Köhnəlməyə məruz qalmayan aktivlərin Siyahısının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Köhnəlməyə məruz qalmayan aktivlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 4 yanvar 2001-ci il
№ 5

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 4 yanvar tarixli 5 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Köhnəlməyə məruz qalmayan aktivlərin
SİYAHISI

 

Nadir tarixi və memarlıq abidələri olan binalar və qurğular (tikililər)* ;

elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

istismar vaxtı çatmayan çoxillik əkmələr;

kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

incəsənət əsərləri *;

tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

konservasiya edilmiş əsas vəsaitlər;

ümumi istifadə olan avtomobil yolları;

ümumi istifadədə olan parklardakı avadanlıqlar;

torpaq sahələri;

istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

 

* Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilir.