Azərbaycan
dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasında
dövlət dili haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 26 may tarixli 71 nömrəli Fərmanına uyğun
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Azərbaycan dilinin orfoqrafiya
qaydaları" təsdiq edilsin (əlavə olunur).[1]
2. Azərbaycan SSR Nazirlər Sovetinin
"Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın
təsdiq edilməsi və Azərbaycan əlifbasında
bəzi dəyişikliklər edilməsi haqqında"
1958-ci il 24 iyul tarixli 497 nömrəli və "Azərbaycan
dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi
haqqında" 1959-cu il 6 aprel tarixli 268 nömrəli
qərarları qüvvədən düşmüş hesab edilsin.
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5
avqust 2004-cü il
¹ 108
|
Azərbaycan dilinin
orfoqrafiya
qaydaları
Saitlərin
yazılışı
1. O saitli alınma sözlər a və
ya o ilə deyilməsindən asılı olmayaraq o ilə
yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv,
kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem,
professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü
ilə də yazılır: alüminium, bülleten,
büro, jüri.
3. Aşağıdakı sözlər
ədəbi tələffüzdə olduğu kimi iki heca
ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin,
isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir,
şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən
alınma sözlərdən aşağıdakılar a -sız
yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom,
kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet,
reklam, sistem, sitat.
Samitlərin
yazılışı
5. Birinci hecasındakı samiti həm n,
həm də m ilə deyilən sözlər n ilə
yazılır: anbar, qənbər, zənbil, günbəz,
sünbül, şənbə.
Kombayn, kombinat, kömbə, pambıq
sözləri istisnadır.
6. Əslində sonu qoşa samitlə
bitən iki və ya çoxhecalı sözlər bir
samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal,
mühüm, proses, sərhəd, hüsnxət.
7. Sonu-iy, -skiy ilə qurtaran
xüsusi və ümumi alınma isimlərin sonundakı y
yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari,
profilaktori, sanatori.
Qeyd. Kimyəvi element adları əslinə
uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
8. Rus dilində tərkibində u olan
ümumi isimlər s ilə yazılır: dosent, konsert,
sex, sirk, semnt, lisey.
Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün
əvvəlində s, sözün ortasında və
axırında ts yazılır:
Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart,
Muromets.
9. Rus dilində tərkibində ş olan
alınma sözlərin əvvəlində və
axırında bir ş, sözün ortasında isə
iki ş (şş) yazılır: Şedrin, Şerba,
şotka, borş, Vereşşaqin, Quşşin,
meşşan.
10. Əsli h samitli alınma
sözlər h ilə yazılır: Heynə, hektar,
Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
11. Əsli c samitli alınma sözlər c
ilə də yazılır: Cek London, cemper, Siciliya.
12. Əsli q samitli alınma
sözlər incə saitli hecalarda g ilə
yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya,
gigiyena, gimnastika, gitara.
Sözün
müxtəlif yerlərindəki qoşa sait və
samitlərin yazılışı
13. Qoşa saitlə deyilən
sözlər qoşa saitlə də yazılır: maaş,
saat, camaat, bədii, əmtəə.
14. Təkhecalı sözlərin sonunda
qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd,
küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan
şəkilçi əlava olunduqda söz kökündəki
qoşa samitdən biri düşür: zid-dir, sir-daş,
fən-lər, xət-siz, his-siz.
15. İki sait arasında gələn
qoşa samitlər qoşa samitlə yazılır: ballada,
kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta,
nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel
sözləri və -ma hecası ilə qurtaran
sözlər aşağıdakı kimi yazılır: qrup,
anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Şəkilçilərin
yazılışı
16. Sözdüzəldici
şəkilçilər aşağıdakı kimi
yazılır:
1. Bir cür yazılan
şəkilçilər:
1) -i və ya -vi şəkilçisi:
daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi,
kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi:
buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan
şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan,
-kən; cingiltili samitlə bitənlərdə -ğan,
-gən şəkilçiləri: yapışqan,
çalışqan, döyüşkən,
sürüşkən, burulğan, deyingən.
3. Dörd cür yazılan
şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçisi:
axşamkı, bildirki, səhərki, onunku,
gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı,
-i, -u, -ü şəkilçisi: badımcanı,
darçını, narıncı, ceyranı, dərbəndi,
çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və
sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a) -ki, -qı, -kü, -qu: bıçqı,
seçki, pusqu, sürtkü;
b) -kin, -qın, -kün, -qun: bitkin,
satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə
bitənlərdə:
a) –gi, -ğı, -gü, -ğu: vergi,
çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin,
qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçisi
samitlə bitən sözlərdə: Dağıstan,
Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Rəqəmlə
yazılan miqdar saylarında şəkilçilərin
yazılışı
17. Rəqəmlə yazılan miqdar
saylarına mənsubiyyət və hal
şəkilçiləri əlavə edildikdə
şəkilçidən əvvəl defis qoyulur: 20-dən,
3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra
ahəngə görə sıra sayının
şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır:
6-cı, 2-ci, 10-cu, 3-cü.
Mürəkkəb
sözlərin yazılış
18. Bir vurğu ilə deyilən
mürəkkəb sözlər bitişik yazılır:
arabir, balacaboy, beşillik, beşmərtəbə,
qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu,
günəbaxan, gülərüz,
müxtəliftərəfli, özbaşınalıq,
soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü,
hərgecəki, ilbəil, günbəgün, qaçaqaç,
Bülbüloğlu, Qənbərqızı,
Həsənoğlu, Çərkəzqızı,
Əliağa.
19. Tərkibindəki sözlərin
səciyyəsindən asılı olaraq
aşağıdakı hallarda defisdən istifadə edilir:
1) qoşa sözlərdə: adda-budda,
az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu,
əzik-üzük, kağız-kuğuz, sür-sümük,
aşıq-aşıq, top-top;
2) tərkibində qeyri, əks, külli,
anti, eks, vitse, kontr, ober, super sözləri
işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab,
əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral,
ober-leytenant, super-market;
3) izafət tərkiblərində:
tərzi-hərəkət, nöqteyi-nəzər,
həddi-buluğ, tərcümeyi-hal;
4) tərkibində mənaca bir-birinə
yaxın və ya zidd sözlər işləndikdə: ab-hava,
alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat,
cənub-qərb, şimal-şərq, az-çox,
elə-belə, gec-tez, ağıllı-kamallı,
ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç,
gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz,
dinməz-söyləməz.
Köməkçi
sözlərin yazılışı
20. İdi, imiş, ikən köməkçi
sözləri adlardan (isim, sifət, say, əvəzlik) və
saitlə qurtaran fellərdən sonra ayrı, samitlə
bitən fellərdən sonra həm ayrı, həm də ilk
saiti buraxılaraq, şəkilçiləşmiş
variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata
ikən, uşaq idi, uşaq imiş, uşaq ikən,
gəlməli idi, gəlməli imiş, gəlməli
ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən,
gəlmiş imiş...
21. Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən,
-dək, -tək) aid olduqları sözə bitişik
yazılır: dağacan, evəcən,
küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər,
kimi, ötrü, təki, təkin, üçün, ilə)
aid olduqları sözdən ayrı
yazılır: evə qədər, adam kimi, ondan ötrü,
sənin təki, şagird üçün.
Qeyd. İlə qoşması samitlə
bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la,
-lə şəklində bitişik yazıla bilər.
22. Mənşəcə
mürəkkəb olan aşağıdakı
bağlayıcılar bitişik yazılır: yainki, yaxud,
nəinki, habelə, halbuki, həmçinin, hərgah,
hərçənd, çünki.
23. İki sadə bağlayıcıdan
və sadə bağlayıcı ilə başqa nitq
hissələrindən əmələ gələn
bağlayıcılar və bağlayıcı sözlər
bir-birindən ayrı yazılır: belə ki, buna
görə də, bununla da, bunun üçün, və ya,
və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona
görə, ona görə də, onun üçün də,
tutaq ki, həm də.
24. Ədatlar sözlərdən ayrı
yazılır: di get, gör ha, dedim də, sən ki, daha
gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana,
-sənə ədatları istisnadır.
Onlar aid olduqları sözlərə
bitişik yazılır: Qəşəngdirmi?
Kitabdırmı? Oxudumu? A kos-kosa gəlsənə, torbanı
doldursana?
Qeyd. -mı, -mi, -mu, -mü sual
ədatı -da, -də ədatından ayrı
yazılır: Sən də mi gedirsən? O yenə də mi
danışacaq?
25. Eyni nidanın təkrarından
əmələ gələn nidalar defislə yazılır:
bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
26. Müxtəlif sözlərdən
əmələ gələn nidalar ayrı yazılır: ay
aman, ay haray.
Birinci hərfi
böyük yazılan sözlər
27. Xüsusi isimlərin
(yardımçı sözlərdən başqa) birinci
hərfi böyük yazılır: Səməd Vurğun,
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli,
Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani,
Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi
Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...
28. Bədii əsərlərdə heyvanlar
və cansız əşyalar surət kimi
işlədildikdə onların adlarının birinci hərfi
böyük yazılır: Qırat, Alapaça, Bozdar,
Məstan...
29. Tarixi hadisələrin, dövrlərin,
sülalələrin, nomenklatur terminlə işlənən
yer adlarının, eləcə də qədim yazılı
abidələrin və s. adlarının birinci
sözünün birinci hərfi böyük yazılır:
Vətən müharibəsi, Yeddiillik müharibə, Versal
sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri,
Çaldıran döyüşü, Sasanilər
dövrü, Səfəvilər sülaləsi, Xəzər
dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Belə mürəkkəb adlara
fərqləndirici söz əlavə olunduqda onun da birinci
hərfi böyük yazılır: Orta Paleolit dövrü.
Son Paleolit dövrü.
30. Ölkələrin, muxtar
respublikaların, vilayət və diyarların rəsmi
adlarının tərkibindəki bütün sözlərin
ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası,
Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər
İcra Hakimiyyəti.
31. Yüksək dövlət
vəzifələri (Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Baş naziri,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri
adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum,
akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya,
eləcə də tarixi günlərin və s.
adlarının tərkibindəki bütün sözlərin
(yardımçı sözlərdən başqa) birinci hərfi
böyük yazılır: Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutu, M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev
adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan
Dövlət Nəşriyyatı, M.Mirqasımov adına
Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar
Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...
32. Orden, medal, bədii əsər, opera,
balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana,
nəşriyyat, kafe, restoran, düşərgə,
yeməkxana, mağaza və s. adları dırnaqda və
böyük hərflə yazılır: "İstiqlal"
ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və
oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq
sahillərdə" filmi, "Azərbaycan" qəzeti,
"Cücələrim" kafes, "Bahar"
mağazası, "Badamlı", "İstisu" mineral
suları...
Qeyd. Dırnaqda yazılan belə adlara
artırılan şəkilçi dırnaqdan kənarda
yazılır: "Xalq qəzeti"nin bugünkü
nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası...
33. Mirzə, hacı, şeyx, seyid, şah,
soltan, ağa, boy, bəyim, xan, xanım və s. sözlər
rütbə, ləqəb və titul bildirib sözlərdən
əvvəl gəldikdə böyük, sözlərdən
sonra gəldikdə isə kiçik hərflə
yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx
Nəsrallah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud,
Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan,
Heyran xanım...
İtxtisarlar
(abreviaturlar)
34. İxtisarlar üç cür
yazılır:
a) tam ixtisarlar aid olduqları
sözlərə (xüsusi və ya ümumi isimlər)
uyğun olaraq böyük və ya kiçik hərflə
yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş
Millətlər Təşkilatı), MM (Milli Məclis),
m.(metr), c. (cild)..;
b) yarımçıq ixtisarlar aid
olduqları sözlərə uyğun olaraq, böyük
və kiçik hərflərlə, mürəkkəb
adların tərkib hissələri isə bitişik
yazılır: akad. (akademik), prof. (professor), Azərkitab
(Azərbaycan kitabı), AzərTAc (Azərbaycan İnformasiya Agentliyi).;[2]
c) sözün orta hissəsinin
düşməsi ilə yaranan ixtisarlar defislə
yazılır: d-r (doktor), z-d (zavod)...
35. İxtisarlara əlavə edilən
şəkilçilər onların son hecasına uyğun
olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin...
Sözün
sətirdən sətrə keçirilməsi
36. Sözlər yeni sətrə hecalarla
keçirilir: və-tən, mək-təb-li-lər Bir
saitdən ibarət hecalar istisnadır: ai-lə-li...
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 may 2015-ci il
tarixli 199 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 06, maddə 775)
2. 16 aprel 2019-cu il tarixli 174
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 aprel 2019-cu il, ¹ 85, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə
767)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 aprel 2019-cu il tarixli 174 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti,
20 aprel 2019-cu il, ¹ 85, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə
767) ilə 1-ci
hissə ləğv edilmişdir.
[2] 22 may 2015-ci il
tarixli 199 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 06, maddə 775) ilə “Azərbaycan
dilinin orfoqrafiya qaydaları”nın 34-cü hissəsinin “b”
yarımbəndində “Teleqraf”
sözü “İnformasiya”
sözü ilə əvəz edilmişdir.