Nağdsız hesablaşmalar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndinə uyğun olaraq, Azərbaycan Respublikası
ərazisində aparılan nağdsız hesablaşmaların
hüquqi və iqtisadi əsaslarını müəyyən
edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Nağdsız
hesablaşmaların məqsədi
Bu Qanunun məqsədi Azərbaycan Respublikası
ərazisində mülki dövriyyənin
iştirakçıları arasında aparılan
əməliyyatların və hesablaşmaların şəffaflığını,
istehlakçıların hüquqlarının
müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının
nağdsız hesablaşmalarla əvəzlənməsini
stimullaşdırmaq, bank sisteminin inkişafını
sürətləndirməkdir.
Maddə 2. Nağdsız
hesablaşmalar haqqında qanunvericilik
2.1. Nağdsız
hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən,
Azərbaycan Respublikasının Vergi
Məcəlləsindən və onlara uyğun qəbul edilmiş
normativ hüquqi aktlardan ibarətdir.
2.2. Nağdsız hesablaşmalar
haqqında qanunvericilik Ələt azad iqtisadi zonasına
şamil edilmir.[1]
2-ci fəsil
Nağdsız hesablaşmaların
tənzimlənməsi
Maddə 3. Nağdsız
qaydada həyata keçirilən hesablaşmalar
3.1. Nağdsız hesablaşma dedikdə,
aşağıdakılar nəzərdə tutulur:
3.1.1. bir şəxsin bank hesabından digər
şəxsin bank hesabına
köçürülməklə (o cümlədən
ödəniş alətləri (ödəniş kartları,
ödəniş tapşırığı və s.) və
ödəniş vasitələri (mobil telefon aparatları,
kompüter və digər avadanlıq) ilə həyata
keçirilən hesablaşmalar;
3.1.2. ödəniş terminalları ilə həyata
keçirilən hesablaşmalar;
3.1.3. birbaşa nağd qaydada satıcının bank
hesabına köçürülməklə həyata
keçirilən hesablaşmalar.
3.2. Hər iki tərəf vergi ödəyicisi olan
şəxs arasında hesablaşmalar üzrə
nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci
maddəsində müəyyən olunmuş formada həyata
keçirilə bilər.
3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları
nəzərə alınmaqla, ƏDV məqsədləri
üçün qeydiyyata alınmış vergi
ödəyiciləri və vergi tutulan əməliyyatlarının
həcmi ardıcıl 12 aylıq dövrün istənilən
ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət
və (və ya) ictimai iaşə fəaliyyəti ilə
məşğul olan vergi ödəyiciləri
tərəfindən təqvim ayı ərzində ümumi
məbləği otuz min manatdan, digər vergi ödəyiciləri
tərəfindən isə təqvim ayı ərzində
ümumi məbləği on beş min manatdan artıq olan
hesablaşmalar üzrə ödənişlər yalnız
nağdsız qaydada həyata keçirilməlidir. [2]
3.3-1. Bilavasitə kənd
təsərrüfatı məhsullarının istehsalı
ilə bağlı mülki hüquqi xarakterli
müqavilələr əsasında mövsümi
işlərə cəlb edilən fiziki şəxslər
üzrə gündəlik hər bir belə fiziki şəxs
üçün nağd qaydada ödənilə bilən
məbləğin yuxarı həddi iyirmi manat
məbləğində müəyyən edilir və həmin
məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə
müəyyən edilmiş nağd əməliyyat
həddinə daxil edilmir.[3]
3.4. Bu Qanunun 3.3-cü maddəsinin
müddəalarından asılı olmayaraq
aşağıdakı hesablaşmalar yalnız nağdsız
qaydada həyata keçirilir:
3.4.1. vergilərin, gömrük rüsumları və
yığımlarının, qanunla müəyyən
edilmiş inzibati cərimələrin, maliyyə
sanksiyalarının və faizlərin, lizinq
əməliyyatları üzrə borcların
ödənilməsi və kreditlərin verilməsi;
3.4.2. “Sığorta fəaliyyəti haqqında” və
“İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının qanunları
ilə müəyyən edilmiş ödənişlər;[4]
3.4.3. dövlət orqanlarına, dövlət
mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərə, büdcə
təşkilatlarına və publik hüquqi
şəxslərə ödənilən xidmət haqları
və digər yığımlar;
3.4.4. əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında (aylarında)
iki yüz min manatadək olan pərakəndə ticarət,
iaşə və xidmət sahəsində fəaliyyət
göstərən şəxslər istisna olmaqla, digər
şəxslər tərəfindən ödənilən
əmək haqları (o cümlədən,
işəgötürən tərəfindən
ödənilən, qanunvericiliklə müəyyən
edilmiş digər ödənişlər), pensiya,
təqaüd, maddi yardım, müavinətlər (o
cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar
və təzminatlar;
3.4.5. stasionar telefon xidmətlərinin və kommunal
xərclərin ödənilməsi;
3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi
olmayan şəxslər tərəfindən pul
vəsaitlərinin verilməsi halları istisna olmaqla),
digər ayırmaların ödənilməsi və qaytarılması;
3.4.7. dövlət satınalma müqaviləsi
üzrə əldə olunan vəsaitin istifadəsi
(xərclənməsi);
3.4.8. təhsil haqlarının ödənilməsi;
3.4.9. turagentlərə ödəmələr.
3.5. Vergi ödəyiciləri tərəfindən vergi
ödəyicisi olmayan fiziki şəxslərdən
aşağıdakı mallar nağd qaydada satın alına
bilər:
3.5.1. kənd təsərrüfatı
məhsullarının istehsalçılarından kənd
təsərrüfatı məhsullarının qəbulu;
3.5.2. əlvan və qara metal
qırıntılarının qəbulu;
3.5.3. utilizasiya və digər məqsədlər
üçün kağız, şüşə və plastik
məmulatların qəbulu;
3.5.4. utilizasiya məqsədləri üçün
işlənmiş şinlərin qəbulu;
3.5.5. xam dərinin tədarükü
(alışı).[5]
3.6. Bu Qanunun 3.4.4-cü maddəsində
nəzərdə tutulmuş hesablaşmalar
əməliyyat-axtarış, kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil
edilmir.[6]
Maddə 4. Qanunun
pozulmasına görə məsuliyyət
4.1. Bu Qanunun tələblərinə riayət
edilməsinə nəzarət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
4.2. Bu Qanunun tələblərinin pozulması qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Maddə 5. Qanunun
qüvvəyə minməsi
Bu Qanunun 3.3-cü maddəsi ƏDV
məqsədləri üçün qeydiyyata
alınmış və vergi tutulan
əməliyyatlarının həcmi ardıcıl 12 aylıq
dövrün istənilən ayında (aylarında) iki yüz
min manatdan artıq olan vergi ödəyicilərinə
münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi
ödəyicilərinə münasibətdə isə 2017-ci
il aprelin 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 16 dekabr 2016-cı il
¹ 461-VQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
13 iyun 2017-ci il tarixli 729-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1288)
2.
28 dekabr 2018-ci il tarixli 1411-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
28)
3.
1 may 2020-ci il tarixli 77-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 may 2020-ci il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹5, maddə 527)
4.
6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 noyabr 2020-ci il, ¹ 245, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1333)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 2018-ci
il tarixli 1411-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 28) ilə 2-ci maddənin mətni 2.1-ci maddə
hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə
əlavə edilmişdir.
[2] 6 oktyabr 2020-ci il tarixli 183-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr
2020-ci il, ¹ 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1333) ilə 3.3-cü maddədən
“ticarət və (və ya)”
sözləri çıxarılmışdır.
[3] 1 may 2020-ci
il tarixli 77-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə 527)
ilə yeni məzmunda
3.3-1-ci maddə əlavə edilmişdir.
[4] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, maddə 1288)
ilə 3.4.2-ci maddədə “sığorta”
sözü “sığortalar”
sözü ilə əvəz edilmişdir.
[5] 1 may 2020-ci
il tarixli 77-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə 527)
ilə 3.5.4-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 3.5.5-ci maddə əlavə edilmişdir.
[6] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1288) ilə yeni məzmunda 3.6-cı maddə əlavə
edilmişdir.