Azərbaycan Respublikası
adından
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 15-ci maddəsinin şərh
edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova
(məruzəçi-hakim), Rövşən İsmayılov,
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
maraqlı subyektlərin
nümayəndələri Bakı şəhəri Yasamal rayon
Məhkəməsinin hakimi İlahə Abbasovanın,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının
Sosial qanunvericilik şöbəsinin baş
məsləhətçisi Məhəmməd Bazıqovun,
ekspert Bakı Dövlət Universitetinin
Mülki hüquq kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor Məhəbbət
Dəmirçiyevanın,
mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi Əsəd
Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi
İkram Şirinovun iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq
olaraq Bakı şəhəri Yasamal rayon
Məhkəməsinin müraciəti əsasında xüsusi
konstitusiya icraatı üzrə açıq
məhkəmə iclasında Azərbaycan Respublikası
Ailə Məcəlləsinin 15-ci maddəsinin
“uşağın doğulmasından sonra 1 il
müddətində” müddəasının şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın
məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və
mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini
dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Yasamal rayon
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək Azərbaycan
Respublikası Ailə Məcəlləsinin (bundan sonra –
Ailə Məcəlləsi) 15-ci maddəsinin
“uşağın doğulmasından sonra 1 il
müddətində” müddəasının şərh
olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki,
iddiaçı O.Əliyev 29 dekabr 2014-cü il tarixində
G.Hüseynovaya qarşı nikahın pozulması
tələbinə dair məhkəmədə iddia qaldırmış,
lakin cavabdeh hamilə olduğu üçün nikah
pozulmamışdır. 28 fevral 2015-ci il tarixində cavabdehin
uşağı ölü doğulduqdan sonra iddiaçı
yenidən məhkəmədə nikahın pozulması
haqqında iddia qaldırmışdır. Məhkəmə
baxışı zamanı cavabdeh nikahın pozulmasına
razı olmamış və Ailə Məcəlləsinin 15-ci
maddəsinə istinad edərək, ərinin nikahın
pozulmasını tələb etmək hüququnun
olmadığını bildirmişdir.
Ailə Məcəlləsinin “Ərin
nikahın pozulmasını tələb etmək hüququnun
məhdudlaşdırılması” adlanan 15-ci maddəsinin
tələbinə görə arvadın hamiləliyi
dövründə və ya uşağın
doğulmasından sonra 1 il müddətində arvadın
razılığı olmadan ər nikaha xitam verilməsi
barədə iddia qaldıra bilməz.
Lakin bu məhdudiyyətin
uşağın ölü doğulduğu, yaxud 1 yaşı
tamam olanadək öldüyü hallara şamil edilib-edilməməsinin
dəqiq müəyyən olunmadığını və
maddənin tətbiqi ilə bağlı məhkəmə
təcrübəsində müxtəlif yanaşmaların mövcud
olduğunu nəzərə alaraq, müraciətedən
Ailə Məcəlləsinin 15-ci maddəsində
uşağın ölü doğulduğu, yaxud 1 yaşı
tamam olanadək öldüyü hallarda da 1 il
müddətində arvadın razılığı olmadan
ərin nikaha xitam verilməsi barədə iddia qaldırmaq
hüququnun olub-olmaması məsələsinə
aydınlıq gətirilməsi üçün qeyd edilən
normanın şərh olunmasının zəruriliyi
qənaətinə gəlmişdir.
Müraciətlə bağlı Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıların
qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci
maddəsində göstərilir ki, cəmiyyətin əsas
özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Ailə institutu tarixən
vətəndaş cəmiyyətinin əsas
təsisatlarından biri kimi insani dəyərlərin,
mədəniyyət və nəsillərin tarixi varisliyinin
qoruyucusu, sabitlik və yüksəliş təməli
sayılmışdır. Ailə hər bir sivil
cəmiyyətin əsasını təşkil edən,
insanlığın ən ali, ülvi və saf
duyğularını, nəcib niyyətlərini
özündə təcəssüm etdirən ittifaq kimi
dəyərləndirilmişdir.
Ailə bioloji, sosial və
məişət funksiyalarına görə cəmiyyətin
özəyi olmaqla yanaşı, hər bir normal insanın
böyük sərvəti, zinəti, həyatının
mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi
dəyərlərin ucalığında dayanan birlikdir.
Ailə institutuna dövlətin verdiyi
dəyərin nəticəsidir ki, ailənin qurulmasının
əsasını təşkil edən nikahın
bağlanılması şərtləri Konstitusiya ilə
müəyyən edilmişdir.
Konstitusiyanın “Nikah hüququ” adlanan
34-cü maddəsinə görə hər kəsin qanunla
nəzərdə tutulmuş yaşa çatdıqda ailə
qurmaq hüququ vardır. Nikah könüllü razılıq
əsasında bağlanılır və heç kəs zorla
evləndirilə (ərə verilə) bilməz. Nikah və
ailə dövlətin himayəsindədir. Analıq,
atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Dövlət çoxuşaqlı ailələrə yardım
göstərir. Ər ilə arvadın hüquqları bərabərdir.
Uşaqlara qayğı göstərmək, onları
tərbiyə etmək valideynlərin həm hüququ, həm
də borcudur.
Öz əsas qayəsini Konstitusiyadan
götürən ailə qanunvericiliyi ailə
münasibətlərinin yaranmasının və
möhkəmlənməsinin, onlara xitam verilməsinin
prinsiplərini, ailə münasibətlərinin
iştirakçılarının hüquq və
vəzifələrini, dövlət orqanlarının bu
sahədə vəzifələrini, habelə
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı qaydalarını
tənzimləyən normaları müəyyən etmişdir.
Ailə Məcəlləsinin 1.3-cü
maddəsində müəyyən edilmişdir ki, ailə
qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zəruriyyətindən, ailə münasibətlərinin
qarşılıqlı məhəbbət və hörmət
hissləri əsasında qurulmasından, ailənin
işinə hər kəsin qarışmasının
yolverilməzliyindən, ailə üzvlərinin ailə
qarşısında qarşılıqlı yardım və
məsuliyyətindən, onların hüquqlarının
maneəsiz həyata keçirilməsinin təmin
olunmasından və bu hüquqların məhkəmədə
müdafiəsi imkanlarından irəli gəlir.
Ailə qanunvericiliyinə görə,
nikah kişi ilə qadının ailə qurmaq
məqsədilə müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə
Məcəlləsinin 2.3-cü maddəsi).
Nikaha daxil olarkən və ailə
münasibətlərində sosial, irqi, milli, dini və dil
mənsubiyyətinə görə vətəndaşların
hüquqlarının hər hansı formada məhdudlaşdırılması
qadağandır. Ailənin başqa üzvlərinin və
digər vətəndaşların
mənəviyyatının, sağlamlığının,
hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi məqsədi ilə
vətəndaşların ailədəki hüquqları
yalnız qanun əsasında məhdudlaşdırıla
bilər (Ailə Məcəlləsinin 2.4 və 2.5-ci
maddələri).
Vətəndaşlar ailə
hüquqlarını və onların müdafiəsini, bu
Məcəllədə başqa qayda nəzərdə
tutulmayıbsa, müstəqil həyata keçirirlər.
Ailənin bir üzvü öz hüquqlarını həyata
keçirərkən və vəzifələrini yerinə
yetirərkən ailənin başqa üzvlərini və
digər vətəndaşların hüquqlarını,
azadlıqlarını və qanuni mənafelərini
pozmamalıdır (Ailə Məcəlləsinin 6-cı maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh
edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə
görə, kişi və qadının nikah ittifaqının
könüllülüyü və iradə sərbəstliyi
prinsipinə əsasən hər bir kişinin və
qadının öz rəyi ilə könüllü
surətdə, kənar şəxslərin təsiri olmadan özünə
ər və arvad seçmək hüququ vardır. Nikaha daxil
olan kişi və qadının qarşılıqlı
könüllü razılığı nikahın bağlanmasının
əsas şərtidir.
Konstitusiyanın və ailə
qanunvericiliyinin yuxarıda qeyd olunan normalarını təhlil
edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, nikahın könüllülüyü, nikaha daxil olan
şəxslərin iradə ifadəsinin sərbəstliyi,
ailənin möhkəmləndirilməsi zəruriyyəti,
ər və arvadın hüquqlarının maneəsiz
həyata keçirilməsinin təmin olunması və
onların bu hüquqlarının məhkəmədə
müdafiəsi imkanları, ər-arvadın hüquq
bərabərliyi, ailədaxili məsələlərin
qarşılıqlı razılıq əsasında həll
olunması və s. prinsiplər nikahın bütün
mərhələlərini (nikaha daxil olma, nikahda olma və
nikaha xitam verilməsini) əhatə edir.
Nikaha xitam verilməsinin əsasları
və qaydası Ailə Məcəlləsinin 4-cü
fəslinin, nikahın pozulmasının qeydə
alınması məsələləri isə həmin Məcəllənin
25-ci fəslinin müddəaları ilə tənzimlənir.
Ailə hüquq
nəzəriyyəsində nikaha xitam verilməsi dedikdə,
müəyyən hüquqi faktların yaranması ilə
əlaqədar ər-arvadın qanunla nəzərdə tutulmuş
qaydada bağlanmış nikahdan əmələ gələn
münasibətlərinə xitam verilməsi başa
düşülür.
Ailə qanunvericiliyi nikahın
pozulmasının iki qaydasını müəyyən edir -
məhkəmə qaydasında və müvafiq icra
hakimiyyəti orqanında (inzibati qaydada). Ailə Məcəlləsinin
16-cı maddəsinə görə nikaha xitam verilməsi
müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin
19-21-ci maddələrində nəzərdə tutulmuş
hallarda isə məhkəmə tərəfindən həyata
keçirilir.
Həmin maddələrdə qanunverici
məhkəmə qaydasında nikaha xitam verilməsinin iki
əsas şərtini müəyyən etmişdir:
ər-arvadın yetkinlik yaşına çatmayan ümumi
uşaqlarının olması; tərəflərdən birinin
nikahın pozulmasına razılığının
olmaması.
Ailə Məcəlləsi nikaha xitam
verilməsinin qaydalarını müəyyən
edərkən nikahın könüllülüyü,
ər-arvadın hüquq bərabərliyi, həmçinin
nikahın pozulmasının azadlığı, ər və
arvadın hüquqlarının maneəsiz həyata
keçirilməsinin təmin olunması prinsipləri,
habelə uşaqların hüquqlarının müdafiəsi
baxımından çıxış edir.
Qeyd olunduğu kimi, Ailə
Məcəlləsinin 15-ci maddəsinə əsasən
arvadın hamiləliyi dövründə və ya
uşağın doğulmasından sonra 1 il müddətində
arvadın razılığı olmadan ər nikaha xitam
verilməsi barədə iddia qaldıra bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, məhkəmə təcrübəsində fikir
ayrılığına səbəb olan qanunun bu
məhdudlaşdırıcı göstərişi ailənin
tamlığına, ana və uşağın
hüquqlarının qorunmasına xidmət etməklə
qadının müəyyən zaman kəsiyində, yəni
hamiləlik və uşağın doğulmasından
sonrakı dövrdə nəinki qəbulediləndir, eyni
zamanda analığa verilən yüksək insani
dəyərdir.
Bu həmçinin Ailə
Məcəlləsinin vəzifələrindən də
irəli gəlir. Belə ki, həmin Məcəllənin
3.0.4-cü maddəsinə əsasən ana və
uşaqların mənafeyinin hərtərəfli
müdafiəsi bu Məcəllənin vəzifələrindən
biri kimi müəyyən edilmişdir.
Ailə Məcəlləsinin 85.1.1-ci
maddəsinə görə isə hamiləlik
dövründə və ümumi uşaqların doğulduğu
gündən 3 il ərzində keçmiş arvad nikah
pozulduqdan sonra məhkəmə qaydasında zəruri
vəsaitə malik olan keçmiş ərdən aliment
ödəməyi tələb etmək hüququna malikdir.
Bu baxımdan, ərin nikahın
pozulmasını tələb etmək hüququnun
müəyyən müddətdə məhdudlaşdırılması
ər-arvad arasında bərabərlik hüququnun pozulması
kimi qəbul edilə bilməz. Belə ki, bu hüquq yalnız
məlum zaman kəsiyində məhdudlaşdırılır
ki, bu da Ailə Məcəlləsinin 2.5-ci maddəsinin
tələbinə tam uyğundur. Burada da məqsəd
qadına və uşağa münasibətdə daha yumşaq
mühitin yaradılmasıdır.
Bir sıra dövlətlərin nikah
və ailə qanunvericiliyində də arvadın hamiləliyi
dövründə və uşaq doğulduqdan sonra ərin
arvadın razılığı olmadan nikahın
pozulmasını tələb etmək hüququnun
müəyyən müddətə
məhdudlaşdırılması nəzərdə
tutulmuşdur.
Belə ki, oxşar yanaşmalar Rusiya
Federasiyası, Qazaxıstan, Ukrayna, Qırğızıstan,
Moldova, Belarus Respublikalarının qanunvericiliyində də
müəyyən edilmişdir.
Rusiya Federasiyası Ailə
Məcəlləsinin analoji məsələni
tənzimləyən 17-ci maddəsinə Rusiya Federasiyası
Ali Məhkəməsi Plenumunun “Məhkəmələr
tərəfindən nikahın pozulması işləri
üzrə qanunvericiliyin tətbiqi barədə” 5 noyabr 1998-ci
il tarixli Qərarı ilə şərh verilərək
arvadın hamiləliyi dövründə və
uşağın doğulmasından sonra 1 il
müddətində arvadın razılığı olmadan
ərin nikaha xitam verilməsi barədə iddia qaldırmaq
hüququnun uşağın ölü doğulduğu və
ya 1 yaşına çatanadək öldüyü hallara da
şamil edildiyi göstərilmişdir.
Moldovanın qanunvericiliyi isə ərin
nikahın pozulması barədə iddia qaldırmasına 1
illik məhdudiyyətin qoyulmasını uşağın
doğulduqdan sonra 1 il müddətində yaşaması
ilə şərtləndirir.
Ailə Məcəlləsinin 15-ci
maddəsinin tətbiqi ilə bağlı müxtəlif
yanaşmalara gəldikdə isə Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, qanunun mənasına
görə, arvadın hamiləliyi dövründə və ya
uşağın doğulmasından sonra 1 il
müddətində arvadın razılığı olmadan
ərin nikaha xitam verilməsi barədə iddia
qaldırmasına məhdudiyyətin qoyulması yalnız
doğum faktı ilə şərtləndirilir. Normanın
“doğulduqdan sonra” ifadəsi doğum faktından 1 il
müddət keçməsini nəzərdə tutur.
Uşağın doğulması artıq hüquqi fakt hesab
olunur, onun ölü doğulması qanunun müəyyən
etdiyi müddətin aradan qaldırılması
üçün heç bir əhəmiyyət kəsb etmir.
Ailə Məcəlləsinin 15-ci maddəsinin
tələbinin uşağın 1 yaşına
çatanadək ölməsi halına şamil
olunub-olunmaması ilə bağlı Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, qanunun bu norması
imperativ xarakter daşımaqla birmənalı
şəkildə müəyyən etmişdir ki, arvadın
razılığı olmadan ər uşağın
doğulmasından sonra 1 il müddətində nikaha xitam
verilməsi barədə iddia qaldıra bilməz. Qanunun
müəyyən etdiyi 1 il müddətində
məhdudiyyət uşağın bir neçə aydan sonra
ölməsi faktı ilə əlaqələndirilmir və
onun ölümü də 1 illik müddəti aradan qaldırmır.
Bu baxımdan, Ailə Məcəlləsinin 15-ci
maddəsində nəzərdə tutulan 1 illik
məhdudiyyət uşağın ölü doğulduğu
və ya bir yaşına çatanadək öldüyü
halları da ehtiva edir.
Göstərilən maddənin
mənasına görə ərin arvadın
razılığı olmadan nikahın pozulması
barədə iddia qaldırmaq hüququ, uşağın
ölü doğulması və ya bir yaşına
çatanadək ölməsi hallarında da, yalnız
uşağın doğulduğu gündən 1 illik
müddət tamam olduqdan sonra yaranır.
Qanunun tələbinə görə
arvadın razılığı olmadan onun hamiləliyi
dövründə ər nikaha xitam verilməsi barədə
iddia qaldırdığı halda onun ərizəsi
məhkəmə tərəfindən qəbul
edilməməli, hamiləlik iddia ərizəsinin icraata
qəbul edilməsindən sonra müəyyən edildiyi halda
isə mülki-prosessual qanunvericiliyin tələblərinə
uyğun olaraq işin icraatına xitam verilməlidir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir ki, Ailə Məcəlləsinin
15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il
müddətində arvadın razılığı olmadan
ər nikaha xitam verilməsi barədə iddia qaldıra
bilməz” müddəası uşağın ölü
doğulduğu və ya doğulduqdan sonra 1 il
müddətində öldüyü halları da ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 15-ci maddəsinin “uşağın
doğulmasından sonra 1 il müddətində arvadın
razılığı olmadan ər nikaha xitam verilməsi
barədə iddia qaldıra bilməz” müddəası
uşağın ölü doğulduğu və ya
doğulduqdan sonra 1 il müddətində öldüyü
halları da ehtiva edir.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev
Bakı
şəhəri, 16 oktyabr 2015-ci il.