Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

24.04.2020

Qeydiyyat nömrəsi

16/1-1

Adı

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

01.05.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23202004241611

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.04.2020

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın III hissəsinin 3-cü bəndinə uyğun olaraq Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1.      “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının  fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 16/1-1

 

24 aprel 2020-ci il

 

Koronavirus (COVID – 19) pandemiyası şəraitində kredit təşkilatlarının 

fəaliyyətinin müvəqqəti tənzimlənməsi

Qaydası

 

1.       Ümumi müddəalar [1]

 

1.1.       Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın (Tədbirlər Planı) III hissəsinin 3-cü bəndinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – banklar) kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanması qaydasını müəyyən edir.

1.2.       Bu Qayda koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir. Dövlət tərəfindən yaradılmış qurumların vəsaiti hesabına verilmiş güzəştli kreditlərə bu Qaydanın yalnız 2.3-cü bəndi şamil edilir.

1.3.       Bu Qaydada istifadə olunan anlayışlar “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) digər normativ xarakterli aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

1.4.       Bu Qaydanın 2-ci hissəsinin tələbləri bank olmayan kredit təşkilatlarına  da şamil edilir.

 

2.       Kreditlərin təsnifləşdirilməsi

 

2.1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir. [2]

2.2.       01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir.

2.3.          01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir. [3]

 

3.       Kreditlərin risk qrupları

 

3.1.       Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 01 aprel 2021-ci il tarixinədək 20 (iyirmi) faizli (0.2 əmsallı) risk qrupuna aid edilir. [4]

3.2.       “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü  bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilmir.

 

4.       Kapitalın adekvatlıq əmsalı və onun hesablanması

 

4.1.       Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 11 (on bir) faizdən az ola bilməz. [5]

4.2.       Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 9 (doqquz) faizdən az ola bilməz.

4.3.       01 yanvar 2022-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir. [6]

4.4.       I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 iyul 2021-ci il tarixinədək nəzərə alınmır.

 

5.       Dividend ödənişi

 

Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 01 oktyabr 2021-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir. [7]

 

6.       Yekun müddəalar

 

6.1.       Bu Qayda 01 yanvar 2022-ci il tarixinədək qüvvədədir.

6.2.       Bu Qaydanın tələbləri əsasında güzəşt tətbiq edilmiş borcalanlara dair məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial hesabatlarla birlikdə Mərkəzi Banka təqdim edilir.

6.3.       Bu Qaydanın qüvvədə olduğu müddətdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Mərkəzi Bankın digər normativ xarakterli aktları bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2020-ci il tarixli 45/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202009300451, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2020-ci il)

2.       29 dekabr 2020-ci il tarixli 55/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202012190552, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2021-ci il)

3.       31 mart 2021-ci il tarixli 9/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202103310091, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 aprel 2021-ci il)

4.       30 iyun 2021-ci il tarixli 19/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202106300191, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 dekabr 2020-ci il tarixli 55/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202012190552, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 3.2-ci bənd istisna olmaqla mətn üzrə “01 yanvar 2021-ci il” sözləri “01 aprel 2021-ci il” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2020-ci il tarixli 45/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202009300451, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2020-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 2.1-ci və 2.2-ci bəndlərdə və 5-ci hissədə “30 sentyabr 2020-ci il” sözləri “01 yanvar 2021-ci il” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 sentyabr 2020-ci il tarixli 45/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202009300451, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2020-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 2.3-cü bənddə “30 sentyabr 2020-ci tarixinədək” sözləri çıxarılmışdır və “təsnifat kateqoriyası” sözlərindən sonra “01 yanvar 2021-ci il tarixinədək” sözləri əlavə edilmişdir.

 

[4] 31 mart 2021-ci il tarixli 9/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202103310091, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 aprel 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 3.1-ci bəndində “biznes kreditləri” sözlərindən sonra “01 aprel 2021-ci il tarixinədək” sözləri əlavə edilmişdir.

 

[5] 31 mart 2021-ci il tarixli 9/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202103310091, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 aprel 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 4-cü və 5-ci hissələrində və 6.1-ci bəndində “01 aprel 2021-ci il” sözləri “01 iyul 2021-ci il” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 iyun 2021-ci il tarixli 19/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202106300191, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 4.3-cü və 6.1-ci bəndlərdə “01 iyul 2021-ci il” sözləri “01 yanvar 2022-ci il” sözləri ilə əvəz edilmişdir.

 

[7] 29 dekabr 2020-ci il tarixli 55/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202012190552, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 5-ci hissədə “, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir” sözləri çıxarılmışdır.

30 iyun 2021-ci il tarixli 19/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202106300191, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2021-ci il) ilə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nın 5-ci hissədə “01 iyul 2021-ci il” sözləri “01 oktyabr 2021-ci il” sözləri ilə əvəz edilmişdir.