“Yeyinti məhsullarına
verilən qida təhlükəsizliyi sertifikatının
forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 23
fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi
sertifikatının forması və verilmə Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri,
16 iyul 2018-ci il
¹ 302
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli
qərarı ilə təsdiq
edilmişdir. |
Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi
sertifikatının forması və verilmə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinin dördüncü
hissəsinə əsasən hazırlanmışdır və
yeyinti məhsullarına verilən qida təhlükəsizliyi
sertifikatının formasını və verilmə
qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.2.1. yeyinti məhsulları
- ərzaq xammalı, qida məhsulları və əlavələri
(inqrediyentlər), tamlı mallar qrupuna aid edilən məhsullar;
1.2.2. qida
təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının
minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin
qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktlarla müəyyən olunmuş tələblərə
uyğunluğunu müəyyən etmək məqsədilə
verilən sənəd;[1]
1.2.3. yeyinti məhsullarının
təhlükəsizliyi - qida məhsullarının insan həyatı
və sağlamlığı üçün təhlükəli
olmamasına zəmanət verən ekoloji, sanitariya,
baytarlıq və fitosanitar norma, qayda və tələblərə
uyğunluğu;
1.2.4. qida
(yeyinti) məhsulları sahəsində fəaliyyət
göstərən subyektlər - qida zəncirinin
bütün mərhələlərində fəaliyyəti həyata
keçirən təsərrüfat subyektləri, həmçinin
dövlət orqanları (qurumları), bələdiyyələr.
2. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi
sertifikatının forması və verilmə qaydası
2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları
qanunvericiliyə əsasən tanınmış və ya bu
Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan
sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi
sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır.
2.2. Forması bu Qaydaların əlavəsində
göstərilən sertifikat “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən
aparılmış ekspertizanın nəticələrinə əsasən
idxal olunan yeyinti məhsullarına verilir.
2.3. İdxal olunan
yeyinti məhsulunun istehsalçısı olan subyektlər
”Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinin tələblərinə uyğun
olaraq qida təhlükəsizliyi qeydiyyatından keçdiyi
halda həmin istehsalçının məhsullarına
sertifikat tələb edilmir.
2.4. Xarici ölkələrə ixrac edilən qida məhsullarına
idxalçı ölkələr tələb etdiyi hallarda
Agentlik tərəfindən idxalçı ölkələrin
tələbləri də nəzərə alınmaqla
sertifikat verilir.
2.5. Sertifikatın
alınması üçün “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə
uyğun olaraq ərizə ilə Agentliyə müraciət
olunmalıdır.
2.6. Ərizədə “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi
ilə müəyyən edilmiş məlumatlar göstərilir.
2.7. Ərizəyə
aşağıdakı sənədlər əlavə
olunmalıdır:
2.7.1. “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə
tutulmuş sənədlər;
2.7.2. idxal üçün yeyinti məhsulunun mənşə
ölkəsini təsdiq edən sertifikat, alqı-satqı
müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi,
idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys),
onun növündən asılı olaraq ixracatçı
ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən
verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq
edən sənəd;
2.7.3. ixrac üçün alqı-satqı müqaviləsi,
ixrac olunan yeyinti məhsulunun növündən asılı
olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, yeyinti məhsullarının
ixracı ilə bağlı idxalçı ölkələrin,
o cümlədən Avropa İttifaqının bu sahədə
tələblərini əks etdirən sənədlər.
2.8. Bu Qaydaların 2.7.1-ci yarımbəndində
nəzərdə tutulmuş sənədlər
barədə məlumatları Agentlik “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə
etdiyi halda həmin sənədlərin surətlərinin ərizəyə
əlavə edilməsi tələb olunmur.
2.9. Yeyinti məhsulları
sertifikatlaşdırılarkən təhlükəsizlik
göstəricilərinin müəyyən edilməsi məqsədi
ilə Agentlik tərəfindən ekspertizadan keçirilir.
2.10. Yeyinti məhsullarının
ekspertizası yeddi iş günü
müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin
vəsaiti hesabına həyata keçirilir.
2.11. Ekspertizanın keçirilməsi
üçün Agentliyin mütəxəssisləri tərəfindən
sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr
götürülür və “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş
laboratoriyalarda onların sınağı (tədqiqi)
aparılır.
2.12.
Yeyinti məhsullarından götürülmüş nümunələr
“Yeyinti
məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun
7-ci maddəsinə uyğun olaraq
ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə
uyğunluğunun müəyyən edilməsi məqsədi
ilə ekspertizadan keçirilir.
2.13. Müxtəlif
yeyinti məhsullarının eyni ad altında və ya eyni
yeyinti məhsullarının bir neçə ad altında,
yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr
və ya genetik modifikasiya olunmuş bitkilərin genetik
materialları olan yeyinti məhsullarına və bioloji fəallığa
malik qida əlavələrinə sertifikat verilmir.
2.14. Sertifikatın verilməsi və sertifikatın verilməsi üçün
dövlət rüsumunun ödənilməsi “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata
keçirilir.
2.15. Sertifikatın alınmasına görə dövlət
rüsumu subyektlər tərəfindən yalnız bank,
poçt, plastik kart, elektron ödəmə sistemləri və
ya internet vasitəsilə ödənilməlidir.
2.16. Sertifikatın müddəti, dublikatının
verilməsi, onun yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpa edilməsi və ləğvi
qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
2.17. Sertifikat xüsusi blanklarda Azərbaycan
Respublikasının dövlət dilində və ingilis dilində
tərtib edilir və mühafizə olunur. Sertifikat
sertifikatı verən orqanın rəhbəri və ya onun həvalə
etdiyi vəzifəli şəxs tərəfindən
imzalanır və imza həmin orqanın möhürü ilə
təsdiqlənir.
2.18. Sertifikat Agentliyin sifarişinə əsasən
onun vəsaiti hesabına mətbəə üsulu ilə
hazırlanır.
2.19. Sertifikatın doldurulması elektron (lazer)
texnikası vasitəsilə həyata keçirilir və
onların uçotu Agentlik tərəfindən müəyyən
edilən “Qida təhlükəsizliyi sertifikatları
kitabı”nda aparılır. “Qida təhlükəsizliyi
sertifikatları kitabı” qaytanlanır, səhifələri
ardıcıl olaraq nömrələnir və Agentliyin
möhürü ilə möhürlənir.
2.20. Sertifikatın sahibi ona verilən
sertifikatdan yalnız özü istifadə edə bilər.
2.21. Sertifikatın verilməsindən
aşağıdakı hallarda imtina edilir:
2.21.1. “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi
ilə müəyyən edilmiş hallarda;
2. 21.2. müxtəlif yeyinti məhsulları eyni ad
altında və ya eyni yeyinti məhsulları bir neçə
ad altında olduqda;
2.21.3. yeyinti məhsulları təhlükəsizlik və
minimum keyfiyyət göstəricilərinə uyğun
olmadıqda.
2.22. Sertifikatın verilməsindən imtina edildikdə,
Agentlik ərizənin qeydiyyata alındığı tarixdən
7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın
verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin
inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş
günü müddətində subyektə (ərizəçiyə)
təqdim edilir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
30 dekabr 2019-cu il tarixli 521
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2101)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2019-cu
il tarixli 521
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
31 dekabr 2019-cu il, ¹ 293, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹12, maddə 2101) ilə “Yeyinti
məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının
forması və verilmə Qaydaları”nın 1.2.2-ci və
1.2.4-cü yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi
1.2.2. qida təhlükəsizliyi
sertifikatı - yeyinti məhsullarının keyfiyyət və
təhlükəsizlik göstəricilərinin müvafiq standartda,
texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən
olunmuş tələblərə uyğunluğunu müəyyən
etmək məqsədi ilə verilən sənəd;
1.2.4. qida (yeyinti) məhsulları
sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində
fəaliyyəti həyata keçirən dövlət
orqanları (qurumları), bələdiyyələr, hüquqi
və fiziki şəxslər.