Azərbaycan Respublikası
adından
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh
edilməsinə dair
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə
Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən (məruzəçi-hakim) ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən
məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 403.2-ci maddəsinin şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Bakı Apellyasiya
Məhkəməsinin sədri İ.Nağıyevin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının
rəhbəri S.Mirzəyevin, mütəxəssis Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının sədri S.Hacıyevin yazılı
mülahizələrini, iş materiallarını
araşdırıb müzakirə edərək Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
403.2-ci maddəsinin şərh olunmasını xahiş
etmişdir.
Müraciətdən görünür ki, Bakı
şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 fevral
2018-ci il tarixli qətnaməsi ilə iddiaçı
C.Ağayevin Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
1 saylı Bakı şəhər Ərazi İdarəsinə
və M.Sarıyevə qarşı alqı-satqı
müqaviləsinin etibarsız hesab edilməsi və torpağa
mülkiyyət hüququna dair çıxarışın
ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsi
ilə C.Ağayevin apellyasiya şikayəti təmin
edilmiş, Bakı şəhəri Nərimanov Rayon
Məhkəməsinin qətnaməsi ləğv olunaraq iş
üzrə yeni qətnamə qəbul olunmuş, iddia təmin
edilərək cavabdehlər arasında bağlanmış
alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi
və həmin müqaviləyə əsasən verilmiş
çıxarışın ləğv edilməsi qət
edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
qətnaməsindən C.Babayeva işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxs qismində şikayət
vermişdir. İddiaçı C.Ağayev Mülki Prosessual
Məcəllənin 403.2-ci maddəsinə istinad edərək
C.Babayevanın kassasiya şikayəti vermək hüququnun
olmadığını bildirmişdir. C.Babayevanın
vəkili isə iddiaçının bu dəlilinə cavab
olaraq göstərmişdir ki, həmin norma Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya)
və “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (bundan
sonra – Konvensiya) zidd olmaqla onların birbaşa kassasiya
şikayəti vermək hüquqlarını
məhdudlaşdırır və məhkəmə
tərəfindən Konstitusiyanın müvafiq normaları
və Konvensiyanın 6-cı maddəsi tətbiq
edilməklə kassasiya şikayəti mümkün hesab
edilməlidir.
Kassasiya şikayətinin mümkünlüyü
məsələsini araşdıran məhkəmə
tərəflərin dəlillərini müzakirə
edərək iş üzrə tətbiq edilməli olan
Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin
şərh edilməsinə zərurət olduğu
qənaətinə gəlmişdir.
Müraciətdə göstərilmişdir ki,
Mülki Prosessual Məcəllənin 403-cü
maddəsində apellyasiya instansiyası
məhkəmələrinin qətnamə və
qərardadlarından kassasiya şikayəti vermək hüququ
olan şəxslərin dairəsi müəyyən
edilmişdir. Həmin Məcəllənin 403.1-ci
maddəsinə əsasən, apellyasiya instansiyası
məhkəməsinin qətnamələrindən və qərardadlarından,
tələblərinin təmin olunmadığı hallarda
tərəflər, üçüncü şəxslər,
xüsusi icraat işləri üzrə isə ərizəçi
və maraqlı şəxslər şikayət vermək
hüququna malikdir.
Eyni zamanda, Məcəllənin 403.2-ci maddəsində
işdə iştirak etməyə cəlb olunmayan,
məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin həmin məhkəmə aktlarını
kassasiya qaydasında mübahisələndirməsinin fərqli
proseduru müəyyən edilmişdir. Bu maddəyə
görə, Azərbaycan Respublikası Ali
Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə)
sədri işdə iştirak etməyə cəlb olunmayan,
məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin müraciətinə əsasən
apellyasiya instansiyası məhkəməsinin qətnamə
və qərardadından təqdimat verə bilər.
Məcəllənin apellyasiya şikayəti vermək
hüququ olan şəxslərin dairəsini müəyyən
edən 357-ci maddəsi isə işdə iştirak
etməyə cəlb edilməyən, lakin qəbul edilən
qətnamə onların hüquq və
vəzifələrinə toxunan hallarda digər
şəxslərin birinci instansiya məhkəmələri
tərəfindən qəbul olunmuş qanuni qüvvəyə
minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti
vermək hüquqlarını təsbit etmişdir.
Müraciətedən hesab edir ki, birinci instansiya
məhkəməsinin aktlarından şikayət verilməsi
qaydasından fərqli olaraq, Mülki Prosessual
Məcəllənin 403.2-ci maddəsi ilə işdə
iştirak etməyə cəlb olunmayan, məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslərin
apellyasiya məhkəmələrinin aktlarından birbaşa
kassasiya şikayəti vermək hüququ
məhdudlaşdırılmış və onların
hüquqları pozulmuş olduğu halda belə kassasiya
icraatının yalnız Ali Məhkəmənin sədrinin
təqdimatı ilə mümkün olduğu
müəyyən edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
qənaətinə görə, həmin qayda şəxsən
məhkəməyə müraciət etmək və hər
kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat
verilməsi ilə bağlı Konstitusiyada təsbit olunmuş
fundamental hüquqların əsassız pozulmasına
gətirib çıxara bilər.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətlə əlaqədar, ilk növbədə, hər
bir şəxsin ayrılmaz hüququ olan məhkəmə
müdafiəsi hüququ, bu hüququn həyata
keçirilməsində qanunverici tərəfindən
müəyyən ağlabatan prosessual
məhdudiyyətlərin qoyulmasının
mümkünlüyü və bu zaman ədalətli
balansın qorunmasının zəruriliyi ilə bağlı
Konstitusiya və beynəlxalq hüquqi aktlarda, eləcə
də həmin hüququn reallaşdırılmasının
əsas qaydalarını müəyyən edən Mülki
Prosessual Məcəllədə təsbit olunmuş bir sıra
müddəaların və Plenumun qərarlarında əks
olunmuş hüquqi mövqelərin nəzərdən
keçirilməsini zəruri hesab edir.
Hüquqi və demokratik dövlətə xas olan
dəyərlərə əsaslanan Əsas Qanun insan və
vətəndaş hüquq və azadlıqlarını
təsbit etməklə yanaşı, onların qorunmasına
və müdafiəsinə yönəlmiş
təminatları da müəyyənləşdirmişdir.
Məhz bundan irəli gələrək, Konstitusiyada
hər kəsin qanunla qadağan olunmayan üsul və
vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ, hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada
və məhkəmədə müdafiəsinə təminat
hüququ təsbit edilmişdir.
Hüquq və azadlıqların inzibati və
məhkəmə təminatı hüququ hər kəsin
məhkəməyə müraciət etmək hüququ
ilə yanaşı, işinin ədalətli
araşdırılmasını, eləcə də hüquq
və azadlıqları pozulduğu halda məhkəmə
aktlarından qanunvericiliklə müəyyən edilmiş
qaydada yuxarı instansiya məhkəmələrinə
şikayət vermək hüququnu ehtiva edir.
Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla
bağlı formalaşdırdığı hüquqi
mövqeyə görə, məhkəməyə
müraciət etmək hüququnun təmin edilməsi, öz
növbəsində, pozulmuş hüquq və
azadlıqları qanunvericilikdə nəzərdə tutulan
hədlər çərçivəsində
səmərəli müdafiə və bərpa edə
bilən ədalət mühakiməsinin həyata keçirilməsini
şərtləndirir. Ədalət mühakiməsi
vasitəsilə insan hüquq və azadlıqlarının
təminatı sisteminin universal xarakteri, həmçinin
şəxsin qanunsuz və əsassız məhkəmə
qərarlarından müdafiə olunması
məqsədilə müvafiq məhkəmələrə
şikayət etmək imkanlarını əhatə edir. Bu
hüquq məhkəmə prosesinin bütün
mərhələlərinə aid olmaqla, məhkəmə
müdafiəsinin yalnız birinci instansiyada təmin
olunmasını deyil, qanunla nəzərdə tutulmuş
hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata
keçirilməsini nəzərdə tutur (“Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci
maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral
tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 28-ci maddəsinin ºərh
edilməsinə dair” 2017-ci il 12 aprel tarixli qərarlar).
Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı
maddəsi müxtəlif məhkəmə instansiyalarına
verilmiş şikayətlərə (müraciətlərə)
baxılmasının prosessual qaydalarına dəqiq riayət
olunmasını da özündə ehtiva edir. Bu
məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə
aktlarının ədalətli və qanuni olmasını
təmin etmək üçün Mülki Prosessual
Məcəllədə məhkəmənin, işdə
iştirak edən şəxslərin və prosesin digər
iştirakçılarının hüquq və
vəzifələrini müəyyənləşdirir,
mülki mühakimə icraatında prosessual qaydaları
tənzim edir. Məcəllə mülki məhkəmə
icraatının ümumi qaydalarını, habelə
icraatın prinsip və şərtlərini müəyyən
etməklə yanaşı, ümumi yurisdiksiyalı
məhkəmələr tərəfindən mülki
icraatın aparılması, işin ədalətli
həllinə yönəlmiş qaydalara riayət olunmaqla son
nəticədə məhkəmə aktlarının
qəbulunu, onlardan şikayət verilməsi və bu
şikayətlərə baxılması qaydasını
tənzimləyir.
Mülki Prosessual Məcəllənin normaları
nəinki mülki məhkəmə icraatının
gedişatını, həmçinin mülki prosessual
münasibətlərin hər bir iştirakçısı
tərəfindən müvafiq hərəkətlərin
aparılması və onların mümkünlüyünü
müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın
şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli
Qərarı).
Məcəllənin mülki məhkəmə
icraatının vəzifələrini təsbit edən 2-ci
maddəsinə görə, mülki işlər və
kommersiya mübahisələri üzrə məhkəmə
icraatının vəzifələri hər bir fiziki və
yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və
digər normativ-hüquqi aktlardan irəli gələn hüquq
və mənafelərinin məhkəmədə təsdiq
olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə
əsasən isə bütün fiziki və hüquqi
şəxslər özlərinin qanunla qorunan hüquq və
azadlıqlarını, eləcə də maraqlarını
qorumaq və təmin etmək məqsədi ilə qanunla
müəyyən edilmiş qaydada məhkəmə
müdafiəsindən istifadə etmək hüququna
malikdirlər. Göründüyü kimi, bu
maddələrdə fiziki və hüquqi şəxslərin
hər cür mənafe və maraqlarının
müdafiəsindən deyil, qanunlardan və digər
normativ-hüquqi aktlardan irəli gələn, başqa
sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs
olunur.
Həmçinin ümumi hüquq
nəzəriyyəsində, eləcə də beynəlxalq
hüquqi aktlarda bu hüququn, müəyyən hallar
nəzərə alınaraq, məhdudlaşdırılmasına
yol verilir. Belə ki, məhkəmə müdafiəsi
hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter
daşımır və qanunvericilik tərəfindən
müəyyən edilmiş hədlərdə konkret
məhdudiyyətlərə məruz qala bilər.
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi)
də bir sıra qərarlarında yuxarı instansiya
məhkəmələrində aparılan icraatın
mümkünlüyü və hədlərinin qanuni
məhdudiyyətlərə məruz qala bilməsini
yolverilən hesab etmişdir. Golder Birləşmiş
Krallığa qarşı iş üzrə Qərarında
Avropa Məhkəməsi göstərmişdir ki,
məhkəməyə əlçatanlıq hüququ
mütləq deyil və dolayı şəkildə yol
verilən məhdudiyyətlərə məruz qala bilər. Bu
xüsusilə də şikayətin qəbuledilənlik
şərtlərinə aiddir, çünki bu
məsələ təbiət etibarilə, həmin
sahədə müəyyən mülahizə sərbəstliyinə
malik olan Dövlət tərəfindən
tənzimlənmə tələb edir (Luordo İtaliyaya
qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli
Qərar).
Lakin məhkəmə müdafiəsi hüququnu
məhdudlaşdıran tədbirlər Konstitusiyanın
60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II
hissəsinin, habelə “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü
maddəsinin müddəaları baxımından legitim
məqsədlərə nail olmaq üçün tətbiq edilməli,
mütənasiblik meyarına cavab verərək onun əsas
mahiyyətinə toxunmamalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin
bəzi müddəalarının şərh edilməsinə
dair” 2015-ci il 22 may tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu mülki
prosessual qanunvericilikdə nəzərdə tutulmuş
məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki,
hüquq və vəzifələrin həcminin prosessual qaydalar
çərçivəsində
məhdudlaşdırılması hüquqi
müəyyənlik prinsipinin təmin edilməsinə,
məhkəmə icraatı zamanı işdə iştirak
edən şəxslərin qarşılaşa
biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan
qaldırılmasına, ədalət mühakiməsinin daha
səmərəli və ədalətli həyata
keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız
qanunvericilik səviyyəsində müəyyən oluna
biləcək belə məhdudiyyətlər Konstitusiyada
təsbit olunmuş hüquq və azadlıqları
ləğv etməməlidir. Bu məhdudiyyətlər hər
hansı şəxsin iradəsindən asılı olmayaraq,
müvafiq hüquqa mütənasib şəkildə
qanunvericinin müəyyən etdiyi hədlər
çərçivəsində düzgün tətbiq
edilməlidir.
Mülki Prosessual Məcəllədə
məhkəmə müdafiəsi hüququnu
məhdudlaşdıran şikayətin
mümkünlüyü, prosessual müddətlər,
məhkəmə qərarlarından şikayət verə
biləcək konkret şəxslərin dairəsi və s.
amillər nəzərdə tutulmuşdur. Belə
məhdudlaşdırıcı tədbirlərdən biri
də birinci və apellyasiya instansiyası
məhkəmələrinin aktlarından şikayət
vermək hüququ olan şəxslərin dairəsinin
müəyyən edilməsidir. Bir qayda olaraq,
məhkəmə aktlarından işdə iştirak edən
şəxslər şikayət vermək hüququna malikdir.
Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı
ilə işdə iştirak etməyə cəlb
edilməyən şəxslərin hüquqlarının
pozulma ehtimalının olduğunu və şikayətə
baxan məhkəmə instansiyasının spesifik
xüsusiyyətlərini nəzərə alaraq onların
işə cəlb edilməsinin fərqli qaydalarını
müəyyən etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra
qərarlarında işdə iştirak etməyə cəlb
olunmayan və məhkəmə qərarı ilə
hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin
hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş
hüquq və azadlıqlarının bərpası
üçün səmərəli vasitələrlə
təmin edilməsinin vacibliyini vurğulamışdır.
İşdə iştirak etməyə cəlb olunmayan
və məhkəmənin qərarı ilə
hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin
statusunun səciyyəvi əlamətlərinə onun
məhkəmədə baxılan işə tərəf
qismində cəlb edilməməsi, iş üzrə qəbul
edilmiş məhkəmə qərarının onun
hüquqlarına və qanuni maraqlarına toxunması, öz
hüquqlarının və qanuni maraqlarının
müdafiəsində həm maddi, həm də prosessual
marağının olması aiddir (K.Maraevin şikayəti
üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
İşdə iştirak etməyə cəlb olunmayan
şəxslərin hüquq və vəzifələrinə
dair məsələnin onun iştirakı olmadan
məhkəmə tərəfindən həll edilməsi
məhkəmə araşdırmasının ədalətli
olmasını, hər kəsin hüquq və azadlıqlarına
dair mübahisələrə müstəqil və
qərəzsiz məhkəmə vasitəsilə ağlabatan
müddətdə baxılmasını, işinin
ədalətli və açıq araşdırılması
hüququnun təmin edilməsini şübhə altına
alır. Bu baxımdan, işə cəlb edilməyən
şəxsin prosessual fəaliyyəti onun iştirakı
olmadan qəbul edilmiş məhkəmə qərarı
ilə pozulmuş hüquqlarının bərpa edilməsi
məqsədinə xidmət etməlidir.
Hər bir halda işdə iştirak etməyə
cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslərin həmin aktlardan verdikləri
şikayətdə (müraciətdə) qəbul edilən
qətnamə ilə onların hüquq və
vəzifələrinin pozulmasının nədən ibarət
olması, yaxud hansı maraq və ya mənafelərinə
toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu
şəxslərin hüquqlarının bərpası
üçün nəzərdə tutulmuş prosessual
təminat həyata keçirilərkən qanunvericilikdə
müəyyən edilmiş məhkəmə sisteminin
mahiyyətinə, xüsusiyyətlərinə xələl
gətirilməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
işdə iştirak etməyə cəlb olunmayan,
məhkəmə aktı ilə hüquq və
vəzifələrinə, maraqlarına toxunan
şəxslərin apellyasiya və kassasiya şikayəti
vermələri üçün qanunverici tərəfindən
fərqli prosedur qaydalarının müəyyən
edilməsinin anlaşılan olmamasına dair
müraciətedənin dəlilinə aydınlıq
gətirilməsi məqsədi ilə apellyasiya və kassasiya
icraatının mahiyyəti, məqsədi və
xüsusiyyətlərinə, bu məhkəmə
instansiyalarında işə baxmanın hədlərinə
nəzər yetirilməsi mühüm əhəmiyyət
kəsb edir.
Qeyd olunduğu kimi, Mülki Prosessual
Məcəllənin 357-ci maddəsində birinci instansiya
məhkəməsi tərəfindən qəbul edilmiş
qətnamə və qərardadlardan apellyasiya şikayəti
vermək hüququ olan subyektlərin dairəsi
göstərilmişdir. Məcəllənin 357.2-ci
maddəsinə əsasən, apellyasiya şikayəti
vermək hüququna işdə iştirak etməyə
cəlb edilməyən, lakin qəbul edilən qətnamə
onların hüquq və vəzifələrinə toxunan
hallarda digər şəxslər də malikdir.
Apellyasiya şikayəti verilməsi və onun
mümkün hesab edilməsi üçün prosessual
əsaslar olmalıdır. Belə ki, apellyasiya
şikayətinin mümkünlüyünü araşdıran
məhkəmə həmin şəxsin müvafiq prosessual
hüquqa malik olub-olmamasını, qanunvericiliyin
tələblərinə əməl edib-etməməsini
yoxlayır. Mülki Prosessual Məcəllənin 366.1 və
366.2-ci maddələrinə uyğun olaraq, apellyasiya
instansiyası məhkəməsi iş
məhkəməyə daxil olduqdan sonra 15 gün
müddətində apellyasiyanın
mümkünlüyünü yoxlayır. Buraya işə
apellyasiya qaydasında baxılmaq üçün prosessual
əsasların olması daxildir. Əgər apellyasiyanın
mümkünlüyü üçün əsaslar yoxdursa, o,
qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya icraatına dair məsələ Konstitusiya
Məhkəməsi Plenumunun dəfələrlə
müzakirə predmeti olmuş, 20 may 2011-ci il tarixində
isə apellyasiya baxışının hədləri ilə
bağlı “Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 372-ci maddəsinin apellyasiya
baxışının hədləri barədə
müddəalarının həmin Məcəllənin 372.1
və 372.7-ci maddələrinin tələbləri
baxımından şərh edilməsinə dair” Qərar
qəbul edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki,
apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada
işin mahiyyətinə aid olmayan hallardan
təmizlənmiş və apellyasiya şikayətinin
həcmində mübahisənin predmetinə
baxılmasından ibarətdir. Qanunvericiliyin
tələblərinə görə apellyasiya
məhkəməsi tamhüquqlu məhkəmə kimi,
işdə olan və əlavə təqdim olunmuş
sübutlar əsasında mahiyyəti üzrə işə
baxır. Apellyasiya məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq,
məhkəmənin maddi və prosessual normalara riayət
etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin
384-cü maddəsində göstərilən qərarlardan
birini qəbul edir.
Eyni zamanda, qanunverici, Mülki Prosessual
Məcəllənin 403-cü maddəsində apellyasiya
məhkəməsinin qətnaməsi və ya qərardadı
ilə razı olmayan şəxslərin kassasiya
şikayəti (təqdimat və ya protest) vermək hüququnu
müəyyən etmişdir. Bu şikayətin
müəyyən olunmuş qaydada və
müddətlərdə verilməsi kassasiya instansiyası məhkəməsinə
həmin qərarların yoxlanılması üçün
kassasiya icraatının başlanılmasına əsas verir.
Mülki Prosessual Məcəllənin 357.2-ci
maddəsindən fərqli olaraq, Məcəllənin 403.2-ci
maddəsi apellyasiya instansiyası məhkəməsinin qanuni
qüvvəyə minmiş qətnamələrindən və
qərardadlarından maraqlı şəxslərin
şikayət verməsinin xüsusi prosedurunu
tənzimləyir.
Məcəllənin 403.2-ci maddəsində
müəyyən edilmiş bu prosedur kassasiya icraatının
xüsusi mahiyyətindən və onun həll edə
biləcəyi məsələlərin dairəsindən
irəli gəlir. Belə ki, kassasiya icraatının
bilavasitə vəzifəsi şikayət və ya protest
verilmiş apellyasiya məhkəməsinin qətnamə və
ya qərardadının qanuniliyinin yoxlanılmasıdır.
Kassasiya instansiyası məhkəməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən
yalnız maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (Mülki
Prosessual Məcəllənin 416-cı maddəsi).
Kassasiya məhkəməsi sübut və faktlara
yenidən qiymət vermədən işin hallarını
müəyyən olunmuş kimi qəbul edərək,
apellyasiya məhkəməsinin qərarının mahiyyəti
üzrə düzgün olub-olmamasını yoxlamır, onu
yalnız məhkəmə tərəfindən qanunun
tələblərinə riayət olunub-olunmaması maraqlandırır,
çünki həmin məhkəmənin fəaliyyətinin
fundamental prinsipinə görə, “kassasiya məhkəməsi
işi deyil, qərarı mühakimə edir” (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi
baxımından şərh edilməsinə dair” 2019-cu il 18
mart tarixli Qərarı).
Bu baxımdan qanunverici kassasiya instansiyası
məhkəməsinin statusundan və ona verilmiş
səlahiyyətlərin xarakterindən çıxış
edərək kassasiya şikayətlərinin tərtib
olunması və verilməsinə münasibətdə daha
sərt qaydalar müəyyən etmiş və bu
məhkəmənin baxdığı işlərin
dairəsini, işə baxılması hədlərini və
yeni şəxslərin işə cəlb edilməsi
imkanını məhdudlaşdırmışdır.
Lakin göstərilənlərlə yanaşı,
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri
hesab edir ki, qanunvericinin maraqlarına toxunan şəxslərin
şikayəti ilə kassasiya icraatı başlanmasının
fərqli şərtlərini müəyyən etməsi
barədə mövqeyi başa düşülən olsa da, bu
kateqoriyadan olan şəxslərin hüquqlarının
həyata keçirilməsi üçün
mümkünlük (qəbuledilənlik) şərtlərinin
və qaydaların müəyyən olunması hüquqi
müəyyənlik prinsipinin, eləcə də qanunların
aydın və birmənalı olması şərtinin
səmərəliliyinə xidmət etmiş olar.
Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir
çox qərarlarında dəfələrlə istinad etdiyi
hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin
əsas aspektlərindən biri kimi çıxış edir
və hər bir qanunun və ya onun hər hansı bir
müddəasının hüquqi müəyyənlik
prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin
edilməsi üçün hüquq normaları
birmənalı və aydın olmalıdır. Bu, öz
növbəsində hər kəsə onun hüquq və
azadlıqlarını müdafiə edəcəyinə,
hüquq tətbiqedənin hərəkətlərinin isə
proqnozlaşdırıla bilən olacağına əminlik
verməlidir. Bunun əksi, yəni hüquq normasının
məzmununun qeyri-müəyyənliyi hüquq
tətbiqetmədə məhdudiyyətsiz mülahizə
üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi
aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun
və məhkəmə qarşısında bərabərlik
və ədalət prinsiplərinin pozulmasına gətirib
çıxara bilər.
Ali Məhkəmə tərəfindən Konstitusiya
Məhkəməsinin Plenumuna təqdim edilmiş yazılı
mülahizədə qeyd olunmuşdur ki,
formalaşdırılmış təcrübəyə
görə, işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin müvafiq müraciətləri daxil olduqda
Ali Məhkəmənin sədri işi öyrənilməsi
üçün hakimlərdən birinə təqdim edir. Hakim
tərəfindən iş öyrənilərək müvafiq
kollegiyada bütün hakimlərin iştirakı ilə
müzakirə edildikdən sonra həmin müraciətin
təmin olunmaması barədə qərardad və ya
işə kassasiya qaydasında baxılması barədə
təqdimat qəbul edilir.
Nəzərə alınmalıdır ki,
təcrübədə qeyd edilən müraciətlərə
baxılması üçün müəyyən qayda
formalaşdırılmış olsa da, qanunvericilikdə onlara
baxılma qaydası nəzərdə tutulmamışdır.
Qanunverici Mülki Prosessual Məcəllədə bu
kateqoriyadan olan şəxslərdən fərqli olaraq,
işdə iştirak edən şəxslər tərəfindən
verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi
ilə bağlı qaydaları kifayət qədər aydın
müəyyən edərək hüquqi müəyyənlik
prinsipini təmin etmişdir. Mülki Prosessual
Məcəllənin 411-ci maddəsinə uyğun olaraq, qanunun
tələblərinə əməl edilməklə
verilmiş kassasiya şikayəti kassasiya instansiyası
məhkəməsi hakiminin qərardadı ilə icraata
qəbul edilir. Göründüyü kimi, işdə
iştirak edən şəxslər tərəfindən
verilmiş şikayətin icraata qəbul
edilib-edilməməsi məsələsi konkret
səlahiyyətli şəxs tərəfindən həll
edilsə də, həmin şəxsin (hakimin)
iradəsindən asılı edilməmiş və
qanunvericilikdə nəzərdə tutulmuş
tələblərə uyğun verilmiş şikayətin
icraata qəbul edilməli olduğu müəyyən
edilmişdir.
O da qeyd olunmalıdır ki, Mülki Prosessual
Məcəllənin 418.4.6-cı maddəsinə əsasən,
apellyasiya instansiyası məhkəməsinin qətnamə
və ya qərardadının şikayətin
dəlillərindən asılı olmayaraq ləğv edilməsi
əsaslarından biri də məhz məhkəmənin
işdə iştirak etməyə cəlb edilməmiş
şəxslərin hüquq və vəzifələrinə
dair onların hüquqlarının pozulmasına səbəb
olan qətnamə və ya qərardad qəbul etməsidir.
Göstərilənlər onu deməyə əsas
verir ki, qanunvericinin bu kateqoriyadan olan şəxslərin
kassasiya instansiyası məhkəməsinə şikayət
vermələri üçün fərqli qaydalar
müəyyən etməsi həmin şəxslərin
məhkəməyə müraciət etmək hüququnu
məhdudlaşdırmır, bu qayda məhkəmənin
spesifik xüsusiyyətlərindən, səlahiyyət
dairəsinin məhdud olmasından irəli gəlir. Qəbul
edilmiş məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin hüquqlarının pozulması faktı
isə məhkəməyə əlçatanlığın
və yuxarıda sadalanan digər dəyərlərin təmin
edilməsi baxımından təqdimat verilməsi
üçün tutarlı əsas kimi çıxış
etməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu N.Səlimovun
şikayəti üzrə 2020-ci il 20 may tarixli Qərarında
göstərmişdir ki, işdə iştirak etməyə
cəlb olunmayan, barəsində hüquq və
azadlıqlarını pozan və yaxud üzərinə
əlavə öhdəliklər qoyan qərar
çıxarılmış şəxs, hər bir halda
pozulmuş hüquqlarının bərpası
üçün daha səmərəli vasitələrlə
təmin olunmalı və həmin şəxslər
qanunvericiliyin tələblərinə əməl
etməklə qanuni qüvvəyə minmiş
məhkəmə aktlarından şikayət vermək
hüququna malik olmalıdırlar.
İnzibati məhkəmə icraatında oxşar
məsələ üzrə hüquqi mövqeyini əks
etdirən Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci
maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel
tarixli Qərarında göstərmişdir ki, hüquqi
müəyyənliyin mühüm tərkib hissəsi olan
məhkəmə qərarlarının stabilliyi prinsipinin
qorunması məqsədilə maraqlı şəxsin
üçüncü şəxs qismində işə
cəlb edilməsi üçün aşağıdakılara
xüsusi diqqət yetirilməlidir:
- qanuni qüvvəyə minmiş məhkəmə
qərarı ilə inzibati məhkəmə icraatına
cəlb olunmamış şəxsin hüquqlarının
və qanunla qorunan maraqlarının əhəmiyyətli
dərəcədə pozulub-pozulmamasına;
- inzibati məhkəmə icraatına cəlb
olunmamış şəxsin öz hüququnun pozulduğunu
bildiyi və ya bilməli olduğu vaxtın müəyyən
edilməsinə.
Konstitusiya Məhkəməsinin Plenumu,
həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə
iştirak etməyə cəlb olunmayan, məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslər
tərəfindən kassasiya instansiyası
məhkəməsinə şikayət verilməsi, həmin
şikayətin (müraciətin) icraata qəbul edilməsi
və ona baxılması, yaxud imtina edilməsi
qaydalarının qanunverici tərəfindən təkmilləşdirilməsi,
həmin qaydaların birmənalı və əlçatan
olmasına, nəticədə isə hüquqi
müəyyənlik prinsipinin təmin edilməsinə və
bu şəxslərin Konstitusiyadan irəli gələn
hüquqlarına xələl gətirilməsinin
qarşısının alınmasına xidmət etmiş
olar.
Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu
mövcud qanunvericilik normalarından çıxış
edərək qeyd edir ki, işdə iştirak etməyə
cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslərin Konstitusiya ilə nəzərdə
tutulmuş təminatlarına xələl gətirilməsinin
qarşısını almaq məqsədilə həmin
şəxslərin hüquqları pozulduğu təqdirdə
Ali Məhkəmənin sədri Mülki Prosessual
Məcəllənin 403.2-ci maddəsinə uyğun olaraq verilmiş
müraciətə əsasən işə kassasiya
qaydasında baxılması üçün təqdimat
verməkdə haqlıdır.
Göstərilənlərlə yanaşı qeyd
olunmalıdır ki, işdə iştirak etməyə
cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslərin kassasiya şikayətləri
üzrə təqdimatın verilməsindən imtina
edilməsi həmin şəxsləri öz hüquq və
azadlıqlarını müdafiə etmək üçün
məhkəməyə müraciət etmək imkanından
məhrum etmir. Bu hüquq Konstitusiya ilə yanaşı,
həmçinin Mülki Prosessual Məcəllənin
məhkəmə aktlarının məcburiliyi adlanan
15.4-cü maddəsindən irəli gəlir. Həmin
maddəyə görə, məhkəmə aktları
maraqlı şəxslərin mənafelərinə toxunduqda bu
aktların məcburiliyi işdə iştirak etməyən
maraqlı şəxslərin öz hüquqlarının
və qanunla qorunan mənafelərinin müdafiəsi
üçün məhkəməyə müraciət
etmələri imkanını istisna etmir. Eləcə də
Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə
minmiş məhkəmə aktlarının preyudisiallığı
ilə bağlı formalaşdırdığı hüquqi
mövqeyə görə, preyudisiallıq institutu yalnız
işdə iştirak edən şəxslərə aid olmaqla,
onlar tərəfindən qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsi ilə müəyyən
edilmiş faktların başqa məhkəmə prosesində
mübahisələndirilməsini istisna edir. Sonrakı
işdə iştirak edən şəxslərdən biri
artıq qanuni qüvvəyə minmiş qətnamənin
çıxarıldığı iş üzrə
işdə iştirak edən şəxs
olmamışdırsa, bu zaman həmin qətnamənin
müəyyən etdiyi faktlar onun üçün preyudisial
əhəmiyyətə malik deyildir və o, belə
faktların məhkəmə qaydasında sübut
edilməsini tələb edə bilər (“Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin
82.3-cü maddəsinin şərh edilməsinə dair”
2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın
şikayəti üzrə 2019-cu il 24 iyul tarixli qərarlar).
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır
ki, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin hüquqları əhəmiyyətli
dərəcədə pozulduğu halda onların
hüquqlarının həmin məhkəmə prosesləri
çərçivəsində bərpa edilməsi, preyudisiya
institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında
qarşılıqlı əlaqənin və
məhkəmə qərarlarının stabilliyini təmin
edər, bir-birini təkzib edən nəticələri olan
məhkəmə aktlarının mövcudluğunun
qarşısını alar.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı
nəticəyə gəlir:
- Mülki Prosessual Məcəllənin 403.2-ci
maddəsi xüsusi prosedur qaydalarını müəyyən
edərək işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin statusunu və kassasiya instansiyası
məhkəməsinin səlahiyyətlərini
nəzərə alaraq göstərilən şəxslərin
məhkəməyə müraciət etmək hüququnun
təmin edilmə vasitəsi kimi çıxış edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin
403.2-ci maddəsi xüsusi prosedur qaydalarını
müəyyən edərək işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin statusunu və kassasiya
instansiyası məhkəməsinin səlahiyyətlərini
nəzərə alaraq göstərilən şəxslərin
məhkəməyə müraciət etmək hüququnun
təmin edilmə vasitəsi kimi çıxış edir.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”,
“Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr:
Fərhad ABDULLAYEV
Bakı
şəhəri, 24 iyul 2020-ci il.