“Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi
və “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli
435 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 485 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Ləğv olunmuş Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ləğv edilsin.
3.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü
il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul
edilməsi və dərc edilməsi qaydası haqqında
Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə
bilər.[1]
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Bakı
şəhəri, 6 aprel 2021-ci il
¹ 89
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6
aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununun 30-1.13-cü maddəsinə
uyğun olaraq hazırlanmışdır və inzibati
vəzifə tutan dövlət qulluqçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi (bundan
sonra – qiymətləndirilmə) qaydalarını
müəyyən edir.
1.2. Dövlət qulluqçusunun cari
fəaliyyətinə nəzarətin həyata
keçirilməsi, onun potensial imkanlarının aşkara
çıxarılması və həmin imkanlardan səmərəli
istifadə edilməsi, dövlət qulluqçusunun
peşə səriştəliyini artırmağa
stimullaşdırılması və onun əlavə
təhsilə ehtiyacının, habelə tutduğu
vəzifəyə uyğun gəlib-gəlmədiyinin
müəyyənləşdirilməsi məqsədilə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 30-1.1-ci maddəsinə əsasən onun xidməti
fəaliyyətinin qiymətləndirilməsi həyata
keçirilir.
1.3. Ali kateqoriya dövlət orqanlarında inzibati
vəzifələrin ali-üçüncü
təsnifatlarına uyğun dövlət qulluğu
vəzifələrini tutan dövlət qulluqçularının,
stajçı kimi və sınaq müddəti ilə
dövlət qulluğuna qəbul edilmiş
şəxslərin, habelə təqvim ilinin sonunadək
müvafiq vəzifədə faktiki olaraq 6 (altı) aydan az
müddətdə qulluq keçən dövlət
qulluqçularının xidməti fəaliyyəti
qiymətləndirilmir.
1.4. Bu Qaydanın məqsədləri üçün
aşağıdakı əsas anlayışlardan istifadə
olunur:
1.4.1. bilavasitə rəhbər - vəzifə
təlimatına uyğun olaraq dövlət qulluqçusunun
birbaşa tabe olduğu vəzifəli şəxs;
1.4.2. xidməti fəaliyyət - dövlət
qulluqçusunun qanunla ona verilmiş hüquqlarının
həyata keçirilməsi və qulluq (xidməti)
vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar peşəkar fəaliyyəti;
1.4.3. qiymətləndirilmə forması -
tapşırıqlar (hədəflər), meyarlar, habelə
əmək intizamı nəzərə alınmaqla tərtib
olunan və qiymətləndirilmə nəticələrinin
rəsmiləşdirildiyi xidməti fəaliyyətin
qiymətləndirilməsi barədə sənəd (1
nömrəli əlavə);
1.4.4. qiymətləndirilmə dövrü -
dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirildiyi dövr;
1.4.5. meyarlar - dövlət qulluqçusu
tərəfindən qulluq (xidməti) vəzifə və
öhdəliklərinin yerinə yetirilməsi keyfiyyətini,
verilən tapşırıqların icra edilməsi
səviyyəsini, peşə fəaliyyəti zamanı və
iş prosesində bacarıqlarını dəyərləndirmək
üçün əsas götürülən
əlamətlər;
1.4.6. rəhbər vəzifə tutan dövlət
qulluqçusu – Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət
səlahiyyəti verilən dövlət
qulluqçularının Siyahısı”nda
göstərilən inzibati vəzifələri (ali kateqoriya
dövlət orqanlarında inzibati vəzifələrin
ali-üçüncü təsnifatlarına uyğun inzibati
vəzifələr istisna olmaqla) və birinci-beşinci
kateqoriya dövlət orqanlarında sektor müdiri
vəzifələrini tutan və xidməti fəaliyyəti bu
Qaydaya uyğun qiymətləndirilən şəxslər;
1.4.7. struktur bölmə - dövlət orqanlarında
(qurumlarında) şöbə;
1.4.8. struktur vahidi - dövlət orqanlarında
(qurumlarında) sektor;
1.4.9. əmək intizamı - dövlət
qulluğunda qulluq keçmə ilə bağlı
müəyyən edilmiş davranış qaydalarının,
o cümlədən nizam-intizam, qulluq reqlamenti və etik
davranış qaydalarının məcmusu;
1.4.10. tapşırıqlar (hədəflər) -
bilavasitə rəhbər tərəfindən
müəyyən olunan və dövlət qulluqçusunun
təqvim ili ərzində icra etməli olduğu mühüm
işlər.
2. Qiymətləndirilməyə
hazırlıq
2.1. Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi
qiymətləndirilmə forması əsasında
aparılır. Qiymətləndirilmə forması
bilavasitə rəhbər tərəfindən hər il yanvar
ayının 1-dən 30-dək olan müddətdə,
dövlət qulluqçusunun qiymətləndirilmə
dövrü ərzində yerinə yetirməli olduğu
tapşırıqlar (hədəflər) və bu Qaydanın
4.7-ci və 4.8-ci bəndlərində göstərilən
meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla
tərtib edilir.
2.2. Tapşırıqlar (hədəflər)
dövlət qulluqçusunun qulluq keçdiyi struktur
bölmənin fəaliyyət istiqamətlərinə
uyğun və dövlət qulluqçusunun qulluq
funksiyaları çərçivəsində
olmalıdır. Tapşırıqların
(hədəflərin) icra müddəti dəqiq
müəyyən edilməlidir, ölçülə və
yerinə yetirilə bilən olmalıdır. Hər bir
tapşırığın (hədəfin) icra olunmasından
gözlənilən nəticə müəyyən
edilməlidir.
2.3. Tapşırıqların (hədəflərin)
müəyyən edildiyi müddətdə normativ hüquqi
aktlarda nəzərdə tutulmuş hallarda iş yerində
olmayan dövlət qulluqçusuna münasibətdə
tapşırıqlar (hədəflər) həmin
dövlət qulluqçusu işə qayıtdıqdan sonra
ilin sonunadək azı 6 (altı) ay qulluq keçməsi
şərtilə müəyyən edilir. Bu halda
tapşırıqlar (hədəflər) dövlət qulluqçusu
işə qayıtdığı gündən 10 (on) gün
müddətində müəyyən edilir.
2.4. Tapşırıqların (hədəflərin)
və meyarların mühümlük dərəcəsi
bilavasitə rəhbər tərəfindən
müəyyən edilir və faizlə (%) ifadə olunur.
Tapşırıqların (hədəflərin) və
meyarların mühümlük dərəcəsinin məcmusu
hər biri üçün ayrılıqda 100 faiz (%)
olmalıdır.
3.
Qiymətləndirilmə dövrü
3.1. Qiymətləndirilmə dövrü hər il
yanvarın 1-dən dekabrın 31-dək olan dövrü
əhatə edir.
3.2. Qiymətləndirilmə dövründə
bilavasitə rəhbər dövlət qulluqçusunun
fəaliyyətinə gündəlik nəzarət edir,
fəaliyyətini istiqamətləndirir və ona müvafiq
məsləhətlər verir. Bilavasitə rəhbər
tabeliyində olan dövlət qulluqçularının
fəaliyyətini rüblük olaraq təhlil edir, hər
rübün nəticələri ilə bağlı
dövlət qulluqçuları ilə görüşür
(müvafiq olaraq mart, iyun, sentyabr ayının sonuncu
həftələrində və dekabr ayının
əvvəlində), onların güclü və zəif
cəhətlərini müzakirə edir, növbəti
rüblərdə çatışmazlıqların aradan
qaldırılması üçün
məsləhətlər verir. Bilavasitə rəhbər
rüblük qeydlərini qiymətləndirilmə
formasının müvafiq bölməsində qeyd edir.
3.3. Dövlət qulluqçusunun vəzifəsi,
bilavasitə rəhbəri, ilin əvvəlində qoyulmuş
tapşırıqlar (hədəflər) və onların icra
müddətləri, tapşırıqların
(hədəflərin) və meyarların mühümlük
dərəcəsinin dəyişdirilməsi barədə
qiymətləndirilmə formasının müvafiq bölməsində
qeydlər aparılır.
3.4. Qiymətləndirilmə dövründə
bilavasitə rəhbər dəyişdikdə, əvvəlki
rəhbər dövlət qulluqçusuna rəhbərlik
etdiyi müddət üçün tapşırıqların
(hədəflərin) icra vəziyyəti, meyarlar və
əmək intizamı ilə bağlı
qiymətləndirilmə formasının müvafiq
bölməsində qeydlərini aparır. Yeni rəhbər
qiymətləndirilmə dövrü üzrə
əvvəlki rəhbərin qeydlərini nəzərə
alır.
3.5. Yeni vəzifəyə təyin edilmiş
dövlət qulluqçusu əvvəlki vəzifədə
təqvim ili ərzində 6 (altı) aydan çox
müddətdə qulluq keçmişdirsə və təyin
edildiyi yeni vəzifə üzrə onun bilavasitə
rəhbəri dəyişdikdə, dövlət
qulluqçusunun qulluq keçdiyi müddətdə
qarşısına qoyulmuş tapşırıqların
(hədəflərin) icrasının mümkünlüyü
nəzərə alınmaqla qiymətləndirilməni
əvvəlki rəhbər həyata keçirir və ya
qiymətləndirilmənin həyata keçirilməsinin
qeyri-mümkünlüyünü əsaslandırmaqla
qiymətləndirilmə formasının müvafiq
bölməsində qeydlərini aparır.
4. Qiymətləndirilmənin həyata
keçirilməsi
4.1. Dövlət qulluqçusunun
qiymətləndirilməsi hər il dekabr ayının
1-dən gec olmayaraq başlanılır və növbəti il
yanvar ayının 10-dək başa çatdırılır.
4.2. Qiymətləndirilmə dövründə ilin
sonunadək üç aydan az rəhbərlik etmiş
bilavasitə rəhbərin qiymətləndirilmə
aparmasına yol verilmir. Bu halda qiymətləndirilməni bilavasitə rəhbərin tabe olduğu
vəzifəli şəxs və yaxud dövlət
qulluqçusunun fəaliyyətini istiqamətləndirən
(əlaqələndirən) və onun fəaliyyətinə
nəzarəti həyata keçirən digər vəzifəli
şəxs aparır.
4.3. Dövlət qulluqçusunun xidməti
fəaliyyətinə verilən yekun qiymətin 50 faizi
tapşırıqların (hədəflərin) icra
səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi
meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi
isə əmək intizamı əsasında
qiymətləndirilməyə əsaslanır.
4.4. Bilavasitə rəhbər hər bir
tapşırığın yerinə
yetirilib-yetirilməməsi haqqında dövlət
qulluqçusundan məlumat alır, il ərzində
apardığı müşahidələr, rüblük
qeydlər əsasında ümumiləşdirmə aparır
və icra müddətinə nəzarət edir.
4.5. Hər bir tapşırığın
(hədəfin) tələb olunan səviyyədə
(gözlənilən nəticəyə uyğun olaraq) icra
edilməsi qiymətləndirilir və aşağıdakı
qiymətlərdən biri verilir:
4.5.1. əla (5) – tapşırığı
(hədəfi) tələb olunandan yüksək
səviyyədə və müəyyən edilmiş icra
müddətindən daha qısa müddətdə tam icra
edib;
4.5.2. yaxşı (4) – tapşırığı
(hədəfi) tələb edilən səviyyədə və
icra müddətinə əməl etməklə tam icra edib;
4.5.3. kafi (3) – tapşırığı
(hədəfi) qismən icra edib;
4.5.4. qeyri-kafi (2) – tapşırığı
(hədəfi) icra etməyib.
4.6. Bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq
tapşırıq üzrə verilmiş qiymət həmin
tapşırığın mühümlük
dərəcəsinə vurulmaqla hər bir tapşırıq
üzrə fərdi qiymət müəyyən edilir.
Tapşırıqlar üzrə fərdi qiymətlər
toplanılır və tapşırıqların
(hədəflərin) icra səviyyəsi üzrə
aşağıdakı düstura uyğun olaraq ümumi
qiymət müəyyən edilir:
T = t1 x MDt1 + t2 x MDt2 +..........+tn
x MDtn
T - tapşırıqların (hədəflərin) icra
səviyyəsi üzrə ümumi qiymət;
t1 – birinci tapşırıq üzrə
verilən qiymət;
MDt1 – birinci tapşırığın
mühümlük dərəcəsi (faizlə);
t2 – ikinci tapşırıq üzrə
verilən qiymət;
MDt2 – ikinci tapşırığın
mühümlük dərəcəsi (faizlə);
tn - n nömrəli tapşırıq
üzrə verilən qiymət;
MDtn – n nömrəli
tapşırığın mühümlük
dərəcəsi (faizlə).
4.7. Dövlət
qulluqçusunun il ərzində xidməti fəaliyyəti
aşağıdakı meyarlar üzrə
qiymətləndirilir:
4.7.1. peşə
bilikləri – dövlət qulluqçusunun tutduğu
vəzifə üzrə nəzəri və praktiki
biliklərə malik olmasının və həmin
biliklərin qulluq funksiyalarının icrası zamanı
düzgün tətbiqinin, habelə vəzifəsinin
tələblərinə uyğun olan səviyyədə
inzibati icraat və kargüzarlıq sahəsində normativ hüquqi
aktlara dair biliklərinin qiymətləndirilməsi
nəzərdə tutulur;
4.7.2. qulluq
(xidməti) vəzifələrinə münasibəti –
dövlət qulluqçusunun öz vəzifələrini, o
cümlədən verilən tapşırıqları minimum
nəzarətlə sərbəst, tələb edilən
səviyyədə və vaxtında yerinə yetirmək,
sənədləri keyfiyyətlə tərtib etmək,
fəal olmaq, tələb olunandan da artıq nailiyyətlər
əldə etmək üçün çalışmaq
bacarıqlarının qiymətləndirilməsi
nəzərdə tutulur;
4.7.3. təhlil
aparmaq, problem həll etmək və qərar vermək
bacarığı – sənəd və faktları
diqqətlə təhlil etmək, problemləri
müəyyən etmək və anlamaq, düzgün
nəticəyə gəlmək üçün
müxtəlif mənbələrdən olan məlumatları
müqayisə etmək və problemlərin həlli
yollarını müəyyənləşdirmək,
qanunauyğun və məntiqli qərarlar qəbul etmək
bacarıqlarının qiymətləndirilməsi
nəzərdə tutulur;
4.7.4. yaradıcılıq
və təşəbbüskarlıq – qulluq keçdiyi
sahənin inkişafı ilə bağlı yaradıcı
və səmərəli təkliflər irəli sürmək,
işdəki problemlər və faktlarla bağlı
müxtəlif və qeyri-standart həlletmə
variantlarını sınaqdan keçirmək
bacarıqlarının, təşəbbüs göstərməkdə
sərbəstliyinin qiymətləndirilməsi
nəzərdə tutulur;
4.7.5. iş
təcrübəsi və onu bölüşmə – qulluq
keçdiyi sahədə malik olduğu iş
təcrübəsini kollektiv üzvləri ilə
bölüşmək və yeni təcrübəyə
yiyələnmək bacarıqlarının
qiymətləndirilməsi nəzərdə tutulur;
4.7.6. kollektivdə
işləmək və ünsiyyət qurmaq
bacarığı – komanda tərkibində və iş
yoldaşları ilə sıx əlaqədə
işləmək, rəhbərlərlə və iş
yoldaşları ilə ünsiyyət, xoş və
işgüzar münasibətlər qurmaq, iş
yoldaşlarına dəstək olmaq və lazım
gəldikdə onlardan dəstək ala bilmək, qrupun aktiv
üzvü olaraq qrup hədəflərinə nail olmağa
çalışmaq, iş üzrə hədəflərə
nail olmaq üçün digər struktur bölmə və
qurumların əməkdaşları ilə işgüzar
əlaqələr qurmaq bacarıqlarının
qiymətləndirilməsi nəzərdə tutulur.
4.8. Rəhbər
vəzifə tutan dövlət qulluqçularının
fəaliyyəti bu Qaydanın 4.7-ci bəndində
göstərilənlərə əlavə olaraq,
aşağıdakı meyarlar əsasında
qiymətləndirilir:
4.8.1. proqnozlaşdırma
– rəhbərlik etdiyi struktur bölmənin (vahidin) və
yaxud sahənin fəaliyyət istiqamətinə uyğun olaraq
hazırlanan layihələrə dair təkliflər vermək
bacarıqlarının və dövlət orqanının
gələcək planları ilə əlaqədar verdiyi
təkliflər üzrə əldə edilən
nəticələrin qiymətləndirilməsi
nəzərdə tutulur;
4.8.2. idarəetmə
– tabeliyindəki dövlət qulluqçularına
rəhbərlik etmək, onlara mənəvi dəstək olmaq,
bilik və bacarıqlarının inkişafını
dəstəkləmək, onlar arasında düzgün iş
bölgüsü aparmaq, hədəflərə çatmaq
üçün yardım etmək məqsədilə
vaxtında rəy bildirmək, onları
istiqamətləndirmək, kadr potensialından düzgün
istifadə etməklə daim işin səmərəli
təşkilinə nail olmaq, təşkilatçılıq,
tabeliyindəki dövlət qulluqçularını
vəzifələri üzrə təlimatlandırmaq,
həvəsləndirmək və yaxud
həvəsləndirmə tədbirlərinin görülməsi
üçün təkliflər vermək;
4.8.3. kollektiv
daxilində nüfuz və ruhlandırmaq bacarığı –
rəhbər nüfuzunu saxlamaq, tabeliyindəki dövlət
qulluqçularını ruhlandırmaq, onlarla xoş,
qarşılıqlı işgüzar münasibətlər
qurmaq, problemlərin həllində onlara dəstək olmaq,
onları vaxtında və düzgün
istiqamətləndirmək və onların təşəbbüskarlığını
dəstəkləmək bacarıqlarının
qiymətləndirilməsi nəzərdə tutulur;
4.8.4. komanda qurmaq
bacarığı – verilmiş tapşırıqların
və yaranan problemlərin müvəffəqiyyətlə
həllinə nail olmaq üçün tabeliyindəki
dövlət qulluqçularını səfərbər
etmək və kollektiv üzvləri arasında
qarşılıqlı etimada və hörmətə
əsaslanan münasibətlər yarada bilmək bacarıqlarının
qiymətləndirilməsi nəzərdə tutulur.
4.9. Dövlət
qulluqçusunun xidməti fəaliyyəti hər bir meyar
üzrə qiymətləndirilir və aşağıdakı
qiymətlərdən biri verilir:
4.9.1. əla (5) –
bacarığı tələb ediləndən yüksək
səviyyədə nümayiş etdirib, vəzifəsini
gözlənildiyindən yüksək səviyyədə icra
edib;
4.9.2. yaxşı
(4) – bacarığı tələb edilən
səviyyədə nümayiş etdirib, vəzifəsini
gözlənilən səviyyədə icra edib;
4.9.3. kafi (3) –
qənaətbəxşdir, bacarığı əsasən
nümayiş etdirib, vəzifəsini əsasən icra edib
və inkişafa ehtiyacı vardır;
4.9.4. qeyri-kafi (2)
– qənaətbəxş deyildir, bacarığı nadir
hallarda nümayiş etdirib və ya nümayiş
etdirməyib, vəzifəsini qismən icra edib və yaxud icra
etməyib.
4.10. Meyarlar
üzrə qiymətləndirilmə aparılan zaman “Meyarlar
üzrə qiymətləndirilmə nəticəsinin
açıqlanması”ndan istifadə edilir (4 nömrəli
əlavə).
Bu Qaydanın 4.7.5-ci, 4.7.6-cı, 4.8.2-ci, 4.8.3-cü və
4.8.4-cü yarımbəndlərində nəzərdə
tutulmuş meyarlar üzrə qiymətləndirilmənin
kollektiv üzvlərinin rəyləri nəzərə
alınmaqla həyata keçirilməsinə yol verilir.
4.11. Bilavasitə
rəhbər meyarları qiymətləndirərkən
qiyməti şərh etməli və yazılı olaraq
əsaslandırmalıdır.
4.12. Bu Qaydanın
4.9-cu bəndinə uyğun olaraq meyar üzrə verilmiş
qiymət meyarın mühümlük dərəcəsinə
vurularaq hər bir meyar üzrə fərdi qiymət müəyyən
edilir. Meyarlar üzrə fərdi qiymətlər
toplanılır və meyarlar üzrə
aşağıdakı düstura uyğun olaraq ümumi
qiymət müəyyən edilir:
M = m1 x MDm1 + m2 x MDm2 +..........+mn
x MDmn
M – meyarlar üzrə ümumi qiymət;
m1 – birinci meyar üzrə verilən qiymət;
MDm1 – birinci meyarın mühümlük
dərəcəsi (faizlə);
m2 – ikinci meyar üzrə verilən qiymət;
MDm2 – ikinci meyarın mühümlük
dərəcəsi (faizlə);
mn - n nömrəli meyar üzrə verilən
qiymət;
MDmn – n nömrəli meyarın
mühümlük dərəcəsi (faizlə).
4.13. Qiymətləndirilmə
dövründə dövlət qulluqçusunun əmək
intizamına əməl etmə vəziyyəti təhlil edilir
və aşağıdakı qiymətlərdən biri verilir:
4.13.1. əla (5) –
daxili nizam-intizam və etik davranış qaydalarına ciddi
riayət edir və bu sahədə nümunəvi
dövlət qulluqçusudur;
4.13.2. yaxşı
(4) – daxili nizam-intizam qaydalarına və etik qaydalara ciddi
riayət edir;
4.13.3. kafi (3) –
daxili nizam-intizam və etik davranış qaydalarına
əsasən riayət edir və iş qrafikini bəzi hallarda
pozur;
4.13.4. qeyri-kafi (2)
– daxili nizam-intizam və etik davranış qaydaları, iş
qrafikini tez-tez pozur və bu barədə ona edilən
xəbərdarlıqdan nəticə çıxarmır.
4.14. Bu Qaydanın
4.6-cı bəndinə uyğun olaraq müəyyən
edilən tapşırıqların (hədəflərin) icra
səviyyəsi üzrə ümumi qiymət, Qaydanın
4.12-ci bəndinə uyğun olaraq müəyyən edilən
meyarlar üzrə ümumi qiymət və 4.13-cü
bəndinə uyğun olaraq verilən əmək intizamı
üzrə qiymət müvafiq olaraq 50 faiz, 40 faiz və 10
faizə vurulur və alınan nəticələr
toplanılmaqla aşağıdakı düstura uyğun olaraq
dövlət qulluqçusunun xidməti fəaliyyəti
üzrə yekun qiymət müəyyən edilir:
YQ = T x 50% + M x 40 % + Əİ x 10 %
YQ – dövlət qulluqçusunun xidməti
fəaliyyəti üzrə yekun qiymət;
T – tapşırıqların (hədəflərin)
icra səviyyəsi üzrə ümumi qiymət;
M – meyarlar üzrə ümumi qiymət;
Əİ – əmək intizamı üzrə
qiymət.
4.15. Yekun qiymət müəyyən edildikdən sonra
dövlət qulluqçusu ilə müsahibə
keçirilir. Müsahibə müzakirə formasında,
qiymətləndirilən dövlət qulluqçusunun
fikrinə hörmət və qarşılıqlı
anlaşma şəraitində aparılır. Müsahibə
zamanı dövlət qulluqçusuna öz fikrini ifadə
etməkdə hər hansı bir təsir və ya təzyiq
göstərilməməlidir. Müsahibənin iş
vaxtından və iş yerindən kənarda
aparılmasına yol verilmir.
4.16. Müsahibə zamanı dövlət
qulluqçusunun xidməti fəaliyyətinə verilən
qiymət və şərhlər müzakirə olunur.
Dövlət qulluqçusunun xidməti fəaliyyəti
üzrə gözlənilən nəticələr və
dövlət qulluqçusunun mülahizələri
barədə fikir mübadiləsi aparılır.
Müsahibə zamanı növbəti
qiymətləndirilmə ili üçün
tapşırıqlar (hədəflər), həmin
tapşırıqlar və meyarlar üzrə
mühümlük dərəcəsi müəyyən
edilə bilər.
4.17. Qiymətləndirilmənin nəticələri
ilə razı olmayan dövlət qulluqçusunun
müsahibə zamanı narazılığını
əsaslandırılmış şəkildə bildirmək
hüququ vardır. Dövlət qulluqçusunun
narazılığı əsaslı olduğu halda, müəyyən
olunan qiymətdə dəyişiklik edilir. Dövlət
qulluqçusu qiymətləndirilmənin sonunda
qiymətləndirilmə formasında
qiymətləndirilmənin nəticələri barədə
öz rəyini bildirir. Qiymətləndirilmə forması
bütün qiymətlər və qeydlər aparılması
şərtilə dövlət qulluqçusu və onun bilavasitə
rəhbəri tərəfindən imzalanır. Dövlət
qulluqçusu qiymətləndirilmə formasını
imzalamaqdan imtina edərsə, bununla bağlı onun
yazılı əsaslandırılması formaya əlavə
olunur.
4.18. Bilavasitə rəhbər bu Qaydanın 4.1-ci
bəndində nəzərdə tutulmuş müddətdə
normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda
iş yerində olmadıqda müsahibə və
qiymətləndirilmə bilavasitə rəhbərin tabe
olduğu vəzifəli şəxs və yaxud onun
fəaliyyətini istiqamətləndirən
(əlaqələndirən) və fəaliyyətinə
nəzarəti həyata keçirən digər
vəzifəli şəxs tərəfindən aparılır.
Fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusu
bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş
müddətdə normativ hüquqi aktlarda nəzərdə
tutulmuş hallarda iş yerində olmadıqda,
qiymətləndirilmə bilavasitə rəhbərin
dövlət qulluqçusunun qiymətləndirilmə
formasında etdiyi rüblük qeydlər əsasında aparılır.
4.19. Bu Qaydanın 4.18-ci bəndinin ikinci
cümləsində nəzərdə tutulmuş hal istisna
olmaqla, müsahibənin dövlət qulluqçusunun
iştirakı olmadan aparılmasına yol verilmir. Normativ
hüquqi aktlarda nəzərdə tutulmuş hallarda iş
yerində olmayan dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi yekun hesabat
dövlət orqanının rəhbərinə təqdim
edildiyi tarixədək bu səbəb aradan
qaldırıldıqda və dövlət qulluqçusu
işə qayıtdıqdan sonra həyata keçirilir. Qiymətləndirilməsi
aparılmayan dövlət qulluqçuları barəsində
qiymətləndirilmənin aparılmamasının
səbəbləri göstərilməklə, xidməti
fəaliyyəti qiymətləndirilməyən dövlət
qulluqçularına dair hesabatda qeydlər aparılır (5
nömrəli əlavə).
4.20. Qiymətləndirilmə ilə bağlı
dövlət qulluqçusu və bilavasitə rəhbəri
arasında fikir ayrılığı yaranarsa, dövlət
qulluqçusu bu barədə etirazını qiymətləndirilmənin
aparıldığı gündən 5 (beş) iş
günü müddətində bilavasitə
rəhbərə, bilavasitə rəhbərin qərarı
ilə razılaşmadığı halda isə bilavasitə
rəhbərin tabe olduğu vəzifəli şəxsə
təqdim edir.
4.21. Bilavasitə rəhbərin tabe olduğu
vəzifəli şəxs bilavasitə rəhbər
tərəfindən aparılan qiymətləndirilmənin
nəticələri ilə razı olmadığı hallarda
qiymətləndirilmə yenidən keçirilir.
4.22. Dövlət qulluqçusu bilavasitə
rəhbərin tabe olduğu vəzifəli şəxsin
qərarı ilə razılaşmadığı halda,
qiymətləndirilmənin nəticəsindən həmin
qərarın ona təqdim olunduğu gündən 5 (beş)
iş günü müddətində dövlət
orqanının rəhbərinə şikayət edə
bilər. Şikayətə 7 (yeddi) iş günü
müddətində baxılır. Dövlət
orqanının rəhbəri şikayət üzrə
araşdırma nəticəsində
qiymətləndirilmənin nəticəsinin qüvvədə
saxlanılması və ya ləğv edilərək
yenidən qiymətləndirilmənin keçirilməsi
barədə qərar qəbul edir.
4.23. Bu Qaydanın 4.21-ci və 4.22-ci
bəndlərində nəzərdə tutulmuş hallarda
dövlət orqanının rəhbərinin qərarı
əsasında həmin orqanın daxili nəzarəti
həyata keçirən struktur bölməsinin (struktur
vahidinin) nümayəndəsi və ya daxili nəzarəti
həyata keçirən məsul şəxs dövlət
qulluqçusunun qiymətləndirilməsində və
qiymətləndirilmənin nəticəsindən verilən
şikayətin baxılmasında iştirak edə bilər.
4.24. Dövlət qulluqçusu
qiymətləndirilmənin nəticəsi ilə
razılaşmadıqda inzibati qaydada və
məhkəməyə şikayət etmək hüququna
malikdir.
4.25. Qiymətləndirilmə struktur bölmənin
tərkibində olan struktur vahidin rəhbəri
tərəfindən həyata keçirildikdə,
qiymətləndirilmədən sonra qiymətləndirilmə
forması struktur bölmənin rəhbərinə təqdim
edilir. Struktur bölmənin rəhbəri təqdim edilmiş
qiymətləndirilmə formaları əsasında struktur
bölmə üzrə dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələrinə dair
hesabat hazırlayır və imzalayır (2
nömrəli əlavə).
Strukturunda bölmə və vahid nəzərdə tutulmayan
dövlət orqanlarında hesabat bilavasitə rəhbər
tərəfindən hazırlanır və imzalanır. Hesabat
və qiymətləndirilmə formaları fevral ayının
1-dək kadr xidmətinə, strukturunda kadr xidməti
nəzərdə tutulmayan dövlət orqanlarında isə
kadr xidmətinin funksiyalarını həyata keçirən
kadr məsələləri üzrə məsul
şəxsə təqdim edilir. Dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri onun şəxsi işində
saxlanılır.
4.26. Kadr xidməti və ya kadr
məsələləri üzrə məsul şəxs
dövlət orqanı üzrə dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələrinə dair
yekun hesabatı və dövlət orqanı üzrə
xidməti fəaliyyəti qiymətləndirilməyən
dövlət qulluqçularına dair hesabatı
hazırlayaraq fevral ayının 20-dək dövlət
orqanının rəhbərinə təqdim edir (3
nömrəli əlavə).
Yekun hesabat bütün bəndlər üzrə mütləq
doldurulmalıdır. Dövlət orqanı rəhbərinin
kadr məsələləri üzrə məsul olan müavini
olduqda, yekun hesabata həmin şəxsin rəyi əlavə
edilir.
4.27. Dövlət orqanında
qiymətləndirilmənin nəticələrinə dair yekun
hesabat, dövlət orqanı üzrə xidməti
fəaliyyəti qiymətləndirilməyən dövlət
qulluqçularına dair hesabat və əvvəlki təqvim
ili üzrə qiymətləndirilmə nəticəsində
dövlət qulluqçuları barəsində tətbiqi
nəzərdə tutulmuş tədbirlərin icra
vəziyyəti barədə məlumatlar mart ayının
1-dək Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinə təqdim edilir. Qiymətləndirilmənin
nəticələri dövlət orqanı
tərəfindən Dövlət
qulluqçularının reyestrinə daxil edilir. [2]
4.28. Bu Qaydanın 3.5-ci bəndində
nəzərdə tutulmuş şəxslərin
qiymətləndirilməsi ilə bağlı məlumatın
verilməsi və onların qiymətləndirilməsinin
nəticələrinin Dövlət qulluqçularının
reyestrinə daxil edilməsi
qiymətləndirilmənin aparıldığı
dövlət orqanı tərəfindən həyata
keçirilir.
4.29. Qiymətləndirilmə, bununla bağlı
məlumat və hesabatların təqdim edilməsi elektron
qaydada həyata keçirilə bilər.
5. Qiymətləndirilmənin
nəticəsinə əsasən tətbiq edilən
tədbirlər
5.1 Dövlət orqanının rəhbəri
tərəfindən qiymətləndirilmənin nəticəsi
əsasında dövlət qulluqçusu barəsində
aşağıdakı tədbirlərdən birinin tətbiqi müəyyən
edilə bilər:
5.1.1. qiymət əla (5 və 4.6 qiymətləri
arasında) olduqda – dövlət qulluqçusu bu
qiymətlə iki il ardıcıl olaraq
qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq
onun mükafatlandırılması, habelə dövlət
qulluqçusuna vaxtından əvvəl ixtisas
dərəcəsinin verilməsi;
5.1.2. qiymət yaxşı (4.5 və 3.6
qiymətləri arasında) olduqda - dövlət
qulluqçusu bu qiymətlə üç il ardıcıl
olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun
olaraq onun mükafatlandırılması, dövlət
qulluqçusunun fəaliyyətinin və
bacarıqlarının daha da təkmilləşdirilməsi
məqsədilə əlavə təhsilə və ya
xüsusi təlimlərə cəlb edilməsi;
5.1.3. qiymət kafi (3.5 və 2.6 qiymətləri
arasında) olduqda – dövlət qulluqçusunun
fəaliyyətinin və bacarıqlarının
təkmilləşdirilməsi məqsədilə əlavə
təhsilə və ya xüsusi təlimlərə cəlb
edilməsi;
5.1.4. qiymət qeyri-kafi (2.5 və daha aşağı)
olduqda – bu qiymət növbəti qiymətləndirilmə
zamanı dəyişməzsə, dövlət
qulluqçusunun bilik və bacarıqlarına uyğun
digər analoji vəzifəyə keçirilməsi və bu
qiymət yenidən növbəti qiymətləndirilmə
zamanı dəyişmədikdə, onun aşağı
inzibati vəzifəyə keçirilməsi.
5.2. Təqvim ili ərzində fəaliyyəti əla
qiymətləndirilmiş dövlət
qulluqçularının sayı həmin dövlət
orqanı üzrə qiymətləndirilən dövlət
qulluqçularının ümumi sayının 20 faizindən
çox ola bilməz.
6. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı vəzifələr
6.1. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı dövlət
orqanının rəhbəri dövlət orqanında
qiymətləndirilmənin vaxtında, obyektiv və qərəzsiz
aparılmasına nəzarət edir və
qiymətləndirilmənin nəticəsinə uyğun olaraq,
bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulmuş
tədbirlərin görülməsini təmin edir.
6.2. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı struktur bölmə
rəhbəri:
6.2.1. qiymətləndirilmənin vaxtında, obyektiv
və qərəzsiz aparılmasını təmin edir;
6.2.2. bilavasitə rəhbər və xidməti
fəaliyyəti qiymətləndirilən dövlət
qulluqçusu arasında yaranan mübahisələri bu
Qaydanın 4.21-ci və 4.22-ci bəndlərində
nəzərdə tutulan qaydada həll edir;
6.2.3. təsdiq edilmiş qiymətləndirilmə
formasının bu Qayda ilə müəyyən edilmiş
vaxtdan gec olmayaraq kadr xidmətinə (kadr
məsələləri üzrə məsul şəxsə)
təqdim edilməsini təmin edir;
6.2.4. struktur bölmə üzrə dövlət
qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri barədə
hesabatı hazırlayır və imzalayır;
6.2.5. qiymətləndirilməni özü həyata
keçirdikdə, bu Qaydanın 6.4-cü bəndində
bilavasitə rəhbər üçün nəzərdə
tutulmuş vəzifələri icra edir.
6.3. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı bilavasitə
rəhbər:
6.3.1. dövlət qulluqçusunun
qarşısında qoyulan tapşırıqların
qiymətləndirilmə dövrü ərzində hansı
səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə
fəaliyyətini və əmək intizamına əməl
edilmə vəziyyətini vaxtında, obyektiv və
qərəzsiz qiymətləndirir;
6.3.2. növbəti qiymətləndirilmə
dövrü üçün dövlət qulluqçusunun
tapşırıqlarını müəyyən edir və
onların yerinə yetirilməsi üçün
məsləhətlər verir;
6.3.3. dövlət qulluqçularının
fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri barədə hesabatı hazırlayır
və təsdiq olunması üçün struktur bölmənin
rəhbərinə təqdim edir;
6.3.4. dövlət qulluqçusunun fəaliyyətini,
təlimlərə olan tələbatını və
gələcək inkişaf perspektivlərini onunla
müzakirə edir.
6.4. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı dövlət
qulluqçusu:
6.4.1. qiymətləndirilmə dövrü
ərzində əldə etdiyi nailiyyətləri
qiymətləndirənə (bilavasitə rəhbərə)
təqdim edir;
6.4.2. qiymətləndirilmə zamanı müzakirə
etmək istədiyi məsələlər haqqında
qeydlər edir (təlimə olan tələbatlar,
vəzifədə irəliləyiş arzusu və s.),
qiymətləndirənlə əldə etdiyi
nailiyyətləri, qarşılaşdığı
problemləri, həmçinin bilik və bacarıqlarından
daha səmərəli istifadə edilməsi yollarını
açıq və konstruktiv şəkildə müzakirə
edir;
6.4.3. qiymətləndirilmənin nəticəsi ilə
razılaşmadıqda struktur bölmənin
rəhbərinə, onun qərarı ilə
razılaşmadığı halda isə dövlət orqanının
rəhbərinə yazılı şəkildə
müraciət edir;
6.4.4. qiymətləndirilmə dövrü
ərzində gördüyü işləri
nəzərdən keçirməli və
qiymətləndirməyə hazırlaşmalıdır
(əldə etdiyi nailiyyətlər, üzləşdiyi
çətinliklər və s.).
6.5. Qiymətləndirilmənin həyata
keçirilməsi ilə bağlı dövlət
orqanının kadr xidməti (kadr məsələləri
üzrə məsul şəxs):
6.5.1. qiymətləndirilmənin nəticəsindən
asılı olaraq dövlət qulluqçusunun
fəaliyyətinin qiymətləndirilməsi ilə
bağlı təlim kursları təşkil edir;
6.5.2. qiymətləndirilmə formalarının
vaxtında və tam şəkildə hazırlanmasına
nəzarət edir;
6.5.3. qiymətləndirilmə prosesində
dövlət orqanının struktur bölmələrinə
metodoloji kömək göstərir;
6.5.4. struktur bölmələr tərəfindən
qiymətləndirilmənin bu Qaydanın
tələblərinə riayət olunmasına nəzarət
edir və pozuntu halları aşkar edildikdə onun yenidən
aparılmasını struktur bölmə rəhbərinə
tövsiyə edir və bu barədə dövlət
orqanının rəhbərinə məlumat verir;
6.5.5. struktur bölmələr üzrə
qiymətləndirilmənin nəticələri barədə
məlumatı toplayır və həmin məlumatlar
əsasında dövlət orqanı üzrə yekun hesabat
hazırlayaraq təsdiq edilməsi üçün
dövlət orqanının rəhbərinə təqdim edir;
6.5.6. qiymətləndirilmənin
nəticələrinin Dövlət
qulluqçularının reyestrinə daxil
edilməsinin təmin olunması üçün
tədbirlər görür;
6.5.7. dövlət orqanı üzrə yekun
hesabatın Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinə təqdim edilməsi
üçün tədbirlər görür.
6.6. Strukturunda bölmə və vahid
nəzərdə tutulmayan dövlət orqanlarında
bilavasitə rəhbər bu Qaydanın 6.2-ci və 6.3-cü
bəndlərində nəzərdə tutulmuş
vəzifələri də həyata keçirir.
|
Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi Forması
Tarix Bilavasitə rəhbərin
imzası Dövlət qulluqçusunun
imzası _____________________
______________________________
__________________________________
Bilavasitə
rəhbərin dəyişməsinə dair qeydlər
Bilavasitə
rəhbər dəyişdikdə, əvvəlki
rəhbərin dövlət qulluqçusuna rəhbərlik
etdiyi müddət üçün
tapşırıqların (hədəflərin) icra
vəziyyəti, meyarlar və əmək intizamı ilə
bağlı qeydləri
Tarix Bilavasitə rəhbərin
imzası Dövlət
qulluqçusunun imzası _____________________ ______________________________
__________________________________ Dövlət
qulluqçusunun digər vəzifəyə
keçirilməsinə dair qeydlər
Yeni
vəzifəyə təyin edilmiş dövlət
qulluqçusunun əvvəlki rəhbər
tərəfindən qiymətləndirilməsinə dair
qeydlər
Tarix Bilavasitə rəhbərin
imzası Dövlət
qulluqçusunun imzası _____________________ ______________________________ __________________________________ Bilavasitə rəhbərin
rüblük qeydləri
Dövlət
qulluqçusunun fəaliyyətinin
təkmilləşdirilməsinə və təlimlərə
olan tələbatlarına dair təkliflər
Qiymətləndirilmə
barədə dövlət qulluqçusunun rəyi (mütləq
qiymətləndirilən tərəfindən
doldurulmalıdır)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Dövlət
orqanının (qurumunun struktur bölməsi (struktur vahidi)
üzrə dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə
dair hesabat Qiymətləndirilmə
aparılan struktur bölmənin adı ________________________________________________________________ Struktur vahidin
adı __________________________________________________________________________________________ Qiymətləndirilmə dövrü ______________________________________________________________________________________
*Dövlət
qulluqçusu qiymətləndirilmənin nəticəsindən
narazıdırsa, narazılığın məzmunu göstərilməlidir. Struktur bölmənin (struktur vahidinin)
rəhbəri İmza ____________ Tarix __________ Kadr xidmətinin
rəhbəri (kadr məsələləri
üzrə məsul şəxs) _________________________________________
(soyadı, adı və
atasının adı) İmza
____________ Tarix _________ |
|
Dövlət orqanının
adı _________________________________ Dövlət orqanının
rəhbəri ______________________________ İmza __________________ Tarix __________________
M.Y. Dövlət
orqanı üzrə dövlət qulluqçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə
dair yekun H E S A B A T
*Dövlət qulluqçusu
qiymətləndirilmənin nəticəsindən narazı
olduqda, narazılığın məzmunu göstərilməlidir. |
|
Meyarlar
üzrə qiymətləndirilmənin
nəticələrinin açıqlanması “Peşə
bilikləri” meyarı üzrə açıqlama
“Qulluq (xidməti)
vəzifələrinə münasibəti” meyarı üzrə
açıqlama
“Təhlil aparmaq, problem həll
etmək və qərar vermək” meyarı üzrə
açıqlama
“Yaradıcılıq və
təşəbbüskarlıq” meyarı üzrə
açıqlama
“İş təcrübəsi və
onu bölüşmə” meyarı üzrə
açıqlama
“Kollektivdə işləmək və
ünsiyyət bacarığı” meyarı üzrə
açıqlama
“Proqnozlaşdırma” meyarı
üzrə açıqlama
“İdarəetmə” meyarı
üzrə açıqlama
“Kollektiv daxilində nüfuz və
ruhlandırmaq bacarığı” meyarı üzrə
açıqlama
“Komanda qurmaq bacarığı”
meyarı üzrə açıqlama
|
|
Dövlət orqanının
adı ____________________________________ Dövlət orqanının
rəhbəri ________________________________ İmza ________________ Tarix ________________
M.Y. Dövlət orqanı üzrə
xidməti fəaliyyəti qiymətləndirilməyən
dövlət qulluqçularına dair hesabat
|
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 18 dekabr 2025-ci il tarixli 403 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 dekabr 2025-ci il, “Xalq” qəzeti, 6 yanvar 2026-cı il, ¹ 1,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1248)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 18 dekabr 2025-ci il tarixli 403 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 dekabr 2025-ci il, “Xalq” qəzeti, 6 yanvar 2026-cı il, ¹ 1,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1248) ilə 3-cü hissə
aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3. Bu
Qərarda dəyişiklik Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.
[2] 18 dekabr 2025-ci il tarixli 403 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 dekabr 2025-ci il, “Xalq” qəzeti, 6 yanvar 2026-cı il, ¹ 1,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1248) ilə “Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi Qaydası”nın 4.27-ci bəndinin
ikinci cümləsində, 4.28-ci bəndində və
6.5.6-cı yarımbəndində “Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinə” sözləri “Dövlət
qulluqçularının reyestrinə” sözləri
ilə əvəz edilmişdir.