“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564;
2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə
9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹
11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə
993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr
1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7,
maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə
948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255,
¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7,
maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹
11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5,
maddə 467, ¹ 11, maddə 1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr
76, 79, 105, ¹ 5, maddə 502, ¹ 6, maddə 686, ¹ 11, maddələr
1256, 1276; Azərbaycan Respublikasının 2016-cı il 30
sentyabr tarixli 326-VQD, 11 noyabr tarixli 407-VQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1.
birinci hissəsinin 32-ci bəndi aşağıdakı redaksiyada
verilsin:
“32) parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində
durmasıdır.”;
1.1.2.
aşağıdakı məzmunda 32-1-ci bənd əlavə
edilsin:
“32-1) parklanma yeri - yaşayış məntəqələrinin
hüdudlarında avtomobil yolunun hərəkət hissəsində
və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin
durması üçün ayrılmış, bu Qanunla müəyyən
edilmiş qaydada işarələnmiş və təchiz
edilmiş yerdir;”.
1.2. 53-cü maddə aşağıdakı redaksiyada
verilsin:
“Maddə 53. Parklanma
I.
Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq
icra hakimiyyəti orqanlarının təklifləri əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi siyahıya uyğun olaraq təşkil edilir.
II.
Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr,
özəl avtomobil yollarında isə mülkiyyətçi
tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla təşkil edilir.
III.
Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
IV.
Parklanma yerləri 5.15 yol nişanı və müvafiq
nişanlama xətləri ilə işarələnməklə
parklanma yerinin başlanğıcı və sonu göstərilir.
Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu
7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən
edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət
hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət
hissəsinin eni nəzərə alınmaqla parklanma yerində
nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin
kənarına bucaq altında parklanması nişanlama xətləri
ilə müəyyən edilə bilər.
V.
Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi
yerlərdə təşkil edilə bilməz.
VI.
Parklanma yerləri 24 saat fəaliyyət göstərir.
VII.
Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının
kənarlarında yerləşən evlərdə və ya
binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri
üçün onların müraciətinə əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz
parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin
istifadəçisi, markası, dövlət qeydiyyat
nişanı, parklanma ərazisi və etibarlıq müddəti
göstərilməklə fərdi parklanma talonu verilir. Bir
şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi
parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə
ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri
fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə
şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin
salonunda, ön şüşənin arxasında aydın
görünən və oxunan yerə qoyulur.
VIII.
Fərdi parklanma talonlarının forması, habelə
onların verilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
IX.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən dövlət orqanlarının yerləşdiyi
inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti
orqanının hər biri üçün ayrılıqda
müəyyən etdiyi radius çərçivəsində
ödənişli parklanma yerlərinin təşkili
qadağandır.
X.
Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər
üçün ayrılır. Əlillər
üçün ayrılmış parklanma yerləri göy rəngli
kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə
təsviri vasitəsilə işarələnir. Əlillər
üçün ayrılan parklanma yerlərində yalnız əlil
avtomobili nişanı ilə nişanlanmış nəqliyyat
vasitələri dura bilərlər. Sürücülər “əlil”
tanınma nişanından qanunsuz istifadəyə görə
məsuliyyət daşıyırlar.
XI.
Parklanma yerləri ödənişli və ödənişsiz
ola bilər. Parklanmaya görə ödəniş parkomat
(nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə
sistemləri və ya internet vasitəsilə həyata
keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə ötürülür.
XII.
Nəqliyyat vasitələrinin parklanmasına görə
ödənişin məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi,
parklanmanın müddəti və vaxtı nəzərə
alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin
ödənişli parklanmasından daxil olan vəsaitin istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
XIII.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının oxunması, foto və
ya video çəkilişin aparılması, parklanma müddətinin
ölçülməsi, parklanmaya görə ödənişin
edilməsi, ödəniş və parklanma qəbzlərinin
verilməsi üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
sertifikatlaşdırılmış parkomatlar və foto və
ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr
yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə inteqrasiya olunur.
XIV.
Ödənişli parklanma yerlərində istifadəçilər
üçün aydın görünən yerdə və
oxuna bilən ölçülərdə
aşağıdakı məlumatlar yerləşdirilir:
1)
ödənişli parklanma müddəti, parklanmaya görə
ödənişin məbləği və parklanmaya görə
ödəniş üsulları;
2)
parklanma yerlərindən istifadə qaydaları;
3)
bu maddənin XIX hissəsində nəzərdə tutulduğu
halda nəqliyyat vasitəsinin aparılacağı müvafiq
icra hakimiyyəti orqanının ən yaxın mühafizə
olunan duracağı barədə məlumat;
4)
parklanma qaydalarının pozulmasına görə məsuliyyət
tədbirləri.
XV.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin
15 dəqiqəyədək parklanması üçün
ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin
istifadəçisi parklanma yerini tərk edərkən parklanma
müddətindən asılı olaraq bu maddə ilə
müəyyən edilmiş üsullardan biri vasitəsilə
ödəniş edir.
XVI.
Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə
ödənişi parklanma yerinə daxil olarkən də apara
bilər. Bu zaman ödəniş parklanma müddətindən
asılı olaraq bu maddə ilə müəyyən
edilmiş üsullardan biri vasitəsilə həyata
keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin
salonunda, ön şüşənin arxasında aydın
görünən və oxunan yerə qoyulur. Ödəniş
edilmış müddətdən artıq parklanma yerindən
istifadə edən şəxs parklandığı müddətə
müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat
vasitəsinin istifadəçisi ödəniş edilmiş
müddətdən sonra 10 dəqiqə ərzində parklanma
yerini tərk etməlidir və bu müddət
üçün əlavə ödəniş tələb
olunmur.
XVII.
Parklanmaya görə ödəniş zamanı parkomatlarda
baş vermiş texniki nasazlıq səbəbindən ödənişin
həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat
vasitəsinin istifadəçisi ödəniş etmədən
parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin
istifadəçisi parklanmaya görə ödənişin
edilməməsinə görə məsuliyyət
daşımır. Ödənişin edilməsinin
mümkünsüzlüyü barədə məlumat dərhal
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə ötürülür.
XVIII.
Parklanmaya görə ödəniş qəbzində nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi,
nəqliyyat vasitəsinin parklanma yerinə daxil olduğu və
oranı tərk etməli olduğu vaxt, parklanmaya görə
edilmiş ödənişin məbləği göstərilməlidir.
Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş
etmədən nəqliyyat vasitəsinin parklanma yerinə daxil
olmasına dair parkomatdan parklanma qəbzi ala bilər. Bu zaman
parklanma qəbzində nəqliyyat vasitəsinin dövlət
qeydiyyat nişanı, parklanma tarixi və parklanma yerinə
daxil olduğu vaxt göstərilir.
XIX.
Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz.
Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq
saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
127-2.4-cü maddəsində nəzərdə tutulmuş
qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur,
nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti
orqanının ən yaxın mühafizə olunan
duracağına aparılır və nəqliyyat vasitəsinin
istifadəçisinə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə
nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat
vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin
aparıldığı müvafiq icra hakimiyyəti
orqanının ən yaxın mühafizə olunan duracağı
barədə məlumatı parkomat vasitəsilə də əldə
edə bilər.
XX.
Bu Qanunun XIX hissəsində nəzərdə tutulmuş
müddətin bitməsinə 1 saat qalmış Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat
vasitəsinin istifadəçisinə məlumat verilir.
XXI.
Sürücülər nəqliyyat vasitəsinin
parklanmasına görə müəyyən edilmiş ödəniş
edilmədən və ya ödəniş edilmiş müddətdən
artıq parklanma yerindən istifadə üçün bu maddənin
XVI hissəsi nəzərə alınmaqla əlavə ödəniş
etmədən parklanma yerinin tərk edilməsinə görə
məsuliyyət daşıyırlar.
XXII.
Operativ nəqliyyat vasitələri ödənişli parklanma
yerlərindən pulsuz istifadə edirlər.
XXIII.
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi
3,5 tondan çox olan yük avtomobillərinin parklanması,
habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər
üsullarla nəqliyyat vasitələrinin sərbəst
parklanmasına maneələr yaradılması
qadağandır.
XXIV.
Parklanma yerində nəqliyyat vasitələri yol
nişanları və nişanlama xətləri ilə müəyyən
edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər
bir nəqliyyat vasitəsinin parklanması üçün
işarələnmiş yerlərin sərhədlərini
pozmaqla parklanmasına yol verilmir.
XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin
parklanmasına dair bu maddədə göstərilən tələblərə
əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.”.
1.3.
72-ci maddəyə aşağıdakı məzmunda qeyd hissəsi
əlavə edilsin:
“Qeyd: “Əlil” tanınma nişanı I və II qrup əlillərə
nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən
və ya onların müraciəti və müvafiq əlillik dərəcəsini
təsdiq edən sənəd əsasında müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ödənişsiz
təqdim olunur. “Əlil” tanınma nişanı yerləşdirilmiş
nəqliyyat vasitəsini idarə edən şəxs əlillik
dərəcəsini təsdiq edən sənədi
özündə saxlamalı və müvafiq icra hakimiyyəti
orqanı əməkdaşının tələbi ilə
yoxlanılması üçün ona təqdim etməlidir.”.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun (bu Qanunla “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş
53-cü maddəsinin XX hissəsi istisna olmaqla) 2017-ci il iyulun
1-dən qüvvəyə minir.
2.2.
Bu Qanunla “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun yeni redaksiyada verilmiş 53-cü maddəsinin
XX hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 dekabr 2016-cı il
¹
467-VQD