Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin
təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci
il 8 fevral tarixli 39 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə
292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 482 nömrəli
Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6-cı bəndin ikinci cümləsinə
“biliyin qiymətləndirilməsi üzrə” sözlərindən
sonra “mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü
hissəsində göstərilən iki mərhələdə”
sözləri əlavə edilsin.
2. 2.1-ci bəndə “məzunları” sözündən
sonra “və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının
hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində
bitirən şəxslər” sözləri əlavə edilsin.
3. 3-cü hissə aşağıdakı
redaksiyada verilsin:
“3. Qəbul imtahanı
3.1. Bu Qaydaların 3.4-cü bəndində
nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının
birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri
tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili,
xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı
verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən
abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb
və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər
isə ingilis, alman və ya fransız dillərini seçə
bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus)
dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat
fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq
təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində
abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn
üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə
müddəti 3 saatdır.
3.2. Qəbul imtahanını rus dilində
verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi)
fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə
Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq
təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal
30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la
qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti)
tədris ili üçün keçirilən müsabiqələrdə
qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.
3.3. Qəbul imtahanının birinci mərhələsində
iştirak etməyən abituriyent ikinci mərhələyə,
ikinci mərhələdə iştirak etməyən abituriyent
isə ixtisas seçiminə buraxılmır.
3.4. Müvafiq tədris ili üzrə müsabiqədə
abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanında əldə etdikləri nəticələr əsasında
iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini,
eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə
tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan
vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə
aparılan ümumi təhsil müəssisələrində təhsil
alan şagirdlər buraxılış imtahanının nəticələrinə
əsasən ali təhsil müəssisələrinin tədris
rus dilində aparılan ixtisasları üzrə müsabiqədə
iştirak etmək üçün buraxılış imtahanı
çərçivəsində imtahan verdikləri Azərbaycan
dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən
müəyyən edilən şərtə uyğun nəticə
əldə etməlidirlər.
3.5. Azərbaycan və rus dilləri istisna
olmaqla, tədris ingilis, gürcü və digər dillərdə
aparılan ümumi təhsil müəssisələrində təhsil
alan şagirdlər buraxılış imtahanının nəticələrinə
əsasən ali təhsil müəssisələrinin ixtisasları
üzrə müsabiqədə iştirak etmək üçün
buraxılış imtahanı çərçivəsində
ali təhsil pilləsində təhsil almaq istədikləri tədris
dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən
də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində
aparılan ümumi təhsil müəssisələrində təhsil
alan şagirdlər buraxılış imtahanının nəticələrinə
əsasən ali təhsil müəssisələrinin tədris
rus dilində aparılan ixtisasları üzrə müsabiqədə
iştirak etmək üçün rus dili fənnindən, tədris
rus dilində aparılan ümumi təhsil müəssisələrində
təhsil alan şagirdlər buraxılış imtahanının
nəticələrinə əsasən ali təhsil müəssisələrinin
tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə
müsabiqədə iştirak etmək üçün Azərbaycan
dili fənnindən imtahan verməlidirlər.
3.6. Buraxılış imtahanının
nəticələrinə əsasən ali təhsil müəssisələrinin
ixtisasları üzrə müsabiqədə iştirak edən
abituriyentlər buraxılış imtahanı çərçivəsində
verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb
edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək
üçün qəbul imtahanının birinci mərhələsi
çərçivəsində tələb edilən xarici dildən
imtahan verməlidirlər.
3.7. Qəbul imtahanlarının birinci mərhələsinin
(buraxılış imtahanlarının) nəticələri 2
il qüvvədə olur, cari və növbəti tədris illərində
abituriyentə ali təhsil müəssisələrinə keçirilən
tələbə qəbulu müsabiqəsində iştirak etmək
hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə
iştirak etmək üçün müvafiq tədris ilində
yenidən qəbul imtahanının birinci mərhələsində
iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə
hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini
özü müəyyən edir.
3.8. Ali təhsil müəssisələrinə
qəbul imtahanlarının ikinci mərhələsi təhsil
müəssisələrinə qəbul aparılan ixtisas qrupları
üzrə həyata keçirilir, 1 il qüvvədə olur və
yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə
keçirilən tələbə qəbulu müsabiqəsində
iştirak etmək hüququ verir. Qəbul imtahanları hər
tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində
keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə
yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları
üzrə qəbul imtahanında iştirakından asılı
olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak
edə bilər. İxtisas qrupları üzrə imtahan fənləri,
onların üstünlük dərəcələri və nisbi
əmsalları aşağıdakı kimi müəyyən edilmişdir:
3.8.1. I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5),
fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);
3.8.2. II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5),
coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);
3.8.3. III ixtisas qrupu – qəbul imtahanının
dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5),
tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);
3.8.4. IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5),
kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);
3.8.5. V ixtisas qrupu üzrə müsabiqədə
iştirak etmək üçün abituriyentlər qəbul imtahanının
ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə
birinci mərhələnin (buraxılış imtahanının)
nəticələrinə əsasən iştirak edirlər.
3.9. Qəbul imtahanının ikinci mərhələsində
abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə
90 tapşırıq təqdim edilir. Qəbul imtahanının
ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi
maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150
bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla,
cəmi 400 baldır. İmtahanın davametmə müddəti
3 saatdır.
3.10. Hər mərhələdə imtahanın
məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların
növü və qiymətləndirilmə qaydası Mərkəz
tərəfindən Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırılmaqla müəyyən
edilir və hər il tədris ilinin başlanılmasından 1
ay müddət keçənədək elan edilir. İmtahan suallarının
məzmunu Mərkəz tərəfindən hazırlanmış
və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri
üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.
İmtahanların keçiriləcəyi günlər və imtahanların
aparılması texnologiyası Mərkəz tərəfindən
müəyyənləşdirilir.
3.11. Qəbul imtahanlarında əlilliyi olan
şəxslərin iştirakının təmin edilməsi üçün
Mərkəz tərəfindən əlverişli şərait
yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə
fərdi nəzarətçi təyin edilir və onlar üçün
imtahanın davametmə müddəti hər mərhələdə
1 saat artırılır.”.
4. 5.1-ci bənd üzrə:
4.1. birinci cümləyə “imtahanında”
sözündən sonra “(iki mərhələnin nəticəsində)”
sözləri əlavə edilsin;
4.2. ikinci cümləyə “ilində” sözündən
sonra “eyni qrup üzrə” sözləri əlavə edilsin.
5. 5.2-ci bənd aşağıdakı redaksiyada
verilsin:
“5.2. Ümumi balı eyni olan 2 və daha
çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi
ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə
göstəricilərdən istifadə edilir:
5.2.1. təhsil haqqında sənədə
(attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan
tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri
üzrə yazılmış yekun qiymətlərin ədədi
ortası;
5.2.2. xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi
(bal);
5.2.3. qəbul imtahanının ikinci mərhələsi
üzrə ümumi bal;
5.2.4. qəbul imtahanının ikinci mərhələsinin
imtahan fənləri üzrə nisbi balların cəmi;
5.2.5. qəbul imtahanının ikinci mərhələsinin
imtahan fənləri üzrə düzgün cavabların (yazılı
suallar üzrə balların) sayı;
5.2.6. qəbul imtahanının ikinci mərhələsinin
imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə
almaqla, həmin fənlərdən ayrılıqda toplanılan
nisbi balların miqdarı;
5.2.7. qəbul imtahanının birinci mərhələsi
üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan
bal;
5.2.8. qəbul imtahanının birinci mərhələsi
üzrə riyaziyyat fənnindən toplanılan bal.”.
6. 5.3-cü bəndin ikinci cümləsində
“Ümumi” sözü “Yekun” sözü ilə əvəz edilsin.
7. 5.3.1-ci yarımbənddə “cari” sözü
“müvafiq” sözü ilə əvəz edilsin.
8. 5.4-cü bəndin birinci cümləsində
“cari” sözü “müvafiq” sözü ilə və “yekun” sözü
“ümumi” sözü ilə əvəz edilsin.
9. 6.4.1-ci yarımbəndə “göndərmək”
sözündən sonra “və ya sərxoş vəziyyətdə
gəlmək” sözləri əlavə edilsin.
10. 6.4.5-ci yarımbəndə hər iki
halda “kartına” sözündən sonra “(vərəqinə)” sözü
əlavə edilsin.
11. 6.4.7-ci yarımbəndə “kartını”
sözündən sonra “(vərəqini)” sözü əlavə
edilsin.
12. “Qeyd” aşağıdakı redaksiyada
verilsin:
“Qeyd. Bu Qaydalarda “müvafiq tədris ili”
dedikdə, buraxılış imtahanının nəticələrinin
qüvvədə olduğu tədris ili (cari və növbəti)
nəzərdə tutulur.”.
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı
şəhəri, 19 dekabr 2018-ci il
№ 553