Turizm
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında turizm
bazarının hüquqi əsaslarının bərqərar
edilməsinə yönəldilmiş dövlət
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin
əsaslarını müəyyən edir və turizm
sahəsində meydana çıxan münasibətləri
tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən
vasitələrdən biri kimi turizm ehtiyatlarından
səmərəli istifadə olunması qaydasını
müəyyənləşdirir.
Bu Qanunda istifadə edilən
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
turizm - Azərbaycan Respublikası
vətəndaşlarının, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
müvəqqəti olacağı ölkədə (yerdə)
ödənişli fəaliyyətlə məşğul
olmamaq şərtilə istirahət, sağlamlaşdırma,
tanış olma, idraki (tarix və mədəniyyət
sərvətlərindən bəhrələnmə və
sair), iş-peşə (vəzifə borclarının icra
edilməsi istisna olmaqla), idman və dini
məqsədlərlə daimi yaşayış
yerlərindən müvəqqəti getmələri
(səyahətləri);
turist - istirahət,
sağlamlaşdırma, tanış olma, idraki (tarix və
mədəniyyət sərvətlərindən bəhrələnmə
və sair), iş-peşə (vəzifə borclarının
icra edilməsi istisna olmaqla), idman və dini
məqsədlərlə getdiyi ölkədə (yerdə)
ödənişli fəaliyyətlə məşğul
olmamaq şərtilə, 24 saatdan 12 ayadək
müddətdə müvəqqəti olan şəxs;
tur - konkret müddətdə
konkret marşrut üzrə fərdi və ya qrup halında
səfərdən ibarət olan, turizm məhsulunun vauçer
şəklində satılan forması;
turizm
yollayışı
- ciddi hesabatlı blank olub, proqramla nəzərdə
tutulmuş xidmətlərin ödənildiyini təsdiq
edən sənəd;
turizm
vauçeri - xarici
turistlərə xidmət göstərilməsi və firma
ilə qarşılıqlı ödəmələr
aparılması üçün əsas olmaqla, turun
tərkibinə daxil olan xidmətlər üzərində
turistin hüququnu müəyyənləşdirən və
xidmətlərin göstəriləcəyi faktını
təsdiq edən sənəd;
turoperator - turların
komplektləşdirilməsi, turizm məhsulunun
formalaşdırılması, hərəkətə
gətirilməsi və satışı ilə
məşğul olan turizm təşkilatı;
turaqent - turoperator tərəfindən
turların satışı, turizm məhsulunun
hərəkətə gətirilməsi və
satışı üzrə vasitəçilik fəaliyyəti
göstərən fiziki və ya hüquqi şəxs;
turaqentlik - turizm və ekskursiya
yollayışlarının satışı, habelə turizm -
ekskursiya fəaliyyətinin təşkili üzrə
(informasiya, reklam, marketinq və s.) digər xidmətlər göstərilməsi
ilə məşğul olan vasitəçi təşkilat;
turizm
məhsulu -
turistlərə göstərilən xidmətlər kompleksi
(turistlərin yerləşdirilməsi, daşınması,
yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya,
həmçinin bələdçi
(bələdçi-tərcüməçi) xidmətləri
və səfərin məqsədlərindən asılı
olaraq göstərilən digər xidmətlər);
turizm
fəaliyyəti -
turoperator və turaqent fəaliyyəti, habelə
səyahətlərin təşkili üzrə digər
fəaliyyət;
ekskursiya
fəaliyyəti -
turoperatorun müddəti 24 saatdan çox olmayan və
turistlərin yerləşdirilməsi (gecələməsi)
xidmətini nəzərdə tutmayan turizm məhsulunun
formalaşdırılması, hərəkətə
gətirilməsi və satışı üzrə
fəaliyyəti;
daxili
turizm -
Azərbaycan Respublikasında yaşayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;
xarici
turizm -
Azərbaycan Respublikasında yaşayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
başqa ölkəyə səyahətləri;
gəlmə
turizm -
Azərbaycan Respublikasında yaşamayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudları daxilində
səyahətləri;
sosial
turizm - sosial
ehtiyaclar üçün dövlətin
ayırdığı vəsaitdən yardımlanan
səyahət;
öz
fəaliyyət turizmi - yerdəyişmənin aktiv üsullarından
istifadə olunmaqla, turistlər tərəfindən
sərbəst təşkil edilən səyahətlər;
turizm
ehtiyatları - səfər
edilən ölkənin (yerin) təbii, mədəni, tarixi,
sağlamlaşdırma obyektləri və turistlərin
ayrı-ayrılıqda və ya kompleks halında tələb
və ehtiyaclarını təmin edə bilən, onların
fiziki və mənəvi qüvvələrinin bərpası
və inkişafına kömək edə bilən digər
obyektlər məcmusu;
turizm
infrastrukturu - turizm
məhsulu istehsalı təşkilinin kompleksli sistemi və
yaxud mehmanxana və digər
yerləşdirmə-yerdəyişmə, nəqliyyat
vasitələrinin, ictimai iaşə, əyləncə
obyektləri və vasitələrinin, tanış olma, idraki,
iş-peşə, sağlamlaşdırma, idman və digər
təyinatlı obyektlərin, turoperator və turaqent
fəaliyyətini həyata keçirən
ixtisaslaşdırılmış müəssisə və
təşkilatların, həmçinin ekskursiya və
bələdçi
(bələdçi-tərcüməçi) xidmətləri
göstərən təşkilatların məcmusu;
turizm
məhsulunun hərəkətə gətirilməsi - turizm məhsulunun
satışına yönəldilmiş tədbirlər
kompleksi (reklam, ixtisaslaşdırılmış
sərgilər, yarmarkalarda iştirak, turizm məhsulunun
satışı üzrə turizm informasiya
mərkəzlərinin təşkili, kataloqların,
bukletlərin və s. nəşri);
turizm və rekreasiya zonaları – xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komponentlərinin yerləşdiyi, təbiəti mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, qanunvericiliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədilə ayrılan əlverişli turizm potensialına və müvafiq turizm infrastrukturuna malik olan ərazilər.[1]
Turizm haqqında qanunvericilik Azərbaycan
Respublikası Konstitusiyasına əsaslanır və bu
Qanundan, Azərbaycan Respublikasının digər normativ
hüquqi aktlarından və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
1. Dövlət turizm sahəsində:
1.1. Turizm fəaliyyətinə
kömək edir və onun inkişafı üçün
əlverişli şərait yaradır;
1.2. turizm fəaliyyətinin üstün
istiqamətlərini müəyyən edir və onun həyata
keçirilməsinə kömək edir;
1.3. Azərbaycan Respublikası haqqında
turizm üçün əhəmiyyətli bir ölkə kimi
təsəvvür formalaşdırır.
2. Turizm fəaliyyətinin
tənzimlənməsinin əsas məqsədləri
aşağıdakılardır:
2.1. turistlərin səyahətləri
zamanı istirahət, yerdəyişmə azadlığı
və digər hüquqlarını təmin etmək;
2.2. ətraf mühiti (təbiəti)
qorumaq;
2.3. turistlərin səyahətləri
zamanı onların tələbatlarını təmin edən
turizmin infrastrukturunu inkişaf etdirmək, yeni iş yerləri
yaratmaq, dövlətin və onun vətəndaşlarının
gəlirlərini artırmaq;
2.4. beynəlxalq əlaqələri
inkişaf etdirmək, turizm baxış obyektlərini qoruyub
saxlamaq, təbii, tarixi və mədəni irsdən
səmərəli surətdə istifadə etmək.
3. Turizm fəaliyyətinin dövlət
tənzimlənməsinin üsulları
aşağıdakılardır:
3.1. turizm infrastrukturu sahəsində
münasibətlərin təkmilləşməsinə
yönəldilmiş normativ hüquqi aktların qəbul
edilməsi;
3.2. daxili və dünya turizm
bazarlarında turizm məhsulunun hərəkətə
gətirilməsinə kömək göstərilməsi;
3.3. turistlərin hüquq və
maraqlarını müdafiə etmək, onların
təhlükəsizliyinin təmin edilməsi;
3.4. turizm infrastrukturu sahəsində
xüsusi razılığın verilməsi,
standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılmasının
təşkili; [2]
3.5. turizmin inkişaf etdirilməsi
üzrə məqsədli dövlət proqramlarının
işlənib hazırlanması;
3.6. turizm infrastrukturuna investisiya
qoyuluşu, o cümlədən xarici investorların cəlb
olunması üçün əlverişli şərait
yaradılması;
3.7. turizm fəaliyyəti sahəsinin kadr
təminatına kömək edilməsi;
3.8. turizm infrastrukturu sahəsində elmi
tədqiqatların inkişaf etdirilməsi;
3.9. Azərbaycan turistlərinin,
turoperatorlarının, turaqentlərinin və onların
birliklərinin beynəlxalq turizm proqramında iştirakına
şərait yaradılması;
3.10. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş digər
üsullar.
1. Turizm sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
1.1. turizm sahəsində dövlət
siyasətinin əsaslarını və bu sahənin əsas
istiqamətlərini müəyyənləşdirmək;
1.2. turizmin inkişafına dair
dövlət proqramını işləyib hazırlamaq;
1.3. turizmin normativ bazasını
işləyib hazırlamaq;
1.4. turizmdə sahələrarası və
regionlararası fəaliyyəti əlaqələndirmək;
1.5. Azərbaycan Respublikasını
xaricdə əhəmiyyətli turizm ölkəsi kimi
tanıtmaq məqsədilə informasiya şəbəkəsi
yaratmaq;
1.6. beynəlxalq turizm
təşkilatlarında Azərbaycan Respublikasının
nümayəndəliyini təşkil etmək, turizmin
inkişafına dair beynəlxalq proqramın işlənib
hazırlanmasında iştirak etmək, turizm sahəsində
əməkdaşlıq üzrə müqavilələr
bağlamaq və onların həyata keçirilməsi
mexanizmini işləyib hazırlamaq;
1.7. ərazi-turizm ehtiyatları kimi
qəbul edilmiş obyektlərin qorunmasını və
fəaliyyətini təşkil etmək;
1.8. turizm sahəsində peşə-ixtisas
təhsili üzrə istiqamətləri və ixtisasların
siyahısını müəyyən etmək;
1.9. turizm qanunvericiliyinin icrasına
nəzarət etmək;
1.10. turizm sahəsində
standartlaşdırma və sertifikatlaşdırma
qaydalarını hazırlamaq;
1.11. turizm təşkilatlarının
reyestrini aparmaq;
1.12. mülkiyyət formasından və
tabeliyindən asılı olmayaraq, turizm fəaliyyəti
ilə məşğul olan və turistlərə xidmət
göstərən bütün müəssisələrdə
xidmətlərin dövlət standartlarına riayət
olunmasına nəzarət etmək.
2. Bu maddənin 1-ci
hissəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş
dövlət proqramlarının layihələrinə dair
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanmalı və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılmalıdır.[3]
Maddə 4-1. Turizm və rekreasiya zonaları [4]
4-1.1. Turizm
fəaliyyətinin dövlət tənzimlənməsi
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən turizm və rekreasiya zonaları yaradıla
bilər.
4-1.2. Turizm və
rekreasiya zonaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən idarə olunur.
4-1.3. Turizm və rekreasiya zonaları
haqqında nümunəvi əsasnamə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
4-1.4. 300 nəfərdən çox tutumu olan turizm
və rekreasiya obyektlərinin layihələrinə dair
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı, həmin sənədin dövlət ekoloji
ekspertizası keçirilməlidir. [5]
4-1.5. Bu Qanunun 4-1.4-cü maddəsində
nəzərdə tutulan mövcud obyektlər ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olduqda, həmin obyektlərin
yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin
obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla, müvafiq
dəyişikliklər edilir.
4-1.6. Bu Qanunun 4-1.4-cü maddəsində
nəzərdə tutulan mövcud obyektlərin
fəaliyyəti zamanı təbiətdən istifadə
şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji
üsullar tətbiq edildikdə, həmin fəaliyyətə
dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
4-1.7. Bu Qanunun 4-1.4-cü maddəsində
nəzərdə tutulan obyektlərə dair ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll olunur.
1. Turizm fəaliyyəti sahəsində
standartlaşdırmaya aşağıdakılar aiddir:
1.1 turizm müəssisələrinin və
turizm məhsullarının təsnifatı;
1.2. turizm məhsullarının
təhlükəsizliyinin və keyfiyyətinin təmin
edilməsi;
1.3. turizm məhsullarının turist
tələbatına uyğunluq parametrlərinin
müəyyənləşdirilməsi;
1.4. turizm müəssisələrinin
işçilərinə verilən ixtisas tələbləri;
1.5. turizm müəssisələrinin
ofislərinə verilən tələblər.
2. Turizm fəaliyyəti sahəsində
standartlaşdırma obyektləri müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmaqla müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
3. Turizm fəaliyyəti sahəsində
sertifikatlaşdırma turizm məhsulunun turistlərin
tələbatını təmin edən, onların
əmlakını qoruyan, ətraf mühiti mühafizə
edən qanunlara və digər normativ aktlara uyğunluğunu
müəyyən etməkdir.
4. Turoperatorun və ya turaqentin turizm
məhsulunun məcburi sertifikatlaşdırılmasından
imtina etməsi, turizm məhsulunun
sertifikatlaşdırılmasının mənfi
nəticəsi, habelə sertifikatın ləğv olunması
turizm fəaliyyətinin həyata keçirilməsi
üçün verilmiş xüsusi razılığın
qüvvəsinin dayandırılması və ya ləğvi
ilə nəticələnir.
5. Turizm sahəsində xüsusi
rzılığın verilməsi, standartlaşdırma və
turizm məhsulunun sertifikatlaşdırılması
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.[6]
6. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[7]
7. Bu maddənin
altıncı hissəsində nəzərdə tutulmuş uyğunluğu
qiymətləndirən qurumların akkreditasiyası
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada həyata
keçirilir.[8]
1. Turist səyahətə
hazırlaşarkən, habelə tranzit də daxil olmaqla,
bütün səyahət müddətində
aşağıdakı hüquqlara malikdir:
1.1. nəzərdə tutulan proqrama
müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada qalma
qaydaları, yerli əhalinin adətləri, dini
mərasimlər, müqəddəs yerlər, xüsusi
mühafizədə olan təbiət, tarix,
mədəniyyət abidələri və digər turizm
obyektləri, ətraf mühitin vəziyyəti barədə
zəruri və dürüst informasiya almaq;
1.2. getdiyi ölkədə (yerdə),
mövcud olan məhdudiyyət tələbləri
nəzərə alınmaqla, hərəkət-yerdəyişmə
hüququndan, turizm ehtiyatlarından sərbəst istifadə
etmək;
1.3. həyatının və
sağlamlığının qorunması üçün
təxirəsalınmaz tibbi yardım alınması
hüququna malik olmaq;
1.4. turizm məhsulunun pərakəndə
alqı-satqı müqaviləsi şərtlərinin turoperator
və ya turaqent tərəfindən yerinə yetirilmədiyi
hallarda ona dəymiş maddi və mənəvi
zərərlərin əvəzinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada ödənilməsini tələb etmək;
1.5. getdiyi ölkənin (yerin) hakimiyyət
və yerli özünüidarə orqanlarından hüquqi
və digər təxirəsalınmaz yardım növləri
göstərilməsində kömək almaq.
1. Azərbaycan Respublikasından xarici
ölkəyə gedən turistin tranzit də daxil olmaqla,
səyahət vaxtı aşağıdakı
vəzifələri var:
1.1. getdiyi ölkənin (yerin)
qanunlarına riayət etmək, onun sosial quruluşuna,
adətlərinə, ənənələrinə, dini
etiqadlarına hörmət etmək;
1.2. müvəqqəti olduğu
ölkədə (yerdə) ətraf mühitin mühafizə
qaydalarına riayət etmək, təbiət, tarix və
mədəniyyət abidələrinə qayğı ilə
yanaşmaq;
1.3. müvəqqəti getdiyi
ölkədə (yerdə), habelə yolboyu keçdiyi
ölkələrdə gəlmə, getmə qaydalarına
riayət etmək;
1.4. səyahət zamanı şəxsi
təhlükəsizlik qaydalarına riayət etmək.
2. Azərbaycan Respublikasına
gəlmiş turist yuxarıdakı müddəalara
əməl etməklə bərabər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş ölkəyə (müvəqqəti olduğu
yerə) gəlmə və ölkədən
(müvəqqəti olduğu yerdən) getmə, habelə
orada qalma qaydalarına riayət etməlidir.
Maddə 7-1. Turizm vizası və turistlərə
verilən elektron vizalar[9]
7-1.1.
Azərbaycan Respublikasına gəlmək üçün viza
tələb olunduğu hallarda turist kimi gələn
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş
qaydada turizm vizası almalıdırlar.
7-1.2.
Turizm vizasında ölkədə qalma müddəti 30
günədək müəyyən edilir.
7-1.3.
Turizm vizasının rəsmiləşdirilməsi
üçün səfərin turizm məqsədi ilə
həyata keçirildiyini təsdiqləyən sənəd
(turizm vauçeri və ya turizm yollayışı, yaxud
sərnişin bileti və mehmanxanada, kempinqdə, turist
bazasında və ya digər bu kimi obyektlərdə yer
sifariş edilməsini təsdiqləyən sənəd)
və Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
7-1.4.
Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən
ölkələrin vətəndaşları və ya həmin
ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər
olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala
bilərlər. [10]
7-1.5. Elektron viza almaq üçün
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər “ASAN Viza” sistemində
yerləşdirilmiş elektron müraciət formasında
nəzərdə tutulan məlumatları sistemə daxil
etməli, müraciətin qəbul olunması barədə
müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş məbləğdə
dövlət rüsumunu elektron qaydada
ödəməlidirlər. [11]
7-1.6. Birdəfəlik
və ya çoxdəfəlik elektron vizanın verilməsi
ilə bağlı müraciətə ən geci 3 iş
günü müddətində, birdəfəlik elektron
vizanın sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə ən geci 3 saat
ərzində, birdəfəlik elektron vizanın Azərbaycan
Respublikasının beynəlxalq hava limanlarında
alınması üçün müraciət edildikdə
isə real vaxt rejimində baxılır, imtina
üçün əsas olmadıqda müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza
verilir. Viza verilməsindən imtina edildikdə,
müraciət etmiş şəxsin elektron poçt
ünvanına bu barədə məlumat göndərilir. [12]
Turizm məhsulu turizm bazarının
vəziyyəti ilə əlaqədar olaraq və yaxud da
turistin konkret sifarişi üzrə
formalaşdırılır.
Turoperator ayrı-ayrı xidmətlər
göstərən və yaxud tura daxil olan bütün
xidmət növlərini təmin edən turist qəbulu
üzrə turoperatorla müqavilələr əsasında tura
daxil olan xidmətlər üzərində hüquqlara malik
olur.
Turoperator turizm məhsulunu
formalaşdırır (hazırlıyır), göndərir
və onun satışını birbaşa və ya turaqent
vasitəsilə həyata keçirir.
Turizm məhsulu haqqında yazılı
informasiyada müqavilənin Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, həmçinin bu Qanunda
nəzərdə tutulmuş bütün vacib
şərtləri varsa və turoperatorun və ya turaqentin
təklifdə göstərilmiş şərtlərlə
müqavilə bağlamaq iradəsi ifadə olunarsa, belə
təklif müqavilə təklifi kimi qəbul olunur.
1. Turizm məhsulunun satışı
müqavilə əsasında həyata keçirilir.
Müqavilə yazılı formada bağlanır və o,
Azərbaycan Respublikasının qanunvericiliyinə, o
cümlədən istehlakçıların hüquqlarının
müdafiəsi sahəsində qanunvericiliyə uyğun
olmalıdır.
2. Müqavilənin vacib şərtləri
aşağıdakılardır:
2.1. turizm fəaliyyətinin həyata
keçirilməsi üçün verilmiş lisenziya
barədə məlumatlar göstərilməklə turoperator
haqqında informasiya, onun hüquqi ünvanı və bank
rekvizitləri;
2.2. turist (alıcı) haqqında turizm
məhsulunun satışı üçün zəruri olan
həcmdə məlumat;
2.3. turizm fəaliyyətinin həyata
keçirilməsi üçün verilmiş xüsusi
razılıq barədə məlumatlar
göstərilməklə turaqent (satıcı) haqqında
informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;
2.4. səyahətin proqramı və
marşrutu barədə məlumat göstərilməklə
turizm məhsulunun istehlak xassələri, turistlərin
təhlükəsizlik şərtləri, turizm məhsulunun
sertifikatlaşdırılmasının nəticələri
haqqında düzgün məlumat;
2.5. səyahətin başlanmasının
və qurtarmasının tarixi və vaxtı, onun
müddəti;
2.6. turistlərin qarşılanması,
yola salınması və müşayiət olunması
qaydası;
2.7. tərəflərin hüquqları,
vəzifələri və məsuliyyəti;
2.8. turizm məhsulunun pərakəndə
qiyməti və onun ödəniş qaydası;
2.9. qrupda turistlərin minimal sayı, qrup
üzvlərinin çatışmazlığı
üzündən səyahətin olmayacağı
barədə turistin məlumatlandırılması
müddəti;
2.10. müqavilənin
dəyişdirilməsi və pozulması şərtləri,
bununla əlaqədar əmələ gəlmiş
mübahisələrin tənzimlənməsi və
tərəflərə dəymiş ziyanların
ödənilməsi qaydası.
3. Müqavilənin digər
şərtləri tərəflərin razılığı
ilə müəyyən edilir. Turistin turoperatordan və ya
turaqentdən tura daxil olan bütün xidmətlərin
göstərilməsini tələb etmək hüququ var.
4. Tərəflərin hər birinin,
səyahət vaxtı şəraitin əsaslı
dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni
dəyişdirməyi və ya onu pozmağı tələb
etmək hüququ var.
5. Şəraitin əsaslı
dəyişikliyinə aşağıdakılar aiddir:
5.1. səyahətin şərtlərinin
pisləşməsi, səyahətin müddətində
dəyişiklik;
5.2. səyahətin baş tutması
üçün müqavilədə göstərilmiş qrupda
turistlərin minimal sayının natamamlığı;
5.3. nəqliyyat tariflərinin
gözlənilmədən artması;
5.4. turoperatorun və ya turaqentin maliyyə
vəziyyətini kəskin pisləşdirən yeni vergi və
vergitutma qaydalarının tətbiqi və ya mövcud
olanların artırılması;
5.5. milli valyuta kursunun kəskin
dəyişilməsi.
6. Müqavilə pozulduqda, zərərin
ödənilməsi tərəflərin çəkdikləri
faktiki xərclərə uyğun surətdə həyata
keçirilir. Zərərin əvəzi kimi
ödənilən məbləğ turizm məhsulunun
dəyərinin iki mislindən artıq ola bilməz.
7. Səyahətin konkret
şərtləri, turizm məhsulunun pərakəndə
qiyməti turistə turoperator və ya turaqent
tərəfindən verilən turizm yollayışında
göstərilir.
8. Turizm yollayışı
müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperatorun və
ya turaqentin turizm məhsulunun satışına yazılı
razılıq və onun satıldığı faktını
təsdiqləyən ilkin hesabat sənədidir.
9. Turist göndərən turoperatorla
və ya turaqentlə turist qəbul edən turoperator və ya
tura daxil olan konkret xidmətləri təklif edən
şəxslər arasında qarşılıqlı
ödəmələr turizm vauçeri əsasında
həyata keçirilir.
10. Turagentlərə
ödəmələr yalnız nağdsız qaydada həyata
keçirilir.[13]
1. Turoperatorlar və turaqentlər
özlərinin sahibkarlıq fəaliyyətinin
əlaqələndirilməsi, həmçinin ümumi
əmlak maraqlarının təmsili və müdafiəsi məqsədilə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada birliklər yarada
bilərlər. 2. Turizm birliklərinə turizm sahəsinə
aid olan təşkilatlar və müəssisələr daxil
ola bilərlər.
3. Turistlər, səyahət vaxtı
istirahət, hərəkət-yerdəyişmə
azadlığı hüquqlarını və başqa
hüquqlarını həyata keçirmək məqsədilə
maraq birliyi əsasında Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai
birliklər yarada bilərlər.
4. Turistlərin birliyinin fəaliyyəti
turizmin və özfəaliyyət turizminin təşkilinə
və inkişafına, əhalinin turizm sahəsində
maarifləndirilməsi, turistlərin huquq və marağının
müdafiəsi, turizmin infrastrukturu sahəsində
təşkilatların fəaliyyəti barədə ictimai
rəyin formalaşdırılması və digər
vəzifələrin həllinə kömək etməyə
yönəldilə bilər.
Azərbaycan Respublikasının turizm
ehtiyatlarının təsnifatı və
qiymətləndirilməsi, onların mühafizəsi rejimi,
Azərbaycan Respublikasının turizm ehtiyatlarının
bütövlüyünün saxlanılması və
onların bərpası üzrə tədbirlər, ətraf
mühitə yol verilə bilən təsirin həddi
nəzərə alınmaqla, turizm ehtiyatlarından istifadə
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq müəyyənləşdirilir.
Turistlərin təhlükəsizliyi -
səyahət müddətində turistlərin şəxsi
təhlükəsizliyi və onların əmlakının
qorunmasıdır.
Turistlərin sığortalanması
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
Turizm sahəsində müvafiq icra
hakimiyyəti orqanı turistlərin getdikləri
ölkədə (müvəqqəti olacaqları yerdə)
onların həyatını təhlükə altında qoya
biləcək hər bir amil haqqında turoperatorlara,
turaqentlərə və turistlərə məlumat və
təlimat verir.
Təsisçilər dövlət
orqanları olan kütləvi informasiya vasitələri turizm
sahəsində müvafiq icra hakimiyyəti orqanına
turistlərin həyatı üçün təhlükə
qorxusu barədə təcili məlumat verməyə imkan
yaradırlar.
Turoperatorlar və turaqentlər
turistlərə səyahətlərin xüsusiyyətləri,
habelə səyahət zamanı onların rast gələ
biləcəkləri təhlükələr barədə
müfəssəl məlumat verməyə qabaqcadan turistlərin
təhlükəsizliyinin təmin edilməsinə
yönəldilmiş tədbirlər görməyə
borcludurlar.
Turoperatorlar və turaqentlər
səyahət zamanı turistlərin qatlaşdığı
(üzləşdiyi) fövqəladə hadisələr,
həmçinin səyahətdən qayıtmamış
turistlər barədə müvafiq icra hakimiyyəti
orqanına və turizm fəaliyyəti ilə bilavasitə
bağlı olan şəxslərə təxirə salmadan
məlumat verməlidirlər.
Yoluxucu xəstəliklər
təhlükəsi olan ölkəyə (yerə)
göndərilən turistlər beynəlxalq tibbi
tələbatlara müvafiq surətdə lazımi tibbi
yoxlamadan keçməli və təhlükəli yoluxucu
xəstəliklərə qarşı peyvənd
olunmalıdırlar.
Turist qruplarını müşayiət
edən şəxslərin proqram əsasında minimum tibbi
hazırlığı, tibbi ləvazimatı və ilkin
yardım üçün tibb çantası olmalıdır.
Sayı 100 nəfərdən artıq olan turist qrupları
ixtisaslaşdırılmış həkim
tərəfindən müşayiət olunmalıdır.
Turistlərin getdiyi, müvəqqəti
olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin
ölkədə müvəqqəti olan
şəxslərə göstərilən tibbi yardım
üçün xərcin ödənilməsinə
zəmanət verilməsi tələbi müəyyən
edilmişdirsə, turoperator (turaqent) belə
zəmanətləri verməlidir. Turistlərin
qəflətən xəstələnməkdən və
bədbəxt hadisələrdən sığortalanması
belə zəmanətlərin əsas formasıdır.
Sığorta şəhadətnaməsində turistlərin
getdiyi, müvəqqəti olacağı ölkədə
(yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım
xərclərinin və bu hadisə ilə bağlı
digər xərclərin ödənilməsi nəzərdə
tutulmalıdır.
Sığorta şəhadətnaməsi
Azərbaycan dilində və turistlərin getdiyi ölkənin
və ya ölkələrin dövlət dilində tərtib
olunur.
Turistlərin tələbi ilə turoperator
(turaqent) səyahətin keçirilməsi ilə bağlı
digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi
əmlakın itirilməsi, izafi xərclər və s.)
üzrə sığorta xidmətləri
göstərilməsinə kömək edir.
Azərbaycan Respublikasının
ərazisində bədbəxt hadisələrə
uğramış turistlərə axtarış-xilasetmə
xidməti lazımi yardım göstərir və onların
təhlükəsizliyini təmin edir.
Axtarış-xilasetmə xidməti yerli icra hakimiyyəti,
səhiyyə, rabitə, daxili işlər orqanları, meşə
təsərrüfatı, hidrometeorologiya, mülki aviasiya
və s. xidmət idarələri ilə müvafiq qaydada
qarşılıqlı əlaqə şəraitində
fəaliyyət göstərir.
Fövqəladə vəziyyət
yarandığı hallarda dövlət Azərbaycan
Respublikasının hüdudlarından kənarda Azərbaycan
turistlərinin maraqlarının müdafiəsi üzrə, o
cümlədən onların müvəqqəti olduqları
ölkədən köçürülməsi üzrə
tədbirlər görür.
Azərbaycan Respublikasının turizm
sahəsində müvafiq icra hakimiyyəti orqanı dünya
bazarında turizm məhsulunun hərəkətə
gətirilməsi, yayılması, satışı
məqsədilə Azərbaycan Respublikasının
hüdudlarından kənarda qanunvericiliklə
müəyyən edilmiş qaydada turizm
nümayəndəlikləri yaradır.
Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətlə nəticələnir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 4 iyun 1999-cu il
¹ 674-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 mart 2004-cü il tarixli 607-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cu il, ¹ 4, maddə 203)
2.
20 aprel 2004-cü il tarixli 641-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 6, maddə 396)
3.
5 iyun 2007-ci il tarixli 374-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
751)
4.
17 oktyabr 2014-cü il tarixli 1061-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
30 noyabr 2014-cü il, ¹ 262; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1341)
5.
29 noyabr 2016-cı
il tarixli 441-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2035)
6.
14 aprel 2017-ci il
tarixli 617-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, ¹ 132,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1030)
7.
13 iyun 2017-ci il
tarixli 717-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, ¹ 151,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,¹
7, maddə 1276)
8.
29 dekabr 2017-ci il tarixli 964-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar
2018-ci il, ¹ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 31)
9.
3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991)
10. 19 may 2020-ci il
tarixli 101-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2020-ci il, ¹ 117,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 677)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 iyun
2007-ci il tarixli 374-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 751) ilə 1-ci maddənin iyirminci
abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
maddəyə yeni məzmunda iyirmi birinci abzas əlavə
edilmişdir.
[2] 14 aprel 2017-ci il
tarixli 617-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, ¹ 132,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1030) ilə
3.4-cü maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının
təşkili” sözləri ilə əvəz
edilmişdir.
[3] 3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991) ilə 4-cü maddəyə yeni məzmunda 2-ci
hissə əlavə edilmişdir.
[4] 5 iyun
2007-ci il tarixli 374-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 751) ilə Qanuna yeni məzmunda 4-1-ci
maddə əlavə edilmişdir.
[5] 3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991) ilə yeni məzmunda 4-1.4 – 4-1.7-ci maddələr
əlavə edilmişdir.
[6] 20
aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 6, maddə
396) ilə 5-ci maddənin 3-cü,
4-cü və 5-ci bəndləri
çıxarılmışdır.
[7] 19 mart 2004-cü il tarixli 607-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cu il, ¹ 4, maddə 203) ilə 5-ci maddəyə 6-cı
bənd əlavə edilmişdir.
14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyun 2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1030) ilə 5-ci maddənin altıncı hissəsinin
birinci cümləsində “müvafiq
icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya
edilmiş uyğunluğu qiymətləndirən qurumu və
ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar” sözləri ilə əvəz edilmişdir.
[8] 14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyun 2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1030) ilə 5-ci maddəyə yeni məzmunda yeddinci
hissə əlavə edilmişdir.
[9] 17
oktyabr 2014-cü il tarixli 1061-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr
2014-cü il, ¹ 262; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1341)
ilə
7-1-ci
maddə əlavə edilmişdir.
29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə adından “və
turistlərə verilən elektron vizalar” sözləri
çıxarılmışdır.
19 may 2020-ci il tarixli 101-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 iyun 2020-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
677) ilə
7-1-ci
maddənin adına “Turizm
vizası” sözlərindən sonra “və turistlərə verilən elektron vizalar”
sözləri əlavə edilmişdir.
[10] 29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə 7-1.4-cü maddədə “turizm şirkətləri” sözləri “siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
ölkələrin vətəndaşları və ya həmin
ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər
olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz
edilmişdir.
[11] 29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə 7-1.5-ci və 7-1.6-cı maddələr yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7-1.5. Elektron viza almaq
üçün əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında fəaliyyət
göstərən və müvafiq icra hakimiyyəti
orqanında akkreditasiyadan keçmiş turizm
şirkətlərinə birbaşa və ya
yaşadıqları ölkələrdə həmin
şirkətlərin tərəfdaşı olan turizm
şirkətləri vasitəsilə müraciət edə
bilərlər.
7-1.6.
Turistlərə elektron vizaların verilməsi qaydası
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə tənzimlənir.
[12] 29 dekabr 2017-ci il
tarixli 964-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 1, maddə 31) ilə 7-1.6-cı maddəyə “günü” sözündən
sonra “, elektron vizanın
sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə isə ən geci 3
saat” sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 101-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 iyun 2020-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
677) ilə
7-1.6-cı
maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Elektron vizanın verilməsi ilə
bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın
sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə isə ən geci 3
saat müddətində baxılır,
imtina üçün əsas olmadıqda viza
rəsmiləşdirilərək müraciət etmiş
şəxsin elektron poçt ünvanına göndərilir.
[13] 13 iyun 2017-ci il tarixli 717-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,¹ 7, maddə
1276) ilə 9-cu maddəsinə yeni məzmunda 10-cu hissə
əlavə edilmişdir.