Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında əlavə olunan Əsasnamə təsdiq olunsun. [1]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 avqust tarixli 474 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 27 fevral 1999-cu il
¹ 26

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 27 fevral  tarixli 26 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumİ müddəalar

 

1. Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı* Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir.

2. Hərbi hazırlıq Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada respublikanın ərazisində fəaliyyət göstərən, qeydiyyatdan keçmiş təhsil müəssisələrinin əyani şöbələrində təşkil edilir.

Tələbələrin mülki ixtisasları hərbi ixtisasla uyğun olduğu halda Müdafiə Nazirliyinin təqdimatı və Təhsil Nazirliyinin razılığı ilə mülki ali təhsil müəssisələri arası hərbi kafedralarda bu tələbələr hərbi hazırlığa cəlb edilə bilərlər.

3. Hərbi hazırlıq müstəqil fənn kimi təhsil müəssisələrinin tədris proqramlarına daxil edilir və onun keçirilməsi üçün hərbi kafedra (silsilə) yaradılır.

Hərbi kafedralarda (silsilələrdə) hərbi hazırlıq üzrə dərslər Azərbaycan dilində tədris olunur.

Nəzdində hərbi kafedra təşkil olunan təhsil müəssisələrində mülki müdafiə proqramı üzrə dərslərin tədrisi hərbi kafedralara həvalə olunur.

4. Hərbi hazırlıq dərslərinə əyani şöbələrdə təhsil alan, səhhətinə görə nizami xidmətə yararlı, yaşı 17-dən 26-a qədər Azərbaycan Respublikasının vətəndaşı olan oğlanlar cəlb olunurlar.

5. Hərbi hazırlıq təhsil müəssisələrində II-IV kurslarda və dövlət imtahanları başa çatdıqdan sonra hərbi hissələrdə (gəmilərdə) təlim toplanışlarında (təcrübədə) keçirilir.

Tələbələrin hərbi hissələrdə (gəmilərdə) təlim toplanışı (təcrübə), bir qayda olaraq, ali təhsili başa vurduqdan sonra sentyabr ayının 1-dən gec olmayaraq başlanır və hərbi hazırlıq üzrə buraxılış imtahanı ilə başa çatır.

Magistraturaya (həkimlər- rezidenturaya) daxil olan tələbələr ali təhsili tam başa vurduqları ildə təlim toplanışlarına cəlb olunurlar.[2]

Təlim toplanışlarına səhhətinə görə nizami xidmətə yararlı, yaşı 30-a qədər olan oğlanlar cəlb olunurlar.

6. Hərbi hazırlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış proqram və təlimatlar əsasında təşkil edilir və keçirilir.

II. Hərbİ hazırlığa rəhbərlİk

1. Təhsil müəssisələrində hərbi hazırlığa Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan digər nazirliklər və baş idarələr Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə rəhbərlik edirlər.

2. Təhsil müəssisələrində hərbi hazırlığın təşkilinin və keçirilməsinin yoxlanılması Müdafiə Nazirliyinin Təhsil Nazirliyi ilə razılaşdırılmış planı əsasında hər iki nazirliyin birgə Komissiyası tərəfindən həyata keçirilir.

3. Hərbi hazırlığa rəhbərlik üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyində, digər nazirliklər və baş idarələrdə qurum yaradılır və ya məsul şəxslərin ştat vəzifələri müəyyən olunur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyində, digər nazirliklərə və baş idarələrdə hərbi hazırlığa rəhbərlik üçün məsul vəzifələrə ehtiyatda olan ali və xüsusi hərbi təhsilli zabitlər təyin olunurlar.

III. Tədrİs prosesİnİn təşkİlİ

1. Təhsil müəssisələrində:

1.1. Hərbi hazırlıq və mülki müdafiə dərslərinin tədrisi üçün ümumi həcmi 170 (o cümlədən 50 saat mülki müdafiə dərsləri üçün) saatdan çox olmayaraq vaxt ayrılır. Təhsil müəssisələrinin tipindən, tələblərin aldıqları mülki ixtisaslardan asılı olaraq hərbi hazırlıq saatlarının konkret həcmi və hərbi fənnlər üzrə bölgüsü hərbi hazırlıq proqramları ilə müəyyən edilir. Hərbi hazırlıq dərsləri "hərbi gün" metodu ilə həftədə bir dəfə keçirilir.

1.2. Üzürlü səbəb olmadan hərbi hazırlıq dərslərinə müntəzəm surətdə gəlməyən, tədris prosesində intizamı pozan, imtahanlarda qeyri-kafi qiymət alan tələbələr hərbi kafedra rəisinin təqdimatına əsasən təhsil müəssisənin rəhbərinin əmri ilə hərbi hazırlıq dərslərindən kənarlaşdırılır.

2. Təlim toplanışlarında (təcrübədə):

2.1. Təlim toplanışları (təcrübə) hərbi ixtisaslar üzrə müdafiə nazirinin əmri ilə müəyyən edilmiş hərbi hissələrdə (gəmilərdə) 1-3 ay müddətində keçirilir.

Təlim toplanışına (təcrübəyə) cəlb olunan şəxslər müddətli həqiqi hərbi xidmətə olan hərbi qulluqçular üçün nəzərdə tutulan təminat növləri ilə Müdafiə Nazirliyi tərəfindən təmin olunurlar.

2.2. Ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlıq dərsləri başa çatdıqdan sonra məzunlar buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş şəxslər ehtiyat zabitləri heyətinə attestasiya olunur və onlara müəyyən edilmiş qaydada "ehtiyatda olan leytenant" hərbi rütbəsi verilir.

2.3. Təlim toplanışlarını (təcrübəni) keçməyən və buraxılış imtahanlarından qeyri-kafi qiymət alanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata tərxis olnurlar.

IV. Vəzİfələr

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər nazirliklər və baş idarələr:

a) bu Əsasnamənin III bölməsinin 1.1. bəndinə əsasən hərbi hazırlığın keçirilmə qaydasını təhsil müəssisələrinin tədris proqramlarında müəyyənləşdirir;

b) hərbi kafedraların ştat cədvəllərini təsdiq edir;

c) hərbi hazırlığın təşkili üçün material fondları, habelə həqiqi hərbi xidmətdə olan zabit heyətinə mənsub şəxslərə və hərbi hazırlıq dərslərinin keçirilməsi ilə əlaqədar ştatdakı vəzifələrə təyin olunmuş fəhlə və qulluqçulara əmək haqqı verilməsi üçün pul vəsaiti ayırır;

ç) təhsil müəssisələrinə verilən silah, sursat, hər bir texnika və məxfi sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanılmasına nəzarət edir;

d) hərbi hazırlıq dərslərinin tədrisi və təlim üçün zəruri olan maddi-texniki bazanı yaradır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər nazirliklər və baş idarələrlə birgə hərbi hazırlıq üzrə tədris-metodiki şuranı yaradır.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

a) təhsil müəssisələrində ehtiyat zabitləri proqramı üzrə hərbi ixtisasları müəyyən edir;

b) mülki ixtisasları nəzərə almaqla hərbi hazırlıq proqramların, hərbi kafedralarda tədris prosesinin təşkili və keçirilməsi haqqında təlimatı hazırlayır;

c) hərbi hazırlığın təşkil edilməsi üçün təhsil müəssisələrini lazım olan silah, sursat, hərbi texnika, dərslik, ədəbiyyat, topoqrafiya xəritələri və tələbələrin şəxsi işlərinin hazırlanması üçün blanklarla pulsuz təmin edir;

ç) kafedrada hərbi hazırlıq dərslərini müvəffəqiyyətlə başa vurmuş və dövlət imtahanlarını vermiş tələbələrlə hərbi hissələrdə təlim toplanışlarını (təcrübəni) təşkil edir və keçirir;

d) hərbi hazırlıq üzrə buraxılış imtahanlarının qəbulu üçün imtahan komissiyası yaradır;

e) təhsil müəssisələrində zabitlər üçün ştat-vəzifə dərəcələrini müəyyən edir;

f) hərbi qulluqçuları hərbi kafedraların ştat vəzifələrinə təyin edir və başqa vəzifəyə keçirir. Hərbi kafedranın rəisi vəzifəsinə namizədlər müvafiq nazirliklər və baş idarələrlə, hərbi kafedra rəisinin müavini-tədris hissə rəisi vəzifəsinə namizədlər müvafiq təhsil müəssisələrinin rektorları ilə razılaşdırıldıqdan sonra təyin edir. Tədris şöbəsinin rəisi, silsilə rəisləri, baş müəllim və müəllim vəzifələri vakant olduğu halda ehtiyatda olan ali hərbi, orta hərbi ixtisas təhsilli zabitlərlə kafedra rəisinin təqdimatı əsasında təhsil müəssisələrinin rektorlarının əmrləri ilə komplektləşdirilə bilər;

q) buraxılış imtahanını müvəffəqiyyətlə vermiş məzunlara ilkin ehtiyat zabiti rütbəsi verir.

3. Təhsil müəssisələrinin rəhbərləri:

a) bu Əsasnamənin III bölməsinin 1.1. bəndinə uyğun surətdə təhsil müəssisəsində hərbi hazırlıq üçün ehtiyat zabitləri proqramına və mülki müdafiə proqramına əsasən zəruri miqdarda dərs saatı, eləcə də imtahan, məqbul qəbulu və onlara hazırlıq üçün vaxt ayırırlar;

b) hərbi hazırlıq dərslərinin keçirilməsi və hərbi texnikaya xidmət edilməsi üçün ştat cədvəlində zəruri sayda professor-məllim və tədris-köməkçi heyəti ayırırlar;

c) hərbi hazırlıq dərslərinin tədris olunması üçün təcrid olunmuş zəruri tədris və xidmət binaları, məşqələlərin keçirilməsi üçün obyektlər ayırırlar;

ç) hərbi hazırlığın tədrisi ilə əlaqədar işlənib hazırlanan metodiki vəsaitlərin nəşrini təmin edirlər;

d) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyət növləri istina olmaqla hərbi hazırlıq ilə bağlı olan digər fəaliyyət sahələri, o cümlədən əmək haqqının ödənilməsi üçün pul vəsaiti ayırırlar;

e) silahların müəyyən olunmuş tələblərə uyğun istifadəsi, saxlanılması və qorunması üzrə tədbirləri təşkil edirlər;

ə) hərbi hazırlığın tədrisini təmin etmək məqsədi ilə tabeldə nəzərdə tutulmuş silahların, hərbi texnikanın, hərbi təlim əmlakının və ədəbiyyatın Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınmasını təşkil edirlər;

f) hərbi hazırlıq üzrə illik iş planını təsdiq edirlər;

q) hərbi hazırlığın vəziyyətini təhsil müəssisələrinin elmi şurasının iclasında müntəzəm surətdə müzakirə edirlər;

h) hərbi hazırlığın tədrisi ilə əlaqədar təhsil müəssisələrinə ezam olunmuş zabit heyətinə mənsub şəxslərdən ancaq təyinat üzrə istifadə edirlər.

Təhsil müəssisələrinin rəhbərləri tədris işində yüksək göstəricilərə nail olmuş professor müəllim heyətini həvəsləndirə bilər.

Təhsil müəssisələrinin rəhbərləri hərbi hazırlığın tədrisi ilə əlaqədar ştatda olan hərbi qulluqçuları nöqsanlarına görə cəzalandırmaq və ya təhsil müəssisələrindən qulluqdan çıxarmaq haqqında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşısında vəsatət qaldıra bilərlər. Təhsil müəssisələrinin rəhbərləri hərbi hazırlığın keyfiyyətli keçirilməsinin təşkili, zəruri maddi-tədris bazasının yaradılması, silah və hərbi texnikanın qorunub saxlanılması, məxfilik rejiminə ciddi riayət olunması üçün tam məsuliyyət daşıyırlar.

4. Təhsil müəssisələrinin zabit heyətinə mənsub şəxslər həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin hərbi xidmət keçməsi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada azad edilirlər.

Müdafiə nazirinin əmri ilə təhsil müəssisələrinin ştat cədvəlindəki vəzifələrə hərbi qulluqçuların təyin olunması müvafiq təhsil müəssisəsinin rəhbərlərinin əmrləri ilə rəsmiləşdirilir.

5. Təhsil müəssisələrinin hərbi kafedralarının ştat cədvəlləri üzrə vəzifələrə təyin olunmuş hərbi qulluqçular həqiqi hərbi xidmətdə sayılır və hərbi qulluqçular üçün müəyyən edilmiş bütün hüquq, imtiyaz və güzəştlər onlara şamil edilir. Onlar maddi-əmlak, xüsusi geyim, mənzil sahəsi, tibbi xidmət, sanator-kurort müalicəsi və təchizatın natural növləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti üçün nəzərdə tutulmuş əsaslarla Müdafiə Nazirliyi tərəfindən təmin edilirlər.

6. Təhsil müəssisələrinə verilmiş silahın, hərbi texnikanın, əmlakın, habelə məxvi sənədlərin və kitabxanaların qorunub saxlanılması, mühafizəsi və təmiri təhsil müəssisələrinin vəsaiti hesabına aparılır.

 

 

* Bundan sonra mülki ali təhsil müəssisələri, təhsil müəssisələri, mülki ali təhsil müəssisələrinin tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı - hərbi hazırlıq adlanır.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 264)

2.       29 yanvar 2019-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2019-cu il, ¹ 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 172)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2019-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2019-cu il, ¹ 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 172) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 264) ilə «Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamə»nin 5-ci bəndinin üçüncü abzasında «internaturaya» sözü «rezidenturaya» sözü ilə əvəz edilmişdir.