![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
30.01.2018 |
Qeydiyyat nömrəsi |
100/01/004 |
Adı |
“Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
09.02.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
360.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201801301004 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
08.02.2018 |
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərini rəhbər tutaraq
QƏRARA ALIR:
1. “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Qərar aidiyyəti üzrə göndərilsin
Kollegiyanın sədri Aydın Əliyev
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 100/01/004 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:
Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət hüquqi və fiziki şəxslər tərəfindən gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin elektron formada həyata keçirilməsini təmin edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224-249-cu maddələri;
1.3.2. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanının 3.1-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.13-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları:
Bu xidmət Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş Portalı (HÖP)” ilə birgə həyata keçirilir.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Şəxslər gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı gömrük ödənişlərini elektron qaydada internet vasitəsi ilə həyata keçirirlər. Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq Xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada Komitəyə məlumat ötürülür
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:
29 dekabr 2014-cü il tarixli “Hökumət ödəniş portalı ilə əməliyyatların aparılmasına dair kollektiv Saziş”in 4 saylı əlavəsinə uyğun olaraq kart sahibindən aparılmış hər bir əməliyyata görə minimal 0.40 manat, maksimal 15 manat olmaqla ödənilən məbləğin 0.15%-i miqdarında avtomatik rejimdə müvafiq bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.
2.3. Elektron xidmətin istifadəçiləri:
Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.e-gov.az
2.4.2. http://dgk.gov.az/az/e-xidnew.html
2.4.3. https://gpp.az/az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. elektron ünvan: http://www.customs.gov.az, www.dxr.az
2.5.2. Elektron poçt: office@ customs.gov.az
2.5.3. Telefon: (+99412) 404-22-00
2.5.4. Çağrı Mərkəzi: “195(6)”
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:
2.6.1.1. Ödənişin xarakterinə uyğun olaraq şəxsin VÖEN-i (GÖÖEN-i), gömrük bəyannaməsinin sorğu nömrəsi, cərimə üzrə qərarın nömrəsi və ya nəqliyyatın qeydiyyat kodu.
2.6.1.2. Ödəniş kartının məlumatları (nömrəsi, qüvvədə olma tarixi, mühafizə kodu, növü).
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Xidmət istifadəçilər üçün daim açıqdır.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanına daxil olaraq gömrük əməliyyatlarına və ya gömrük proseduruna görə ödənişlərin həyata keçirilməsi xidmətini seçir və açılan pəncərədə ödənişin xarakterinə uyğun olaraq şəxsin VÖEN-i (GÖÖEN-i), gömrük bəyannaməsinin sorğu nömrəsi, cərimə üzrə qərarın nömrəsi, nəqliyyatın qeydiyyat kodu qrafalarından birini doldurur, təhlükəsizlik kodunu daxil edir və “Axtar” düyməsini sıxır.
Açılan növbəti səhifədə ekrana şəxsin gömrük əməliyyatları və ya gömrük proseduru üzrə həmin tarixə olan borcu barədə məlumat çıxır. Şəxs ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq “Ödəniş” və ya “Tam ödəniş” düymələrindən birini sıxır, açılan yeni pəncərədə ödəniş kartının məlumatlarını (nömrəsi, qüvvədə olma tarixi, mühafizə kodu, növü) müvafiq xanalara daxil edir və əməliyyatı təsdiqləmək üçün “Təsdiq” düyməsi sıxır.
Daxil edilmiş məlumatlarda kənarlaşma olmadıqda “Ödəniş müvəffəqiyyətlə başa çatdı” xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi, ödəniş üzrə məlumatları və ya ödəmə kartının rekvizitlərini daxil etmədikdə və ya səhv daxil etdikdə sorğu qəbul olunmur. Şəxsin hesabında ödəniş üçün kifayət qədər vəsait olmadıqda sistem tərəfindən bu barədə ödəyiciyə müvafiq xəbərdarlıq edilir və sorğu yerinə yetirilmir. Sorğunun yerinə yetirilməsindən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən ödəniş üzrə məlumatlar və ödəmə kartının rekvizitləri düzgün daxil edildikdə sorğu qəbul olunur və şəxsin hesabında ödəniş üçün kifayət qədər vəsait olduqda ödəniş həyata keçirilir.
3.4. Sorğunun icrası:
Xidmət tam avtomatlaşdırıldığından heç bir inzibati əməliyyat mövcud deyil.
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Elektron xidmətin göstərilməsinə Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:
Yoxdur.
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası:
Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq Xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada Komitəyə məlumat ötürülür
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması
Xidmətin yerinə yetirilməsinə nəzarət Komitənin informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.
3.5.2. Nəzarət qaydası.
Elektron xidmətin göstərilməsinə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.