Azərbaycan Respublikası
adından
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci
maddəsinin şərh edilməsinə dair
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov
(məruzəçi-hakim) və Kamran Şəfiyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə
katibi Elməddin Hüseynovun,
maraqlı
subyektlərin nümayəndələri Bakı Apellyasiya
Məhkəməsinin hakimləri Cahangir Yusifov və Vidadi
Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İnzibati və hərbi qanunvericilik
şöbəsinin məsləhətçisi Kəmalə
Qəmərlinin,
ekspert Bakı
Dövlət Universitetinin Konstitusiya hüququ
kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru Sübhan Əliyevin,
mütəxəssislər
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
İlqar Hüseynovun, Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və
təmsilçilik şöbəsinin rəisi, ədliyyə
polkovniki Rövşən Rəsulzadənin iştirakı
ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı
üzrə açıq məhkəmə iclasında Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci
maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında konstitusiya
işinə baxdı.
İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı
subyektlərin nümayəndələrinin və
mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini
dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı Apellyasiya
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan
sonra – İnzibati Prosessual Məcəllə) 81-ci
maddəsində nəzərdə tutulan apellyasiya
şikayəti vermək hüququnun işdə iştirak etməyə
cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslərə münasibətdə həmin
Məcəllənin 81.2-ci maddəsinin tələbləri
baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə
göstərilir ki, iddiaçılar S.Hüseynova və
qeyriləri Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
Bakı şəhər Ərazi İdarəsinə
qarşı iddia ərizəsi ilə 2 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə müraciət
edərək alqı-satqı müqaviləsi əsasında
əldə etdikləri daşınmaz əmlaka, o
cümlədən torpaq sahələrinə texniki pasportun
və reyestrdən çıxarışın verilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması
barədə qərar qəbul edilməsini xahiş
etmişlər. Məhkəmənin 1 may 2012-ci il tarixli
qərarı ilə iddia təmin edilmişdir.
Həmin qərar
qanuni qüvvəyə mindikdən sonra işdə iştirak
etməyə cəlb edilməyən Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi (bundan sonra –
Müdafiə Nazirliyi) apellyasiya şikayəti ilə Bakı
Apellyasiya Məhkəməsinə müraciət edərək
birinci instansiya məhkəməsinin qərarının
ləğv edilməsini xahiş etmişdir.
Müdafiə
Nazirliyi apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, məhkəmə
qərarı əsasında iddiaçıların adına
dövlət qeydiyyatına alınan mübahisəli torpaq
sahəsində 1950-ci ildən Müdafiə Nazirliyinin
hərbi şəhərciyi yerləşir. Həmin torpaq
sahəsi Müdafiə Nazirliyinin “N” saylı hərbi
hissəsinə müddətsiz istifadəyə verilmişdir.
Birinci instansiya məhkəməsi işə baxarkən
ərazinin kimin istifadəsində olmasını
müəyyənləşdirməmiş və maraqlarına
toxunan Müdafiə Nazirliyini üçüncü
şəxs qismində işə cəlb etməmişdir.
Müraciətedənin
fikrincə, inzibati prosessual qanunvericilikdə işdə
iştirak etməyə cəlb olunmayan, məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslərin şikayət
vermək hüququ ilə bağlı birbaşa
müddəalar mövcud olmadığından, Müdafiə
Nazirliyinin apellyasiya şikayətinə mahiyyəti
üzrə baxılmasında prosessual çətinliklər
yaranmışdır.
Bakı Apellyasiya
Məhkəməsi hesab edir ki, işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin məhkəməyə
müraciət etmək hüququnun təmin olunması və
vahid məhkəmə təcrübəsinin
formalaşdırılması baxımından İnzibati
Prosessual Məcəllənin 81.2-ci maddəsinin şərh
edilməsinə zərurət yaranmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə
qaldırılan məsələ İnzibati Prosessual
Məcəllənin üçüncü şəxslərin
inzibati məhkəmə icraatına cəlb olunmasını
tənzimləyən 28-ci maddəsinin şərh edilməsi
yolu ilə həll edilə bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu, ilk növbədə,
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 60-cı maddəsindən irəli gələn
məhkəməyə müraciət etmək hüququ
ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib
hissəsi olan məhkəmə qərarlarının stabilliyi
prinsipinin əlaqəli şəkildə təhlil
olunmasını zəruri hesab edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə görə, hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada
və məhkəmədə müdafiəsinə təminat
verilir. Konstitusiyanın 71-ci maddəsinin VI və VII
hissələrinə əsasən, Azərbaycan Respublikası
ərazisində insan və vətəndaş hüquqları
və azadlıqları birbaşa qüvvədədir.
İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə əlaqədar
mübahisələri məhkəmələr həll edir.
Konstitusiyanın 125-ci maddəsinin I hissəsində
məhkəmə hakimiyyətinin ədalət
mühakiməsi yolu ilə yalnız məhkəmələr
tərəfindən həyata keçirilməsi təsbit
edilmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş
hüquq və azadlıqların səmərəli
müdafiəsinin vacibliyini dəfələrlə qeyd
edərək bildirmişdir ki, məhkəmə
müdafiəsi hüququ əsas insan və vətəndaş
hüquqları və azadlıqları sırasında olmaqla
yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq
və azadlıqların təminatı qismində də
çıxış edir. Sözügedən hüquq
yalnız məhkəməyə müraciətlə
məhdudlaşmır, habelə pozulmuş hüquqları
və azadlıqları səmərəli bərpa etmək
iqtidarında olan ədalət mühakiməsini də
nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının
hədləri barədə müddəalarının həmin
Məcəllənin 372.1 və 372.7-ci maddələrinin
tələbləri baxımından şərh
edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).
Bununla
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu
“Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 420-ci maddəsinin şərh
edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd
etmişdir ki, məhkəməyə müraciət etmək
hüququnun təmin edilməsi, öz növbəsində,
pozulmuş hüquq və azadlıqları qanunvericilikdə
nəzərdə tutulan hədlər
çərçivəsində səmərəli
müdafiə və bərpa edə bilən ədalət
mühakiməsinin həyata keçirilməsini şərtləndirir.
Ədalət mühakiməsi vasitəsilə insan hüquq
və azadlıqlarının təminatı sisteminin universal
xarakteri, həmçinin şəxsin qanunsuz və
əsassız məhkəmə qərarlarından
müdafiə olunması məqsədilə müvafiq
məhkəmələrə şikayət etmək
imkanlarını əhatə edir.
Konstitusiyada
nəzərdə tutulmuş təminatların yerinə
yetirilməsi baxımından ədalət mühakiməsinin
keyfiyyətcə səmərəli və ədalətli
həyata keçirilməsi, qanunvericilikdə hüquq və
vəzifələrin həcminin prosessual prosedur, qaydalar,
xüsusən də müddətlər
çərçivəsində
balanslaşdırılması zəruriliyini ortaya
çıxarır ki, bu da məhkəmə icraatı
zamanı məhkəmənin (hakimin), tərəflərin,
prosesin digər iştirakçılarının,
həmçinin maraqlı şəxslərin
qarşılaşa biləcəkləri hüquqi
qeyri-müəyyənliyin aradan qaldırılmasına
xidmət edən mühüm şərtlərdən biridir
(Konstitusiya Məhkəməsi Plenumunun
C.İsmayılzadənin şikayəti ilə əlaqədar
13 fevral 2007-ci il tarixli Qərarı).
Eyni zamanda, qeyd
olunmalıdır ki, şəxsin məhkəməyə
müraciət etmək hüququ məhkəmə prosesinin
bütün mərhələlərinə aiddir. Bu,
məhkəmə müdafiəsinin yalnız birinci instansiyada
təmin olunmasını deyil, qanunla nəzərdə
tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da
həyata keçirilməsini nəzərdə tutur.
Məhkəmə
müdafiəsi hüququ mülki və inzibati işlər
üzrə nəinki məhkəmə icraatına
başlanması imkanını, o cümlədən
məhkəmənin lazımi qaydada təşkili və
tərkibini, həmçinin prosesin gedişatı ilə
bağlı dövlət təminatını
nəzərdə tutur. Prosesin gedişatı
tərəflərin iradəsindən asılı olaraq birinci
instansiya məhkəməsində, həm də apellyasiya
və kasasiya instansiyalarında məhkəmə
müdafiəsi imkanlarının tükənməsinə
qədər davam etdirilə bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki,
Konstitusiyanın 60-cı maddəsində nəzərdə
tutulan məhkəməyə müraciət etmək hüququ
həyata keçirilərkən konstitusiya hüququnun
doktrinasından irəli gələn hüquqi
müəyyənlik prinsipinə riayət edilməsi
pozulmuş hüquq və azadlıqların qorunmasını
daha da səmərəli edir.
Hüquqi
müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında
əksini tapan qanunun aliliyinin əsas elementlərindən
biridir. Hüquqi müəyyənlik prinsipi digər
tələblərlə yanaşı, ən ümumi
mənasında mövcud hüquqi vəziyyətə aid
aydınlığı və müəyyənliyi
nəzərdə tutur. Bu baxımdan məhkəmələr
tərəfindən qəbul olunmuş qərarlarda həll
olunan işə aid bütün zəruri
məsələlərə aydınlıq gətirilməli,
ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
Azərbaycan Respublikasının adından
çıxarılan məhkəmə aktlarında işin
ədalətli həllini şübhə altına alan,
ziddiyyətlər yaradan və mübahisə üzrə
iştirakçıların konstitusiya məhkəmə
müdafiəsi hüququna təsir göstərən
müddəalar olmamalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti
üzrə 13 iyun 2008-ci il tarixli Qərarı).
Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən
formalaşdırılmış hüquqi mövqeyə
görə, qanuni qüvvəyə minmiş
məhkəmə aktlarının qanunvericilikdə
nəzərdə tutulmuş müddətlər
çərçivəsində deyil, qeyri-məhdud zaman
kəsiyində mübahisələndirilməsi
imkanının mövcudluğu illüziyasını yaradan
belə vəziyyət, hüquqi müəyyənliyin
tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət
mühakiməsinin ağlabatan müddətdə həyata
keçirilməsi tələbinin inkar edilməsilə
yanaşı, artıq həll olunmuş mübahisə
üzrə qanuni qüvvəyə minmiş məhkəmə
qərarlarının sabitliyinə, davamlılığına
xələl gətirir.
Belə mövqe
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi)
qərarlarında da öz əksini tapmışdır.
Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş
üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda
göstərilmişdir ki, hüququn aliliyinin əsas
aspektlərindən biri olan hüquqi müəyyənlik
prinsipi digərləri ilə yanaşı tələb edir ki,
məhkəmələr tərəfindən tamamilə
həll edilmiş iş üzrə qəbul olunan yekun
qərar şübhə doğurmamalıdır.
Avropa
Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş
üzrə 24 iyul 2003-cü il tarixli Qərarında
isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res
judicata” prinsipinə hörməti (yəni bir dəfə
həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini)
nəzərdə tutur. Prinsip onu əks etdirir ki,
tərəflərdən heç biri yalnız işə
təkrar baxılması və yeni qərara nail olmaq
məqsədilə yekun, qanuni qüvvəyə minmiş
qərara yenidən baxılmanı tələb edə
bilməz. İşə yenidən baxılması üzrə
yuxarı məhkəmə instansiyasının
səlahiyyəti işə mahiyyəti üzrə yenidən
baxmaq məqsədilə deyil, məhkəmə
səhvlərini, ədalət mühakiməsinin
qeyri-düzgün aparılmasını aradan qaldırmaq
məqsədilə həyata keçirilməlidir. Yenidən
baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni
zamanda, yalnız bir məsələyə dair iki
yanaşmanın mövcud olması yenidən baxma
üçün əsas ola bilməz. Yalnız əsaslı
və qarşısıalınmaz xarakterli hallara görə
məcburiyyət qarşısında qalma bu prinsipdən geri
çəkilməyə haqq qazandırır.
Avropa
Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd
edir ki, qanuni qüvvəyə minmiş məhkəmə
qərarlarının ləğvi və ya
dəyişdirilməsi üçün əsaslar konstitusiya
əhəmiyyətli məqsədlərə cavab verməli,
hüquqi müəyyənlik və mütənasiblik
prinsiplərinə uyğun olaraq məhkəmə
qərarının ədalətliliyini, stabilliyini və
tarazlığını pozmamalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini
təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı
maddəsində təsbit edilmiş məhkəməyə
müraciət etmək hüququ Konstitusiyada bəyan
edilmiş hüquq və azadlıqların təminatlarına
əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi
qərarın hüquqa zidd olduğunu yalnız qanunla
müəyyən edilmiş qaydada müvafiq instansiya
məhkəməsi müəyyən edə bilər. Bu
isə hüquqi dövlətə xas olan
məhkəmədən başqa heç kəsin
məhkəmə qərarının ədalətliliyini
və hüquqa uyğunluğunu şübhə altına ala
bilməməsi prinsipindən irəli gəlir.
Məhkəmə
səhvlərinin aradan qaldırılması
məqsədilə konkret işlər üzrə (mülki,
cinayət, inzibati) məhkəmə qərarlarına
yenidən baxılmasının bu və ya digər
formasını seçərkən qanunverici, ilk
növbədə, pozulmuş hüquqların real və
vaxtında bərpa edilməsi üçün hüquq və
azadlıqların adekvat təmin edilməsi
zərurətindən çıxış edir.
Aydındır ki, səhv məhkəmə qərarı
hüquqa uyğun hesab edilə bilməz.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin şikayəti
üzrə işə yenidən baxılması
məhkəmə səhvlərinin, məhkəmə qərarlarının
əsaslı olmamasının, maddi hüquq normalarının
məhkəmə tərəfindən düzgün tətbiq
edilməməsinin və ya prosessual qanunvericilik
normalarının pozulmasının və ya digər
məsələlərin yoxlanılması məqsədini
daşımamalıdır. Bu zaman məhkəmənin
üzərinə düşən əsas vəzifə
həmin məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin pozulmuş hüquqlarının bərpa
edilməsidir.
Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyindən
fərqli olaraq, İnzibati Prosessual Məcəllədə
qanuni qüvvəyə minmiş məhkəmə
qərarından işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin şikayət vermək hüququ
nəzərdə tutulmamışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati prosessual
qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati
prosesdə iştirak edən bütün şəxslərin
Konstitusiya ilə təsbit edilmiş insan və
vətəndaş hüquq və azadlıqlarına riayət
olunmasını, həmçinin insan və
vətəndaş hüquq və azadlıqlarının
qanunsuz məhdudlaşdırılması hallarından
müdafiəsini təmin etməkdir. İnzibati prosesin
gedişatında hər kəsin özünün Konstitusiya
ilə təsbit edilmiş hüquq və
azadlıqlarını qanunla qadağan edilməyən
bütün üsul və vasitələrlə müdafiə
etmək hüququ vardır.
İnzibati
hüquq münasibətləri (idarəçilik
sahəsində ümumi (publik) hüquq
münasibətləri) dövlət idarəçiliyi və
ya yerli özünüidarəetmə sahəsində
yarandığından və bilavasitə dövlət
idarəetmə fəaliyyətinin həyata keçirilməsi
prosesində inzibati orqanların vəzifə və
səlahiyyətlərinin yerinə yetirilməsi ilə
bağlı olduğundan, bu münasibətlərdən yaranan
mübahisələrdə iştirakçıların
dairəsi mülki münasibətlərdən fərqli olaraq
daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə
icraatı zamanı işdə iştirak etməyə cəlb
olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə
qərarı ilə maraqlarına toxunan şəxslərin
prosessual statusunu müəyyən etməmişdir.
Eyni zamanda,
qanunverici Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsindən fərqli olaraq, inzibati prosesdə
işə baxan məhkəməyə daha geniş
səlahiyyət vermişdir. Belə ki, İnzibati Prosessual
Məcəllənin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə
icraatı hamının qanun və məhkəmə
qarşısında bərabərliyi prinsipi əsasında
həyata keçirilir. Məhkəmə inzibati prosesin
gedişində proses iştirakçılarından hər
birinə öz mövqeyini ifadə etmək, prosessual
hüquqlarını və vəzifələrini həyata keçirmək
üçün tam və bərabər imkanlar yaratmağa
borcludur.
Həmin
Məcəllənin 12.1 və 12.2-ci maddələrinə
görə, məhkəmə proses
iştirakçılarının izahatları, ərizə
və təklifləri ilə, onların təqdim etdikləri
sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək,
mübahisənin düzgün həlli üçün
əhəmiyyət kəsb edən bütün faktiki
halları xidməti vəzifəsinə görə araşdırmağa
borcludur. Məhkəmə müstəqil şəkildə
öz təşəbbüsü ilə və ya proses
iştirakçılarının vəsatətinə
əsasən digər zəruri sübutları toplamağa
borcludur. Məhkəmə tərəflərdən
əlavə məlumat və sübutlar tələb edə
bilər.
Göründüyü
kimi inzibati prosessual qanunvericiliyin tələblərinə
görə, inzibati işə baxan məhkəmə işi
hərtərəfli araşdıraraq mübahisənin
düzgün həll edilməsi üçün əhəmiyyət
kəsb edən bütün hallara qiymət verməli və
mübahisə üzrə gələcəkdə qəbul
ediləcək qərarın digər şəxslərin hüquq
və mənafelərinə toxuna biləcəyini
araşdırmalıdır.
Lakin
müraciətdən də göründüyü kimi,
təcrübədə məhkəmələr
tərəfindən xidməti vəzifəsinə
əsasən maraqlarına toxunan şəxslərin
məhkəmə icraatına cəlb olunmaması hallarına
rast gəlinir. Belə olan halda həmin şəxslər
Konstitusiyanın 60-cı maddəsi ilə nəzərdə
tutulan məhkəməyə müraciət etmək
hüququnun pozulduğunu haqlı olaraq qeyd edirlər.
Çünki məhkəmə qərarı qanuni
qüvvəyə mindiyinə görə həmin
şəxslərin İnzibati Prosessual Məcəllənin
28-ci maddəsinə uyğun olaraq üçüncü
şəxs qismində inzibati məhkəmə icraatına
cəlb edilməsi mümkün olmur və onlar inzibati
məhkəmə icraatının iştirakçısı
olmadığı üçün həmin
Məcəllənin 81-ci maddəsinə əsasən bu
qərardan apellyasiya şikayəti vermək hüququndan
məhrum olurlar.
İnzibati
Prosessual Məcəllənin 28-ci maddəsinə
əsasən, iş üzrə məhkəmə
qərarı qanuni qüvvəyə minənə qədər
və ya iş yuxarı instansiya məhkəməsinin icraatında
olduğu müddətdə, məhkəmə
qərarının digər şəxslərin qanunla qorunan
maraqlarına toxunacağı hallarda, məhkəmə
xidməti vəzifəsinə uyğun olaraq öz
təşəbbüsü ilə və ya həmin
şəxslərin vəsatəti əsasında onları
üçüncü şəxs qismində inzibati məhkəmə
icraatına cəlb edə bilər. Məhkəmə
qərarının qəbul edildiyi, lakin qanuni
qüvvəyə minmədiyi dövrdə məhkəmə
üçüncü şəxslərin icraata cəlb edilməli
olduğu qənaətinə gəldikdə, həmin
məhkəmə qərarının ləğv edilməsi
və işə mahiyyəti üzrə baxılmasının
təzələnməsi barədə qərardad qəbul edir.
Mübahisə edilən hüquq münasibətində
üçüncü şəxsin iştirakının
xarakteri inzibati məhkəmə icraatının
tərəfləri və həmin üçüncü
şəxs barəsində vahid qərarın qəbul
olunmasını şərtləndirdiyi hallarda, həmin
şəxs iştirakçı kimi inzibati məhkəmə
icraatına mütləq cəlb edilməlidir (zəruri
cəlbetmə). Üçüncü şəxslərin
inzibati məhkəmə icraatına cəlb edilməsi
barədə məhkəmə qərardadı inzibati prosesin
bütün iştirakçılarına təqdim
olunmalıdır. Qərardadda məhkəmə
tərəfindən baxılan işin halları və
cəlbetmənin səbəbləri göstərilməlidir.
İnzibati məhkəmə icraatına cəlbetmə
barədə məhkəmə qərardadından
şikayət verilə bilməz. Məhkəmə
tərəfindən xidməti vəzifəsinə
əsasən məhkəmə icraatına cəlb
olunmamış şəxslər, qəbul edilməsi
nəzərdə tutulan məhkəmə qərarının
onların qanunla qorunan maraqlarına toxunacağını
güman etdikləri hallarda məhkəmə icraatına
cəlbetmə barədə vəsatət qaldıra bilərlər.
Məhkəmə həmin vəsatət barəsində 10
gün müddətində qərardad qəbul edir.
Vəsatətin təmin edilməsindən imtina haqqında
qərardaddan yuxarı məhkəməyə şikayət
verilə bilər.
Həmin
maddədə qanunverici cəlbetmənin iki növünü
nəzərdə tutmuşdur: adi cəlbetmə və
zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman
yaranır ki, hüquqi mübahisənin mahiyyəti
üzrə qərar üçüncü şəxslərin
maraqlarına bilavasitə təsir etsin. Burada həlledici
məqam cəlb edilən şəxslə tərəf
arasındakı mövcud hüquq münasibəti deyil,
hüquqi mübahisə ilə bağlı qərarın
potensial təsiridir.
Zəruri
cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək
məhkəmə qərarı tək inzibati
məhkəmə icraatının tərəfləri
barəsində deyil, həmçinin üçüncü
şəxsə münasibətdə də hüquqi
qüvvəyə malik olsun. Əgər məhkəmə
qərarını üçüncü şəxsin
hüquqlarına müdaxilə etmədən (başqa
şəxs üçün hüquq və
vəzifələrin yaradılması, təsdiq və ya
müəyyən olunması, dəyişdirilməsi və ya
ləğv edilməsi) qəbul etmək mümkün
deyilsə, həmin şəxs mütləq məhkəmə
icraatına cəlb edilməli və bu, zəruri
cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda
olaraq o zaman mövcud olur ki, üçüncü
şəxsin mübahisəli hüquq
münasibətlərində birbaşa iştirakı olsun
və münasibətin hüquqi taleyi həll edildiyi zaman
qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu
halda həmin şəxs üçüncü şəxs
qismində, yəni iştirakı zəruri olan
üçüncü şəxs qismində inzibati
məhkəmə icraatına cəlb edilməlidir.
Qeyd olunduğu
kimi, məhkəmələr tərəfindən xidməti
vəzifəsinə əsasən zəruri cəlb edilməli
olan şəxslərin məhkəmə icraatına cəlb
olunmaması onların prosessual statusdan məhrum edilməsi
ilə nəticələnir və məhkəmə
qərarından apellyasiya şikayəti vermək hüququnu
məhdudlaşdırır.
Belə ki,
İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə
görə, inzibati məhkəmə icraatının
iştirakçılarına iddiaçı, cavabdeh və
icraata cəlb olunmuş üçüncü
şəxslər aiddir.
Həmin
Məcəllənin 81.1 və 81.2-ci maddələrinə
əsasən, inzibati-iqtisadi məhkəmələr
tərəfindən qəbul olunmuş qərarlardan və ya
qərardadlardan, bu Məcəllədə nəzərdə
tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.
Şikayətə apellyasiya qaydasında apellyasiya
instansiyası məhkəmələrinin inzibati-iqtisadi
kollegiyaları tərəfindən baxılır. İnzibati
məhkəmə icraatının iştirakçıları
(tərəflər və məhkəmə icraatına
cəlb olunmuş üçüncü şəxslər)
yalnız onların tələblərinin təmin
olunmadığı hallarda şikayət vermək hüququna
malikdirlər.
Göründüyü
kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya
şikayəti vermək hüququnun yalnız icraatın
iştirakçılarına məxsus olduğu imperativ qaydada
müəyyən edilmişdir. Qanunverici həmin normada
göstərir ki, istənilən şəxs deyil, yalnız
icraata cəlb olunmuş üçüncü
şəxslər şikayət vermək hüququna malikdirlər.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, inzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə aktı ilə
maraqlarına toxunan şəxsin məhkəməyə
müraciət etmək hüququnun təmin edilməsi
məqsədilə İnzibati Prosessual Məcəllənin
28.1-ci maddəsinə müvafiq olaraq üçüncü
şəxs qismində işə cəlb edilməsi həmin
şəxsin hüquqlarının və qanunla qorunan
maraqlarının əhəmiyyətli dərəcədə
pozulduğu hallarda mümkün hesab edilə bilər.
Lakin
Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş
hakimiyyətlərin bölünməsi prinsipinə
görə Konstitusiya Məhkəməsi normayaradıcı,
yəni hər hansı hüquq münasibətlərinin
tənzimlənməsinə dair normativ hüquqi akt qəbul
edən, o cümlədən hər hansı normativ hüquqi
akta əlavə və dəyişikliklərin edilməsi
təşəbbüsünə malik olan orqan deyil,
səlahiyyətli subyektlərin sorğu və
müraciətləri, fərdi şikayətlər
əsasında qanunverici, icra və məhkəmə
hakimiyyəti orqanları və yerli
özünüidarəetmə orqanları
tərəfindən qəbul olunmuş aktlar
üzərində konstitusiya nəzarətini həyata keçirən
ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə aktı ilə
maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı
maddəsinin I hissəsindən və “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya)
6-cı maddəsindən irəli gələn
məhkəməyə müraciət etmək hüququ
qanunvericilik qaydasında tənzimlənməlidir.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı
bəndində isə məhkəmə icraatı,
məhkəmə qərarlarının icrası
qaydalarının müəyyən edilməsi Azərbaycan
Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis)
səlahiyyətinə aid edilmişdir.
Qanunvericilik
qaydasında müvafiq tənzimlənmə həyata
keçirilənədək Konstitusiyanın 60-cı
maddəsinin I hissəsində və Konvensiyanın 6-cı
maddəsində nəzərdə tutulan
məhkəməyə müraciət etmək hüququnun
təmin edilməsi məqsədilə inzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
ilə maraqlarına toxunan şəxs, hüquqları və
qanunla qorunan maraqları əhəmiyyətli
dərəcədə pozulduğu hallarda inzibati
məhkəmə icraatına üçüncü
şəxs qismində cəlb edilə bilər. Belə
cəlbetmə bu Qərarda əks olunmuş hüquqi
mövqelər nəzərə alınmaqla, İnzibati
Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun
həll edilməlidir.
Lakin məhkəmə qanuni
qüvvəyə minmiş qərarının ləğv edilməsi
və işə mahiyyəti üzrə baxılmasının
təzələnməsi barədə qərardad qəbul
edərkən hüquqi müəyyənliyin mühüm
tərkib hissəsi olan məhkəmə
qərarlarının stabilliyi prinsipinin qorunması
məqsədilə maraqlı şəxsin
üçüncü şəxs qismində işə
cəlb edilməsi üçün aşağıdakılara
xüsusi diqqət yetirməlidir:
- qanuni qüvvəyə minmiş
məhkəmə qərarı ilə inzibati
məhkəmə icraatına cəlb olunmamış
şəxsin hüquqlarının və qanunla qorunan
maraqlarının əhəmiyyətli dərəcədə
pozulub-pozulmamasına;
- inzibati məhkəmə icraatına
cəlb olunmamış şəxsin öz hüququnun
pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın
müəyyən edilməsinə.
Beləliklə, həmin şəxs
məhkəməyə müraciətində öz
hüquqlarının və qanunla qorunan maraqlarının
pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum
olduğunu əsaslandırmalıdır.
Göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakı nəticələrə gəlir:
- inzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın
60-cı maddəsinin I hissəsindən və Konvensiyanın
6-cı maddəsindən irəli gələn
məhkəməyə müraciət etmək hüququnun
tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir;
-
məsələ qanunvericilik qaydasında həll
edilənədək Konstitusiyanın 60-cı maddəsinin I
hissəsində və Konvensiyanın 6-cı maddəsində
nəzərdə tutulan məhkəməyə müraciət
etmək hüququnun təmin edilməsi məqsədilə
inzibati məhkəmə icraatına cəlb olunmamış,
qanuni qüvvəyə minmiş məhkəmə
qərarı ilə maraqlarına toxunan şəxs,
hüquqları və qanunla qorunan maraqları
əhəmiyyətli dərəcədə pozulduğu hallarda
inzibati məhkəmə icraatına üçüncü
şəxs qismində cəlb edilə bilər.
Belə
cəlbetmə bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci
maddəsinə uyğun həll edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsini və “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. İnzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
ilə maraqlarına toxunan şəxsin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsindən və “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 6-cı maddəsindən irəli gələn
məhkəməyə müraciət etmək hüququnun
tənzimlənməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə edilsin.
2.
Məsələ qanunvericilik qaydasında həll
edilənədək Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsində və “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 6-cı
maddəsində nəzərdə tutulan
məhkəməyə müraciət etmək hüququnun
təmin edilməsi məqsədilə inzibati
məhkəmə icraatına cəlb olunmamış, qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
ilə maraqlarına toxunan şəxs, hüquqları və
qanunla qorunan maraqları əhəmiyyətli
dərəcədə pozulduğu hallarda inzibati
məhkəmə icraatına üçüncü
şəxs qismində cəlb edilə bilər.
Belə
cəlbetmə bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll
edilməlidir.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr:
Fərhad Abdullayev
Bakı
şəhəri, 12 aprel 2017-ci il.