Qrant alınması və verilməsi barədə məlumatların verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Qrant haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən Azərbaycan Respublikasının istənilən hüquqi şəxsinin, habelə fiziki şəxsinin xarici resipiyentə (xarici ölkələrin fiziki və hüquqi şəxslərinə) qrant verilməsi haqqında yazılı müqaviləsinin (qərarının) qyedə alınması üçün müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində donor Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ərazi ilə müraciət etməlidir.
Ərizəyə müqavilənin (qərarın) surəti və müvafiq olaraq donorun nizamnaməsi və ya şəxsiyyətini təsdiq edən sənədi əlavə olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən donora rəsmi məlumat verir.
2. Azərbaycan Respublikasında olan resipiyent (bələdiyyə orqanları, Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filialı, nümayəndəlik və şöbələri, Azərbaycan Respublikasının fiziki şəxsləri) alınmasına başlanıldığı hər bir qrant haqqında, qrant alındığı andan ən geci bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
3. Azərbaycan Respublikasının nzirlik, komitə, şirkət, konsern, birlik və digər mərkəzi təşkilatlarına tapşırılsın ki, beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən qrantlar barədə hər il iyulun 1-i və dekabrın 31-i tarixlərinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən verilmiş və alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, rəsmi kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidir.
5. Bu qərarın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinə tapşırılsın.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24
sentyabr 1999-cu il
№ 155