycan Respublikası Prezidentinin təbrik və
təşəkkür məktubları yüksək ünvan
sahiblərinə Azərbaycan Respublikasının müvafiq
dövlətlərdəki diplomatik
nümayəndəlikləri vasitəsilə
çatdırılır.
16.4.Qeyri-dövlət bayramlarında (yeni il, dini bayramlar)
təbrik məktubları təşəbbüs
əsasında göndərilir.
17. Xarici dövlətlərin milli
bayramları münasibəti ilə diplomatik
nümayəndəliklər tərəfindən
keçirilən tədbirlər
17.1.Xarici dövlətlərin milli bayramları
münasibəti ilə diplomatik nümayəndəliklər
tərəfindən verilən rəsmi qəbulda Azərbaycan
Respublikasının icra, qanunverici və məhkəmə
hakimiyyətlərinin nümayəndələri iştirak
edirlər.
17.2.Rəsmi qəbulda Azərbaycan Respublikası
tərəfindən iştirak edəcək rəsmi
şəxslər iki dövlət arasındakı
münasibətlərin xarakteri və qarşılıqlı
prinsiplər nəzərə alınmaqla Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi tərəfindən təklif
olunur.
18. Azərbaycan Respublikası Prezidentinin
işçi görüşləri
18.1. Azərbaycan Respublikası
Prezidentinin iştirakı ilə keçirilən
tədbirlər, o cümlədən xarici
dövlətlərin nümayəndələri ilə
keçirilən işçi görüşlər
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi
qaydada Prezidentin İcra Aparatı tərəfindən
planlaşdırılır və
razılaşdırılır. İşci
görüşlərin təşkili və protokol
təminatı Protokol Xidməti tərəfindən həyata
keçirilir. Tədbirlərin və işçi
görüşlərin mətbuat yayımmı və
işıqlandırılmasını Azərbaycan
Respublikası Prezidentinin Mətbuat Xidməti təmin edir.
19. Xarici dövlətlərin
hökumət başçılarının Azərbaycan
Respublikasına rəsmi səfərləri
19.1.Hökumət başçısının
səfərinin keçirilmə müddəti, davamiyyəti,
təşkilatı məsələlərinə
məsuliyyət daşıyan şəxslər və
təşkilatlar Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırıldıqdan sonra Baş nazir
tərəfindən müəyyən edilir.
19.2.Xarici dövlətlərin hökumət
başçılarının rəsmi səfərləri
hava limanında rəsmi qarşılanma mərasimi ilə
başlanır. Hava limanında qonaq dövlətin və
Azərbaycan Respublikasının dövlət bayraqları
asılır.
19.3.Trapın qarşısında hökumət
başçısını Azərbaycan Respublikasının
Baş nazirinin müavini, xarici işlər nazirinin müavini,
Azərbaycan Respublikasının qonaq dövlətdəki
səfiri, qonaq dövlətin Azərbaycan
Respublikasındakı səfiri və digər rəsmi
şəxslər qarşılayırlar (hava limanında
qarşılayacaq şəxslər səfər proqramı
üzrə müəyyən edilir).
19.4.Hökumət başçısına gül
dəstəsi təqdim edilir, qırmızı xalça
salmır, qonağın şərəfinə fəxri qarovul
düzülür, hərbi orkestr qonaq dövlətin və
Azərbaycan Respublikasının dövlət himnlərini ifa
edir.
19.5.Xarici hökumət başçısı
üçün ayrılmış əsas maşında
hər iki ölkənin dövlət bayraqları qoyulur.
Hökumət başçısını avtomobildə
Baş nazirin müavini müşayiət edir.
19.6.Səfər proqramına Azərbaycan
Respublikasının Prezidenti ilə görüş daxildir.
19.7. Hökumət
başçısı Şəhidlər Xiyabanında
ucaldılmış "Əbədi məşəl"
kompleksinin önünə əklil qoyur. Şəhidlər
Xiyabanında fəxri qarovul düzülür və iki
ölkənin dövlət himnləri ifa olunur. "Xatirə
kitabı"nda xatirə sözləri yazılır.
19.8.Səfər zamanı Azərbaycan Respublikasının
Baş naziri tərəfindən hökumət
başçısının şərəfinə rəsmi
nahar (lanç) verilir.
19.9.Hökumət başçısının rəsmi
yolasalınma mərasimi keçirilmir.
20. Xarici dövlətlərin
hökumət başçılarının Azərbaycan
Respublikasına işgüzar səfərləri
20.1.Hava limanında qonaq dövlətin və Azərbaycan
Respublikasının dövlət bayraqları asılır.
Trapın qarşısında hökumət
başçısını Azərbaycan Respublikası
Nazirlər Kabinetinin üzvü və qonaq dövlətin
səfiri qarşılayır. Xarici dövlət
başçısı üçün ayrılmış
əsas maşında qonaq dövlətin və Azərbaycan
Respublikasının dövlət bayraqları qoyulur.
20.2.İlkin razılıq əsasında hökumət
başçısının səfər proqramına
Azərbaycan Respublikasının Prezidenti ilə
görüş daxil edilir.
20.3.Səfər zamanı Azərbaycan Respublikasının
Baş naziri tərəfindən hökumət
başçısının şərəfinə nahar
(lanç) verilir.
21. Xariri dövlətlərin
hökumət başçılarının Azərbaycan
Respublikasına yolüstü səfərləri
21.1. Yolüstü səfər
dedikdə hökumət başçısının xarici
dövlətlərə səfəri zamanı Azərbaycan
Respublikası hava limanında qısa müddətli dayanacaq
etməsi nəzərdə tutulur. Yolüstü səfər
zamanı hökumət başçısını
adətən Azərbaycan Respublikasının xarici
işlər nazirinin müavini və qonaq dövlətin Azərbaycan
Respublikasındakı səfiri qarşılayırlar.
22. Xarici dövlətlərin
hökumət başçılarının Azərbaycan
Respublikasına qeyri-rəsmi səfərləri
22.1.Qeyri-rəsmi
səfərlərə xarici hökumət
başçılarının Azərbaycan Respublikasına
şəxsi məqsədlərlə səfərləri aid
edilir (istirahət, turizm, ictimai xətlə konfrans və iclas,
sərgilərin açılışında iştirak, idman
yarışlarında iştirak və s.).
22.2.Qeyri-rəsmi səfər
zamanı protokol tədbirləri nəzərdə tutulmur.
23. Xarici dövlətlərin parlament
sədrlərinin Azərbaycan Respublikasına rəsmi
səfərləri
23.1.Xarici dövlətlərin parlament sədrlərinin
rəsmi səfərləri hava limanında rəsmi
qarşılanma mərasimi ilə başlanır. Hava
limanında qonaq dövlətin və Azərbaycan
Respublikasının dövlət bayraqları asılır.
Trapın qarşısında parlament sədrini Azərbaycan
Respublikası Milli Məclisi sədrinin müavini, xarici
işlər nazirinin müavini və qonaq dövlətin
səfiri qarşılayırlar. Xarici dövlətin parlament
sədri üçün ayrılmış əsas
maşında qonaq dövlətin və Azərbaycan
Respublikasının dövlət bayraqları qoyulur.
23.2.Parlament sədrinin səfər proqramına
adətən Azərbaycan Respublikasının Prezidenti ilə
görüş daxil edilir.
23.3.Parlamentin sədri Şəhidlər Xiyabanında
ucaldılmış "Əbədi məşəl"
kompleksinin önünə əklil qoyur. "Xatirə
kitabı"nda xatirə sözləri yazılır.
23.4.Səfər zamanı Azərbaycan Respublikası Milli
Məclisinin sədri tərəfindən qonaq parlament
sədrinin şərəfinə rəsmi nahar (lanç)
verilir.
24. Xarici dövlətlərin parlament
sədrlərinin Azərbaycan Respublikasına işgüzar
səfərləri
24.1.Hava limanında qonaq dövlətin və Azərbaycan
Respublikasının dövlət bayraqları asılır.
Trapın qarşısında parlament sədrini adətən
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
və qonaq dövlətin səfiri qarşılayırlar.
Səfər zamanı Azərbaycan Respublikası Milli
Məclisinin sədri tərəfindən parlament sədrinin
şərəfinə nahar (lanç) verilir.
24.2.İlkin razılıq əsasında parlament
sədrinin səfər proqramına Azərbaycan
Respublikasının Prezidenti ilə görüş daxil
edilə bilər.
25. Xarici dövlətlərin xarici
işlər nazirlərinin Azərbaycan Respublikasına səfərləri
25.1. Xarici dövlətlərin xarici
işlər nazirlərinin Azərbaycan Respublikasına
rəsmi səfəri zamanı hava limanında qonaq
dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır. Trapın
qarşısında xarici işlər nazirini, adətən,
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini,
Azərbaycan Respublikasının qonaq dövlətdəki
səfiri və qonaq dövlətin Azərbaycan
Respublikasındakı səfiri qarşılayırlar. Qonaq
xarici işlər naziri üçün ayrılmış
əsas maşında iki ölkənin dövlət
bayraqları qoyulur.
25.2. Xarici dövlətlərin
xarici işlər nazirlərinin Azərbaycan Respublikasına
işgüzar səfərləri zamanı hava limanında
qonaq dövlətin və Azərbaycan Respublikasının
dövlət bayraqları asılır. Trapın qarşısında
xarici işlər nazirini Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin müvafiq idarəsinin rəisi,
qonaq dövlətin Azərbaycan Respublikasındakı
səfiri qarşılayırlar.
25.3. Qonaq xarici işlər nazirinin
səfər proqramına danışıqlar,
görüşlər, Şəhidlər Xiyabanının
ziyarəti, mətbuat konfransı, nahar (lanç),
mədəni proqram, qonağın istəyi əsasında
regionlara səfər və digər tədbirlər daxil
edilə bilər.
25.4. Qonaq xarici işlər nazirinin səfərinin
xarakteri və məqsədindən asılı olaraq
səfər proqramına Azərbaycan Respublikasının
Prezidenti ilə görüş daxil edilir.
26. Xarici dövlətlərin icra
hakimiyyəti orqanları rəhbərlərinin Azərbaycan
Respublikasına səfərləri
26.1. Xarici dövlətlərin icra
hakimiyyəti orqanları rəhbərlərinin
səfərləri Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanları rəhbərlərinin
dəvəti və Xarici İşlər Nazirliyi ilə
razılaşdırılmış proqram əsasında
həyata keçirilir. Xarici dövlətlərin icra
hakimiyyəti orqanları rəhbərlərinin səfər
proqramına müvafiq görüşlər, mətbuat
konfransı, nahar (lanç), Şəhidlər Xiyabanına
ziyarət və digər tədbirlər daxil edilə bilər.
Nümayəndə heyətinin qəbul edilmə
səviyyəsi dəvətin xarakterindən və
qarşılıqlı prinsipləri ilə müəyyən
edilir.
26.2. Səfərinin xarakteri və
məqsədindən asılı olaraq səfər
proqramına Azərbaycan Respublikasının Prezidenti ilə
görüş daxil edilə bilər.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 dekabr 2009-cu il tarixli 199
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, ¹ 287)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 dekabr 2009-cu il tarixli 199 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, ¹ 287) ilə
Azərbaycan Respublikasının Dövlət Protokolunun
Əsas Qaydaları”nın 1.11-ci bəndində “bayram və bazar günləri
və ya gecə vaxtı” sözləri “gecə vaxtı, istirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü” sözləri ilə
əvəz edilmişdir.