Lotereyalar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU[1]
Bu Qanun Azərbaycan
Respublikasında lotereyaların təşkili və
keçirilməsinin qaydalarını, lotereyaların təşkilatçılarının
və iştirakçılarının hüquq və vəzifələrini
müəyyən edir.
Maddə 1 . Lotereyalar haqqında
qanunvericilik
1.1.
Lotereyalar haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən,
bu Qanundan, Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
1.2.
Ələt azad iqtisadi zonasında lotereyalar sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[2]
Maddə 2 . Bu Qanunda istifadə olunan
əsas anlayışlar
2.0. Bu Qanımda istifadə
olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. lotereya - lotereya təşkilatçısı
tərəfindən lotereya biletlərinin (onlara bərabər
tutulan digər məlumat daşıyıcılarının)
yayılması, lotereya iştirakçıları arasında
uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin
(onlara bərabər tutulan digər məlumat
daşıyıcılarının) sahiblərinə
uduşların verilməsi (ödənilməsi) yolu ilə
keçirilən kütləvi oyun;
2.0.2. stimullaşdırıcı
lotereya - malın (işin, xidmətin)
satışını stimullaşdırmaq məqsədilə
həmin malı (işi, xidməti) almış şəxslər
arasında keçirilən lotereya forması;[3]
2.0.3. tirajlı lotereya -
uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda
oynanılan lotereyanın keçirilməsi forması;
2.0.4. ani lotereya - uduşu
lotereyanın iştirakçısı tərəfindən
lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə
etdikdən dərhal sonra digər lotereya
iştirakçılarından asılı olmadan müəyyən
olunan lotereyanın keçirilməsi forması;
2.0.5. məqsədli lotereya - maliyyə bazarlarına nəzarət
orqanının qərarı ilə dövlət
əhəmiyyətli layihənin maliyyələşdirilməsi
məqsədilə keçirilən lotereya forması;
2.0.6. uduş fondu -
lotereyanın şərtlərinə uyğun lotereyada
oynanılan və uduşlar şəklində verilməsi
(ödənilməsi) nəzərdə tutulan pul vəsaitlərinin,
digər əmlakın (əşyanın) və xidmətlərin
(işlərin) məcmusu (dəyəri);
2.0.7. uduş fondunun
oynanılması - lotereyanın şərtlərinə
uyğun, lotereya biletinin uduşlu olub-olmamasının təsadüf
prinsipi əsasında müəyyənləşdirildiyi və
uduş fondunun müəyyən hissəsinə mülkiyyət
hüququnun yarandığı proses;
2.0.8. uduş - uduş
fondunun konkret lotereya biletinə düşən hissəsi;
2.0.9. lotereya bileti -
lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda
uduş fondunun müəyyən hissəsinə mülkiyyət
hüququnu təsdiq edən sənəd;
2.0.10. lotereya təşkilatçısı
- öz adından və ya digər şəxsin
tapşırığı ilə lotereyanı təşkil edən
və keçirən hüquqi şəxs;
2.0.11. lotereya
iştirakçısı - 18
yaşına çatmış, könüllü şəkildə
lotereyada iştirak edən lotereya biletinin (ona bərabər
tutulan digər məlumat daşıyıcısının)
sahibi; [4]
2.0.12. stimullaşdırıcı
lotereyanın obyekti - satışı
stimullaşdırıcı lotereya ilə müşayiət
olunan mal (iş, xidmət);
2.0.13. tiraj komissiyası -
tirajlı lotereyada uduş fondunun oynanılmasının
lotereyanın şərtlərinə uyğun keçirilməsinə
nəzarət edən və onun nəticələrini rəsmiləşdirən
fiziki şəxslər qrupu;
2.0.14. lotereyanın şərtləri
- lotereya təşkilatçısı tərəfindən
tərtib edilmiş, lotereyanın təşkili və
keçirilməsi ilə bağlı məlumatlan əks etdirən
rəsmi sənəd;
2.0.15.
maliyyə bazarlarına nəzarət
orqanı - maliyyə bazarlarında tənzimlənmə və
nəzarətin həyata keçirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum;[5]
2.0.16. elektron lotereya – lotereyanın keçirilmə
formasından asılı olmayaraq, lotereya
təşkilatçısının lotereya biletlərinin
yayılmasını və lotereya iştirakçıları
arasında uduş fondunun oynanılmasını informasiya
sistemləri və şəbəkələri
vasitəsilə həyata keçirdiyi lotereya; [6]
2.0.17. vətəndaş qüsursuzluğu –
mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət
sahəsində ağır və xüsusilə ağır
cinayətlərə görə məhkumluğun olmaması,
müvafiq vəzifəni tutmasına və ya peşə
fəaliyyəti ilə məşğul olmağına
məhkəmə qərarı ilə qoyulmuş
qadağanın olmaması.
Maddə 3 . Lotereyaların təşkili
və keçirilməsi sahəsində münasibətlərin
dövlət tənzimlənməsi[7]
3.1. Azərbaycan
Respublikasında lotereyalar əhalinin sosial-maddi rifahının
yüksəldilməsi və dövlət əhəmiyyətli
layihələrin maliyyələşdirilməsi, dövlət
büdcəsinə daxilolmaların artırılması,
malların (işlərin, xidmətlərin)
satışını stimullaşdırmaq məqsədilə
keçirilir.
3.2. Lotereyaların təşkili
və keçirilməsi sahəsində münasibətlərin
dövlət tənzimlənməsi maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən aşağıdakı vasitələrlə
təmin edilir:
3.2.1. lotereyaların təşkilində
və keçirilməsində iştirak edən hüquqi və
fiziki şəxslər üçün icrası məcburi
olan normativ xarakterli aktların qəbul edilməsi;[8]
3.2.2.lotereyaların təsnifatlaşdırılması;
3.2.3. lotereyaların
(stimullaşdırıcı lotereyalar istisna olmaqla)
qeydiyyatı qaydalarının müəyyən edilməsi və
onların qeydiyyatının aparılması;
3.2.4. lotereyaların
təşkili və keçirilməsi ilə bağlı nəzarətin
həyata keçirilməsi qaydasının müəyyən
edilməsi;[9]
3.2.5. lotereyaların təşkili və
keçirilməsi ilə əlaqədar
açıqlanmalı olan məlumatların və onların
açıqlanması qaydalarının müəyyən
edilməsi;
3.2.6.lotereya
iştirakçılarının hüquqlarının təmin
edilməsi;
3.2.7. lotereya təşkilatçısı
tərəfindən lotereyalar haqqında qanunvericiliyin tələbləri
pozulduqda lotereya təşkilatçısına xəbərdarlıq
edilməsi və ya lotereyanın keçirilməsinin
dayandırılması;
3.2.8. lotereyanın keçirilməsinə
xitam verilməsi haqqında iddia ilə məhkəməyə
müraciət edilməsi;
3.2.9. lotereyaların
(stimullaşdırıcı lotereyalar istisna olmaqla)
keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü
istifadəsinə nəzarət edilməsi;
3.2.10. lotereyalar haqqında
qanunvericiliklə müəyyən olunmuş digər
funksiyalar.
3.3. Azərbaycan
Respublikasında lotereyaların (stimullaşdırıcı
lotereyalar istisna olmaqla) təşkilini və keçirilməsini
yalnız maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş
lotereya təşkilatçısı həyata keçirir.
Maddə 4 . Lotereyanın şərtləri
4.1. Lotereyanın şərtlərində
aşağıdakılar göstərilir:
4.1.1.lotereya təşkilatçısı
haqqında məlumat;
4.1.2.lotereyanın adı və
keçirilmə forması;
4.1.3.lotereyanın keçirilməsi
müddəti;
4.1.4.lotereyanın keçirildiyi ərazi;
4.1.5.lotereya biletləri (onlara bərabər
tutulan digər məlumat daşıyıcıları) və
onların əldə edilməsi qaydaları haqqında məlumat;
4.1.6.lotereyanın uduş fondu
haqqında məlumat;
4.1.7.lotereyanın uduş fondunun
oynanılması qaydaları haqqında məlumat;
4.1.8.uduşlu lotereya biletlərinin
(onlara bərabər tutulan digər məlumat
daşıyıcılarının) lotereya təşkilatçısı
tərəfindən qəbulu və uduşların verilməsi
(ödənilməsi) müddəti və qaydası
haqqında məlumat.
4.2. Tirajlı lotereyanın
(stimullaşdırıcı lotereyalar istisna olmaqla) şərtlərində
lotereyanın uduş fondunun məbləğinin
satılmış lotereya biletlərinin miqdarından
asılı olaraq müəyyən edilməsi və ya
uduş fondunun təsbit edilmiş məbləği göstərilməlidir.
Uduş fondunun məbləği satılmış lotereya
biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə,
uduş fondunun satılmış lotereya biletlərinin
ümumi məbləğinə faiz nisbəti göstərilməlidir.
Lotereyanın şərtlərində lotereyanın uduş
fondunun ümumi məbləği göstərildiyi halda, hər
uduşun adı, miqdarı və dəyəri (qiyməti)
göstərilməlidir.
4.3. Lotereyanın şərtlərində
nəzərdə tutulduğu halda lotereya
iştirakçısının tələbi ilə qeyri-pul
uduşlarının əvəzinə onların pul
ekvivalentinin ödənilməsinə yol verilir.
4.4. Tirajlı lotereyanın təşkilatçısı
uduş fonduna daxil edilmiş malların,
stimullaşdırıcı lotereyanın təşkilatçısı
isə lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir.
4.5. Stimullaşdırıcı
lotereyada iştirak etmək üçün lotereya obyektinin
qiymətindən əlavə haqqın alınmasına yol
verilmir. Stimullaşdırıcı
lotereyalar yalnız tirajlı formada keçirilir. [10]
4.6. Məqsədli lotereyanın
şərtlərində lotereyanın keçirilməsi barədə
maliyyə
bazarlarına nəzarət orqanının qərarı və maliyyələşdirilən
dövlət əhəmiyyətli layihə haqqında məlumat
verilməlidir. Lotereya təşkilatçısı
qanunvericiliyə zidd olmayan digər məlumatları
lotereyanın şərtlərinə daxil edə bilər.
4.7. Lotereya təşkilatçısı
lotereyanın şərtlərini kütləvi informasiya vasitələri
ilə elan etməlidir.
4.8. Lotereyanın şərtlərinə
əlavə və dəyişikliklərin edilməsinə
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada maliyyə
bazarlarına nəzarət orqanının icazəsi ilə yol verilir.
4.9. Lotereyanın şərtlərində
dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı
uduş fondunun oynanılması tarixinə azı 15 (on
beş) iş günü qalmış maliyyə bazarlarına
nəzarət orqanına müraciət edir. Lotereyanın
şərtlərində dəyişiklik edilməsi ilə
bağlı müraciət maliyyə bazarlarına nəzarət
orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin
tarixdən etibarən 5 (beş) iş günündən gec
olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər
edilməsinə icazənin verilməsi və ya bundan imtina
edilməsi barədə qərar qəbul edir. Lotereyanın
şərtlərində dəyişiklik edilməsinə
razılıq verilməsi və ya bundan imtina edilməsi barədə
qərar lotereya təşkilatçısına təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.[11]
4.10. Lotereyanın şərtlərinə
lotereya iştirakçılarının hüquqlarını
məhdudlaşdıran, lotereyanın formasının dəyişilməsinə
təsir göstərən, uduş fondunun tərkibini dəyişən
və ya onun həcmini azaldan əlavə və dəyişikliklər
edilə bilməz.
4.11. Lotereya təşkilatçısı
lotereyanın şərtlərinə edilmiş əlavələr
və (və ya) dəyişikliklər haqqında məlumatı
uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi)
iş günü qalmış kütləvi informasiya vasitələri
ilə elan etməlidir.
Maddə 5 . Tiraj komissiyası
5.1.Tiraj komissiyası lotereya təşkilatçısı
tərəfindən yaradılır (elektron lotereyalar istisna olmaqla) və tirajlı
lotereyanın uduş fondunun qanunvericiliyə uyğun
oynanılmasına nəzarəti həyata keçirir. [12]
5.2.Tiraj komissiyası üzvlərinin
sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə
tək sayda yaradılır. Lotereya təşkilatçısının
vəzifəli şəxsləri, onların ailə üzvləri
(ər, arvad, valideynlər, övladlar və
övladlığa götürülmüş şəxslər,
onların ərləri və arvadları, bacılar,
qardaşlar, bacı və qardaş övladları, ər-arvadların
bacıları, qardaşları və valideynləri,
bacıların ərləri və qardaşların
arvadları, valideynlərin bacıları və
qardaşları, qəyyumlar və qəyyumluğa
götürülənlər), həmçinin
stimullaşdırıcı lotereya obyektinin satıcısı
(o, stimullaşdırıcı lotereyanın təşkilatçısı
olduğu halda) tiraj komissiyasının üzvü ola bilməz.
5.3.Lotereya təşkilatçısı
tiraj komissiyasının ən azı bir üzvünü
kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların
nümayəndələrindən təyin edir.
5.4.Lotereya təşkilatçısı
uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj
komissiyasının üzvləri haqqında məlumatı maliyyə
bazarlarına nəzarət orqanına təqdim etməlidir. Maliyyə
bazarlarına nəzarət orqanı tiraj komissiyası qanunvericiliyin tələbləri
pozulmaqla yaradıldıqda tiraj komissiyasının tərkibinə
dəyişikliklərin edilməsi barədə lotereya təşkilatçısına
icrası məcburi olan göstəriş verir. [13]
5.5.Tiraj komissiyasının sədri
tiraj komissiyasının üzvləri tərəfindən adi
səs çoxluğu ilə seçilir.
5.6.Tiraj komissiyasının qərarları
adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul
edilərkən tiraj komissiyasının üzvü bitərəf
qala bilməz.
5.7.Tirajlı lotereyanın uduş
fondunun oynanılmasının nəticələri tiraj
komissiyasının üzvləri tərəfindən imzalanan
aktla təsdiq olunur. Uduş fondunun oynanılması zamanı
lotereyanın şərtlərinin pozulması aşkar edildikdə
bu, uduş fondunun oynanılmasının nəticələri
haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş
pozuntular barədə 3 (üç) iş günü ərzində
maliyyə
bazarlarına nəzarət orqanına və lotereya təşkilatçısına
məlumat verir.
5.8.Bu Qanunun 5.7-ci maddəsində
göstərilən məlumatı aldıqda lotereya təşkilatçısı
maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müvafiq qərar qəbul edilənədək
uduşların verilməsini (ödənilməsini)
dayandırır.
Maddə 6 . Lotereyanın uduş
fondu
6.1. Lotereyanın uduş fondu
bu fondun oynanılmasınadək azı 1 (bir) saat
qalmış formalaşdırılır. Elektron lotereyaların uduş fondu oyunun başlanması
anınadək formalaşdırılmalıdır. [14]
6.2. Uduş fondu yalnız lotereya
iştirakçıları qarşısındakı öhdəliklərin
yerinə yetirilməsi məqsədlərinə istifadə
oluna bilər.
6.3. Tirajlı lotereyanın
(stimullaşdırıcı lotereya istisna olmaqla) uduş fondunun
minimum həcmi, lotereyanın şərtlərindən
asılı olaraq, müvafiq tiraj üzrə
buraxılmış, yaxud satılmış lotereya biletlərinin
ümumi məbləğinin 50%-dən az və 80%-dən
çox ola bilməz. Elektron
lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj
üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin
50%-dən az ola bilməz. [15]
6.4. Uduş fondu satılmış
lotereya biletlərinin məbləğindən asılı
olaraq müəyyən edildikdə, bir tirajın uduş
fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində
göstərildiyi qaydada növbəti tirajda oynanıla bilər.
6.5. Ani lotereyanın
(stimullaşdırıcı lotereya istisna olmaqla) uduş
fondunun həcmi buraxılmış lotereya biletlərinin
ümumi məbləğinin 50%-dən az və 80%- dən
çox olmamalıdır.
6.6. Lotereya təşkilatçısı
uduşlu lotereya biletlərini lotereyanın şərtlərində
göstərilmiş qəbul müddəti ərzində
lotereya iştirakçılarının ilk tələbi ilə
qəbul edir.
6.7. Tirajlı lotereyada uduşlu
lotereya biletinin lotereya təşkilatçısı tərəfindən
qəbulu müddəti həmin tiraj üzrə uduş fondu
oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş
günündən gec olmayaraq başlamalı və 90 (doxsan)
iş günündən az olmamalıdır.
6.8. Ani lotereyada uduşlu lotereya
biletinin lotereya təşkilatçısı tərəfindən
qəbulu müddəti lotereyanın keçirilməyə
başlandığı tarixdən başlamalı və
lotereyanın keçirilməsi başa
çatdığı tarixdən ən azı 90 (doxsan)
iş günü davam etməlidir. Ani lotereyanın başa
çatması barədə məlumatın lotereya təşkilatçısı
tərəfindən elan edildiyi tarix ani lotereyanın
keçirilməsinin başa çatdığı tarix hesab
olunur.
6.9. Uduş lotereya təşkilatçısı
tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi
tarixdən etibarən 30 (otuz) iş günündən gec
olmayaraq verilməlidir (ödənilməlidir).
Maddə 7 . Lotereya biletlərinə
dair tələblər
7.1. Lotereya biletinin üzərində
(stimullaşdırıcı lotereyalarda istifadə olunan
lotereya biletləri istisna olmaqla) aşağıdakı məlumatlar
əks olunmalıdır: [16]
7.1.1.lotereya təşkilatçısının
adı;
7.1.2.lotereyanın adı və
keçirilmə forması;
7.1.3.lotereya biletinin nömrəsi və
(və ya) seriyası;
7.1.4.uduş fondunun
oynanılmasının tarixi (ani lotereya istisna olmaqla);
7.1.5.lotereya biletinin və ya bir
variantın qiyməti (stimullaşdırıcı
lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla); [17]
7.1.6.lotereyanın uduş fondu
haqqında məlumat;
7.1.7.lotereyanın uduş fondunun
oynanılması şərtləri haqqında məlumat;
7.1.8.uduşların verilməsi
(ödənilməsi) üçün uduşlu lotereya biletlərinin
lotereya təşkilatçısı tərəfindən qəbul
müddəti və uduşların verilməsi (ödənilməsi)
qaydaları haqqında məlumat;
7.1.9.lotereya biletlərini çap edən
müəssisə haqqında məlumat (elektron lotereyalarda istifadə olunan lotereya biletləri
istisna olmaqla); [18]
7.1.10. lotereyanın qeydiyyata
alınması haqqında məlumat.
7.2. Lotereya biletlərinin
hazırlanmasına dair digər tələblər
qanunvericiliklə nəzərdə tutulmuş qaydada maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
7.3. Lotereya biletləri bütün
növ qiymətli kağız blanklarının
hazırlanması və satışı fəaliyyətinə
xüsusi razılıq (lisenziya) almış müəssisələr
tərəfindən hazırlanmalıdır.
7.4. Digər formada məlumat
daşıyıcıları olan lotereya biletlərinin istifadə
qaydaları və onların rekvizitləri maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
7.5. Tirajlı lotereyanın uduş
fondunun oynanılmasında yalnız satılmış lotereya
biletləri iştirak edir.
7.6. Lotereya təşkilatçısı
satılmamış lotereya biletlərinin
(stimullaşdırıcı lotereyada istifadə olunan lotereya
biletləri istisna olunmaqla) satıcıdan qəbulunu uduş
fondunun oynanılmasınadək
başa çatdırmalıdır. Uduş fondunun oynanılmasından sonra təhvil verilməmiş
lotereya biletləri satılmış hesab olunur.[19]
7.7. Uduşu ödənilmiş
lotereya biletləri lotereya təşkilatçısı tərəfindən
(uduşu ödənilmiş
elektron biletlər informasiya sisteminin verilənlər
bazasında) 3 (üç) il ərzində
saxlanılır. [20]
7.8. Satılmamış və geri
qaytarılmış lotereya biletləri lotereya təşkilatçısının
yaratdığı müvafiq komissiya tərəfindən məhv
edilir.
7.9. Uduşlu lotereya biletlərinin
saxlanılması, satılmamış lotereya biletlərinin
satıcılardan geri alınması və məhv edilməsi
qaydaları maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən
müəyyən olunur.
Maddə 8 . Lotereyaların
qeydiyyatı
8.1. Lotereya
iştirakçılarının hüquqlarının
müdafiəsi, lotereyaların təşkilinə və
keçirilməsinə nəzarətin təmin edilməsi məqsədilə maliyyə
bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasında keçirilən
lotereyaların (stimullaşdırıcı lotereyalar istisna
olmaqla) qeydiyyatını həyata keçirir.[21]
8.2. Lotereyanın
(stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata
alınması üçün lotereya təşkilatçısı
lotereyanın keçirilməsinin başlanmasına azı 20
(iyirmi) iş günü qalmış maliyyə bazarlarına nəzarət
orqanına aşağıdakı sənədləri kağız
daşıyıcıda və ya elektron formada təqdim etməlidir: [22]
8.2.1.lotereyanın qeydiyyata
alınması üçün ərizə. Ərizədə
lotereya təşkilatçısının adı, olduğu
yer. lotereyanın adi və keçirilməsi forması
göstərilməlidir;
8.2.2.lotereyanın şərtləri;
8.2.3.lotereyada istifadə olunacaq
lotereya biletinin nümunəsi;
8.2.4.lotereya təşkilatçısının
dövlət qeydiyyatı haqqında şəhadətnamənin
notarial qaydada təsdiq olunmuş surəti;
8.2.5.lotereya təşkilatçısının
vergi orqanları tərəfindən uçota alınması
haqqında sənədin surəti;
8.2.6. lotereya
təşkilatçısının təsisçiləri
haqqında məlumat: [23]
8.2.6.1. təsisçi fiziki
şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən
sənədin surəti və imzası notariat qaydasında
və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada
təsdiq edilməklə vətəndaş qüsursuzluğuna
dair ərizəsi;
8.2.6.2. təsisçi
hüquqi şəxs olduqda, hüquqi şəxslərin
dövlət reyestrindən çıxarış;
8.2.7. son maliyyə ili
üzrə, bir ildən az müddətdə fəaliyyət
göstərdikdə isə bütün fəaliyyət
dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları
(lotereyanın ilk dəfə qeydiyyata alınması halı
istisna olmaqla).
8.3. Bu Qanunun 8.2.4-8.2.6-cı maddələrində (8.2.6-cı maddədə göstərilən
məlumatlarda dəyişikliklər baş verdiyi hallar istisna
olmaqla) göstərilən sənədlərin surəti
lotereya təşkilatçısı tərəfindən
keçirilən sonrakı lotereyaların qeydiyyata
alınması üçün tələb olunmur. [24]
8.4. Stimullaşdırıcı
lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinin
başlanmasına azı 20 (iyirmi) iş günü
qalmış maliyyə bazarlarına nəzarət
orqanına aşağıdakı sənədləri kağız
daşıyıcıda və ya elektron formada təqdim etməlidir:
8.4.1.stimullaşdırıcı
lotereyanı keçirmək niyyətində olduğu barədə
bildiriş. Bildirişdə lotereya təşkilatçısının
adı, olduğu yer, lotereyanın adı və növü
göstərilməlidir;
8.4.2.stimullaşdırıcı
lotereyanın şərtləri;
8.4.3.stimullaşdırıcı
lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat
daşıyıcısının) nümunəsi;
8.4.4.stimullaşdırıcı
lotereya təşkilatçısının dövlət
qeydiyyatı haqqında şəhadətnamənin notarial
qaydada təsdiq olunmuş surəti;
8.4.5.stimullaşdırıcı
lotereya təşkilatçısının vergi orqanları tərəfindən
uçota alınması haqqında sənədin surəti;
8.4.6.stimullaşdırıcı
lotereya tapşırıq müqaviləsinə əsasən
keçirildiyi halda həmin müqavilənin lotereyanın
keçirilməsini tapşıran şəxs tərəfindən
təsdiq edilmiş surəti.
8.4-1. Bu Qanunun 8.4.4-cü və 8.4.5-ci maddələrində
göstərilən sənədlərin surətinin (bu sənədlərdə
baş vermiş dəyişikliklərin olması halları
istisna olmaqla) eyni lotereya təşkilatçısı tərəfindən
sonrakı stimullaşdırıcı lotereyaların
keçirilməsi məqsədilə edilən müraciətlər
zamanı təqdim edilməsi tələb olunmur.[25]
8.5. Lotereya təşkilatçısı
maliyyə
bazarlarına nəzarət orqanına təqdim etdiyi sənədlərdə
olan məlumatların tamlığına və
düzgünlüyünə görə qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyır.
8.6. Maliyyə
bazarlarına nəzarət orqanı lotereya şərtlərində göstərilən
müddəaların aydınlaşdırılmasını və
ya onlara konkretləşdirici müddəaların əlavə
edilməsini, habelə təsdiq olunmuş digər sənədlərdə
aşkar edilmiş nöqsanların aradan
qaldırılmasını, onlar təqdim edildiyi tarixdən
etibarən 15 (on beş) iş günü müddətində
lotereya təşkilatçısından tələb edə
bilər.
8.7. Bu Qanunun 8.2-ci maddəsində
göstərilən sənədlər maliyyə bazarlarına nəzarət
orqanına təqdim edildiyi tarixdən etibarən 15 (on beş)
iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması
və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə
lotereya təşkilatçısına məlumat təqdim etməlidir.
8.8. Bu Qanunun 8.4-cü maddəsində
göstərilən sənədlər maliyyə bazarlarına nəzarət
orqanına təqdim edildiyi tarixdən 15 (on beş) iş
günündən gec olmayaraq o, stimullaşdırıcı
lotereyanın keçirilməsini qadağan edə bilər. Bu
müddət ərzində stimullaşdırıcı
lotereyanın keçirilməsi qadağan olunmadıqda,
lotereya təşkilatçısı lotereyanı keçirmək
hüququnu əldə edir.
8.9. Maliyyə
bazarlarına nəzarət orqanı aşağıdakı əsaslarla lotereyanın
qeydiyyata alınmasından imtina edə bilər və ya
stimullaşdırıcı lotereyanın keçirilməsini
qadağan edə bilər:
8.9.1. bu Qanunun 8.2-ci və 8.4-cü
maddələrində göstərilən sənədlər
tam şəkildə təqdim edilmədikdə;
8.9.2. təqdim olunan sənədlərə
lotereyalar haqqında qanunvericiliyin tələblərinə
cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif
olunmuş məlumatlar daxil edildikdə;
8.9.3. stimullaşdırıcı
lotereyanın təşkilatçısı maliyyə bazarlarına nəzarət orqanının
onunla bağlı qəbul etdiyi bu Qanunla müəyyən
olunmuş icrası məcburi göstərişləri icra etmədən,
onun tərəfindən keçirilən lotereyanın
dayandırılması zamanı yeni lotereyanın
keçirilməsi ilə bağlı müraciət etdikdə; [26]
8.9.4. lotereya təşkilatçısının
stimullaşdırıcı lotereyanı keçirməsinə
məhkəmə tərəfindən xitam verildiyi tarixdən
6 (altı) aydan az vaxt keçdikdə.
8.10. Lotereya təşkilatçısının
lotereyanın şərtlərində dəyişikliklər
edilməsi və ya qeydiyyata alınmasından imtina edilməsi
barədə qərarından, habelə keçirilməsinin
qadağan edilməsindən inzibati və məhkəmə
qaydasında şikayət etmək hüququ vardır.[27]
8.11. Keçirilməsi qadağan
edilmiş və
ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı
lotereyaların və qeydiyyata alınmamış digər
lotereyaların keçirilməsinə və reklamına yol verilmir.[28]
Maddə 8-1. Lotereyaların
reklamı[29]
8-1.1. Lotereyaların
reklamının sifarişçisi qismində lotereya
təşkilatçısı çıxış edir.
Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər
məlumat daşıyıcılarının)
üzərində yerləşdirilə bilər.
8-1.2. Lotereyada udan şəxsin
yazılı razılığı olmadan, adı reklamda
açıqlana bilməz.
8-1.3. Lotereyaların
reklamında aşağıdakılar qadağandır:
8-1.3.1. yetkinlik yaşına
çatmayanlara müraciət olunması;
8-1.3.2. lotereyalarda
iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi
olması fikrinin yaradılması;
8-1.3.3. lotereyalarda qazanc
əldə edilməsinə zəmanət verilməsi;
8-1.3.4. lotereyalarda iştirak
etməyənlərin nüfuzdan salınması.
8-1.4. Lotereyaların reklamı
telekommunikasiya, kütləvi informasiya, nəqliyyat
vasitələrində, açıq məkanda olan reklam
daşıyıcılarında yerləşdirilə
bilər. Lotereyaların açıq məkanda reklamı
uşaq və təhsil müəssisələrindən
azı 100 metr kənarda olan reklam
daşıyıcılarında yerləşdirilir.
8-1.5.
Stimullaşdırıcı lotereyanın reklamında həmin
lotereyanın keçirilməsinin şərtləri, vaxtı
və müddəti, uduş fondu, uduşların verildiyi yer
və vaxt, alınması şərtləri, onların
təşkilatçısı barədə məlumatlar
əks olunmalı yaxud səsləndirilməlidir.
8-1.6.
Stimullaşdırıcı lotereya biletlərinin
sahiblərinə uduş qismində tündlüyü 5
faizdən yuxarı olan alkoqollu içkilər, tütün
və tütün məmulatları təklif oluna bilməz.
8-1.7. Tündlüyü 5
faizdən yuxarı olan alkoqollu içkilərin, tütün
və tütün məmulatlarının
satışını stimullaşdırmaq məqsədi
ilə lotereyaların keçirilməsi qadağandır.
8-1.8. Keçirilməsi
qadağan edilmiş stimullaşdırıcı
lotereyaların və qeydiyyata alınmamış digər
lotereyaların reklamına yol verilmir.
Maddə 8-2. Elektron lotereyaların təşkili və
keçirilməsi[30]
8-2.1. Lotereya
təşkilatçısı elektron lotereyaların
təşkilini və keçirilməsini “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən dövlət qeydiyyatına
alınmış fərdi məlumatların informasiya
sistemləri vasitəsilə həyata keçirir.
8-2.2. Bu Qanunun 8-2.1-ci
maddəsində nəzərdə tutulan fərdi
məlumatların informasiya sistemlərində əks
olunmalı məlumatların siyahısı maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir.
Maddə 9 . Lotereyanın
dayandırılması və onun keçirilməsinə xitam
verilməsi
9.1. Bu Qanunun və digər
müvafiq normativ hüquqi aktların tələblərinin
və ya lotereyanın şərtlərinin lotereya təşkilatçısı
tərəfindən pozulması aşkar edildikdə maliyyə
bazarlarına nəzarət orqanı həmin pozuntuların aradan qaldırılması
üçün ona xəbərdarlıq edə bilər və
ya lotereyanın dayandırılması barədə qərar qəbul
edə bilər. Lotereya təşkilatçısı xəbərdarlıq
və ya lotereyanın dayandırılması barədə
bildiriş aldığı tarixdən etibarən 20 (iyirmi)
iş günü ərzində aşkar edilmiş
pozuntuları aradan qaldırmalı və bu barədə maliyyə
bazarlarına nəzarət orqanına məlumat verməlidir.[31]
9.2. Maliyyə
bazarlarına nəzarət orqanı pozuntuların aradan qaldırılması barədə
lotereya təşkilatçısından məlumat aldıqda,
5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa
edilməsi və ya aradan qaldırılmamış pozuntular
göstərilməklə, lotereyanın
dayandırılmasının qüvvədə
saxlanılması barədə lotereya təşkilatçısına
yazılı bildiriş göndərir.
9.3. Maliyyə
bazarlarına nəzarət orqanı aşağıdakı əsaslarla lotereyanın
keçirilməsinə xitam verə bilər:
9.3.1. lotereya təşkilatçısı
lotereyanın keçirilməsinə xitam verilməsi barədə
ərizə ilə müraciət etdikdə;
9.3.2. lotereya təşkilatçısı
ləğv edildikdə;
9.3.3. məhkəmənin qərarı
olduqda.
9.4. Lotereya təşkilatçısı
aşkar olunmuş pozuntuları bu Qanunun 9.1-ci maddəsində
göstərilən müddətdə aradan
qaldırmadıqda və ya bu barədə məlumatı təqdim
etmədikdə, maliyyə bazarlarına nəzarət
orqanı lotereyanın
keçirilməsinə xitam verilməsi barədə məhkəmədə
vəsatət qaldıra bilər.
9.5. Stimullaşdırıcı
lotereyanın təşkilatçısı
stimullaşdırıcı lotereyanın keçirilməsinin
dayandırılması və ya ona xitam verilməsi haqqında
qərarın qəbul edilməsi barədə bildiriş
aldıqda, bu barədə məlumatı kütləvi
informasiya vasitələri ilə elan etməlidir. Bu zaman
stimullaşdırıcı lotereyada iştirak etmək
üçün istənilən formada təkliflərin edilməsi
qadağandır.
9.6. Lotereya təşkilatçısı
lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla)
dayandırılması və ya ona xitam verilməsi haqqında
məhkəmə qərarının qəbul edilməsi barədə
bildiriş aldıqda, lotereyanın uduş fondunun
oynanılmasında iştirak etməmiş lotereya biletlərinin
yığılmasını və onların dəyərinin
lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə
ödənilməsini təmin etməlidir.
9.7. Lotereyanın
dayandırılması və ya onun keçirilməsinə
xitam verilməsi lotereya təşkilatçısını
uduşların verilməsi (ödənilməsi) vəzifəsindən
azad etmir.
9.8. Lotereyanın
dayandırılması və ya onun keçirilməsinə bu
Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə
tutulmuş hallarda xitam verilməsi, həmçinin bu halda
lotereya iştirakçılarının tələblərinin
ödənilməsi qaydası maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən
müəyyən edilir.
Maddə 10. Lotereya təşkilatçısının
vəzifələri
10.1. Lotereya təşkilatçısının
lotereyaların təşkili və keçirilməsi sahəsində
aşağıdakı vəzifələri vardır:
10.1.1.lotereyanın qanunvericiliyə
uyğun təşkilini və keçirilməsini təmin etmək;
10.1.2.qeydiyyata alınmış
lotereyanın şərtlərini və onlara edilmiş əlavələri
və dəyişiklikləri kütləvi informasiya vasitələri
ilə elan etmək;
10.1.3.uduş fondu oynanıldıqdan
sonra (ani lotereya istisna olmaqla) 5 (beş) iş günü ərzində
uduş fondu və uduşa düşmüş lotereya biletlərinin
nömrələri və (və ya) seriyaları barədə
məlumatı kütləvi informasiya vasitələrində
elan etmək;
10.1.4.lotereyanın
dayandırılması, onun keçirilməsinə xitam verilməsi
və ani lotereyanın başa çatması barədə məlumatları
kütləvi informasiya vasitələri ilə elan etmək;
10.1.5.lotereya
iştirakçısının tələbi ilə
lotereyanın şərtlərinə daxil olunmuş məlumatları
ona təqdim etmək;
10.1.6.lotereya biletləri üzrə
uduşların verilməsini (ödənilməsini) təmin
etmək;
10.1.7.lotereyanın təşkili və
keçirilməsi ilə bağlı hesabatları maliyyə
bazarlarına nəzarət orqanına təqdim etmək. Lotereyanın təşkili və
keçirilməsi ilə bağlı məlumatların maliyyə
bazarlarına nəzarət orqanına təqdim olunması
qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir; [32]
10.1.8.lotereyanın şərtlərində
nəzərdə tutulduğu halda lotereya
iştirakçısının tələbi ilə qeyri-pul
uduşunun dəyərinin pul ekvivalentini ödəmək;
10.1.9.lotereyanın
(stimullaşdırıcı lotereya istisna olmaqla) keçirilməsi
dayandırıldıqda və ya xitam verildikdə
lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş
lotereya biletlərinin yığılmasını və
onların dəyərinin lotereya biletlərinin sahiblərinə
ödənilməsini təmin etmək;
10.1.10. qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri.
10.2. Lotereya təşkilatçısı
lotereyanın şərtlərində göstərilən
müddət ərzində uduşların verilməsi (ödənilməsi)
üçün uduşlu lotereya biletlərinin qəbulunu
lotereya iştirakçısının ilk tələbi ilə
təmin etməlidir.
10.3. Lotereya təşkilatçısı
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.[33]
10.4.
Lotereya təşkilatçısı Azərbaycan
Respublikasında lotereyaların (stimullaşdırıcı
lotereyalar istisna olmaqla) təşkili və keçirilməsi
ilə bağlı maliyyə bazarlarına nəzarət
orqanına onun müəyyən etdiyi məbləğdə və
qaydada haqq ödəyir.[34]
Maddə 11. Lotereya
iştirakçılarının hüquqları
11.0. Lotereya
iştirakçısı aşağıdakı hüquqlara
malikdir:
11.0.1. lotereyada
hüquqlarının və qanuni maraqlarının müdafiəsi
məqsədilə şikayətlə maliyyə bazarlarına nəzarət
orqanına və ya məhkəməyə müraciət etmək;
11.0.2. lotereyanın şərtlərində
nəzərdə tutulduğu halda uduşların ödənilməsi
zamanı qeyri-pul uduşlarının əvəzinə
onların pul ekvivalentinin ödənilməsini lotereya təşkilatçısından
tələb etmək;
11.0.3. lotereya barədə bu
Qanunla müəyyən edilmiş qaydada məlumat almaq;
11.0.4. qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqlara.
Maddə 12. Məsuliyyət
Lotereya təşkilatçıları
və onların vəzifəli şəxsləri bu Qanunun tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2004-cü il
¹ 594-IIQ
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, ¹ 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
517)
2.
4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422)
3.
30 dekabr 2016-cı il tarixli 481-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 fevral
2017-ci il, ¹ 40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
02, maddə 144)
4.
15
dekabr 2017-ci il tarixli 944-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 2, maddə 154)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
mətn üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti
orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət
orqanı” sözləri ilə əvəz edilmişdir.
[2] 28
dekabr 2018-ci
il tarixli 1416-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar
2019-cu il, ¹ 24, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 33) ilə 1-ci
maddənin mətni 1.1-ci maddə hesab edilmişdir və yeni məzmunda
1.2-ci maddə əlavə edilmişdir.
[3] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 2.0.2-ci maddədən “forması” sözü
çıxarılmışdır.
[4] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 2.0.11-ci maddəyə “lotereyada” sözündən əvvəl
“18 yaşına
çatmış, könüllü şəkildə”
sözləri əlavə edilmişdir.
[5] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
2.0.14-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 2.0.15-ci maddə əlavə
edilmişdir.
[6] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 2.0.15-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda
2.0.16-cı və 2.0.17-ci maddələr əlavə
edilmişdir.
[7] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
3-cü maddənin adından və 3.2-ci maddədən
“dövlət” sözü
çıxarılmışdır.
[8] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
3.2.1-ci maddədə “hüquqi”
sözü “xarakterli”
sözü ilə əvəz edilmişdir.
[9] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 3.2.4-cü maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.2.4.
lotereyaların təşkilinə və
keçirilməsinə nəzarətin həyata keçirilməsi;
[10] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 4.5-ci maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
[11] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 4.9-cu maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
4.9. Lotereyanın şərtlərinə əlavə
və dəyişikliklər uduş fondunun oynanılması
tarixinə azı 10 (on) iş günü qalana qədər
edilə bilər.
[12] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 5.1-ci maddəyə “yaradılır” sözündən
sonra “(elektron lotereyalar istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
[13] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 5.4-cü maddədə “3 (üç)” sözləri “1 (bir)” sözləri ilə əvəz
edilmişdir.
[14] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 6.1-ci maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
[15] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 6.3-cü maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
[16] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 7.1-ci maddədən “(stimullaşdırıcı
lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)”
sözləri çıxarılmışdır.
[17] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 7.1.5-ci maddəyə “qiyməti” sözündən
sonra “(stimullaşdırıcı
lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[18] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 7.1.9-cu maddəyə “məlumat” sözündən
sonra “(elektron lotereyalarda istifadə
olunan lotereya biletləri istisna olmaqla)” sözləri əlavə
edilmişdir.
[19] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 7.6-cı maddənin birinci
cümləsində “oynanılmasına
ən azı 2 (iki) saat qalmış” sözləri “oynanılmasınadək”
sözü ilə əvəz edilmişdir və ikinci cümlə
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu müddət bitdikdən sonra təhvil verilməmiş
lotereya biletləri satılmış hesab olunur.
[20] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 7.7-ci maddəyə “təşkilatçısı tərəfindən”
sözlərindən sonra “(uduşu
ödənilmiş elektron biletlər informasiya sisteminin verilənlər
bazasında)” sözləri əlavə edilmişdir.
[21] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
8.1-ci maddədə “dövlət
nəzarətinin” sözləri “nəzarətin” sözü ilə əvəz
edilmişdir.
[22] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 8.2-ci və 8.4-cü maddələrə
“aşağıdakı sənədləri”
sözlərindən sonra “kağız
daşıyıcıda və ya elektron formada” sözləri
əlavə edilmişdir.
[23] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 8.2.5-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda
8.2.6-cı və 8.2.7-ci maddələr əlavə
edilmişdir.
[24] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 8.3-cü maddədə “8.2.4-cü və 8.2.5-ci”
sözləri “8.2.4-8.2.6-cı”
sözləri ilə əvəz edilmişdir və həmin
maddəyə “maddələrində”
sözündən sonra “(8.2.6-cı
maddədə göstərilən məlumatlarda dəyişikliklər
baş verdiyi hallar istisna olmaqla)” sözləri əlavə
edilmişdir.
[25] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə yeni məzmunda 8.4-1-ci maddə əlavə
edilmişdir.
[26] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 8.9.3-cü maddəyə “təşkilatçısı”
sözündən sonra “maliyyə
bazarlarına nəzarət orqanının onunla bağlı qəbul
etdiyi bu Qanunla müəyyən olunmuş icrası məcburi
göstərişləri icra etmədən” sözləri əlavə
edilmişdir və həmin maddədən “onun tərəfindən keçirilən lotereyanın
dayandırılması zamanı” sözləri
çıxarılmışdır.
[27] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 8.10-cu maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.10. Lotereya təşkilatçısı
lotereyanın keçirilməsinin qadağan edilməsindən
məhkəmə qaydasında şikayət edə bilər.
[28] 30 dekabr 2016-cı il tarixli 481-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 fevral
2017-ci il, ¹ 40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
02, maddə 144)
ilə 8.11-ci maddədən “və
reklamına” sözləri
çıxarılmışdır.
15
dekabr 2017-ci il tarixli 944-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral
2018-ci il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
154) ilə
8.11-ci maddəyə “qadağan
edilmiş” sözlərindən sonra “və ya keçirilmə hüququ əldə edilməmiş”
sözləri əlavə edilmişdir.
[29] 30 dekabr 2016-cı il tarixli 481-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 fevral
2017-ci il, ¹ 40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
02, maddə 144)
ilə yeni məzmunda 8-1-ci maddə əlavə edilmişdir.
[30] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə yeni məzmunda 8-2-ci maddə əlavə
edilmişdir.
[31] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
9.1-ci maddədən “normativ”
sözü çıxarılmışdır.
[32] 30
oktyabr 2018-ci il tarixli 1299-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2469)
ilə 10.1.7-ci maddənin sonunda nöqtəli
vergül işarəsi nöqtə işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[33] 30 iyun
2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, ¹ 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
517) ilə yeni məzmunda 10.3-cü maddə əlavə
edilmişdir.
[34] 4
mart 2016-cı il tarixli 156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə
422) ilə
yeni məzmunda 10.4-cü maddə əlavə
edilmişdir.