“Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 163 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[1]

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 21 may 2020-ci il

                 ¹ 184

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanmışdır.

1.2. Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

1.3. Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir.

1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi

 

2.1. Dövlət ekoloji ekspertizası “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsində göstərilən aşağıdakı obyektlərə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir:

2.1.1. ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri, strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ) sənədləri;

2.1.2. istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchizatı və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;

2.1.3. yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər;

2.1.4. ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri;

2.1.5. ərazilərin kompleks ekoloji tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;

2.1.6. regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;

2.1.7. aidiyyəti dövlət orqanlarının (qurumlarının) qərarlarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;

2.1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda tikinti layihələrinin ekologiya bölməsi.

2.2. Dövlət ekoloji ekspertizasının nəticələrinə dair rəsmi sənəd dövlət ekoloji ekspertizasının rəyidir.

2.3. Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, müvafiq işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.

2.4. Dövlət ekoloji ekspertizasının obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, dövlət ekoloji ekspertizası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndələrinin, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılır.

2.5. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yerin təki sahələri və onlarla əlaqədar işlər dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.

2.6. Dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur:

2.6.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər;

2.6.2. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;

2.6.3. ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti;

2.6.4. dövlət ekoloji ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi;

2.6.5. dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.

2.7. Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.7.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

2.7.2. ərizəçi fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

2.7.3. ərizə hüquqi şəxsin adından verildikdə - onun adı və hüquqi ünvanı;

2.7.4. tələbin qısa məzmunu;

2.7.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

2.7.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

2.7.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

2.8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:[2]

2.8.1. ərizəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti;

2.8.2. ərizəçi fərdi sahibkar olduqda - şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.8.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.8.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) surəti (əgər obyektin dövlət ekoloji ekspertizasının keçirilməsi istənilirsə);

2.8.5. torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

2.8.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq edən sənəd;

2.8.7. nəzərdə tutulan fəaliyyət barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə);

2.8.8. istifadə olunan avadanlıqların texniki sənədləri;

2.8.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat;

2.8.10. istifadə olunan enerji növləri barədə məlumat;

2.8.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt);

2.8.12. əmələ gələn tullantıların idarə olunması, o cümlədən istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat;

2.8.13. dövlət ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə);

2.8.14. ərazidə aparılmış mühəndis-geoloji işlərin hesabatı.

2.8-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.[3]

2.9. Dövlət ekoloji ekspertizası ƏMTQ sənədlərinə və tikinti layihəsinin ekologiya bölməsinə münasibətdə həyata keçirildikdə, bu Qaydanın 2.8.2-2.8.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin və məlumatların təqdim edilməsi tələb olunmur.

2.10. Sifarişçi tərəfindən ərizə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilir.

2.11. Sifarişçi tərəfindən təqdim olunmuş ərizə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq Agentlikdə baxılaraq qeydiyyata alınır.

2.12. Agentlik sifarişçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin (bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) bu Qaydanın 2.7-ci və 2.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlər bu Qaydaya uyğun olduqda dövlət ekoloji ekspertizası rəyinin verilməsi üçün müddətin axımı başlanır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və dövlət ekoloji ekspertizası rəyinin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq Agentlik bütün çatışmazlıqlar barədə (bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) ərizəçiyə məlumat verir. [4]

2.13. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman dövlət ekoloji ekspertizası rəyinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin təkrar müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.14. Sifarişçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.13-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində sifarişçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.15. Bu Qaydanın 2.14-cü bəndində göstərilən halda sifarişçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra dövlət ekoloji ekspertizası rəyinin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.

2.16. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının həyata keçirilməsi ilə bağlı sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:

2.16.1. dövlət ekoloji ekspertizasının obyektlərinə dair sənədləri “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tərtib etmək və vaxtında dövlət ekoloji ekspertizasına təqdim etmək;

2.16.2. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün zəruri olan əlavə məlumatları Agentliyə təqdim etmək;

2.16.3. dövlət ekoloji ekspertizasının həyata keçirilməsini “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada maliyyələşdirmək;

2.16.4. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi zamanı elmi tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və s.) aparılması tələb olunduqda, həmin işləri maliyyələşdirmək və onların həyata keçirilməsini təmin etmək.

2.17. Dövlət ekoloji ekspertizası obyektlərinin ekoloji ekspertizası 30 (otuz) gün müddətində (bu Qaydanın 2.18-ci və 2.19-cu bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) həyata keçirilir.

2.18. İrihəcmli və mürəkkəb dövlət ekoloji ekspertizası obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün Agentlik, transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən ekspert komissiyası təşkil olunur. Hər iki halda dövlət ekoloji ekspertizasının həyata keçirilməsi 30 (otuz) gün uzadıla bilər.

2.19. Dövlət ekoloji ekspertizası obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, Nazirlik ekspert komissiyasının fəaliyyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir. Bu halda dövlət ekoloji ekspertizasının həyata keçirilməsi 30 (otuz) gün uzadıla bilər.

2.20. ƏMTQ və strateji ekoloji qiymətləndirmə SEQ sənədlərinə münasibətdə dövlət ekoloji ekspertizasının keçirilməsi müddəti 90 (doxsan) gündən çox ola bilməz.

2.21. Sifarişçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası” ilə müəyyən olunmuş haqqı Agentliyin xüsusi hesabına köçürür. [5]

2.22. Dövlət ekoloji ekspertizası işlərinin dəyəri ödənildiyi və vəsaitin köçürülməsi barədə maliyyə sənədlərinin surətləri Agentliyə təqdim edildiyi halda sənədlər (materiallar) dövlət ekoloji ekspertizasına qəbul olunmuş sayılır.

2.23. Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihənin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə) dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır.

2.24. Ekspertiza haqqı ödənilmiş və çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılan dövlət ekoloji ekspertizası obyektləri üzrə sənədlərə münasibətdə təkrar müraciət olunduqda, yenidən ekspertiza haqqının ödənilməsi tələb olunmur.

2.25. Agentlik ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət dövlət ekoloji ekspertizası rəyi verir. Dövlət ekoloji ekspertizası rəyinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.[6]

2.26. Dövlət ekoloji ekspertizasının rəyində aşağıdakılar göstərilir:

2.26.1. Agentliyin adı və ünvanı;

2.26.2. dövlət ekoloji ekspertizası rəyinin verilməsi tarixi və qeydiyyat nömrəsi;

2.26.3. dövlət ekoloji ekspertizasının rəyini alan sifarişçi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, fəaliyyət göstərdiyi ünvan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

2.26.4. dövlət ekoloji ekspertizası rəyinin qüvvədəolma müddəti (başlama və başaçatma tarixləri göstərilməklə);

2.26.5. dövlət ekoloji ekspertizası rəyi verilən dövlət ekoloji ekspertizasının obyekti və fəaliyyət növü.

2.27. Dövlət ekoloji ekspertizasının rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir.

2.28. Agentlik “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizası rəyinin reyestrinin aparılmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini və yeniləndiyi gün reyestrdə qeydə alınmasını, habelə sifarişçiyə və aidiyyəti dövlət orqanlarına göndərilməsini təmin edir. Reyestrdə bu Qaydanın 2.26.1-2.26.5-ci yarımbəndlərində göstərilənlərlə yanaşı, aşağıdakı məlumatlar da öz əksini tapmalıdır:

2.28.1. yenidən rəsmiləşdirilmiş dövlət ekoloji ekspertizası rəyinin verildiyi tarix və qeydiyyat nömrəsi;

2.28.2. dövlət ekoloji ekspertizası rəyinin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi;

2.28.3. dövlət ekoloji ekspertizası rəyinin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

2.28.4. dövlət ekoloji ekspertizası rəyinin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsasları göstərilməklə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.5-ci maddəsinə uyğun olaraq məhkəmə qərarı olduqda, qərarın tarixi və onu qəbul edən məhkəmənin adı).

2.29. Dövlət ekoloji ekspertizası rəyinin ləğvi, bərpası, dayandırılması və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.30. Dövlət ekoloji ekspertizasının rəyi aşağıdakı hallarda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən rəsmiləşdirilir:

2.30.1. dövlət ekoloji ekspertizasının rəyini almış sifarişçi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

2.30.2. dövlət ekoloji ekspertizasının rəyini almış sifarişçi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

2.30.3. şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;

2.30.4. ekoloji ekspertiza sənədlərində dəyişikliklər edildikdə;

2.30.5. ətraf mühitin mühafizəsi sahəsində normativ və texniki normativ hüquqi aktlarla müəyyən edilmiş ekoloji tələblər dəyişdikdə;

2.30.6. rəyin qüvvədəolma müddəti başa çatdıqda.

 

3. İctimai ekoloji ekspertizanın təşkili və həyata keçirilməsi

 

3.1. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının həyata keçirilməsindən asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir.

3.2. İctimai ekoloji ekspertiza fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları) tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.

3.3. İctimai ekoloji ekspertiza ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, mütəxəssislərin və ekspertlərin iştirakı ilə aparılır.

3.4. İctimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertizanın keçirilməsi vaxtı və müddəti, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları mediada yerləşdirirlər. [7]

3.5. İctimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertiza obyektinə dair verilən rəy, irad və təkliflərlə digər istifadəçilərin tanış olması üçün imkan yaradırlar.

3.6. Aidiyyəti dövlət orqanlarının (qurumlarının), vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya təşəbbüsü əsasında ictimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertiza obyektinə dair ictimai ekoloji ekspertizanı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirə bilərlər. Bu halda ictimai ekoloji ekspertizanın təşkilatçıları ictimai dinləmə və müzakirənin vaxtı, müddəti, mövzusu, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları mediada yayırlar. Belə müzakirədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin səlahiyyətli nümayəndələrinin, mütəxəssislərin və ekspertlərin iştirakının təmin edilməsi məqsədilə ictimai ekoloji ekspertizanın təşkilatçıları tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir. [8]

3.7. İctimai ekoloji ekspertizanın təşkilatçılarının vəzifələri aşağıdakılardır:

3.7.1. ictimai ekoloji ekspertizanın həyata keçirilməsi zamanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək;

3.7.2. ictimai ekoloji ekspertizanın nəticələri barədə Agentliyə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə məlumat vermək.

3.8. İctimai ekoloji ekspertizanın təşkilatçıları aşağıdakı hüquqlara malikdirlər:

3.8.1. sifarişçidən ekoloji ekspertizanın obyektinə dair sənədləri tam həcmdə almaq;

3.8.2. ekoloji ekspertizanın keçirilməsinə dair tələbləri müəyyən edən normativ hüquqi aktlarla və texniki normativ hüquqi aktlarla tanış olmaq;

3.8.3. ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə, tikintisinə və istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi barədə aidiyyəti qurumlara müraciətlər etmək.

3.9. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta keçirilir.

3.10. İctimai ekoloji ekspertizanın təşkilatçıları Agentliyi, yerli icra hakimiyyəti orqanını və bələdiyyəni ictimai ekoloji ekspertizanın keçirilməsinə 5 (beş) gün qalmış ekoloji ekspertizanın keçirilməsi yeri və vaxtı barədə yazılı məlumatlandırmalıdırlar.

3.11. İctimai ekoloji ekspertiza açıq keçirilir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaş və vətəndaş cəmiyyəti institutları ictimai ekoloji ekspertizanın keçirilməsində iştirak edə və müzakirə olunan məsələlər barədə öz mülahizələrini bildirə bilərlər.

3.12. Ekoloji ekspertiza obyektləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, ictimai ekoloji ekspertizanın keçirilməsinə yol verilmir və bu barədə Agentlik tərəfindən ictimai ekoloji ekspertizanın təşkilatçılarına ictimai ekoloji ekspertizanın keçirilməsinə 3 (üç) gün qalmış yazılı məlumat verilir.

3.13. İctimai ekoloji ekspertizanın təşkilatçıları ictimai ekoloji ekspertizanın keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutlarının, mütəxəssislərin və ekspertlərin ekoloji ekspertiza obyektinə dair əsaslandırılmış rəy, irad və təkliflərini müzakirə edir və onların əsasında ictimai ekoloji ekspertizanın rəyini hazırlayır.

3.14. İctimai ekoloji ekspertizanın rəyi onun təşkilatçıları tərəfindən ən geci 3 (üç) iş günü müddətində Agentliyə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə təqdim edilir, habelə media ilə ictimaiyyətə çatdırılır. [9]

3.15. İctimai ekoloji ekspertizanın rəyi tövsiyə xarakteri daşıyır və ictimai ekoloji ekspertizanın nəticələrinə dair sənəddir.

3.16. Agentlik ictimai ekoloji ekspertizanın rəyinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ictimai ekoloji ekspertiza rəyi dövlət ekoloji ekspertizası zamanı nəzərə alınır.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 may 2022-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2022-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 552)

2.       11 yanvar 2023-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Xalq” qəzeti, 13 yanvar 2023-cü il, ¹ 7)

3.       10 oktyabr 2023-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 12 oktyabr 2023-cü il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 10, maddə 1443)

4.       30 dekabr 2023-cü il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, ¹ 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1844)

5.       2 aprel 2024-cü il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-ci il, ¹ 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 4, maddə 441)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 aprel 2024-cü il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-ci il, ¹ 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 4, maddə 441) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[2] 30 dekabr 2023-cü il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, ¹ 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1844) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.8-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.8. Ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində göstərilən sənədlər əlavə edilir. Bu sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilir. Agentlik özü həmin sənədlər barədə məlumatları elektron informasiya ehtiyatlarından əldə edə bilmədikdə, ərizəçidən aşağıdakı sənədlərin ərizəyə əlavə edilməsi tələb olunur:

 

[3] 30 dekabr 2023-cü il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, ¹ 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1844) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”na yeni məzmunda 2.8-1-ci bəndi əlavə edilmişdir.

 

[4] 30 dekabr 2023-cü il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, ¹ 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1844) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.12-ci bəndin birinci cümləyə “sənədlərin” sözündən sonra “(bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir və üçüncü cümləyə “barədə” sözündən sonra “(bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

[5] 11 yanvar 2023-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Xalq” qəzeti, 13 yanvar 2023-cü il, ¹ 7) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.21-ci bəndində 2001-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası sözləri 2023-cü il 10 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 may 2022-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2022-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 552) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.25-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[7] 10 oktyabr 2023-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 12 oktyabr 2023-cü il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 10, maddə 1443) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 3.4-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

 

[8] 10 oktyabr 2023-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 12 oktyabr 2023-cü il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 10, maddə 1443) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 3.6-cı bəndin ikinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

 

[9] 10 oktyabr 2023-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 12 oktyabr 2023-cü il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 10, maddə 1443) ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 3.14-cü bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilmişdir.