Azərbaycan Respublikası
adından
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin
şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Mahir Muradov (məruzəçi-hakim),
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri
Azərbaycan Respublikası Baş Prokurorluğunun
Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin rəisi, III dərəcəli dövlət
ədliyyə müşaviri İlqar Cəfərovun,
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi
prokurorluqlarda istintaqa nəzarət şöbəsinin
prokuroru, ədliyyə mayoru Fərəc Sayılovun və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının
sektor müdiri Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət
hüququ və kriminologiya kafedrasının professoru, hüquq
elmləri doktoru Şəhla Səmədovanın,
mütəxəssislər Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun və
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq
məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 333.1 və
333.3-cü maddələrinin şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim M.Muradovun məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini dinləyib,
iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) sorğu verərək, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət
Məcəlləsi) 333.1 və 333.3-cü maddələrində
nəzərdə tutulan cinayətlərin subyektlərinin
müvafiq olaraq hərbi hissəni və ya xidmət yerini ilk
dəfə üç gündən az müddətə və
ilk dəfə on gündən az müddətə tərk
etmələri, habelə üzrlü səbəblər olmadan
öz xidmət yerlərinə vaxtında qayıtmamaları
faktları üzrə cinayət işinin
başlanmasının rədd edildiyi və həmin
şəxslər tərəfindən altı ay və bir il
ərzində təkrarən eyni əməllər
törədildiyi halda, onların Cinayət
Məcəlləsinin 333.1 və 333.3-cü maddələri
ilə cinayət məsuliyyətinə cəlb edilməsinin
mümkünlüyünün şərh olunmasını
xahiş etmişdir.
Sorğuda göstərilir ki, təkrarlığın
tövsifedici əlamət kimi nəzərdə tutulduğu
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
müvafiq maddələrinin tətbiqi ilə bağlı vahid
istintaq və məhkəmə təcrübəsi olsa da,
əməlin təkrar törədilməsinin cinayət
tərkibinin əlaməti kimi müəyyən edildiyi
maddələrdə nəzərdə tutulan əmələ
cinayət-hüquqi qiymət verilməsi ilə bağlı
məhkəmə təcrübəsində ziddiyyətlər
mövcuddur. Belə ki, bir sıra hallarda ibtidai
araşdırma zamanı çağırış
üzrə hərbi xidmətdə olan hərbi
qulluqçuların hərbi hissəni və ya xidmət
yerlərini özbaşına tərk etmələri və ya
üzrlü səbəblər olmadan öz xidmət yerinə
vaxtında gəlmədikləri faktı təsdiq olunsa da,
onların həmin hərəkətləri ilk dəfə
üç gündən az müddətə
törətdikləri müəyyən edilir. Bu zaman ibtidai
araşdırma orqanları tərəfindən həmin
şəxslərin əməllərində cinayət
tərkibi olmadığı üçün barələrində
cinayət işinin başlanılması rədd edilir. Sonradan
altı ay ərzində həmin şəxslər təkrar
öz hərbi hissələrini və ya xidmət yerlərini
özbaşına tərk etdikləri, yaxud üzrlü
səbəblər olmadan öz xidmət yerlərinə
vaxtında gəlmədikləri halda onlar barəsində olan
cinayət işinin başlanmasının rədd edilməsi
haqqında qərarlar ləğv edilir, əməlləri
Cinayət Məcəlləsinin 333.1-ci maddəsində
nəzərdə tutulan cinayət tərkibini
yaratdığına görə onlara həmin maddə ilə
ittiham elan olunur. Eyni qayda həmin Məcəllənin
333.3-cü maddəsində nəzərdə tutulan
əməli törədən şəxslər
barəsində də tətbiq edilir.
Sorğuda, eyni zamanda, qeyd edilir ki, göstərilən
əməllərin ilk dəfə törədilməsinə
görə cinayət işinin başlanmasının rədd
edilməsi haqqında qərarların ləğv edilməsi
təcrübəsi həmin qərarların
preyudisiallığını müəyyən edən
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəlləsi) 39.1.7 və 65.1-ci maddələrinin
tələblərindən irəli gəlir. Lakin bəzi
hallarda işə baxan məhkəmələr ibtidai istintaq
orqanlarının qeyd edilən mövqeyi ilə
razılaşmır.
Sorğuverənin fikrincə, cinayət işinin
başlanmasının rədd edilməsindən sonra təkrar
eyni əməllərin törədilməsi halında
onların əməllərinə hüquqi qiymət
verilməsi ilə bağlı vahid məhkəmə
təcrübəsinin olmaması Cinayət
Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin
tətbiqi sahəsində ziddiyyətlər yaradır.
Sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakıların qeyd olunmasını
zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) Preambulasında Azərbaycan xalqının
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini
və ərazi bütövlüyünü qorumaq niyyəti
bəyan edilmişdir. Bu niyyətin həyata
keçirilməsi məqsədilə dövlət
vətəndaşlara münasibətdə vəzifələr
müəyyən etmişdir.
Konstitusiyanın IV fəslində nəzərdə
tutulan vətəndaşların əsas
vəzifələrindən biri də vətəni
müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin I
hissəsinə görə, vətəni müdafiə hər
bir vətəndaşın borcudur. Qanunla müəyyən
edilmiş qaydada vətəndaşlar hərbi xidmət
keçirlər.
Hərbi xidmət keçmənin qaydaları
“Hərbi vəzifə və hərbi xidmət haqqında”
və “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikasının Qanunları, “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi və digər qanunvericilik aktları ilə
müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan
Respublikasının qanunlarında və hərbi
nizamnamələrdə müəyyən olunmuş hərbi
intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi
riayət olunmaması cinayət qanunu ilə mühafizə
olunan ictimai münasibətlərin pozulması ilə
nəticələnir. Bu kateqoriyadan olan cinayətin obyekti
qanunvericiliklə müəyyən edilən hərbi xidmət
keçmə qaydalarıdır.
Hərbi xidmət əleyhinə olan cinayətlər
sırasında Cinayət Məcəlləsinin 333-cü
maddəsində müəyyən olunmuş hərbi
hissəni və ya xidmət yerini özbaşına tərk
etmə cinayətləri xüsusi yer tutur.
Cinayət Məcəlləsinin 333.1-ci maddəsinə
əsasən, çağırış üzrə hərbi
xidmətdə olan hərbi qulluqçunun öz hərbi
hissəsini və ya xidmət yerini özbaşına tərk
etməsi və ya üzrlü səbəblər olmadan öz
xidmət yerinə vaxtında gəlməməsi üç
gündən artıq, lakin on gündən çox
olmadıqda və ya üç gündən az olsa belə,
eyni əməllər altı ay ərzində təkrar
törədildikdə bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Həmin Məcəllənin 333.3-cü
maddəsinə görə, zabit heyətindən olan
şəxsin, gizirin, miçmanın, müddətdən
artıq hərbi xidmətdə olan hərbi qulluqçunun
və ya kontrakt üzrə xidmət edən şəxsin
hissəni və ya xidmət yerini özbaşına tərk etməsi,
habelə üzrlü səbəblər olmadan xidmət
yerinə vaxtında qayıtmaması on gündən artıq,
lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində
təkrarən on gündən az, lakin üç
gündən çox olduqda iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd etmək lazımdır ki, Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən Cinayət
Məcəlləsinin 333-cü maddəsinin şərhi
ilə bağlı iki qərar qəbul edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi
qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin
və 3-cü maddəsinin, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 333-cü maddəsinin
şərh edilməsinə dair” 26 oktyabr 2001-ci il tarixli
Qərarında göstərilmişdir ki, “Hərbi
qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin
birinci hissəsində göstərilən şəxslər
öz hərbi hissəsini və ya xidmət yerini
özbaşına tərk etməsinə və ya üzrlü
səbəblər olmadan öz xidmət yerinə vaxtında
gəlməməsinə görə Cinayət Məcəlləsinin
333-cü maddəsi ilə cinayət məsuliyyəti
daşıyırlar.
Özbaşına tərk etmə dedikdə, komandirin
(rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi
hissənin ərazisini və ya xidmət yerini buraxıb
getməsi başa düşülür. Vaxtında
gəlməmə isə hərbi hissənin ərazisindən
və ya xidmət yerindən qanuni əsasla
buraxılmış hərbi qulluqçunun hərbi
hissəyə, yaxud xidmət yerinə üzrlü
səbəblər olmadan müəyyən edilmiş
müddətdə gəlməməsindən ibarətdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 333.1-ci
maddəsinin şərh edilməsinə dair” 18 iyul 2005-ci il
tarixli Qərarında qeyd olunmuşdur ki, hərbi hissəni
özbaşına tərk etmənin əvvəli hərbi
qulluqçunun hərbi hissəni və ya xidmət yerini
tərk etdiyi andan, xidmət yerinə vaxtında
gəlməmənin əvvəli isə qayıtma müddətinin
bitdiyi andan hesablanır. Həmin cinayət hərbi
qulluqçunun hərbi hissəyə və ya xidmət
yerinə gəldiyi, yaxud onun tutulub saxlanıldığı
andan bitmiş hesab olunur.
Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin
333.1 və 333.3-cü maddələrinin dispozisiyasında
əməlin müəyyən müddət ərzində
təkrar törədilməsi hərbi hissəni
özbaşına tərk etmə cinayətinin obyektiv cəhətinin
tərkib əlaməti kimi nəzərdə tutulmuşdur.
Belə ki, hərbi hissəni və ya xidmət yerini
özbaşına tərk etməyə görə Cinayət
Məcəlləsinin 333.1-ci maddəsi ilə cinayət
məsuliyyəti o zaman yaranır ki, hərbi hissəni və
ya xidmət yerini özbaşına tərk etmə və ya
üzrlü səbəblər olmadan öz xidmət yerinə
vaxtında gəlməmə müddəti üç
gündən artıq, lakin on gündən çox olmasın,
yaxud üç gündən az olsa da, eyni əməllər
altı ay ərzində təkrar törədilmiş olsun.
Bu Məcəllənin 333.3-cü maddəsində
nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti
hissəni və ya xidmət yerini özbaşına tərk
etmənin və ya üzrlü səbəblər olmadan öz
xidmət yerinə vaxtında qayıtmamanın on gündən
bir ayadək müddətdə davam etməsindən, yaxud
üç gündən on günədək
müddətdə, lakin bir il ərzində təkrar
törədilməsindən ibarətdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
sorğuda qaldırılan məsələnin düzgün
həll edilməsi məqsədilə cinayətlərin
təkrar törədilməsi anlayışına bir daha
nəzər yetirilməsi vacibdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci
maddələrinin şərh edilməsinə dair” 18 mart
2013-cü il tarixli Qərarında göstərilmişdir ki,
hüquq nəzəriyyəsində “təkrarlıq” termini
geniş və dar mənalarda istifadə olunur. Geniş
mənada təkrarlıq, cinayətin əvvəllər
hər hansı cinayət törətmiş şəxs
tərəfindən törədilməsi deməkdir. Belə
təkrarlıq həm də ümumi təkrarlıq adlanır.
Təkrarlığın bu cür geniş anlayışı
özündə həmcins və müxtəlif
növlərdən olan bir neçə cinayətin
törədilməsini əks etdirən “cinayətlərin
çoxluğu” terminində ifadə olunur.
Qanunvericiliyin tələblərinə müvafiq olaraq,
çoxluğu təşkil edən bütün
cinayətlər eyni şəxs tərəfindən
törədilməlidir və təqsirləndirilən
şəxsin cinayətlərdə hansı rolu
(icraçı, təşkilatçı, təhrikçi
və ya köməkçi) yerinə yetirməsi heç bir
məna kəsb etmir. Əgər şəxs törətdiyi
əmələ görə cinayət məsuliyyətindən
azad olunubsa və ya törətdiyi hərəkətlərə
görə məhkumluğu ödənilibsə, habelə
cinayət məsuliyyətinə cəlb olunma müddəti
başa çatıbsa, çoxluğun müəyyən
edilməsi zamanı bu əməllər nəzərə
alınmır.
Beləliklə, cinayətlərin çoxluğu
dedikdə, təqsirli şəxs tərəfindən
cinayət məsuliyyətinə səbəb olan
ardıcıl əməllərin törədilməsi və
ya əvvəllər törədilmiş
hərəkətlərə görə cinayət
məsuliyyətinə cəlb olunması ilə bağlı
məhdudiyyət müddəti ərzində yeni
cinayətlərin törədilməsi halları başa
düşülür.
Cinayət qanunvericiliyində cinayətlərin
çoxluğu termininin adı çəkilməsə
də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci
maddələrində cinayətlərin çoxluğuna aid
olan cinayətlərin təkrar törədilməsi,
cinayətlərin məcmusu, cinayətlərin residivi və
onun növləri ilə bağlı olan
məsələlər tənzimlənir.
Təkrarlıq institutu cinayətlərin
çoxluğunun ən mürəkkəb formasıdır
və Cinayət Məcəlləsində dar mənada
istifadə olunur.
Həmin Məcəllənin 16-cı maddəsində
təkrarlığın iki müstəqil növü
müəyyən olunmuşdur:
- Məcəllənin eyni bir maddəsi ilə
nəzərdə tutulmuş cinayətin iki və ya iki
dəfədən çox törədilməsi (Cinayət
Məcəlləsinin 16.1-ci maddəsi);
- Məcəllənin Xüsusi hissəsində
birbaşa göstərilən hallarda həmin Məcəllənin
müxtəlif maddələri ilə nəzərdə
tutulmuş iki və ya daha çox cinayətin
törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci
maddəsi).
Həmçinin Cinayət Məcəlləsinin 61-ci
maddəsində cinayətlərin təkrar
törədilməsi cəzanı ağırlaşdıran
hallara aid edilir.
Yuxarıda göstərilənlərdən belə
nəticəyə gəlmək olar ki, təkrarlıq
yalnız o hallarda yaranır ki, əməllərin hər
birində müstəqil cinayətin tərkib
əlamətləri olsun, yəni ayrılıqda
götürülmüş hər bir əməldə
cinayət tərkibi olmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun
formalaşdırdığı hüquqi mövqeyə
görə, hərbi qulluqçunun üç
günədək müddətdə hərbi hissəni və
ya xidmət yerini özbaşına tərk etməsi, yaxud
üzrlü səbəblər olmadan öz xidmət yerinə
vaxtında gəlməməsi cinayət sayılmır və
yalnız intizam məsuliyyəti yaradır (“Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 333.1-ci
maddəsinin şərh edilməsinə dair” 18 iyul 2005-ci il
tarixli Qərar).
Beləliklə, qanunverici tərəfindən
Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü
maddələrində nəzərdə tutulan
əməllərin təkrar törədilməsi cinayət
tərkibini yaradan kriminallaşdırıcı əlamət
kimi müəyyən edilib və belə
təkrarlığın Cinayət Məcəlləsinin 16
və 61-ci maddələrində nəzərdə tutulmuş
cinayətlərin təkrar törədilməsi və
cəzanı ağırlaşdıran hal kimi qəbul
edilməsi ilə heç bir əlaqəsi yoxdur.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət
Məcəlləsinin 333-cü maddəsinin şərhi
ilə bağlı əvvəlki qərarlarında
formalaşdırdığı hüquqi mövqeyə
uyğun olaraq aşağıdakıları qeyd edir.
Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü
maddələrinin dispozisiyasında göstərilən
hərəkəti (hərəkətsizliyi) hərbi
qulluqçunun ilk dəfə etməsi onun barəsində
aparılan ibtidai araşdırmanın cinayət işinin
başlanmasının rədd edilməsi və ya onun bu
hərəkətinə (hərəkətsizliyinə)
görə intizam tənbehi alması ilə
nəticələnməsinə baxmayaraq, ikinci dəfə
müvafiq olaraq altı ay və bir il ərzində eyni
əməlləri təkrar törətməsi cinayət
məsuliyyətinə səbəb olacaqdır.
Yalnız cinayət qanunvericiliyində
nəzərdə tutulmuş hallarda intizam və inzibati
xətaların təkrar törədilməsi cinayət hesab
edilir.
Xətanın çərçivəsini qanunverici
müəyyən edir və qanunverici hansı növ
xətanın təkrar törədilməsinin dövlət
mənafelərinə hansı dərəcədə
zərər vurması ehtimalının reallığından
çıxış edərək onun cinayət hesab
olunmasını israr edir.
Beləliklə, qanunverici hərbi hissələrin
döyüş qabiliyyətinin yüksək hərbi intizamla
bağlı olduğunu nəzərə alaraq, Cinayət
Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində
nəzərdə tutulmuş müddətlərdə
göstərilən əməllərin təkrar
törədilməsini cinayət hesab etmişdir.
Cinayət Məcəlləsinin Xüsusi
hissəsində nəzərdə tutulan əməllərin
törədilməsinə görə cinayət işinin
başlanması və cinayət işinin
başlanmasının rədd edilməsi qaydaları
cinayət-prosessual qanunvericiliyinə uyğun həyata
keçirilir.
Cinayət-Prosessual Məcəlləsinin 46.3-cü
maddəsinə görə, cinayət işinin
başlanması üçün əsas cinayətin
əlamətlərinə işarə edən kifayət
qədər dəlillərin olmasıdır. Cinayətin
əlamətlərini əks etdirən əməlin
törədilməsini və cinayət təqibini istisna
edən halların olmadığını güman
etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri
daxilində fəaliyyət göstərən
təhqiqatçı, müstəntiq və ya prokuror
dərhal cinayət işi başlamalıdır.
Həmin Məcəllənin 212-ci maddəsinə
uyğun olaraq, cinayət işinin başlanması
üçün səbəblərin qanunsuz olduğu və ya
əsasın olmadığı halda təhqiqatçı,
müstəntiq və ya ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror cinayət
işinin başlanmasının rədd edilməsi haqqında
qərar çıxarır. Təhqiqatçının,
müstəntiqin və ya ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun cinayət
işinin başlanmasının rədd edilməsi haqqında
qərarından müvafiq olaraq ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora,
yuxarı prokurora, yaxud məhkəməyə şikayət
verilə bilər. Cinayət işinin başlanmasının
rədd edilməsi haqqında qərardan verilmiş
şikayət üzrə ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror və ya
yuxarı prokuror göstərilən qərarı ləğv
edir, 10 (on) gündən artıq olmayan müddətdə
əlavə yoxlama keçirilməklə və yaxud
keçirilməməklə cinayət işinin başlanması
haqqında qərar qəbul edir və onu ibtidai istintaqın
aparılması üçün müstəntiqə
göndərir, yaxud cinayət işinin başlanmasının
rədd edilməsi haqqında çıxarılmış
qərarı dəyişdirilmədən saxlayır.
Göstərilən cinayətlər üzrə ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror və ya yuxarı prokurorun cinayət
işinin başlanmasının rədd edilməsi haqqında
qərarı ləğv etmək hüququnun olması ilə
bağlı sorğuverənin qənaətinə
gəldikdə isə qeyd etmək lazımdır ki,
cinayət-prosessual qanunvericiliyi ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora
və ya yuxarı prokurora yalnız qanunsuz və əsassız
qərarları ləğv etmək hüququ vermişdir.
Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 84 və
85-ci maddələrində prokuror və müstəntiqin
hüquq və vəzifələri sadalanmışdır.
Həmin Məcəllənin 84.5.8-ci maddəsinə
görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror təhqiqatçının
və ya müstəntiqin qanunsuz və əsassız
qərarlarını ləğv etmək hüququna malikdir.
Əgər prokuror cinayət işinin başlanmasının
rədd edilməsi haqqında qərarı qanunsuz və
əsassız hesab edirsə, həmin qərarı ləğv
edir və 10 gün müddətində cinayət işinin
başlanması haqqında qərar qəbul edir.
Sorğuverən Cinayət Məcəlləsinin
333-cü maddəsində nəzərdə tutulan cinayət faktları
üzrə cinayət işinin başlanmasının rədd
edilməsi barədə qərarın ləğv edilməsi
təcrübəsinin mövcudluğunu Cinayət-Prosessual
Məcəlləsinin 39.1.7-ci maddəsi ilə
əlaqələndirmişdir. Həmin maddəyə
görə, şəxs barəsində eyni ittiham üzrə
təhqiqatçının, müstəntiqin və ya
prokurorun cinayət işi başlanmasının rədd
edilməsi və ya ona xitam verilməsi haqqında ləğv
edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla
bilməz, başlanmış cinayət təqibinə isə
xitam verilməlidir (o cümlədən cinayət işi
başlana bilməz, başlanılmış cinayət işi
üzrə icraata isə xitam verilməlidir).
Bununla bağlı qeyd edilməlidir ki,
Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi
şəxs barəsində yenidən cinayət işi
başlanması üçün yalnız eyni ittiham
üzrə cinayət işinin başlanmasının rədd
edilməsi haqqında ləğv edilməmiş
qərarın mövcudluğunu istisna edir. Həmin
Məcəllənin 7.0.20-ci maddəsinə görə, ittiham
- bu Məcəllədə müəyyən olunmuş qaydada
şəxsin cinayət qanunu ilə nəzərdə
tutulmuş konkret əməli törətməsinin israr
edilməsidir.
Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü
maddəsində nəzərdə tutulan ilk dəfə və
təkrar törədilən cinayətlər isə
müxtəlif vaxtlarda törədilən konkret
hüquqpozmanı nəzərdə tutur, cinayətin obyektiv
cəhətinə görə həmin əməllər
bir-birindən fərqlənir. Əgər şəxs
tərəfindən törədilən əməldə
cinayət tərkibi olmadığına görə (hərbi
hissədən yayınma üç gündən azdırsa
və s.) cinayət işinin başlanması rədd
edilmişdirsə, yenidən həmin əməlin
törədilməsinə görə cinayət işinin
başlanması üçün əvvəlki iş
üzrə cinayət işinin başlanmasının rədd
edilməsi haqqında qərarın ləğv edilməsi
zərurəti yoxdur. Belə ki, Cinayət-Prosessual
Məcəlləsinin 65.1-ci maddəsi də müəyyən
edir ki, cinayət prosesini həyata keçirən orqanın
ləğv edilməmiş qərarı həmin
məsələ üzrə yeni qərar
çıxarılmasına yol vermir. Artıq qeyd olunduğu
kimi, əməlin ilk dəfə törədilməsi ilə
həmin əməlin təkrar törədilməsi eyni
məsələ hesab edilə bilməz.
Beləliklə, ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror
müstəntiq və ya təhqiqatçı
tərəfindən qəbul edilən hər bir qərarın
qanuniliyini yoxlayır və onların qanunsuz və ya
əsassız olduğunu aşkar etdikdə, belə
qərarı ləğv edir. Bu cür yoxlamaları prokuror
həm öz təşəbbüsü ilə, həm də
müstəntiq və ya təhqiqatçının qərar
və ya hərəkətlərindən verilmiş
şikayət üzrə həyata keçirir.
Qanunvericilikdə qanuni və ya əsaslı qərarların
ləğv edilməsi halı nəzərdə
tutulmamışdır.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin
333.1 və 333.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər ilk dəfə müvafiq olaraq
üç və on gündən az müddətə
törədildiyindən cinayət tərkibinin olmamasına
görə cinayət işinin başlanmasının rədd
edilməsi haqqında qərarın mövcudluğu həmin
əməlin təkrar törədilməsinə görə
cinayət işinin başlanmasına və şəxsin
cinayət məsuliyyətinə cəlb edilməsinə mane
olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror Cinayət-Prosessual Məcəlləsinin
84.5.8-ci maddəsinə uyğun olaraq
təhqiqatçının və ya müstəntiqin
yalnız qanunsuz və əsassız qərarlarını
ləğv etmək hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67
və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 333.1 və 333.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər ilk dəfə müvafiq olaraq üç və
on gündən az müddətə törədildiyindən
cinayət tərkibinin olmamasına görə cinayət
işinin başlanmasının rədd edilməsi haqqında
qərarın mövcudluğu həmin əməlin təkrar
törədilməsinə görə cinayət işinin
başlanmasına və şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsinə mane olmur.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci
maddəsinə uyğun olaraq təhqiqatçının
və ya müstəntiqin yalnız qanunsuz və əsassız
qərarlarını ləğv etmək hüququna malikdir.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr:
Fərhad Abdullayev
Bakı
şəhəri, 2 iyun 2017-ci il.