Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin və tütün məmulatlarının aksiz dərəcələri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin və tütün məmulatlarının istehsalından büdcəyə daxilolmaların tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, mayaya, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri müəyyən edilsin:

 

Maya - 0,5%

İçməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti;

tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) - 90%

Araq (vodka)-likyor və likyor məmulatları - 50%

Tündləşdirilmiş içkilər - 50%

Tündləşdirilmiş içki materialları - 50%

Konyak - 35%

Konyak materialları - 35%

Şampan şərabı - 35%

Tünd şərablar - 25%

Süfrə şərabı - 25%

Şərab materialları - 25%

Pivə - 15%

Bütün növ tütün məmulatları - 22%

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında istehsal olunan aksizli malların siyahısı və dərəcələri haqqında" 1996-cı il 16 dekabr tarixli 177 nömrəli qərarının 2-ci və 4-cü bəndləri, "Azərbaycan Respublikasında alkoqollu içkilərin aksiz dərəcələri haqqında" 1999-cu il 9 iyun tarixli 95 nömrəli qərarının 1-ci bəndi, "Tütün məmulatlarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında" 1998-ci il 9 iyun tarixli 128 nömrəli qərarının 1-ci, 2-ci və 4-cü bəndləri, "Tütün məmulatlarının aksiz dərəcələrinin tətbiq edilmə müddətinin uzadılması barədə" 1999-cu il 6 dekabr tarixli 182 nömrəli qərarı, "Tütün məmulatlarının aksiz dərəcələrinin tətbiq edilmə müddətinin uzadılması barədə" 2000-ci il 29 avqust tarixli 152 nömrəli qərarı və "Azərbaycan Respublikasında pivənin aksiz dərəcəsinin dəyişdirilməsi haqqında" 1999-cu il 16 aprel tarixli 67 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 7 mart 2001-ci il
№ 61