“Elektron ticarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara
alır:
Maddə 1.
“Elektron
ticarət haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, № 7, maddə 567)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
1.0.1-ci maddədə “xidmətlərin göstərilməsi və
işlərin görülməsi” sözlərindən sonra
“(o cümlədən, İnternet şəbəkəsi vasitəsi
ilə elektron kitabların, musiqinin, audio-video materialların,
qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının
yüklənməsi, reklamların yerləşdirilməsi, digər
analoji iş və xidmətlər)” sözləri əlavə
edilsin.
1.2.
1.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 1.0.7 – 1.0.9-cu maddələr
əlavə edilsin:
“1.0.7.
POS-terminal – ödəniş kartları vasitəsilə əməliyyatların
aparılması, habelə nağd pul vəsaitinin əldə
edilməsi üçün nəzərdə tutulmuş
avadanlıq;
1.0.8.
kart təşkilatı – kartlar vasitəsilə aparılan əməliyyatlar
haqqında məlumatların ötürülməsi,
toplanması, emalı və klirinqi, həmçinin
kartların emissiyasına və ekvayrinqinə texniki xidmət
göstərən mərkəz (prosessinq fəaliyyətini həyata
keçirən banklar və digər hüquqi şəxslər)
və ya beynəlxalq kart təşkilatının Azərbaycan
Respublikasındakı nümayəndəliyi, filialı və
ya digər bölməsi;
1.0.9.
elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən
köçürülmüş pul vəsaitlərini
saxlamağa və onların tapşırığı ilə
elektron ödənişləri həyata keçirməyə
imkan verən, bank və ya kredit təşkilatı
sayılmayan proqram təminatı.”;
1.3.
5.3.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 5.3.7-ci maddə əlavə
edilsin:
“5.3.7.
ödənişlərin POS-terminal, İnternet şəbəkəsi
və elektron pul kisəsi vasitəsi ilə aparılması
barədə məlumatlar.”.
1.4.
Aşağıdakı məzmunda 5.6-cı və 5.7-ci maddələr
əlavə edilsin:
“5.6.
Satıcı (təchizatçı) elektron ticarət çərçivəsində
malların (işlərin, xidmətlərin) təqdim edilməsini
İnternet şəbəkəsi vasitəsilə ödəmək
imkanı verən ödəniş proqramının təminatçısı
ilə bağlanmış müqavilə əsasında həyata
keçirir.
5.7.
Satıcı özü barəsində bu Qanunun 5.3-cü maddəsində
nəzərdə tutulan məlumatları alıcıların
(sifarişçilərin) və səlahiyyətli dövlət
orqanlarının tanış olmasına imkan yaratmadıqda,
onun ölkə ərazisində fəaliyyəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.”.
Maddə 2.
Bu Qanun 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 dekabr 2016-cı il
№ 460-VQD