Kitabxana
işi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında
kitabxana işi sahəsində dövlət siyasətinin
əsas prinsiplərini, kitabxana işinin və kitabxana
sisteminin ümumi əsaslarını, kitabxana fondlarının
formalaşdırılması və mühafizəsi
tələblərini, kitabxanaların
maliyyələşdirilmə mənbələrini,
kitabxanalardan istifadə sahəsində vətəndaşların
hüquq və vəzifələrini, kitabxana işi
sahəsində beynəlxalq əməkdaşlığın
prinsiplərini müəyyən edir.
I fəsil
Ümumİ
müddəalar
Bu Qanunda istifadə edilən
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
kitabxana – elm, informasiya, mədəniyyət,
təhsil və tərbiyə müəssisəsi kimi çap
əsərlərini və digər informasiya
daşıyıcılarını toplayıb mühafizə
edən, onların sistemli ictimai istifadəsini təşkil
edən, cəmiyyətin intellektual və mənəvi
potensialının inkişafına xidmət göstərən
sosial institut;
kitabxana işi – elm, informasiya, mədəniyyət,
təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana
sisteminin təşkili və inkişafını, kitabxana
fondlarının formalaşdırılmasını, hüquqi
və fiziki şəxslərə kitabxana, informasiya və
biblioqrafiya xidməti qaydalarını,
kitabxanaçı-biblioqraf kadrların
hazırlanmasını, kitabxanaların inkişafının
elmi-metodik təminatını əhatə edən
fəaliyyət sahəsi;
kitabxanaçı – kitabxana işi sahəsində
fəaliyyət göstərən müvafiq ixtisaslı
mütəxəssis;
sənəd – informasiyanın mətn, səs yazma
və təsvir formasında qeydə alınan,
müəyyən zaman və məkan daxilində
informasiyanın verilməsi və ya qorunması
məqsədini daşıyan maddi obyekt;
kitabxana fəaliyyəti – oxucuların sərbəst
surətdə informasiya almaq hüququnu təmin etmək,
onların kitablara, dövri nəşrlərə və
kitabxana fondunu təşkil edən digər sənədlərə
olan tələbatını ödəmək məqsədilə
həyata keçirilən fəaliyyət;
mərkəzləşdirilmiş kitabxana
sistemləri – eyni
sistemə aid olan kitabxanaların vahid strukturda
könüllü birləşməsi;
kitabxana fondu – ictimai istifadə məqsədilə
kitabxananın vəzifələrinə uyğun
şəkildə formalaşmış çap əsərləri
və digər məlumat daşıyıcılarının
məcmusu.
Kitabxana işi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan
Respublikasının digər müvafiq qanunvericilik
aktlarından və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdən
ibarətdir.
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
Kitabxana işi sahəsində dövlət
siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
Kitabxanalarda mühafizə olunan
mədəni sərvətlərdən və informasiya
vasitələrindən istifadənin hamı üçün
açıq olması;
milli sərvət olan kitabxanalara
dövlət qayğısı, onların fondların
toxunulmazlığı və üstün
maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində
dövlətin vəzifələri
aşağıdakılardır:
Kitabxana işinin inkişafına dair
Dövlət Proqramının hazırlanması və
həyata keçirilməsi;
kitabxana fəaliyyətini
tənzimləyən qanunvericilik aktlarının qəbul
və tətbiq edilməsi;
kitabxana işinin
avtomatlaşdırılması və kitabxana fondlarının
tədricən müasir informasiya
daşıyıcılarına köçürülməsi,
elektron mübadilə sistemlərindən (internetdən və
s.) istifadə və milli fondların həmin sistemlərdə
əks olunması;
- milli və dünya mədəniyyəti
sərvətlərinə yiyələnməyə
yönəldilən informasiya sisteminin yaradılması;
dövlət kitabxana fondlarının
mühafizəsi və inkişafı, dövlət
kitabxanalarının milli və xarici ədəbiyyatla
ardıcıl təchizatı sisteminin yaradılması;
xarici ölkə kitabxanalarında
saxlanılan milli sərvət hesab olunan nadir kitabların
və əlyazmaların (imkan olmadıqda surətlərinin)
Azərbaycan Respublikasına qaytarılmasının təmin
olunması;
dövlət kitabxana binalarının
tikilməsi, əsaslı təmiri, dövlət
kitabxanalarının müasir avadanlıq və texniki
vasitələrlə təchiz edilməsi;
kitabxana işinə dair elmi
tədqiqatların və metodik tədbirlərin həyata
keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya
onların ixtisasının artırılmasını
həyata keçirən təhsil müəssisələrinin
yaradılması və fəaliyyətinin təşkili;
təbii fəlakət, silahlı
münaqişə və müharibə zamanı kitabxana
fondlarının mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarının
inkişafına şərait yaradılması;
kitabxana işinə dair dövlət
standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik
uçotunun aparılması.
Kitabxana fəaliyyətinin əsas
istiqamətləri sənəd-informasiya fondlarının
formalaşmasından, mühafizəsindən və bu
materialların hüquqi və fiziki şəxslərə
istifadəyə verilməsindən, kitabxanalarda toplanıb
saxlanılan informasiya vasitələrinin mübadiləsinə
imkan verən vahid informasiya məkanının
yaradılmasından ibarətdir.
II fəsil
Kİtabxana
sİstemİ
Azərbaycan Respublikasında kitabxana
sistemini ərazi, idarə, idarələrarası, sahəvi,
sahələrarası və kompleks xidmət
prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış
dövlət və qeyri-dövlət kitabxanaları
təşkil edir.
Azərbaycan Respublikasında kitabxana
sisteminin tərkibinə dövlət və qeyri-dövlət
kitabxanaları daxildir.
Dövlət kitabxanalarına
aşağıdakılar daxildir:
Milli Kitabxana;
Naxçıvan Muxtar Respublikasının
dövlət kitabxanası;
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün və sair kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;[1]
respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar;
dövlət idarə, müəssisə
və təşkilatlarının kitabxanaları;
Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları;[2]
dövlət təhsil
müəssisələrinin kitabxanaları.
Qeyri-dövlət kitabxanalarına
aşağıdakılar daxildir:
bələdiyyə kitabxanaları;
ictimai birliklərin kitabxanaları;
özəl və digər kitabxanalar;
xarici hüquqi və fiziki
şəxslər tərəfindən Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş
kitabxanalar.
Milli Kitabxana Azərbaycan Respublikasında
kitabxana işi sahəsində dövlət siyasətini
həyata keçirən, milli nəşrləri, xarici
ölkələrdə nəşr olunmuş Azərbaycan
haqqında və Azərbaycan müəlliflərinin
əsərlərini, dünya əhəmiyyətli
nəşrləri, o cümlədən xarici dillərdə
qiymətli və digər məlumat
daşıyıcılarını toplayıb mühafizə
edən milli mədəniyyət xəzinəsi və
dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq,
biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat
işləri üzrə aparıcı müəssisə
və əlaqələndirici, ölkənin bütün
kitabxanaları üçün metodik mərkəz, oxuculara
kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti
göstərmək, kitabxanalararası abonement, milli və
tövsiyə biblioqrafiyası, beynəlxalq və
ölkədaxili depozitar mərkəz funksiyalarını
yerinə yetirir.
Milli Kitabxana müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunan
əsasnaməyə uyğun fəaliyyət göstərir.
Milli Kitabxananın fondu və əmlakı
milli sərvət hesab olunan və xüsusi
əhəmiyyətli obyekt kimi dövlət
tərəfindən qorunur.
Milli Kitabxana statusuna malik olan
kitabxanaların işçilərinin əmək haqlarına
müvafiq əlavələr müəyyən edilir.
Milli Kitabxananı ləğv etmək,
mülkiyyət formasını dəyişmək
qadağandır.
Milli Kitabxanaya əvəzsiz v müddətsiz
istifadə üçün qanunvericilikdə
müəyyən olunmuş torpaq sahəsi verilə bilər.
Respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar elm sahəsinə görə
ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına
malik olan baş kitabxana-biblioqrafiya və informasiya
müəssisələridir.
Respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar müvafiq sahədə fəaliyyət
göstərən digər kitabxanalar üçün
informasiya, kitabxanalararası abonement və metodik mərkəz
funksiyasını yerinə yetirir.
Respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanaların fəaliyyəti bu Qanunla və digər
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.[3]
Respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Kitabxanalar sənəd-informasiya
ehtiyatlarından səmərəli istifadə
məqsədilə elmi-texniki və digər informasiya
orqanları, arxivlər, başqa idarə və
müəssisələrlə qarşılıqlı
əlaqə yaradır. Bu əlaqələr birgə
fəaliyyət proqramları və müqavilələr
əsasında həyata keçirilir.
Dövlət və qeyri-dövlət
kitabxanaları Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada
yaradılır və yenidən təşkil olunur.
Dövlət kitabxanalarının
müvəqqəti olaraq köçürülməsinə
müstəsna hallarda (təbii fəlakət, silahlı
münaqişə, müharibə təhlükəsi və
s.) müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə yol verilir.
Tipindən, tabeçiliyindən
asılı olmayaraq Azərbaycan Respublikasında
fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda
saxlanılan sərvətlərin, onların yerləşdiyi
binaların və sahələrin)
özəlləşdirilməsi və icarəyə
verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə
uyğun həyata keçirilir.
III fəsil
Kİtabxana
fondu
Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual, elektron və digər texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.[4]
Kitabxana fondları universal, sahəvi,
çoxsahəli, ixtisaslaşdırılmış ola
bilər.
Azərbaycan Respublikasının
Dövlət Kitabxana Fondu kitabxanalararası
əlaqələndirilmiş komplektləşdirmə,
qarşılıqlı istifadə, depozitar mühafizə
və mübadilə prinsipləri əsasında təşkil
edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana
fondlarından ibarətdir.
Kitabxanalarda olan nadir və qiymətli
nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə
müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının milli-mədəni sərvətlər
reyestrinə daxil edilir və xüsusi rejimdə
mühafizə olunur. Onların mühafizəsi lazımi
qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən digər kitabxanaya verilə
bilər.
Azərbaycan Respublikası Dövlət
Kitabxana Fondu dövlət mülkiyyətidir.
Kitabxanalar dövlət və
qeyri-dövlət nəşriyyatları tərəfindən
buraxılan, profilinə uyğun çap
məhsullarını və digər informasiya
daşıyıcılarını birinci növbədə
almaq hüququna malikdir.
Bu hüquq kitabxana kollektoru, kitab
ticarəti müəssisələri, nəşriyyat orqanları,
ayrı-ayrı şəxslərlə aparılan müvafiq
əməliyyatlar, məcburi nüsxələrin
alınması, abunə, bağışlama və
vərəsəlik əsasında miras qalmış
nəşrlərin verilməsi, habelə beynəlxalq və
ölkədaxili kitab mübadiləsi yolu ilə təmin
edilir.[5]
Təhsil müəssisələrinin
kitabxanalarının dərsliklərlə
komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş qaydalarla
tənzimlənir.
Müvafiq icra hakimiyyəti orqanları
tabeçiliyində olan kitabxana fondlarının yeni
nəşrlərlə komplektləşdirilməsinə
vəsait ayırırlar.
Dövlət
və qeyri-dövlət nəşriyyatları,
nəşriyyat fəaliyyəti ilə məşğul olan
poliqrafiya müəssisələri və digər hüquqi
şəxslər (qəzet və jurnal redaksiyaları istisna
olmaqla) buraxdığı çap məhsullarının:
-
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi
nüsxəsini;
-
profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli
Məclisinin və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2
pulsuz məcburi nüsxəsini göndərməlidirlər.
Azərbaycan
Respublikasında nəşr olunan bütün qəzet və
jurnal redaksiyaları buraxdığı qəzet və
jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin
birinci hissəsində göstərilmiş kitabxanalara
göndərməlidirlər.
Sifarişçi
ilə nəşriyyat (naşir) arasında
bağlanmış müqavilədə nəzərdə
tutulduğu halda bu maddədə müəyyən edilmiş
məcburi nüsxələrin elektron variantları da
kitabxanalara təqdim edilir.
Kitabxanaların
pulsuz məcburi nüsxələrlə (o cümlədən
onların elektron variantları ilə) təchizatı
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.[6]
Azərbaycan Respublikasının
milli-mədəni sərvətlər reyestrinə daxil olmayan
çap məhsulları və digər materiallar
müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə
əvəzsiz verilə bilər.
Qeyri-profil, dublet, nisbətən az
istifadə edilən, habelə mübadilə fondu
üçün ayrılan çap əsərləri və
kitabxananın digər sənədləri həmin fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları
beynəlxalq və ölkədaxili kitab mübadiləsini
həyata keçirən kitabxanaların mübadilə
fondları üçün əlavə kitab alınmasına
vəsait ayırırlar.
Dövlət kitabxanalarında oxucular
tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi,
tarixi və bədii əhəmiyyətini saxlayan
nəşrlər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş
qaydada depozitar fondlara verilir.
Dövlət kitabxana fondlarında
saxlanılan çap əsərlərinin və digər
materialların uçotu, mühafizəsi və istifadəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydalara uyğun həyata
keçirilir.
Dövlət kitabxana fonduna vurulmuş
ziyana görə hüquqi və fiziki şəxslər yeni
qiymətləndirmə əmsalları nəzərə
alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi
məsuliyyət daşıyırlar.
İtirilmiş və yararsız
vəziyyətə salınmış çap
əsərləri və digər materiallar kitabxana ilə
razılıq əsasında başqa müvafiq çap əsərləri
və materiallarla əvəz edilə bilər. Bu qayda
Azərbaycan Respublikasının milli mədəni
sərvətlər reyestrinə daxil edilən nadir
nüsxələrə şamil edilmir.
Nadir nüsxələr fonduna vurulan
zərərə görə məsuliyyət mövcud
qanunvericiliklə tənzimlənir.
Dövlət kitabxana fondlarının
uçotu, mühafizəsi və istifadə qaydalarının
pozulmasına görə kitabxana işçiləri
qanunvericilikdə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
IV fəsil
Kİtabxana
xİdmətİnİn təşkİlİ
Kitabxanalar çap
əsərlərindən və digər informasiya
daşıyıcılarından səmərəli istifadə
etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya
xidmətləri göstərir.
Bu xidmətlər abonentləri
ədəbiyyat və informasiya ilə təmin etmək,
informasiya daşıyıcılarının
seçilməsində kömək göstərmək
məqsədi daşıyır.
Kitabxana xidməti abonement, qiraət
zalı, kitabxanalararası və beynəlxalq abonement,
biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi,
yazılı və şifahi, stasionar və qeyri-stasionar,
qiyabi, kompleks vasitələrlə təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana
sərvətlərinin, dünya ədəbiyyatı
nümunələrinin etibarlı şəkildə
toplanması, qorunması və gələcək
nəsillərə çatdırılmasından, onların
əhali arasında geniş təbliğindən, bəşəri
dəyərlərə yiyələnmək, müstəqil
və yaradıcı düşünən vətəndaş
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.
Kitabxanaların hüquqları
aşağıdakılardır:
Nizamnamələrində
göstərilən məqsəd və vəzifələrin
həyata keçirilməsi üsullarını və
formalarını müəyyənləşdirmək;
kitabxana fondunun komplektləşdirmə
mənbələrini müəyyənləşdirmək;
köhnəlmiş və ya yararsız hala
düşmüş kitabları qanunvericilikdə
müəyyən olunmuş qaydada kitabxananın fondundan
çıxarmaq;
fiziki və hüquqi şəxslər
tərəfindən kitabxanaya dəymiş ziyanın
ödənilməsini qanunvericilikdə müəyyən
olunmuş qaydada tələb etmək;
kitabxana birliklərinin yaradılmasında
iştirak etmək;
beynəlxalq kitabxana təşkilatları
ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya
sahəsinə keçirilən tədbirlərdə
iştirak etmək.
Kitabxanalar oxucuların mədəniyyət
təsisatları və mədəni sərvətlərdən
istifadə etmək hüquqlarını, habelə məlumat
əldə etmək azadlığını təmin
etməli, onların kitabxana fondlarından tam istifadə
etməsi üçün hər cür şərait
yaratmalıdırlar.
Azərbaycan Respublikasında hər
kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və
göstərilən xidmətlər kitabxanaların
nizamnamələri və müvafiq normativ hüquqi aktları
ilə müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə
hüquqlarını məhdudlaşdırmaq qadağandır.
Oxucular kitabxanalardan istifadə
qaydalarına əməl etməli, kitab fonduna qayğı
ilə yanaşmalı, çap materiallarının və
digər vasitələrin itirilməsinə və ya
yararsız hala salınmasına yol verməməlidirlər.
V fəsil
Kİtabxana
İşİnİn İdarə olunması
Azərbaycan Respublikasında kitabxana
işinə dövlət idarəetməsi müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Dövlət və qeyri-dövlət
orqanları, kitabxana işi sahəsində ictimai birliklər,
hüquqi və fiziki şəxslər, kitabxana
fondlarının zənginləşdirilməsi, oxuculara
xidmət işinin təkmilləşdirilməsi,
kitabxanaçılıq proqramlarının və
tədbirlərinin hazırlanması və həyata
keçirilməsində iştirak edirlər.
Mülkiyyət formasından asılı
olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana
və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar
tərəfindən həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan
kitabxanalar kitabxanaşünaslığa, biblioqrafiyaya və
informasiyaya dair metodik materiallar nəşr edir,
kitabxanaçılıq nəzəriyyəsi və
təcrübəsində mütərəqqi iş üsullarını
ümumiləşdirib tətbiq edir, kadrların
ixtisasının artırılmasını təmin edir.
Kitabxanaların kadr təminatında
müvafiq peşə-ixtisas təhsili olan
şəxslərə üstünlük verilir.
Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili
olmayan, ancaq yüksək təcrübəyə və
kitabxanada çoxillik iş stajına malik olan
mütəxəssislər də kitabxanada işləyə
bilərlər.
Dövlət mülkiyyətində olan kitabxanalar dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyə və özəl mülkiyyətdə olan kitabxanalar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilir.[7]
Dövlət kitabxanaları
maliyyələşdirilərkən büdcədən kitab
fondlarının komplektləşdirilməsinə
yönəldilən vəsait ayrıca maddədə
göstərilməli və bu vəsait müntəzəm
olaraq artırılmalıdır. Ayrılmış vəsait
kitabxanaların sərəncamında qalır və onların
nizamnamə fəaliyyətini həyata keçirmək
üçün istifadə edilir.
İdarə, müəssisə və
təşkilatların, habelə ictimai birliklərin
kitabxanaları təsisçilərinin vəsaitləri
hesabına maliyyələşdirilir.[8]
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırıla bilər.[9]
Dövlət kitabxanalarında pullu
xidmət yalnız əlavə əmək sərfi
tələb edən və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilən
xüsusi xidmət növlərinə aid edilir.
Dövlət
kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[10]
Kitabxanaların maddi-texniki bazasını
möhkəmləndirmək məqsədilə dövlət
və qeyri-dövlət inkişaf fondları təsis edilə
bilər. Bu fondlar təsisçilərin payları, hüquqi
və fiziki şəxslərin könüllü
ayırmaları, qanunvericilikdə müəyyən olunmuş
qaydada keçirilən lotereya və digər məqsədli
kommersiya tədbirlərindən daxil olan vəsaitlər
hesabına yaradılır.
Kitabxanalar kitab fondunun saxlanılması
və oxuculara xidmət etmək üçün xüsusi
layihə ilə tikilmiş binalarla və kitabxana işini
avtomatlaşdırmaq üçün zəruri vasitələrlə
təmin edilməlidirlər.
Kitabxana onun mülkiyyətində olan
və ya idarəçiliyinə verilmiş əmlakdan
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq istifadə edir.
Xidmət fəaliyyətini
genişləndirmək məqsədilə dövlət
kitabxanalarına torpaq sahələri və əlavə binalar
ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.[11]
Dövlət kitabxana
işçilərinin sosial müdafiəsinə təminat
verir.
Kitabxana işçilərinin əmək
haqları elm və təhsil sahələri
işçilərinin əmək haqlarından aşağı
olmamalıdır.
Kitabxanaların statusu, spesifik
xüsusiyyətləri nəzərə alınmaqla
işçilərə əmək haqqından əlavə
digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları,
müəssisə, idarə və təşkilatlar öz
tabeçiliyində olan kitabxanaların işçilərinə
əlavə kompensasiyalar müəyyən edə
bilərlər.
Kitabxana işçiləri öz
peşə və sosial hüquqlarını təmin etmək
məqsədilə qanunvericilikdə müəyyən
olunmuş qaydada ictimai birliklər yarada bilərlər.
VI fəsil
Yekun
müddəaları
Kitabxana işi sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr əsasında
həyata keçirilir.
Kitabxanalar və kitabxana işi
sahəsində ictimai birliklər beynəlxalq kitabxana
təşkilatları, xarici ölkələrin kitabxanaları
və kitabxana işi sahəsində ictimai birlikləri ilə
əməkdaşlıq edə bilərlər.
Bu Qanunun pozulmasında təqsirli olan
hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 29 dekabr 1998-ci il
¹ 611-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 aprel 2002-ci il tarixli 315-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 245)
2.
4 noyabr 2003-cü il tarixli
510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 12 maddə 674)
3.
1 may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442)
4.
16 iyun 2007-ci il tarixli 390-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6 maddə 596)
5.
04 mart
2016-cı il tarixli 174-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2016-cı il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 03, maddə 430)
6.
19 fevral
2019-cu il tarixli 1506-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 mart
2019-cu il, ¹ 65,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹3, maddə 388)
7.
8 oktyabr
2024-cü il tarixli 47-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 7 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 8 noyabr
2024-cü il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 11, maddə 1184)
8. 3 fevral 2025-ci
il tarixli 136-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 20 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 22 fevral
2025-ci il, ¹ 40)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 8 oktyabr 2024-cü il tarixli
47-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 7 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 8 noyabr
2024-cü il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 11,
maddə 1184) ilə 6-cı maddəsinin ikinci
hissəsinin dördüncü abzasında “korlar”
sözü “görmə qabiliyyəti tam
məhdud olan şəxslər” sözləri ilə
əvəz edilmişdir.
[2] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2016-cı il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 03, maddə 430) ilə 6-cı maddəsinin
ikinci hissəsinin yeddinci abzasına “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə
edilmişdir.
[3] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2016-cı il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 03, maddə 430) ilə 8-ci maddəsinin
dördüncü hissəsinə “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə
edilmişdir.
[4] 19 fevral 2019-cu il tarixli 1506-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 mart 2019-cu il, ¹ 65,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹3, maddə 388) ilə
12-ci
maddənin birinci hissəsində birinci halda “və” sözü “,
elektron və digər” sözləri ilə əvəz
edilmişdir.
[5] 30 aprel
2002-ci il tarixli 315-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
245) 14--cü maddəsinin ikinci hissəsindən "müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyənləşdirilmiş qaydada"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu hüquq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru,
kitab ticarəti müəssisələri, nəşriyyat
orqanları, ayrı-ayrı şəxslərlə aparılan
müvafiq əməliyyatlar, məcburi nüsxələrin
alınması, abunə, bağışlama və
vərəsəlik əsasında miras qalmış
nəşrlərin verilməsi, habelə beynəlxalq və
ölkədaxili kitab mübadiləsi yolu ilə təmin
edilir.
[6] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2016-cı il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 03, maddə 430) ilə 15-ci maddəsinin
ikinci hissəsinə birinci halda “Azərbaycan”
sözündən sonra “Milli”
sözü əlavə edilmişdir.
19 fevral 2019-cu il tarixli 1506-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 mart 2019-cu il, ¹ 65,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹3, maddə 388) ilə
15-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Milli Kitabxana, qanunvericilik və müvafiq
icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika
əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı
Dövlət Universitetinin kitabxanası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada ölkədə nəşr edilən çap
məhsullarının məcburi nüsxələrini almaq
hüququna malikdir.
Dövlət
və qeyri-dövlət nəşriyyatları,
nəşriyyat fəaliyyəti ilə məşğul olan
poliqrafiya müəssisələri və digər hüquqi
şəxslər tərəfindən buraxılan çap
məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi
nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti
orqanlarının kitabxanalarına, respublika
əhəmiyyətli elmi sahəvi kitabxanalara, Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və
Bakı Dövlət Universitetinin kitabxanasına profilinə
uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan
Respublikasında nəşr olunan bütün qəzet və
jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə
göndərməlidirlər.
[7] 4 noyabr 2003-cü il tarixli
510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 12 maddə 674) ilə 27-ci
maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət kitabxanaları
və büdcədən maliyyələşdirilən
təşkilatların tabeçiliyində olan kitabxanalar
dövlət büdcəsi vəsaitləri, hüquqi və
fiziki şəxslərin könüllü ayırmaları
və qanunvericilikdə qadağan olunmayan digər
mənbələr hesabına maliyyələşdirilir.
16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 6 maddə 596) ilə 27-ci maddənin birinci
hissəsinin birinci cümləsində “dövlət büdcəsindən
maliyyələşdirilir və qanunvericiliklə qadağan
olunmayan digər xidmətlərdən əldə
edilən gəlirlər bütövlükdə dövlət
büdcəsinə köçürülür”
sözləri “dövlət
büdcəsi, büdcədənkənar daxilolmalar və
qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir” sözləri ilə
əvəz edilmişdir.
[8] 4 noyabr 2003-cü il tarixli
510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 12 maddə 674) ilə 27-ci
maddənin üçüncü hissəsi
çıxarılmışdır.
[9] 4 noyabr
2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 12 maddə
674) ilə 28-ci maddənin birinci hissəsində "büdcədənkənar
fondlar formalaşdırılır" sözləri "əldə edilən
büdcədənkənar vəsaitlər dövlət
büdcəsinə köçürülür"
sözləri ilə əvəz edilmişdir.
16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 6 maddə 596) ilə 28-ci maddənin birinci
hissəsində “əldə
edilən büdcədənkənar vəsaitlər
dövlət büdcəsinə köçürülür”
sözləri “büdcədənkənar
fondlar formalaşdırıla bilər” sözləri
ilə əvəz edilmişdir.
[10] 1
may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442) ilə 28-ci maddəsinə
üçüncü hissə əlavə edilmişdir.
[11] 4 noyabr 2003-cü il tarixli 510-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 12 maddə 674) ilə 31-ci
maddənin üçüncü hissəsinin ikinci
cümləsində "kitabxananın"
sözündən sonra "(dövlət
kitabxanaları istisna olmaqla)"
sözləri əlavə edilmişdir.
16
iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6 maddə
596) ilə 31-ci maddənin üçüncü
hissəsinin ikinci cümləsindən “bütövlükdə” sözü və “(dövlət kitabxanaları
istisna olmaqla)” sözləri
çıxarılmışdır.
3 fevral 2025-ci il tarixli 136-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
20 fevral 2025-ci il,
“Azərbaycan”
qəzeti, 22 fevral 2025-ci il, ¹ 40) ilə 31-ci maddənin
üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın
sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət
kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir”
sözləri ilə əvəz edilmişdir.