“Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2028-ci
illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə
təhsil alacaq gənclərin seçilməsi meyarları və
prosedurları üzrə Qayda”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər
Planının 9.2-ci bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət
Proqramı” çərçivəsində xaricdə təhsil alacaq
gənclərin seçilməsi meyarları və prosedurları üzrə
Qayda” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1
iyun 2022-ci il
№ 217
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 1 iyun tarixli 217 nömrəli
Qərarı ilə |
“Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2028-ci
illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə
təhsil alacaq gənclərin seçilməsi meyarları və
prosedurları üzrə
QAYDA[2]
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət
Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində
xarici ölkələrin ali təhsil müəssisələrində
bakalavriat, magistratura və ya
doktorantura səviyyələri üzrə təhsil alacaq
Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin
(bundan sonra – proqram iştirakçıları) seçimi meyarlarını və
prosedurlarını müəyyən edir.[3]
1.2. Proqram iştirakçıları bu Qayda ilə müəyyən
edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin
nəticələrinə görə seçilirlər.
2. Proqram iştirakçılarının seçimi meyarları
və prosedurları
2.1. Proqram
iştirakçılarının bakalavriat səviyyəsi üzrə seçimi aşağıdakı
meyarlar üzrə aparılır:
2.1.1. namizədin cari tədris ilində ümumtəhsil
müəssisələrinin buraxılış sinfində (XI sinif və ya
xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması
və ya tam orta təhsilə malik olması;
2.1.2. namizədin xarici ali təhsil
müəssisəsinə qəbul olunması;
2.1.3. namizədin xarici ali təhsil
müəssisəsində bakalavriat səviyyəsi üzrə
təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan
sonra – Nazirlik) tərəfindən müəyyən olunan prioritet
ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri
üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa
uyğun olması;[4]
2.1.4. namizədin təhsil alacağı xarici ali təhsil
müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa
çərçivə sənədinə (The Common European Framework of
Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1
səviyyəsində bilməsinə dair beynəlxalq
səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK,
IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;
2.1.5. namizədin ölkənin ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə
tələbə qəbulu üzrə aparılan qəbul imtahanları
çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq
texniki və texnoloji, təbiət, kənd təsərrüfatı,
səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb
təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun
olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550
bal toplaması;
2.1.6. təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin
bilik və bacarıqları;
2.1.7. namizədin məntiqi mühakimə yeritmək
bacarıqları;
2.1.8. namizədin kommunikasiya bacarıqları, özünəinam
və inandırma qabiliyyəti.
2.2. Proqram
iştirakçılarının magistratura səviyyəsi üzrə seçimi aşağıdakı
meyarlar üzrə aparılır:
2.2.1. namizədin cari tədris ilində ali təhsil
müəssisələrinin sonuncu tədris ilində təhsil
alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə
malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının
tanınması);
2.2.2. namizədin xarici ali təhsil
müəssisəsinə qəbul olunması;
2.2.3. namizədin xarici ali təhsil
müəssisəsində magistratura səviyyəsi üzrə
təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas
sahələri və nüfuzlu xarici ali təhsil
müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən
ixtisasa uyğun olması;
2.2.4. namizədin təhsil alacağı xarici ali təhsil
müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa
çərçivə sənədinə (The Common European Framework of
Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1
səviyyəsində bilməsinə dair beynəlxalq
səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK,
IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;
2.2.5. namizədin bakalavriat təhsil səviyyəsi
üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində, əsas (baza ali) tibb
təhsilində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta
Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan
yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə
şkalaları üzrə ekvivalentliyin təmin olunması);[5]
2.2.6. təhsil almaq istədiyi ixtisas üzrə namizədin
bilik və bacarıqları;
2.2.7. namizədin məntiqi mühakimə yeritmək
bacarıqları;
2.2.8. namizədin kommunikasiya bacarıqları, özünəinam
və inandırma qabiliyyəti.
2.2-1. Proqram iştirakçılarının doktorantura səviyyəsi
üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:[6]
2.2-1.1. namizədin cari tədris
ilində magistratura səviyyəsi üzrə ali təhsil
müəssisələrinin sonuncu tədris ilində təhsil
alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik
olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
2.2-1.2. xarici ali təhsil
müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin
ödənilməsi, namizəd tərəfindən transkriptin
və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun
təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali
təhsil müəssisəsinə şərtsiz qəbul olunması;
2.2-1.3. namizədin xarici ali təhsil
müəssisəsində doktorantura səviyyəsi üzrə
təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas
sahələri və nüfuzlu xarici ali təhsil
müəssisələri üzrə təhsil proqramlarının siyahısında
göstərilən ixtisasa uyğun olması;
2.2-1.4. namizədin təhsil alacağı xarici
ali təhsil müəssisəsinin tədris dilini dillər
üzrə ümumavropa çərçivə sənədinə (The Common
European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı
C1 səviyyəsində bilməsinə dair beynəlxalq
səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK,
IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;
2.2-1.5. namizədin Dövlət Proqramı
çərçivəsində xarici ali təhsil müəssisəsində
təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan
Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri
olmaqla ən azı 5 (beş) il müddətinə əmək
fəaliyyətinə cəlb edilməsi üçün əmək
müqaviləsi bağlamağa razılığının olması;
2.2-1.6. Azərbaycan Respublikası ali
təhsil müəssisəsinin namizədin xarici ali təhsil
müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra
əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla
əmək müqaviləsi bağlamağa razılığının olması;
2.2-1.7. namizədin elmi tədqiqat
işlərini aparmaq bacarıqları;
2.2-1.8. namizədin məntiqi mühakimə
yeritmək bacarıqları;
2.2-1.9. namizədin kommunikasiya bacarıqları,
özünəinam və inandırma qabiliyyəti.
2.3. Proqram
iştirakçılarının seçimi prosedurları:
2.3.1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü
illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin
beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı”na əsasən Nazirliyin nəzdində yaradılmış
Dövlət Proqramının idarəetmə qrupu (bundan sonra –
İdarəetmə Qrupu) tərəfindən namizədlərin bu
Qaydanın 3.2-ci bəndində göstərilən qaydada təqdim
etdiyi sənədlər əsasında onların bu Qaydanın 2.1.1–2.1.5-ci, 2.2.1–2.2.5-ci və 2.2-1.1–2.2-1.6-cı
yarımbəndlərində göstərilən meyarlara uyğunluğu
qiymətləndirilir.[7]
2.3.2. Namizəd Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq
səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə
təhsil almış abituriyentlərin ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbulu
Şərtləri”nin 5-ci hissəsinə uyğun olaraq beynəlxalq
təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının
minimum və maksimum hədləri aralığında nəticəyə
malikdirsə, namizədə bu Qaydanın 2.1.4-cü və 2.1.5-ci
yarımbəndlərinin tələbləri tətbiq
edilməyərək meyarların uyğunluğu qiymətləndirilir.
2.3.3. Namizədin akademik göstəricisi beynəlxalq
səviyyədə tanınan imtahan (SAT və ya ACT) üzrə ən
yüksək göstəricinin 75 faizi miqdarında və ya ondan yuxarıdırsa,
namizədə bu Qaydanın 2.1.5-ci yarımbəndinin tələbi
tətbiq edilməyərək meyarların uyğunluğu
qiymətləndirilir.
2.3.4. Bu Qaydanın 3.2-ci bəndində göstərilən
qaydada təqdim etdiyi sənədlər əsasında meyarların
uyğunluğu müəyyən olunan namizədlərin bu Qaydanın 2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və
2.2-1.7–2.2-1.9-cu yarımbəndlərində göstərilən
meyarlara uyğunluğu bu Qaydanın 4-cü hissəsinə əsasən
aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə
vasitəsilə qiymətləndirilir.[8]
2.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və
respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin
və yarışların siyahısı və onların qaliblərinin ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbulu
Qaydası”nın əlavəsində göstərilən beynəlxalq
fənn olimpiadalarının ən azı birindən qızıl, gümüş və ya
bürünc medal ilə təltif olunmuş namizədlərin bu Qaydanın
2.1.5–2.1.8-ci yarımbəndlərində göstərilən meyarlar
üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydanın
2.1.1–2.1.4-cü yarımbəndlərində göstərilən meyarlara
uyğunluğun qiymətləndirilməsinin
nəticələrinə görə proqram iştirakçısı seçilirlər.
2.3.6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun
tarixli 1354 nömrəli Fərmanı ilə təsis edilmiş
“Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədlərin bu
Qaydanın 2.2.5–2.2.8-ci və
2.2-1.7–2.2-1.9-cu yarımbəndlərində göstərilən
meyar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu
Qaydanın 2.2.1–2.2.4-cü və
2.2-1.1–2.2-1.6-cı yarımbəndlərində göstərilən
meyarlara uyğunluğun qiymətləndirilməsinin
nəticələrinə görə proqram iştirakçısı seçilirlər.[9]
2.3.7. Dövlət sifarişi və ya dövlət hesabına
Azərbaycan Respublikasında ali
təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura
səviyyələri üzrə təhsilin normativ müddətinin
yarısından artıq müddətdə təhsil alan, habelə
Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq
müqavilələri (hökumətlərarası təqaüd proqramları)
çərçivəsində xarici ali təhsil
müəssisələrində bakalavriat magistratura və ya doktorantura səviyyələri
üzrə təhsilini başa vurmuş şəxslər eyni təhsil
səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində
namizəd qismində iştirak edə bilməzlər.[10]
2.3.8. Namizədin təhsil almaq istədiyi və ya
təhsil aldığı ixtisasın tədrisi iki və ya daha artıq sayda
xarici ali təhsil müəssisəsində aparıldığı halda,
həmin müəssisələr Nazirlik tərəfindən
müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu
xarici ali təhsil müəssisələri üzrə təhsil
proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə
uyğun olmalıdır.
3. Sənədlərin qəbulu
3.1. Proqram iştirakçılarının seçimi barədə elan,
namizədlərdən sənədlərin qəbulunun son
tarixi göstərilməklə, hər tədris ilinin hər
semestrinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi
internet saytında verilir.[11]
3.2. Namizəd proqram iştirakçılarının seçimi prosedurunda
iştirak etmək üçün sənədlərin qəbulu
müddətində Nazirliyin rəsmi internet saytında “Xarici ali
təhsil müəssisəsində bakalavriat, magistratura və ya doktorantura səviyyələri
üzrə təhsil almaq üçün elektron ərizə”ni (bundan sonra –
elektron ərizə) doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci
maddələrinin tələbləri, həmçinin namizədin
uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə
alınmaqla ərizəyə aşağıdakı sənədlər
əlavə edilir:[12]
3.2.1. bakalavriat
səviyyəsi üzrə təhsil almaq məqsədilə:
3.2.1.1. namizədin cari tədris ilində ümumtəhsil
müəssisələrinin buraxılış sinfində (XI sinif və ya
xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil almasını
təsdiq edən arayış və ya tam orta təhsil və ya orta
ixtisas təhsili haqqında dövlət sənədinin surəti;
3.2.1.2. namizədin xarici ali təhsil
müəssisəsinə qəbul edildiyini və ya namizədin
xarici ali təhsil müəssisəsində təhsil aldığını
təsdiq edən sənədin (ingilis, rus və türk
dillərindən başqa digər dillərdə olan
sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan
dilinə tərcüməsi) surəti;
3.2.1.3. namizədin təhsil alacağı xarici ali təhsil
müəssisəsinin tədris dilini bilməsinə dair
beynəlxalq səviyyəli dil sertifikatının surəti;
3.2.1.4. namizədin ölkənin ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə
tələbə qəbulu üzrə aparılan qəbul imtahanının
nəticəsi barədə məlumat;
3.2.1.5. namizədin beynəlxalq təhsil proqramları
üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum
hədləri aralığında göstəricisini təsdiq edən müvafiq
təhsil müəssisəsindən arayışın surəti;
3.2.1.6. namizədin beynəlxalq səviyyədə
tanınan imtahan (SAT və ya ACT) nəticəsi üzrə
göstəricisini təsdiq edən müvafiq arayışın surəti;
3.2.1.7. namizədin beynəlxalq olimpiada qalibi olduğunu
təsdiq edən diplom və ya sertifikatın (ingilis, rus və türk
dillərindən başqa digər dillərdə olan
sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan
dilinə tərcüməsi) surəti;
3.2.1.8. namizədin sağlamlığı haqqında arayış (forma AZS086/1)
surəti;
3.2.2. magistratura
səviyyəsi üzrə təhsil almaq məqsədilə:
3.2.2.1. namizədin cari tədris ilində ali təhsil
müəssisəsinin sonuncu tədris ilində təhsil almasını
təsdiq edən arayış və ya bakalavr ali peşə-ixtisas
dərəcəsi haqqında dövlət sənədinin surəti;
3.2.2.2. namizədin xarici ali təhsil
müəssisəsinə qəbul edildiyini və ya namizədin
xarici ali təhsil müəssisəsində təhsil aldığını
təsdiq edən sənədin (ingilis, rus və türk
dillərindən başqa digər dillərdə olan
sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan
dilinə tərcüməsi) surəti;
3.2.2.3. bakalavriat səviyyəsi üzrə xarici ali
təhsilə aid kvalifikasiyanın tanınmasına dair
şəhadətnamənin (xaricdə ali təhsil aldıqda)
surəti;
3.2.2.4. namizədin xarici ali təhsil
müəssisəsində təhsil alma bacarıqları barədə
rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi
və ya elmi müəssisə və təşkilatda çalışan
professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü
tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd
əmək fəaliyyəti ilə məşğul olduğu halda,
məktublardan biri onun işəgötürəni tərəfindən
təqdim edilə bilər) surəti;
3.2.2.5. namizədin təhsil alacağı xarici ali təhsil
müəssisəsinin tədris dilini bilməsinə dair
beynəlxalq səviyyəli dil sertifikatının surəti;
3.2.2.6. namizədin transkriptinin (ÜOMG
göstərilməklə) surəti;
3.2.2.7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26
iyun tarixli 1354 nömrəli Sərəncamı ilə təsis edilmiş
“Yüksəliş” müsabiqəsinin qalibi olduğunu təsdiq edən
sənədin surəti;
3.2.2.8. namizədin sağlamlığı haqqında arayışın (forma
AZS-086/1) surəti;
3.2.3. doktorantura səviyyəsi üzrə təhsil almaq
məqsədilə:[13]
3.2.3.1. namizədin cari tədris
ilində magistratura səviyyəsi üzrə ali təhsil
müəssisəsinin sonuncu tədris ilində təhsil almasını
təsdiq edən arayış və ya magistr ali elmi-ixtisas dərəcəsi
haqqında dövlət sənədinin (xaricdə ali təhsil aldıqda
kvalifikasiyasının tanınmasına dair şəhadətnamənin) surəti;
3.2.3.2. namizədin xarici ali təhsil
müəssisəsinə qəbul edildiyini və ya namizədin
xarici ali təhsil müəssisəsində təhsil aldığını
təsdiq edən sənədin (ingilis, rus və türk
dillərindən başqa digər dillərdə olan
sənədlərin notariat qaydasında təsdiq edilmiş
Azərbaycan dilinə tərcüməsi) surəti;
3.2.3.3. magistratura səviyyəsi üzrə
xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair
şəhadətnamənin (xaricdə ali təhsil aldıqda)
surəti;
3.2.3.4. namizədin xarici ali təhsil
müəssisəsində təhsil alma bacarıqları barədə
rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi
və ya elmi müəssisə və təşkilatda çalışan
professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü
tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd
əmək fəaliyyəti ilə məşğul olduğu halda,
məktublardan biri onun işəgötürəni tərəfindən
təqdim edilə bilər) surəti;
3.2.3.5. namizədin təhsil alacağı xarici
ali təhsil müəssisəsinin tədris dilini bilməsinə
dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;
3.2.3.6. namizədin Dövlət Proqramı
çərçivəsində xarici ali təhsil müəssisəsində
təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan
Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri
olmaqla ən azı 5 (beş) il müddətinə əmək
fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi
bağlamağa razılığının olması barədə notariat qaydasında təsdiq
edilmiş ərizəsi;
3.2.3.7. Azərbaycan Respublikası ali
təhsil müəssisəsinin namizədin xarici ali təhsil
müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra
əsas iş yeri olmaqla əmək fəaliyyətinə cəlb
edilməsi üçün onunla ən azı 5 (beş) il müddətinə
əmək müqaviləsi bağlamağa razılıq məktubu;
3.2.3.8. Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 26 iyun tarixli 1354 nömrəli Sərəncamı ilə
təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olduğunu
təsdiq edən sənədin surəti;
3.2.3.9. namizədin sağlamlığı haqqında
arayışın surəti;
3.3. Elektron ərizə namizəd tərəfindən
təsdiq edildikdən sonra namizəd üçün Nazirliyin rəsmi
internet saytından girişi olan elektron şəxsi kabinet yaradılır.
3.4. Elektron şəxsi kabinet vasitəsilə namizəd
istənilən vaxt elektron ərizəsinin cari statusu
barədə məlumatı əldə edə bilər, habelə
bu Qayda ilə müəyyən edilmiş sənədləri və
məlumatları təqdim və əldə edə bilər.
3.5. Elektron ərizə namizəd tərəfindən
təsdiq edildikdən sonra məlumatların tamlığı qanunla
müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron şəxsi
kabinetə ərizə və ya sənədlərin natamamlığı (“İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun
30.5-ci maddəsinin tələbləri nəzərə
alınmaqla) və ya uyğunsuzluğu barədə məlumat
göndərildikdən sonra namizəd 3 (üç) iş günü ərzində
onların tamlığını təmin edib təkrar elektron ərizəni
təsdiq etməlidir. [14]
3.6. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 (otuz)
gün ərzində bu Qaydanın 2.3.1-ci yarımbəndinə
əsasən namizədin seçim meyarlarına uyğunluğunun
qiymətləndirilməsi aparılır və namizədin
müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması
barədə məlumat onun elektron şəxsi kabinetinə və
elektron ərizəsində qeyd etdiyi digər əlaqə
vasitələri ilə ona göndərilir.
3.7. Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:
3.7.1. bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla,
3.2.1-ci, 3.2.2-ci və 3.2.3-cü
yarımbəndlərində göstərilən sənədlər
natamam təqdim olunduqda və ya həmin
sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;[15]
3.7.2. bu Qaydanın 2.3.1-ci yarımbəndində
göstərilən qaydada aparılmış qiymətləndirmə
nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı
müəyyən edildikdə.
4. Müsahibənin keçirilməsi qaydası
4.1. Namizədlərlə müsahibələri Nazirlik
tərəfindən yaradılan və ictimai əsaslarla
fəaliyyət göstərən müsahibə komissiyaları aparır.
4.2. Müsahibə komissiyalarının tərkibi 3 (üç)
nəfərdən az olmamaqla, Nazirliyin, Azərbaycan Respublikası
Dövlət Neft Fondunun və namizədlərin ixtisas
istiqamətlərinə uyğun sahədə dövlət
siyasətini (tənzimləməni) həyata keçirən
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarından və
cəlb edilmiş mütəxəssislərdən formalaşdırılır.
4.3. Müsahibə komissiyalarına üzv olan Nazirliyin
əməkdaşları həmin komissiyalara sədrlik edirlər.
4.4. Müsahibə komissiyalarının üzvləri aşağıdakı
tələblərə riayət etməlidirlər:
4.4.1. müsahibəyə təyin edilmiş vaxtda
gəlmək və ya qoşulmaq;
4.4.2. müsahibəni üzrlü səbəb olmadan tərk
etməmək;
4.4.3. müsahibənin aparılmasına mane olan texniki, rabitə
və digər vasitələrdən istifadə etməmək;
4.4.4. namizədə yalnız bu Qaydanın 2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu
yarımbəndlərində göstərilən meyarlara uyğunluğunun
qiymətləndirilməsi üçün zəruri olan suallar vermək;[16]
4.4.5. sualları verərkən, bu Qaydanın 4.14-cü
bəndində göstərilən vaxt həddinə riayət
etmək;
4.4.6. müsahibənin gedişi zamanı namizədin bu və ya
digər meyara uyğun olub-olmaması barədə fikir
bildirməmək;
4.4.7. müsahibənin aparılmasına mane olan digər
hərəkətlərə yol verməmək;
4.4.8. namizədin qiymətləndirilməsi
nəticələrinin məxfiliyinə riayət etmək.
4.5. Namizədlər aşağıdakı tələblərə
riayət etməlidirlər:
4.5.1. müsahibəyə təyin edilmiş vaxtda
gəlmək və ya qoşulmaq;
4.5.2. üzrlü səbəbdən müsahibədə iştirak
edə bilməyəcəyi təqdirdə, təyin edilmiş
müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Nazirliyə bu
barədə məlumat vermək;
4.5.3. müsahibəni üzrlü səbəb olmadan tərk
etməmək;
4.5.4. bu Qaydanın 3.2.1.1–3.2.1.8-ci, 3.2.2.1–3.2.2.8-ci və 3.2.3.1–3.2.3.9-cu
yarımbəndlərində göstərilən sənədlərin
əslini və ya notariat qaydasında təsdiq edilmiş
surətlərini (ingilis, rus və türk dillərindən başqa
digər dillərdə olan sənədlərin notariat
qaydasında təsdiq edilmiş Azərbaycan dilinə
tərcüməsini) müsahibədə müsahibə komissiyasına
təqdim etmək;[17]
4.5.5. müsahibə komissiyasının üzvlərinə
hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək
dinləmək;
4.5.6. suallara mahiyyəti üzrə cavab vermək;
4.5.7. müsahibənin aparılmasına mane olan texniki, rabitə
və digər vasitələrdən istifadə etməmək.
4.6. Namizəd müsahibəyə müəyyən edilmiş
vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri
tərəfindən onun müsahibədə iştirak etməməsi
barədə akt tərtib edilir.
4.7. Bu Qaydanın 4.5.2-ci yarımbəndində
göstərilən qaydada məlumat vermədən
müsahibədə iştirak etməyən namizədlə həmin
tədris ili üçün aparılan seçim çərçivəsində yeni
müsahibənin keçirilməsinə yol verilmir.
4.8. Bu Qaydanın 4.5.2-ci yarımbəndində
göstərilən qaydada məlumat verməklə
müsahibədə iştirak etməyən namizədlə
İdarəetmə Qrupunun qərarı ilə həmin tədris ili
üçün aparılan seçim çərçivəsində 1 (bir) dəfədən
artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir.
4.9. Müsahibə komissiya üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. Müsahibələrin
nəticələri protokollaşdırılır. Müsahibənin
nəticəsi barədə protokol müsahibə komissiyasının
iclasında iştirak edən bütün üzvlər tərəfindən
imzalanır.
4.10. Hər iş günü ərzində müsahibələrin
keçirilməsi üçün ayrılmış müddət 6 (altı) saatdan artıq olmamalıdır.
4.11. Namizədləri əvvəlcədən
məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır.
4.12. Müsahibənin keçirildiyi tarix və məkan
barədə məlumat müsahibənin keçirilməsinə azı 3
(üç) iş günü qalmış müsahibə komissiyasının üzvlərinə,
namizədin elektron şəxsi kabinetinə və elektron
ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri
ilə ona göndərilir.
4.13. Müsahibə keçirilən gün müsahibədə iştirak
edəcək namizədlərin siyahısı və bu Qaydanın 2.3.1-ci
yarımbəndində göstərilən qaydada namizədin seçim
meyarlarına uyğunluğunun qiymətləndirilməsinin
nəticələri müsahibə başlamazdan əvvəl
müsahibə komissiyasına təqdim edilir.
4.14. Hər bir namizədlə müsahibə fərdi
qaydada, Azərbaycan dilində və (və ya) namizədin
təhsil almaq istədiyi tədris dilində, 20 (iyirmi)
dəqiqədən artıq olmamaqla aparılır.
4.15. Namizədin bu Qaydanın 2.1.6–2.1.8-ci,
2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu yarımbəndlərində
göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi
namizədin iştirakı olmadan, müsahibə komissiyasının
müsahibədə iştirak edən hər bir üzvü
tərəfindən verilən qiymətlər əsasında
aparılır.
4.16. Müsahibə komissiyalarının üzvləri
tərəfindən namizədlərə verilən
qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən
edilir:
4.16.1. bakalavriat və ya magistratura
təhsil səviyyələri üzrə təhsil almaq
istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları, doktorantura
səviyyəsi üzrə təhsil almaq istədiyi ixtisas üzrə
namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları – 20 bal;[18]
4.16.2. məntiqi mühakimə yeritmək bacarıqları – 15
bal;
4.16.3. kommunikasiya bacarıqları, özünəinam və inandırma
qabiliyyəti – 15 bal.
4.17. Namizədin bu Qaydanın 2.1.6–2.1.8-ci,
2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu yarımbəndlərində
göstərilən meyarlara uyğun olub-olmaması onun müsahibənin
nəticələrinə görə əldə etdiyi yekun
qiymətlə müəyyən edilir.
4.18. Namizədin əldə etdiyi yekun qiymət
aşağıdakı düsturla hesablanır:
Y =
(üzv1 + üzv2+…+ üzvn) ÷ n
Y – namizədin əldə etdiyi yekun qiymət;
üzv1, üzv2, üzvn – müsahibə komissiyasının hər bir üzvü
tərəfindən verilmiş qiymətlərin cəmi;
n – müsahibədə iştirak edən müsahibə komissiyası
üzvlərinin sayı.
4.19. Namizədin yekun qiyməti 40 və daha artıq
olduqda, namizəd bu Qaydanın 2.1.6–2.1.8-ci,
2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu yarımbəndlərində
göstərilən meyarlara uyğun hesab olunur. Müsahibə
nəticələrinə görə proqram iştirakçılarının sayı
ayrılmış təhsil yerlərinin sayından çox olduqda, təhsil
yerləri ilk növbədə bu Qaydanın 2.3.5-ci və 2.3.6-cı
yarımbəndlərinə uyğun olaraq proqram iştirakçısı hüququ qazanmış
şəxslər arasında bölüşdürülür, qalan təhsil yerləri
isə namizədlərin yekun müsahibə qiymətlərinə
uyğun olaraq ən yüksəkdən başlayan sıralama ilə
müəyyən edilir.
4.20. Yekun müsahibə balı eyni olan iki və daha çox
namizədi bir-birindən fərqləndirmək
məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə
göstəricilərdən istifadə edilir:
4.20.1. yüksək texnologiyalara əsaslanan ixtisaslar
üzrə müraciət;
4.20.2. namizədin ölkənin ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə
tələbə qəbulu üzrə aparılan qəbul imtahanları
çərçivəsində 600 bal və ondan yuxarı bal toplaması;
4.20.3. bu Qaydanın 2.3.2-ci yarımbəndinə uyğun olaraq
beynəlxalq təhsil proqramlarında təhsil alması;
4.20.4. namizədin təhsil alacağı xarici ali təhsil
müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa
çərçivə sənədinə uyğun olaraq C2
səviyyəsində bilməsi;
4.20.5. namizədin bakalavriat səviyyəsi üzrə
məzun olduğu xarici ali təhsil müəssisəsinin
beynəlxalq reytinqlərin (“Times Higher Education (THE) World
University Rankings” və ya “Academic Ranking of World Universities
(Shanghai) hər hansı birində cari təqvim ilindən
əvvəlki təqvim ilinin nəticələrinə görə
500-cü yerdən aşağı olmayan sırada yer alması;
4.20.6. Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində yaradılmış “Savadlı, Bacarıqlı və
Hazırlıqlı” tələbələrdən ibarət SABAH Qrupları
üzrə məzun olması.
4.21. Namizədin yekun qiyməti namizədin elektron
şəxsi kabinetinə və elektron ərizəsində qeyd
etdiyi digər əlaqə vasitələri ilə ona
göndərilir.
4.22. Namizədin bu Qaydanın 4.5.4-cü yarımbəndinə
uyğun olaraq təqdim etdiyi sənədlər müsahibə başa
çatdıqdan dərhal sonra namizədə qaytarılır.
4.23. Namizəd qəbul edilmiş qərardan inzibati və
ya məhkəmə qaydasında şikayət verə bilər.
4.24. Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı
Nazirliyin əmri ilə təsdiq edilir və onlarla
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilmiş qaydada xarici ali
təhsil müəssisəsində təhsilin
maliyyələşdirilməsini tənzimləyən müqavilə
bağlanılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 21 dekabr 2022-ci il tarixli 448
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin
rəsmi internet saytı, 23 dekabr 2022-ci il,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12,
maddə 1552)
2. 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 3, maddə 307)
3. 22 may 2024-cü
il tarixli 274 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 may 2024-cü
il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, II kitab, maddə 611)
4.
5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə adında,
preambulada və ikinci abzasda “2022–2026-cı”
sözləri “2022–2028-ci” sözləri
ilə əvəz edilmişdir.
[2] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz
edilmişdir.
[3] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 1.1-ci bəndində
“2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə, “və magistratura” sözləri “, magistratura və ya doktorantura”
sözləri ilə əvəz edilmişdir.
[4] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil
alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın 2.1.3-cü yarımbəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz
edilmişdir.
[5] 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti,
13 mart 2024-cü il, № 56,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3,
maddə 307) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sında 2.2.5-ci
yarımbəndindən “və Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində” sözləri çıxarılmışdır.
[6] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sına yeni məzmunda
2.2-1-ci bənd əlavə edilmişdir.
[7] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 2.3.1-ci
yarımbəndində “və 2.2.1–2.2.5-ci”
sözləri “, 2.2.1–2.2.5-ci və
2.2-1.1–2.2-1.6-cı” sözləri ilə əvəz edilmişdir.
[8] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 2.3.4-cü
yarımbənddə “2.1.6-cı,
2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci” sözləri “2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və
2.2-1.7–2.2-1.9-cu” sözləri ilə əvəz edilmişdir.
[9] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 2.3.6-cı
yarımbəndinə “2.2.5–2.2.8-ci”
sözlərindən sonra “və 2.2-1.7–2.2-1.9-cu”
sözləri, “2.2.1–2.2.4-cü” sözlərindən
sonra “və 2.2-1.1–2.2-1.6-cı”
sözləri əlavə edilmişdir.
[10] 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti,
13 mart 2024-cü il, № 56,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3,
maddə 307) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sında 2.3.7-ci
yarımbəndindən “, Azərbaycan Milli Elmlər Akademiyasında
magistratura” sözləri çıxarılmışdır.
5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 2.3.7-ci
yarımbəndində “Respublikasının
ali təhsil müəssisələrində bakalavriat və ya
magistratura” sözləri “Respublikasında
ali təhsil pilləsinin bakalavriat, magistratura və ya
doktorantura” sözləri ilə, “və
ya magistratura səviyyəsi” sözləri “magistratura və ya doktorantura səviyyələri”
sözləri əvəz edilmişdir.
[11] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 3.1-ci bəndindən
“hər semestrinin” sözləri
çıxarılmışdır.
[12] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 3.2-ci bəndinin
birinci cümləsində “və ya
magistratura” sözləri “,
magistratura və ya doktorantura” sözləri ilə əvəz
edilmişdir.
[13] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 3.2.2.8-ci
yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda 3.2.3-cü yarımbənd
əlavə edilmişdir.
[14] 22 may 2024-cü il tarixli 274
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı,
25 may
2024-cü
il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5,
II kitab, maddə 611) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın 3.5-ci bəndinin
ikinci cümləsinə “natamamlığı” sözündən sonra “(İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin
tələbləri nəzərə alınmaqla)” sözləri əlavə
edilmişdir.
[15] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 3.7.1-ci
yarımbəndində “və
3.2.2-ci” sözləri “, 3.2.2-ci və
3.2.3-cü” sözləri ilə əvəz edilmişdir.
[16] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 4.4.4-cü
yarımbəndində, 4.15-ci, 4.17-ci və 4.19-cu bəndlərində
“2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və
2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci” sözləri “2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu” sözləri
ilə əvəz edilmişdir.
[17] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 4.5.4-cü
yarımbəndinə “3.2.2.1–3.2.2.8-ci”
sözlərindən sonra “və
3.2.3.1–3.2.3.9-cu” sözləri əlavə edilmişdir.
[18] 5 mart 2025-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart
2025-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 270) ilə “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə Qayda”sının 4.16.1-ci
yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.16.1. təhsil almaq istədiyi ixtisas üzrə namizədin
bilik və bacarıqları – 20 bal;