Elektron
imza və elektron sənəd haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun elektron imzanın və
elektron sənədin istifadəsinin, onların elektron sənəd
dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını
və əlaqədar subyektlərin hüquqlarım müəyyən
edir, aralarında yaranan münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda aşağıdakı
əsas anlayışlardan istifadə edilmişdir:
1.1.1. Verilənlər – informasiya
texnologiyaları vasitələri ilə emal edilməyə yararlı
informasiya;
1.1.2. Verilənlər
daşıyıcısı – verilənlərin
saxlanılması və istifadəsi üçün təyin
edilmiş maddi obyekt;
1.1.3. Məlumat bildirişi –
məlumatın verilənlər daşıyıcısında
yazılmış forması;
1.1.4. Elektron imza – digər
verilənlərə əlavə edilən və ya onlarla
məntiqi əlaqəli olan, imza sahibini
identikləşdirməyə imkan verən verilənlər;
1.1.5. Gücləndirilmiş elektron
imza (bundan sonra - gücləndirilmiş imza) – imza sahibinin
nəzarəti altında olan elektron imza vasitələri
ilə yaradılan və yalnız imza sahibinə məxsus
olmaqla onu identikləşdirən, əlaqəli olduğu
məlumat bildirişinin bütövlüyünü,
dəyişməzliyini, təhrif olunmadığını və
saxtalaşdırılmadığını müəyyən
etməyə imkan verən elektron imza;
1.1.6. Elektron
imza sahibi (bundan sonra - imza sahibi) –
öz adından və ya qanunvericilikdə nəzərdə
tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs
adından çıxış edən fiziki şəxs;
1.1.7. Elektron imza vasitələri
(bundan sonra - imza vasitələri) – elektron imza
yaradılması və yoxlanılması, eləcə də
imza yaratma və yoxlama məlumatları yaratmaq
üçün istifadə edilən proqram və texniki
vasitələr;
1.1.8. Elektron imza yaratma
məlumatları – elektron imza yaratmaq üçün
istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod
və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər;
1.1.9. Elektron imzanı yoxlama
məlumatları – elektron imzanın həqiqiliyini yoxlamaq
üçün istifadə edilən kod və ya kriptoqrafik
açardan ibarət olan və elektron imza yaratma
məlumatlarına uyğun təkrarolunmaz verilənlər;
1.1.10. Elektron imzanın həqiqiliyi –
elektron imzanı yoxlama məlumatları vasitəsilə
yoxlanılan elektron imzanın sahibinə məxsus
olmasının, imzanın əlaqəli olduğu məlumat
bildirişinin bütövlüyünün,
dəyişdirilmədiyinin və təhrif edilmədiyinin
təsdiqi;
1.1.11. Sertifikat – imza sahibini
identikləşdirmək üçün nəzərdə
tutulan və elektron imzanı yoxlama məlumatlarının imza
sahibinə məxsus olması barədə sertifikat
xidmətləri mərkəzinin verdiyi kağız və ya
elektron sənəd;
1.1.12. Təkmil sertifikat –
akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi
tərəfindən gücləndirilmiş elektron imzanı
yoxlama məlumatları barəsində verilən sertifikat;
1.1.13. Sertifikat xidmətləri
mərkəzi (bundan sonra - Mərkəz) – elektron imza
üçün sertifikat verən və imzaların
istifadəsi üzrə bu Qanunla müəyyən edilmiş digər
xidmətləri göstərən hüquqi şəxs və
ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxs;
1.1.14. Akkreditə edilmiş sertifikat
xidmətləri mərkəzi (bundan sonra - akkreditə
edilmiş Mərkəz) – təkmil sertifikat vermək
hüququ müvafiq icra hakimiyyəti orqanı
tərəfindən şəhadətnamə ilə
təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi;
1.1.15. Elektron sənəd – elektron formada, o
cümlədən mətn, səs, görüntü və ya
audio-görüntü formasında saxlanılan kontent;[1]
1.1.16. Elektron sənəd
dövriyyəsi – informasiya sistemində elektron
sənədin nizamlanmış hərəkəti ilə
bağlı informasiya prosesləri;
1.1.17. Elektron sənəd
dövriyyəsi vasitələri – elektron sənəd
dövriyyəsində istifadə olunan proqramlar, texniki
vasitələr və texnologiyalar;
1.1.18. Sertifikatlaşdırılmış
elektron imza vasitələri – müəyyən olunmuş
tələblərə uyğunluğu sertifikatlaşdırma
qaydaları əsasında təsdiq edilmiş elektron imza
vasitələri;
1.1.19. Sertifikatlaşdırılmış
elektron sənəd dövriyyəsi vasitələri –
müəyyən olunmuş tələblərə
uyğunluğu sertifikatlaşdırma qaydaları
əsasında təsdiq edilmiş elektron sənəd
dövriyyəsi vasitələri;
1.1.20. Elektron sənədi
göndərən (bundan sonra - Göndərən) – elektron
sənəd dövriyyəsi vasitəsi istisna olmaqla,
özü tərəfindən və ya adından elektron
sənəd göndərilən fiziki və ya hüquqi
şəxs;
1.1.21. Elektron sənədi alan (bundan
sonra - Alan) – elektron sənəd dövriyyəsi
vasitəçisi istisna olmaqla, elektron sənədin
ünvanlandığı fiziki və ya hüquqi şəxs;
1.1.22. Elektron sənəd
dövriyyəsi vasitəçisi (bundan sonra -
Vasitəçi) – elektron sənədi Göndərən
və Alan arasında elektron sənəd dövriyyəsi
xidmətlərini göstərən fiziki və ya hüquqi
şəxs;
1.1.23. Elektron sənədin
həqiqiliyi – elektron imzanın həqiqiliyinin
yoxlanılması yolu ilə elektron sənədin
tamlığının (zəruri rekvizitlərə malik
olması) və bütövlüyünün
(ötürülmə zamanı texniki xətaların və
təhriflərin olmaması) təsdiq edilməsi;
1.1.24. Korporativ informasiya sistemi –
mülkiyyətçinin müəyyən etdiyi və ya
iştirakçılar arasında müqavilə ilə
razılaşdırılmış məhdud saylı
istifadəçiləri olan informasiya sistemi;
1.1.25. İmza sahibi barəsində
məlumatlar – sertifikat alarkən imza sahibinin bildirdiyi və
sistemin işi zamanı onun barəsində toplanılan
məlumatlar;
1.1.26. Vaxt göstəricisi –
müəyyən vaxt anında məlumat bildirişinin ona
təqdim edilməsi barədə akkreditə edilmiş
Mərkəzin elektron qeydi.
1.2. Bu Qanunda bundan sonra istifadə
edilən “Mərkəzlər” anlayışı sertifikat
xidmətləri mərkəzi və akkreditə edilmiş
mərkəzi, “imzalar” isə elektron imza və
gücləndirilmiş imzanı birlikdə ifadə
edəcəkdir.
Maddə 2. Elektron imza və elektron sənədin
istifadə sahələri
Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd
müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət
sahələrində istifadə oluna bilər. Elektron sənəd
vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar,
hüquqi məsuliyyət və öhdəliklər doğuran
sənəd və informasiya mübadiləsi aparıla bilər.
Maddə 3. Elektron imza və elektron sənədin
hüquqi qüvvəsi
3.1. Elektron formada və ya
sertifikatsız olduğuna,
sertifikatlaşdırılmamış imza vasitələri ilə
yaradıldığına görə elektron imza etibarsız
sayıla bilməz.
3.2. Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallar istisna olmaqla,
sertifikatlaşdırılmış imza vasitələri ilə
yaradılmış və qüvvədə olan təkmil
sertifikatlı gücləndirilmiş imza əl imzası ilə
bərabər hüquqi qüvvəyə malikdir.
3.3. Təkmil sertifikatda imza
sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə
bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş
imza şəxsin kağız daşıyıcısı
üzərindəki və möhürlə təsdiq
edilmiş əl imzasına bərabər tutulur.
3.4. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə sənədin
yazılı şəkildə təqdim olunması tələb
olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə
müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə
cavab verən hesab edilir.
3.5. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə sənədin notariat
qaydasında təsdiqi və (və ya) dövlət
qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron
sənəd kağız daşıyıcıda olan sənədə
bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə
malikdir.
3.6. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə sənədin notariat
qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb
olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin
tələblərinə cavab verən surəti Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata
alınır və ya təsdiq edilir.
3.7. Məlumat bildirişinin və
elektron sənədin istifadəsi bu Qanunla və digər normativ
hüquqi aktlarla tənzimlənir.
Maddə 4. Elektron imza və
elektron sənəd haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
4.1. Elektron imza və elektron sənəd
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, “Dövlət
sirri haqqında”, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”
Azərbaycan Respublikasının Qanunlarından və digər
normativ hüquqi aktlardan ibarətdir.
4.2. Ələt
azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[2]
II fəsil
ELEKTRON İMZA
Maddə 5. Elektron imzanın istifadəsi
5.1. Elektron imza yaratma məlumatlarından
istifadə etməklə imza vasitələri ilə
yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur.
5.2. İmza sahibi bir neçə
imza yaratma məlumatlarına malik ola bilər və onlar
sertifikatlarında göstərilən münasibətlərdə
istifadə edilir.
5.3. Elektron sənədin və
elektron imzanın həqiqiliyini təsdiq etmək və imza
sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə
imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza
vasitələrindən istifadə edilməklə elektron
imzanı yoxlama məlumatları əsasında
aparılır.
5.4. Elektron imzanın yoxlanma
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
5.5. İmza sahibi sertifikatı
olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi
xəbərdar etməlidir.
Maddə 6. Elektron imzanın dövlət
idarəçiliyi sahəsində istifadəsi
6.1. Dövlət hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının
informasiya sistemlərində elektron sənəd mübadiləsi
üçün ancaq gücləndirilmiş imzadan və
sertifikatlaşdırılmış imza vasitələrindən
istifadə edilir.
6.2. Dövlət hakimiyyəti
və yerli özünüidarəetmə orqanları sahə
üzrə akkreditə edilmiş Mərkəzin xidmətlərindən
istifadə etməlidir.
6.3. Dövlət hakimiyyəti
və ya yerli özünüidarəetmə orqanlarına
fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat
bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
6.4. Dövlət hakimiyyəti
və yerli özünüidarəetmə orqanları tərəfindən
elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 7. Elektron imzanın korporativ informasiya
sistemində istifadəsi
7.1. Korporativ informasiya sistemində
elektron imzanın istifadə edilməsi sisteminin daxili normativ sənədləri
və ya iştirakçılar arasındakı müqavilə
ilə tənzimlənir.
7.2. Korporativ informasiya sisteminin
daxili normativ sənədlərində və ya
iştirakçıları arasındakı müqavilədə
imzanı istifadə edən şəxslərin hüquq və
vəzifələri, habelə imzanın istifadə
qaydalarına riayət edilməməsi nəticəsində
iştirakçılara vurulmuş zərərin tənzimlənməsi
barədə müddəalar nəzərdə
tutulmalıdır.
7.3. Korporativ informasiya sisteminə
xidmət edən Mərkəzlər sistemin mülkiyyətçisinin
qərarı və ya iştirakçıların
razılaşması əsasında
formalaşdırılır.
7.4. Korporativ informasiya sisteminə
xidmət edən Mərkəzlərin fəaliyyəti, sertifikatların
tərkibi, sertifikat xidmətlərinin göstərilməsi,
sertifikat reyestrinin aparılması, sertifikatların
saxlanılması qaydaları sistemin daxili normativ sənədləri
ilə tənzimlənir.
7.5. Korporativ informasiya sisteminin
sertifikat xidməti Mərkəzi sistemdənkənar informasiya
sisteminin istifadəçilərinə xidmət göstərdikdə
Mərkəz bu Qanunda nəzərdə tutulmuş müddəalara
uyğun olmalı və fəaliyyət göstərməlidir.
III fəsil
SERTİFİKAT
XİDMƏTLƏRİ, SERTİFİKATLAŞDIRMA
Maddə 8. Elektron imza xidmətlərinin subyektləri
Elektron imzadan istifadə
zamanı imza sahibi, sertifikat xidmətləri Mərkəzi və
ya akkreditə edilmiş Mərkəz və müvafiq icra
hakimiyyəti orqanı arasında yaranmış hüquqi
münasibətlər Azərbaycan Respublikasının
qanunvericiliyinə, bu Qanuna və tərəflər arasında
bağlanmış müqaviləyə uyğun olaraq tənzimlənir.
Maddə 9. Sertifikat xidmətləri
Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi
9.1. Mərkəz Azərbaycan
Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl
müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və
qeydiyyatdan keçməlidir.
9.2. Məlumatda Mərkəz
kimi fəaliyyət göstərməyə iddiaçı
şəxsin ünvanı, hüquqi statusu, maliyyə, texniki,
kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri
göstərilməlidir. Hüquqi şəxs bu məlumatlara
dövlət qeydiyyatı şəhadətnaməsi və
nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə
sənədləri əlavə etməlidir. Təqdim edilən
sənədlərin siyahısı qeydiyyat qaydaları ilə
müəyyən edilir.
9.2-1. Mərkəzin qeydiyyata alınması
üçün zəruri olan sənədlərin və ya məlumatların
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər və ya məlumatlar
iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin
və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi
iddiaçı şəxsin razılığı ilə
sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya iddiaçı şəxs
tərəfindən təmin edilir.[3]
9.3. Müvafiq icra hakimiyyəti
orqanı 30 gün müddətində Mərkəzin təqdim
etdiyi sənədləri yoxlayaraq Mərkəzin qeydiyyatı
barədə qərar qəbul edir,
9.4. Təkmil sertifikat xidmətləri
göstərmək üçün Mərkəz müvafiq
icra hakimiyyəti orqanında akkreditədən keçir və
ona təkmil sertifikat verilir.
9.5. Akkreditə edilmiş mərkəzlərin
sayına məhdudiyyət qoyulmur.
9.6. Mərkəz fəaliyyətə
yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən
sertifikat xidmətləri mərkəzləri reyestrinə
qeydiyyat məlumatlarının daxil edilməsindən sonra
başlaya bilər.
9.7. Müvafiq icra hakimiyyəti
orqanı aşağıdakı hallarda Mərkəzi qeydiyyata
almaqdan imtina edə bilər:
9.7.1. iddiaçı şəxs
bu Qanunun tələblərinə uyğun olmadıqda;
9.7.2. təqdim edilmiş məlumat
və sənədlər bu Qanunun tələblərinə
uyğun olmadıqda;
9.7.3. iddiaçı şəxs
yanlış məlumatlar təqdim etdikdə;
9.7.4. informasiya sisteminin təhlükəsizliyinin
auditinin nəticələrinə əsasən iddiaçı
şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi
mümkün sayılmadıqda;
9.7.5. iddiaçı şəxsin
sertifikatlaşdırma və ya vaxt göstəricilərinin
qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti
bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə
uyğun olmadıqda;
9.7.6. iddiaçı şəxsin
dövlətə vergi borcu olduqda;
9.7.7. Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
digər hallarda.
9.8. Mərkəzin qeydiyyatı
və akkreditə edilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 10. Sertifikat xidmətləri
10.1. Mərkəzlər
imzanın istifadəsi ilə bağlı
aşağıdakı xidmətləri göstərə bilər:
10.1.1. sertifikatın verilməsi;
10.1.2. sertifikatın qüvvəsinin
dayandırılması, bərpa edilməsi və
sertifikatın ləğv edilməsi;
10.1.3. sorğulara əsasən
sertifikatlar barədə bu Qanunla və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş məlumatların verilməsi;
10.1.4. vaxt göstəricilərinin
qeyd edilməsi;
10.1.5. elektron imzanın
yaradılması;
10.1.6. imzanın istifadəsi
üzrə məsləhətlər verilməsi.
10.2. Sertifikat xidmətlərinin
göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 11. Sertifikatın verilməsi
11.1. Sertifikat müraciət
etmiş şəxslə Mərkəz arasında
bağlanmış müqavilə
və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi
zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat
sorğusu əsasında verilir.[4]
11.2. Sertifikat almaq istəyən
fiziki şəxs Mərkəzə onun şəxsiyyətini təsdiqləyən
sənədi və qaydalarla müəyyən edilmiş digər
sənədləri təqdim etməlidir.
11.3. Təkmil sertifikat almaq
üçün akkreditə edilmiş mərkəzə müraciət
olunmalıdır.
11.3-1. Şəxsiyyət vəsiqələrinin
fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə” ilə müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla,
bu Qanuna uyğun həyata keçirilir.[5]
11.4. Sertifikat verildikdən sonra
Mərkəz bu Qanuna müvafiq olaraq onun qüvvəsini
dayandıra, bərpa və ləğv edə bilər.
11.5. Sertifikat qüvvəyə
minənədək Mərkəz onun barəsində məlumatları
reyestrə daxil edir və reyestrdə sertifikatın vəziyyətindəki
sonrakı dəyişikliklərin qeydiyyatını aparır.
11.6. Sertifikatın verilməsi
və reyestrin aparılma qaydaları, ona daxil edilən məlumatların
tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
Maddə
12. Sertifikatın tərkibi
12.1. Sertifikata, əsasən,
aşağıdakı məlumatlar daxil edilir:
12.1.1. sertifikatı verən
mərkəzin adı və ünvanı (ölkə);
12.1.2. sertifikatın seriya nömrəsi;
12.1.3. imza sahibinin adı, atasının
adı, soyadı və ya istifadə üçün
göstərdiyi təxəllüs;
12.1.4. sertifikatın qüvvədə
olma müddəti (müddətin başlandığı
və qurtardığı vaxt, tarix);
12.1.5. imza sahibinin imza yoxlama
məlumatı;
12.1.6. imza yoxlama məlumatının
istifadə ediləcəyi imza vasitələrinin adı.
12.2. Sertifikat kağız
daşıyıcıda verildikdə Mərkəzin rəsmi
blankında tərtib edilir, səlahiyyətli şəxsin
əl imzası və möhürlə təsdiq olunur.
Sertifikat elektron formada verildikdə isə onu verən
Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq
edilir.
12.3. Təqdim olunmuş məlumatlar imza
sahibini dəqiq identikləşdirməyə imkan verdikdə
şəxs göstəricisi kimi təxəllüsdən
istifadə edilə bilər. Bu halda imza sahibinin
təxəllüsdən istifadə etməsi sertifikatda
aşkar qeyd olunur.
12.4. Fiziki şəxslərə
verilən təkmil sertifikatda əlavə olaraq
aşağıdakılar göstərilir:
12.4.1. sertifikatı verən akkreditə
edilmiş mərkəzin adı və ünvanı
(ölkə);
12.4.2. təkmil sertifikat olması
barədə qeyd;
12.4.3. sertifikatın istifadə
sahələri və məhdudiyyətləri;
12.4.4. sertifikat şəxsiyyət
vəsiqələrinin fərdiləşdirilməsi zamanı
müvafiq icra hakimiyyəti orqanının sorğusu
əsasında verildikdə, həmin orqanın adı.[6]
12.5. Fiziki şəxslərə
verilən təkmil sertifikat onu verən akkreditə edilmiş
Mərkəzin gücləndirilmiş imzası ilə
təsdiq edilir.
12.6. Akkreditə edilmiş
Mərkəzə verilən təkmil sertifikatda
aşağıdakılar göstərilməlidir:
12.6.1. sertifikatı verən orqanın
adı və ünvanı (ölkə);
12.6.2. təkmil sertifikatı olma
barədə qeyd;
12.6.3. sertifikatın istifadə
sahələri və məhdudiyyətləri.
12.7. Akkreditə edilmiş
Mərkəzə verilən təkmil sertifikat onu verən
orqanın gücləndirilmiş imzası ilə təsdiq
edilir.
12.8. Sertifikata daxil edilən digər
məlumatlar Mərkəzlə imza sahibi arasında
bağlanmış müqavilədə göstərilir.
12.9. Sertifikat aşağıdakı
hallarda etibarsız sayılır:
12.9.1. qanunvericiliyə müvafiq qaydada
verilmədikdə;
12.9.2. qüvvədə olma
müddəti bitdikdə;
12.9.3. sertifikatı vermiş
Mərkəzin gücləndirilmiş imzası həqiqi
olmadıqda;
12.9.4. sertifikatın qüvvəsi
dayandırılmış və ya ləğv edilmiş
olduqda;
12.9.5. onda qeyd olunmuş
münasibətlərdə istifadə edilmədikdə.
Maddə
13. Sertifikatın qüvvəsinin dayandırılması
və bərpa edilməsi
13.1. Sertifikatın qüvvəsi
Mərkəz tərəfindən aşağıdakı
hallarda dayandırılır:
13.1.1. imza sahibi müraciət
etdikdə;
13.1.2. qanunvericiliyə və ya
müqaviləyə əsasən səlahiyyətli
şəxsin (orqanın) müraciəti əsasında;
13.1.3. sertifikatın verilməsi
üçün əsas olan məlumatların
düzgünlüyünə və ya imza sahibinin imza yaratma
məlumatlarının təhlükəsizliyinə Mərkəzin
əsaslı şübhələri olduqda.
13.2. Sertifikatın qüvvəsinin
dayandırılması barədə Mərkəz dərhal
imza sahibinə, müraciət etmiş səlahiyyətli
şəxsə (orqana) məlumat verir və sertifikatlar
reyestrində müvafiq qeydiyyat aparır.
13.3. Bu Qanunun 13.1.3-cü
maddəsində nəzərdə tutulmuş halda
sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla
bilməz.
13.4. Sertifikatın hüquqi
qüvvəsi aşağıdakı hallarda bərpa edilir:
13.4.1. sertifikatın qüvvəsinin
dayandırılmasını tələb etmiş imza sahibinin
müraciəti və ya müraciət etmiş
səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;
13.4.2. Mərkəz tərəfindən
görülmüş tədbirlər nəticəsində
əsaslı şübhələr aradan
qaldırıldıqda;
13.4.3. sertifikatın qüvvəsinin
dayandırıldığı müddət başa
çatdıqda.
13.5. Sertifikatın qüvvəsinin
dayandırılması və ya bərpa edilməsi
üçün müraciətlər yazılı
şəkildə edilməli və müvafiq sənədlərlə
əsaslandırılmalıdır.
13.6. Sertifikatın qüvvəsinin
dayandırılması, bərpa edilməsi ilə
əlaqədar yaranan mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə
14. Sertifikatın ləğv edilməsi
14.1. Sertifikat aşağıdakı
hallarda Mərkəzlər tərəfindən ləğv
edilə bilər:
14.1.1. imza sahibinin müraciəti
əsasında;
14.1.2. sertifikatın qüvvədə
olma müddəti başa çatdıqda;
14.1.3. qanunvericiliyə əsasən
səlahiyyətli şəxsin (orqanın) qərarı və
ya müraciəti əsasında;
14.1.4. imza sahibi vəfat etdikdə və
ya qanunvericiliklə müəyyən edilmiş qaydada
fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
14.1.5. sertifikatın verilməsi
üçün Mərkəzə təqdim olunan sənəd
və məlumatların saxta, səhv və ya
qüvvədən düşmüş olması bəlli olduqda;
14.1.6. imza sahibinin imza yaratma
məlumatları üzərində nəzarəti itirməsi
Mərkəzə bəlli olduqda;
14.1.7. onda qeyd olunmuş
münasibətlərdə istifadə edilmədikdə;
14.1.8. imzanın istifadə
olunmasını tənzimləyən hüquqi aktların
və ya Mərkəzlə bağlanmış
müqavilənin tələbləri imza sahibi
tərəfindən pozulduqda;
14.1.9. istifadə edilən imza
vasitələrinin sertifikatı hüquqi qüvvəsini
itirdikdə;
14.1.10. qanunvericiliklə
müəyyən edilmiş digər hallarda.
14.2. Sertifikatın qüvvəsinin
ləğv edilməsi barədə Mərkəz imza
sahibinə, müraciət etmiş səlahiyyətli
şəxsə (orqana) məlumat verir və sertifikatlar
reyestrində düzəlişlər barədə qeydiyyat
aparır.
14.3. Sertifikatın ləğv
edilməsi ilə əlaqədar yaranan mübahisələr
məhkəmə qaydasında həll edilir.
Maddə
15. Sertifikat xidmətləri üzrə sənədlərin
saxlanılması
15.1. Sertifikatda göstərilmiş
istifadə sahələri üzrə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş müddət ərzində hüquqi qüvvədə
olan, qüvvəsi dayandırılmış və ya
ləğv edilmiş sertifikatlar, həmçinin ona aid
digər sənəd və məlumatlar Mərkəzdə
saxlanılır.
15.2. Mərkəz sertifikatın
saxlanıldığı dövrdə informasiya sistemi
istifadəçilərinin sertifikata sərbəst,
fasiləsiz müraciətini təmin edir, onunla bağlı sorğularına
cavab verir.
15.3. Mərkəz
aşağıdakı sənədlərin
saxlanılmasını təmin edir:
15.3.1. sertifikat xidmətlərinin
təhlükəsizliyinin təmin edilməsinə aid
sənədləri;
15.3.2. imza sahibləri ilə
bağlanmış müqavilələri;
15.3.3. Mərkəzin sertifikatı
əsasında verilən sənədlərin
surətlərini;
15.3.4. imza sahibinin
təlimatlandırılmasını təsdiq edən
sənədləri;
15.3.5. sertifikatın hüquqi
qüvvəsinin dayandırılması, bərpa edilməsi
və ləğv olunması haqqında sənədləri.
15.4. Mərkəzdə saxlama
müddəti bitdikdən sonra sertifikat reyestrdən
çıxarılır və arxivə verilir. Arxivdə
saxlama müddəti, bu dövrdə sertifikatların
surətlərinin və onlar barəsində digər
məlumatların verilməsi qaydası Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. Xarici ölkələrdə
verilmiş sertifikatların tanınması
16.0. Xarici ölkələrdə
verilmiş sertifikatlar Azərbaycan Respublikasında
aşağıdakı hallarda hüquqi qüvvəyə malik
olur:
16.0.1. sertifikatı vermiş Mərkəz
Azərbaycan Respublikasında akkreditədən
keçmişdirsə;
16.0.2. sertifikat bu Qanunla və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları
ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinə
uyğundursa;
16.0.3. sertifikata Azərbaycan
Respublikasında akkreditə edilmiş Mərkəz və ya
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təminat
verilirsə;
16.0.4. Sertifikat Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə nəzərdə
tutulmuş xarici Mərkəzlər tərəfindən
verilmişdirsə.
Maddə
17. Mərkəzlərin hüquqları,
vəzifələri və məsuliyyəti
17.1. Mərkəzlər
aşağıdakı hüquqlara malikdirlər:
17.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq öz fəaliyyətini təmin etmək
və tənzimləmək;
17.1.2. bu Qanunda nəzərdə tutulan
sertifikat xidmətlərini göstərmək;
17.1.3. təkmil sertifikatlarla bağlı
xidmətlər göstərmək üçün müvafiq
icra hakimiyyəti orqanında akkreditədən keçmək;
17.1.4. fəaliyyəti ilə
əlaqədar müvafiq dövlət orqanlarına
müraciət etmək;
17.1.5. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun qaydada fəaliyyətinə xitam
vermək;
17.1.6. Mərkəzin qeydiyyatının
və ya akkreditəsinin ləğv olunması, sertifikatın
qüvvəsinin dayandırılması və ya ləğv
edilməsilə bağlı qərarlardan Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun olaraq inzibati qaydada
və (və ya)
məhkəməyə şikayət etmək;[7]
17.1.7. ödənişli əsaslarla
sertifikat xidmətləri göstərmək;
17.1.8. Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq sertifikatların istifadə
sahələrini və məhdudiyyətlərini
müəyyən etmək.
17.2. Mərkəz sertifikatın
verilməsi üçün imza sahibi ilə müqavilə
bağlamazdan əvvəl onu sertifikatın və imza
vasitələrinin istifadə qaydaları, Mərkəzin
hüquqi statusu və akkreditə vəziyyəti barədə
məlumatlandırmalıdır.
17.3. Mərkəzlər
aşağıdakı vəzifələri yerinə yetirir:
17.3.1. fəaliyyətin
təhlükəsizliyini və imza sahibi barəsində
məlumatların mühafizəsini təmin edir;
17.3.2. imza sahibinin təqdim etdiyi
sənədləri araşdırır və zəruri hallarda
onların yoxlanılması məqsədilə aidiyyəti
dövlət orqanına müraciət edir;
17.3.3. sertifikatların reyestrini
aparır, onun aktuallığını və ona
sərbəst, fasiləsiz müraciət edilməsi
üçün lazımi şəraiti təmin edir;
17.3.4. sertifikatlar barədə
məlumatlar verir;
17.3.5. sertifikat xidmətləri
üzrə sənədləri və məlumatları
saxlayır;
17.3.6. bu Qanunun 13 və 14-cü
maddələrində nəzərdə tutulan hallarda
sertifikatların qüvvəsini dayandırır, bərpa
və ya ləğv edir, bu barədə imza sahibini və
müraciət edən səlahiyyətli şəxsi
(orqanı) məlumatlandırır;
17.3.7. fəaliyyəti barədə
müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edir
və onun sorğularına cavab verir;
17.3.8. fəaliyyətə
başladığı müddət nəzərə
alınmaqla, hər il informasiya sisteminin təhlükəsizlik
auditinin keçirilməsini təmin edir və nəticəsini
30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına
təqdim edir;
17.3.9. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən fəaliyyətinə
nəzarət edilməsinə şərait yaradır;
17.3.10. Azərbaycan Respublikasının
qanunvericiliyində və ya tərəflər arasındakı
müqavilədə nəzərdə tutulmuş digər
vəzifələri icra edir.
17.4. Mərkəzlər
aşağıdakılara görə məsuliyyət
daşıyır:
17.4.1. fəaliyyətinin
təhlükəsizliyinə, imza yaratma
məlumatlarının və imza sahibi barəsində
məlumatların mühafizəsinə;
17.4.2. sertifikatdakı məlumatların
tamlığı və düzgünlüyünə;
17.4.3. sertifikat xidmətlərinin
keyfiyyətinə və dəqiqliyinə;
17.4.4. sertifikatın qüvvəsinin
qanunsuz dayandırılması və ya ləğv
edilməsinə;
17.4.5. Mərkəzin fəaliyyəti
nəticəsində imza sahibinə maddi zərər
vurulmasına;
17.4.6. sertifikatın istifadəsinə
təsir edə bilməsi məlum olmuş məlumatların
imza sahibinə vaxtında çatdırılmamasına.
17.5. Akkreditə edilmiş Mərkəz
təkmil sertifikatların verilməsini Azərbaycan
Respublikasının qanunvericiliyinin, bu Qanunun və müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydalara uyğun olaraq həyata keçirir və sertifikatda
onun istifadə sahələrini, məhdudiyyətlərini
göstərir.
17.6. Təkmil sertifikat və xarici
sertifikat xidmətləri mərkəzinin sertifikatına
təminat vermiş akkreditə edilmiş Mərkəz imza
istifadəçisinə vurulmuş zərərə
görə Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq məsuliyyət daşıyır.
17.7. İmza sahibi tərəfindən
müqavilə şərtlərinin pozulması, sertifikatın
təyinatına riayət edilməməsi
nəticəsində imza istifadəçisinə vurulmuş
zərərə görə Mərkəzlər
məsuliyyət daşımır.
Maddə
18. Sertifikat xidmətlərinə aid tələblər
18.1. Mərkəzlər fəaliyyəti
dövründə texniki, kadr və maliyyə imkanlarına, o
cümlədən istifadəçilərə vurula
biləcək zərəri ödəmək üçün
maliyyə imkanlarına malik olmalı, etibarlı və
fasiləsiz xidmət göstərməlidir.
18.2. Mərkəzlər sertifikatların,
elektron imza yaratma və yoxlama məlumatlarının
verilməsi üçün
sertifikatlaşdırılmış imza
vasitələrindən istifadə etməlidir.
18.3. Mərkəzlər
fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan
keçdikdən sonra hər il informasiya sisteminin auditini
keçirməlidir, sistemdən etibarlı istifadəni
təmin edən texnika və texnologiyalar tətbiq etməlidir.
18.4. Mərkəzlər
fəaliyyətin təmin edilməsi məqsədilə
bilikli, təcrübəli və səriştəli
işçi heyətə malik olmalıdır.
Maddə
19. Sertifikat xidmətləri Mərkəzinin
fəaliyyətinə xitam verilməsi
19.1. Mərkəzin
fəaliyyətinə xitam verilməsi Azərbaycan
Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
19.2. Mərkəz fəaliyyətinə
xitam verilməsinə ən azı 30 gün qalmış mediada
və digər vasitələrlə elan verir, qüvvədə
olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına
təminat verdiyi, təminat müqavilələri
bağladığı sertifikat xidmətləri
mərkəzlərini və müvafiq icra hakimiyyəti
orqanını xəbərdar edir.[8]
19.3. Elanın verilməsindən 30
gün keçdikdən sonra Mərkəz qüvvədə
olan sertifikatların ləğv edilməsini həyata
keçirir.
19.4. Akkreditə
edilmiş Mərkəz fəaliyyətinə xitam verilməsi
barədə elandan 30 gün keçdikdən sonra imza
sahiblərinin razılığı ilə təkmil
sertifikatları, onlarla və imza istifadəçilərinin
sorğuları ilə bağlı məlumatları
akkreditə edilmiş başqa mərkəzə və ya
müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.
Təhvil verilməmiş sertifikatlar ləğv edilir və bu
Qanunun 15-ci maddəsinə uyğun olaraq saxlanılmaq
üçün müvafiq icra hakimiyyəti orqanına verilir.
19.5. Aşağıdakı hallarda
müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
Mərkəzlərin qeydiyyatını, akkreditəsini ləğv
edə və fəaliyyətinə xitam verilməsi
barədə iddia qaldıra bilər:
19.5.1. qeydiyyat üçün təqdim
edilmiş məlumatlar və sənədlər düzgün
olmadıqda və ya qüvvəsini itirdikdə;
19.5.2. fəaliyyəti zamanı
müntəzəm olaraq qanun pozuntularına yol verildikdə.
19.6. Korporativ informasiya sisteminə
xidmət edən Mərkəzin fəaliyyətinə sistemin
mülkiyyətçisinin qərarı ilə və ya
iştirakçılarının razılaşmasına
uyğun olaraq xitam verilə bilər.
Maddə
20. İmza sahibinin hüquqları, vəzifələri
və məsuliyyəti
20.1. İmza sahibi
aşağıdakı hüquqlara malikdir:
20.1.1. Mərkəzlər, onların
xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi
və təhlükəsizlik qaydaları barədə
ətraflı məlumat almaq;
20.1.2. barəsində
Mərkəzlərdə toplanmış məlumatlarla
tanış olmaq;
20.1.3. sertifikatın qüvvəsinin
dayandırılması, bərpa edilməsi və ya
ləğvi barədə qərarlar, həmçinin
Mərkəzlərin fəaliyyəti ilə əlaqədar
digər məsələlərlə bağlı Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
şikayət etmək.
20.2. İmza sahibi imza yaratmaq və
müvafiq vasitələrdən istifadə etmək
qabiliyyətinə malik olmalıdır.
20.3. İmza sahibi elektron imza yaratma
məlumatlarının və imza vasitələrinin
qorunmasına cavabdehdir və onların digər şəxs
tərəfindən istifadəsinə yol verməməlidir.
Bunlar üzərində nəzarət itirildikdə və ya
buna təhlükə yarandıqda imza sahibi müvafiq
Mərkəzə dərhal xəbər verməli və
sertifikatın qüvvəsinin dayandırılmasını
tələb etməlidir.
20.4. İmza sahibi
gücləndirilmiş imzanın istifadəsi zamanı
uyğun təkmil sertifikatda göstərilmiş istifadə
münasibətlərinə riayət etməlidir.
20.5. İmza sahibi müqavilə
bağlamaq üçün Mərkəzlərə
müraciət edərkən təqdim etdiyi məlumatların
tamlığına və düzgünlüyünə
görə məsuliyyət daşıyır.
20.6. Bu Qanunun 20-ci maddəsində
göstərilmiş şərtlərə riayət
edilməməsi nəticəsində dəymiş
zərərə görə imza sahibi Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən məsuliyyət
daşıyır.
IV fəsil
ELEKTRON SƏNƏD
Maddə
21. Elektron sənədə dair tələblər
21.1. Elektron sənəd
aşağıdakı tələblərə cavab
verməlidir:
21.1.1. texniki və proqram
vasitələrinin köməyi ilə yaradılmalı,
saxlanılmalı, emal edilməli, ötürülməli
və qəbul edilməlidir;
21.1.2. bu Qanunun 22-ci maddəsində
müəyyən edilmiş quruluşa malik olmalıdır;
21.1.3. identikləşdirməyə imkan
verən rekvizitlərə malik olmalıdır;
21.1.4. texniki və proqram
vasitələrinin köməyi ilə əyani qavranılan
(vizual) şəkildə təqdim olunmalıdır.
21.2. Elektron sənədin
identikləşdirilməsi, həqiqiliyinin
müəyyənləşdirilməsi üçün
zəruri olan rekvizitlərin siyahısı Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
müəyyən edilir.
Maddə
22. Elektron sənədin quruluşu
22.1. Elektron sənəd ümumi və
xüsusi hissələrdən ibarət quruluşa malikdir.
22.2. Elektron sənədin məzmunu
və ünvanlandığı şəxs barədə
məlumatlar onun ümumi hissəsində qeyd edilir.
22.3. Elektron sənədə
əlavə edilən elektron imza (imzalar) və vaxt
göstəricisi (göstəriciləri) elektron sənədin
xüsusi hissəsində qeyd olunur.
Maddə
23. Elektron sənədin təqdimat formaları
23.1. Elektron sənəd daxili və
xarici təqdimat formalarına malikdir.
23.2. Elektron sənədin
verilənlər daşıyıcısında
yazılmış şəkli onun daxili təqdimat
formasıdır.
23.3. Elektron sənədin
verilənlər daşıyıcısından fərqli
digər maddi obyektdə (displeydə, kağızda və s.)
əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi
onun xarici təqdimat formasıdır.
Maddə
24. Elektron sənədin əsli
24.1. Elektron sənədin əsli
yalnız daxili təqdimat formasında ola bilər.
24.2. Elektron sənədin daxili
təqdimat formasında bir-biri ilə eyni olan bütün
nüsxələri əsl hesab edilir və bərabər
hüquqi qüvvəyə malikdir.
24.3. Elektron sənədin elektron formada
surəti ola bilməz.
24.4. Eyni şəxs tərəfindən
kağız daşıyıcıda və elektron formada
tərtib edilmiş eyni məzmunlu sənədin hər biri
müstəqildir və bərabər hüquqi
qüvvəyə malikdir. Bu halda kağız
daşıyıcıdakı sənəd elektron
sənədin surəti sayılmır.
Maddə
25. Elektron sənədin surəti və onun təsdiq
edilmə qaydası
25.1. Elektron sənədin surəti onun
kağız daşıyıcıda əks edilmiş xarici
təqdimat formasının Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq
edilməsi ilə hazırlanır.
25.2. Elektron sənədin kağız
daşıyıcıdakı nüsxəsində onun
müvafiq elektron sənədin surəti olması qeyd
edilməlidir.
25.3. Elektron sənədin kağız
daşıyıcıdan başqa digər maddi obyektdəki
və ya kağız daşıyıcıdakı, lakin
müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun
surəti sayılmır.
25.4. Elektron sənədin əsli və
bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab
verən kağız daşıyıcı
üzərindəki surəti eyni hüquqi qüvvəyə
malikdir.
V fəsil
ELEKTRON SƏNƏD
DÖVRİYYƏSİ
Maddə
26. Elektron sənəd dövriyyəsinin təşkilinin
əsasları
26.1. Elektron sənədin istifadəsi
və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi
və ya elektron sənəd dövriyyəsi subyektləri
arasında bağlanmış müqavilələr
əsasında həyata keçirilir.
26.2. Azərbaycan Respublikasının
qanunvericiliyində və bağlanmış müqavilədə
elektron sənədlərin mübadiləsi qaydası və
onunla bağlı olan texniki-təşkilati tələblər
(sənədlərin mübadilə forması, onların
yoxlanılma proseduru, sənədin alınmasının
təsdiqlənməsi üçün məqbul hesab
edilən müddət, forma və sairə) müəyyən
edilir.
26.3. Elektron sənəd
dövriyyəsinin sənədləşdirilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş kargüzarlıq standartları
və qaydaları əsasında həyata keçirilir.
26.4. Korporativ informasiya sistemində
elektron sənədin istifadəsi və dövriyyəsi
sistemin daxili normativ sənədləri ilə
tənzimlənir.
Maddə
27. Elektron sənədin göndərilməsi və
alınması
27.1. Şəxsən, habelə
başqasının adından çıxış etmək
səlahiyyəti olan şəxs tərəfindən
göndərilmiş və ya özünün proqramlaşdırdığı
qaydada fəaliyyət göstərən informasiya sisteminin
avtomatik ötürdüyü elektron sənəd
Göndərən tərəfindən göndərilmiş
hesab edilir.
27.2. Tərəflər arasındakı
müqavilədə başqa hallar müəyyən
edilməmişdirsə, Alan qəbul etdiyi elektron
sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində
onu Göndərənin yolladığına əmin olur və
istənilən, o cümlədən avtomatik
vasitələrlə alınmanı birmənalı təsdiq
edən qaydada Göndərəni məlumatlandırır.
27.3. Alan aşağıdakı hallarda
elektron sənədi Göndərən tərəfindən
göndərilməmiş hesab etməlidir:
27.3.1. elektron sənədin
göndərilməməsi barədə bildiriş
almışdırsa;
27.3.2. elektron sənədin həqiqiliyi
təsdiqlənməmişdirsə;
27.3.3. elektron sənədin
həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli
olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş
elektron sənəd başqa sənədin avtomatik
təkrarıdır.
27.4. Tərəflər arasındakı
müqavilədə başqa hallar müəyyən
edilməmişdirsə, Alandan Göndərənə
təsdiqləmə çatanadək elektron sənəd
alınmamış hesab olunur. Təsdiqləmədə
elektron sənədin tərəflər arasında razılaşdırılmış
texniki tələblərə uyğun olması qeyd
edilməlidir.
27.5. Göndərənin
göstərdiyi və ya tərəflər arasında
bağlanmış müqavilədə müəyyən
edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa,
Göndərən bu barədə Alanı
məlumatlandırır və təsdiqləmənin göndərilməsi
müddətini təyin edir.
27.6. Bu Qanunun 27-ci maddəsi elektron
sənədlərin göndərilməsi və ya
alınması ilə bağlı münasibətlər istisna
olmaqla, elektron sənədlərin məzmunundan və
alınmanın təsdiqlənməsindən irəli
gələn digər münasibətləri tənzimləmir.
Maddə
28. Elektron sənədin göndərilmə və alınma
vaxtı
28.1. Tərəflər arasında
bağlanmış müqavilədə başqa hallar
müəyyən edilməmişdirsə, elektron
sənədin Göndərənin və ya onun adından çıxış
edən şəxsin nəzarətində olmayan informasiya
sisteminə daxil olduğu an elektron sənədin
göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir.
28.2. Tərəflər arasında
müqavilədə başqa hallar müəyyən
edilməmişdirsə, elektron sənədin Alanın
göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron
sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.
28.3. Göndərilmə və alınma
vaxtlarının mübahisəyə səbəb
olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı
xidmətlərindən istifadə edilə bilər.
Maddə
29. Elektron sənədin saxlanılması
29.1. Elektron sənədin saxlanılma
qaydası aşağıdakı şərtlər
nəzərə alınmaqla, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1. elektron sənəd
yaradıldığı, ötürüldüyü və ya
qəbul edildiyi quruluşu saxlasın;
29.1.2. elektron sənəd onu
Göndərəni, Alanı, göndərilmə və
alınma vaxtını müəyyən etməyə imkan
versin;
29.1.3. elektron sənəddə olan
informasiya növbəti istinad üçün istifadə
edilə bilsin;
29.1.4. elektron sənədin saxlanılma
müddəti kağız sənəd üçün
nəzərdə tutulmuş müddətdən az olmasın;
29.1.5. qanunvericiliklə və
tərəflərin razılığı ilə
müəyyən edilən digər şərtlərə
uyğun gəlsin.
29.2. Bu Qanunun 29.1-ci maddəsi
saxlanılması zəruri olmayan elektron
sənədlərə şamil edilmir.
29.3. Elektron sənədlərin
saxlanılması üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər
hüquqi və fiziki şəxslərin
xidmətlərindən istifadə edilə bilər.
Maddə
30. Elektron sənədin mühafizəsi
30.1. Elektron sənəd dövriyyəsi
zamanı elektron sənədin mühafizəsi
məqsədilə Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olan proqram və texniki
vasitələrdən istifadə edilməlidir.
30.2. Elektron sənəd
dövriyyəsində istifadə edilən informasiya sistem
və şəbəkələrində mühafizə
tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin
mülkiyyətçisi tərəfindən təmin edilir.
30.3. Korporativ informasiya
sistemlərində elektron sənəd dövriyyəsinin
mühafizə tədbirlərinin lazımi səviyyəsi
Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə müvafiq olaraq bu sistemin
mülkiyyətçisi tərəfindən və ya
iştirakçıların razılaşmasına uyğun
təmin edilir.
Maddə
31. Vasitəçinin hüquqları, vəzifələri
və məsuliyyəti
31.1. Elektron sənədlərin
saxlanması, ötürülməsi və qəbulu zamanı
Vasitəçi xidmətlərindən istifadə edilə
bilər.
31.2. Vasitəçi fəaliyyətini
təmin etmək üçün aşağıdakılara
malik olmalıdır:
31.2.1. sistemdən etibarlı
istifadəni təmin edən texnika və texnologiyalara;
31.2.2. bilikli, təcrübəli və
səriştəli işçi heyətə;
31.2.3. xidmət göstərilmiş
elektron sənədlərin vaxtını və
mənbəyini təyin etməyə imkan verən
şəraitə;
31.2.4. bu Qanunun 31.2.3-cü maddəsində
qeyd olunan informasiyanın saxlanılması üçün
etibarlı sistemə.
31.3. Vasitəçi bu Qanunun
31.2.3-cü maddəsində qeyd olunan informasiyanın 6 ay
müddətində saxlanılmasını təmin
etməlidir.
31.4. Vasitəçi fəaliyyət
göstərmək üçün müvafiq icra
hakimiyyəti orqanında qeydiyyatdan keçməlidir.
31.5. Vasitəçi
istifadəçilərə müqavilə əsasında
xidmət göstərir.
31.6. Bu Qanunun 31.2-ci maddəsində
göstərilmiş tələbləri pozan Vasitəçi
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31.7. Vasitəçi fəaliyyətinin
təhlükəsizliyini təmin edir və saxlanılan,
ötürülən və qəbul edilən elektron
sənədlərin məzmununa görə məsuliyyət
daşımır.
Maddə 32. Məzmununu konfidensial
informasiya təşkil edən elektron sənədlər
32.1. Tərkibində dövlət,
kommersiya, bank sirləri təşkil edən məlumatlar və
digər konfidensial informasiyalar olan elektron sənədlərin
istifadə qaydası və mühafizə tədbirləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
32.2. Tərkibində dövlət
sirri təşkil edən məlumatlar olan elektron sənədlərin
mübadiləsi üçün yalnız
sertifikatlaşdırılmış elektron imza və elektron sənəd
dövriyyəsi vasitələrindən istifadə
olunmalıdır.
32.3. Tərkibində dövlət
sirri təşkil edən məlumatlar olan elektron sənədlərin
tərtibi, emalı və mübadiləsi üçün
istifadə olunan informasiya sistemlərinin ekspertizası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
32.4. Bu Qanunun 32.1-ci maddəsində
nəzərdə tutulan elektron sənədlərlə işləməyə
buraxılan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin
mühafizəsi üçün zəruri tədbirlərin
görülməsini təmin etməlidirlər.
32.5. Tərəflər
arasında bağlanılmış müqaviləyə əsasən
elektron sənəd dövriyyəsini həyata keçirən
subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə
müraciət və onların mühafizə
üsullarını Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq özləri müəyyən
edirlər.
VI fəsil
XÜSUSİ MÜDDƏALAR
Maddə 33. Dövlət tənzimləməsinin
həyata keçirilməsi
33.1. Elektron imzanın tətbiqi və
istifadəsi proseslərinin, sertifikat xidmətləri
mərkəzlərinin fəaliyyətinin
tənzimlənməsi və ona nəzarət edilməsi
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
33.2. Müvafiq icra hakimiyyəti
orqanları elektron imzanın istifadəsinin
tənzimlənməsi sahəsində aşağıdakı
vəzifələri yerinə yetirirlər:
33.2.1. imzanın yaradılma və
yoxlanılma qaydalarını müəyyən edir;
33.2.2. elektron imza və elektron
sənəddən istifadə qaydalarını
hazırlayır;
33.2.3. sertifikatın verilməsi və
reyestrin aparılma qaydalarını hazırlayır, ona daxil
edilən məlumatların tərkibini və digər
məlumatların siyahısını müəyyən edir;
33.2.4. elektron imza, imza vasitələri
və elektron sənəd dövriyyəsi
vasitələrinə aid tələbləri və
standartları hazırlayır;
33.2.5. Mərkəzlərin,
Vasitəçilərin qeydə alınması və
fəaliyyətinin təşkili ilə əlaqədar
tələbləri və qaydaları müəyyən edir;
33.2.6. Mərkəzləri,
Vasitəçiləri qeydiyyatdan keçirir və
qeydiyyatı ləğv edir;
33.2.7. Mərkəzin akkreditə
edilməsi qaydasını müəyyənləşdirir;
33.2.8. Mərkəzlərin, o
cümlədən xarici sertifikat xidmətləri
mərkəzlərinin Azərbaycan Respublikasında
akkreditəsini və akkreditənin ləğv edilməsini
həyata keçirir;
33.2.9. qeydiyyatdan keçmiş
Mərkəzlərin və onlara verilmiş təkmil sertifikatların
reyestrini aparır;
33.2.10. Mərkəzlərin, o
cümlədən Azərbaycan Respublikasında qeydiyyatdan
keçmiş xarici Mərkəzlərin siyahısının
ictimaiyyətə çatdırılmasını təmin
edir;
33.2.11. sertifikat xidmətlərinin
göstərilməsi üzrə ümumi qayda və
tələbləri, tövsiyələri hazırlayır,
məsləhətlər verir;
33.2.12. imzaların istifadəsi ilə
əlaqədar məsələlər üzrə xarici
təşkilatlarla əlaqələri Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata
keçirir;
33.2.13. qeydiyyatdan keçmiş
Mərkəzlərə verilmiş sertifikatlar barədə
sorğulara cavab verir;
33.2.14. informasiya sistemlərinin
ekspertizası qaydasını müəyyən edir.
33.3. Müvafiq icra hakimiyyəti
orqanları sertifikat xidmətləri Mərkəzlərinin
fəaliyyətinə nəzarət sahəsində
aşağıdakı hüquqlara malikdir:
33.3.1. Mərkəzlərdən
fəaliyyətləri barədə məlumat almaq;
33.3.2. Mərkəzlər barədə
məlumatları dəqiqləşdirmək, zəruri hallarda
onların fəaliyyəti ilə bilavasitə tanış
olmaq;
33.3.3. Mərkəzlərin texniki
təhlükəsizlik və sertifikatlaşdırma
qaydalarına əməl etməsinin monitorinqini
keçirmək;
33.3.4. Mərkəzlərin
fəaliyyətində qanun pozuntuları aşkar edildikdə
onların barəsində bu Qanunda nəzərdə
tutulmuş inzibati tədbirlər görmək, onların fəaliyyətinə
xitam vermək barədə iddia qaldırmaq.
Maddə 34. Elektron imza və elektron
sənəd dövriyyəsi vasitələrinə aid tələblər
34.1. Dövlət
orqanlarının mülkiyyətində olan və ya istifadə
etdikləri informasiya sistemləri vasitəsilə təhlükəsiz
elektron sənəd dövriyyəsinin aparılması məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydaya əsasən bu sistemlərin
ekspertizası həyata keçirilməlidir.
34.2. İstifadə Tərkibində
dövlət sirri təşkil edən məlumatlar olan və
digər konfidensial informasiyaların
sertifikatlaşdırılmış mühafizə vasitələri
elektron sənəd dövriyyəsində müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada istifadə edilir.
34.3. İstifadə edilən
elektron imza və elektron sənəd dövriyyəsi vasitələri
sertifikatlaşdırma haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq qaydada
sertifikatlaşdırılır.
Maddə 35. İmza sahibi barəsində
məlumatların mühafizəsi
35.1. Mərkəzlər, Vasitəçilər
fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o
cümlədən imza sahibi barəsində məlumatlardan vəzifələrinin
icrası ilə əlaqəsi olmayan məqsədlər
üçün istifadə edə bilməzlər.
35.2. Mərkəzlər istifadəçilərə
yalnız sertifikata daxil edilmiş və ona aid olan məlumatları
verə bilərlər.
35.3. Mərkəzlərin, Vasitəçilərin
əməkdaşları və ya digər əlaqəli şəxslər
fəaliyyətləri zamanı imza sahibi barəsində onlara
bəlli olan məlumatları və imza yaratma məlumatlarını
qorumağa borcludurlar.
VII fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 36. Elektron imza və sənəd
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
36.1. Bu Qanununun pozulmasında təqsirli
olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
36.2. Sertifikatlaşdırılmamış
elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən
istifadəyə görə istifadəçilər fərdi məsuliyyət
daşıyırlar.
36.3. İnformasiya sisteminin fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsinə, müəyyən
edilmiş qaydada ekspertiza keçirilməsinə bu sistemin
mülkiyyətçisi məsuliyyət daşıyır.
Maddə 37. Qanunun qüvvəyə
minməsi
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart
2004-cü il
¹ 602-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 iyun 2008-ci il tarixli 621-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 464)
2. 11 noyabr 2016-cı il tarixli 400-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2013)
3. 28 dekabr 2018-ci
il tarixli 1419-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 36)
4. 20 dekabr 2022-ci il tarixli 740-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral
2023-cü il, ¹ 30,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 193)
5. 17 fevral 2023-cü il tarixli 815-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı,
8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 453)
6.
5 dekabr 2023-cü il tarixli 1048-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
26 dekabr 2023-cü il, ¹ 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1621)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 dekabr 2023-cü il tarixli 1048-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
26 dekabr 2023-cü il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I kitab, maddə 1621) ilə 1.1.15-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.1.15. Elektron sənəd -
informasiya sistemində istifadə üçün elektron
formada təqdim edilən və elektron imza ilə təsdiq
olunmuş sənəd;
[2] 28 dekabr 2018-ci
il tarixli 1419-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 36) ilə 4-cü maddənin mətni 4.1-ci maddə hesab
edilmişdir və yeni məzmunda 4.2-ci maddə əlavə
edilmişdir.
[3] 20 dekabr 2022-ci il tarixli 740-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral
2023-cü il, ¹ 30,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 193) ilə yeni məzmunda 9.2-1-ci maddə əlavə
edilmişdir.
[4] 11 noyabr 2016-cı il tarixli 400-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2013) ilə 11.1-ci maddədə “yazılı
müqavilə” sözləri “müqavilə
və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi
zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat
sorğusu” sözləri ilə əvəz edilmişdir.
[5] 11 noyabr 2016-cı il tarixli 400-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2013) ilə yeni məzmunda 11.3-1-ci maddə əlavə edilmişdir.
[6] 11 noyabr 2016-cı il tarixli 400-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2013) ilə 12.4.3-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda
12.4.4-cü maddə əlavə edilmişdir.
[7] 2 iyun 2008-ci il tarixli 621-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 6, maddə 464) ilə 17.1.6-cı maddəsində
“məhkəməyə”
sözündən əvvəl “inzibati
qaydada və (və ya)” sözləri əlavə
edilmişdir.
[8] 17 fevral 2023-cü il tarixli 815-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı,
8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 453) ilə 19.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri
“mediada” sözü ilə əvəz
edilmişdir.