Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1164-cü maddəsinin bəzi müddəalarının şərh
edilməsinə dair
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),
Südabə Həsənova, Rövşən İsmayılov,
Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Salyan
Rayon Məhkəməsinin hakimi Muradağa Qasımovun, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik
şöbəsinin böyük məsləhətçisi Fərid
Hacıyevin,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses və
kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru Sərvər Süleymanlının,
mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin
hakimi Elnur Həsənovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı
qaydasında açıq məhkəmə iclasında Salyan Rayon
Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin
bəzi müddəalarının şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını,
ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Salyan Rayon Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək vəfat etməmişdən öncə
nikahını pozmaq barədə məhkəmədə iradə
ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının
(ərinin) vərəsəlik hüququndan məhrum edilmiş
şəxslər sırasına aid olub-olmamasının Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan – sonra Mülki
Məcəllə) 1164-cü maddəsinin tələbləri baxımından
şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, B.Bağırova
qayınatası A.Bağırova qarşı iddia ərizəsi
ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək
miras əmlakın qəbul edilməsi faktının və vərəsələr
arasında miras əmlakdan payların müəyyən edilməsini
xahiş etmişdir.
A.Bağırov isə vəsatət verərək iddiaçının
həmin tələbi irəli sürmək üçün subyektiv
hüququnun mövcud olmadığını göstərmişdir.
Vəsatət onunla əsaslandırılmışdır ki, A.Bağırovun
oğlu Q.Bağırov ölməmişdən əvvəl B.Bağırovaya
qarşı nikahın pozulması tələbinə dair Salyan
Rayon Məhkəməsində iddia qaldırmış və həmin
Məhkəmənin 8 iyun 2015-ci il tarixli qətnaməsi ilə
iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin
22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh B.Bağırovanın
apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 16 mart 2016-cı il tarixli qərarı
ilə iddiaçı Q.Bağırov öldüyü üçün
iş üzrə icraata xitam verilmişdir.
Salyan Rayon Məhkəməsi müraciətini onunla əsaslandırmışdır
ki, mülki qanunvericiliyin tələbinə əsasən, ər-arvadın
bir-birinin vərəsəsi olması üçün onların
birgə nikahda olmaları mütləqdir. Əgər ər-arvaddan
hər hansı biri nikahını pozarsa, o, ölümündən
sonra digər tərəfi vərəsəsi olmaq hüququndan
məhrum etmiş olur. Mülki Məcəllənin 1163-cü maddəsinə
əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən
sonra vərəsə sayıla bilməzlər. Həmçinin
Mülki Məcəllənin 1164-cü maddəsinə görə,
əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın
açılmasından azı üç il əvvəl faktiki
xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları
təsdiq edilərsə, məhkəmənin qərarı ilə
arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum
edilə bilər.
Müraciətedən işə baxarkən sağlığında
nikahını pozmaq barədə məhkəmədə iradə
ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının
(ərinin) ölümündən sonra onun vərəsəsi olması
və yaxud vərəsəlik hüququndan məhrum edilmiş
şəxslər sırasına aid edilməsi məsələsinə
aydınlıq gətirilməsinə zərurət yarandığı
qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
bağlı aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsinə əsasən,
dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik
hüququna təminat miras qoymağı, yəni bir tərəfdən
vəsiyyət edə bilməyi, digər tərəfdən isə
vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə
tutur.
Vərəsəlik hüququnun reallaşdırılması
zamanı mülkiyyətçinin sağlığında əldə
etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri
ilə birlikdə) ölümündən sonra onun iradəsinə
uyğun olaraq müəyyən etdiyi vərəsələrinə,
iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən
edilən vərəsələrinə keçir.
Vəsiyyət edənin (mülkiyyətçinin) ona məxsus
əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın
29-cu maddəsinin III hissəsində təsbit edilmiş mülkiyyət
hüququndan irəli gəlir və bu, vəsiyyət etmək
azadlığının əsasını təşkil edir. Lakin
miras qoyanın vəsiyyət etmək azadlığı qanunvericinin
cəmiyyətin əsas özəyini təşkil edən ailənin
qorunması və ailə münasibətlərinin cəmiyyətdə
möhkəmlənməsinin təmin edilməsi məqsədi
ilə vəhdətdə nəzərdən keçirilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı
formalaşdırdığı hüquqi mövqeyə görə,
vərəsəlik institutu müəyyən dərəcədə
həm ailə, həm də əmlak hüquq normaları qrupunun
spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm
ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında,
həm də müqavilə azadlığının xüsusi
şərtlərlə məhdudlaşdırılmasında özünü
göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1203.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 13
dekabr tarixli Qərar).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müraciətdə
qaldırılan məsələ vərəsəlik və ailə
hüquq münasibətlərinin tənzimlənməsi ilə
bağlı olduğundan mülki və ailə qanunvericiliyinin
ər-arvadın hüquqi statusu və onların vərəsəlik
hüquqları, bununla bağlı yaranan mübahisələrin
məhkəmədə baxılması qaydalarını tənzimləyən
müvafiq normaları əlaqəli şəkildə təhlil
edilməlidir.
Vərəsəlik hüququnun əsasları və tərkibi,
vərəsəlik münasibətləri, bu hüququn həyata
keçirilməsi qaydaları və digər məsələlər
mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin
1133-cü maddəsinə görə, vərəsəlik qanun
və ya vəsiyyət üzrə və ya hər iki əsasla
həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş
şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə
keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə
qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız
sayılır. Maddənin mənasına görə, vərəsəlik
münasibətlərinin yaranma əsası kimi mirasqoyanın vəsiyyəti
daha üstün qüvvəyə malik olduğundan qanun üzrə
vərəsəlik məhz belə bir vəsiyyətnamə olmadığı
təqdirdə qüvvədə olur.
Qanun üzrə vərəsə sayılan şəxslərin
dairəsi və onların vərəsəliyə çağırılması
növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi
ilə müəyyən edilmişdir. Həmin maddəyə uyğun
olaraq, birinci növbə vərəsələrə ölənin
uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş
uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)
aiddir.
Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə
aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü
vərəsəlik hüququnun əsasında duran ailə təminatı
prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin
özəyini təşkil edən ailənin təminatı məqsədilə
yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana
bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin
mənafeyindən üstün olmasını nəzərdə
tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə
yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın
müəyyən hissəsi) üzərində sərəncam
vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə
məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik
zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü
göstərir və mirasın daha yaxın şəxslər dairəsinə
çatmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü
maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I,
II və III hissələrinə uyğunluğunun yoxlanılmasına
dair” 2011-ci il 20 oktyabr tarixli Qərarı).
Mülki Məcəllənin yuxarıda qeyd edilən 1159-cu
maddəsindən göründüyü kimi, ər (arvad) birinci
növbə üzrə vərəsələr sırasına
daxildir. Bununla bağlı qeyd olunmalıdır ki, yalnız miras
qoyanla qanuni nikahda olan şəxs, yəni ər-arvad vərəsə
ola bilər. Ər-arvad dedikdə, dövlətin tələb etdiyi
qayda üzrə nikaha daxil olmuş şəxslər başa düşülür.
Belə ki, ancaq qanuni nikah tərəflər üçün hüquq
və vəzifələr, o cümlədən vərəsəlik
hüququ yaradır.
Nikahın bağlanması, nikaha xitam verilməsi, onun etibarsız
sayılması qaydaları və şərtləri, eləcə
də ailə münasibətinin iştirakçılarının
hüquq və vəzifələri Azərbaycan Respublikasının
Ailə Məcəlləsi ilə tənzimlənir.
Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən,
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin
hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən
həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti
orqanında bağlanmış nikah tanınır.
Ailə hüquq münasibətlərini yaradan önəmli
hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə
tutulan qaydada ailə qurmaq üçün bağladığı
azad və könüllü ittifaqıdır. Nikahın bağlanması
faktı ilə ər və arvadın şəxsi və əmlak
xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.
Ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada
bağlanmış nikahdan əmələ gələn münasibətlərinə
müəyyən hüquqi faktlar əsasında son qoyulması
nikahın xitamına səbəb olur. Nikaha xitam verilməklə
ər-arvadın hüquqi statusu ləğv edilərək onun
dövlət qeydiyyatına alındığı andan tərəflər
arasında yaranan əmlak və şəxsi qeyri-əmlak hüquq
və vəzifələrinə son qoyulur.
Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin
14-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə
görə, ər (arvad) öldükdə, yaxud məhkəmə
qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin
(arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında,
eləcə də məhkəmə qaydasında fəaliyyət
qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun
ərizəsi əsasında nikaha xitam verilə bilər.
Qanunverici Ailə Məcəlləsində nikaha xitam verilməsinin
qaydalarını müəyyən edərkən nikahın könüllülüyü,
ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın
pozulmasının azadlığı, ər- arvadın hüquqlarının
maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri,
habelə uşaqların hüquqlarının müdafiəsi
baxımından çıxış etmişdir.
Qanunvericilikdə nikaha xitam verilməsinin 2 qaydası müəyyən
edilmişdir:
- müvafiq icra hakimiyyəti orqanında;
- məhkəmə qaydasında.
Ailə Məcəlləsinin nikahın məhkəmə
qaydasında pozulmasını tənzimləyən 19.1-ci maddəsinə
görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına
çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad)
nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə
qaydasında pozulur.
Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə,
nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmənin
qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha
xitam verilmiş sayılır. Nikahın pozulması haqda məhkəmə
qətnaməsinin qanuni qüvvəyə minməsi dedikdə,
məhkəmənin işi mahiyyəti üzrə həll edərək
qəbul etdiyi qərarın mülki-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada (müddətlər çərçivəsində)
hüquqi qüvvə əldə etməsi nəzərdə tutulur.
Mülki Məcəllənin boşanmış ər-arvadın
vərəsəlik zamanı vəziyyətini müəyyən
edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı
pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə
vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin
maddəyə görə, nikahı ləğv etmiş ər-arvad
bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü
kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda
nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv
etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq
hüququnu itirir.
Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə
məhkəməyə müraciət etməsindən sonra ölməsi
ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən
birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz
olduğu, eləcə də şəxsi xarakter daşıyan
və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə
əlaqədar olan hüquq münasibətlərində prosessual
hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə
uyğun olaraq, iş üzrə tərəflərdən biri olan
şəxs öldükdən sonra barəsində mübahisə
edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən
hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata
xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə
çıxarılmadan başa çatdırılması üsullarından
biridir.
Beləliklə, məhkəmədə nikahın pozulmasına
dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi
qanuni qüvvəyə minmədən ölməsi iş üzrə
icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın
pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə
minməməsi və tərəflərin ər-arvad statusunun ləğv
edilməməsi, eləcə də onların bu statusdan irəli
gələn hüquq və vəzifələrinin davam etməsi
ilə nəticələnir.
Göründüyü kimi, nikaha xitam verilməsi üçün
iş üzrə yekun məhkəmə qərarının qanuni
qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması
barədə məhkəmədə iddianın qaldırılması
ər-arvadın bir-birini vərəsəlik hüququndan məhrum
etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə
yekun məhkəmə qərarı qəbul edilənədək
iddiaçı iddiadan imtina edə bilər, tərəflər
barışa bilər və s. hallar baş verə bilər.
Həmçinin nəzərə alınmalıdır
ki, qanunvericilikdə miras qoyanın bu və ya digər vərəsəni
vərəsəlik hüququndan məhrum etməsi üçün
xüsusi imkanlar nəzərdə tutulmuşdur. Bunlara vəsiyyətnamə
qoymaq, məcburi paydan məhrum etmək üçün məhkəmədə
iddia qaldırmaq və s. aiddir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu belə qənaətə gəlir
ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi
barədə məhkəmə qərarı qanuni qüvvəyə
minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə
nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur.
Bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış
nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə
qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə
yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində
olmasına baxmayaraq, onların üç il ərzində nikaha
faktiki xitam verilməsi və ayrı yaşamaları barədə
iradə ifadəsini əsas götürərək, qanun üzrə
vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü
təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü
maddəsinə əsasən, əgər arvadın (ərin) miras
qoyanla nikahına mirasın açılmasından azı üç
il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı
yaşadıqları təsdiq edilərsə, məhkəmənin
qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik
hüququndan məhrum edilə bilər.
Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq
hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə
Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən
edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin
vərəsələri müraciət edə bilərlər.
Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa
uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik
hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə
tərəfindən aşağıdakı halların məcmusu
təsdiq edilməlidir:
- tərəflərin ailə münasibətlərinə
faktiki xitam verilməsi;
- ər-arvadın ayrı yaşamaları;
- qeyd edilən halların mirasın açılmasından
azı üç il əvvəl baş verməsi.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz
göstərilən hallar hüquqi tərkib əmələ gətirərək
rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik
hüququndan məhrum edilməsi üçün əsas ola bilər.
Bu baxımdan məhkəmələr tərəfindən ərin
(arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun
üzrə vərəsəlik hüququndan məhrum edilməsinə
dair işlərə baxılarkən Mülki Məcəllənin
1164-cü maddəsində nəzərdə tutulmuş halların
mövcud olub-olmamasına formal yanaşılmamalı, işin
bütün halları, tərəflərin münasibətlərindəki
əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə
hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin
qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin)
vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik
və ailə hüquqlarının ümumi prinsiplərinə
uyğun olmazdı.
Mülki Məcəllənin 1164-cü maddəsində
istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın
açılmasından əvvəlki üç il ərzində
tərəflərin məhz ailə-nikah münasibətlərində
olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını,
birgə təsərrüfat aparmamalarını nəzərdə
tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın
pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq
sonlanmış olur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri
nikaha girən şəxslər üçün xüsusi status
yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və
şüurlu surətdə girdikləri münasibətin doğurduğu
hüquqi nəticələr bu növ qarşılıqlı
münasibətləri digər birgəyaşayış növlərindən
fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində
vacib məsələ qarşılıqlı öhdəliklərin
mövcudluğudur. Tərəflərin münasibətlərinin
uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi
hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin
olmaması onların birgə yaşayışını ərlə
arvadın birgə yaşayışından tamamilə fərqləndirir
(Börden Birləşmiş Krallığa qarşı iş
üzrə 2008-ci il 29 aprel tarixli Qərar).
Qanunvericilikdə nəzərdə tutulmuş üç
il müddət isə tərəflərin nikah münasibətlərinə
faktiki xitam verilməsi qərarında israrlı olduqlarını,
ailə münasibətlərini bərpa etmək istəklərinin
olmamasını dəqiqləşdirmək üçün müəyyən
edilmiş müddətdir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə
gəlir:
Nikahın pozulması haqqında məhkəməyə
ərizə ilə müraciət edərək iradə ifadəsini
bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə
minənədək ölmüş şəxsin arvadı (əri)
vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin
1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən
miras qoyanla nikahına mirasın açılmasından azı
üç il əvvəl faktiki xitam verildiyi və ərlə
arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum
edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Nikahın pozulması haqqında məhkəməyə
ərizə ilə müraciət edərək iradə ifadəsini
bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə
minənədək ölmüş şəxsin arvadı (əri)
vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun
olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına
mirasın açılmasından azı üç il əvvəl
faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları
təsdiq edildiyi halda məhrum edilə bilər.
2. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski
raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr:
Fərhad ABDULLAYEV
Bakı şəhəri,
1 may 2019-cu il.