"Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının beynəlxalq standartlara və Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"na uyğun təşkil edilməsi və təhlükəli tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin azaldılmasına yönəlmiş tədbirlər sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ekologiya va Təbii Sərvətlər Nazirliyi aidiyyəti təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25
avqust 2004-cü il
¹ 117
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 avqust
tarixli, 117 nömrəli qərarı ilə təsdiq
edilmişdir |
Azərbaycanda
təhlükəli tullantıların idarə
olunmasının
Dövlət
strategiyası
Azərbaycanda
təhlükəli tullantıların idarə
olunmasının Dövlət Strategiyası
hazırlanarkən "Təhlükəli tullantıların
idarə olunması sisteminin yaradılmasına texniki
yardım" layihəsinin materiallarından istifadə
edilmişdir. Bu layihə "Azərbaycan Respublikası və
Beynəlxalq İnkişaf Assosiasiyası arasında
imzalanmış "İnkişaf üçün kredit
haqqında Saziş"in (Təxirəsalınmaz Ekoloji
Tədbirlər Layihəsi) təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci
il 28 sentyabr tarixli, 898 nömrəli Sərəncamına
əsasən respublikada həyata keçirilən
layihələrdən biri idi.
Həmin
layihənin əsas məqsədi Beynəlxalq
Konvensiyaların, o cümlədən "Təhlükəli
tullantıların sərhədlərarası daşınması
və kənarlaşdırılmasına nəzarət
haqqında Bazel Konvensiyası"nın
tələblərinə uyğun olaraq, təhlükəli
tullantıların təyini və təsnifatı da daxil
olmaqla, Azərbaycanda təhlükəli tullantıların
idarə olunması sahəsində zəruri normativ hüquqi
bazanın və bu sahədə beynəlxalq standartlara
uyğun ekoloji idarəetmə sisteminin yaradılmasına
texniki yardımın göstərilməsi olmuşdur.
1.1.
Strategiyanın məqsədi
Son
onilliklər ərzində Azərbaycan Respublikasında
təbii sərvətlərdən səmərəsiz
istifadə olunması və sənayenin sürətlə
inkişafı ilə əlaqədar olaraq istehsal prosesləri
zamanı əmələ gələn tullantıların,
xüsusilə təhlükəli tullantıların idarə
olunmasına lazımi diqqətin yetirilməməsi
nəticəsində ətraf mühitə və insan
sağlamlığına təsir edən faktorların həm
həcmi, həm də miqdarı çoxalmışdır.
Göstərilən
çatışmazlığın aradan
qaldırılması və bu sahədə əməli
fəaliyyətə başlamaq üçün yeni
Dövlət Strategiyasının işlənməsi və
istehsal müəssisələrində onun icrasının
təmin edilməsi vacib məsələlərdən biridir.
Bununla əlaqədar tərtib edilən Dövlət Strategiyasının
məqsədi gələcəkdə təhlükəli
tullantıların idarə olunması üzrə
qərarların qəbul olunmasının
əsaslarının yaradılması, beynəlxalq standartlara
uyğun olaraq təhlükəli tullantıların
əmələ gəlməsi, emalı və
basdırılması və ilk növbədə, illər boyu
yığılıb qalmış təhlükəli
tullantıların yaratdığı ekoloji riskin
azaldılmasına zəmanət verən tədbirlər
sisteminin hazırlanması üçün vacib olan
fəaliyyətin həyata keçirilməsidir.
Dövlət
Strategiyası özündə məqsədyönlü
işlərin yerinə yetirilməsi üçün lazım
olan texniki vasitələrin təmin edilməsi ilə
yanaşı, aşağıda göstərilən geniş
spektrə malik məsələləri əhatə edir:
●
qanunvericilik və tənzimləmə;
●
sahələrarası və təşkilati tədbirlər;
●
məlumatlar və hesabat;
●
insan ehtiyatları və imkanlar;
●
maliyyələşdirmə və kapital qoyuluşunun
qaytarılması;
●
maraqlı tərəflərin məlumatlandırılması
və məlumatın verilməsi;
●
tullantıların azaldılması və təkrar emalı;
●
emal variantlarının seçilməsi və onların
tətbiqinin üstünlüyü.
1.2.
Əsas prinsiplər
Təhlükəli
tullantıların idarə olunması üzrə
strategiyanın yaradılması və tətbiqi zamanı
beynəlxalq miqyasda qəbul olunmuş bir sıra prinsiplər
nəzərə alınmalıdır. Bu prinsiplərə
aşağıdakılar aiddir:
1.2.1.
dayanıqlı inkişaf — indiki və gələcək
nəsillərin ehtiyaclarının təmin edilməsinə
risk yaradılmaması şərti ilə mövcud ekoloji
sistemlərin qorunması, təbii ehtiyatlardan səmərəli
istifadə və onların bərpası;
1.2.2.
sərbəstlik və qonşuluq prinsipi — tullantı
mümkün qədər yarandığı yerin
yaxınlığında emal olunmalı və
basdırılmalıdır;
1.2.3.
preventivlik prinsipi — tam elmi əsaslandırma olmaması
səbəbindən, ciddi və dönməz ziyan təhlükəsi
zamanı ekoloji deqradasiyanın qarşısının
alınması üzrə səmərəli tədbirləri
arxa plana keçirmək olmaz;
1.2.4.
"çirkləndirən ödəyir" prinsipi — kim
çirkləndirirsə, o da öz fəaliyyətinin
nəticələrinin aradan qaldırılması ilə
əlaqədar xərcləri ödəməlidir. Buna
görə də, tullantıların emalı və
basdırılması vaxtı ətraf mühitə və
insanların sağlamlığına çəkilən
potensial xərclər məhsulun qiymətində və
tullantıların idarə olunması
ödəmələrində əks olunmalıdır;
1.2.5.
tullantıların ierarxiyası — tullantıların idarə
olunmasında praktik olaraq aşağıdakı
əməliyyatlara üstünlük verilir:
tullantıların əmələ gəlməsinin
qarşısının alınması, təkrar istifadə,
təkrar emal, utilizasiya və basdırılma;
1.2.6.
əməli tətbiq üçün optimal ekoloji variant —
uzun müddətə, eləcə də qısa
müddətə hesablanmış, münasib qiymətli,
xeyiri on çox olan və ümumilikdə ətraf
mühitə ən az zərər vuran variantdır.
2.
DƏYİŞİKLİKLƏRiN HƏYATA
KEÇİRİLMƏSİ ÜÇÜN
FƏALİYYƏT
Bu
bölmədə təhlükəli tullantıların
idarə olunması sistemi üzrə gələcəkdə
aparılması nəzərdə tutulan
dəyişikliklər və onların
reallaşdırılması üçün tələb
olunan fəaliyyətin istiqaməti verilmişdir.
2.1.
Qanunvericilik və tənzimləmə
2.1.1. Qanunvericiliyə ümumi
yanaşma
Təhlükəli
tullantıların idarə olunmasına nəzarət
məqsədi ilə kompleks tənzimləmə sistemi yaratmaq
üçün bir sıra yeni qanunvericilik aktları və
lazımi hüquqi əsas üzrə mövcud
qanunvericiliyə əlavə və dəyişikliklər
edilməsi tələb olunur. Bu zaman aşağıdakı
əsas prinsiplər nəzərə alınmalıdır:
mövcud
qanunvericiliyə əlavə və dəyişikliklərə
olan ehtiyac bütün müvafiq sənaye sektorları və
geniş ictimaiyyət tərəfindən başa
düşülməli və tərəfdar çıxılmalıdır;
cavabdeh
agentlik yeni qanunvericiliyə əlavə və
dəyişiklikləri səmərəli tətbiq etməli
və onun həyata keçirilməsini nəzarətdə
saxlamalıdır;
yeni
tərtib edilən qanunvericilik aktları aydın və
başa düşülən olmalıdır;
əvvəlki
qanunvericilikdə olan bütün ziddiyyətlər aradan
qaldırılmalıdır;
qanunvericiliyin
təsirinin təmin edilməsi üçün mövcud
ödənişlər və cərimələr
təkmilləşdirilməlidir.
2.1.2. Qanunvericilik üzrə
cavabdehlik
Mövcud
qanunvericiliyə əlavə və dəyişikliklərin
daxil edilməsi, eləcə də onun yerinə
yetirilməsinə riayət edilməsinə əsas cavabdehliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (bundan sonra — Nazirlik), öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və digər
müvafiq icra hakimiyyəti orqanları daşıyır.
2.1.3. Qanunvericilik
məsələləri
"İstehsalat
və məişət tullantıları haqqında"
Azərbaycan Respublikası Qanununda aşağıdakı
məsələlərə baxılmalıdır:
a) "Tullantılar"
anlayışının təyini
"Tullantılar"
və "təhlükəli tullantılar"
anlayışları "Təhlükəli
tullantıların sərhədlərarası
daşınması və kənarlaşdırılmasına
nəzarət haqqında, Bazel Konvensiyası"nın
tələblərindəki təriflərdən istifadə
etməklə dəqiq müəyyən olunmalı və yerli
şərait nəzərə alınmaqla, Azərbaycanın
mövcud qanunvericilik terminologiyasına daxil olunmaq
üçün modifikasiya edilməlidir.
"Təhlükəli
tullantılar" məfhumu tullantıların
növünün siyahısına və onların
təhlükəli xassələrinə istinadən
müəyyən edilməlidir.
b) Tullantıların təsnifatı
(klassifikasiyası)
Ən
yaxşı beynəlxalq təcrübəni tətbiq etmək
məqsədi ilə təhlükəli tullantıların
təsnifatı sistemi Bazel Konvensiyasının 3 nömrəli
əlavəsinə və digər beynəlxalq standartlara
uyğun tərtib edilməli və onun istifadəsi məcburi
sayılmalıdır. Keçid dövründə
tullantıların təhlükəliliyi və
təsnifatının təyin olunması prosesinə
kömək məqsədi ilə maddələrin toksiklik
dərəcəsinə əsaslanan 4 sinifli mövcud
təsnifat sistemindən və standartlardan müqayisəli
şəkildə istifadə edilməlidir.
c) Təhlükəli tullantı
istehsalçılarının qeydiyyatı
Hər
bir tullantı istehsalçısından hər il əmələ
gələn, emal olunan, utilləşdirilən və
saxlanılan tullantıların növünü,
miqdarını, eləcə də emal və ya
basdırılma üsullarını göstərməklə
Nazirlikdə qeyddən keçmələri tələb olunur.
Təhlükəli tullantı istehsalçılarının
qeydiyyata alınması qaydaları Nazirlik tərəfindən
hazırlanmalıdır.
ç) Təhlükəli
tullantıların idarə olunması üzrə
qurğuların sertifikatlaşdırılması
Mövcud
sertifikatlaşdırma sisteminə qurğuların
sertifikatlaşdırılması əlavə edilməli
və təhlükəli tullantıların idarə
olunması üzrə qurğuların sertifikatlaşdırma
standartları vahid dövlət sistemi əsasında
yaradılmalıdır. Müasir standartlar gələcək 5
il üçün tələb olunan qurğulara müvafiq olaraq
təcili hazırlanmalıdır. Daha uzun müddətə
çox güman ki, texnologiyalar və beynəlxalq standartlar
dəyişiləcəkdir.
d) Tullantı
daşıyıcılarının uçotu
Təhlükəli
tullantı daşıyıcılarının uçotu da
müvafiq uçot sisteminə daxil edilməlidir.
e) Tullantıların
yerdəyişməsi üzərində nəzarət və
monitorinq
Tullantıların
yerdəyişməsinin uçotu onların
əmələgəlmə anından son
kənarlaşdırma anınadək
("beşikdən-qəbirədək") prosesi
müşayiət edən sənədləşdirmə
sistemi ilə aparılmalıdır.
y) Bazel Konvensiyası
Bazel
Konvensiyasının prinsip və şərtlərinin icra
olunması məqsədi ilə təşkilati-hüquqi
işlər aparılmalı və bu sahədə səlahiyyətli
orqana və onun ayrılmış mərkəzinə
lazımi texniki və maddi yardım göstərilməlidir.
f) İdentifikasiya və
çirkləndirilmiş sahələrin bərpası
Çirkləndirilmiş
sahələrin bərpası, üstünlüyünün
müəyyən olunması və xarakterik
xüsusiyyətlərinin qiymətləndirilməsi
üçün standartlar və meyarlar (kriteriyalar)
yaradılmalıdır.
g) Mövcud çirklənmə
İnsanların
təhlükəli tullantıların təsirinə məruz
qalmasının, ekosistemin vəziyyətinə ciddi təsirin
və transsərhəd çirklənmələrin qarşısını
almaq məqsədi ilə dövlət tərəfindən
təxirəsalınmaz müdaxiləyə ehtiyac duyulduğu
hallarda, ekoloji öhdəliklər üçün məsuliyyət
daşıyan tərəfin
müəyyənləşdirilməsi barədə
qərarlar əhalinin sağlamlıq məsələləri,
ətraf mühitə və ümumi resurslara təsir
nəzərə alınmaqla qanunvericiliyə müvafiq qaydada
hər bir hal üçün ayrıca olaraq qəbul olunur.
ğ) Qəza və
fövqəladə vəziyyətdə cavab tədbirləri
Təhlükəli
tullantıların xüsusiyyətlərinə uyğun olaraq
qəza və fövqəladə vəziyyətlərdəki
cavab tədbirlərinə yenidən baxılmalı və
təkmilləşdirilməlidir.
2.1.4. Həyata keçirmə
müddətləri
Bütün
yuxarıda göstərilən məsələlər də
daxil olmaqla, mövcud qanunvericiliyə ediləcək
dəyişikliklər və əlavələr mümkün
qədər tez hazırlanmalı və təsdiq edilmək
üçün müvafiq icra hakimiyyəti orqanına
təqdim edilməlidir.
2.2.
Sahələrarası və təşkilati tədbirlər
2.2.1. Tənzimləmə
məsələləri
Təhlükəli
tullantıların idarə olunmasına səmərəli
nəzarət etmək üçün
aşağıdakı tədbirlərin yerinə
yetirilməsi tələb olunur:
●
təhlükəli tullantıların müəyyən
edilməsi, onların Bazel Konvensiyasının təsnifat
sisteminə uyğun sistemləşdirilməsi və həmin
Konvensiyanın 6-cı maddəsinə uyğun
daşınmasını təmin etmək üçün
təhlükəli tullantıların
sərhədlərarası daşınması (idxal, ixrac
və tranzit) qaydalarının təkmilləşdirilməsi;
●
təhlükəli tullantıların idarə olunması
sahəsində müvafiq qanunvericiliyə əlavə və
dəyişikliklərin edilməsi;
●
təhlükəli tullantıların
inventarlaşdırılması üzrə məlumatların
toplanması;
●
təhlükəli tullantı istehsalçılarının
müəyyən edilib qeydə alınması və
əmələ gələn, saxlanılan, emal olunan və
basdırılan tullantıların, eləcə də
onların növünün və miqdarının
uçotunun aparılması;
●
tullantıların əmələ gəlməsinin qeydə
alınmasını, onların saxlanmasının,
qablaşdırılmasının və
basdırılmasının ekoloji təmiz üsullarla
aparılmasını və əmələ gəlməsinin
azaldılmasına çalışıldığını
müəyyən etmək məqsədi ilə tullantı
istehsalçılarının təftiş edilməsi;
●
təhlükəli tullantı
daşıyıcılarının təhlükəli
tullantıların daşınmasına görə müvafiq
şərtləri göstərən uçotunun
aparılması;
●
təhlükəli tullantı
daşıyıcılarının onların
qanunvericiliklə müəyyən olunmuş
şərtlərə uyğun fəaliyyəti və bu
şərtlərə (tələblərə) riayət
edilməsinə nəzarətin təşkili;
●
bütün təhlükəli tullantıların
əmələgəlmə anından son
kənarlaşdırma anınadək izləmə sisteminin
tətbiq edilməsi;
●
fərdi bildirişlərin təsdiq edilməsi və
yerdəyişmələrlə bağlı
sənədlərin işlənməsi;
●
təhlükəli tullantılar üçün
qurğuların tikintisi və istismarı üzrə
standartların müəyyən edilməsi;
●
bütün təhlükəli tullantıların idarə
olunması üzrə qurğuların “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq akkreditasiya olunmuş uyğunluğu
qiymətləndirən qurum tərəfindən
sertifikatlaşdırılmasının təşkil
edilməsi; [1]
● təhlükəli
tullantıların idarə edilməsi üzrə
qanunvericiliklə müəyyən edilmiş
tələblərə riayət olunmasını təmin
edən lazımi tədbirlər görmək
üçün tullantıların idarə olunması
qurğularının təftiş edilməsi;[2]
●
qəza vaxtı və ya təhlükəli
tullantıların axdığı ekstremal
vəziyyətdə cavab tədbirlərinin yerinə
yetirilməsinə tullantı istehsalçıları
tərəfindən zəmanətin verilməsi;
●
tullantı istehsalçıları,
daşıyıcıları, emal edənləri,
poliqonların operatorları və təhlükəli
tullantıların tənzimlənməsi və nəzarətində
iştirak edən bütün maraqlı tərəflər
üçün texniki məsələlər üzrə
təlimatların hazırlanması;
●
təhlükəli tullantıların əmələ
gəlməsinin azaldılmasına görə
həvəsləndirmə üsulunun tətbiq edilməsi;
●
təhlükəli tullantıların əmələ
gəlməsi, onların emalı və basdırılması
barədə ictimaiyyət qarşısında hesabatların
verilməsi;
●
təhlükəli tullantıların idarə olunması
məsələləri üzrə ictimaiyyətin
məlumatlandırılmasının
genişləndirilməsi;
●
təhlükəli tullantıların idarə olunması
problemləri ilə bağlı tədqiqatların
əlaqələndirilməsi;
●
tullantı istehsalçılarına və digər
tərəflərə təhlükəli tullantıların
lazımi səviyyədə idarə olunmasına dair
tövsiyələrin verilməsi.
2.2.2. Cavabdeh idarəetmə
orqanının strukturu
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli, 59
nömrəli Sərəncamına əsasən Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan
olduğundan, yuxarıda göstərilən
sahələrarası və təşkilati tədbirlər
sahəsində də səlahiyyətli orqandır. Uçotun
(qeydin) aparılması, sertifikatlaşdırılmanın
təşkili Nazirliyin müvafiq orqanı
tərəfindən icra olunmalıdır. Bu sahədə
çalışan əməkdaşların peşə
hazırlığının yüksəldilməsi məqsədi
ilə treyninqlər təşkil edilməlidir.
Cavabdeh
orqan tərəfindən tənzimləmə işləri
mərhələlərlə həyata keçirilməlidir.
İlk əvvəl qurğuların sertifikatlaşdırılmasının təşkili,
onların mövcud qanunvericilik qaydalarına uyğunluğu,
müfəttişlik və müşahidə mərkəzi
səviyyəsində yerinə yetirilməlidir.
Gələcəkdə isə mövcud qanunvericiliyə
riayət olunmasına nəzarət təhlükəli
tullantıların ən çox əmələ gəldiyi
aşağıdakı 5 əsas sənaye
şəhərinə yönəldilməlidir:[3]
Bakı,
Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı.
Sonradan,
digər rayonların əməkdaşları tullantılarla
əlaqədar problemləri səlahiyyətləri
çərçivəsində özləri həll
etmələri üçün peşə
hazırlığı kursları keçməlidirlər.
2.2.3. Xidmət
göstərilməsinin strukturu
Dövlət
nəzarəti altında, beynəlxalq miqyasda qəbul
olunmuş standartlara müvafiq olaraq, təhlükəli
tullantıların idarə olunması üçün
yaradılmış və qurğuların hazırlanmasına
və uzunmüddətli istismarına cavabdeh olan məhdud
məsuliyyətli cəmiyyət öz fəaliyyəti
dövründə digər yerli və xarici investorlarla əməkdaşlıq
edə bilər.
2.2.4. Həyata keçirilmə
müddətləri
Təhlükəli
tullantıların idarə olunması üzrə yeni
qanunvericilik aktları qüvvəyə minən andan Nazirlik
və onun müvafiq strukturları tənzimləmə və sertifikatlaşdırılmanın
təşkili üzrə məsuliyyəti öz üzərinə
götürəcəkdir.[4]
2.3.
Məlumatlar və hesabat
2.3.1. Tullantıların
inventarlaşdırılması
Məlumatların
toplanmasına qoyulan əsas tələblər
təhlükəli tullantıların inventarlaşmasına
hazırlıqla və inventarlaşdırılmasının
aparılması ilə əlaqədardır.
İnventarlaşdırma işləri tullantıların cari
əmələ gəlməsi, atarlarda mövcud tullantılar,
təhlükəli tullantıların atıldığı
əvvəllər əmələ gəlmiş zibilxanalarda
aparılmalıdır. İnventarlaşdırmanın
həyata keçirilməsi üçün
eyniləşdirmə (identifikasiya) və təsnifat
(klassifikasiya) sistemindən istifadə etməklə, standart
üsullar işlənib hazırlanmalı və
testləşdirilməlidir. Bu işlər Nazirliyin və ya
onun müvafiq strukturlarının xüsusi
hazırlıqlı bir qrup əməkdaşı
tərəfindən həyata keçirilməlidir.
Təhlükəli
tullantıların inventarlaşdırılması ən
azı 5 ildən bir aparılır.
Tullantı
istehsalçıları hər il qanuna müvafiq olaraq
ərazilərində saxlanılan, əmələ
gələn, emala və basdırılmaya göndərilən
tullantılar haqqında məlumat (hesabat) verməklə,
Nazirlikdə qeydə alınmalı və qanunvericilikdə
nəzərdə tutulmuş qaydada təhlükəli
tullantının pasportlaşdırılmasını
aparmalıdırlar. Bu sistemin tətbiqi tədricən
inventarlaşdırma məlumatlarının
dəqiqləşdirilməsinə gətirib
çıxaracaqdır.
Tullantı
istehsalçıları, həmçinin tullantıların
emalına, basdırılmasına, daşınmamış
tullantıların sertifikata malik qurğularda
təhlükəsiz saxlanılmasına zəmanət
verməyə borcludurlar. "İstehsalat və
məişət tullantıları haqqında"
Azərbaycan Respublikası Qanununa ediləcək əlavə
və dəyişikliklər qüvvəyə minəndən
və ya bu sahədə digər normativ hüquqi aktlar
qəbul edildikdən sonra, tullantı
istehsalçılarından tullantılar haqqında dəqiq
məlumat alınmasının stimullaşdırılması
üçün 3 illik güzəşt tətbiq
olunacaqdır. Bu müddət ərzində tullantıların
mövcudluğu və bu tullantıları harada
yerləşdirdikləri barədə dəqiq məlumat
verən tullantı istehsalçıları tullantıların
öz ərazilərində saxlanılmasına icazə
almadıqlarına görə qanunla nəzərədə
tutulan məsuliyyətdən azad olunacaqlar.
Belə
qeydə alınma aparılmayacağı və ya yalan
məlumat veriləcəyi təqdirdə, onlar
qanunvericiliklə müəyyən olunmuş qaydada
məsuliyyətə cəlb olunacaqlar. Bu güzəştin
məqsədi saxlanılan təhlükəli
tullantıların gələcəkdə emala
(basdırılmaya) cəlb olunması üçün
onların növləri və miqdarı barədə səhih
məlumat əldə etməkdən ibarətdir.
2.3.2. Tullantıların
təsnifatı (klassifikasiyası)
Təsnifat
sistemi təhlükəli tullantılar haqqında məlumat
toplama sisteminin vacib hissəsidir. Tullantıların yalnız
toksiklik xüsusiyyətlərinə əsaslanan mövcud 4
sinifli sistem tullantıların idarə edilməsi
sahəsində müasir tələblərə cavab
vermədiyindən, keçid dövrü təsnifatı
və Bazel Konvensiyasının tövsiyələrinə
uyğun yeni klassifikasiya sistemi tətbiq olunmalıdır. Bu
sistemdə tullantıların fiziki-kimyəvi xassələri
və mümkün emal üsulları göstərilir.
2.4.
İnsan ehtiyatları və imkanlar
2.4.1. Peşə
hazırlığının və kadr təminatının
səviyyəsi
Təhlükəli tullantıların
idarə olunması sisteminin tətbiqi Nazirliyin bu sahədə
kadr tərkibinin əhəmiyyətli dərəcədə
genişləndirilməsini tələb edir. Belə ki,
təhlükəli tullantıların idarə olunması
sahəsində fəaliyyət göstərən
əməkdaşların sayı həm Nazirlik
səviyyəsində, həm də regional səviyyədə
ekoloji duruma müvafiq olaraq artırılmalıdır.
Təhlükəli tullantılar üzrə
mövcud aparıcı komandanın
mütəxəssislərinin yeni işə qəbul
olunmuş mütəxəssisləri öyrətmələri
üçün təhlükəli tullantıların idarə
olunmasının bütün aspektləri üzrə Nazirliyin
Tədris Mərkəzində treyninq kursları təşkil
edilməlidir.
2.4.2. İdarəedici orqanın
maliyyələşdirilməsi
İdarəetməyə
lazımi imkanların yaradılması məqsədi ilə
Nazirliyin və onun regional idarələrinin bu sahədə
nəzərdə tutulan fəaliyyətlərinin
genişləndirilməsi maliyyə cəhətdən
dəstəklənməlidir.
Təhlükəli
tullantıların idarə edilməsində Nazirliyin bu
sahədə fəaliyyət göstərəcək tabeli
qurumunun mütəxəssisləri dövlət
büdcəsindən, Nazirliyin təşəbbüsü
ilə yaradılan və poliqonun operatoru statusuna malik olan
idarəedici orqan isə beynəlxalq təcrübədə
qəbul olunmuş "çirkləndirən
ödəyir" prinsipinə əsasən təhlükəli
tullantıların istehsalçılarının
ödənişləri hesabına
maliyyələşdiriləcəkdir. Ödənişləri
elə səviyyədə təyin etmək lazımdır ki,
həm tənzimləmə üzrə, həm də lazımi
qurğuların istismarı və xidmətlərin
göstərilməsinin təmin edilməsi üzrə
xərcləri ödəməyə kifayət etsin.
Qurğuların
tikilərək istifadəyə yararlı hala
salınmasından təxminən bir il əvvəl
idarəedici orqan yaradılmalıdır. Bu səbəbdən
idarəedici orqan inkişaf prosesində dövlət
büdcəsindən maliyyələşdiriləcəkdir.
İlk vaxtlar bu maliyyələşdirmə
təhlükəli tullantıların
istehsalçılarından alınmış
ödənişlər hesabına qaytarılması
şərti ilə, dövlətdən alınmış borc
hesabına edilə bilər.
2.5.
Maliyyələşdirmə və kapital qoyuluşunun
qaytarılması
Təhlükəli
tullantıların idarə olunması üzrə yeni
qurğuların maliyyələşdirilməsi.
a) Giriş
Kifayət
qədər və etibarlı pul daxilolmaları
axınının yaradılacağı halda,
təhlükəli tullantıların dövlət
idarəetmə sisteminin işlənib hazırlanması
üçün lazım olan maliyyələşdirilmənin
uzunmüddətliliyinin təmin edilməsi mümkün
olacaqdır. Ona görə də, ilk növbədə
diqqəti belə pul daxilolmaları axınının
alınması və artımı üçün praktik
mexanizmin işlənib hazırlanmasına və
tətbiqinə yönəltmək lazımdır.
b) Xidmət göstərilməsinin
korporativ strukturu
İlk
vaxtlar təhlükəli tullantıların praktiki
idarəetmə sistemləri və qurğuları
əsasən yeni yaradılmış idarəedici orqan
tərəfindən idarə ediləcəkdir. Yaradılacaq bu
idarəedici orqan təhlükəli tullantıların idarə
edilməsi üçün nəzərdə tutulmuş
təşkilatın işləməsini nümayiş
etdirəcək və gələcəkdə (müvafiq
qaydada) tam özəl bir quruma (qurumlara)
çevriləcəkdir.
Bu
idarəedici orqanın ilk vaxtlar Azərbaycanda
təhlükəli tullantıların idarə olunması
üzrə xidmətlərin göstərilməsi
sahəsində monopol provayder olacağı gözlənilir.
Lakin dövlət bu idarəedici orqanın öz monopol hakimiyyətindən
sui-istifadə etməsinə imkan verməməlidir.
Təhlükəli
tullantıların idarə olunması üzrə
ödənişlər və üzvlük haqları
idarəedici orqanın maliyyə cəhətdən yaşama
qabiliyyətinin və sistemin dayanıqlığının
tələb olunan səviyyəsinin keçməməsini
təmin edəcəkdir.
İdarəedici
orqanın fəaliyyəti dövründə
təhlükəli tullantıların idarə olunması
üzrə əsas xidmətlərin
göstərilməsində monopoliya yaranması
ehtimalının olmasına baxmayaraq, bu, özəl sektorun
maliyyələşdirilməsinə və tullantıların
idarə olunması üzrə müəyyən olunmuş
xidmət növlərinin (xüsusi ilə neftçıxarma
sahəsində və tullantıların sement sobalarında
yandırılması) kommersiya əsaslarında təmin
olunmasına mane olmayacaqdır.
c) Rəhbərliyin həyata
keçirilməsi üzrə kontrakt
İdarəedici
orqan müəyyən olunmuş müddətə
qurğuların idarə olunmasına və xidmət
göstərilməsinə dair ilkin kontraktı
təhlükəli tullantıların idarə olunması
sahəsində təcrübəsi və səriştəsi
olan təşkilata verəcəkdir.
ç) Maliyyələşdirmə
Təhlükəli
tullantıların idarə olunması üzrə
dövlət sisteminin tam həyata keçirilməsi
üçün lazım olan əksər əsaslı
investisiyalar beynəlxalq və (və ya) yerli
maliyyələşdirici təşkilatlardan borc almaq yolu ilə
aparıla bilər.
Sistemin
işlənib hazırlanmasında çəkilən
xərclərin ödənilməsi üçün xarici
donorlardan qrantların — geri qaytarılmayan subsidiyaların
alınması imkanlarından fəal istifadə etmək
lazımdır.
d) Lazımi pul daxilolmaları
axınının təmini
Təhlükəli
tullantıların idarə olunması üzrə lazımi
xidmət və qurğular yarandıqdan sonra, özəl
sektordakı tullantı istehsalçılarına
tullantıların idarə olunması sisteminin istismarı
və xidmət üzrə xərcləri tam ödəmək
şərti ilə bu sistemdən istifadə imkanları
yaradılacaqdır.
Mövcud
iqtisadi durum və dövlət
müəssisələrində vəziyyət
nəzərə alınaraq, ilk illər dövlət
müəssisələri üçün müəyyən
olunmuş ödəniş mexanizmi daxil ediləcəkdir. Bu
halda tullantı istehsalçıları, öz
tullantılarının idarə olunması üçün
illik ödənişlər ödəməli olacaqlar.
Ödəniş iki hissədən ibarət olacaqdır —
bütün tullantı istehsalçıları üçün
təyin olunmuş birdəfəlik tarif və əmələ
gələn tullantıların növü, miqdarı və
tullantı istehsalçısının illik əlavə
haqqı ödəmək qabiliyyətinə müvafiq
hesablanan dəyişən hissə.
İstehsalçının
(tullantı sahibinin) illik ödəyəcəyi
ödənişin dəyişən hissəsi ilk
növbədə, bu müəssisələrdən
tullantıların növü və miqdarına aid
alınmış mövcud məlumatlar və
təcrübəyə əsaslanaraq
qiymətləndiriləcəkdir. Birinci il onlar öz
məlumatlarının doğruluğunu əsaslandıran
təsdiq olunmuş faktlar təqdim etdikləri halda,
ödəniş haqqının müəyyən olunmuş
miqdarı azaldılacaqdır (güzəştli
ödəniş). Sonralar, əvvəlki il ərzində
yığılmış, emal olunmuş və
basdırılmış tullantıların növü və
miqdarına müvafiq olaraq əlavə ödəniº
haqlarına yenidən baxılacaqdır.
Dövlət
müəssisələri üçün ilkin əlavə
haqlar yalnız təhlükəli tullantıların idarə
olunması üzrə xidmətlərin təmin olunmasına çəkilən
xərclərin ödəniləcəyi səviyyədə
müəyyən ediləcəkdir. Sonrakı illərdə,
əlavə haqlar o vaxtadək silsiləli artmalıdır ki,
son nəticədə kapitalın amortizasiyası və
qurğuların idarə olunması üçün
maliyyələşdirilmə də daxil olmaqla, xidmət
göstərilməsinə çəkilən xərclər
tam ödənilməklə gəlir əldə edilsin. Hər
bir tullantı istehsalçısının
ödəyəcəyi ödəniş haqqının
miqdarı idarəedici orqan tərəfindən
qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun
olaraq müəyyən ediləcəkdir.
Tullantıların
idarə olunmasına görə yığımlardan
əmələ gələn pul daxilolmaları axını
xidmət göstərilməsinə çəkilən
xərcləri tam ödəmək üçün kifayət
edənədək, idarəedici orqanın
gəlirlərindəki kəsiri örtmək məqsədi
ilə dövlət maliyyə yardımı edəcəkdir.
e) "Baxımsız
tullantılardan" təmizləmənin
maliyyələşdirilməsi
Mənbəyi
va yaranması məlum olmayan təhlükəli
tullantıların təhlükəsiz
kənarlaşdırılması, emalı və
birdəfəlik basdırılması üzrə
uzunmüddətli proqram dövlət və ya donor
təşkilatların yardımı hesabına
maliyyələşdirilə bilər.
2.6.
Maraqlı tərəflərin məlumatlandırılması
və məlumat verilməsi
Dövlət
onunla maraqlı tərəflər arasında məlumat
mübadiləsinin əhəmiyyətini nəzərə
●
almalıdır, xüsusilə də:
●
tullantı istehsalçıları ilə;
●
tullantıların idarə olunması üzrə xidmət
provayderləri ilə;
●
ictimaiyyətlə.
Məlumatın
hazırlanması və verilməsi mərhələsində
tənqiddən qaçmamaq və dövlətin
qərəzsiz mövqeyini saxlamaq üçün qanunvericilik
əsasında iki yeni təşkilatın yaradılmasına
ciddi fikir vermək lazımdır. Bu təşkilatların
yaradılmasında məqsəd məlumatın verilməsinin
və əldə olunması səmərəliliyinin
artırılmasından, sənaye
nümayəndələrinə və Azərbaycan
ictimaiyyətinə informasiya hüququ verməkdən ibarətdir.
Bu təşkilatlar aşağıdakılardır:
●
Təhlükəli Tullantı
İstehsalçılarının Şurası (TTİŞ);
●
Təhlükəli Tullantılar üzrə
İxtisaslaşmış Qeyri-hökumət
Təşkilatı (TTİ QHT).
Məlumatın
verilməsi üzrə fəaliyyət, müvafiq olaraq
dövlət və QHT arasında bölünməlidir.
Nazirlik məlumatın verilməsi strategiyasının
tətbiqinə görə cavabdeh olmalıdır. Bu
məqsədlə mütəxəssislərin cəlb
olunmasına müəyyən qədər vəsait və QHT
üçün də maliyyə köməyi tələb
olunur.
2.7.
Tullantıların azaldılması və təkrar emalı
Tullantıların
azaldılması tullantıların səmərəli
istifadə olunması işində vacib aspektlərdən
biridir. Tullantıların əmələ gəlməsi məhsuldarlığın
azalmasına, emal və basdırılmaya çəkilən
xərclərin artmasına gətirib çıxarır.
İstehsal prosesində yaranan tullantıların miqdarını
azaltmaqla müəssisə həm xeyli qənaət edə
bilər, həm də ətraf mühitin
sağlamlaşdırılmasına xidmət
göstərmiş olar.
Əslində,
tullantıların azaldılması üzrə işin
əksəriyyəti onun konkret istehsalçısının
səyi ilə yerinə yetirilir. Nazirlik tərəfindən
isə ictimaiyyətin məlumatlandırılması, texniki
məsləhətləşmələr və
tullantıların azaldılması üçün
istehsalçıların həvəsləndirilməsi
işləri aparılacaqdır.
2.8.
Emal variantlarının seçilməsi və onların
tətbiqinin üstünlüyü
Təhlükəli
tullantıların idarə olunması üzrə
fəaliyyət sahələrinin üstünlüyü
aşağıda verilmişdir. Təhlükəli
tullantıların idarə olunması üzrə idarəedici
orqanın orta və aşağı üstünlüklü
fəaliyyət sahələrini tullantılarla təmin
etmək sahəsində fəaliyyəti özəl sektorun
və operatorların investisiya qoymaq istəklərini
nümayiş etdirmələrindən asılı
olacaqdır. Ulduzla qeyd olunmuş fəaliyyət
sahələri özəl sektor və ya ayrı-ayrı
tullantı istehsalçıları tərəfindən
təmin olunmalıdır.
Emal, basdırma prosesinin prioritetliyi
Yüksək üstünlük
səviyyəli (2004 — 2005-ci illər):
●
nəzarət olunan poliqonlar;
●
müvəqqəti saxlama;
●
torpaqların emalı (təmizlənməsi);
●
sement sobalarında yandırma.
Orta üstünlük
səviyyəli (2005 — 2010-cu illər):
●
fiziki-kimyəvi emal;
●
tibbi tullantıların yandırılması;
●
turş qudronlar üçün xüsusiləşdirilmiş
emal.
Aşağı üstünlük
səviyyəli (2010-cu ildən sonra):
●
yüksək temperaturlu yandırma;
●
həlledicilərin emalı;
●
"qırmızı şlam"ın basdırılması
(və ya emalı) üçün qurğu;
●
bərkitmə.
2.9.
Mövcud çirkləndirmə
Torpaqların
çirkləndirilməsinin qarşısının
alınması müvafiq olaraq cavabdehliyin bölünməsi,
insan sağlamlığının müdafiəsi və
ətraf mühitə vurulan zərərin minimumadək
azaldılmasına əsaslanır. Çirkləndirilmiş
torpaqların bərpası və yeraltı suların
mövcud çirklənmədən qorunması
üçün bir sıra mütləq meyarlar
müəyyən edilməlidir. Bu meyarlar müxtəlif risk
reseptorlarının, məsələn, isanların, ekosistemin
və tikililərin müdafiəsinin təmin edilməsinə
zəmanət verməlidir. 2004-cü ildən başlayaraq,
Nazirlik istifadə olunan konkret sahələrə aid spesifik
çirkləndirici maddələrin
qiymətləndirilməsi metodologiyasının və bu
kriteriyaların işlənib hazırlanmasına cavabdehliyi
öz üzərinə götürməlidir.
Meyarlar
işlənib hazırlandıqdan sonra, mövcud
ərazilərin çirkləndirilməsi registri
hazırlanmalı və lazımi təmizlik işlərinin
aparılması üçün üstün
fəaliyyətlər müəyyən edilməlidir. Daha
sonra, maliyyələşdirmə ərəfəsində daima
təkmilləşdiriləcək fasiləsiz
təmizləmə proqramı işlənib
hazırlanmalıdır.
2.10.
Texniki infrastrukturun yaradılması
İdarəedici
orqanın fəaliyyətinə, tullantı
istehsalçılarına, eləcə də
tullantıların idarə olunması üzrə
podratçılara kömək məqsədi ilə texniki
infrastrukturun yaradılması lazımdır. Buraya
testləşdirmə üzrə rəsmi müəyyən
olunmuş laboratoriyalar, tullantılardan nümunə
götürmək üçün standart prosedurlar və
texniki rəhbərlik üçün
sənədləşdirmələr daxil olmalıdır.
3.
STRATEGİYANIN İCMALI VƏ MONİTORiNQ
Təhlükəli
tullantıların idarə olunması strategiyası
uzunmüddətli prosesin yalnız ilk mərhələsidir.
Təhlükəli tullantıların idarə olunmasında
təkmilləşməyə tələbat var, bu işlə
bağlı vəziyyət dəyişə bilər və
dəyişəcəkdir. Dəyişikliklərin həyata
keçirilməsi üsullarının, real yerinə
yetirilməsi müddətlərinin qüvvədə
qalmasına nail olmaq üçün daimi monitorinqin və
müntəzəm icmalın keçirilməsi vacib
məsələdir.
Yuxarıda
göstərilənləri nəzərə alaraq, Nazirlik
Strategiyanın tətbiqinə, eləcə də təhlükəli
tullantıların idarə olunması sahəsində
sonrakı tədbirlərə dair monitorinq
keçirməlidir. Monitorinq prosesində
aşağıdakı məsələlərə xüsusi
diqqət yetirilməlidir:
●
tullantıların əmələ gəlməsinin
qarşısının alınması;
●
ekoloji təhlükəli təsirin və riskin
azaldılması;
●
tullantıların utilizasiya və təkrar emalı
səviyyəsinin artırılması;
●
təhlükəli tullantı üzrə əsas
istehsalçıların fəaliyyəti;
●
yeni sistem və qurğuların işlənib
hazırlanması;
●
tullantıların əhalinin sağlamlığına
təsirinin proqnozlaşdırılması.
Bu
Strategiyaya hər beş ildən bir baxıla və
əlavələr oluna bilər.
4.
HƏYATA KEÇİRMƏ PLANI
Bu
Strategiyada göstərilmiş hər bir fəaliyyət
növünün yaxın illərdə həyata
keçirilməsinin inteqrasiya olunmuş planı tərtib
olunacaqdır. Cavabdehliyin müfəssəl təsviri,
tələb olduqda, müvəqqəti qrafikə yenidən
baxılması nəzərə alınmaqla, Strategiyanın
təsdiq olunmasından sonra həyata keçirmə planı
müvafiq dövlət strukturları ilə
razılaşdırılacaqdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 14 may 2020-ci il tarixli 173 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
644)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 may 2020-ci il tarixli 173 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
644) ilə “Azərbaycanda təhlükəli
tullantıların idarə olunmasının Dövlət
Strategiyası”nın 2.2.1-ci yarımbəndinin 2.1.1. on ikinci
abzasda “qurğulara müvafiq
şərtlərlə sertifikatın verilməsinə
zəmanətin təmin edilməsi” sözləri “qurğuların “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən
qurum tərəfindən sertifikatlaşdırılmasının
təşkil edilməsi” sözləri ilə əvəz
edilmişdir.
[2] 14
may
2020-ci il tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
644) ilə “Azərbaycanda təhlükəli
tullantıların idarə olunmasının Dövlət
Strategiyası”nın 2.2.1-ci yarımbəndinin 2.1.1. on
üçüncü abzasda “sertifikatın
şərtlərinə əməl olunmasını və bu”
sözləri “təhlükəli
tullantıların idarə edilməsi üzrə
qanunvericiliklə müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[3] 14
may
2020-ci il tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
644) ilə “Azərbaycanda təhlükəli
tullantıların idarə olunmasının Dövlət
Strategiyası”nın 2.2.2-ci yarımbəndin birinci
abzasında “sertifikatların
verilməsi” sözü “sertifikatlaşdırılmanın
təşkili” sözləri ilə, ikinci abzasında “sertifikatlaşdırılması”
sözü “sertifikatlaşdırılmasının
təşkili” sözləri ilə əvəz
edilmişdir.
[4] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹ 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 644) ilə “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın 2.2.4-cü yarımbəndin “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə əvəz edilmişdir.