“Əlilliyi olan şəxslərin
iş yerlərinin standartları”nın təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin
icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin
iş yerlərinin standartları” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı
şəhəri, 3 sentyabr 2019-cu il
¹ 380
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380
nömrəli Qərarı ilə təsdiq edilmişdir |
Əlilliyi olan şəxslərin iş
yerlərinin standartları
1. Ümumi müddəalar
1.1. “Əlilliyi olan şəxslərin iş
yerlərinin standartları” (bundan sonra – Standartlar) “Əlilliyi
olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və tabeliyindən,
mülkiyyət növündən, təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət
göstərən bütün müəssisə, idarə
və təşkilatlara şamil edilir.
1.2. “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü
maddəsinə əsasən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən göndərilmiş, habelə
işəgötürənlər tərəfindən
işə qəbul edilmiş əlilliyi olan şəxslər
bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş
Fərdi Reabilitasiya Proqramı və bu Standartlar
nəzərə alınaraq iş yerləri ilə təmin
olunurlar.
1.3. Bu Standartlarda göstərilməyən digər
istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan
şəxsin işləməsinə icazə verilməsi
tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal
kimi həll edilir.
2. Əlilliyi olan şəxslərin
iş yerinə dair ümumi tələblər
2.1. Oturaq vəziyyətdə işlərin
görülməsi üçün iş səthinin
hündürlüyü (masa üstü və s.) 700-750 mm
hüdudunda tənzimlənməlidir. İş stolunun
üzərindəki aparat, cihaz və digət ləvazimatdan
istifadə zamanı qolların çiyin
səviyyəsindən qaldırılması zərurəti
yaranan iş yerlərində iş səthinin
hündürlüyü 630-680 mm hüdudlarında
tənzimlənməlidir.
2.2. Əlilliyi olan şəxs üçün iş
stulunun oturacağının ön tərəfi dəyirmi
olmalıdır. Stulun oturacağı və
söykənəcəyi yarıyumşaq olmaqla
sürüşkən olmayan, elektrik keçirməyən,
havakeçirmə qabiliyyətli materiallarla
örtülməli, çirkdən asan təmizlənməli
və texniki-estetik tələblərə cavab verməlidir.
2.3. Əllə qaldırılan və başqa yerə
daşınan yükün və ya tətbiq edilən
qüvvənin həddi 10 kq-dan və iş növbəsi
müddətində bir yerdən digər yerə
daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq
olmamalıdır.
2.4. İş zamanı əmək şəraitinin
gərginliyi və fasiləsiz müşahidə növbə
müddətinin 25%-dən artıq olmamalıdır.
2.5. İş yerində hava (temperaturu, rütubəti,
hava cərəyanının sürəti, zərərli
maddələrin olması) mütənasib əmək
şəraitinə uyğun olmalıdır.
2.6. Avadanlığın səthinin temperaturu 35
dərəcədən yuxarı olmamalıdır.
2.7. Əlilliyi olan şəxslərin
xüsusiyyətlərindən asılı olaraq, əlilliyi
olan şəxslərin iş yerlərinin yerləşdiyi
binalar aşağıda göstərilən xüsusi
rabitə və informasiya vasitələri ilə təchiz
edilməlidir:
2.7.1. səsin işıq indikatoru;
2.7.2. işıq-çağırış
siqnalları.
2.8. Binalarda dəhlizlərin eni 1,8 m-dən,
qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır.
2.9. Əlilliyi olan şəxs üçün
xüsusi iş yerinin təşkil edilməsi digər
işçilərin əmək funksiyalarının yerinə
yetirilməsinə maneçilik yaratmamalıdır.
2.10. Əlilliyi olan şəxslərin iş
yerləri yanğın və digər fövqəladə
hadisələri bildirmək üçün əlilliyi olan
şəxslərin xüsusiyyətlərindən asılı
olaraq, xüsusi siqnalverici avadanlıqla təchiz edilməlidir.
2.11. Əlilliyi olan şəxslərin
xüsusiyyətlərindən asılı olaraq, əlilliyi
olan şəxslərin aşağıdakı
işlərə cəlb edilməsinə yol verilmir:
2.11.1. nərdivandan və digər
vasitələrdən istifadə etməklə,
hündürlüyə qalxmaqla görülən
işlərə;
2.11.2. bədən əzələlərinin statik
gərginliyinə səbəb olan əmək prosesi ilə
bağlı işlərə;
2.11.3. kəskin vaxt çatışmazlığı
ilə bağlı (məsələn, məcburi ritmdə
işləyən konveyerdə) işlərə;
2.11.4. narahat halda (çömbələrək, dizi
üstə əyilərək və s.) görülən
məcburi iş vəziyyəti, qarın və sinə ilə
avadanlığa, əmək alətlərinə güc
edilməsi, iş görərkən qamətin 15
dərəcədən çox əyilməsi ilə bağlı
olan işlərə.
2.12. Əlilliyi olan şəxslərin
xüsusiyyətlərindən və əlilliyi olan
şəxslərin həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir
neçəsinin məhdudlaşmasından asılı olaraq,
əlilliyi olan şəxslərin aşağıdakı
işlərə cəlb edilməsinə yalnız əlilliyi
təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının
razılığı ilə yol verilir:
2.12.1. partlayış xarakterli işlər;
2.12.2. sualtı işlər;
2.12.3. şaxtalarda və mədənlərdə
yeraltı işlər;
2.12.4. qaynar sexlərində görülən
işlər;
2.12.5. nəqliyyat vasitələrinin idarə
edilməsi;
2.12.6. hündürlükdə aparılan tikinti
işləri və özül işləri;
2.12.7. yüksək səs-küylü istehsalat
işləri;
2.12.8. zərərli maddələrin (qurğuşun,
civə və s.) istehsalı ilə bağlı işlər;
2.12.9. əlverişsiz meteoroloji şəraitlə
(temperaturun kəskin və tez-tez dəyişməsi,
rütubətin artması, havanın soyuması) bağlı
işlər;
2.12.10. böyük fiziki gərginliklə
(yükdaşıyanlar, yerqazanlar və s.) bağlı
işlər;
2.12.11. hərəkət edən mexanizmlərə
(vestibülyar aparatı pozulmuş şəxslər
üçün) bağlı işlər;
2.12.12. qışda isidilməyən binalarda,
küləkçəkən yerlərdə yerinə
yetirilən, ayaqqabının və paltarın islanması,
əllərin soyuq suya salınması ilə bağlı
işlər;
2.12.13. elektrik və maqnit sahələrinin statik təsiri
ilə bağlı işlər;
2.12.14. radioaktiv maddələrlə və digər
şüa ionlaşdıran mənbələrlə
bağlı işlər;
2.12.15. ultrasəsin təsiri ilə bağlı
işlər;
2.12.16. səsin intensivliyi 80 desibeldən artıq olan
(optimal norma isə 55-60 desibel və aşağı ola
bilər) işlər;
2.12.17. zəhərli kimyəvi maddələrlə
bağlı işlər;
2.12.18. əsəb-emosional gərginlikli işlər.
2.13. Əlilliyi olan şəxslərin
xüsusiyyətlərindən asılı olaraq tələb
yarandıqda müəssisə, idarə və
təşkilatlarda istirahət, məişət və
yemək otaqlarında, eləcə də tibb
məntəqələrində əlilliyi olan
şəxslərə bu məqsədlər üçün
müəyyən edilmiş yerlər nəzərdə
tutulmalıdır.
3. Əlilliyi
olan şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxslərin iş yeri ilə
bağlı tələblər[1]
3.1. Əlilliyi olan şəxslərin iş yerləri
onların istifadəsi üçün həyat
fəaliyyəti kateqoriyalarının məhdudlaşması
nəzərə alınmaqla uyğunlaşdırılmalıdır.
3.2. Əlilliyi olan
şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxslər üçün
oturaq iş yerlərinin yaradılmasına üstünlük
verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın
yerinə yetirilməsi tələb edilməyən
işlər seçilməlidir.
3.3. Oturaq vəziyyətdə işlərdə əlilliyi olan şəxs
üçün arabada hərəkət edən
əlilliyi olan şəxslər üçün iş yeri
yaradıldıqda, iş yeri antropometrik və erqonomik
tələblərə cavab verən əsas və köməkçi
avadanlıqlarla təchiz edilməlidir.[2]
3.4. İş yeri təşkil edilərkən, əlilliyi olan şəxs
üçün arabada hərəkət edən
əlilliyi olan şəxsin fərdi tələbatları,
məhdudiyyətləri və üzləşdiyi
maneələr nəzərə alınmalıdır.
3.5. Əlilliyi olan
şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxsin iş yerinin
təşkilində istifadə olunan və nəzərə
alınan əsas elementlər aşağıdakılardır:[3]
3.5.1. antropometrik və anatomik-morfoloji
məhdudiyyətləri kompensasiya etmək üçün
nəzərdə tutulmuş xüsusi avadanlıq və
qurğuların mövcud olması;
3.5.2. antropometrik və anatomik-morfoloji
xüsusiyyətlər nəzərə alınmaqla, əsas
avadanlıq və qurğuların istifadəsinin
səmərəsini artırmaq üçün əlavə
olaraq hazırlanmış xüsusi əl alətlərinin
mövcud olması;
3.5.3. antropometrik və anatomik-morfoloji
xüsusiyyətlər nəzərə alınmaqla, material
və detalların işlənməsi üçün
istifadə olunan texnoloji avadanlıqların idarə
edilməsinin əsas elementlərinin iş yerinin
hüdudlarında yerləşdirilməsi;
3.5.4. istehsalatda
bədbəxt hadisələrin və peşə
xəstəliklərinin qarşısını almaq
üçün bütün elementlərin iş yerinin
hüdudlarında təhlükəsiz şəkildə
möhkəm bərkidilməsi;[4]
3.5.5. əlilliyi olan
şəxs üçün arabanın dönməsi
üçün əlavə sahənin ayrılması.[5]
3.6. İstehsal avadanlıqları və mebellər
yerləşdirilərkən, əlilliyi
olan şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxslərin giriş,
dönüş və maneəsiz keçid imkanlarının
təmin edilməsi üçün aşağıdakı
tələblər nəzərə alınmalıdır:
3.6.1. istifadə edilən bütün
avadanlığın və mebellərin əlçatan zonada
yerləşdirilməsi;
3.6.2. iş yerinin, giriş və
çıxış yollarının normal
işıqlandırılması, avadanlıq və mebelin
düzülüşünün rahatlığı,
əməyin mühafizəsinin və təhlükəsizlik
texnikasının təmin edilməsi.
3.7. Əlilliyi olan şəxslərin
işlədikləri istehsal obyektləri təbii və
süni işıqlandırma ilə təmin edilməlidir.
Orta dəqiqlik tələb edən işlərdə
işıqlandırma 500 lüksdən, az dəqiqlik
tələb edən və kobud işlərdə 300
lüksdən az olmamalıdır.
3.8. Əlilliyi olan
şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxsin istifadə etdiyi
avadanlığın, mebelin və iş görülən
səthin ona uyğunlaşdırılmış, lazım
gəldikdə yeri dəyişdirilə bilən fərdi
elementləri olmalıdır. İş yerinin elementlərinin
və onun ətrafında olan əşyaların parıldayan
hissələri olmamalıdır.
3.9. Texniki təchizat öz
ölçülərinə görə antropometrik
tələblərə uyğun olmalı,
dayanıqlılığa malik təhlükəsiz və rahat
istifadəni təmin etməlidir.
3.10. İş masasının aşağıdakı
xüsusiyyətləri və imkanları olmalıdır:
3.10.1. masa səthinin hündürlüyünün
və meyilliyinin dəyişdirilməsi;
3.10.2. əlavə yerli işıqlandırma;
3.10.3. köməkçi avadanlığın
əlavə bərkidilməsi;
3.10.4. çəkilən siyirmələrin,
əşya və alətləri saxlayan tutacaqların
olması.
3.11. İş stulunun aşağıdakı
xüsusiyyətləri və imkanları olmalıdır:
3.11.1. oturacaq və söykənəcəyin
hündürlüyünün və meyilliyinin
dəyişdirilməsi;
3.11.2. əlavə ayaqaltıların
quraşdırılması (zəruri olduqda);
3.11.3. əlavə qoltuqaltıların
quraşdırılması;
3.11.4. hərəkəti asanlaşdırmaq
üçün əlavə dəstək və
tutacaqların quraşdırılması.
3.12. Əlilliyi olan
şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxs üçün iş yeri
təşkil edilərkən iş avadanlığının,
mebelin seçilməsi və yerləşdirilməsi
hərəkət sisteminin pozulması və əlilliyi olan şəxs üçün arabada
hərəkət edən əlilliyi olan şəxslər
üçün nəzərdə tutulan
aşağıdakı tələblərə uyğun olaraq
həyata keçirilməlidir:[6]
3.12.1. əlilliyi olan
şəxs üçün arabanın şaquli ox
ətrafında fırlanması üçün tutduğu
sahənin qabaritləri - 1400 x 1400 mm;[7]
3.12.2. ətraf mühitdəki elementlərin
əlçatanlığı üçün elementlər
yan tərəfdə yerləşdikdə 1300 mm-dən
hündür, 250 mm-dən alçaq olmayan, frontal
vəziyyətdə yerləşdikdə isə 1200 mm-dən
hündür olmayan məsafədə.
3.13. Zəruri olduqda, kompüterdə
işləməyi nəzərdə tutan iş yerləri
xüsusi klaviatura və digər idarəetmə elementləri
ilə təchiz edilir. Kompüterdə iş
nəzərdə tutan iş yeri elə mebellə təchiz
edilməlidir ki, onun altındakı yer əlilliyi olan şəxs üçün arabanın
girişi və iş üçün şərait
yaratsın. Masaaltı hissədə ayaqlar üçün
ən azı hündürlüyü 600 mm, eni 500 mm,
dərinliyi 450 mm, zəruri hallarda əlilliyi
olan şəxs üçün arabanın sərbəst
keçməsi üçün boş sahə
olmalıdır.[8]
3.14. Əlilliyi olan
şəxs üçün arabada hərəkət
edən əlilliyi olan şəxs üçün
aşağıdakı tələblər binanın
sifarişçisi tərəfindən nəzərə
alınmalıdır:[9]
3.14.1. binada əlilliyi
olan şəxs üçün arabanın
hərəkəti üçün xüsusi girişin
olması;[10]
3.14.2. binada xaric pilləkənlərin və
rampaların tutacağının olması;
3.14.3. əlilliyi olan şəxslərin
gediş-gəlişi üçün yollarda rampanın
(eniş) mailliyinin normadan (maksimal hündürlüyü 0,8 m
olan rampanın bir yüksəlişinin (gedişinin) mailliyinin
8 faizdən artıq olmaması, hərəkət yolunda
hündürlük 0,2 m-dən az olduqda, rampanın mailliyinin
10 faizədək artırılmasına yol verilməsi)
artıq olmaması.
3.15. Hərəkət yollarında:
3.15.1. otaqların qapısı açıq
vəziyyətdə olduqda, hərəkət
zolağının eni 90 sm-dən az olmamalı;
3.15.2. girişlərdə kənarları
qövsvarı olmaqla, kəndarın hündürlüyü
2,5 sm-dən artıq olmamalı;
3.15.3. zəruri hallarda binada ən azı 90 sm
enində sürüşməyən örtüklü
rampalar, 70-90 sm hündürlükdə tutacaqlar
quraşdırılmalı;
3.15.4. iş yeri minimum hərəkət
ehtiyacını təmin etməli;
3.15.5. hərəkət yolunda heç bir asma
avadanlıq və hərəkət üçün
maneələr olmamalıdır.
3.16. İş yeri ikinci və daha yuxarı
mərtəbələrdə yerləşdirildikdə:
3.16.1. eni 1,1 m-dən, dərinliyi 1,5 m-dən, qapı
boşluğunun eni isə 0,90 m-dən az olmayan sərnişin
liftləri quraşdırılır;
3.16.2. lift olmadıqda, fərdi qaldırıcı
pilləkən qurğusu olmalıdır.
3.17. Əlilliyi olan şəxslər üçün
sanitariya-məişət xidmətləri şəhərsalma
və tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun olaraq təmin edilməlidir.
İctimai sanitar qovşaqlarında bütün
vətəndaşların, o cümlədən əlilliyi olan şəxs
üçün arabada hərəkət edənlərin
istifadə edə biləcəyi ən azı bir
müyəssər (asan hərəkət edən) kabinə
olmalıdır. Müyəssər kabinənin eni 1,65 m,
uzunluğu isə 1,8 m olmalıdır. Kabinədə əlilliyi olan şəxs
üçün arabanı yerləşdirmək
üçün yer, eləcə də paltar,
qoltuqağacları və digər aksesuarlar üçün
qarmaqlar olmalıdır. Zəruri hallarda kabinədə
tutacaqların, dönən və qatlanan oturacaqların
quraşdırılması imkanı yaradılır.[11]
4. Görmə qabiliyyətini tam
itirmiş əlilliyi olan şəxslərin iş yerinə
dair tələblər
4.1. Görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yeri erqonomik
tələblərə cavab verən əsas və köməkçi
avadanlıqlarla təchiz edilməlidir. İş yeri bu
avadanlıqlarla təchiz edilərkən, görmə
qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin
fərdi tələbatı, məhdudiyyətləri və
üzləşdiyi maneələr nəzərə
alınır.
4.2. Görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin fizioloji xüsusiyyətləri
nəzərə alınmaqla, iş yeri təşkil
edilərkən istifadə olunan və nəzərə
alınan əsas elementlər aşağıdakılardır:
4.2.1. görmə qabiliyyətinin tam itirilməsi
ilə əlaqədar fizioloji xüsusiyyətləri
kompensasiya edən avadanlıq və ləvazimatların
quraşdırılması;
4.2.2. xüsusi hazırlanmış relyef şrifti,
taktil cığırlarla iş yerinin təmin edilməsi;
4.2.3. materiallardan və ləvazimatlardan istifadə
imkanları üçün tiflokompleksin idarə
edilməsinin əsas elementlərinin iş zonasının
hüdudlarında yerləşdirilməsi;
4.2.4. iş prosesinin səmərəliliyini və
əməyin təhlükəsizliyini təmin etmək
üçün iş yerinin ətraf mühitin identifikasiya
edilməsinə kömək edən əlavə
avadanlıqlarla (akustik, toxunulmaqla duyulan, vizual) təchiz
edilməsi.
4.3. İş yerində istehsalat avadanlığı
və mebel yerləşdirilərkən, görmə
qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş
yerinə maneəsiz giriş-çıxışının
təmin olunması nəzərə alınmalıdır.
4.4. Görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yerində
işıqlandırma və mebel avadanlığının
yerləşdirilməsinin rahatlığını və
əməyin təhlükəsizliyini təmin etməlidir.
4.5. Görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yerinin təşkil
edilməsi üçün sanitariya-gigiyena
tələbləri aşağıdakılardır:
4.5.1. mütənasib mikroiqlim;
4.5.2. səsin 80 desibeldən artıq olmaması;
4.5.3. yerli vibrasiyanın olmaması;
4.5.4. zərərli maddələrin maksimal yol
verilən həddən artıq olmaması;
4.5.5. əllərin üşüməsinə yol
verilməməsi.
4.6. Oriyentasiya sisteminin təmin olunması
üçün görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yeri bu məqsədlər
üçün nəzərdə tutulan toxunma, eşitmə
və görmə oriyentasiyalı tiflokomplekslə təmin
edilməlidir.
4.7. Bütün texnoloji qurğular
tifloişarələrlə təchiz olunur ki, bu da əlilliyi
olan şəxsə onlardan vizual nəzarət olmadan
istifadə etməyə imkan verir. Bu tifloişarələr
alətlərdən təhlükəsiz istifadəni təmin
etməlidir. Zəruri hallarda görmə qabiliyyətini tam
itirmiş əlilliyi olan şəxsin iş yeri radio
nöqtələrlə təchiz olunur. Otaqda bir neçə
görmə qabiliyyətini tam itirmiş əlilliyi olan
şəxs işlədikdə, ümumi radioqovşaq
mənbəyi quraşdırılır.
4.8. Fizioloji xüsusiyyətlər nəzərə
alınmaqla, görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yerinin təchizatı
üçün aşağıdakı tələblər
müəyyən edilir:
4.8.1. iri relyef-kontrast şriftinin, Brayl şriftinin
və akustik naviqasiya vasitələrinin istifadəsinə imkan
verən tiflotexniki oriyentasiyalı qurğuların
quraşdırılması;
4.8.2. görmə nəzarəti olmadan işin
yerinə yetirilməsini təmin etmək üçün
əlavə periferik qurğulardan və funksional
məqsədli elektron tiflotexniki vasitələrdən
istifadə edilməklə, vizual informasiyanın səsləndirilməsi
imkanı;
4.8.3. relyef-nöqtəli və düz çap
şriftli yazı vasitələri, o cümlədən
relyef-nöqtəli yazı üçün qrifellər,
dəftərlər və bloknotlar, Brayl şrifti ilə yazmaq
üçün cihazlar, səsyazma və
səsləndirmə avadanlıqları ilə iş yerinin
təchiz edilməsi;
4.8.4. kompüterdə işləməyi
nəzərdə tutan iş yerinin xüsusi aparat və proqram
vasitələri, o cümlədən adaptasiya olunmuş toxunma
vasitəsilə işləyən displey və audio-displey (nitq
sintezatoru), iri relyef-kontrastlı şrift və Brayl şrifti
(Brayl-displey və Brayl-klaviatura) istifadə edilən və
monitorun ekranında vizual məlumatların
səsləndirilməsi imkanı olan xüsusi kompüter
və ofis avadanlığı ilə təchiz edilməsi.
4.9. İş yerinin planlaşdırılması
əmək prosesində işçinin məkanda minimum
yerdəyişməsi nəzərə alınmaqla həyata
keçirilir.
4.10. Görmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxslər üçün sexdaxili
nəqliyyatın hərəkət yolları ayrı
olmalıdır. İstehsalat sahələri bilavasitə
girişə yaxın və 3-cü mərtəbədən
yuxarı olmamaqla yerləşdirilməlidir.
Döşəmənin və pilləkənin səthinin
örtülməsi üçün sürüşkən
olmayan materiallardan istifadə olunmalıdır.
Pəncərə, pilləkən və istiqamətverici
dayaqlar üçün qoruyucu baryerlər
quraşdırılmalıdır. İş sahələri
və görmə qabiliyyətini tam itirmiş əlilliyi olan
şəxsin hərəkət yolları
(döşəmədə, divarda) oriyentasiya sistemləri
(sanitar-məişət məkanlarının girişində
səs mayakları, liftlərdə, dəhlizdə və
digər yerlərdə toxunmaqla duyulan istiqamətverici
işarələr) ilə təchiz olunmalıdır.
5. Zəif görmə əlilliyi olan
şəxslərin iş yerinə dair tələblər
5.1. Fizioloji xüsusiyyətlər nəzərə
alınmaqla, zəif görmə əlilliyi olan şəxsin
iş yerinin təchizatı üçün
aşağıdakı tələblər müəyyən
edilir:
5.1.1. iş yerində maneəsiz hərəkətin
təmin edilməsi, əmək funksiyalarının yerinə
yetirilməsini təmin edən ümumi
işıqlandırmanın olması, iş yerinin
videoböyüdücü və lupalarla təchiz edilməsi;
5.1.2. kompüterdə işləməyi
nəzərdə tutan iş yerinin
uyğunlaşdırılmış videodispleylə,
beynəlxalq standartlara uyğun olaraq veb-kontent və veb-servis
xidmətlərinin proqram təminatı əsasında yazı
şriftinin iriləşdirilməsi və böyük
şriftli çap printeri ilə təchiz edilməsi.
6. Eşitmə qabiliyyətini tam
itirmiş əlilliyi olan şəxslərin iş yerinə
dair tələblər
6.1. Eşitmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxslərin iş yerindəki istehsalat
avadanlığının elementləri erqonomik
tələblərə uyğun olmalıdır.
6.2. Hərəkət mexanizmləri ilə
yüksək səs-küy və yerli istehsalat vibrasiyası
yaranan iş yerlərində, zərərli maddələrin
istehsalında eşitmə qabiliyyətini tam itirmiş şəxslərin
işləməsinə icazə verilmir.
6.3. İş yeri təchiz edilərkən
eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan
şəxsin fərdi tələbatları,
məhdudiyyətləri və üzləşdiyi
maneələr nəzərə alınır.
6.4. Eşitmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yeri təşkil
edilərkən, istifadə olunan və nəzərə
alınan əsas elementlər onların antropometrik, anatomik
və morfoloji məhdudiyyətlərini kompensasiya edən
xüsusi avadanlıq və qurğulardan ibarət olur.
6.5. Avadanlığın və mebelin
yerləşdirilməsi, iş yerinin
işıqlandırılması eşitmə qabiliyyətini
tam itirmiş əlilliyi olan şəxsin rahatlığını
və əməyinin təhlükəsizliyini təmin
etməlidir.
6.6. Eşitmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxslərin işlədikləri istehsal
obyektləri təbii və süni işıqlandırma
ilə təmin edilməlidir. Orta dəqiqlik tələb
edən işlərdə işıqlandırma 500
lüksdən, az dəqiqlik tələb edən və kobud
işlərdə 300 lüksdən az olmamalıdır.
6.7. İş yerinin elementlərinin və onun
ətrafında olan predmetlərin parıldayan hissələri
olmamalıdır.
6.8. Eşitmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin iş yerinə maneəsiz
gəlməsi və əmək funksiyasının yerinə
yetirilməsi üçün iş yeri (o cümlədən,
kompüterlə işləməyi nəzərdə tutan)
aşağıdakı əlavə avadanlıqlarla təchiz
edilməlidir:
6.8.1. səs siqnallarını işıq
siqnallarına, nitq siqnallarını hərəkətli
mətn sətrinə çevirən vizual indikatorlarla;
6.8.2. danışığı mətnə çevirən
işıq (vizual) indikatorları ilə.
6.9. Eşitmə qabiliyyətini tam itirmiş
əlilliyi olan şəxsin əməyindən istifadə
edən müəssisələrdə
surdotərcüməçi üçün kabinet olmalıdır.
Bu kabinet eşitmə qabiliyyətini itirmiş
şəxslər üçün nəzərdə tutulan
xüsusi texniki əlaqə vasitələri (telefon mətn
mesajları və ya telefaks) ilə təchiz olunur.
6.10. İş yerində təhlükə və
evakuasiya haqqında məlumat vermək üçün
əlavə işıq siqnalları
quraşdırılmalıdır.
7. Eşitmə və görmə
funksiyası pozulmuş əlilliyi olan şəxslərin
iş yerinə dair tələblər
7.1. Eyni zamanda həm eşitmə, həm də
görmə funksiyaları pozulmuş əlilliyi olan
şəxslər üçün iş yerinə dair
tələblər aşağıdakılardır:
7.1.1. iş yerinə maneəsiz gəlmə və əmək
funksiyalarının yerinə yetirilməsi üçün
eşitmə və görmə nəzarəti olmadan
işlərin yerinə yetirilməsinə imkan verən
funksional məqsədli elektron tiflotexniki vasitələrlə
təchiz edilmə;
7.1.2. kompüterdə işləməyi
nəzərdə tutan xüsusi iş yerinin görmə
və eşitmə nəzarəti olmadan işlərin
yerinə yetirilməsinə imkan verən tiflotexniki cihazlarla,
brayl-displeyə birləşdirilən teletayp əlaqə
qurğusu ilə, əlavə periferik qurğular və
funksional məqsədli elektron tiflotexniki vasitələr
istifadə edilən tifloorqanayzerlə təchiz edilmə;
7.1.3. zəruri hallarda iş yerində tiflosurdo
tərcümə xidmətindən istifadə imkanının
yaradılması.
7.2. Eşitmə və görmə funksiyası
pozulmuş əlilliyi olan şəxslərin
əməyindən istifadə olunan
ixtisaslaşdırılmış
müəssisələrdə onlarla işləmək
bacarığına malik mütəxəssisin olması
zəruridir.
8. Zəif eşitmə əlilliyi olan
şəxslərin iş yerinə dair tələblər
8.1. Əmək funksiyalarının yerinə
yetirilməsi şərtləri nəzərə alınmaqla,
zəif eşitmə əlilliyi olan şəxslər
üçün iş yerləri səsgücləndirici avadanlıqlar
və yüksək səsli telefonlarla təchiz edilməlidir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
23 noyabr
2020-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24 noyabr
2020-ci il, ¹ 245, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1398)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın adında, 3.2-ci və 3.8-ci
bəndlərinin birinci cümlələrində “Əlil arabasında”
sözləri “Əlilliyi olan
şəxs üçün arabada” sözləri ilə
əvəz edilmişdir.
[2] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.3-cü, 3.4-cü və 3.6-cı
bəndlərində “əlil
arabasında” sözləri “əlilliyi
olan şəxs üçün arabada” sözləri
ilə əvəz edilmişdir.
[3] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.5-ci bəndində “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada”
sözləri ilə əvəz edilmişdir.
[4] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.5.4-cü yarımbəndində “əmək xəsarətinin”
sözləri “istehsalatda
bədbəxt hadisələrin və peşə
xəstəliklərinin” sözləri ilə əvəz
edilmişdir.
[5] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.5.5-ci yanmbəndində “əlil arabasının”
sözləri “əlilliyi olan
şəxs üçün arabanın” sözləri
ilə əvəz edilmişdir.
[6] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.12-ci bəndində “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada”
sözləri ilə, “əlil
arabasında” sözləri “əlilliyi
olan şəxs üçün arabada” sözləri
ilə əvəz edilmişdir.
[7] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.12.1-ci yanmbəndində “əlil arabasının”
sözləri “əlilliyi olan
şəxs üçün arabanın” sözləri
ilə əvəz edilmişdir.
[8] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.13-cü bəndin ikinci və
üçüncü cümlələrində “əlil arabasının”
sözləri “əlilliyi olan
şəxs üçün arabanın” sözləri
ilə əvəz edilmişdir.
[9] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.14-cü bəndində “Əlil arabasında”
sözləri “Əlilliyi olan
şəxs üçün arabada” sözləri ilə
əvəz edilmişdir.
[10] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.14.1-ci yarımbəndində “əlil arabasının”
sözləri “əlilliyi olan
şəxs üçün arabanın” sözləri
ilə əvəz edilmişdir.
[11] 23 noyabr 2020-ci il tarixli 454
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, ¹
245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 11, maddə 1398) ilə
“Əlilliyi olan şəxslərin iş yerlərinin
standartları”nın 3.17-ci bəndinin ikinci cümləsində
“əlil arabasında”
sözləri “əlilliyi olan
şəxs üçün arabada” sözləri ilə, dördüncü
cümləsində “əlil
arabasını” sözləri “əlilliyi olan şəxs üçün arabanı”
sözləri ilə əvəz edilmişdir.