"Azərbaycan Respublikası
və Rusiya Federasiyasının Moskva Bəyannaməsi"nin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. 2004-cü il fevralın 6-da
Moskva şəhərində imzalanmış "Azərbaycan
Respublikası və Rusiya Federasiyasının Moskva
Bəyannaməsi" təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel
2004-cü il
¹ 613-IIQ
Azərbaycan
Respublikası və Rusiya Federasiyasının
MOSKVA
BƏYANNAMƏSİ
Azərbaycan Respublikasının
Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
Azərbaycan Respublikası
Prezidentinin Rusiya Federasiyasının rəsmi səfəri
zamanı ikitərəfli münasibətlərin
vəziyyətini və perspektivlərini, habelə
qarşılıqlı maraq doğuran regional və universal
məsələləri müzakirə edərək,
Azərbaycan və Rusiya
xalqlarının qarşılıqlı
yaxınlaşmasına yönəldilmiş ənənəvi
məramdan çıxış edərək,
Azərbaycan-Rusiya strateji
tərəfdaşlığının əsasını qoyan
3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında dostluq, əməkdaşlıq və
qarşılıqlı təhlükəsizlik haqqında
müqaviləyə, 9 yanvar 2001-ci il tarixli Azərbaycan
Respublikası və Rusiya Federasiyasının Bakı
Bəyannaməsinə, 25 yanvar 2002-ci il tarixli Azərbaycan
Respublikasının Prezidenti H. Ə. Əliyevin və Rusiya
Federasiyasının Prezidenti V. V. Putinin Birgə
Bəyanatına əsaslanaraq, hərtərəfli
əməkdaşlıq, qarşılıqlı etimad və
bir-birinin mənafelərinə hörmət əsasında
dostluq əlaqələrinin inkişafına əlavə
təkan verməyə hazır olduqlarını ifadə
edərək,
Azərbaycan-Rusiya
əlaqələrinin daha da genişləndirilməsi və
dərinləşdirilməsinin regionda sülhün və
sabitliyin möhkəmlənməsinə xidmət
edəcəyini dərk edərək,
regionda ölkələrin normal
inkişafına, onların tam miqyaslı iqtisadi və
digər qarşılıqlı fəaliyyətlərinə
maneçilik törədən münaqişələrin
həllini tapmaması ilə əlaqədar xüsusi
narahatlıq bildirərək,
BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinə, dövlətlərin suverenliyinə,
müstəqilliyinə, ərazi bütövlüyünə
və suveren bərabərliyinə hörmət edilməsi,
zor işlətməmək və ya zorla
hədələməmək daxil olmaqla, hamılıqla
tanınmış beynəlxalq hüququn normalarına
tərəfdar olduqlarını təsdiq edərək,
hər iki dövlətdə
demokratik institutların, vətəndaş cəmiyyətinin
və bazar iqtisadiyyatının yaradılmasında
əldə edilmiş müsbət nəticələri nəzərə
alaraq və bu proseslərin dönməzliyinə əmin
olaraq,
bununla bəyan edirlər:
I
Azərbaycan Respublikası və
Rusiya Federasiyası siyasi təmasları bundan sonra da
səmərəli şəkildə inkişaf etdirəcək
və strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəklər.
Tərəflər
ikitərəfli əlaqələrə dinamizmin və
konstruktiv təmayül verən yüksək
səviyyədə Azərbaycan-Rusiya müntəzəm siyasi
dialoqunun xüsusi rolunu qeyd edirlər.
Tərəflər bütün
digər səviyyələrdə ikitərəfli
təmasların dərinləşdirilməsinə,
qarşılıqlı səfərlərin həyata
keçirilməsinə, iki ölkənin qanunvericilik və
icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici
siyasət və digər
məsləhətləşmələr praktikasının
inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti
sahəsində təcrübə mübadiləsinə
mühüm əhəmiyyət verirlər.
İnkişaf etdirilən
müqavilə-hüquq bazası Azərbaycan Respublikası
və Rusiya Federasiyası arasında əlaqələrin
hərtərəfli inkişafının təminatı
üçün etibarlı əsasdır.
Tərəflər yeni qlobal
çağırış və
təhlükələrə, hər şeydən əvvəl
beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi,
transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri
və silahların qanunsuz ticarətinə qarşı
fəaliyyət göstərmək məqsədilə
ikitərəfli və çoxtərəfli
əməkdaşlığın səmərəliliyini artıracaqlar.
Tərəflər sərhəd
sahəsində əməkdaşlığı inkişaf
etdirəcək və öz ərazilərində bir-birinin
dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə
qarşı yönəldilən təşkilat, qrup və
ayrı-ayrı şəxslərin fəaliyyətinin
qarşısının alınması ilə bağlı
tədbir görəcəklər.
Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında dövlət sərhədinin
elimitasiyasının başa çatdırılması
üzrə fəal iş davam etdiriləcəkdir.
Azərbaycan Respublikası və
Rusiya Federasiyası, hər iki ölkənin
təhlükəsizliyinin təmini maraqlarına cavab verən,
üçüncü ölkələrə qarşı yönəlməyən,
habelə Azərbaycan Respublikası və Rusiya
Federasiyasının beynəlxalq öhdəliklərinə
zidd olmayan ikitərəfli hərbi və hərbi-texniki
əməkdaşlığı
möhkəmləndirəcəklər.
Tərəflərdən
heç biri digər tərəfə qarşı
yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli,
o cümlədən üçüncü ölkələr
vasitəsilə hər hansı bir fəaliyyət və ya
tədbirdə iştirak etməyəcək, habelə öz
ərazisindən digər tərəfə qarşı
təcavüz və ya başqa zorakı fəaliyyət
məqsədilə istifadə etməyə yol
verməyəcəkdir.
II
Azərbaycan Respublikası və
Rusiya Federasiyası iki dövlət arasında
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq
səviyyəsinin onların dinamik surətdə
yüksələn bazar iqtisadiyyatının potensial və
imkanlarına tam şəkildə cavab verməsi
üçün əlavə tədbirlər həyata
keçirəcəklər.
Tərəflər:
daimi fəaliyyət
göstərən orqan kimi, qarşılıqlı iqtisadi
ikitərəfli fəaliyyətin inkişafı
məsələlərinin kompleksli və təcrübəli
şəkildə müzakirə edilməsində vacib rol
oynayan Azərbaycan Respublikası və Rusiya Federasiyası
arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın
təşəbbüskar fəaliyyətini təşviq
edəcəklər;
iki dövlətin biznes və elm
sahələrinin institut və təşkilatlarını
Hökumətlərarası Komissiyanın əməli
işinə cəlb edəcək, Azərbaycan-Rusiya
biznes-forumunun yaradılmasına səy
göstərəcəklər;
qarşılıqlı
ticarətin həcminin artırılmasına, o
cümlədən onun artımının, ticarət
əməliyyatlarının maliyyələşdirilməsi
və sığorta edilməsi, gömrük
prosedurlarının nizama salınması və s.
sahələrdə əməkdaşlığın
qarşısını alan maneələrin aradan
qaldırılması yolu ilə yardım
göstərəcəklər;
iqtisadiyyatın müxtəlif
sahələrində, ilk növbədə yanacaq-energetika
sektorunda, əlvan metallurgiya, kimya və yüngül
sənayedə, maşınqayırma sahələrində,
aqrosənaye kompleksində, nəqliyyat və nəqliyyat
infrastrukturunda geniş kooperasiyaya səy
göstərəcəklər;
maliyyə və bank
strukturlarının qarşılıqlı
fəaliyyətinin inkişafına, hər iki dövlətin
ərazisində onların nümayəndəliklərinin
açılmasına, birgə sərmayə
layihələrinin həyata keçirilməsinə, yeni
beynəlxalq standartlara və iqtisadi reallıqlara uyğun
olaraq birgə maliyyə-sənaye qrupları,
müəssisələr və digər
təşkilati-təsərrüfat strukturlarının
formalaşdırılmasına kömək
edəcəklər;
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyasının subyektləri və onların
təsərrüfat strukturları arasında birbaşa
əlaqələrin inkişaf etdirilməsini təşviq
edəcəklər;
nəqliyyat və kommunikasiya
layihələrinin həyata keçirilməsində
səmərəli qarşılıqlı
fəaliyyətə yardım göstərəcəklər;
ikitərəfli, regional və
qlobal səviyyələrdə ətraf mühitin
mühafizəsi məsələləri üzrə
qarşılıqlı fəaliyyəti artıracaqlar;
onların iqtisadi
əlaqələrinin müqavilə-hüquq bazasının
mütəmadi şəkildə
təkmilləşdirilməsinə xüsusi diqqət
yetirəcəklər.
Tərəflər iki
ölkənin iqtisadi inkişafı üçün energetika
sahəsində həyata keçirilən tammiqyaslı
əməkdaşlığın müsbət rolunu qeyd edirlər
və bu istiqamətdə birgə səylərin davam
etdirilməsində maraqlı olduqlarını təsdiq
edirlər.
Tərəflər Rusiya
Federasiyasının ərazisindən Azərbaycan neftinin
nəqli və Rusiya Federasiyasından Azərbaycan
Respublikasına təbii qazın təchizi
sahələrində hüquqi əsasda uzunmüddətli
ikitərəfli qarşılıqlı fəaliyyətdə
maraqlı olduqlarını təsdiq etdilər.
Rusiya Federasiyası Azərbaycan
Respublikasına "Şimal-Cənub" nəqliyyat
dəhlizi haqqında Sazişə qoşulması ilə
əlaqədar dəstək verəcəkdir.
III
Azərbaycan Respublikası və
Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi
və mədəni yaxınlığını, Azərbaycan
və Rusiya müvafiq surətdə böyük Azərbaycan
və Rusiya diasporlarının mövcudluğunu
nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında humanitar
sahədə təmasların və
əməkdaşlığın inkişafı möhkəm
və obyektiv əsasa malikdir.
Tərəflər humanitar,
informasiya əməkdaşlığının
müqavilə-hüquq bazasının
genişləndirilməsi və
təkmilləşdirilməsinə, mədəniyyət, elm,
təhsil, səhiyyə və sosial təminat
sahələrində qarşılıqlı
fəaliyyətə yardım göstərəcəklər.
Bu kimi əməkdaşlıq
iki ölkənin dövlət orqanları tərəfindən
dəstəklənəcəkdir; onun həm də
işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı
vardır.
Tərəflər:
gənclər və
tələbələrin mübadiləsi, kütləvi
informasiya vasitələri arasında əlaqələr yolu
ilə humanitar sahədə təmasların inkişafına
kömək edəcəklər;
tələbə və
şagirdlərin birgə təhsil proqramlarının
hazırlanması, mütəxəssislərin
hazırlanması və təkmilləşdirilməsi,
təhsil proqramlarının mübadiləsi vasitəsilə
milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət
göstərəcəklər;
qarşılıqlı
əsasda Azərbaycan və rus dillərinin
öyrənilməsinə və ədəbiyyatının
yayılmasına, habelə elm, ədəbiyyat və
incəsənət xadimləri arasında əlaqələrin
inkişaf etdirilməsinə kömək
göstərəcəklər;
milli azlıqların əmik,
dil, mədəni və dini xüsusiyyətlərinin
qorunması və inkişaf etdirilməsi üçün
əlverişli şəraitin təmin edilməsinə
kömək edəcəklər;
Azərbaycan Mədəniyyət
Mərkəzinin Moskvada və Rusiya Mədəniyyət
Mərkəzinin Bakıda fəaliyyət
göstərməyə başlaması üçün
zəruri şərait yaradacaq, Bakı Slavyan Universitetinin
fəaliyyətini hərtərəfli
dəstəkləyəcəklər;
faşizm üzərində
Qələbənin 60 illiyinin bayram edilməsinə həsr
olunmuş tədbirlərin həyata keçirilməsinə,
Böyük Vətən müharibəsi veteranlarının
dəstəklənməsinə kömək
edəcəklər.
Azərbaycan İlinin Rusiyada
və Rusiya İlinin Azərbaycanda keçirilməsinin
müddəti və qaydası müəyyən
ediləcəkdir.
Tərəflər Azərbaycan
Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında
yaşayan azərbaycanlılar üçün
əlverişli şəraitin yaradılmasını
məmnunluqla vurğulayır, iki dost ölkənin
xalqlarının yaxınlaşmasında hər iki icmanın
xüsusi rolunu qeyd edirlər.
Rusiya Federasiyasının
Prezidenti rus dilinin Azərbaycan Respublikasında
dəstəklənməsi tədbirlərini müsbət
qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti
öz növbəsində Rusiyada Azərbaycan diasporunun
ehtiyaclarına Rusiya tərəfinin diqqətini məmnunluqla
qeyd etdi.
IV
Azərbaycan Respublikası və
Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini
və münaqişələrin həll edilməsi, regionun
davamlı inkişafı üçün şəraitin
yaradılması məqsədilə bütün zəruri
tədbirləri görəcəklər.
Onlar regional problemlərin
müzakirə edilməsi üçün Azərbaycan
Respublikası, Ermənistan Respublikası, Gürcüstan
və Rusiya Federasiyasının rəhbərlərinin müntəzəm
görüşlərinin keçirilməsinə
tərəfdar olduqlarını bildirirlər.
Tərəflər əvvəlki
kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin
təmininə və əməkdaşlığın
inkişafına yanaşmaların müəyyən
edilməsində əsas rolu bu regionun dövlətləri
oynayır.
Tərəflər Qafqaz
dövlətləri arasında bir-birinin suverenliyinə,
ərazi bütövlüyü və beynəlxalq
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət edilməsi və
riayət edilməsinə əsaslanan qarşılıqlı
etimadın yaradılmasının müstəsna
əhəmiyyətini qeyd edirlər.
Tərəflər, bundan çıxış
edərək regionda etibarlı təhlükəsizliyin
təmini və çoxtərəfli
əməkdaşlığın təşkil edilməsi
üçün mövcud münaqişələrin
tezliklə həll edilməsinin zəruriliyini təsdiq
edirlər.
Bu kontekstdə
Tərəflər Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə və
müvafiq BMT Təhlükəsizlik Şurası
qəmamələrinin və ATƏT qərarlarının
yerinə yetirilməsinə qəti şəkildə
tərəfdar olduqlarını bildirirlər.
Rusiya Federasiyası Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
sülh yolu ilə həll edilməsinə yönəlmiş
yüksək səviyyəli birbaşa dialoqu
alqışlayır.
Azərbaycan Respublikası
ATƏT-in Minsk Qrupunun həmsədrləri, o
cümlədən Rusiya Federasiyası tərəfindən
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
sülh yolu ilə həll edilməsinə kömək
məqsədilə bundan sonra da səylər
göstərilməsinin zəruriliyini qeyd edir.
Tərəflər Qafqazdakı
münaqişələr nəticəsində
qaçqınların və məcburi
köçkünlərin doğma yurdlarına tezliklə
könüllü və təhlükəsiz şəkildə
qayıtmalarına hər vasitə ilə kömək
etməyə hazır olduqlarını bəyan edirlər.
V
Azərbaycan Respublikası və
Rusiya Federasiyası Xəzər regionunun sülh, sabitlik,
mehriban qonşuluq və Əməkdaşlıq zonası
olmasına hərtərəfli kömək edəcəklər.
Tərəflər son
illərdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında
dəniz dibinin istifadəsi məqsədilə Xəzər
dənizinin dibinin bölünməsi üzrə
ikitərəfli və çoxtərəfli sazişlərin,
0 cümlədən 23 sentyabr 2002-ci il tarixli Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında
Xəzər dənizinin dibinin həmhüdud sahələrinin
bölünməsi haqqında Sazişin və 4 may 2003-cü
il tarixli Azərbaycan Respublikası, Rusiya Federasiyası və
Qazaxıstan Respublikası arasında Xəzər dənizinin
dibinin həmhüdud sahələrinin bölgü
xətlərinin kəsişmə nöqtəsi haqqında
Sazişin imzalanmasına müstəsna əhəmiyyət verir,
bu sazişlərin Xəzər dənizinin yeni hüquqi
statusunun müəyyən edilməsinə fundamental
töhfə olduğunu hesab edir və bu istiqamətdə
birgə səylərin davam etdirilməsinə tərəfdar
olduqlarını bildirirlər.
Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiyanın hazırlanması
və tezliklə bağlanmasında, ilk növbədə
dənizin dibindən istifadə edilməsi, ekologiya,
balıqçılıq və gəmiçilik
məsələlərinin tənzimlənməsi ilə status
probleminin konsensus əsasında həllinin mərhələli
irəliləyişində Əməkdaşlıq davam
etdiriləcəkdir. Bununla əlaqədar olaraq
Tərəflər Xəzəryanı dövlətlərin
xarici işlər nazirlərinin müavinləri
səviyyəsində Xüsusi İşçi Qrupunun fəaliyyətini
müsbət qiymətləndirirlər.
Tərəflər 2003-cü ilin
noyabrında Tehranda Xəzər dənizinin dəniz
mühitinin mühafizəsi üzrə
Çərçivə Konvensiyasını bütün
Xəzəryanı dövlətlərin imzalanmasını
alqışlayırlar.
Xəzəryanı
dövlətlərin prezidentlərinin
görüşlərinə müntəzəmlik xarakterinin
verilməsi haqqında Aşqabad razılaşmasına
əməl edərək Tərəflər ikinci Xəzər
Zirvə Görüşünün hazırlanmasına
başlamağı və bu məqsədlə
Xəzəryanı dövlətlərin xarici işlər
nazirlərinin görüşünün keçirilməsini
zəruri sayırlar.
VI
Azərbaycan Respublikası və
Rusiya Federasiyası bütün dövlətlərin suveren
bərabərliyinə, ərazi bütövlüyünə
və onların daxili işlərinə müdaxilə
edilməməsi, zor işlətməyin və ya zorla
hədələməyin yolverilməzliyi, habelə
beynəlxalq hüququn hamılıqla tanınmış
digər normalarına əsaslanan beynəlxalq siyasi, iqtisadi
və hüquqi qaydanın möhkəmləndirilməsi
məqsədilə beynəlxalq arenada sıx qarşılıqlı
fəaliyyəti davam etdirəcəklər.
Tərəflər
çoxqütblü dünyada sübhün və
təhlükəsizliyin dəstəklənməsində
yeganə universal mexanizm kimi BMT-nin mərkəzi rolunun
möhkəmləndirilməsinə, bu təşkilatın
bütövlüyünün, təsirliliyinin və
səmərəliliyinin möhkəmləndirilməsinə
hərtərəfli kömək edəcəklər.
Tərəflər
Müstəqil Dövlətlər Birliyində
qarşılıqlı faydalı çoxtərəfli
əməkdaşlığın
genişləndirilməsinə və dərinləşdirilməsinə,
iştirakçı dövlətlər qarşısında
duran aktual ümumi problem və məsələlərin
həll edilməsi instrumenti kimi MDB-nin səmərəliliyinin
artırılmasına fəal yardım etməyə
hazırdırlar.
Tərəflər təsdiq
edirlər ki, MDB formatında əməkdaşlığın
möhkəmləndirilməsi onların milli maraqlarına
cavab verir və ümumdünyəvi tendensiyalar istiqamətində
gedir.
Tərəflər universal və
regional xarakterli təşkilatlar və forumlar
çərçivəsində konstruktiv
qarşılıqlı fəaliyyəti artırmaq
qabiliyyətini təsdiq edirlər.
Azərbaycan Respublikası və
Rusiya Federasiyası əmin olduqlarını ifadə
edirlər ki, bu Bəyannamə Azərbaycan-Rusiya strateji
tərəfdaşlığına əlavə təkan
verəcək və regional və qlobal tendensiyaların
müsbət istiqamətdə inkişafına kömək
edəcəkdir.
Moskva şəhərində 6
fevral 2004-cü ildə iki əsl nüsxədə
Azərbaycan və rus dillərində tərtib edilmişdir.
Azərbaycan
Respublikasının Rusiya Federasiyasının
Prezidenti Prezidenti
İ.
ƏLİYEV V. PUTİN