Cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 15-ci və
20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin aşkar
edilməsi, qarşısının alınması və ölkənin
iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün
istifadə olunma imkanlarını istisna edən şəraitin
yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin yerinə yetirilməsi,
habelə dövlətin və cəmiyyətin maraqlarının
qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq
əməkdaşlığın həyata keçirilməsi ilə
bağlı münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə
olunmuş anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.1.1. cinayət yolu ilə
əldə edilmiş əmlak – Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
təsbit edilmiş cinayətlərin törədilməsi
nəticəsində birbaşa və ya dolayı yolla əldə
olunmuş hər hansı pul vəsaitləri, daşınar və
ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri,
o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət
hüquqlarını və maraqlarını təsdiq edən hüquqi
alətlər və sənədlər;
1.1.2. cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılması
– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
193-1-ci maddəsində nəzərdə
tutulmuş cinayət;
1.1.3. terrorçuluğun
maliyyələşdirilməsi – Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
214-1-ci maddəsində nəzərdə
tutulmuş cinayət;
1.1.4. predikativ cinayət
– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
193-1-ci maddəsində nəzərdə
tutulmuş cinayətin predmeti ola bilən əmlakın əldə
edilməsi ilə nəticələnən istənilən cinayət;
1.1.5. monitorinq – mənbəyi
məlum olan məlumatlar və sənədlər əsasında
maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən
araşdırma tədbirləri;
1.1.6. maliyyə monitorinqi
orqanı – cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması
sahəsində vahid tənzimləməni və nəzarəti
həyata keçirən, fəaliyyəti əlaqələndirən,
habelə bu sahədə dövlət siyasətinin formalaşmasında
iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum);
1.1.7. öhdəlik daşıyan
şəxslər – cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə
bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata
keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə
də qeyri-maliyyə institutları və peşə sahibləri;
1.1.8. maliyyə institutları
– kredit təşkilatları, həyatın yığım sığortası
fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar,
təkrarsığortaçılar və sığorta vasitəçiləri,
investisiya şirkətləri, investisiya fondları, bu fondların
idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri,
mərkəzi depozitar, kraudfandinq platformalarının
operatorları, poçt rabitəsinin
milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən
şəxslər, ödəniş
təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının
aparılması üçün vasitəçilik xidməti
və (və ya) hesab üzrə məlumat xidməti göstərən
ödəniş təşkilatları istisna olmaqla) və elektron
pul təşkilatları, virtual aktiv xidməti təminatçıları
və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış
şəxslər;[1]
* (1.1.8-ci maddəyə Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə
edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən
qüvvəyə minir.)
1.1.9. qeyri-maliyyə institutları
və peşə sahibləri – rieltorlar, kazino oyunlarının
təşkilatçıları və operatorları, vəkillər,
notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri
göstərən müstəqil şəxslər, belə xarici
hüquqi şəxslərin Azərbaycan Respublikasındakı
filial və ya nümayəndəlikləri;[2]
1.1.10. rieltor – daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;
1.1.11. virtual aktiv – ödəniş
və ya investisiya məqsədilə mübadilə vasitəsi
kimi çıxış edən və virtual aktivlər dövriyyəsi
sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.
Milli və xarici valyutanın, qiymətli kağızların, habelə
törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı
virtual aktiv hesab edilmir;
1.1.12. virtual aktiv xidməti
təminatçıları – virtual aktivlərin valyuta sərvətləri,
milli valyuta və digər virtual aktivlərlə mübadiləsi,
virtual aktivin saxlanılması üçün istifadə edilən
virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər
virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi
və ya köçürmənin təşkil edilməsi, virtual
aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək
imkanı verən alətlərlə əməliyyatların aparılmasının
(əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının
təşkil edilməsi, virtual aktivlərin alışı, satışı,
mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması
ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi
və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini
müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən
şəxslər;
1.1.13. cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə üzrə tələblərə
riayət edilməsi (bundan sonra – leqallaşdırmaya və terrorçuluğa
qarşı tələblərə riayət) – cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində hüquqi aktların
tələblərinə riayət edilməsi;
1.1.14. maliyyə qrupu (holdinq)
– qrupa daxil olan digər üzvlər üzərində qrup nəzarətinin
tətbiqini və koordinasiyasını həyata keçirən
hüquqi şəxs, o cümlədən qrup səviyyəsində
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində qayda və prosedurların
tətbiq edildiyi filiallar və ya törəmə hüquqi şəxslərin
məcmusu;
1.1.15. nəzarət orqanları
– öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun
12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər
tərəfindən bu Qanunun tələblərinə əməl
edilməsinə nəzarəti həyata keçirən bu Qanunun
16-cı maddəsində nəzərdə tutulan orqanlar (qurumlar);
1.1.16. nəzarət tədbirləri
– nəzarət orqanları və maliyyə monitorinqi orqanı
tərəfindən öhdəlik daşıyan şəxslərə,
habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş
şəxslərə tətbiq edilən bütün növ yoxlama
tədbirləri, o cümlədən nəzarət, araşdırma,
müşahidə, təftiş, baxış və digər oxşar
tədbirlər;
1.1.17. xarici hüquqi təsisat
– xarici dövlətdə (ərazidə) qüvvədə olan
qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis
edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi
tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması
və ya xüsusi məqsədlər çərçivəsində
xarici hüquqi təsisat təminatçısının nəzarəti
şərtilə və ya belə şərt olmadan əmlakın
xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə
verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən
trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat.
Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi,
təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu
dedikdə xarici hüquqi təsisatın təsis sənədindən
irəli gələn müvafiq hüquq və vəzifələri
daşıyan şəxslər nəzərdə tutulur;
1.1.18. müştəri
– öhdəlik daşıyan şəxslərin hər hansı
xidmətindən istifadə edən şəxs və ya xarici hüquqi
təsisat;
1.1.19. benefisiar mülkiyyətçi
– son nəticədə müştəriyə nəzarəti həyata
keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi
təsisat olan müştərinin əsl sahibi olan və (və
ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər
bağlanılan, habelə son nəticədə hüquqi şəxs
və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti
həyata keçirən fiziki şəxs (şəxslər);
1.1.20. mühüm iştirak
payı – nizamnamə kapitalının, habelə səsvermə
hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən,
yaxud müqavilə əsasında iştirakçısı olduğu
hüquqi şəxsin qərarlarının qəbul edilməsinə
mühüm təsir göstərməyə imkan verən paya
birbaşa və ya dolayı yolla sahiblik;
1.1.21. valyuta sərvətləri
və milli valyuta – nağd milli və ya xarici valyuta, milli və
xarici valyutada adsız sənədli qiymətli kağızlar,
qiymətli metallar və qiymətli daşlar;
1.1.22. məlumat və sənədlər
– yaranma tarixindən, təqdimat formasından və təsnifatından
asılı olmayaraq öhdəlik daşıyan şəxslərin,
bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin,
nəzarət orqanlarının, habelə digər dövlət
orqanlarının (qurumların) fəaliyyəti nəticəsində
əməliyyatlar (əqdlər) (bundan sonra – əməliyyatlar)
və (və ya) işgüzar münasibətlər barədə
yaranan, saxlanılan və ya qeydə alınan faktlar, rəylər,
xəbərlər və ya digər xarakterli məlumatlar, kağız
və ya elektron formada sənədlər. Bu anlayış, eyni
zamanda, müxtəlif məlumat bazalarında yaradılan, saxlanılan,
qeydə alınan, habelə internet və ya digər informasiya ehtiyatlarında
toplanan faktları, xəbərləri və ya digər xarakterli
məlumatları və ya sənədləri də əhatə
edir;
1.1.23. elektron köçürmələr
– maliyyə vəsaitlərinin fiziki və ya hüquqi şəxslər
tərəfindən maliyyə institutlarının təqdim etdiyi
elektron üsullarla (bank və digər
ödəniş hesabı vasitəsilə, hesab açmadan
və ya yeni ödəniş metodları ilə) vəsaiti alana
(elektron köçürmə zamanı ödəyici və vəsaiti
alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə
aparılan transsərhəd və ya ölkədaxili əməliyyatlar.
Ödəniş kartlarından istifadə etməklə məhsulların,
xidmətlərin alışı zamanı bütün əməliyyat
zənciri boyunca kartı müəyyən etməyə imkan verən
unikal məlumatların ötürüldüyü köçürmələr
və maliyyə institutları arasında öz məqsədləri
üçün hesablaşmalar və köçürmələr
elektron köçürmə hesab edilmir;[3]
1.1.24. siyasi nüfuzlu şəxslər
– hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq
təşkilatda mühüm dövlət və ya ictimai vəzifə
tutan və ya əvvəllər belə vəzifəni tutmuş
şəxslər (dövlət və hökumət başçıları,
dövlət orqanlarının (qurumların) rəhbərləri,
onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi
partiyaların idarəetmə orqanlarının üzvləri,
ali və konstitusiya məhkəmələrinin hakimləri, ali
auditi həyata keçirən nəzarət orqanlarının
və mərkəzi bankların idarəetmə orqanlarının
üzvləri, fövqəladə və səlahiyyətli səfirlər,
müvəqqəti işlər vəkilləri, ali hərbi və
ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin
idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların
rəhbərləri, onların müavinləri, idarəetmə
orqanlarının üzvləri);
1.1.25. siyasi nüfuzlu şəxslərin
yaxın qohumları – siyasi nüfuzlu şəxslərin valideynləri,
babaları, nənələri, əri, arvadı, uşaqları,
nəvələri, doğma və ögey qardaşları və
bacıları, övladlığa götürənləri (götürülənləri);
1.1.26. siyasi nüfuzlu şəxslərin
yaxın münasibətdə olduğu şəxslər – siyasi
nüfuzlu şəxslə eyni hüquqi şəxs və ya xarici
hüquqi təsisatın ortaq benefisiar mülkiyyətçisi
olan və ya onunla istənilən digər sıx sahibkarlıq
münasibətində olan fiziki şəxslər, siyasi nüfuzlu
şəxslərin faktiki mənfəət əldə etməsi
məqsədilə təsis edilmiş hüquqi şəxsin və
ya xarici hüquqi təsisatın təsisçisi və ya benefisiar
mülkiyyətçisi olan fiziki şəxslər və yaxud
adlarına siyasi nüfuzlu şəxsə faktiki məxsus əmlaka
hüquqların rəsmiləşdirildiyi şəxslər;
1.1.27. işgüzar münasibətlər
– öhdəlik daşıyan şəxslərin peşəkar
fəaliyyətinin həyata keçirilməsi zamanı öz
müştəriləri ilə formalaşdırdıqları,
tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə
əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar
münasibətlər;
1.1.28. FATF – cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına,
terrorçuluğun maliyyələşdirilməsinə və
kütləvi qırğın silahlarının yayılmasının
maliyyələşdirilməsinə qarşı qlobal maliyyə
sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması
və yayılmasını təmin edən müstəqil hökumətlərarası
qurum;
1.1.29. Maliyyə monitorinqi
orqanlarının Eqmont Qrupu – beynəlxalq miqyasda cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində maliyyə monitorinqi
orqanları arasında məlumat və sənəd mübadiləsinin
və texniki əməkdaşlığın, eləcə də
bu qurumların fəaliyyət səmərəliliyinin və potensialının
gücləndirilməsi məqsədilə yaradılan əməkdaşlıq
şəbəkəsi;
1.1.30. yüksək riskli
zonalar – cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində mötəbər mənbələr
(beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc
edilmiş qarşılıqlı qiymətləndirmə və
ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları)
əsasında müəyyən edilmiş adekvat mübarizə
sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və
terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının
aparılması zamanı eyniləşdirmə məlumat və
sənədlərinin açıqlanmasını tələb
etməyən və beynəlxalq təşkilatlar tərəfindən
barəsində sanksiyalar və ya digər analoji tədbirlər
tətbiq edilən dövlətlər və ya ərazilər.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən
edilmiş mənaları ifadə edir.[4]
Maddə 2. Bu Qanunun tətbiq
dairəsi
2.1. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı əməllərin aşkar edilməsi və
qarşısının alınması məqsədilə Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər, hüquqi
şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət
orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı
münasibətləri tənzimləyir.
2.2. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə əlaqədar olan və Azərbaycan Respublikasının
yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə
münasibətdə Azərbaycan Respublikasının götürdüyü
beynəlxalq öhdəliklərə və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq
olunur.
Maddə 3. Bu Qanunun tələblərinin
qeyri-maliyyə institutları və peşə sahiblərinə
tətbiq olunması
3.1. Bu Qanunun tələbləri kazino oyunlarının
təşkilatçıları və operatorları istisna olmaqla,
digər qeyri-maliyyə institutları və peşə sahiblərinə
münasibətdə aşağıdakı hallarda tətbiq olunur:[5]
3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı
üzrə əməliyyatlar apardıqda;
3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və
vergi məsləhəti xidmətləri göstərən müstəqil
şəxslər aşağıdakı əməliyyatları
apardıqda və ya bu cür əməliyyatların aparılmasında
iştirak etdikdə:
3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı;
3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli
kağızlarının və ya digər əmlakının
idarə olunması;
3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş
və pul hesablarının idarə olunması;
3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların
fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə
pul vəsaitlərinin toplanmasının təşkili, habelə
hüquqi şəxslərin səhmlərinin və ya paylarının
alqı-satqısı.
3.2. Kazino oyunlarının təşkilatçısına
və operatoruna münasibətdə bu Qanunun 4–8-ci maddələrinin
tələbləri müştəri tərəfindən üç
min manat məbləğində və ya daha artıq məbləğdə
maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq
edilir.[6]
2-ci fəsil
CİNAYƏT YOLU İLƏ ƏLDƏ
EDİLMİŞ ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN
MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ
SAHƏSİNDƏ ÖNLƏYİCİ TƏDBİRLƏR
Maddə 4. Müştəri
uyğunluğu tədbirləri
4.1. Maliyyə institutları uydurma adlarla və ya anonim
hesablar açmamalı, sənədləri və əmlakı
uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca
qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında
saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim
bank kitabçaları təqdim etməməlidirlər.
4.2. Öhdəlik daşıyan şəxslər aşağıdakı
hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq
etməlidirlər:
4.2.1. işgüzar münasibətlərin yaradılmasından
əvvəl;
4.2.2. iyirmi min manat məbləğində (bundan sonra –
limit) və ya limitdən artıq məbləğdə həyata
keçirilməsi gözlənilən hər hansı birdəfəlik
əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində
həyata keçirilərək bir-biri ilə əlaqəsi olan
və ümumi məbləği limitdən artıq olan bir neçə
əməliyyat aiddir);
4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi
və virtual aktivlərlə əməliyyatların aparılmasına
dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin
birdəfəlik elektron köçürülməsindən və
virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan
əvvəl;
4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə
və ya terrorçuluğun maliyyələşdirilməsində
istifadə edilməsinə şübhə yaradan bütün
hallarda;
4.2.5. əldə edilmiş məlumat və sənədlərin
doğruluğuna və ya uyğunluğuna dair şübhələr
olduqda.
4.3. Əməliyyatın ümumi məbləği əməliyyatın
icrasından əvvəl məlum deyilsə, müştəri
uyğunluğu tədbirlərinin tətbiqi əməliyyatın
məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi
anda həyata keçirilir.
4.4. Öhdəlik daşıyan şəxslər müştəri
uyğunluğu tədbirləri çərçivəsində
aşağıdakı tədbirləri görməlidirlər:
4.4.1. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda müştərini eyniləşdirməli (müştərinin
xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə
etməsindən, fiziki və ya hüquqi şəxs, habelə
xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin
eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil
mənbələrdən əldə edilən məlumat və
sənədlər və ya informasiya ehtiyatları əsasında
verifikasiya etməli və digər müştəri uyğunluğu
tədbirlərini həyata keçirməlidirlər;
4.4.2. şəxsin müştərinin və ya digər
şəxsin adından fəaliyyət göstərməsi üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş
səlahiyyətinin olub-olmamasını müəyyən etməli,
həmin şəxsi eyniləşdirməli və eyniləşdirmə
məlumatlarını etibarlı, müstəqil mənbələrdən
əldə edilən məlumat və sənədlər və
ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və
digər müştəri uyğunluğu tədbirlərini həyata
keçirməlidirlər;
4.4.3. benefisiar mülkiyyətçinin kimliyinin müəyyən
edilməsinə tam əmin olanadək onu eyniləşdirməli
və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının
etibarlı, müstəqil mənbələrdən əldə
edilən məlumat və sənədlər və ya informasiya
ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan
tədbirlər görməlidirlər;
4.4.4. işgüzar münasibətlərin məqsədini
və mahiyyətini aydınlaşdırmalı və bu barədə
müştəridən məlumat və sənədlər əldə
etməlidirlər;
4.4.5. bu Qanunun 4.4.1–4.4.4-cü maddələrində nəzərdə
tutulmuş məlumatlar və sənədlər əsasında
müştəri profilini yaratmalıdırlar;
4.4.6. bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində
nəzərdə tutulmuş tələblər barədə müştərini
məlumatlandırmalıdırlar.
4.5. Öhdəlik daşıyan şəxslər işgüzar
münasibətlərə aşağıdakı müştəri
uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər:
4.5.1. aparılan əməliyyatların müştəri
barədə əldə edilmiş məlumat və sənədlərlə,
habelə müştərinin fəaliyyəti və risk profili,
o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında
məlumat və sənədlərlə uyğunluğunun müəyyən
edilməsi məqsədilə əməliyyatların təhlil
edilməsi;
4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən
keçirilib tədqiq edilərək yüksək riskli müştəriləri
prioritetləşdirməklə müştəri uyğunluğu
tədbirləri çərçivəsində əldə edilmiş
məlumat və sənədlərin yenilənməsinin və
adekvatlığının təmin edilməsi.
4.6. Müştərisi hüquqi şəxs və ya xarici
hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər
əlavə olaraq aşağıdakı müştəri uyğunluğu
tədbirlərini həyata keçirməlidirlər:
4.6.1. müştərilərin fəaliyyətinin xarakterinin,
sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən
edilməsi;
4.6.2. adı, təşkilati-hüquqi forması, mövcudluğuna
dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə
rəhbərlik edən vəzifəli şəxslərin adları,
hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər
əsasında müştərilərin eyniləşdirilməsi
və eyniləşdirmə məlumatlarının etibarlı,
müstəqil mənbələrdən əldə edilən məlumatlar,
sənədlər və ya informasiya ehtiyatları əsasında
verifikasiya edilməsi;
4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın
benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə
tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar
mülkiyyətçinin eyniləşdirmə məlumatlarının
etibarlı, müstəqil mənbələrdən əldə
edilən məlumat və sənədlər və ya informasiya
ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan
tədbirlərin görülməsi.
4.7. Hüquqi şəxsin (publik hüquqi şəxslər
istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi
aşağıdakı ardıcıllığa uyğun olaraq
həyata keçirilməli və eyniləşdirmə məlumatlarının
verifikasiyası aparılmalıdır:
4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm
iştirak payına (hüquqi şəxsdə iştirak paylarının
bölgüsü mühüm iştirak payının mövcudluğunu
istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər)
müəyyən edilməli;
4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin
(şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi
olmasına dair şübhələr olduqda və ya iştirak
payı əsasında hüquqi şəxsə nəzarəti
həyata keçirən fiziki şəxs (şəxslər) mövcud
olmadıqda, hüquqi şəxsə başqa formada mövcud
nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər)
müəyyən edilməli;
4.7.3. əgər hüquqi şəxs üzərində
iştirak payı əsasında və ya başqa formada nəzarəti
həyata keçirən fiziki şəxsi müəyyən etmək
mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi
həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən
edilməli.
4.8. Xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin
eyniləşdirilməsi aşağıdakı ardıcıllığa
uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə
məlumatlarının verifikasiyası aparılmalıdır:
4.8.1. trastın strukturunda təsisçi, trast idarəçisi,
trast təminatçısı (olduğu halda), benefisiar və
ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti
həyata keçirən hər hansı digər fiziki şəxs
(nəzarət və ya mülkiyyət
zənciri də daxil olmaqla) müəyyən edilməli;[7]
4.8.2. digər növ xarici hüquqi təsisatlarda eyni və
ya oxşar hüquq və vəzifə daşıyan şəxslər
müəyyən edilməli.
4.9. Həyatın yığım sığortası müqaviləsi
üzrə müştəri uyğunluğu tədbirlərinə
əlavə olaraq faydalanan şəxs müəyyən və
ya təyin edilən kimi onun barəsində aşağıdakı
tədbirlər həyata keçirilməlidir:
4.9.1. sığorta müqaviləsi üzrə faydalanan
şəxs fiziki, hüquqi şəxs və ya xarici hüquqi
təsisat olduqda, həmin şəxsin eyniləşdirmə məlumat
və sənədləri əldə edilməli;
4.9.2. faydalanan şəxs xüsusiyyətlərinə,
təsnifatına və ya digər əsaslara görə təyin
edildikdə, ödəniş zamanı faydalanan şəxsi eyniləşdirməyə
imkan verən yetərli həcmdə məlumat və sənədlər
əldə edilməli;
4.9.3. ödəniş zamanı faydalanan şəxsin barəsində
verifikasiya tədbirləri həyata keçirilməli.
4.9-1. Kazino oyunlarının təşkilatçısı
tərəfindən müştəri uyğunluğu tədbirləri,
müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə
əməliyyatının onun barəsində bu tədbirlər
çərçivəsində əldə edilmiş məlumat
və sənədlərlə əlaqələndirilməsinə
imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda
kazinolarda yalnız çiplər və ya tokenlər istifadə
edilməklə aparılan kazino oyunları ilə bağlı
əməliyyatlar maliyyə əməliyyatları hesab edilmir.[8]
4.10. Öhdəlik daşıyan şəxslər bütün
mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar
iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların
oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə
təyinatını və mahiyyətini ağlabatan səviyyədə
aydınlaşdırmalı, belə əməliyyatlar zamanı
təqdim edilmiş əmlakın mənbəyini müəyyən
etməli və bunlarla bağlı təhlil hesabatı tərtib
etməlidirlər.
4.11. Öhdəlik daşıyan şəxslər mürəkkəb,
qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi
və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə
risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin,
məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma
kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri
ilə bağlı meyarların qiymətləndirilməsi əsasında
və risk qiymətləndirmələrinin nəticələrini
əsas götürməklə riskin yüksək olduğunu müəyyən
etdikdə gücləndirilmiş müştəri uyğunluğu
tədbirlərini tətbiq etməlidirlər.
4.12. Müştərilərin, məhsulların, xidmətlərin,
əməliyyatların, çatdırılma kanallarının
və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından
yüksək və aşağı risk faktorları, müştəri
profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid
edilməsi qaydası, habelə gücləndirilmiş müştəri
uyğunluğu tədbirlərinə dair tələblər maliyyə
monitorinqi orqanı tərəfindən müəyyən edilir.
4.13. Gücləndirilmiş müştəri uyğunluğu
tədbirləri çərçivəsində öhdəlik
daşıyan şəxslər aşağıdakı tədbirləri
görməlidirlər:
4.13.1. cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
riskləri yüksək olan hallarda müəyyən edilmiş
risklərə mütənasib olaraq gücləndirilmiş müştəri
uyğunluğu tədbirləri tətbiq etməli və işgüzar
münasibətlərin monitorinqinin intensivliyini artırmalı;
4.13.2. həyatın yığım sığortası
müqaviləsi üzrə gücləndirilmiş müştəri
uyğunluğu tədbirlərinin tətbiqini müəyyənləşdirmək
üçün həyatın yığım sığortası
şəhadətnaməsi üzrə faydalanan şəxsin risk
dərəcəsini qiymətləndirməli, hüquqi şəxs
və ya xarici hüquqi təsisat olan faydalanan şəxsin yüksək
riskli olduğu müəyyən edilərsə, faydalanan şəxsə,
habelə onun benefisiar mülkiyyətçisinə münasibətdə
gücləndirilmiş müştəri uyğunluğu tədbirləri
həyata keçirməli;
4.13.3. bu Qanunun 4.9-cu və 4.13.2-ci maddələrinin tələblərinin
tətbiqi mümkün deyildirsə, habelə bu Qanunun 4.13.1-ci
maddəsində nəzərdə tutulan tədbirlərin tətbiqi
zamanı şübhəli əsaslar müəyyən edilərsə,
bu barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
4.14. Müştəri uyğunluğu tədbirlərinin
tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat
həyata keçirilməməli, işgüzar münasibətlər
yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar
münasibətlərə xitam verilməli və bu barədə
maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
4.15. Müştəri uyğunluğu tədbirlərinin
həyata keçirilməsinin bu Qanunun 4.13.3-cü və 11.2-ci
maddələrində nəzərdə tutulmuş tədbirlər
haqqında müştərinin və ya digər şəxslərin
məlumatlandırılmasına səbəb olacağına ehtimallar
olduqda, müştəri uyğunluğu tədbirləri dayandırılmalı
və müştəri haqqında məlum olan məlumat və
sənədlər də əlavə edilməklə, bu barədə
maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
4.16. Fəaliyyətinin xüsusiyyətləri, risk dərəcəsi
və səciyyəviliyi nəzərə alınaraq, bu Qanun qüvvəyə
minənədək yaranmış və bu Qanun qüvvəyə
mindiyi gündən sonra davam edən işgüzar münasibətlər
üzrə müştəri uyğunluğu tədbirləri tətbiq
edilməlidir. Bu halda qeyd edilən tədbirlərin daha əvvəl
tətbiqi, tətbiq edilmə vaxtı və tezliyi, habelə əldə
olunan məlumatların yetərliliyi nəzərə alınmalıdır.
4.17. Aşağıdakı hallar istisna olmaqla, əvvəllər
həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə
güvənilə bilər və müştəri uyğunluğu
tədbirlərinin təkrar həyata keçirilməsi tələb
edilmir:
4.17.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə
və ya terrorçuluğun maliyyələşdirilməsində
istifadə edilməsinə şübhə yaradan bütün
hallarda;
4.17.2. müştəri və ya benefisiar mülkiyyətçi
ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə
məlumat və sənədlərinin doğruluğuna və ya
uyğunluğuna dair şübhələr olduqda;
4.17.3. müştərinin işgüzar profili ilə uzlaşmayan
əhəmiyyətli dəyişikliklər olduqda;
4.17.4. mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan,
habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi
olmayan əməliyyatlar həyata keçirildikdə;
4.17.5. bu Qanunun 4.5-ci maddəsində nəzərdə
tutulmuş müştəri uyğunluğu tədbirlərinin
davamlı olaraq tətbiq edilməsi zəruri olduqda.
4.18. Müştərilərin, məhsulların, xidmətlərin,
əməliyyatların, çatdırılma kanallarının
və coğrafi yerləşmənin xüsusiyyətləri ilə
bağlı meyarların (faktorların) qiymətləndirilməsi
əsasında, risk qiymətləndirmələrinin nəticələrini
əsas götürməklə riskin aşağı olduğu
müəyyən edildikdə bu Qanunun 4.2.1–4.2.3-cü maddələrində
göstərilən hallarda və maliyyə monitorinqi orqanı
tərəfindən müəyyən edilmiş qaydalara uyğun
olaraq sadələşdirilmiş müştəri uyğunluğu
tədbirlərinin tətbiqinə yol verilir. Sadələşdirilmiş
müştəri uyğunluğu tədbirlərinə dair tələblər
risk qiymətləndirməsi əsasında maliyyə monitorinqi
orqanı tərəfindən müəyyən edilir.
4.19. Peşəkar fəaliyyət çərçivəsində
üçüncü şəxslərə hüquqi şəxsləri
və ya onların filial və nümayəndəliklərini təsis
etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində
çıxış etmək, hüquqi şəxslər və
ya onların filial və nümayəndəlikləri üçün
hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən
şəxslər şirkətin xidmət təminatçıları
hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən
(qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi
qismində çıxış edən şirkətin xidmət
təminatçıları, fəaliyyət istiqamətlərinə
uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə
işgüzar münasibətlər qurarkən, şirkətin
xidmət təminatçısı qismində iştirak etdiyini
bəyan etməli və bununla əlaqədar zəruri bütün
məlumat və sənədləri təqdim etməlidirlər.
4.20. Xarici hüquqi təsisatın idarəçisi qismində
çıxış edən şəxslər fəaliyyət
istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan
şəxslərlə işgüzar münasibətlər qurarkən
xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan
etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın
əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları,
benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə),
xarici hüquqi təsisat təminatçıları (olduğu
təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə
daşıyan şəxslər haqqında məlumat və sənədləri
və xarici hüquqi təsisatın təsis sənədinin surətini
təqdim etməlidirlər.
Maddə 5. Üçüncü
şəxslərə güvənmə
5.1. Öhdəlik daşıyan şəxslər digər
öhdəlik daşıyan şəxslərin (üçüncü
şəxslərin) bu Qanunun 4-cü maddəsinə uyğun olaraq
apardıqları müştəri uyğunluğu tədbirlərinə
və ya işgüzar münasibətlərin yaradılması
məqsədilə yeni müştərinin təqdimatı zamanı
digər öhdəlik daşıyan şəxslər tərəfindən
əldə edilmiş məlumat və sənədlərə güvənə
bilərlər. Üçüncü şəxslərə güvənilən
hallarda bu Qanunun tələblərinə əməl edilməsinin
məsuliyyəti güvənən öhdəlik daşıyan
şəxslərin üzərinə düşür. Bu zaman öhdəlik
daşıyan şəxslər aşağıdakı tədbirləri
görməlidirlər:
5.1.1. bu Qanunun 4-cü maddəsində nəzərdə
tutulmuş müştəri uyğunluğu tədbirləri çərçivəsində
əldə edilmiş məlumat və sənədləri üçüncü
şəxslərdən dərhal almalı;
5.1.2. eyniləşdirmə məlumat və sənədlərinin
və müştəri uyğunluğu tədbirlərinin tələblərinə
əməl edilməsinə dair müvafiq məlumat və sənədlərin
surətlərinin üçüncü şəxsdən sorğu
əsasında təxirəsalınmadan (hər bir halda sorğu
edilən iş gününün sonundan gec olmayaraq) əldə
olunacağına əmin olmaq üçün addımlar atmalı;
5.1.3. bu Qanunun 4.17-ci maddəsinin tələblərinə
əməl etməli;
5.1.4. üçüncü şəxslər tərəfindən
bu Qanunun tələblərinə əməl edilməsinə,
habelə həmin şəxslər üzərində təsis
edildikləri, idarə edildikləri və ya fəaliyyət göstərdikləri
ölkədə (ərazidə) dövlət tərəfindən
effektiv monitorinq və nəzarət mexanizminin olduğuna əmin
olmalıdırlar.
5.2. Öhdəlik daşıyan şəxslər xarici
yurisdiksiyada yerləşən öhdəlik daşıyan şəxslərin
müştəri uyğunluğu tədbirlərinə və ya
işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik
xidmətlərinə və həmin şəxslər tərəfindən
əldə edilmiş məlumat və sənədlərə güvəndiyi
hallarda, həmin şəxslərin aid olduğu yurisdiksiyanın
riskliliyini nəzərə almalıdırlar.
5.3. Öhdəlik daşıyan şəxslər eyni maliyyə
qrupu (holdinq) daxilində olan digər öhdəlik daşıyan
şəxslərin müştəri uyğunluğu tədbirlərinə
və ya işgüzar münasibətlərin qurulması üzrə
vasitəçilik xidmətlərinə və həmin şəxslər
tərəfindən əldə edilmiş məlumat və sənədlərə
yalnız maliyyə qrupu (holdinq) tərəfindən bu Qanunun tələblərinin
tətbiqinə və həmin maliyyə qrupu (holdinq) üzərində
nəzarət orqanı tərəfindən effektiv nəzarətin
həyata keçirildiyinə əmin olduqları halda güvənə
bilərlər. Bu zaman, həmçinin daxili nəzarət proqramları
çərçivəsində yüksək riskli zonalara münasibətdə
risklərin azaldılması tədbirləri həyata keçirilməlidir.
Maddə 6. Məlumat
və sənədlərin saxlanılması öhdəliyi
6.1. Öhdəlik daşıyan şəxslər ölkədaxili
və transsərhəd əməliyyatlara dair bütün məlumat
və sənədləri qanunvericilikdə daha uzun müddət
nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən
sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.2. Öhdəlik daşıyan şəxslər bu Qanunun
4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu
tədbirləri çərçivəsində əldə edilmiş
məlumat və sənədləri, işgüzar yazışmaları,
hesablara, habelə aparılmış hər hansı təhlilin
nəticələrinə dair məlumat və sənədləri
qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda,
işgüzar münasibətlərə xitam verildikdən və
yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən
sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə
tutulan müddət maliyyə monitorinqi orqanının və ya
nəzarət orqanının qərarı ilə hər bir xüsusi
halda uzadıla bilər.
6.4. Əməliyyata dair məlumat və sənədlər
cinayət mühakimə icraatı zamanı onların sübut
kimi istifadəsinin təmin edilməsi məqsədilə hər
hansı əməliyyatın yenidən bərpa edilməsinə
imkan verəcək qaydada saxlanılmalıdır.
6.5. Öhdəlik daşıyan şəxslər tərəfindən
saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi
orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına
və məhkəmələrə (qanunla nəzərdə tutulmuş
xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər
onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən
müddətdə təqdim edilməlidir.
6.6. Hüquqi şəxslərin öz benefisiar
mülkiyyətçisi, xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filiallarının isə xarici hüquqi şəxsin
benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq
və yenilənmiş məlumat və sənədlərə
malik olması, habelə benefisiar mülkiyyətçilərinə
dair məlumatların reyestrinin aparılması ilə bağlı
məsələlər “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.[9]
Maddə 7. Siyasi nüfuzlu
şəxslər, onların yaxın qohumları və ya yaxın
münasibətdə olduğu şəxslərlə əməliyyatlar
7.1. Öhdəlik daşıyan şəxslər bu Qanunun
4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə
yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın
qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə
əməliyyatlara münasibətdə aşağıdakı
tədbirləri görməlidirlər:
7.1.1. müştərinin və benefisiar mülkiyyətçinin
siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın
münasibətdə olduğu şəxs olduğunu müəyyən
etməyə imkan verən risklərin idarə edilməsi sistemini
tətbiq etməli;
7.1.2. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və
ya yaxın münasibətdə olduğu şəxslə işgüzar
münasibətləri yalnız rəhbərliyin razılığı
əsasında yaratmalı və ya davam etdirməli;
7.1.3. müştərinin və ya benefisiar mülkiyyətçinin
siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın
münasibətdə olduğu şəxs olduğu müəyyən
edilən zaman onun təqdim edilən əmlakının, habelə
ümumilikdə digər sərvətlərinin mənbəyini
müəyyən etmək üçün ağlabatan tədbirlər
görməli;
7.1.4. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və
ya yaxın münasibətdə olduğu şəxslə işgüzar
münasibətlərə davamlı gücləndirilmiş müştəri
uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
7.2. Həyatın yığım sığortası fəaliyyəti
ilə məşğul olan sığortaçılar ödəniş
həyata keçirilməzdən əvvəl həyatın yığım
sığortası şəhadətnaməsi üzrə faydalanan
şəxslərin və faydalanan şəxslərin benefisiar
mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs, onun
yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs
olmasını müəyyən etmək üçün tədbirlər
həyata keçirməli, yüksək risk müəyyən
edildikdə, ödənişi rəhbərliyin razılığı
ilə həyata keçirməli, şəhadətnamə sahibi
ilə işgüzar münasibətləri hərtərəfli
araşdırmalı və əməliyyatlar barədə maliyyə
monitorinqi orqanına məlumat verməlidirlər.
Maddə 8. Yeni texnologiyalar
8.1. Öhdəlik daşıyan şəxslər yeni və
inkişaf edən texnologiyalar (bundan sonra – yeni texnologiyalar) vasitəsilə
yaradılan işgüzar münasibətlərə və aparılan
əməliyyatlara yüksək riskli münasibətlər və
əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin
yaradılması və əməliyyatların həyata keçirilməsi
zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
risklərinin qiymətləndirilməsi və azaldılması
üzrə tədbirlər görməlidirlər. Öhdəlik
daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən
əvvəl onların təhlükəsiz tətbiq edilməsi
üçün tədbirlər görməli və yeni texnologiyaların
tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar.
8.2. Öhdəlik daşıyan şəxslər yeni texnologiyalar
vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə
tutan işgüzar münasibətlərin, məhsulların və
aparılan əməliyyatların tənzimlənməsinə
dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə,
o cümlədən elektron nəzarət sistemlərinə malik
olmalıdırlar.
8.3. Maliyyə institutları müvafiq riskləri yeni məhsulların
və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların
istifadəsindən əvvəl qiymətləndirməli, eləcə
də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına
münasibətdə önləyici tədbirlər müəyyən
etməlidirlər.
8.4. Öhdəlik daşıyan şəxslərə
münasibətdə yeni məhsulların və çatdırılma
kanalları da daxil olmaqla yeni biznes praktikalarının yaradılmasından,
habelə yeni və inkişaf mərhələsində olan məhsullara
münasibətdə yeni texnologiyaların tətbiqindən qaynaqlanan
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması
və terrorçuluğun maliyyələşdirilməsi riskləri
nəzarət orqanları tərəfindən müəyyənləşdirilməli
və qiymətləndirilməli, eləcə də müvafiq
risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə
önləyici tədbirlər müəyyən edilməlidir.
8.5. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini
istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri
informasiya texnologiyalarından istifadə etməklə tətbiq
edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim
olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü
maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri
maliyyə monitorinqi orqanı tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
8.6. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin
tam tətbiqinə imkan vermirsə və ya müştərinin
və benefisiar mülkiyyətçinin müəyyən edilməsində,
eləcə də təqdim olunmuş məlumat və sənədlərin
həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması
mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar
varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir.
Maddə 9. Yüksək
riskli zonalar
9.1. Yüksək riskli zonaların vətəndaşları
ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət
yeri həmin zonalarda olan şəxslərlə və ya onların
vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan
keçmiş bankda və digər
ödəniş xidməti təchizatçılarında hesaba
malik olan şəxslərlə əlaqədar hər hansı
işgüzar münasibətlər və əməliyyatlara münasibətdə
yüksək riskli zona hesab edilən ölkədə təsis
edilən, idarə edilən və ya fəaliyyət göstərən
üçüncü şəxslər tərəfindən təqdim
edilən məlumat və sənədlərə güvənmədən
bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş
gücləndirilmiş müştəri uyğunluğu tədbirləri
tətbiq edilməlidir.[10]
9.2. FATF tərəfindən edilmiş çağırışlar
əsasında, habelə bu Qanunun 9.5-ci maddəsinə uyğun
olaraq müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə
məhdudiyyətlər və xüsusi tələblər tətbiq
edilə bilər.
9.3. Yüksək riskli zonalara münasibətdə FATF
tərəfindən edilmiş çağırışların
mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya
ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət
orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə
göndərilir. Öhdəlik daşıyan şəxslər
FATF tərəfindən edilmiş çağırışlarda
müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.
9.4. Yüksək riskli zonaların müəyyən edilmə
əsasları, yüksək riskli zonalara münasibətdə
tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi
tələblərin siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
9.5. Yüksək riskli zonaların siyahısı müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
ilə razılaşdırmaqla, maliyyə monitorinqi orqanı tərəfindən
müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət
orqanlarının vasitəsilə öhdəlik daşıyan
şəxslərə göndərilir.
9.6. Yüksək riskli zonalara münasibətdə tətbiq
edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin
növü və müddəti aşkar edilmiş risklərə
uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən
müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət
orqanlarının vasitəsilə öhdəlik daşıyan
şəxslərə göndərilir.
Maddə 10. Daxili nəzarət
proqramı
10.1. Öhdəlik daşıyan şəxslər müəyyən
edilmiş risklərə, fəaliyyətlərinin miqyasına
və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə üzrə daxili nəzarət proqramı
çərçivəsində aşağıdakı tədbirləri
görməlidirlər:
10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin
və onların inkişaf planlarının təsdiq və tətbiq
edilməsi;
10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin
və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin
müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya
və terrorçuluğa qarşı tələblərə riayət
edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil
edilməsi;
10.1.3. işəgötürmə prosesində yüksək
peşəkarlıq və vətəndaş qüsursuzluğu
tələblərinin təmin edilməsi məqsədilə yoxlama
prosedurlarının təsdiq və tətbiq edilməsi;
10.1.4. işçilərin davamlı qaydada təlimlərə
cəlb edilməsi;
10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit
standartları əsasında qiymətləndirən müstəqil
audit mexanizminin təşkil edilməsi.
10.2. Öhdəlik daşıyan şəxslər olan
maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında
daxili nəzarət proqramları çərçivəsində
bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə
əlavə olaraq aşağıdakı tədbirlərin bütün
filiallara və törəmə hüquqi şəxslərə
tətbiq edilməsini təmin etməlidirlər:
10.2.1. müştəri uyğunluğu tədbirləri
çərçivəsində və cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi risklərinin idarə edilməsi
məqsədilə məlumat və sənədlərin qrupdaxili
(holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların
təsdiq və tətbiq edilməsi;
10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya
və terrorçuluğa qarşı tələblərə riayət,
audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində
əsas hüquqi şəxsdən, filial və törəmə
hüquqi şəxsdən müştərilər, hesablar və
əməliyyatlar barədə məlumat və sənədlərin
alınması qayda və prosedurlarının təsdiq və tətbiq
edilməsi;
10.2.3. ötürülmüş məlumat və sənədlərin
konfidensiallığını və təhlükəsizliyini,
eləcə də yayılmasının qarşısının
alınmasını təmin edən mexanizmlərin formalaşdırılması
qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi.
10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində maliyyə institutlarının
filiallarının və törəmə hüquqi şəxslərinin
yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə
müqayisədə daha sərt tələblər müəyyən
edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin
imkan verdiyi çərçivədə xarici filiallarının
və törəmə hüquqi şəxslərinin daha sərt
tələblər əsasında fəaliyyət göstərməsini
təmin etməlidir.
10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha
sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə
qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə
tədbirlər görməli və bu barədə nəzarət
orqanına məlumat verməlidirlər.
10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının
cavab verməli olduğu minimum tələbləri müəyyən
edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik
daşıyan şəxslərə münasibətdə maliyyə
monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən
əlavə tələblər müəyyən edə bilər.
3-cü fəsil
MONİTORİNQ OLUNMALI ƏMƏLİYYATLAR
Maddə 11. Monitorinq
olunmalı əməliyyatlara dair məlumat və sənədlərin
maliyyə monitorinqi orqanına təqdim edilməsi
11.1. Maliyyə institutları tərəfindən aşağıdakı
əməliyyatlara dair məlumat və sənədlər maliyyə
monitorinqi orqanına təqdim edilir:
11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən
müəyyənləşdirilən məbləğə bərabər
və ya bu məbləğdən yuxarı nağd şəkildə
həyata keçirilən əməliyyatlara dair məlumat və
sənədlər;
11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən
müəyyənləşdirilən məbləğə bərabər
və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin
elektron köçürülməsi əməliyyatlarına dair
məlumat və sənədlər.
11.2. Aşağıdakı hallar olduqda məbləğindən
asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların
aparılmasına cəhdlər barədə məlumat və sənədlər
öhdəlik daşıyan şəxslər, habelə auditor
xidməti göstərən şəxslər tərəfindən
maliyyə monitorinqi orqanına təqdim edilir:
11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə
şübhə və ya belə şübhə üçün
kifayət qədər əsaslar yaradan hallar;
11.2.2. əmlakın terror aktının hazırlanmasında,
təşkil olunmasında və ya törədilməsində,
habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin,
təşkilatın) maliyyələşdirilməsi üçün
istifadə olunacağı ilə bağlı şübhə
və ya belə şübhə üçün kifayət qədər
əsaslar yaradan hallar.
11.3. Aşağıdakı əməliyyatlar barədə
məlumat və sənədlər məbləğindən və
ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından
asılı olmayaraq öhdəlik daşıyan şəxslər,
habelə auditor xidməti göstərən şəxslər
tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur:
11.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri,
onların yaxın qohumları və ya yaxın münasibətdə
olduğu şəxslər tərəfindən həyata keçirilən
istənilən əməliyyatlar;
11.3.2. “Hədəfli maliyyə
sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların
aktivləri ilə əməliyyatlar;
11.3.3. Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət
təşkilatlarının, o cümlədən xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin
bank və digər ödəniş
hesabları üzrə əməliyyatlar.
11.4. Öhdəlik daşıyan şəxslər, habelə
auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü,
4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə
tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi
orqanı tərəfindən müəyyən edilmiş qaydada
ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü
maddələrində nəzərdə tutulmuş məlumat və
sənədlər maliyyə monitorinqi orqanına əməliyyat
həyata keçirildikdən sonra 3 iş günü ərzində,
bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə
tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim
edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal
sonra, lakin hər bir halda həmin iş gününün sonundan
gec olmayaraq təqdim edilməlidir.
11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan
hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə
institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində
nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü
ərzində icra edilmir və məlumat və sənədlər,
əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına
təqdim edilir:
11.5.1. yüksək riskli müştəri profilləri
ilə əlaqədar əməliyyatlar;
11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən
müəyyənləşdirilən məbləğə bərabər
və ya bu məbləğdən yuxarı məbləğdə
həyata keçirilən əməliyyatlar;
11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması
ilə nəticələnən əməliyyatlar.
11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş
əməliyyatın icra olunmaması mümkün deyildirsə,
maliyyə institutları əməliyyatın icrasından dərhal
sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan
müddət ərzində əməliyyatın dayandırılması
barədə maliyyə monitorinqi orqanının göstərişi
daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində
maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının
zəruri olmadığına dair məlumat daxil olduğu halda,
əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən
dərhal icra edilməlidir.
11.8. Əldə edilmə mənbəyindən asılı
olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat
və sənədlər məxfi və konfidensial saxlanılır,
yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin
həyata keçirilməsi üçün istifadə edilir və
qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi
çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı
məlumat və sənədlərin təhlükəsizliyinin
təmin olunması sistemini təşkil edir.
11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq
bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların
minimum məbləğinin yenilənməsi məsələsinə
baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi
orqanının əməliyyatların minimum məbləğini
müəyyən etdiyi vaxtdan başlayır.
11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində
nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin
maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə
məlumat verilməməlidir.
11.11. Öhdəlik daşıyan şəxslər
hüquqi şəxs olan müştərilərə tətbiq
edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində
müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə
məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi
orqanına təqdim etməlidirlər.[11]
Maddə 12. Auditor xidməti
göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət
təşkilatları, o cümlədən xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı
filial və ya nümayəndəlikləri tərəfindən
təqdim olunan məlumat və sənədlər
12.1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş auditor xidməti göstərən şəxslər
auditor fəaliyyətini həyata keçirən zaman cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının
və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını
almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə
edilməsinə şübhə və ya belə şübhə
üçün kifayət qədər əsaslar yaradan hallar,
habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror
təşkilatları və ya terrorçuluğu maliyyələşdirən
hər hansı şəxslə bağlı olmasına və
ya bu şəxslər tərəfindən istifadə edilməsinə
şübhə və ya belə şübhə üçün
kifayət qədər əsaslar yaradan hallar müəyyən
edərlərsə, bu barədə məlumat və sənədləri
bu Qanunun 11.4-cü maddəsinə uyğun olaraq maliyyə monitorinqi
orqanına təqdim etməlidirlər.
12.2. Auditor xidməti göstərən şəxslər
auditor fəaliyyətini həyata keçirən zaman əldə
etdikləri bütün məlumat və sənədləri ən
azı 5 il müddətində saxlamalıdırlar. Bu müddət
maliyyə monitorinqi orqanı və ya nəzarət orqanının
qərarı ilə 5 ilədək uzadıla bilər.
12.3. Terrorçuluğun maliyyələşdirilməsinin
qarşısını almaq məqsədilə öz fəaliyyətinin
tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya
vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət
təşkilatı, o cümlədən xarici dövlətlərin
qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı
filial və ya nümayəndəliyi qrant və ianə alarkən,
habelə verərkən risklərin minimallaşdırılmasına
yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər
şəkildə formalaşdırılma mənbələri,
həmçinin onlardan istifadə üzrə təfsilatlı
illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı
hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına
təqdim edilməlidir.[12]
Maddə 13. Qanunla qorunan
sirr rejiminə dair tələblər
13.1. Dövlət sirri istisna olmaqla, habelə bu Qanunun 13.2-ci
maddəsinin müddəaları nəzərə alınmaqla,
qanunvericiliklə müəyyən edilmiş bütün digər
sirlərin qorunması rejiminə əsaslanaraq bu Qanunun tələbləri
çərçivəsində məlumat və sənədlərin
maliyyə monitorinqi orqanına və nəzarət tədbirlərinin
həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına
təqdim edilməsindən imtina oluna bilməz.
13.2. Bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin
tələbləri müştərinin hüquqi vəziyyətinin
müəyyən edilməsi zamanı və ya onun məhkəmə,
inzibati, arbitraj və mediasiya qaydasında müdafiə (təmsil)
edilməsi ilə əlaqədar əldə edilən (məlumatların
məhkəmə icraatından əvvəl, icraat zamanı və
ya icraatdan sonra əldə edilməsindən asılı olmayaraq),
vəkil və ya digər peşə sirrini təşkil edən
məlumat və sənədlərə şamil edilmir. Qeyri-maliyyə
institutları və peşə sahibləri müştərinin
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması
və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərində
iştirak etdiyi, yaxud müştəriyə cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılması
və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərinin
törədilməsi məqsədilə hüquqi məsləhətlər
verdiyi və ya müştərinin həmin məqsədlərlə
hüquqi məsləhət almaq istədiyini bildiyi halda belə
hüquqi məsləhətlər verdikdə və ya eyni məqsədlə
əqdlərin bağlanmasına, əməliyyatların həyata
keçirilməsinə cəhd etdikdə, belə əməllər
müştərinin hüquqi vəziyyətinin müəyyən
edilməsi hesab edilmir və bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü
maddələrinin tələblərinə riayət etmək vəzifəsindən
azad etmir.
13.3. Vəkil və ya peşə sirrinin qorunması vəzifəsi
olan digər öhdəlik daşıyan şəxslər müştərinin
hüquqi vəziyyətinin müəyyən edilməsi məqsədilə
bu Qanunun tələblərindən irəli gələn bütün
tədbirləri həyata keçirməlidirlər. Bu tələblər
icra edilmədən onların iştirakı ilə əqdlərin
bağlanması, əməliyyatların həyata keçirilməsi,
eləcə də belə əqdlərin bağlanması, əməliyyatların
həyata keçirilməsi üçün məsləhətlərin
verilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
səbəb olur.
4-cü fəsil
MONİTORİNQ VƏ NƏZARƏT TƏDBİRLƏRİ
Maddə 14. Maliyyə
monitorinqi orqanı
14.1. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir, öhdəlik daşıyan
şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslər, nəzarət orqanları və digər
dövlət orqanları (qurumlar) tərəfindən təqdim
edilən, həmçinin informasiya resurslarından, açıq
mənbələrdən və digər şəxslərdən
əldə olunan məlumat və sənədləri toplayır
və təhlil edir, təhlilin nəticələrini və digər
zəruri məlumatları aidiyyəti dövlət orqanlarına
(qurumlara) təqdim edir. Bu zaman maliyyə monitorinqi orqanı şübhəli
hallara dair əldə edilmiş məlumat və sənədlərin
keyfiyyətini qiymətləndirir, şübhəli halların
müəyyən edilməsi, o cümlədən risk qiymətləndirilməsinin
aparılması məqsədilə taktiki və strateji təhlil
metodlarından istifadə edir.
14.2. Maliyyə monitorinqi orqanı öz fəaliyyətində
müstəqildir.
14.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat
barədə mənbəyi məlum olan məlumat və sənədlər
aldıqda, həmçinin özünün apardığı
strateji və taktiki təhlilin nəticəsi olaraq və ya üçüncü
dövlətin sorğusu əsasında araşdırma məqsədilə
müvafiq sorğu göndərməklə öhdəlik daşıyan
şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslərdən, nəzarət orqanlarından
və dövlət orqanlarından (qurumlardan) məlumat və sənədlər
almaq hüququna malikdir.
14.4. Maliyyə monitorinqi orqanı öhdəlik daşıyan
şəxslərə sorğu göndərməklə bu sorğunun
göndərildiyi gündən sonrakı 6 ayadək müddətə
onlardan müəyyən meyarlar üzrə həyata keçirdikləri
əməliyyatlar (əməliyyatın növü, xarakteri, şəxslər,
ərazilər, məhsullar, çatdırılma kanalları və
sair) barədə məlumatların təqdim edilməsini sorğu
edə bilər. Bu müddət maliyyə monitorinqi orqanı tərəfindən
6 ayadək yenilənə bilər.
14.5. Maliyyə monitorinqi orqanı öz informasiya sistemini
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanların (qurumların) informasiya sistemlərinə (ehtiyatlarına)
inteqrasiya edərək bu Qanunla müəyyən edilmiş səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar zəruri olan
məlumatları elektron qaydada sorğu əsasında almaq hüququna
malikdir. Maliyyə monitorinqi orqanının qeyd olunan informasiya sistemlərindən
(ehtiyatlardan) əldə etdiyi məlumatların dairəsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
14.6. Maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların
məxfiliyini və yalnız bu Qanunla nəzərdə tutulmuş
məqsədlərin həyata keçirilməsi üçün
istifadəsini təmin etməli, habelə bu məlumatların
təhlükəsizliyinin təmin olunması sistemini təşkil
etməlidir.
14.7. Maliyyə monitorinqi orqanı maliyyə institutları
tərəfindən bu Qanunun tələblərinin sistemli pozulmasına
dair məlumatlar əldə etdikdə, bu barədə məlumatı
qanunvericiliklə müəyyən edilmiş məsuliyyət və
digər tədbirlərin tətbiq edilməsi üçün
aidiyyəti nəzarət orqanına təqdim edir. Nəzarət
orqanı ona təqdim edilmiş məlumatlar üzrə həyata
keçirilmiş tədbirlər barədə maliyyə monitorinqi
orqanına məlumat verir.
14.8. Maliyyə monitorinqi orqanı qeyri-maliyyə institutları
və peşə sahibləri, habelə bu Qanunun 12-ci maddəsi
ilə müəyyən edilmiş şəxslər tərəfindən
bu Qanunun tələblərinə riayət edilməsi vəziyyətinə
dair özündə olan, o cümlədən sorğu əsasında
nəzarət orqanları və öhdəlik daşıyan şəxslərdən
əldə etdiyi məlumatları təhlil edərək aşağıdakı
tədbirləri görə bilər:
14.8.1. sahəvi risk qiymətləndirilməsi həyata
keçirərək nəticələrini müvafiq nəzarət
orqanına təqdim edə bilər;
14.8.2. qeyri-maliyyə institutları və peşə sahiblərinin
müraciətləri əsasında onların leqallaşdırmaya
və terrorçuluğa qarşı tələblərə riayət
sisteminin kənar qiymətləndirilməsini apara bilər;
14.8.3. müvafiq nəzarət orqanlarının müraciəti
əsasında qeyri-maliyyə institutları və peşə sahibləri
tərəfindən bu Qanunun tələblərinə riayət
edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə
aparılan yoxlamalarda müşahidəçi və ya ekspert qismində
iştirak edə bilər;
14.8.4. nəzarət orqanı tərəfindən müvafiq
yoxlamanın aparılmasını, qanunvericilikdə müəyyən
edilmiş (təsir, təshih və s.) tədbirlərin görülməsini,
sanksiyaların tətbiq edilməsini təklif edə bilər.
14.9. Nəzarət orqanları bu Qanunun 14.8.4-cü maddəsində
nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi
və ya bu tədbirlərin həyata keçirilməsindən
imtina edilməsi barədə maliyyə monitorinqi orqanına məlumat
verir. Maliyyə monitorinqi orqanının təklifi ilə nəzarət
orqanı tərəfindən qeyri-maliyyə institutları və
peşə sahiblərində müvafiq yoxlamalar həyata keçirildikdə
yoxlamanın nəticələrinə dair məlumatı nəzarət
orqanı maliyyə monitorinqi orqanına təqdim edir.
14.10. Maliyyə monitorinqi orqanı aparılmış təhlil
zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi
və ya digər cinayətlərin əlamətlərini müəyyən
etdikdə bu barədə məlumat və sənədləri dərhal
istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim
etməlidir.
14.11. Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq
məlumat və sənədlərin ona təqdim edilmə qaydasına,
müştəri uyğunluğu tədbirlərinə, daxili nəzarət
proqramına, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya
tədbirlərinə, öhdəlik daşıyan şəxslərin,
habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş
şəxslərin geriyə məlumatlandırma proseduruna dair
normativ xarakterli aktlar qəbul edir.
14.12. Maliyyə monitorinqi orqanının səlahiyyətləri
bu Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Nizamnamə
ilə müəyyən edilir.
Maddə 15. Əməliyyatların
icrasının dayandırılması
15.1 Əməliyyatlarda cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsi və ya digər cinayətlərə
dair əsaslar və ya şübhələr mövcud olduqda bu
Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş hallarda
maliyyə monitorinqi orqanı əməliyyatın icrasının
dayandırılması barədə ən qısa müddətdə,
lakin 2 iş günündən gec olmayaraq əsaslandırılmış
qərar qəbul edir və dərhal həmin əməliyyatı
icra edən maliyyə institutuna əməliyyatın dayandırılması
barədə göstəriş verir.
15.2. Maliyyə monitorinqi orqanı bu Qanunun 15.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda, habelə özünün
apardığı strateji və taktiki təhlilin nəticəsi
olaraq və ya üçüncü dövlətin sorğusu əsasında
əməliyyatların 3 iş günündən çox olmayan
müddətdə dayandırılması barədə qərar
qəbul edə bilər.
15.3. Əməliyyatın icrasının dayandırılması
barədə maliyyə monitorinqi orqanı tərəfindən
qəbul edilmiş qərar və müvafiq məlumat və sənədlər
dərhal istintaq aidiyyəti üzrə cinayət təqibini həyata
keçirən orqanlara göndərilir. Həmin orqanlar bu Qanunun
15.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində
əməliyyatın icrasının daha uzun müddətə
dayandırılması üçün cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada tədbirlər görə bilərlər.
15.4. Bu Qanunun 15.2-ci maddəsinə uyğun olaraq maliyyə
institutu tərəfindən əməliyyatın icrasının
dayandırılmasına dair müştəriyə məlumat
verilməməlidir.
Maddə 16. Nəzarət
orqanları
16.1. Nəzarət orqanları öhdəlik daşıyan
şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə
əməl edilməsinə nəzarəti həyata keçirən
aşağıdakı orqanlardan (qurumlardan) ibarətdir:
16.1.1. maliyyə institutlarına münasibətdə –
Azərbaycan Respublikasının Mərkəzi Bankı;
16.1.2. rieltorlar, kazino oyunlarının təşkilatçıları
və operatorları, hüquq, mühasibat və vergi məsləhəti
xidmətləri göstərən şəxslərə münasibətdə
– müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum);[13]
16.1.3. notariuslara və qeyri-hökumət təşkilatlarına,
o cümlədən xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının Azərbaycan Respublikasındakı
filial və ya nümayəndəliklərinə münasibətdə
– müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum);
16.1.4. dini qurumlara münasibətdə – müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
16.1.5. vəkillərə münasibətdə – Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası;
16.1.6. auditor xidməti göstərən şəxslərə
münasibətdə – Azərbaycan Respublikasının Auditorlar
Palatası.
16.2. Nəzarət orqanları öhdəlik daşıyan
şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə
müəyyən edilmiş şəxslərə münasibətdə
apardıqları yoxlamalar zamanı bu Qanunun 11-ci maddəsi ilə
müəyyən edilmiş əsaslara uyğun gələn əməliyyatları
araşdırmalı və bu cür əməliyyatlara dair məlumat
və sənədlərin maliyyə monitorinqi orqanına göndərilmədiyini
aşkar edərsə, dərhal həmin məlumat və sənədlərin
maliyyə monitorinqi orqanına göndərilməsini təmin
etməli və məlumat və sənədlərin təqdim edilməməsinin
səbəblərini araşdırmalıdır. Eyni zamanda, nəzarət
orqanları nəzarət etdikləri bütün subyektlərin
əməliyyatlarında bu Qanunun 11.2-ci maddəsində nəzərdə
tutulmuş halların əsaslarını araşdırmalı
və bu cür əsaslara malik əməliyyatlar barədə
məlumat və sənədləri maliyyə monitorinqi orqanına
təqdim etməlidirlər.
16.3. Nəzarət orqanları öhdəlik daşıyan
şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə
əməl edilməməsini aşkar edərsə, onlara qarşı
inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər
tədbirləri tətbiq etməli və bu barədə maliyyə
monitorinqi orqanına məlumat verməlidir. Bu Qanunun tələblərinin
öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun
12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər
tərəfindən pozulması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada
həmin fəaliyyəti həyata keçirmək hüququ verən
lisenziyanın, icazənin, qeydiyyatın, şəhadətnamənin
və (və ya) üzvlüyün dayandırılması və
ya ləğv edilməsinə səbəb olur.
16.4. Nəzarət orqanları nəzarət yoxlamalarını
müəyyən edilmiş, habelə sahəvi və ölkə
səviyyəsində mövcud olan risklərə uyğun olaraq
qanunla müəyyən edilmiş qaydada həyata keçirməlidirlər.
Maliyyə qruplarına (holdinqlərə) münasibətdə
yoxlamaların həyata keçirilməsinin dövriliyi və
intensivliyi həmin maliyyə qruplarının (holdinqlərin) səciyyəvi
xüsusiyyətləri nəzərə alınmaqla müəyyən
edilməlidir.
16.5. Ödəniş təşkilatlarına və elektron
pul təşkilatlarına münasibətdə bu Qanunun tələbləri
Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən
etdiyi qaydada tətbiq edilir.
Maddə 17. Vətəndaş
qüsursuzluğu ilə bağlı tələblərə riayət
edilməsinə nəzarət
17.1. Nəzarət orqanları öhdəlik daşıyan
şəxslərin bu Qanunun 17.2-ci maddəsində nəzərdə
tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə
riayət etməsinə nəzarəti təmin etməlidirlər.
17.2. Vətəndaş qüsursuzluğu ilə bağlı
tələblər dedikdə, aşağıdakı şəxslərin
öhdəlik daşıyan şəxslərdə mühüm
iştirak payına sahib olmasına və ya benefisiar mülkiyyətçi
olmasına, habelə öhdəlik daşıyan şəxslərdə
idarəetmə funksiyalarını yerinə yetirməsinə yol
verilməməsi başa düşülür:
17.2.1. mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət
sahəsində qəsdən törədilmiş cinayətə,
yaxud istənilən qəsdən törədilmiş ağır
və ya xüsusilə ağır cinayətə görə məhkumluğu
olan şəxs;
17.2.2. məhkəmə qərarı ilə iqtisadi sahədə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan müəyyən
müddətə məhrum edilmiş şəxs;
17.2.3. “Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən
edilmiş vətəndaş qüsursuzluğu tələblərinə
və “Notariat
haqqında”, “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunlarında müəyyən edilmiş
fəaliyyətləri həyata keçirmək üçün
zəruri olan digər tələblərə cavab verməyən
şəxs.[14]
17.3. Bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş
şəxslərlə yaxın münasibətdə olan şəxslər
(araşdırma nəticəsində ortaq maraqlara malik olduqları
müəyyən edilmiş şəxslər) onlar arasında
hər hansı cinayətkar sövdələşmənin olmadığı
yoxlamalar nəticəsində aşkar edildikdən sonra öhdəlik
daşıyan şəxslərdə mühüm iştirak payına
sahib ola və ya benefisiar mülkiyyətçi ola, habelə öhdəlik
daşıyan şəxslərdə idarəetmə funksiyalarını
yerinə yetirə bilərlər. Nəzarət orqanları həmin
şəxslər arasında cinayətkar sövdələşmənin
olub-olmamasını müəyyən etmək üçün
mütəmadi olaraq araşdırma aparmalıdırlar.
17.4. Nəzarət orqanları öhdəlik daşıyan
şəxslərin fəaliyyətinə lisenziya və ya icazə
verilərkən və ya fəaliyyətə başlamaları
üçün onları qeydiyyata alarkən öhdəlik daşıyan
şəxsin benefisiar mülkiyyətçisini müəyyən
etməli, qeydiyyat, icazə və lisenziyalaşdırma prosesində,
habelə öhdəlik daşıyan şəxsin sahibliyində
və idarəetmə strukturunda baş vermiş sonrakı dəyişikliklərdə
bu Qanunun 17.2-ci maddəsinin tələblərinə əməl
edilməsinə mütəmadi olaraq nəzarət etməlidirlər.[15]
17.5. Bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş
şəxslərə, habelə həmin şəxslərlə
yaxın münasibətdə olan şəxslərə münasibətdə
“Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında”, “Notariat
haqqında”, “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunları ilə əlavə məhdudiyyət
və qadağalar müəyyən edilə bilər.[16]
Qeyd: Bu maddədə mühüm iştirak payı dedikdə
fəaliyyəti “Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında”, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən
maliyyə institutları üçün həmin qanunlarla müəyyən
edilmiş mühüm iştirak payı nəzərdə tutulur.[17]
Maddə 18. Valyuta sərvətləri
və milli valyutanın transsərhəd daşınmasına nəzarət
18.1. Valyuta sərvətləri və milli valyutanın
transsərhəd daşınması zamanı qanunvericiliyə
uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin
bəyan edilməsi rejiminin tələbləri çərçivəsində
bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş
valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi
hallarında müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın
mənbəyi və istifadə məqsədi barədə məlumat
və sənədləri tələb edir.
18.2. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın
transsərhəd daşınması zamanı cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılması,
terrorçuluğun maliyyələşdirilməsi və digər
cinayətlərin əlamətlərini aşkar edərsə,
bu barədə məlumat və sənədləri araşdırmanın
aparılması üçün maliyyə monitorinqi orqanına
və cinayət təqibini həyata keçirən orqana göndərir.
18.3. “Valyuta
tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən valyuta sərvətləri və milli valyuta barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən təqdim olunan məlumatlar və
sənədlər, həmçinin maliyyə monitorinqi orqanına
göndərilir.
18.4. Valyuta sərvətləri və milli valyutanın
transsərhəd daşınması zamanı bəyan edilməmiş
və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri
və milli valyutanın, habelə cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsi və digər cinayətlərin
əlamətlərinin aşkar edilməsi hallarında müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
valyuta sərvətləri və milli valyutanın hərəkətini
48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin
tətbiqi çərçivəsində valyuta sərvətləri
və milli valyutanın hərəkətinin dayandırılmasına
dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin
qaydalarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin
dayandırılması ilə bağlı indikatorların siyahısı
da müəyyən edilir.
18.5. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrində
qeyd edilən məlumatların və sənədlərin tərtib
olunma forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.
Maddə 19. Geriyə
məlumatlandırma
19.1. Geriyə məlumatlandırma – bu Qanunla müəyyən
edilmiş qaydada təqdim edilmiş məlumat və sənədlər
üzrə görülən tədbirlərin nəticəsinin
izlənilməsi, keyfiyyətə nəzarət edilməsi və
statistik məlumatların toplanması məqsədilə məlumat
və sənədləri alan orqanın (qurumun) müvafiq məlumatları
bu Qanunun 19.3–19.5-ci maddələrində nəzərdə tutulmuş
qaydada göndərən tərəfə təqdim etməsidir.
19.2. Aşağıdakı məlumat və sənədlər
geriyə məlumatlandırma çərçivəsində
təqdim edilir:
19.2.1. təqdim edilmiş məlumat və sənədlərin
qəbul edildiyi və araşdırıldığı barədə
məlumat;
19.2.2. məlumat və sənədlərin araşdırılması
nəticəsində sonrakı addımların xülasəsi;
19.2.3. məlumat və sənədlərin keyfiyyətinə
və istifadəyə yararlılığına dair məlumat;
19.2.4. təqdim edilən əməliyyatlar üzrə
dövri statistik məlumat.
19.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyatlara
dair ona təqdim edilmiş məlumat və sənədlər üzrə
öhdəlik daşıyan şəxslərə, habelə bu
Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə
bu Qanunun 19.2.1-ci və 19.2.3-cü maddələrində nəzərdə
tutulmuş məlumatları təqdim edir. Öhdəlik daşıyan
şəxslərin, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslərin geriyə məlumatlandırma proseduru
maliyyə monitorinqi orqanı tərəfindən müəyyən
edilir.
19.4. Maliyyə monitorinqi orqanı bu Qanunun 16-cı və
18-ci maddələrinə uyğun olaraq ona təqdim edilmiş
məlumat və sənədlər üzrə nəzarət orqanlarına
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) bu Qanunun 19.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatları və sənədləri təqdim
edir.
19.5. Bu Qanunun 14.10-cu maddəsinə uyğun olaraq məlumat
və sənədlərin təqdim edildiyi cinayət təqibi
orqanı ona təqdim edilmiş məlumat və sənədlər
üzrə maliyyə monitorinqi orqanına bu Qanunun 19.2-ci maddəsində
nəzərdə tutulmuş məlumatları və sənədləri
təqdim edir.
19.6. Maliyyə monitorinqi orqanı, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum), habelə istintaq
aidiyyəti üzrə cinayət təqibi orqanları bu Qanunun
22-ci maddəsinə uyğun olaraq təqdim edilmiş məlumat
və sənədlər üzrə xarici tərəfdaşların
geriyə məlumatlandırılmasını həyata keçirir.
5-ci fəsil
ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ
ƏMƏKDAŞLIQ
Maddə 20. Ölkədaxili
əməkdaşlıq
20.1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində dövlət siyasətinin formalaşdırılmasında
iştirak edir, bu sahədə qanunvericiliyin icra vəziyyətini
öyrənir və ümumiləşdirir, dövlət proqramlarının
icrasına nəzarəti həyata keçirir.
20.2. Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə,
kütləvi qırğın silahlarının yayılması
və yayılmasının maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində əlaqələndirmənin
təmin edilməsi, bu sahələrdə ölkə səviyyəsində
risk qiymətləndirilməsinin (bundan sonra – ölkə risk qiymətləndirilməsi)
həyata keçirilməsi, fəaliyyət planlarının və
qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı
layihələrin hazırlanması, cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sisteminin effektivliyinin artırılması, mərkəzi icra hakimiyyəti
və cinayət təqibi orqanları, məhkəmələr
və digər qurumlar arasında əməkdaşlıq mexanizmlərinin
formalaşdırılması məqsədilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti
orqanlarının, cinayət təqibi orqanlarının, nəzarət
orqanlarının, məhkəmələrin, digər dövlət
orqanlarının (qurumların) və qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarət tərkibdə koordinasiya
şurası (bundan sonra – Koordinasiya Şurası) yaradılır.
20.3. Koordinasiya Şurasının iş qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
20.4. Koordinasiya Şurası müvafiq sahələr üzrə
işçi qruplar yaradır və onların fəaliyyətinə
nəzarət edir.
Maddə 21. Ölkə
risk qiymətləndirilməsinin tətbiqi
21.1. Ölkə risk qiymətləndirilməsi ölkə
səviyyəsində risklərin müəyyənləşdirilərək
qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq
hədəflərin müəyyən edilməsi, eləcə
də risklərin aradan qaldırılması və ya azaldılması
üzrə atılan tədbirlərdən ibarətdir.
21.2. Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi
sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə
əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti
nəzarət orqanlarının, digər dövlət orqanlarının
(qurumların), öhdəlik daşıyan şəxslərin,
habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş
şəxslərin, həmçinin əlaqəli sahələrin
nümayəndələrinin iştirakı ilə ən azı
3 ildə bir dəfə həyata keçirilir.
21.3. Ölkə risk qiymətləndirilməsinin yekunlarına
dair hesabat maliyyə monitorinqi orqanının rəsmi internet informasiya
ehtiyatında dərc edilməli, ölkə risk qiymətləndirilməsinin
bütün iştirakçılarına, o cümlədən
nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan
şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə
müəyyən edilmiş şəxslərə göndərilməlidir.
Sahəvi və institusional risk qiymətləndirmələrinin
nəticəsi olaraq ölkə risk qiymətləndirilməsinə
dair hesabat yenilənə bilər.
21.4. Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsinin
həyata keçirilməsi məqsədilə aşağıdakı
tədbirləri görür:
21.4.1. ölkə səviyyəsində cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılması,
terrorçuluğun maliyyələşdirilməsi, kütləvi
qırğın silahlarının yayılması və yayılmasının
maliyyələşdirilməsi üzrə risklərin qiymətləndirilməsini
təşkil etmək;
21.4.2. bu Qanunun 21.4.1-ci maddəsində nəzərdə
tutulmuş risk qiymətləndirilməsi nəticəsində
müəyyən edilmiş risklərin idarə edilməsi məqsədilə
hədəfləri müəyyən etmək, bu məqsədlə
müvafiq planların layihələrini hazırlayıb aidiyyəti
dövlət orqanlarına (qurumlara) təqdim etmək;
21.4.3. müəyyən edilmiş hədəflərə
nail olunmasına cari nəzarəti həyata keçirmək və
bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasına məlumat vermək.
21.5. Ölkə risk qiymətləndirilməsinin həyata
keçirilməsi cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi,
kütləvi qırğın silahlarının yayılması
və yayılmasının maliyyələşdirilməsi üzrə
risklərin ölkə səviyyəsində müəyyənləşdirilməsi,
qiymətləndirilməsi, idarə olunması, aradan qaldırılması
və ya azaldılması üçün nəzarət orqanlarının,
digər dövlət orqanlarının (qurumların), öhdəlik
daşıyan şəxslərin, habelə bu Qanunun 12-ci maddəsi
ilə müəyyən edilmiş şəxslərin fəaliyyətlərinin
bu risklərin səviyyəsinə uyğunlaşdırılması,
xüsusilə son nəticədə həyata keçirilmiş
tədbirlərin aşkar edilmiş risklərə uyğunluğunun
və bu mübarizədə istifadə olunan resursların (inzibati,
hüquqi, iqtisadi-maliyyə) effektiv bölgüsünün təmin
edilməsi məqsədi daşıyır.
21.6. Nəzarət orqanları nəzarət etdikləri
öhdəlik daşıyan şəxslərə, habelə bu
Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə
münasibətdə cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsi, kütləvi qırğın
silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi
üzrə sahəvi riskləri illik əsasla qiymətləndirməli,
nəticələrini sənədləşdirməli və nəzarət
etdikləri öhdəlik daşıyan şəxslərə,
habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş
şəxslərə təqdim etməli, həmçinin aşkar
edilmiş risklərin idarə olunması, aradan qaldırılması
və azaldılması üçün tədbirlər görməlidirlər.
Sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət
orqanları bütün risk faktorlarını, ölkə risk
qiymətləndirilməsinin nəticələrini və nəzarət
etdikləri öhdəlik daşıyan şəxslər, habelə
bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər
tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin
nəticələrini nəzərə almalıdırlar.
21.7. Öhdəlik daşıyan şəxslər, habelə
bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər
illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi,
kütləvi qırğın silahlarının yayılması
və yayılmasının maliyyələşdirilməsi üzrə
institusional riskləri müəyyən etməli, qiymətləndirməli,
qiymətləndirmə nəticələrini sənədləşdirməli
və nəzarət orqanına təqdim etməli, həmçinin
rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda
və prosedurlara uyğun olaraq risklərin idarə olunması,
aradan qaldırılması və ya azaldılması üçün
tədbirlər görməlidirlər. Öhdəlik daşıyan
şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən
edilmiş şəxslər institusional risk qiymətləndirilməsi
zamanı bütün risk faktorlarını, ölkə və
sahəvi risk qiymətləndirilmələrinin nəticələrini
nəzərə almalıdırlar.
21.8. Ölkə risk qiymətləndirilməsinin həyata
keçirilməsi üçün Azərbaycan Respublikasının
Baş Prokurorluğu məhkəmələr və cinayət təqibi
orqanlarından zəruri statistik məlumatları öz informasiya
sistemi vasitəsilə toplayır, emal edir, ümumiləşdirir
və aidiyyəti üzrə təqdim edir.
Maddə 22. Beynəlxalq
əməkdaşlıq, məlumat və sənədlərin mübadiləsi
22.1. Beynəlxalq əməkdaşlıq dedikdə sorğu
əsasında və ya öz təşəbbüsü ilə
səlahiyyətli orqanla məlumat və sənədlərin monitorinq,
nəzarət, araşdırma, əməliyyat, istintaq və digər
məqsədlər üçün mübadiləsi nəzərdə
tutulur. Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi
və ya predikativ cinayətlərin təhlili, araşdırılması
və istintaqı məqsədilə maliyyə monitorinqi orqanı,
nəzarət orqanları, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum), habelə istintaq aidiyyəti
üzrə cinayət təqibi orqanları qanunla qorunan sirlər
də daxil olmaqla (dövlət və bu Qanunun 13.2-ci maddəsində
müəyyən edilmiş peşə sirri istisna olmaqla) bütün
növ məlumat və sənədlərin sorğu əsasında
və ya öz təşəbbüsü ilə Azərbaycan Respublikasının
qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
müvafiq olaraq xarici tərəfdaşları ilə mübadiləsini
həyata keçirirlər.
22.2. Monitorinq orqanları arasında məlumat mübadiləsi
Maliyyə monitorinqi orqanlarının Eqmont Qrupunun “Məlumat mübadiləsi
prinsipləri”nə əsaslanmaqla maliyyə monitorinqi orqanına
təqdim edilən, maliyyə monitorinqi orqanının daxili məlumat
bazalarında saxlanılan, maliyyə monitorinqi orqanının çıxışı
olduğu informasiya resursları üzrə, habelə maliyyə
monitorinqi orqanının sorğu əsasında əldə etdiyi
bütün məlumat və sənədlərin mübadiləsini
əhatə edir.
22.3. Nəzarət orqanları arasında məlumat mübadiləsi
müvafiq sahəni tənzim edən məlumat və sənədlərin
(ölkə üzrə normativ tənzimetmə sistemi, maliyyə
sektoru üzrə ümumi informasiya və s.), prudensial tələblərin
(maliyyə institutlarının işgüzar fəaliyyətləri,
benefisiar mülkiyyətçi, idarəetmə, vətəndaş
qüsursuzluğu və s.), eləcə də cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə üzrə məlumat və sənədlərin
(daxili nəzarət proqramı, müştəri uyğunluğu
tədbirləri, müştəri məlumat və sənədləri,
hesab nümunələri və əməliyyatlar barədə
məlumat və sənədlər və s.) mübadiləsini
əhatə edir.
22.4. Cinayət təqibi orqanları arasında beynəlxalq
əməkdaşlıq cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsi və ya predikativ cinayətlərə
dair araşdırma, əməliyyat və istintaq məlumat və
sənədlərinin mübadiləsini, cinayət yolu ilə əldə
edilmiş əmlakın izlənilməsini əhatə edir.
22.5. Valyuta sərvətləri və milli valyutanın
transsərhəd daşınması sahəsində məlumat
mübadiləsi bəyan edilmiş, düzgün bəyan edilməmiş
və ya bəyan edilməmiş valyuta sərvətləri və
milli valyutanın transsərhəd daşınması, habelə
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması,
terrorçuluğun maliyyələşdirilməsi və predikativ
cinayətlərin əlamətlərinin aşkar edilməsinə
dair əməkdaşlıq tədbirlərini əhatə edir.
22.6. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş
orqanlar (qurumlar) xarici tərəfdaşların sorğularının
icrası zamanı məlumat və sənədlərin toplanmasını
və sorğuların verilməsini özlərinin qanunvericiliklə
müəyyən edilmiş səlahiyyətlərini icra edərkən
apardıqları təhlillər, araşdırmalar və istintaq
zamanı məlumat və sənədlərin toplanması və
sorğuların verilməsi ilə eyni səlahiyyətlər çərçivəsində
icra edirlər.
22.7. Məlumat xarici dövlətin müvafiq səlahiyyətli
orqanına o şərtlə verilir ki, həmin məlumatdan sorğuda
göstərilməyən məqsədlər üçün
istifadə olunmayacaqdır. Həmin məlumat və sənədlərdən
digər məqsədlər üçün istifadə yalnız
məlumat və sənədləri təqdim edən tərəfin
yazılı icazəsi ilə mümkündür.
22.8. Beynəlxalq əməkdaşlıq çərçivəsində
cinayət təqibi orqanları xarici tərəfdaşları
ilə birgə araşdırmaların (xüsusi istintaq texnologiyalarından
istifadə edilməsi də daxil olmaqla) aparılması, habelə
müvafiq əməkdaşlıq çərçivələrinin
müəyyən edilməsi üçün Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq tədbirlər görə bilərlər.
22.9. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş
orqanlar (qurumlar) bu Qanunun 22-ci maddəsinin tələbləri çərçivəsində
həmin orqanlara (qurumlara) münasibətdə xarici dövlətin
birbaşa tərəfdaş olmayan orqanları (qurumları) ilə
məlumat mübadiləsi həyata keçirə bilərlər.
22.10. Məlumat mübadiləsi mübadilənin təhlükəsizliyi
təmin edilən kanal vasitəsilə, sorğuların prioritetləşdirilməsi
qaydasında və ağlabatan müddətdə həyata keçirilməlidir.
Məlumat mübadiləsi həyata keçirilən zaman xarici
tərəfdaşlardan əldə edilən məlumat və sənədlər
məxfi və ya konfidensial saxlanılır, qanunla qorunan sirlərə
bərabər tutulur. Məxfiliyin və ya konfidensiallığın
pozulmasına dair əsaslar sorğunun icrasından imtinaya səbəb
olur.
22.11. Bu Qanunun 22.1-ci maddəsində qeyd edilən orqanlar
(qurumlar) aşağıda qeyd edilən halları əsas gətirərək
sorğunun cavablandırılmasından imtina edə bilməzlər:
22.11.1. sorğunun maliyyə xarakterli məsələləri
ehtiva etməsi;
22.11.2. qanunvericiliyin öhdəlik daşıyan şəxslərə
münasibətdə sirr rejimini tətbiq etməsi (sorğu edilən
məlumat və sənədlərin dövlət sirri və ya
bu Qanunun 13.2-ci maddəsində müəyyən edilmiş peşə
sirri olması halları istisna olmaqla);
22.11.3. sorğu edilən məsələ ilə bağlı
ölkədə cinayət təqibinin həyata keçirilməsi
(sorğunun cavablandırılmasının cinayət təqibinin
həyata keçirilməsinə maneə yaratması halları
istisna olmaqla);
22.11.4. sorğu edən orqanın (qurumun) səlahiyyətləri
və statusunun (mülki, inzibati, cinayət təqibi və s.) sorğu
edilən orqanın (qurumun) səlahiyyətləri və statusundan
fərqlənməsi.
6-cı fəsil
YEKUN MÜDDƏALAR
Maddə 23. Məsuliyyətdən
azadolma
İstənilən şəxs, o cümlədən öhdəlik
daşıyan şəxslər, habelə onların əmək
və ya digər mülki hüquqi müqavilələr əsasında
işləyən əməkdaşları, eləcə də
nəzarət orqanlarının əməkdaşları monitorinq
olunmalı əməliyyatlar barədə məlumat və sənədləri
bu Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə
monitorinqi orqanına təqdim etdikdə, bu Qanuna, tərəflər
arasında mövcud olan müqaviləyə, eləcə də
inzibati və digər tənzimləyici sənədə uyğun
açıqlanması məhdudlaşdırılmış məlumat
və sənədlərin yayılmasına görə yarana biləcək
məsuliyyətdən azaddırlar.
Maddə 24. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. Keçid
müddəalar
25.1. Bu Qanunun 11.1.2-ci maddəsi maliyyə vəsaitlərinin
elektron köçürülməsi əməliyyatlarına dair
maliyyə monitorinqi orqanı tərəfindən məbləğin
minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra
qüvvəyə minir.
25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş
müddəa istisna olmaqla, bu Qanunun digər maddələri 2023-cü
il fevralın 1-dən qüvvəyə minir.
25.3. Bu Qanun qüvvəyə mindiyi gündən “Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276;
2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə
81, ¹ 10, maddə 1159, ¹ 11, maddə 1361; 2015, ¹ 11, maddə 1294; 2016,
¹ 3, maddə 413; 2017, ¹ 5, maddələr 696, 711, ¹ 7, maddə 1295,
¹ 11, maddə 1959; 2018, ¹ 7 (I kitab), maddə 1407, ¹ 10, maddə 1973,
¹ 11, maddə 2233; 2019, ¹ 1, maddə 24, ¹ 6, maddə 1002; 2021, ¹ 12,
maddə 1344) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2022-ci il
¹ 781-VIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 6 iyul 2023-cü il tarixli 959-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti,
3 avqust 2023-cü
il, ¹ 162, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 8, I kitab, maddə 1109)
2.
5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, ¹ 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, I kitab, maddə 1621)
3.
11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci
il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 5, maddə 432)
4.
08 iyul 2025-ci
il tarixli 240-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 29 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626)
5. 8 iyul 2025-ci il tarixli 238-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
31 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 1 avqust 2025-ci
il, ¹ 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 625)
6. 26 may 2026-cı
il tarixli 413-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı
il, “Azərbaycan” qəzeti, 26 iyun 2026-cı il, ¹ 111, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 6, maddə 488)
(Bu Qanun
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının
2026-cı il
26 may tarixli 412-VIIQ nömrəli Qanunu
ilə eyni gündə qüvvəyə minir.)
7.
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 dekabr 2023-cü il tarixli 1048-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr
2023-cü il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
¹ 12, I kitab, maddə 1621) ilə 1.1.8-ci maddəyə “virtual” sözündən əvvəl “ödəniş təşkilatları
(müstəsna olaraq ödəniş əməliyyatının
aparılması üçün vasitəçilik xidməti
və (və ya) hesab üzrə məlumat xidməti göstərən
ödəniş təşkilatları istisna olmaqla) və elektron
pul təşkilatları,” sözləri əlavə edilmişdir.
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) ilə 1.1.8-ci maddəyə “depozitar” sözündən sonra “, kraudfandinq platformalarının operatorları” sözləri
əlavə edilmişdir. (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
[2]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə 1.1.9-cu maddəyə “rieltorlar,” sözündən
sonra “kazino oyunlarının təşkilatçıları
və operatorları,” sözləri əlavə edilmişdir.
[3]
5 dekabr 2023-cü il tarixli 1048-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr
2023-cü il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
¹ 12, I kitab, maddə 1621) ilə 1.1.23-cü maddənin birinci cümləsinə
və 11.3.3-cü maddəyə “bank”
sözündən sonra “və digər
ödəniş” sözləri əlavə edilmişdir.
[4]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə yeni məzmunda 1.2-ci maddə əlavə
edilmişdir.
[5]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə 3.1-ci maddəyə “tələbləri”
sözündən sonra “kazino oyunlarının
təşkilatçıları və operatorları istisna olmaqla,
digər” sözləri əlavə edilmişdir.
[6]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə yeni məzmunda 3.2-ci maddə əlavə
edilmişdir.
[7]
11 aprel 2025-ci il tarixli 175-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 5, maddə 432) ilə 4.8.1-ci maddədə “sahiblik”
sözü “mülkiyyət”
sözü ilə əvəz edilmişdir.
[8]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə yeni məzmunda 4.9-1-ci maddə əlavə
edilmişdir.
[9]
11 aprel 2025-ci il tarixli 175-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 5, maddə 432) ilə yeni məzmunda 6.6-cı maddə əlavə edilmişdir.
[10]
5 dekabr 2023-cü il tarixli 1048-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr
2023-cü il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
¹ 12, I kitab, maddə 1621) ilə 9.1-ci maddəyə “bankda” sözündən sonra “və digər ödəniş xidməti təchizatçılarında”
sözləri əlavə edilmişdir.
[11]
11 aprel 2025-ci il tarixli 175-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 5, maddə 432) ilə yeni məzmunda 11.11-ci maddə əlavə edilmişdir.
[12]
8 iyul 2025-ci il tarixli 238-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 1 avqust 2025-ci il, ¹ 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 625) ilə 12.3-cü maddədən “qrant
və ianə alarkən, habelə verərkən” sözləri
çıxarılmışdır və həmin maddədə
“qrant və ianələr” sözləri
“əmlakının pul və ya
digər şəkildə formalaşdırılma mənbələri”
sözləri ilə əvəz edilmişdir.
[13]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə 16.1.2-ci maddəyə “rieltorlar,” sözündən
sonra “kazino oyunlarının təşkilatçıları
və operatorları,” sözləri əlavə edilmişdir.
[14]
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) ilə 17.2.3-cü maddəyə “Qiymətli kağızlar
bazarı haqqında” sözlərindən sonra , “Kraudfandinq haqqında”
sözləri əlavə edilmişdir. (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
[15]
08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci
il, ¹ 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə 17.4-cü maddədə “verərkən”
sözü “verilərkən” sözü
ilə əvəz edilmişdir.
[16]
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) ilə 17.2.3-cü maddəyə “Qiymətli kağızlar
bazarı haqqında” sözlərindən sonra , “Kraudfandinq haqqında”
sözləri əlavə edilmişdir. (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
[17]
6 iyul 2023-cü il tarixli 959-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti,
3 avqust 2023-cü
il, ¹ 162, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 8, I kitab, maddə 1109)
ilə 17-ci maddəsinin
“Qeyd” hissəsinə “İnvestisiya
fondları haqqında” sözlərindən sonra “, “Valyuta tənzimi haqqında” sözləri
əlavə edilmişdir.
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) ilə 17-ci maddənin “Qeyd” hissəsinə “Qiymətli kağızlar
bazarı haqqında” sözlərindən sonra “, “Kraudfandinq haqqında” sözləri
əlavə edilmişdir. (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)