Korrupsiyaya qarşı
mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun korrupsiya ilə
əlaqədar hüquqpozmaların aşkar edilməsi,
qarşısının alınması və
nəticələrinin aradan qaldırılmasına, sosial
ədalətin, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
müdafiə olunmasına, iqtisadiyyatın inkişafı
üçün əlverişli şəraitin
yaradılmasına, dövlət orqanlarının və yerli
özünüidarəetmə orqanlarının, publik
hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli
şəxslərin fəaliyyətinin qanuniliyinin,
şəffaflığının və
səmərəliliyinin təmin edilməsinə
yönəlmişdir.[1]
Bu Qanun, habelə dövlət
orqanlarına və yerli
özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının
möhkəmləndirilməsi, peşəkar kadrların
dövlət orqanlarında və yerli
özünüidarəetmə orqanlarında,
qurumlarda
qulluğa girməyə həvəsləndirilməsi,
həmin şəxslərin korrupsiya ilə əlaqədar
hüquqpozma törətməsini istisna edən şəraitin
yaradılması məqsədini daşıyır.[2]
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Korrupsiyanın
anlayışı
Korrupsiya - vəzifəli
şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və
səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə qanunsuz olaraq maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər əldə
etməsi, habelə fiziki və hüquqi şəxslər
tərəfindən qeyd edilən maddi və sair
nemətlərin, imtiyazların və ya
güzəştlərin qanunsuz olaraq vəzifəli
şəxslərə təklif və ya vəd olunması
və yaxud verilməsi yolu ilə həmin vəzifəli
şəxslərin ələ alınmasıdır.[3]
Maddə 2. Korrupsiya ilə
əlaqədar hüquqpozmaların subyektləri
2.1. Aşağıdakı
şəxslər korrupsiya ilə əlaqədar
hüquqpozmaların subyektləridirlər:
2.1.1.Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş
və ya təyin edilmiş şəxslər;
2.1.2.xüsusi səlahiyyət
əsasında dövlət orqanlarını təmsil edən
şəxslər;
2.1.3.inzibati vəzifə tutan
dövlət qulluqçuları;
2.1.4.dövlət orqanlarının
müvafiq struktur vahidlərində, dövlət idarə,
müəssisə və təşkilatlarında, habelə
dövlətin nəzarət səhm zərfinə sahib olduğu
təsərrüfat subyektlərində
təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını həyata
keçirən şəxslər;
2.1.5.Azərbaycan
Respublikasının dövlət orqanlarında seçkili
vəzifələrə namizədliyi qanunla müəyyən
olunmuş qaydada qeydə alınmış şəxslər;
2.1.6.Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yerli özünüidarəetmə
orqanlarına seçilmiş şəxslər;
2.1.7.yerli
özünüidarəetmə orqanlarında
təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını həyata
keçirən şəxslər;
2.1.7-1. qurumların rəhbərləri və
işçiləri, o cümlədən qurumlarda xüsusi
səlahiyyət üzrə
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
funksiyalarını həyata keçirən
şəxslər;[4]
2.1.8.qanunla müəyyən
edilmiş hallarda dövlət orqanlarının
səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət
orqanlarında təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən
şəxslər;
2.1.9.öz nüfuzundan və ya
əlaqələrindən istifadə edərək
vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək
müqabilində maddi və sair nemətlər, imtiyazlar və
ya güzəştlər əldə edən
şəxslər;
2.1.10. vəzifəli
şəxsə qanunsuz olaraq maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər təklif edən
və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər
və ya belə hərəkətlərdə
vasitəçilik etmiş şəxslər.
2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci
maddələrində göstərilənlər bu Qanunun
məqsədi üçün vəzifəli şəxs hesab
edilirlər.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan
Respublikasının ərazisində bütün fiziki (o
cümlədən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər)
və hüquqi şəxslər barəsində, onun
ərazisindən kənarda isə Azərbaycan
Respublikasının vətəndaşları və
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş
hüquqi şəxslər barəsində Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq
edilir.
Maddə 4. Korrupsiyaya qarşı
mübarizəni həyata keçirən orqanlar (qurumlar)[5]
4.1. Bütün dövlət
orqanları, yerli özünüidarəetmə orqanları,
qurumlar və
vəzifəli şəxslər səlahiyyətləri
çərçivəsində korrupsiyaya qarşı
mübarizəni həyata keçirirlər. Korrupsiya ilə
əlaqədar hüquqpozmaların törədilməsi
inzibati və ya cinayət məsuliyyəti yaratdıqda,
korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquq mühafizə
orqanları həyata keçirirlər.[6]
4.2. Korrupsiyanın
qarşısının alınması sahəsində
ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası (bundan sonra "Komissiya")
həyata keçirir.[7]
4.3. Komissiyanın tərkibi icra,
qanunvericilik və məhkəmə hakimiyyəti orqanları
tərəfindən təyin edilən üzvlərdən
ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla
təsdiq edilən Əsasnamə ilə müəyyən
olunur.
II fəsil
KORRUPSİYANIN
QARŞISININ ALINMASI
Maddə 5. Maliyyə xarakterli
tələblər
5.1. Vəzifəli
şəxslər qanunvericiliklə
müəyyən edilmiş qaydada
aşağıdakı məlumatları təqdim
etməlidirlər:[8]
5.1.1. mənbəyini,
növünü və məbləğini
göstərməklə hər il öz gəlirləri
barədə;
5.1.2.vergitutma obyekti olan
əmlakı barədə;
5.1.3. kredit
təşkilatlarındakı əmanətləri, qiymətli
kağızları və digər maliyyə vəsaitləri
barədə;
5.1.4. şirkətlərin,
fondların və sair təsərrüfat subyektlərinin
fəaliyyətində səhmdar və ya təsisçi kimi
iştirakı, bu müəssisələrdə öz mülkiyyət
payı barədə;
5.1.5. beş
min beş yüz manatdan yuxarı olan borcu barədə;[9]
5.1.6. min
yüz manatdan
yuxarı maliyyə və əmlak xarakterli digər
öhdəlikləri barədə.[10]
5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən
məlumatlar qanunvericiliklə müəyyən edilmiş
qaydada tələb edilə bilər.[11]
Maddə 6 . Maliyyə xarakterli
tələblərin pozulmasına görə məsuliyyət
6.1. Vəzifəli
şəxslər və ya vəzifə tutmaq istəyən
şəxslər bu Qanunun 5.1-ci maddəsində
nəzərdə tutulmuş tələblər və bu
tələblərə əməl olunmamasının
hüquqi nəticələri barədə qanunvericiliklə
müəyyən edilmiş qaydada xəbərdar edilirlər.
6.2. Bu Qanunun 5.1-ci
maddəsində müəyyən edilmiş
tələblərə əməl olunmasına
nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə
müəyyən edilir.[12]
6.3. Vəzifəli
şəxslər tərəfindən bu Qanunun 5.1-ci
maddəsində müəyyən edilmiş
tələblərə əməl olunmaması, yəni bu
maddədə nəzərdə tutulmuş məlumatların
üzürsüz səbəbdən vaxtında təqdim
edilməməsi və ya qəsdən natamam, yaxud təhrif
edilmiş məlumatların təqdim olunması həmin
şəxslərin intizam məsuliyyətinə cəlb
olunmasına səbəb ola bilər. Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
barələrində intizam məsuliyyətinə cəlb
olunmanın xüsusi qaydası nəzərdə tutulmuş
şəxslər intizam məsuliyyətinə həmin
qaydalara riayət edilməklə cəlb oluna bilərlər.
6.4. Komissiya bu Qanunun 5.1-ci
maddəsində müəyyən edilmiş
tələblərə əməl etməyən
şəxslər barəsində rəsmi dövlət
qəzetində məlumat dərc etdirə bilər.
Maddə 7. Yaxın qohumların birgə
işləməsinə yol verilməməsi
7.1. Vəzifəli
şəxslərin yaxın qohumları, seçkili
vəzifələr və qanunvericiliklə nəzərdə
tutulan digər hallar istisna olmaqla, bilavasitə onun
tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin
tələblərini pozan şəxslər həmin
tələblərin pozulması müəyyən edildikdən
sonra 30 gün müddətində həmin pozuntunu
könüllü olaraq aradan qaldırmadıqları halda
tabeliyi istisna edən başqa vəzifəyə
keçirilməli, bu mümkün olmadıqda isə həmin
şəxslərdən biri tutduğu vəzifədən azad
olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci
maddəsində göstərilən əsaslar üzrə
vəzifədən azad olunmuş şəxslər digər
orqanlarda, idarə, müəssisə və təşkilatlarda
vəzifə tuta bilərlər.
Maddə 8. Hədiyyə
alma ilə əlaqədar məhdudiyyətlər [13]
8.1. Vəzifəli şəxs xidməti
vəzifələrinin qərəzsiz icrasına təsir
edə bilən və ya bu cür təsir təəssüratı
yaradan, və ya onun vəzifələrinin icrası
müqabilində mükafat qismində verilən və ya bu
cür mükafat təəssüratı yaradan
hədiyyələri özü və ya digər
şəxslər üçün tələb edə və
ya qəbul edə bilməz. Bu qayda xidməti
vəzifələrinin qərəzsiz icrasına təsir
etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində
nəzərdə tutulan kiçik hədiyyələrin
qəbul edilməsi və sadə qonaqpərvərlikdən
istifadə hallarına şamil olunmur.
8.2. Vəzifəli şəxs xidməti
vəzifələrinin icrası ilə əlaqədar bir il
ərzində hər hansı fiziki və ya hüquqi
şəxsdən ümumi məbləği əlli beş
manatdan yuxarı olan bir və ya bir neçə
hədiyyəni qəbul edə bilməz. Həmin
məbləğdən yuxarı olan hədiyyələr
şəxsin xidməti vəzifəsini həyata keçirdiyi
dövlət orqanına, yerli
özünüidarəetmə orqanına və ya quruma
məxsus hesab edilir.[14]
8.3. Vəzifəli şəxs
hədiyyənin qəbul edilməsi və ya sadə
qonaqpərvərlikdən istifadə ilə bağlı
qərara gələ bilmədiyi hallarda bu məsələ barədə
birbaşa rəhbərinin rəyini öyrənməlidir.
8.4. Fiziki və hüquqi
şəxslərlə mülki-hüquqi əqdlərin
bağlanması və ya onların icrası zamanı
vəzifəli şəxslər tərəfindən
xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər
hansı güzəştlərin və ya imtiyazların
əldə edilməsi qadağan olunur.
8.5. Vəzifəli şəxsə
qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif olunduğu hallarda,
vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər
vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə birbaşa
rəhbərinə məlumat verməli və maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər
vəzifəli şəxsin işlədiyi dövlət
orqanına, yerli
özünüidarəetmə orqanına və ya quruma akt
üzrə təhvil verilməlidir.[15]
III fəsil
KORRUPSİYA İLƏ
ƏLAQƏDAR HÜQUQPOZMALAR
VƏ BU HÜQUQPOZMALARA
GÖRƏ
MƏSULİYYƏT
Maddə 9. Korrupsiya ilə
əlaqədar hüquqpozmalar
9.1. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından
və korrupsiyaya şərait yaradan hüquqpozmalardan
ibarətdir.
9.2. Korrupsiya hüquqpozmaları
aşağıdakılardır:
9.2.1.vəzifəli şəxsin
xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı
hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması
müqabilində özü və yaxud üçüncü
şəxslər üçün birbaşa və ya
dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər tələb etməsi, əldə
etməsi və ya belə maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin verilməsi
ilə bağlı təklifi və ya vədi qəbul
etməsi;
9.2.2.xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
hər hansı hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması
müqabilində vəzifəli şəxsə onun
özü və ya üçüncü şəxslər
üçün fiziki və ya hüquqi şəxs
tərəfindən birbaşa və ya dolayı yolla maddi
və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif olunması, vəd edilməsi
və ya verilməsi;
9.2.3.vəzifəli şəxs
tərəfindən xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
hər hansı hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması
müqabilində qanunsuz olaraq alınmış əmlakdan
özü və ya üçüncü şəxslər
üçün mənfəət əldə etmək
məqsədilə istifadə edilməsi;
9.2.4.vəzifəli şəxs
tərəfindən xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
maddi və sair nemətləri, imtiyazları və ya
güzəştləri haqqı ödənilmədən
və ya bazar qiymətlərindən və ya dövlət
tərəfindən tənzimlənən
qiymətlərdən aşağı qiymətə
(tarifə) əldə edilməsi;
9.2.5.vəzifəli şəxsin
xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar əmanətlərdən
(depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən
və ya icarədən Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;
9.2.6.müəyyən mükafat
müqabilində vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmək imkanına malik olduğunu
bildirən hər hansı şəxsə birbaşa və ya
dolayı yolla maddi və sair nemətlərin, imtiyazların
və ya güzəştlərin təklif olunması, vəd
edilməsi və ya verilməsi;
9.2.7.müəyyən mükafat
müqabilində vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmək imkanına malik olduğunu
bildirən şəxs tərəfindən maddi və sair
nemətlərin, imtiyazların və ya
güzəştlərin qəbul edilməsi və ya belə
maddi və sair nemətlərin, imtiyazların və ya
güzəştlərin verilməsi ilə bağlı
təklifin və ya vədin qəbul edilməsi.
9.3. Vəzifəli
şəxsin aşağıdakı hərəkətləri
korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:
9.3.1.xidməti vəzifəsini
(səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət
növü ilə məşğul olmaq;
9.3.2.statusundan, təmsil etdiyi
orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya
həmin status və səlahiyyətlərdən irəli
gələn imkanlardan istifadə etməklə maddi və sair
nemətlərin, imtiyazların və ya güzəştlərin
əldə edilməsi məqsədilə fiziki və
hüquqi şəxslərə sahibkarlıq
fəaliyyətini həyata keçirməkdə, eləcə
də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və
digər güzəştlər alınmasında qanunsuz
kömək etmək;
9.3.3.bilavasitə, başqa və ya
uydurma şəxslər vasitəsilə sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq,
əvəzçilik üzrə işləmək (elmi,
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata
keçirən təsərrüfat subyektlərinin və
maliyyə-kredit müəssisələrinin icra
orqanlarının tərkibinə daxil olmaq;
9.3.4.statusundan, təmsil etdiyi
orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya
həmin status və səlahiyyətlərdən irəli
gələn imkanlardan istifadə etməklə onun
səlahiyyət dairəsinə daxil olmayan
məsələlər üzrə digər dövlət
orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz
müdaxilə etmək;[16]
9.3.5.statusundan, təmsil etdiyi
orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya
həmin status və səlahiyyətlərdən irəli
gələn imkanlardan istifadə etməklə şəxsi
maraqlarına aid məsələlərin həllinə
təsir etmək;
9.3.6.normativ hüquqi aktların
və digər qərarların qəbul edilməsi zamanı
fiziki və ya hüquqi şəxslərə onların
təyinatına uyğun olmayan üstünlüklər
vermək;
9.3.7.vəzifə tutduğu və
ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat
verən orqanların (qurumların) işi üzrə fiziki və ya
hüquqi şəxslərin nümayəndəsi qismində
iştirak etmək;[17]
9.3.8.qanunla və ya digər normativ
hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş
məlumatların fiziki və ya hüquqi
şəxslərə verilməsindən əsassız imtina
etmək, belə məlumatların verilməsini gecikdirmək
və yaxud natamam və ya təhrif olunmuş məlumatlar
vermək;
9.3.9. qanunla və ya digər
normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan
məlumatları və sənədləri fiziki və
hüquqi şəxslərdən tələb etmək;
9.3.10.dövlət orqanlarının,
yerli özünüidarəetmə orqanlarının və ya
qurumların
maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq
namizədlərin, qeydə alınmış
namizədlərin, siyasi partiyaların, siyasi partiya
bloklarının, referendum üzrə təşəbbüs
qruplarının seçki fonduna vermək;[18]
9.3.11.qanunvericiliklə başqa hal
nəzərdə tutulmamışdırsa, dövlət
fondlarına, dövlət orqanlarının, yerli
özünüidarəetmə orqanlarının və ya
qurumların
təsərrüfat subyektlərinə məxsus olan maddi
və maliyyə ehtiyatlarını qeyri-dövlət
strukturlarına vermək;[19]
9.3.12.fiziki və ya hüquqi
şəxslərə hüquqlarının və qanuni
mənafelərinin həyata keçirilməsində süni
maneələr yaratmaq;
9.3.13.sahibkarlıq
fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi ilə bağlı
səlahiyyətləri belə fəaliyyəti həyata
keçirən fiziki və hüquqi şəxslərə
qanunsuz olaraq vermək.
9.4. Bu Qanunda nəzərdə
tutulan hallardan başqa, vəzifəli şəxslərin
fəaliyyətini tənzimləyən və ya statusunu
müəyyən edən qanunvericilik aktlarında korrupsiya
ilə əlaqədar digər hüquqpozmalar
müəyyən edilə bilər.
Maddə 10. Korrupsiya ilə
əlaqədar hüquqpozmalara görə vəzifəli
şəxslərin məsuliyyəti
10.1. Korrupsiya
ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə
müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi,
inzibati və ya cinayət məsuliyyətinə səbəb
olur.
10.2.Vəzifəli şəxs
tərəfindən bu Qanunun 9-cu maddəsində
nəzərdə tutulmuş hüquqpozmaların
törədilməsi mülki-hüquqi, inzibati və ya
cinayət məsuliyyəti yaratdıqda, vəzifəli
şəxsin məsuliyyətə cəlb edilməsi
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə
uyğun həyata keçirilir.
10.3.Korrupsiya ilə əlaqədar
hüquqpozmalara görə intizam məsuliyyəti
tədbirləri bu Qanunla və digər qanunvericilik aktları
ilə tənzimlənir.
10.4.Bu Qanunun 9-cu maddəsində
nəzərdə tutulmuş hüquqpozmaların
törədilməsi inzibati və ya cinayət
məsuliyyəti yaratmadıqda, aşağıdakı
xüsusi hallara riayət edilməklə qanunvericiliklə
müəyyən edilmiş qaydada intizam
məsuliyyətinə səbəb olur:
10.4.1.Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş
şəxslər bu Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə,
korrupsiyaya qarşı mübarizə aparan orqan bu
barədə vəzifəli şəxsin seçildiyi
dövlət orqanlarına məlumat verir.
10.4.2.Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli
özünüidarəetmə orqanlarına seçilmiş
şəxslər bu Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə,
korrupsiyaya qarşı mübarizə aparan orqan bu
barədə müvafiq seçki komissiyasına məlumat
verir. Həmin seçki komissiyası isə bu barədə
materiallar ona daxil olduğu gündən beş gün
ərzində şəxsin yol verdiyi hüquqpozma barədə
onun seçildiyi yerli özünüidarəetmə
orqanına məlumat verir.
10.4.3.Azərbaycan
Respublikasının dövlət orqanlarında seçkili
vəzifələrə namizədliyi qanunla müəyyən
olunmuş qaydada qeydə alınmış şəxslər
bu Qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə, onlar barəsində
Azərbaycan Respublikası Seçki Məcəlləsində
nəzərdə tutulmuş tədbirlər
görülür.
10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə,
korrupsiyaya qarşı mübarizə aparan orqan intizam
tənbehinin tətbiqi məsələsinə baxılması
üçün bu barədə Məhkəmə-Hüquq
Şurasına məlumat verir.[20]
Maddə 11. Korrupsiya hüquqpozmalarına
görə fiziki və ya hüquqi şəxslərin
məsuliyyəti
11.1.Qanunvericiliklə müəyyən
edilmiş korrupsiya hüquqpozmalarım törətmiş
fiziki şəxslərin hərəkətləri cinayət
tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə
edilirlər.
11.2. Cinayət
tərkibi yaratmayan korrupsiya hüquqpozması
törətmiş hüquqi şəxslər qanunla
müəyyən edilmiş qaydada cərimə edilir.
Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına
görə hüquqi şəxslər barəsində qanunla
müəyyən edilmiş qaydada cərimə və ya
digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.[21]
Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumatvermə [22]
11-1.1.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat hər bir şəxs tərəfindən
yazılı (o cümlədən elektron) və ya şifahi
formada verilə bilər.
11-1.2.
Dövlət və bələdiyyə orqanlarının,
dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə və ya
bələdiyyəyə məxsus olan hüquqi
şəxslərin və büdcə
təşkilatlarının (bundan sonra – idarə,
müəssisə və təşkilatların) rəhbəri
həmin idarə, müəssisə və ya
təşkilatlarda korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumatların verilməsi
üçün müvafiq vəzifəli şəxs və ya
struktur bölmə (bundan sonra – səlahiyyətli struktur
bölmə) müəyyən edir.
11-1.3.
İdarə, müəssisə və təşkilatlarda
çalışan işçilər korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumatları
səlahiyyətli struktur bölməyə verə
bilərlər.
11-1.4.
Səlahiyyətli struktur bölmə korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumatı
qəbul etdikdən sonra qeydə almalı və
məlumatın qeydə alınmasını məlumatı
verən şəxsə bildirməlidir.
11-1.5.
Səlahiyyətli struktur bölmə korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə
alındığı gündən 20 iş günü
müddətində məlumatı araşdırmalı və
araşdırmanın nəticəsini məlumat verən
şəxsə bildirməlidir. Araşdırma
“Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciətlərə
baxılması xüsusiyyətlərinə uyğun
aparılır.
11-1.6.
Barəsində məlumat verilən şəxsə,
həmçinin araşdırmanın nəticəsində
birbaşa və ya dolayısı ilə maraqlı olan
şəxslərə korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumatın
araşdırılması həvalə edilə bilməz.
11-1.7.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat səlahiyyətli struktur bölmə ilə
əlaqədar olduqda, məlumatı verən şəxs
həmin məlumatı müvafiq idarə, müəssisə
və ya təşkilatın rəhbərinə təqdim
etmək hüququna malikdir. İdarə, müəssisə
və ya təşkilatın rəhbəri belə
məlumatların qəbul edilməsini, qeydə
alınmasını və bu Qanunda nəzərdə tutulan
müvafiq tədbirlərin həyata keçirilməsini
təmin etməlidir.
11-1.8. Korrupsiya
ilə əlaqədar hüquqpozmalar barədə məlumat
idarə, müəssisə və ya təşkilatın
rəhbəri ilə bağlı olduqda, məlumat verən
şəxs həmin məlumatı idarə,
müəssisə və ya təşkilatın
rəhbərindən yuxarı vəzifəli şəxsə
və ya korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış orqanlara təqdim etmək hüququna
malikdir. Həmin orqanlar bu məlumatın qəbul
edilməsini, qeydə alınmasını və bu Qanunda
nəzərdə tutulan müvafiq tədbirlərin həyata
keçirilməsini təmin etməlidirlər.
Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumat verən şəxsin dövlət
müdafiəsi
11-2.1.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat verən şəxs özü barədə
məlumatın açıqlanmasını istəmədiyi
halda, səlahiyyətli struktur bölmə, idarə,
müəssisə və ya təşkilatın rəhbəri
və korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış orqanlar onun
konfidensiallığını təmin etməlidirlər. Bu məlumat
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat verən şəxsin yazılı
razılığı olduqda açıqlanır. Korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat
verən şəxsin konfidensiallığının
pozulmasında təqsiri olan şəxslər qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
11-2.2.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat verən şəxsə və ya onun yaxın
qohumuna hədə-qorxu gəlmək, onları
təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi
ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf
və ya ləyaqətini alçaltmaq qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur.
11-2.3.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat verən şəxs və ya onun yaxın qohumu
barəsində öldürməklə hədənin icra
ediləcəyi, zor tətbiq ediləcəyi,
əmlakının məhv ediləcəyi və ya ona ziyan
vurulacağı qorxusunun mövcudluğu barədə real
əsaslar olduğu təqdirdə, korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumat verən
şəxsin prokurorluğa müraciəti əsasında
“Cinayət prosesində iştirak edən şəxslərin
dövlət müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.
11-2.4.
İdarə, müəssisə və ya təşkilatın
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumat vermiş işçisi barəsində
məsuliyyət tədbirlərini tətbiq edən idarə,
müəssisə və ya təşkilat onların qanunla
müəyyən edilmiş hallardan irəli gəlməsini
və korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumata aidiyyəti olmadığını
əsaslandırmalıdır. Həmin işçi
attestasiyadan keçirildikdə, səlahiyyətli struktur
bölmənin nümayəndəsi attestasiya
komissiyasının iclasında iştirak etməlidir.
11-2.5.
İdarə, müəssisə və ya təşkilatlar,
səlahiyyətli struktur bölmə və korrupsiyaya
qarşı mübarizə sahəsində
ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun
11-1-ci və 11-2-ci maddələrinin tələbləri
pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumat verən şəxs inzibati qaydada və
(və ya) məhkəməyə şikayət verə
bilər.
11-2.6. Bu
Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş
müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı bilə-bilə yalan məlumatvermə,
həmçinin özü və ya digər şəxslər
üçün qanunsuz olaraq maddi və digər
nemətlər, imtiyazlar və güzəştlər
əldə etmək məqsədi ilə məlumatvermə
hallarında tətbiq olunmur.
IV fəsil
KORRUPSİYA İLƏ
ƏLAQƏDAR HÜQUQPOZMALARIN
NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI
Maddə 12. Qanunsuz əldə edilmiş
əmlakın götürülməsi və qanunsuz
əldə edilmiş imtiyaz və ya güzəştlərin
dəyərinin ödənilməsi
12.1.Vəzifəli
şəxslər tərəfindən qanunsuz əldə
edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar
və ya güzəştlərin dəyəri
könüllü olaraq dövlət nəfinə
ödənilir. Vəzifəli şəxslər qanunsuz
əldə edilmiş əmlakı könüllü olaraq
qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz
əldə edilmiş imtiyaz və ya güzəştlərin
dəyərini könüllü olaraq ödəməkdən
imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya
onun dəyəri, qanunsuz əldə edilmiş
güzəşt və ya imtiyazların dəyəri
müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların iddiası əsasında
məhkəmə tərəfindən dövlətin
nəfinə ödənilir.[23]
12.2.İşə
məhkəmədə baxılana qədər iddianın
təmin edilməsi üçün məhkəmə
tərəfindən cavabdehin əmlakı barədə
mülki prosessual qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görülə bilər.
Maddə 13. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar nəticəsində qəbul olunmuş
aktların ləğv edilməsi
Korrupsiya
ilə əlaqədar hüquqpozmalar nəticəsində
qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli
özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və
yaxud müvafiq dövlət orqanlarının və ya
digər şəxslərin müraciəti əsasında
məhkəmə tərəfindən ləğv edilir.[24]
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu
Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13
yanvar 2004-cü il
¹ 580-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 aprel 2005-ci il tarixli 875-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 285)
2. 1 sentyabr 2005-ci il tarixli 982-IIQD
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, ¹ 9)
3. 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 934)
4. 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹12, maddə 1219)
5. 30 aprel 2013-cü il tarixli 641-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 iyun 2013-cü
il, ¹ 126; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 595)
6. 14 oktyabr 2016-cı il tarixli 334-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 8 noyabr 2016-cı il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1762)
7.
2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2017-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1948)
8.
22 dekabr 2020-ci il tarixli 230-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci
il, ¹ 3)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci
il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə preambulanın birinci
abzasına “özünüidarəetmə
orqanlarının,” sözlərindən sonra “publik hüquqi şəxslərin
(bundan sonra – qurum),” sözləri əlavə edilmişdir.
[2] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə preambulanın ikinci
abzasına “orqanlarına”
sözündən sonra “və
yerli özünüidarəetmə orqanlarına, qurumlara”
sözləri, “özünüidarəetmə
orqanlarında” sözlərindən sonra “, qurumlarda” sözü əlavə edilmişdir.
[3] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 1-ci, 9.3.2-ci və 9.3.5-ci
maddələrə “orqanın”
sözündən sonra “(qurumun)”
sözü əlavə edilmişdir.
[4] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə yeni məzmunda 2.1.7-1-ci
maddə əlavə edilmişdir.
[5] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci
il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 4-cü maddənin
adına “orqanlar”
sözündən sonra “(qurumlar)”
sözü əlavə edilmişdir.
[6] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
19482)
ilə 4.1-ci maddənin birinci
cümləsinə “orqanları”
sözündən sonra “, yerli
özünüidarəetmə orqanları, qurumlar”
sözləri əlavə edilmişdir.
[7] 1 oktyabr 2007-ci il tarixli
420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 934) ilə 4.2-ci maddəsində "Dövlət Qulluğunu İdarəetmə
Şurası yanında Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya" sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası" sözləri
ilə əvəz edilmişdir.
[8] 1
aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
285) ilə 5.1-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü
ilə əvəz edilmişdir.
[9] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3) ilə 5.1.5-ci maddədə
“şərti maliyyə vahidinin
beş min misli miqdarından” sözləri “beş min beş yüz manatdan”
sözləri ilə əvəz edilmişdir.
[10] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3) ilə 5.1.6-cı
maddədə “şərti
maliyyə vahidinin min mislindən” sözləri “min yüz manatdan”
sözləri ilə əvəz edilmişdir.
[11] 1 aprel 2005-ci il tarixli
875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 285) ilə 5.2-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5.2. Bu Qanunun 5.1-ci maddəsində
nəzərdə tutulmuş və müvafiq dövlət
orqanlarına təqdim olunan məlumatlar kommersiya və ya bank
sirri hesab olunur. Bu məlumatların yayılması qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur. Göstərilən məlumatlar yalnız korrupsiya ilə
əlaqədar hüquqpozma törədilməsi ilə
əlaqədar Komissiya tərəfindən və ya belə
hüquqpozmalara görə cinayət təqibi üzrə
cinayət prosesini həyata keçirən orqanlar
tərəfindən tələb edilə bilər. Bu hallarda
göstərilən məlumatlar yalnız məhkəmənin
qərarı əsasında verilir.
[12] 1
aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
285) ilə 6.2-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü
ilə əvəz edilmişdir.
[13] 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli
Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹12, maddə 1219) ilə 8-ci maddəsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 8. Hədiyyə alma ilə
əlaqədar məhdudiyyətlər
8.1. Vəzifəli şəxs
tərəfindən xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
dəyəri şərti maliyyə vahidinin əlli
mislindən yuxarı olan hədiyyələr şəxsin
xidməti vəzifəsini (səlahiyyətini) həyata
keçirdiyi dövlət orqanına və ya yerli
özünüidarəetmə orqanına məxsus hesab edilir.
Alınmış hədiyyə şəxsi istifadə
üçün nəzərdə tutulmuşdursa,
hədiyyə alan şəxs onun dəyərinin
göstərilən həddən artıq hissəsini
xidməti vəzifəsini (səlahiyyətlərini) həyata
keçirdiyi dövlət orqanına və ya yerli
özünüidarəetmə orqanına ödəmək
şərti ilə bu hədiyyəni əldə edə
bilər.
8.2. Fiziki və hüquqi
şəxslərə mülki-hüquqi əqdlərin
bağlanması və ya onların icrası zamanı
vəzifəli şəxslər tərəfindən
xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər
hansı güzəştlərin və ya imtiyazların
əldə edilməsi qadağan olunur.
8.3. Bu Qanunun 8.1-8.2-ci maddələrində
göstərilən qaydaların pozulması bu Qanunun 6-cı
maddəsi ilə müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
[14] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci
il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 8.2-ci maddənin ikinci
cümləsində “və ya
yerli özünüidarəetmə orqanına”
sözləri “, yerli
özünüidarəetmə orqanına və ya quruma”
sözləri ilə əvəz edilmişdir.
[15] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 8.5-ci maddənin ikinci
cümləsinə “orqanına”
sözündən sonra “, yerli
özünüidarəetmə orqanına və ya quruma”
sözləri əlavə edilmişdir.
[16] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci
il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 9.3.4-cü maddədə
“orqanın”
sözündən sonra “(qurumun)”
sözü əlavə edilmişdir və “orqanlarının” sözündən sonra “, yerli
özünüidarəetmə orqanlarının və ya qurumların”
sözləri əlavə edilmişdir.
[17] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci
il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 9.3.7-ci maddəyə “orqanların”
sözündən sonra “(qurumların)”
sözü əlavə edilmişdir.
[18] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 9.3.10-cu maddədə “orqanları və ya yerli
özünüidarəetmə orqanlarının”
sözləri “orqanlarının,
yerli özünüidarəetmə orqanlarının və ya
qurumların” sözləri ilə əvəz edilmişdir.
[19] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 9.3.11-ci maddədə “və ya yerli
özünüidarəetmə orqanlarının”
sözləri “, yerli
özünüidarəetmə orqanlarının və ya
qurumların” sözləri ilə əvəz edilmişdir.
[20] 1 sentyabr 2005-ci il tarixli 982-IIQD Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə
876) ilə 10.4.4-cü maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
10.4.4. Hakimlər bu Qanunun 9-cu
maddəsində göstərilən hüquqpozmaları
törətdikdə,
korrupsiyaya qarşı
mübarizə aparan orqan Azərbaycan Respublikası Ali
Məhkəməsinin intizam kollegiyasında baxılması
və intizam tədbirlərinin görülməsi üçün
bu barədə Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədrinə məlumat verir.
[21] 30
aprel
2013-cü il tarixli 641-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 iyun 2013-cü
il, ¹ 126; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 595) ilə 11.2-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
11.2. SQanunvericiliklə
müəyyən edilmiş korrupsiya hüquqpozmalarmı
törətmiş hüquqi şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada
cərimə edilir və ya onların fəaliyyətinə
xitam verilir.
[22] 14 oktyabr 2016-cı il tarixli 334-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 8 noyabr 2016-cı il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1762) ilə yeni məzmunda
11-1-ci və 11-2-ci maddələr əlavə edilmişdir.
[23] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 12.1-ci maddənin ikinci
cümləsinə “orqanlarının”
sözündən sonra “, yerli
özünüidarəetmə orqanlarının və ya
qurumların” sözləri əlavə edilmişdir.
[24] 2 oktyabr 2017-ci il
tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2017-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1948)
ilə 13-cü maddədə “orqanları” sözündən
sonra “, yerli
özünüidarəetmə orqanları və ya qurumlar”
sözləri əlavə edilmişdir, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.