"Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" 1958-ci il 10 iyun tarixli Konvensiyaya qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 noyabr 1999-cu il

      ¹ 734-IQ


XARİCİ ARBİTRAJ QƏRARLARININ TANINMASI İCRASI HAQQINDA KONVENSİYA

 

Maddə I

 

1. Bu Konvensiya fiziki və ya hüquqi şəxslər arasında yaranan mübahisələrdən irəli gələn və belə qərarların tanınması və icrası tələb olunan Dövlətdən başqa Dövlətin ərazisində qəbul edilmiş arbitraj qərarlarının tanınmasına və icrasına tətbiq edilir. Bu, həmçinin onların tanınması və icrası tələb olunan Dövlətdə yerli hesab olunmayan arbitraj qərarlarına da tətbiq edilir.

2. “Arbitraj qərarları” anlayışı yalnız hər hansı müəyyən iş üzrə təyin edilmiş arbitrlər tərəfindən qəbul edilmiş arbitraj qərarlarını deyil, həmçinin tərəflərin müraciət etdiyi daimi arbitraj təşkilatı tərəfindən qəbul edilən arbitraj qərarlarını da əhatə edir.

3. Bu Konvensiya imzalandıqda, ratifikasiya edildikdə və ya ona qoşulduqda, yaxud X maddəyə uyğun olaraq uzadılması bildirildikdə hər hansı bir Dövlət Konvensiyanı qarşılıqlılıq əsasında yalnız başqa bir Razılaşan Dövlətin ərazisində çıxarılmış arbitraj qərarlarının tanınması və icrasına münasibətdə tətbiq edəcəyini bəyan edə bilər. O, həmçinin bəyan edə bilər ki, o, Konvensiyanı yalnız belə bəyanat verən Dövlətin milli qanunvericiliyinə əsasən kommersiya xarakterli hesab edilən, müqavilə əsasında olan və ya olmayan hüquqi münasibətlərdən irəli gələn mübahisələrə tətbiq edəcək.

 

Maddə II

 

1. Hər bir Razılaşan Dövlət, tərəflərin arbitraj vasitəsilə həll edilə biləcək məsələ ilə əlaqədar müqavilə əsasında olan və ya olmayan müəyyən hüquqi münasibətlə bağlı tərəflər arasında yaranmış və ya yarana biləcək, bütün və ya hər hansı mübahisələri arbitraja təqdim etməyi öhdəsinə götürdüyü yazılı razılaşmasını tanıyır.

2. “Yazılı razılaşma” anlayışı tərəflər tərəfindən imzalanmış yaxud teleqramlar və ya məktubların mübadiləsində əksini tapan, müqavilədəki arbitraj qeyd-şərtini və ya arbitraj sazişini ehtiva edir.

3. Razılaşan Dövlətin məhkəməsi, tərəflərin bu maddənin mənasına uyğun olaraq razılaşma bağladıqları məsələyə dair iddiaya baxdıqda, tərəflərdən birinin tələbi ilə, sözügedən razılaşmanı etibarsız, qüvvədən düşmüş və ya icrasını qeyri-mümkün hesab etməzsə tərəfləri arbitraja yönləndirir.

 

Maddə III

 

Hər bir Razılaşan Dövlət arbitraj qərarlarını məcburi hesab edir və aşağıdakı maddələrdə müəyyən edilmiş şərtlər altında, bu qərarın verildiyi ərazinin prosessual normalarına müvafiq şəkildə həmin qərarları icra edir. Bu Konvensiyanın tətbiq edildiyi arbitraj qərarlarının tanınmasına və ya icrasına, yerli arbitraj qərarlarının tanınmasına və icrasına münasibətdə tətbiq edilənlərdən əhəmiyyətli dərəcədə daha ağır şərtlər və ya daha yüksək rüsum və ödənişlər tətbiq edilmir.

 

Maddə IV

 

1. Bundan əvvəlki maddədə qeyd olunan tanıma və icraya nail olmaq üçün tanınma və icra edilmə barədə müraciət edən tərəf belə müraciət zamanı aşağıdakıları təqdim edir:

a) Arbitraj qərarının müvafiq qaydada təsdiq (autentifikasiya) edilmiş əslini və yaxud həmin qərarın müvafiq qaydada təsdiq edilmiş surətini;

b) II maddədə göstərilən razılaşmanın əslini və ya onun müvafiq qaydada təsdiq edilmiş surətini.

2. Sözügedən arbitraj qərarı və ya razılaşma, qərarın tanınması və icrası tələb olunan ölkənin rəsmi dilində olmadığı halda, qərarın tanınması və icra edilməsi üçün müraciət edən tərəf bu sənədlərin həmin dilə tərcüməsini hazırlayır. Tərcümə, rəsmi və ya andlı tərcüməçi, yaxud diplomatik və ya konsulluq nümayəndəsi tərəfindən təsdiq edilir.

 

Maddə V

 

1. Qərarın tanınmasından və icra edilməsindən, yalnız əleyhinə arbitraj qərarı çıxarılmış tərəfin tələbi ilə, həmin tərəf qərarın tanınması və icra edilməsi barədə müraciət edilən səlahiyyətli orqana aşağıdakı sübutu təqdim edərsə imtina oluna bilər:

a) II maddədə istinad edilən razılaşma üzrə tərəflər onlara tətbiq olunan qanunvericiliyə əsasən müəyyən dərəcədə fəaliyyət qabiliyyətsiz olmuşlar və ya sözügedən razılaşma tərəflərin razılaşma tətbiq etdikləri qanuna və ya bu barədə göstəriş olmadıqda isə qərarın qəbul edildiyi ölkənin qanunvericiliyinə əsasən etibarsızdır, yaxud

b) Əleyhinə qərar çıxarılmış tərəfə arbitrin təyin edilməsi və ya arbitraj icraatı barədə müvafiq bildiriş verilməmişdir və ya həmin tərəf başqa səbəbdən öz iddiasını təqdim edə bilməmişdir, yaxud

c) rar arbitraj sazişində nəzərdə tutulmayan və ya arbitraja təqdim edilmə şərtlərinə daxil olmayan mübahisə ilə əlaqədardır və yaxud qərar arbitraja təqdim etmə hədlərindən kənara çıxan məsələləri əhatə edir; bununla belə, əgər arbitraja təqdim edilmiş məsələlərlə bağlı qərarlar, təqdim olunmayanlardan ayrıla bilirsə, qərarın arbitraja təqdim olunmuş məsələlərdəki qərarları ehtiva edən qərarın bu hissəsi tanına və icra edilə bilər, yaxud

d) Arbitraj məhkəməsinin tərkibi və ya arbitraj icraatı tərəflərin razılaşmasına uyğun olmamışdır və ya belə razılaşma olmadığı halda arbitrajın keçirildiyi ölkənin qanunvericiliyinə uyğun olmamışdır, yaxud

e) Qərar tərəflər üçün hələ məcburi qüvvəyə minməmiş və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı ölkənin səlahiyyətli orqanı tərəfindən ləğv edilmiş və ya icrası dayandırılmışdır.

2. Arbitraj qərarının tanınması və icra edilməsindən həmçinin o halda imtina edilə bilər ki, tanınması və icra edilməsi barədə müraciət edilən ölkənin səlahiyyətli orqanı müəyyən etsin ki:

a) Mübahisənin predmeti həmin ölkənin qanunvericiliyinə əsasən arbitraj yolu ilə həll edilə bilməz, yaxud

b) Bu qərarın tanınması icra edilməsi həmin ölkənin publik qaydasına ziddir.

 

Maddə VI

 

V maddənin (1) (e)-də göstərilən səlahiyyətli orqana arbitraj qərarının ləğvi və ya icrasının dayandırılması haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən səlahiyyətli orqan zəruri hesab etdiyi təqdirdə həmin qərarın icra edilməsi ilə bağlı qərarın çıxarılmasını təxirə sala, eləcə də arbitraj qərarının icrasını tələb edən tərəfin müraciəti əsasında digər tərəfə uyğun təminat verməsi barədə göstəriş verə bilər.

 

Maddə VII

 

1. Bu Konvensiyanın müddəaları Razılaşan Dövlətlər arasında bağlanmış arbitraj qərarlarının tanınması və icrası barədə çoxtərəfli və ya ikitərəfli sazişlərin etibarlılığına təsir göstərmir və heç bir maraqlı tərəfi arbitraj qərarından onun tanınması və icra edilməsi barədə müraciət edilən ölkənin qanunvericiliyinin və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin imkan verdiyi qaydada və həddə faydalanmaq hüququndan məhrum etmir.

2. Bu Konvensiyanın onlar üçün məcburi hesab edildiyi vaxtdan və məcburi hesab edildiyi həddə, Arbitraj Qeyd-şərtləri haqqında 1923-cü il Cenevrə Protokolu və Xarici Arbitraj Qərarlarının İcra Edilməsi barədə 1927-ci il Cenevrə Protokolu Razılaşan Dövlətlər arasında öz hüquqi qüvvəsini itirir.

 

Maddə VIII

 

1. Bu Konvensiya 1958-ci il 31 dekabr tarixinədək Birləşmiş Millətlər Təşkilatının hər bir Üzvü və Birləşmiş Millətlər Təşkilatının hər hansı bir ixtisaslaşmış qurumunun üzvü olan və ya bundan sonra üzvü olacaq, yaxud Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsinə tərəf olan, və ya bundan sonra olacaq istənilən Dövlət, yaxud Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dəvət olunmuş hər hansı bir başqa Dövlət tərəfindən imzalanma üçün açıqdır.

2. Bu Konvensiya ratifikasiya olunur və ratifikasiya sənədi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

 

Maddə IX

 

1. Bu Konvensiya VIII maddədə göstərilən bütün dövlətlərin qoşulması üçün açıqdır.

2. Qoşulma Birləşmiş Millətlər Təşkilatı Baş katibinə qoşulma haqqında sənədin saxlanca verilməsi yolu ilə həyata keçirilir.

 

Maddə X

 

1. Hər bir Dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən, yaxud ona qoşularkən, Konvensiyanın onun beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı bütün və yaxud müəyyən ərazilərinə şamil ediləcəyini bəyan edə bilər. Belə bəyanat Konvensiyanın müvafiq Dövlət üçün qüvvəyə mindiyi andan etibarlı olur.

2. Bundan sonra istənilən vaxt bu Konvensiyanın daha geniş əraziyə şamil edilməsi Birləşmiş Millətlər Təşkilatının Baş katibinin adına ünvanlanmış bildiriş yolu ilə həyata keçirilir və hansı müddətin daha gec başa çatmasından asılı olaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən alındığı gündən sonrakı doxsanıncı gün və ya maraqlı dövlətə münasibətdə Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən qüvvəyə minir.

3. Bu Konvensiya imzalandıqda, ratifikasiya edildikdə və ya qoşulduqda, onun şamil edilmədiyi ərazilərə münasibətdə, hər bir maraqlı Dövlət konstitusion səbəblər ilə əlaqədar bu ərazilərin hökumətlərinin razılığı əsasında bu Konvensiyanın həmin ərazilərə şamil edilməsi üçün lazımi addımların atılması imkanını nəzərdən keçirir.

 

Maddə XI

 

Federal və ya qeyri-unitar dövlətlər üçün aşağıdakı müddəalar tətbiq edilir:

a) Bu Konvensiyanın federal hakimiyyətin qanunvericilik yurisdiksiyasına daxil olan maddələriylə əlaqədar olaraq federal hökumətin öhdəlikləri bu mənada federal Dövlət olmayan Razılaşan Dövlətlərin öhdəlikləri ilə eyni olmalıdır;

b) Bu Konvensiyanın, federasiyanın konstitusiya sisteminə görə qanunvericilik tədbirləri görmək öhdəliyi olmayan təsisçi dövlətlərinin və əyalətlərinin qanunvericilik yurisdiksiyasına daxil olan maddələriylə əlaqədar olaraq, federal Hökumət həmin maddələri mümkün olan ən qısa müddətdə müsbət tövsiyə ilə təsisçi dövlətlərin və ya əyalətlərin müvafiq hakimiyyət orqanlarına çatdırır.

c) Bu Konvensiyanın tərəfi olan federativ bir dövlət, Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə istənilən digər Razılaşan Dövlətin tələbi əsasında bu Konvensiyanın hər hansı bir maddəsi ilə bağlı federasiyanın və onun tərkib hissələrində mövcud olan qanunvericilik və təcrübə barədə bəyanat təqdim edir və həmin müddəanın qanunvericiliklə və ya digər bir tədbirlə hansı dərəcədə etibarlı olduğunu göstərir.

 

Maddə XII

 

1. Bu Konvensiya üçüncü ratifikasiya sənədi və ya qoşulma haqqında sənədin saxlanca verildiyi tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

2. Üçüncü ratifikasiya və ya qoşulma haqqında sənəd təqdim edildikdən sonra bu Konvensiyanı ratifikasiya edən və yaxud ona qoşulan hər bir Dövlət üçün bu Konvensiya həmin Dövlətin ratifikasiya sənədi və ya qoşulma haqqında sənədin saxlanca verildiyi tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

 

Maddə XIII

 

1. Hər hansı bir Razılaşan Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib tərəfindən bildirişin alındığı tarixdən bir il sonra etibarlı olur.

2. X maddəyə əsasən bəyanat və ya bildiriş göndərmiş hər hansı bir Dövlət, bundan sonra istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə, bu Konvensiyanın, Baş katib tərəfindən bu bildirişin alındığı tarixdən bir il sonra müvafiq əraziyə şamil edilməyəcəyini bəyan edə bilər.

3. Bu Konvensiya denonsasiyanın qüvvəyə minməsindən əvvəl tanıma və ya icra prosesləri başlamış arbitraj qərarlarına tətbiq edilməyə davam edir.

 

Maddə XIV

 

Razılaşan Dövlət, Konvensiyanı tətbiq etməyə məcbur olduğu hallar istisna olmaqla, digər Razılaşan Dövlətlərə qarşı bu Konvensiyadan istifadə etmək hüququna malik deyil.

 

Maddə XV

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi VIII maddədə nəzərdə tutulmuş dövlətlərə aşağıdakıları bildirir:

a) VIII maddəyə əsasən imzalamalar və ratifikasiyalar;

b) IX maddəyə əsasən qoşulmalar;

c) I, X və XI maddələrdə nəzərdə tutulmuş bəyanatlar və bildirişlər;

d) XII maddəyə əsasən bu Konvensiyanın qüvvəyə mindiyi tarix;

e) XIII maddəyə əsasən denonsasiyalar və bildirişlər.

 

Maddə XVI

 

1. Bu Konvensiyanın bərabər autentik olan ingilis, ispan, çin, rus və fransızca mətnləri Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanca verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi VIII maddədə nəzərdə tutulmuş dövlətlərə bu Konvensiyanın təsdiq edilmiş surətini təqdim edir.