“Dövlət
Nəzarəti İnformasiya Sistemi”nin yaradılması
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan
Respublikası Prezidentinin fərman, sərəncam və
tapşırıqlarının icra vəziyyətinə nəzarətin
elektron qaydada həyata keçirilməsi və yerli icra
hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik
göstəriciləri əsasında qiymətləndirilməsini
təmin edən “Dövlət Nəzarəti İnformasiya
Sistemi” yaradılsın.
2.
“Dövlət Nəzarəti İnformasiya Sisteminin iş
Qaydası” təsdiq edilsin (əlavə olunur).
3.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
3.1.
Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini
təmin etsin;
3.2.
yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin
qiymətləndirilməsi üçün əsas səmərəlilik
göstəricilərini müəyyən etsin və qiymətləndirməni
aparsın;
3.3.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə
birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin
informasiya təhlükəsizliyinin təmin edilməsi
üçün tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar
2021-ci il
№ 1275
|
Azərbaycan
Respublikası Prezidentinin 2021-ci
il 30 yanvar tarixli 1275 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Dövlət Nəzarəti
İnformasiya Sisteminin iş
Qaydası
1. Ümumi
müddəalar
1.1. Bu
Qayda Dövlət Nəzarəti İnformasiya Sisteminin (bundan
sonra – İnformasiya sistemi)
formalaşdırılmasının, aparılmasının və
ondan istifadə edilməsinin, habelə İnformasiya sistemi ilə
bağlı mühafizə tədbirlərinin təmin edilməsinin
hüquqi, təşkilati və texnoloji əsaslarını
müəyyən edir.
1.2.
İnformasiya sisteminin tətbiqi Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında dövlət nəzarətinin təşkili
və icra intizamının təmin edilməsi istiqamətində
görülən işlərin səmərəliliyinin
artırılmasına, o cümlədən Azərbaycan
Respublikası Prezidentinin fərman, sərəncam və
tapşırıqlarının, Azərbaycan Respublikası
Birinci vitse-prezidentinin və Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası rəhbərinin
tapşırıqlarının (bundan sonra –
tapşırıqlar) icra vəziyyətinə nəzarətin
elektron qaydada həyata keçirilməsinə xidmət edir.
1.3. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası İnformasiya sistemi
üzərində sahiblik və istifadə hüququnu həyata
keçirir, qanunvericiliyə müvafiq qaydada İnformasiya
sisteminin aparılmasını təmin edir.
1.4.
İnformasiya sisteminə “Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət sirrinə
aid olan məlumatların daxil edilməsinə yol verilmir.
1.5.
İnformasiya sisteminin saxlanması, fəaliyyəti və
inkişaf etdirilməsi üçün zəruri xərclər
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
2. Əsas
anlayışlar
2.1. Bu
Qaydanın məqsədləri üçün
aşağıdakı əsas anlayışlardan istifadə
edilir:
2.1.1.
iştirakçı – İnformasiya sisteminə informasiya daxil
etmək və göndərmək, həmçinin informasiya əldə
etmək imkanı verilmiş dövlət orqanları, dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslər, dövlət adından
yaradılan publik hüquqi şəxslər və digər
dövlət qurumları;
2.1.2.
operator – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası;
2.1.3.
informasiya təhlükəsizliyi üzrə operator – Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti;
2.1.4.
elektron kabinet – iştirakçının bu Qayda ilə müəyyən
edilmiş funksiyalar çərçivəsində, yalnız
elektron imza vasitəsilə eyniləşdirilməklə,
İnformasiya sisteminə daxil olmasına və istifadəsinə
imkan verən, həmçinin operator ilə
qarşılıqlı əlaqəsini təmin edən fərdi
elektron səhifə.
3. İnformasiya
sisteminin fəaliyyət prinsipləri
3.1.
İnformasiya sisteminin fəaliyyəti aşağıdakı
prinsiplər əsasında həyata keçirilir:
3.1.1. səmərəlilik
– mümkün qədər az resurs istifadə edilməklə
nəzərdə tutulan nəticənin əldə
olunması;
3.1.2.
istifadə rahatlığı – informasiya mübadiləsinin əlavə
əməliyyat aparılmadan birbaşa yerinə yetirilməsi;
3.1.3.
çeviklik – İnformasiya sisteminin dəyişən tələblərə
uyğun olaraq sürətli şəkildə yenilənə və
dəyişdirilə bilməsi.
4. İnformasiya
sisteminin strukturu və funksiyaları
4.1.
İnformasiya sisteminə aşağıdakı altsistemlər
daxildir:
4.1.1.
“Tapşırıqlar” altsistemi;
4.1.2.
“Layihələr” altsistemi;
4.1.3.
“Monitorinq” altsistemi;
4.1.4.
“Əsas Səmərəlilik Göstəriciləri” altsistemi;
4.1.5.
“Saxlanc” altsistemi;
4.1.6.
“Müraciətlər” altsistemi;
4.1.7.
“Hesabatlar” altsistemi;
4.1.8.
“Administrator” altsistemi.
4.2.
Altsistemlər vasitəsilə aşağıdakılar təmin
edilir:
4.2.1.
“Tapşırıqlar” altsistemi vasitəsilə
tapşırıqların icrası vəziyyəti ilə
bağlı məlumatların, sənədlərin və həmin
sənədlərə dair məlumatların İnformasiya
sisteminə daxil edilməsi, göndərilməsi, daxil
olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
4.2.2.
“Layihələr” altsistemi vasitəsilə
iştirakçıların həyata keçirdikləri layihələr
barədə tələb olunan məlumatların İnformasiya
sisteminə daxil edilməsi, göndərilməsi, həmin məlumatlar
əsasında layihələrin səmərəliliyinin qiymətləndirilməsi;
4.2.3.
“Monitorinq” altsistemi vasitəsilə dövlət nəzarəti
qaydasında aparılan monitorinqlərin mövzularının
formalaşdırılması, tələb olunan məlumatların,
sənədlərin və ya onların surətlərinin
İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi,
daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
4.2.4.
“Əsas Səmərəlilik Göstəriciləri” altsistemi
vasitəsilə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin
qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş
əsas səmərəlilik göstəricilərinə
uyğun olaraq İnformasiya sisteminə məlumatların daxil
edilməsi və qiymətləndirilməsi;
4.2.5.
“Saxlanc” altsistemi vasitəsilə İnformasiya sisteminə daxil
edilmiş məlumat və sənədlərin
saxlanılması;
4.2.6.
“Müraciətlər” altsistemi vasitəsilə tapşırıqları
icra hakimiyyəti orqanlarının və digər dövlət
qurumlarının yerinə yetirməsi ilə bağlı
daxil olan müraciətlərin qeydiyyatının
aparılması;
4.2.7.
“Hesabatlar” altsistemi vasitəsilə sistemin bütün
altsistemlərində emal olunan məlumatlar əsasında formalaşdırılan
hesabatların alınması;
4.2.8.
“Administrator” altsistemi vasitəsilə operator tərəfindən
iştirakçı məlumatları, iştirakçı
imkanları, sistem parametrləri və digər məlumatların
İnformasiya sisteminə daxil edilməsi və ya dəyişdirilməsi.
4.3.
İnformasiya sistemindən istifadəyə dair texniki təlimat,
habelə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin
əsas səmərəlilik göstəriciləri üzrə
qiymətləndirilməsi metodikası İnformasiya sisteminə
yerləşdirilir.
4.4.
Dövlət Nəzarəti İnformasiya Sistemi ilə digər
dövlət informasiya sistemi və ehtiyatları arasında
qarşılıqlı əlaqələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilir.
5. Sistemin
texniki-texnoloji infrastrukturu
5.1.
İnformasiya sisteminin infrastrukturu aşağıdakı əsas
komponentlərdən ibarətdir:
5.1.1.
texniki avadanlıq və proqram təminatı;
5.1.2.
informasiya ehtiyatı və onu idarəetmə paneli;
5.1.3. əsas
və ehtiyat mərkəzləri;
5.1.4.
arxiv sistemi;
5.1.5.
rabitə kanalları;
5.1.6.
İnformasiya sisteminin test mühiti.
5.2.
Texniki avadanlıq və proqram təminatı bu Qaydaya uyğun
olaraq informasiya mübadiləsinin həyata keçirilməsini,
iştirakçıların İnformasiya sistemindən istifadəsini
təmin edir.
5.3.
İnformasiya sistemində formalaşdırılan,
İnformasiya sisteminə daxil edilən və göndərilən
məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında
saxlanılır. İdarəetmə paneli vasitəsilə
İnformasiya sisteminin informasiya ehtiyatının
formalaşdırılması, idarə edilməsi, həmçinin
həmin informasiya ehtiyatının mütəmadi yenilənməsi
təmin edilir.
5.4.
İnformasiya sistemində formalaşdırılan,
İnformasiya sisteminə daxil edilən və göndərilən
məlumatlar əsas mərkəzlə yanaşı, onun
ehtiyat mərkəzində saxlanılır.
5.5.
İnformasiya sistemində arxivləşdirmə dövri əsaslarla
avtomatlaşdırılmış qaydada təmin edilir.
İnformasiya sisteminin köhnəlmiş məlumatlarla
yüklənməsinin qarşısının alınması
və məlumatların mühafizəsi üçün
onların seriyalı arxiv nüsxələri yaradılır.
5.6.
İnformasiya sistemində təhlükəsiz məlumat
mübadiləsi rabitə kanalları vasitəsilə təmin
edilir.
5.7.
İştirakçıların identikləşdirilməsi
üçün İnformasiya sistemi elektron imza ilə daxil
olmağa imkan verən autentifikasiya mexanizmi ilə təchiz
edilir.
5.8.
İnformasiya sisteminə qoşulacaq informasiya sistemlərinin və
ehtiyatlarının yoxlanılması, habelə İnformasiya
sistemində aparılan dəyişikliklərin
yoxlanılması test mühitində həyata keçirilir.
5.9.
İnformasiya sisteminin altsistemləri İnformasiya sisteminin
texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Qaydanın
3-cü hissəsində qeyd edilən prinsiplər əsasında
formalaşdırılır və fəaliyyət göstərir.
6. İnformasiya
sisteminə daxil edilən məlumatlar
6.1.
İştirakçılar tərəfindən İnformasiya
sisteminə daxil edilən və göndərilən məlumatlar
(sənədlər) aşağıdakılardır:
6.1.1.
tapşırıqların icrası barədə hesabatlar və
bunu təsdiq edən sənədlər (məktub, hesabat,
arayış, foto və digər materiallar);
6.1.2.
operator tərəfindən aparılan monitorinq və təhlillər
ilə bağlı, habelə iştirakçılar tərəfindən
icra edilmiş layihələr barədə məlumatlar;
6.1.3.
yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin
qiymətləndirilməsi ilə bağlı ayrı-ayrı
yerli icra hakimiyyəti orqanları üzrə əsas səmərəlilik
göstəricilərinin icrası barədə məlumatlar.
7. Operatorun
funksiyaları
7.1.
Operator aşağıdakı funksiyaları həyata
keçirir:
7.1.1.
İnformasiya sisteminin normativ hüquqi aktlara uyğun olaraq
aparılmasına nəzarət etmək;
7.1.2.
İnformasiya sisteminin istismarını, o cümlədən
etibarlı və davamlı funksional fəaliyyətini təmin
etmək;
7.1.3.
iştirakçılar tərəfindən bu Qaydaya əməl
edilməsinə nəzarət etmək;
7.1.4.
bu Qaydanın 6-cı hissəsində nəzərdə
tutulmuş məlumatların (hesabatların) təqdim edilmə
formasını müəyyən etmək;
7.1.5.
İnformasiya sisteminin təkmilləşdirilməsi və onun
funksional imkanlarının artırılması
üçün tədbirlər görmək;
7.1.6.
İnformasiya sistemindən istifadə ilə bağlı
iştirakçıları məlumatlandırmaq və onlara
metodiki kömək göstərmək;
7.1.7.
İnformasiya sistemində aparılan təmir və yenilənmə
işləri haqqında iştirakçıları qabaqcadan məlumatlandırmaq;
7.1.8.
İnformasiya sistemində baş verən nasazlıqları
qısa vaxt ərzində aradan qaldırmaq, mütəmadi
texniki dəstək fəaliyyətini həyata keçirmək;
7.1.9. məlumatlara
giriş hüquqlarını müəyyən etmək və
istifadə icazələri vermək;
7.1.10. informasiya
təhlükəsizliyi üzrə operatorun fəaliyyəti
üçün şərait yaratmaq.
8. İnformasiya
təhlükəsizliyi üzrə operatorun funksiyaları
8.1.
İnformasiya təhlükəsizliyi üzrə operator
aşağıdakı funksiyaları həyata keçirir:
8.1.1.
İnformasiya sisteminin əsas, ehtiyat və arxiv hissələrinin
təhlükəsizlik parametrləri üzrə
ekspertizasını həyata keçirmək, onun kibertəhlükəsizliyinin
artırılması istiqamətində müvafiq texniki və
metodiki kömək göstərmək;
8.1.2.
İnformasiya sisteminin etibarlılığını və təhlükəsizliyini
təmin etmək üçün əsas, ehtiyat və arxiv
hissələrinin etibarlı kanallarla birləşməsini təmin
etmək;
8.1.3.
dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin
təhlükəsizlik parametrləri üzrə İnformasiya
sisteminin mütəmadi monitorinqini həyata keçirmək.
9.
İştirakçının hüquq və vəzifələri
9.1.
İştirakçının aşağıdakı
hüquqları vardır:
9.1.1.
İnformasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı təkliflər vermək;
9.1.2.
İnformasiya sisteminin fəaliyyəti ilə bağlı
aşkar olunmuş qüsur və çatışmazlıqlar
(nasazlıqlar) barədə operatora məlumat vermək.
9.2.
İştirakçının aşağıdakı vəzifələri
vardır:
9.2.1.
İnformasiya sisteminin istifadəsinə məsul olan şəxsləri
təyin etmək və onları elektron imza ilə təmin etmək;
9.2.2.
bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq,
İnformasiya sisteminə daxil edilən məlumatların
tamlığını, dolğunluğunu və təhlükəsizliyini
təmin etmək;
9.2.3.
operator tərəfindən İnformasiya sisteminə daxil edilən
və iştirakçının bilavasitə fəaliyyəti
ilə bağlı olan yeni məlumat və sənədləri
daim izləmək;
9.2.4.
İnformasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər
vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb
ola bilən hərəkətlərə yol verməmək.
10.
İnformasiya sistemindən istifadə
10.1.
İştirakçı İnformasiya sistemindən
aşağıdakı istifadə imkanlarına malikdir:
10.1.1.
qeydiyyatdan keçmək;
10.1.2.
elektron kabinetdən istifadə etmək;
10.1.3.
bu Qaydanın 6-cı hissəsində göstərilən məlumatları
İnformasiya sisteminə daxil etmək;
10.1.4.
operatorla real vaxt rejimində əlaqə yaratmaq;
10.1.5.
metodika və təlimatlarla bağlı məlumatlar əldə
etmək;
10.1.6.
operator tərəfindən aparılan qiymətləndirmənin
ilkin və yekun nəticələri ilə tanış olmaq və
ilkin nəticələrlə bağlı rəy bildirmək.