Vətəndaşların
müraciətləri haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 57-ci maddəsinə və 94-cü
maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq,
Azərbaycan Respublikası vətəndaşlarının
müraciət etmək hüququnun həyata
keçirilməsi ilə bağlı münasibətləri
tənzimləyir, vəzifəli şəxslərin
müraciətlərə baxması qaydasını
müəyyən edir.
Maddə 1. Müraciət etmək hüququ
1.1. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət və
bələdiyyə orqanlarına, dövlət və ya
bələdiyyə mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
və ya bələdiyyəyə məxsus olan hüquqi
şəxslərə və büdcə
təşkilatlarına və ya onların vəzifəli
şəxslərinə şəxsən və ya
nümayəndə vasitəsilə yazılı və ya
şifahi formada, fərdi və ya kollektiv şəkildə
müraciət etmək hüququ vardır.
1.2. Vətəndaşlar müraciət
etmək hüququnu sərbəst və könüllü
həyata keçirirlər. Vətəndaşın öz
müraciət hüququnu həyata keçirməsi digər
şəxslərin hüquqlarını və
azadlıqlarını pozmamalıdır.
1.3. İrqinə, milliyyətinə, dininə,
dilinə, cinsinə, mənşəyinə, əmlak
vəziyyətinə, qulluq mövqeyinə,
əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına
və digər ictimai birliklərə mənsubiyyətinə
görə şəxsin müraciət etmək hüququnu
məhdudlaşdırmaq qadağandır.
Maddə 2. Vətəndaşların
müraciətləri haqqında qanunvericilik
Vətəndaşların müraciətləri
haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən, bu Qanundan və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından
ibarətdir.
Maddə 3. Əsas anlayışlar
3.0. Bu Qanunun məqsədləri
üçün aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
3.0.1. müraciət
edən şəxs – fiziki və ya hüquqi şəxs;
3.0.2. müraciət
– müraciətə baxan subyektə və ya onun
vəzifəli şəxsinə şəxsən və ya
nümayəndə vasitəsilə yazılı (o
cümlədən elektron) formada göndərilən
(təqdim edilən) və ya şifahi formada edilən fərdi
və ya kollektiv təklif, ərizə, şikayət;
3.0.3. təklif
– qanunların və digər normativ hüquqi aktların
təkmilləşdirilməsi, dövlət və
bələdiyyə orqanlarının və digər
müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması,
elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi,
yaradıcılıq və başqa sahələrlə
bağlı məsələlərin həlli barədə
edilən müraciət;
3.0.4. ərizə
– hüquq və azadlıqların həyata keçirilməsi
ilə bağlı tələbləri nəzərdə tutan
müraciət;
3.0.5. şikayət
– pozulmuş hüquq və azadlıqların bərpası
və müdafiəsi ilə bağlı tələbləri
nəzərdə tutan müraciət;
3.0.6. müraciətə
baxan subyekt – fiziki və hüquqi şəxslərin
müraciətlərinə baxmaq və qərar qəbul
etmək səlahiyyəti olan dövlət və
bələdiyyə orqanları, dövlət və ya
bələdiyyə mülkiyyətində olan və ya
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus olan
hüquqi şəxslər və büdcə
təşkilatları;
3.0.7. müraciətə
baxan subyektin canlı yayımlanan teleradio proqramındakı
nümayəndəsi – müraciətə baxan subyektin
razılığı ilə onu həmin proqramda təmsil
edən vəzifəli şəxs;
3.0.8. müraciətə
baxan subyektin vəzifəli şəxsi –
müraciətə baxan subyektin rəhbəri, dövlət
orqanında inzibati vəzifə tutan və hakimiyyət
səlahiyyətləri olan şəxs, digər
müraciətə baxan subyektlərdə
təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat vəzifələrində daimi
və ya müvəqqəti işləyən və ya
həmin vəzifələri xüsusi səlahiyyət
əsasında həyata keçirən şəxslər;
3.0.9. şifahi
müraciət – vətəndaşların fərdi və
kollektiv qəbulu zamanı və ya müraciətə baxan
subyektin nümayəndəsinin iştirakı ilə canlı
yayımlanan teleradio proqramları zamanı, habelə telefon
müraciət xidməti vasitəsilə edilən
müraciət;
3.0.10. telefon
müraciət xidməti – müraciət edənin
şifahi müraciətinin qəbulunu, texniki vasitələrin
köməyi ilə qeydiyyatını və
cavablandırılmasını həyata keçirmək üçün
yaradılmış rabitə xidməti;
3.0.11. yazılı
müraciət – kağız üzərində və ya
elektron formada tərtib edilmiş müraciət;
3.0.12. elektron
müraciət – müraciətə baxan subyektin və ya
onun vəzifəli şəxsinin elektron ünvanına
göndərilən və ya rəsmi internet saytı
vasitəsilə daxil edilən müraciət;
3.0.13. kollektiv
müraciət – eyni məsələyə dair iki və
daha çox şəxsin birgə müraciəti, yaxud ictimai
iştirakçılığın həyata
keçirilməsi ilə əlaqədar olan müraciətlər;
3.0.14. təkrar
müraciət – müraciətin bu Qanunla müəyyən
edilmiş baxılması müddəti ötdükdə
və ya həmin müraciət cavablandırıldıqda eyni
şəxsin eyni məsələ ilə bağlı eyni
müraciətə baxan subyektə və ya onun vəzifəli
şəxsinə göndərdiyi növbəti
müraciət;
3.0.15. anonim
müraciət – müraciətə baxan subyektə və
ya onun vəzifəli şəxsinə
vətəndaşın soyadı, adı, atasının
adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi
şəxslərə münasibətdə hüquqi
şəxsin adı və hüquqi ünvanı, onun
rəhbərinin imzası) olmadan yazılı formada
göndərilən müraciət.
Maddə 4. Vətəndaşların
müraciətlərinə baxılmasının əsas
prinsipləri
4.0. Vətəndaşların
müraciətlərinə baxılmasının əsas
prinsipləri aşağıdakılardır:
4.0.1. qanunçuluq;
4.0.2. vətəndaşların
müraciət hüququnun sərbəst və
könüllü həyata keçirməsinə
şərait yaradılması;
4.0.3. müraciətlərə dair
tələblərin vahidliyi;
4.0.4. fiziki və hüquqi
şəxslərin hüquqlarının və qanuni
mənafelərinin qorunması;
4.0.5. müraciətlərə
baxılmasında ayrı-seçkiliyə və
süründürməçiliyə yol verilməməsi;
4.0.6. müraciətə baxan
subyektlərin və onların vəzifəli
şəxslərinin fəaliyyətində
şəffaflığın təmin edilməsi;
4.0.7. vətəndaşların müraciət
etmək hüququ ilə dövlət maraqlarının
uzlaşdırılması.
Maddə 5. Bu Qanunun tətbiq dairəsi
5.1. Azərbaycan Respublikasının
Konstitusiya qanunlarında, başqa qanunlarda, onların
əsasında qəbul edilmiş digər normativ hüquqi
aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə başqa qayda nəzərdə
tutulmayıbsa, bu Qanunun müddəaları
vətəndaşların bütün
müraciətlərinə şamil edilir.
5.2. Bu Qanunun müddəaları
vətəndaşların məhkəmə icraatı və
ya inzibati icraat çərçivəsində etdikləri
müraciətlərə şamil edilmir.
5.3. Hərbi qulluqçuların
xidmətlə əlaqədar bilavasitə rəislərinə
və ya böyük rəislərinə müraciət
etmə və onlara baxılması qaydası Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət
Nizamnaməsi və İntizam Nizamnaməsi ilə
tənzimlənir.
5.4. Referendumun və seçkilərin
bilavasitə təşkili və keçirilməsi ilə
əlaqədar müraciətlərin edilməsi və onlara
baxılması qaydası Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə tənzimlənir.
5.5. Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinə
(ombudsmana) insan hüquqlarının pozulmasına dair
şikayətlərin verilməsi və bu
şikayətlərə baxılması qaydası
“Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
5.6. İnformasiya əldə edilməsi
üçün sorğunun verilməsi və informasiya
əldə edilməsi haqqında sorğuya baxılması
qaydası “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.7. Məişət
zorakılığı barədə şikayətdə
cinayət tərkibinin əlamətləri olmadıqda
şikayətlərə baxılması qaydası
“Məişət zorakılığının
qarşısının alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
5.8. Siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunan
ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən
hüquqi şəxslərə, habelə normativ hüquqi
aktlar və ya müqavilə əsasında təhsil,
səhiyyə, mədəniyyət və sosial
sahələrdə xidmət göstərən özəl
hüquqi şəxslərə və fərdi sahibkarlara
müraciət edilməsi və həmin
müraciətlərə baxılması qaydası bu Qanunla
tənzimlənir.
5.9. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə başqa qayda nəzərdə
tutulmayıbsa, bu Qanunun müddəaları
əcnəbilərin, vətəndaşlığı olmayan
şəxslərin və xarici hüquqi şəxslərin
müraciətlərinə şamil edilir.
Maddə 6. Vətəndaşların
müraciətlərinə dair tələblər
6.1. Vətəndaşlar
müraciətlərini həmin məsələyə
baxılmasını bilavasitə təmin etməli olan
müraciətə baxan subyektlərə və ya onların vəzifəli
şəxslərinə yazılı formada təqdim edir
və ya şifahi formada bildirirlər.
6.2. Yazılı müraciətlər
şəxsən və ya nümayəndə vasitəsilə
təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci
maddəsində göstərilən qaydada göndərilir.
6.3. Yazılı müraciətdə
aşağıdakılar göstərilir:
6.3.1. müraciətə baxan subyektin
adı və ya onun vəzifəli şəxsinin adı,
soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron
ünvanına göndərilən müraciətlər istisna
olmaqla);
6.3.2. müraciət edən fiziki
şəxsin adı, atasının adı, soyadı və
ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin
adı və hüquqi ünvanı;
6.3.3. müraciət nümayəndə
vasitəsilə təqdim edildikdə, nümayəndənin
adı, soyadı, atasının adı və ünvanı.
6.4. Müraciət hüquqi şəxslərin
firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki
şəxsin əlaqə məlumatlarından ən azı
birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü
maddəsinin tələblərinə cavab vermədikdə
anonim sayılır. Anonim müraciətlər
müraciətə baxan subyektlər və onların
vəzifəli şəxsləri tərəfindən qəbul
edilmir və onlara baxılmır.
6.5. Kağız üzərində
yazılı müraciəti fiziki şəxs və ya
hüquqi şəxsin rəhbəri, yaxud onların
səlahiyyətli nümayəndəsi imzalamalı və tarix
qoymalıdır.
6.6. Yazılı müraciət
nümayəndə vasitəsilə təqdim edildikdə
müraciətə nümayəndənin
səlahiyyətlərini təsdiqləyən sənədin
surəti əlavə olunmalıdır.
6.7. Elektron müraciət həmin
müraciətə baxan subyektin və ya onun vəzifəli
şəxsinin elektron ünvanına göndərilir və ya
onun rəsmi internet saytına daxil edilir. Müraciətə
baxan subyektin rəsmi internet saytına daxil edilən
müraciətdə vətəndaşın elektron və ya
poçt ünvanı göstərilməlidir.
6.8. Elektron sənəd formasında
göndərilən müraciət elektron imza ilə təsdiq
olunmalıdır.
6.9. Müraciətin mətni oxunaqlı olmalı,
müraciətdə edilən təklif və ya tələb
aydın ifadə edilməlidir. Müraciətin mətnində
təhqir və böhtana yol verilməməlidir.
Maddə 7. Vətəndaşların
yazılı müraciətlərinin qəbulu, qeydiyyatı
və onlara baxılması qaydası
7.1. Müraciətə baxan subyektlər
və onların vəzifəli şəxsləri bu Qanunla
müəyyən edilmiş qaydada verilən yazılı
müraciətləri mütləq qəbul etməli, qeydiyyata
almalı və onlara baxılmasını təmin
etməlidirlər. Bu Qanunun tələblərinə uyğun
olaraq verilən müraciəti qəbul etməkdən imtina
qadağandır.
7.2. Vətəndaşların
müraciətləri ilə bağlı kargüzarlıq
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada aparılır və müraciətə baxan
subyektin rəhbəri tərəfindən təmin edilir.
7.3. Müraciətə baxan
subyektlərin müraciətlərin qəbul edilməsi və
cavablandırılması işini habelə elektron formada
həyata keçirmək hüququ vardır.
7.4. Vətəndaşın
müraciətinə onun daxilolma tarixi və qeydiyyat
nömrəsi qoyulur. Müraciət edən şəxsin
tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi,
tarixi və onun icraçısına dair məlumat bildirilir.
7.5. Müraciətdə
göstərilən məsələyə baxıldıqda
və bu barədə vətəndaşa (kollektiv
müraciətlərdə - müraciət edən
şəxslərdən birinə)
əsaslandırılmış cavab verildikdə
müraciət baxılmış hesab olunur.
Müraciətə dövlət dilində cavab verilir.
7.6. Elektron müraciətlərə
müraciətə baxan subyektlər və onların
vəzifəli şəxsləri tərəfindən
müraciət edənin göstərdiyi elektron ünvan
vasitəsilə elektron qaydada və ya müraciət edənin
xahişi ilə poçt ünvanı vasitəsilə
yazılı cavab verilməklə baxılır. Elektron
müraciətdə müraciət edənin elektron
ünvanı göstərilmədikdə müraciətə
poçt vasitəsilə yazılı cavab verilir.
7.7. Vətəndaşın
müraciətinə baxılmasına dair cavab məktubunda
müraciətdə göstərilən
məsələlərin araşdırılması və
görülən tədbirlər və ya həmin
məsələlərlə bağlı aidiyyəti
üzrə müraciət edilməli subyekt
göstərilməlidir.
7.8. Müraciətin baxılmamış
saxlanılması, qismən təmin edilməsi və ya
rədd edilməsi barədə qərar qəbul olunduqda,
müraciət edənə cavab məktubunda həmin
qərardan şikayət verilməsi qaydası izah edilir.
7.9. Müraciətə baxan subyekt və
ya onun vəzifəli şəxsi müraciətdə
göstərilən məsələnin həlli ilə
əlaqədar əlavə məlumatların öyrənilməsi
üçün aidiyyəti üzrə sorğu
göndərdikdə həmin sorğuya yeddi iş
günündən gec olmayaraq cavab verilməlidir.
7.10. Müraciətə baxan
subyektlər və ya onların vəzifəli
şəxsləri müraciətdə irəli
sürülən məsələlərin həlli onların
səlahiyyətinə aid olmadıqda, müraciəti
üç iş günündən gec olmayaraq aidiyyəti
üzrə göndərir və müraciət edənə bu
barədə məlumat verir. Müraciətdə
göstərilən məsələ bir neçə
müraciətə baxan subyektin səlahiyyətinə aid
edildikdə müraciətin surəti üç iş
günündən gec olmayaraq həmin subyektlərə
göndərilir.
7.11. Yuxarı dövlət orqanı
vətəndaşların müraciətlərini baxılmaq
üçün aidiyyəti dövlət və
bələdiyyə orqanlarına və ya digər
müraciətə baxan subyektə göndərdikdə
həmin müraciətə baxılmanın nəticəsi barədə
yuxarı dövlət orqanının tələbi ilə
müraciətə baxan subyektin rəhbəri
tərəfindən ona məlumat verilməlidir.
7.12. Vətəndaşın
müraciətində göstərilən
məsələlər “Dövlət sirri haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
dövlət sirri təşkil edən məlumatlara və ya
qanunla qorunan digər məlumatlara aid edildikdə
müraciətin bu səbəbdən mahiyyəti üzrə
cavablandırılmasının mümkünsüzlüyü
barədə müraciət edənə məlumat verilir.
7.13. Vətəndaşların
müraciətlərini aidiyyəti üzrə baxılmaq
üçün qanunazidd hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən müraciətə
baxan subyektə və ya onun vəzifəli
şəxslərinə göndərmək qadağandır.
7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə
müəyyən edilmiş qadağaya görə
vətəndaşın müraciətini aidiyyəti
üzrə göndərmək mümkün olmadıqda
vətəndaşa qanunla müəyyən edilmiş qaydada
məhkəməyə müraciət etmək hüququ izah
olunur.
Maddə 8. Müraciətin
baxılmamış saxlanılması
8.1. Müraciət
aşağıdakı hallarda baxılmamış
saxlanılır:
8.1.1. bu Qanunun 5-ci maddəsinə
uyğun olaraq müraciətin edilməsi və ona
baxılması üçün başqa qayda
nəzərdə tutulduqda;
8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu
maddələrində göstərilən
tələblərə cavab vermədikdə;
8.1.3. müraciətdə
göstərilən məsələ ilə əlaqədar
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olduqda;
8.1.4. vətəndaşın təkrar
müraciətlərinə bir il ərzində 3 dəfə
mahiyyəti üzrə əsaslandırılmış cavab
verildikdə və təkrar müraciətdə
məsələnin həlli üçün yeni məlumatlar
olmadıqda;
8.1.5. bu Qanunun 7.9-cu maddəsində
göstərilən hallarda müraciətin aidiyyəti
üzrə göndərilməsi mümkün olmadıqda
və ya müraciətdə olan məlumatlar onun həlli
və ya aidiyyəti üzrə göndərilməsi
üçün kifayət etmədikdə;
8.1.6. müraciət etmiş şəxs
bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə
ilə müraciət etdikdə.
8.2. Bu Qanunun 8.1-ci maddəsində
göstərilən hallarda müraciətə baxan subyekt
və ya onun vəzifəli şəxsi müraciət edən
şəxsə səbəblər göstərilməklə
müraciətin (anonim müraciət istisna olmaqla)
baxılmamış saxlanılması barədə beş
iş günündən gec olmayaraq, şifahi müraciətin
baxılmamış saxlanılması üçün
əsas olduqda isə dərhal məlumat verir.
8.3. Müraciətin baxılmamış saxlanmasına
əsas verən hallar aradan qaldırıldıqda
müraciətə baxan subyekt ona baxılmanı təmin
etməlidir.
Maddə 9. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar barədə müraciətlərə
baxılmasının xüsusiyyətləri
9.1. Dövlət orqanlarında korrupsiya
ilə əlaqədar hüquqpozmalar barədə
müraciətlərə, bu maddənin
xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna
müvafiq olaraq baxılır.
9.2. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar barədə müraciət daxil olduqda
dövlət orqanının rəhbəri müraciət
üzrə xidməti araşdırma təyin edir. Xidməti
araşdırmanı müvafiq dövlət orqanında daxili
nəzarət xidməti aparır. Xidməti araşdırma 20
iş günü müddətində başa
çatdırılmalı və nəticəsi barədə
məlumat dövlət orqanının rəhbərinə
təqdim olunmalıdır. Əlavə materialların və
məlumatların əldə edilməsi tələb olunduqda
dövlət orqanı rəhbərinin bu müddəti 10
iş günü uzatmaq hüququ vardır.
9.2-1. Barəsində məlumat
verilən şəxsə, həmçinin
araşdırmanın nəticəsində birbaşa və ya
dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın
araşdırılması həvalə edilə bilməz.[1]
9.3. Dövlət orqanının
rəhbəri xidməti araşdırmanın nəticəsi
barədə məlumatı aldıqdan sonra müraciət
üzrə aşağıdakı qərarlardan birini qəbul
edir:
9.3.1. müraciətin əsaslı
olduğu təsdiq edildikdə, eyni zamanda əməldə
mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq
əlamətlər olduqda Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq tədbirlər
görülməsi, cinayət əlamətləri olan
hüquqpozmalar aşkar edildikdə, müvafiq
sənədlərin Azərbaycan Respublikasının Baş
Prokurorluğuna göndərilməsi barədə;
9.3.2. müraciətin əsaslı
olması təsdiq edildikdə, lakin əməldə
mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti
yaradacaq əlamətlər olmadıqda aidiyyəti
şəxslərin intizam məsuliyyətinə cəlb
edilməsi barədə;
9.3.3. müraciətin əsaslı
olduğu təsdiq edilmədikdə şikayət üzrə
icraata xitam verilməsi barədə.
9.4. Müraciət etmiş
şəxsə qəbul olunmuş qərar haqqında
əsaslandırılmış cavab verilməklə həmin
qərardan şikayət etmək hüququ izah olunur.
9.5. Vətəndaşın
dövlət orqanı rəhbərinin qərarından
yuxarı dövlət orqanına şikayət vermək
hüququ vardır. Bu müddəa vətəndaşın
dövlət orqanı rəhbərinin qərarından
məhkəməyə şikayət vermək hüququnu
məhdudlaşdırmır.
9.6. Dövlət orqanları istisna olmaqla, digər
müraciətə baxan subyektlərdə korrupsiya ilə
əlaqədar hüquqpozmalar barədə
müraciətlərə bu Qanunun 7-ci maddəsində
müəyyən edilmiş qaydada 20 iş günü
müddətində baxılır.
Maddə 10. Müraciətə
baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və
10.2-10.4-cü maddələrində göstərilən hallar
istisna olmaqla, vətəndaşların
müraciətlərinə ən geci 15 iş günü, əlavə
öyrənilmə və yoxlanılma tələb edən
müraciətlərə isə ən geci 30 iş
günü müddətində baxılır.
10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü
və 10.4-cü maddələrində göstərilən
hallar istisna olmaqla, müraciətə baxılması
üçün əlavə məlumatların əldə
edilməsi və ya aidiyyəti üzrə sorğu
göndərilməsi tələb edildikdə,
müraciətə baxan subyektin vəzifəli şəxsinin
müraciətə baxılması müddətini ən
çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu
barədə müraciət edən vətəndaşa,
habelə müraciəti baxılmaq üçün bu Qanunun
7.11-ci maddəsinə uyğun olaraq digər
müraciətə baxan subyektə göndərmiş
yuxarı dövlət orqanına onun tələbi ilə
məlumat verilməlidir.
10.3. Hərbi qulluqçuların və
onların ailə üzvlərinin müraciətlərinə
daxil olduğu gündən etibarən ən geci 15 iş
günü ərzində baxılır.
10.4. Əgər məlumatın
verilməsi barədə müraciətə yuxarıda
göstərilən müddətlərdə baxılması
nəticəsində lazım olan məlumat öz
əhəmiyyətini itirə bilərsə, həmin
müraciətə dərhal, bu mümkün olmadıqda,
müraciətin daxil olduğu andan 24 saat
keçənədək baxılmalıdır.
10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində
göstərilən müddətlərin axımı
müraciətin müraciətə baxan subyektə daxil
olduğu gündən başlanır.
Maddə 11. Vətəndaşların
qəbul edilməsi qaydası
11.1. Müraciətə baxan
subyektlər vətəndaşların qəbul edilməsini
vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin
etməlidirlər.
11.2. Vətəndaşları
müraciətə baxan subyektlərin rəhbərləri
və ya digər vəzifəli şəxsləri qəbul
edirlər.
11.3. Vətəndaşlar
əvvəlcədən məlumat verilən
günlərdə və saatlarda qəbul edilməlidirlər.
Vətəndaşın müraciəti ilə əlaqədar
təxirəsalınmaz tədbirlərin görülməsi
tələb edildikdə müraciətə baxan subyektin
rəhbəri və ya digər vəzifəli
şəxsləri onları dərhal qəbul
etməlidirlər.
11.4. Vətəndaş
şəxsiyyətini təsdiq edən sənəd və ya
şəxsiyyətini müəyyən edən rekvizitlər
və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə
qəbula yazılır. Qəbula gəlmiş
vətəndaş şəxsiyyətini təsdiq edən
sənədi təqdim etməlidir.
11.5. Qəbul zamanı təqdim
edilmiş yazılı müraciət bu Qanunun 7-ci
maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata
alınır və ona baxılır.
11.6. Vətəndaşın şifahi
müraciəti ilə bağlı qəbula dair
qeydiyyat-nəzarət vərəqəsində qeyd
aparılır. Şifahi müraciətdəki
məsələlərin həlli əlavə araşdırma
aparılmasını tələb etmədikdə
vətəndaşın razılığı ilə
müraciət qəbul zamanı şifahi qaydada
cavablandırılır. Qəbul zamanı vətəndaşın
müraciətini şifahi qaydada cavablandırmaq mümkün
olmadıqda müraciət yazılı şəkildə
təqdim olunur. Belə müraciətin qəbul edilməsi,
qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 11.5-ci
maddəsinə uyğun olaraq həyata keçirilir.
11.7. Vətəndaşın qəbulu
zamanı onun müraciətində qaldırılan
məsələnin digər müraciətə baxan
subyektlərin və onların vəzifəli
şəxslərinin səlahiyyətinə aid olduğu aşkar
edilərsə, müraciət edən şəxsə
aidiyyəti üzrə müraciət etmə qaydası izah
olunur.
11.8. Müraciətə baxan subyektlərin
rəhbərlərinin və digər vəzifəli
şəxslərinin səyyar və videoqəbullar, o
cümlədən onlayn konfranslar keçirmək hüququ
vardır. Bu cür qəbul zamanı təqdim edilən
müraciətlərin qəbul edilməsi, qeydiyyatı və
ona baxılması qaydası bu maddəyə uyğun olaraq
həyata keçirilir.
Maddə 12. Müraciətə baxan
subyektlərin və onların vəzifəli
şəxslərinin vəzifələri
12.1. Müraciətə baxan
subyektlər və onların vəzifəli şəxsləri
Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə müəyyən edilən və təminat
verilən qaydada vətəndaşların yazılı və
şifahi formada təkliflər vermək, ərizə ilə
müraciət etmək, vəzifəli şəxslərin
qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən)
şikayət etmək hüquqlarının sərbəst
həyata keçirilməsi üçün şərait
yaradılmasını təmin etməlidirlər.
12.2. Müraciətə baxan
subyektlər və onların vəzifəli şəxsləri
vətəndaşların təkliflərini, ərizə
və şikayətlərini qəbul etməli, onlara bu Qanunla
müəyyən olunmuş qaydada və
müddətlərdə baxmalı və cavab
verməlidirlər.
12.3. Müraciətə baxan
subyektlərin vəzifəli şəxsləri
vətəndaşların müraciətlərinə
baxarkən:
12.3.1. müraciətə obyektiv,
hərtərəfli və vaxtında baxılmasını
təmin etməlidirlər;
12.3.2. məsələnin mahiyyətini
öyrənməli və onun həlli üçün
lazımi sənədləri tələb etməlidirlər;
12.3.3. müraciətə baxılmasının
nəticəsi haqqında vətəndaşlara yazılı
formada məlumat verməli, müraciət təmin
edilmədikdə bunun səbəblərini
göstərməli, şikayət vermək qaydasını
izah etməlidirlər;
12.3.4. müraciətlər
barəsində əsaslandırılmış
qərarların qəbul edilməsini və bu qərarların
vaxtında və düzgün yerinə yetirilməsini
təmin etməlidirlər.
12.4. Dövlət orqanlarının
və onların vəzifəli şəxslərinin, siyasi
partiyaların, həmkarlar ittifaqlarının və digər
ictimai birliklərin, habelə ayrı-ayrı
vətəndaşların fəaliyyətinin və ya işinin
tənqid edilməsi ilə bağlı, yaxud
vətəndaşın və ya digər şəxslərin
hüquq və azadlıqlarının bərpası və
müdafiəsi məqsədi ilə edilən
müraciətə görə vətəndaşı
təqib etmək qadağandır.
12.5. Müraciətlərə
baxılması zamanı müraciətə baxan
subyektlərin və onların vəzifəli
şəxslərinin müraciətdəki
məsələlərin həlli ilə əlaqədar
əldə olunmuş məlumatları, o cümlədən
dövlət sirri təşkil edən və qanunla qorunan
digər məlumatları yayması (yazılı
müraciətin aidiyyəti üzrə baxılması
üçün digər müraciətə baxan subyektlərə
və onların vəzifəli şəxslərinə
göndərilməsi istisna olmaqla), eləcə də
müraciətin həlli ilə bağlı olmayan fərdi
məlumatların, o cümlədən xüsusi kateqoriyalı
fərdi məlumatların toplanılması,
saxlanılması, istifadəsi və yayılması
qadağandır.
12.6. Dövlət orqanının (və
ya onun vəzifəli şəxsinin) qanunazidd
hərəkəti (hərəkətsizliyi) barədə
prokurorluq orqanlarına daxil olmuş müraciətlərə
bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu
cür müraciətlər prokurorluq orqanlarının
səlahiyyətlərinə aid olmadıqda onlar beş iş
günü müddətində müraciət edən
şəxsə qaytarılır. Vətəndaşın
müraciəti müraciətə baxan subyekt (və ya onun
vəzifəli şəxsi) tərəfindən aidiyyəti
üzrə baxılması üçün prokurorluq
orqanına göndərildikdə həmin subyektə (və ya
onun vəzifəli şəxsinə) onun xahişi ilə
baxılmanın nəticəsi barədə məlumat verilir.
12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu
Qanunun 12.6-cı maddəsində göstərilən
müraciətlərə baxılmasının
nəticələri barədə altı ayda bir
dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti
orqanına məlumat verir.
Maddə 13. Nəzarətin həyata
keçirilməsi
13.1. Dövlət orqanlarında,
dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında kargüzarlıq
işinin aparılmasına nəzarəti müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə
tutulmuş nəzarətin həyata keçirilməsi
qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 14. Müraciətlərə
baxılması zamanı vətəndaşların
hüquqları
14.0. Müraciətinə baxılan
vətəndaşın aşağıdakı
hüquqları vardır:
14.0.1. müraciətin tam və
hərtərəfli araşdırılması
üçün əlavə sənəd və materiallar
təqdim etmək və ya bu sənədlərin əldə edilməsini
(o cümlədən elektron formada) müraciətə baxan
subyektdən xahiş etmək;
14.0.2. müraciətə
baxılmasının dayandırılması barədə
ərizə ilə müraciət etmək;
14.0.3. təkrar yazılı
müraciətə ilkin müraciətə
baxılmasının nəticəsi barədə
sənədləri əlavə etmək;
14.0.4. ictimai informasiya və fərdi
məlumatların əldə edilməsi məqsədi ilə
sorğu vermək;
14.0.5. müraciətin baxılmasına
dair sənədlərin və materialların digər
şəxslərin hüquqlarına və qanuni
mənafelərinə toxunmaması və ya qanunla dövlət
sirri təşkil edən məlumatlara və ya qanunla qorunan
digər məlumatlara aid edilməməsi şərti ilə
həmin sənəd və materiallarla tanış olmaq;
14.0.6. müraciətin qeydiyyat
nömrəsi və daxilolma tarixi barədə, müraciət
aidiyyəti üzrə göndərildikdə həmin
məktubun qeydiyyat nömrəsi və göndərilmə
tarixi barədə məlumat almaq;
14.0.7. müraciətə
baxılması barədə yazılı cavab və ya
müraciətin aidiyyəti üzrə
göndərilməsinə dair məlumat almaq;
14.0.8. müraciət barəsində
qəbul edilmiş qərarla razılaşmadıqda həmin
qərardan inzibati və (və ya) məhkəmə
qaydasında şikayət vermək;
14.0.9. müraciətin məzmununda
vətəndaşın ailə və şəxsi
həyatına aid sirr olan, habelə peşə və ya
kommersiya sirri olan sənədlərin və ya məlumatların
məxfiliyinin təmin olunmasını tələb etmək.
Maddə 15. Canlı yayımlanan teleradio
proqramları və ya telefon müraciət xidməti
vasitəsilə edilən şifahi müraciətlərin
xüsusiyyətləri
15.1. Canlı yayımlanan teleradio
proqramları vasitəsilə edilən şifahi
müraciət üzrə əlavə araşdırma aparmadan
izah verilməsi mümkün olduqda müraciətə baxan
subyektin həmin proqramda iştirak edən
nümayəndəsinin qeydiyyat aparmadan müraciəti
canlı yayımda cavablandırmaq hüququ vardır.
15.2. Vətəndaşların canlı
yayımlanan teleradio proqramları zamanı edilən
müraciətlərinin dərhal cavablandırılması
mümkün olmadıqda müraciətin qəbul edilməsi,
qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci
maddəsinə uyğun olaraq həyata keçirilir.
15.3. Telefon müraciət xidməti vasitəsilə
şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı
və cavablandırılması bu Qanunun tələbləri
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
Maddə 16. Bu Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər
Azərbaycan Respublikasının Mülki, İnzibati
Xətalar və Cinayət məcəllələrinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 17. Yekun müddəa
“Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 417;
1998, ¹ 7, maddə 444; 1999, ¹ 10, maddə 570; 2001, ¹ 3, maddə
151, ¹ 11, maddə 697, ¹ 12, maddə 736; 2002, ¹ 8, maddə 463;
2004, ¹ 1, maddə 10; 2006, ¹ 5, maddə 390, ¹ 12, maddə 1005;
2007, ¹ 11, maddə 1053; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 7, maddə
615) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 sentyabr 2015-ci il
¹ 1308-IVQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 aprel 2017-ci il tarixli 623-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun
2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹6 , maddə 1032)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 aprel 2017-ci il tarixli 623-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun
2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹6 , maddə 1032) ilə yeni məzmunda 9.2-1-ci maddə əlavə
edilmişdir.