“Azərbaycan Respublikasının ərazi sularında
üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının
2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü
il 14 may tarixli 161 nömrəli
Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazi
sularında üzmə Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
2.
“Azərbaycan Respublikasının ərazi sularında
üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci
il 6 noyabr tarixli 171 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹11, maddə 1173; 2012, ¹10, maddə 1022;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 iyun
tarixli 239 nömrəli qərarı) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 8 sentyabr 2015-ci il
¹ 296
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci
il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikasının ərazi sularında
üzmə
QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Dəniz limanları haqqında” Azərbaycan
Respublikası Qanununun 12.4-cü maddəsinə və
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr
tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının dəniz
təhlükəsizliyi Strategiyası”nın 5.3-cü
bəndinə uyğun olaraq hazırlanmışdır və
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində (bundan sonra -
Azərbaycan Respublikasının ərazi suları)
üzmə qaydalarını müəyyən edir.
1.2.
Bu Qaydalar gəmilərin Azərbaycan Respublikasının
ərazi sularına, həmçinin dəniz limanlarına
giriş-çıxışı zamanı, habelə
dəniz limanlarında gəmilərin, sərnişinlərin,
yüklərin, liman hidrotexniki qurğularının və
dəniz ətraf mühitinin mühafizəsi üzrə
tədbirlərlə bağlı Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi
(bundan sonra – Agentlik), Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi (bundan sonra –
Fövqəladə Hallar Nazirliyi), Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri
(bundan sonra – Hərbi Dəniz Qüvvələri),
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsi (bundan sonra – Sahil
Mühafizəsi), gömrük orqanları və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Su Nəqliyyatında
Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra – Su
Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi)
və liman idarələri arasında qarşılıqlı
əlaqələri tənzimləyir. [1]
1.3.
Bu Qaydalar Azərbaycan Respublikasının ərazi
sularında, dəniz limanının akvatoriyalarında və
tərsanələrdə gəmilərin
hərəkətinə və dayanmasına (Hərbi Dəniz
Qüvvələrinin və Sahil Mühafizəsinin
gəmiləri istisna olmaqla), eyni zamanda, gəmilərin
limanlara giriş-çıxışına dair ümumi
tələbləri özündə əks etdirir və
bütün gəmilərə və gəmi heyəti
üzvlərinə, liman ərazisində və
akvatoriyasında fəaliyyət göstərən, habelə
üzən vasitələrin istismarı ilə
məşğul olan hüquqi və fiziki
şəxslərə şamil edilir.
1.4.
Bu Qaydaların məqsədi dəniz
üzgüçülüyünün, kommunikasiya
xətlərinin və boru kəmərlərinin
təhlükəsizliyini, liman infrastruktur obyektlərinin və
liman hidrotexniki qurğularının, həmçinin digər
avadanlığın və ətraf mühitin
mühafizəsini, dənizin canlı resurslarının qorunub
saxlanılmasını, dəniz elmi tədqiqatlarının
və hidroqrafik çəkilişlərin həyata
keçirilməsini təmin etməkdən, eləcə
də gömrük, sərhəd, miqrasiya, gəmilərdə
sanitar-epidemioloji və sanitariya nəzarəti sahəsində
Azərbaycan Respublikasının və sahilyanı dövlətlərin
qanunlarının pozulmasının, ətraf mühitin
çirkləndirilməsinin və insan həyatı və
sağlamlığı üçün
təhlükələrin qarşısının
alınmasından ibarətdir.
1.5.
Azərbaycan Respublikasının ərazi sularında,
həmçinin liman akvatoriyasında dəniz
üzgüçülüyünün təhlükəsizliyinin
təmin edilməsi (kiçikhəcmli gəmilər istisna
olmaqla) bu Qaydaların tələblərinə uyğun olaraq, Agentlik
tərəfindən tabeliyindəki qurum vasitəsilə
həyata keçirilir.
2. Əsas anlayışlar
2.1.
Bu Qaydalarda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1.
gəmi –
özühərəkətedən və
özühərəkətetməyən, ticarət
gəmiçiliyi məqsədləri üçün
istifadə olunan üzən qurğu;
2.1.2.
özühərəkətedən
gəmi – yüklərin, sərnişinlərin və
onların baqajlarının, poçt
göndərişlərinin daşınmasını və
gəmilərin və ya digər üzən obyektlərin
yedəyə alınmasını həyata keçirən
gəmi;
2.1.3.
özühərəkətetməyən
gəmi – hərəkətəgətiricilərlə
(pərlər, mühərrik) təchiz edilməyən və
yedəkləmə vasitəsilə mövqeyini
dəyişən gəmi;
2.1.4.
sürətli gəmi –
sürəti 30 km/saat və daha artıq olan gəmi;
2.1.5.
kiçikhəcmli gəmi –
ümumi tutumu 300 registr tondan və mühərrikinin
gücü 250 kilovatdan az olan bütün növ
balıqçı, gəzinti və idman gəmiləri
(tankerlər, sərnişin, bərə, ro-ro, quru yük,
avtomobildaşıyan, hərbi, yardımçı hərbi,
yedək, dövlət mülkiyyətində olan və ya
dövlət tərəfindən istismar edilən
gəmilər istisna olmaqla), habelə asma mühərrikinin
sayından və gücündən asılı olmayaraq, asma
mühərriklə hərəkət edən bütün
növ gəmilər;
2.1.6.
yelkənli gəmi –
yelkən vasitəsilə hərəkət edən gəmi;
2.1.7.
yedəyə alınan tərkib
– burazla yedəyə alınan gəmilərin və
salların tərkib hissəsi olan gəmi;
2.1.8.
hərəkətdə olan
gəmi – lövbərdə dayanmayan, saya oturmayan,
sahilə, körpüyə, üzən qurğuya və ya
digər gəmiyə yanalmayan gəmi;
2.1.9.
hərəkətdə olmayan
gəmi – lövbərdə dayanan, saya oturan, sahilə,
körpüyə, üzən qurğuya və ya digər
gəmiyə yan alan gəmi;
2.1.10.
balıq ovu ilə
məşğul olan gəmi – tor, tral və onun manevr
qabiliyyətini məhdudlaşdıran digər növ ov
vasitələri ilə balıq və digər su bioresurslarının
ovunu həyata keçirən gəmi;[2]
2.1.11.
leyer çəpəri –
gəmidən insanların suya və ya yük yerlərinə
düşməsinin qarşısını almaq məqsədi
ilə gəmi konstruksiyasına (üst tikiliyə, dayaq və
ya dor ağacına) hər iki tərəfdən kip
bərkidilmiş, stasionar və ya çıxarıla
bilən tros (çəpər);
2.1.12.
dor ağacı – tarım
çəkilmiş vasitələrlə
dayanıqlığı saxlanılan şaquli gəmi
konstruksiya;
2.1.13.
fok-dor – iki və daha
çox dor ağacı olan gəmidə onun burun
hissəsindəki birinci dor ağacı;
2.1.14.
nok – bayraqların və naviqasiya
işarələrinin qaldırılması üçün dor
ağaclarına çarpaz (perpendikulyar) bərkidilmiş ştoklar.
2.2.
Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Dəniz
limanları haqqında” Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində nəzərdə
tutulmuş mənaları ifadə edir.
3. Azərbaycan Respublikasının ərazi
sularında üzmənin ümumi şərtləri
3.1.
Gəminin mülkiyyət formasından və
mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazi sularında üzən
gəmilər tərəfindən bu Qaydaların
tələblərinin yerinə yetirilməsi məcburidir.
3.2.
Azərbaycan Respublikasının ərazi sularında,
həmçinin liman akvatoriyalarında üzən
gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla)
hərəkəti “Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a
uyğun olaraq Hərəkətin Bölünmə
Sistemindən (bundan sonra – HBS) istifadə etməklə, Agentlik
tərəfindən tabeliyindəki qurum vasitəsilə
tənzimlənir.
3.3.
Azərbaycan Respublikasının ərazi sularında
üzən gəmilər HBS-dən istifadə
etmədikdə, onlar yalnız tövsiyə olunan dəniz
yollarından istifadə etməlidirlər.
3.4.
Xarici dövlətin bayrağı altında üzən
gəminin (hərbi gəmi istisna olmaqla) Azərbaycan
Respublikasının ərazi sularında, o cümlədən
liman akvatoriyasında iki məntəqə arasında
müəyyən müddətə istismarına Sahil
Mühafizəsi ilə razılaşdırılmaqla, Agentliyin
icazəsi olduqda yol verilir.
3.5.
Hər bir gəmi Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
konvensiyalarda və Ticarət Gəmiçiliyi
Məcəlləsində nəzərdə tutulmuş
sənədlərə malik olmalı, “Dənizçilərin
hazırlanması, onlara diplom verilməsinə və
növbə çəkməyə dair” 1978-ci il tarixli
Beynəlxalq Konvensiyanın tələblərinə cavab
verən diploma malik mütəxəssis tərəfindən
idarə edilməli və həmin Konvensiyanın tələblərinə
uyğun olaraq ixtisaslaşmış heyət üzvləri
ilə komplektləşdirilməlidir.
3.6.
Azərbaycan Respublikasının Dövlət bayrağı
altında üzən gəmilərdə gəmi kapitanı,
gəmi kapitanının baş köməkçisi, baş
mexanik və radiomütəxəssis yalnız Azərbaycan
Respublikasının vətəndaşı olmalıdır.
3.7.
Gəminin dənizə çıxışı zamanı
gəminin heyət üzvlərinin sayı Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
tərəfindən təsdiq edilmiş “Gəminin
səfərə çıxa bilməsi üçün
heyətin minimal tərkibi haqqında Əsasnamə”də
göstərilmiş saydan az olduqda, gəminin dənizə
çıxışına yol verilmir.
3.8.
Azərbaycan Respublikasının Dövlət bayrağı
altında üzən gəmilərdə heyət
üzvlərinin hüquq və vəzifələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may
tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının nəqliyyat donanması
gəmilərində Xidmət Nizamnaməsi” ilə
tənzimlənir.
3.9.
Gəmi kapitanı gəmidə mövcud qaydalara riayət
olunmasına cavabdehdir.
3.10.
Gəmidə olan bütün şəxslər gəmi
kapitanının göstərişlərini yerinə
yetirməli və gəmidə mövcud olan nizam-intizam
qaydalarına riayət etməlidirlər.
3.11.
Yedəyə alınan gəmi yedəkçi gəminin
göstərişlərini yerinə yetirməli və
gəminin idarə edilməsi üçün tələb
olunan vəziyyətə uyğun tədbirlər həyata
keçirməlidir.
3.12.
Gəmi yüklənərkən onun gövdəsinin
möhkəmliyinə və davamlılığına
xələl gəlməsinə və yük
nişanının suya batmasına yol verilmir.
3.13.
Gəmilərdə gəmi sənədlərində
göstərilmiş saydan artıq sərnişin
daşınması qadağandır.
3.14.
İnsan həyatı və sağlamlığı
üçün təhlükənin, üzən və
hidrotexniki qurğuların, naviqasiya qurğularının,
nişanların (işarələrin) və digər gəmilərin
zədələnmə təhlükəsinin, habelə
gəmi sürücülüyü üçün
maneələrin yaranması və ətraf mühitin
çirklənməsi təhlükəsinin
qarşısını almaq məqsədi ilə gəmi
kapitanı qabaqlayıcı tədbirlərin
görülməsini təmin etməlidir.
3.15.
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərin qeydiyyata alınması
(kiçikhəcmli gəmilər istisna olmaqla) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105
nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında gəmilərin dövlət
qeydiyyatına alınması Qaydaları”na uyğun olaraq
həyata keçirilir.
3.16.
Azərbaycan Respublikasının ərazi sularında
kiçikhəcmli gəmilərin təhlükəsiz
hərəkətinə dövlət nəzarəti, habelə
belə gəmilərin və onların dayanacağı
üçün bazaların, qurğuların, yanalma
körpülərinin və keçidlərin
təhlükəsiz istismarına texniki nəzarət
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin (bundan sonra -
Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti)
tərəfindən həyata keçirilir.[3]
3.17.
Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti kiçikhəcmli gəmiləri
limanlarda, bazalarda, qurğularda, yanalma
körpülərində və ya digər yanalma
məntəqələrində qeydiyyata alır və onlar
üçün ayrılmış dayanacaq yerlərində
onların mühafizəsini təmin edir.[4]
3.18.
Kiçikhəcmli gəmilər üçün dayanacaqlar
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə uyğun olaraq ayrılmış
və Agentlik,
Sahil Mühafizəsi, Səhiyyə Nazirliyi və
gömrük orqanları ilə razılaşdırılmaqla,
Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi
yerlərdə yaradılır.
3.19.
Kiçikhəcmli gəmilər sahibləri
tərəfindən Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası ərazi və daxili sularında
özühərəkətedən və
özühərəkətetməyən gəmilərin
saxlanılması Qaydaları”na uyğun olaraq Sahil
Mühafizəsində də qeydiyyatdan keçirilir və
onların qeydiyyat sənədlərinə bu barədə
ştamp vurulur.
3.20.
Azərbaycan Respublikasının Dövlət bayrağı
altında üzən gəmilərin Dövlət Gəmi
Reyestrində qeydəalınma siyahısı Agentlik
tərəfindən, kiçikhəcmli gəmilərin
Dövlət Gəmi Kitabında qeydəalınma
siyahısı isə Fövqəladə Hallar Nazirliyi
tərəfindən aparılır və hər il dekabrın
31-dək Sahil Mühafizəsinə, Hərbi Dəniz
Qüvvələrinin Qərargahına və gömrük
orqanlarına təqdim edilir.
3.21.
Gəmi kapitanı bu Qaydaların 1.2-ci bəndində
göstərilən orqanların Azərbaycan
Respublikasının ərazi sularında üzən
gəmilərdən öz funksiyalarının yerinə
yetirilməsi ilə əlaqədar tələb etdikləri
sənədləri onlara təqdim etməli, onların
fəaliyyəti üçün zəruri şərait
yaratmalı və onlara lazımi kömək etməlidir.
3.22.
Bu Qaydaların 1.2-ci bəndində göstərilən
orqanların səlahiyyətli şəxsləri tərəfindən
gəmi kapitanından səlahiyyətlərinə aid olmayan
sənədlərin tələb edilməsi
qadağandır.
3.23.
Gəmi kapitanı naviqasiya vasitələrində olan
çatışmazlıqlar haqqında dərhal liman
kapitanına və Agentliyin tabeliyində olan quruma
məlumat verməlidir.
3.24.
Gəmi qəzaya uğradıqda gəmi kapitanı Agentliyi
bu barədə dərhal məlumatlandırır və Agentlikdən
razılıq aldıqdan sonra gəmini qəza hadisəsinin
baş verdiyi yerdən uzaqlaşdırır. Agentlik ilə rabitə
əlaqəsi yaratmaq mümkün olmadıqda, gəmi
kapitanı Agentliyin
razılığı olmadan gəminin qəza yerindən
uzaqlaşdırılması, baş vermiş qəza
hadisəsinin sənədləşdirilməsi
üçün müvafiq tədbirlər görməli
və gəmini yaxınlıqdakı limana
çatdırmalıdır.
3.25.
Qəzaya uğramış gəminin
yaxınlığında olan gəminin kapitanı öz
gəmisinin təhlükəsizliyini qorumaq şərtilə
dərhal həmin gəmiyə köməklik
göstərməlidir.
3.26.
Gəmilərdə sanitar-epidemioloji nəzarəti xarici
dövlətin ərazisindən gələn gəminin limana
daxil olması və limandan xarici dövlətin
ərazisinə çıxışı zamanı
gömrük orqanları, digər hallarda isə Su
Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi
həyata keçirir.
4. Ərazi sularında dəniz
üzgüçülüyünün
xüsusiyyətləri
4.1.
Gəmi liman akvatoriyasında və onların
girəcəklərində üzərkən gəmi
kapitanı müəyyən olunmuş hərəkət
yolları üzrə üzməsini təmin etməli,
hərbi və dəniz dibini dərinləşdirən
gəmidən yankeçmə xüsusiyyətlərini
nəzərə almalı, gəmilərin fərqlənmə
siqnallarını bilməli, Hərbi Dəniz
Qüvvələrinin Liman Xidməti Postu, Sahil
Mühafizəsi və Agentliyin tabeliyində olan qurumun
fəaliyyəti barədə məlumatlı olmalıdır.
4.2.
Azərbaycan Respublikasının ərazi sularında
gəmilər Hərbi Dəniz Qüvvələrinin Naviqasiya
və Okeanoqrafiya Xidməti tərəfindən verilən
“Dənizçilər üçün
bildirişlər”də və müvafiq təlimatlarda
tövsiyə olunmuş yollar və kurslar üzrə
hərəkət etməlidir. Gəmi kapitanı
göstərilmiş marşrutlardan kənarlaşdıqda,
bunun səbəbləri barədə Agentliyin tabeliyində olan
qurumun gəmilərin hərəkətini idarə edən
operatora (bundan sonra - operator), liman kapitanına, Hərbi
Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil
Mühafizəsinə məlumat verməlidir.
4.3.
Bu Qaydaların 1.2-ci bəndində göstərilən
orqanların öz funksiyalarını həyata
keçirərkən, Azərbaycan Respublikasının
ərazi sularında hərəkət edən gəmini
dayandırmaq və yaxud onu təyin olunmuş yerə
istiqamətləndirmək hüququ vardır.
4.4.
Bu Qaydaların 1.2-ci bəndində göstərilən
orqanların göstərişləri Azərbaycan
Respublikasının ərazi sularında üzən gəminin
kapitanı üçün məcburidir.
4.5.
Gəmilərin hərəkətinin dayandırılması
məqsədi ilə aşağıdakı siqnallardan
istifadə edilir:
4.5.1.
gündüz vaxtı – “Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a
uyğun olaraq beynəlxalq siqnallar toplusuna əsasən “L”
(Lima) bayrağı qaldırılır;
4.5.2.
gecə vaxtı – şaquli xətt üzrə
yerləşən (üst-üstə) iki yaşıl
işıq yandırılır və ya gəmidən (sahil
məntəqəsindən) iki yaşıl və bir ağ
siqnal raketi havaya buraxılır.
4.6.
Ərazi sularında balıq tutulmasına və digər
işlərin yerinə yetirilməsinə yalnız
günün işıqlı vaxtı icazə verilir.
4.7.
Azərbaycan Respublikasının ərazi sularında
üzən gəmilərin kapitanları gəminin
giriş-çıxış vaxtı və koordinatları
haqqında məlumatları operatora və Sahil
Mühafizəsinə (xarici dövlətin ərazisindən
gələn və xarici dövlətin ərazisinə yola
düşən gəmilərin kapitanları həmçinin
gömrük orqanlarına) yerli vaxtla saat 08:00-da, 15:00-da və
20:00-da bildirməlidirlər. Balıqçı
gəmiləri öz koordinatları haqqında məlumatı
operatora və Sahil Mühafizəsinə yerli vaxtla saat 15.00-da
verməlidir.
4.8.
Gəmi kapitanları operator, Hərbi Dəniz
Qüvvələrinin, Sahil Mühafizəsinin və ya
gömrük orqanlarının dənizdəki
növbətçi gəmilərindən alınmış
çağırışa uyğun olaraq, olduqları
gəminin vaxtında və düzgün tanınmasına
cavabdehdirlər.
4.9.
Xarici dövlətin bayrağı altında üzən
gəmi Azərbaycan Respublikasının daxili sularında
üzərkən və ya Azərbaycan Respublikasının
limanında dayanarkən, öz bayrağı ilə yanaşı,
beynəlxalq dəniz adətlərinə uyğun olaraq
Azərbaycan Respublikasının bayrağını fok-dor
ağacının sağ nokunda qaldırmalıdır.
4.10.
Azərbaycan Respublikasının ərazi sularında
gəminin üzməsi üçün hər hansı bir
məhdudiyyət, yaxud onun hərəkətinin
ardıcıllığına dair göstəriş və ya
xüsusi siqnal olmadıqda, gəminin bu Qaydalara riayət
etməklə, təyinat məntəqəsinə
hərəkət etmək hüququ vardır.
4.11.
Limana daxil olan və ya çayda axının əks
istiqamətində hərəkət edən gəmi
aşağıdakı gəmilərə yol verməlidir:
4.11.1.
axın istiqamətində hərəkət edən və ya
limandan çıxan gəmilərə;
4.11.2.
idarə olunmayan və ya manevr imkanı məhdud olan və
“Dənizdə gəmilərin toqquşmasının
qarşısının alınmasına dair 1972-ci il tarixli
Beynəlxalq Qaydalar”ın 27-ci hissəsinə uyğun olaraq
işıq və işarələri qaldıran
gəmilərə;
4.11.3.
gəminin suya oturumu nəticəsində hərəkəti
məhdudlaşan və “Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”ın 28-ci
hissəsinə uyğun olaraq işıq və
işarələri qaldıran gəmilərə.
4.12.
Gəmilərin eyni vaxtda dar keçidlərdən,
döngələrdən və ya xətdən-xəttə
keçməsi mümkün olmadıqda və ya
təhlükəli olduqda, yol verməli olan gəmi digər
gəmidən təhlükəsiz məsafədə aralı
duraraq, onun keçidinə imkan yaratmalıdır.
4.13.
Gəmi kapitanı dar keçidlərdə quraşdırma
və ya dibdərinləşdirici işlərlə
məşğul olan gəmilərdən sovuşmaq
üçün gəminin sürətini azaltmalı və
həmin gəmilərdən sərbəst keçid
haqqında əvvəlcədən razılıq
almalıdır, əks halda bu gəmilərdən sovuşmaya
yol verilmir.
4.14.
Təhlükəli dalğanın yaranmasına yol
verməmək üçün gəmi kapitanı
aşağıdakı hallarda gəminin sürətini
vaxtında azaltmalıdır:
4.14.1.
yedək karvanından və kiçikhəcmli
gəmilərdən yan keçərkən;
4.14.2.
işlək vəziyyətdə olan üzən kranların,
dokların, debarkaderlərin, körpülərin,
körpüyə yan almış gəmilərin
yaxınlığından keçərkən;
4.14.3.
lövbərə dayanmış və ya saya oturmuş
gəminin yaxınlığından keçərkən;
4.14.4.
sualtı, hidrotexniki və digər xüsusi təyinatlı
işlər görülən yerlərdən
keçərkən;
4.14.5.
dibdərinləşdirici işlərlə məşğul
olan gəmilərin yaxınlığından
keçərkən;
4.14.6.
körpüdə və ya lövbərdə dayanan
gəmidə olan salların, pontonların və ya
içərisində adam olan qayıqların
yaxınlığından keçərkən.
4.15.
Liman akvatoriyasında gəmilərin bir-birini ötməsinə
yalnız hidrometeoroloji və gəminin manevr etməsi
üçün şərait qənaətbəxş olduqda
icazə verilir.
4.16.
Gəmilərin bir-birini ötməsi aşağıdakı
hallarda qadağan edilir:
4.16.1.
farvater və kanallarda;
4.16.2.
limanların girişlərində;
4.16.3.
məhdud görünüş şəraitində;
4.16.4.
ikili ötüş zamanı;
4.16.5.
dibdərinləşdirici, sualtı, hidrotexniki və digər
xüsusi təyinatlı işlərlə məşğul
olan gəmilərin yaxınlığından
keçərkən.
4.17.
Gəmilərin, aşağıdakı hallar istisna olmaqla,
kanallarda lövbərə dayanması qadağandır:
4.17.1.
hərəkəti davam etdirmək üçün
açıq-aydın təhlükə olduqda;
4.17.2.
texniki nasazlıq nəticəsində gəmi dayandıqda;
4.17.3.
keçid digər gəmilər tərəfindən
bağlandıqda.
4.18.
Kanalda lövbərə dayanmağa məcbur olan gəminin
kapitanı dərhal operatora gəminin adı,
lövbərdə dayanma koordinatları və səbəbi
barədə məlumat verməlidir. Operator
tərəfindən həmin məlumatlar dərhal Sahil
Mühafizəsinin və Hərbi Dəniz
Qüvvələrinin müvafiq növbətçi
xidmətlərinə çatdırılmalıdır.
4.19.
Liman akvatoriyasında gəmilərin yedəyə
alınması “Dəniz limanları haqqında” Azərbaycan
Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə
tutulmuş “Dəniz limanı üzrə məcburi qaydalar”a
əsasən, yedəklənməyə rəhbərlik
edən şəxs tərəfindən yedəyə alınan
gəmilərin kapitanları ilə hərəkətlərin
ardıcıllığı əvvəlcədən
razılaşdırılmaqla həyata keçirilir. Gəmi
bələdçinin iştirakı ilə yedəyə
alındıqda, bələdçi həmin
ardıcıllığın
razılaşdırılmasında iştirak edir və
yedəklənmə zamanı yaranan problemlər liman
kapitanı tərəfindən həll olunur.
4.20.
Tərsanədən istismar-sınaq yoxlanışına
çıxan gəminin hərəkətinin yedək
gəmisinin müşayiəti ilə həyata
keçirilməsi məcburidir.
4.21.
Gəmilərin yedəklənməsinə rəhbərlik
edən şəxsin yedəyə alan gəmini yedək
işlərindən azad etmək hüququ vardır.
4.22.
Yedək burazı ilə yedəyə alınan gəmi
yedəyə alan gəmi üçün çevrilmə
təhlükəsi yaratdıqda, burazın
göstərişsiz kəsilməsinə yol verilir.
4.23.
Xarici dövlətin bayrağı altında üzən
gəmilərin körpülərə yanalması zamanı
yedəkçi gəmilərdən istifadə edilməlidir.
4.24.
Gəmilərin naviqasiya avadanlığı
vasitələrinə yanalması qadağandır.
4.25.
Gəmi agenti Azərbaycan Respublikasının limanlarına
daxil olması və ya həmin limanlardan
çıxışı planlaşdırılan xarici
dövlətin bayrağı altında üzən gəmi
barədə məlumatları Agentliyin tabeliyində olan quruma
təqdim etmədikdə, operator gəminin
hərəkətinin dayandırılması barədə
göstəriş vermək hüququna malikdir.
4.26.
Gəmi kapitanı gəminin saya oturması, lövbərin
itirilməsi və ya dəniz
üzgüçülüyünün
təhlükəsizliyinə mane ola biləcək
obyektlərin aşkar edilməsi ilə bağlı
məlumatları dərhal operatora və Sahil
Mühafizəsinə verməlidir.
4.27.
Qəza vəziyyətində olan gəminin yaxınlığında
dayanan və ya yaxınlığından keçən
gəminin kapitanı öz gəmisinin
təhlükəsizliyini qorumaq şərtilə həmin
gəmidəki insanların xilas edilməsinə kömək
etməlidir.
4.28.
Radar və ultraqısa dalğalar (bundan sonra — UQD)
radiostansiyası vasitəsilə təchiz olunmayan, habelə
məhdud görmə şəraitində və gecə
vaxtı bu cür avadanlığı nasaz olan gəmilərin
(kiçikhəcmli gəmilər istisna olmaqla)
hərəkəti qadağandır.
4.29.
Azərbaycan Respublikasının ərazi sularında üzən
və ya stasionar qazma qurğularının
təhlükəsizlik zonaları Agentlik tərəfindən Hərbi
Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya
Xidməti və Sahil Mühafizəsi ilə
razılaşdırılmaqla müəyyən edilir və
bununla bağlı məlumatlar “Dənizçilər
üçün Bildirişlər”də göstərilir.
4.30.
Üzən və ya stasionar qazma qurğularının
təhlükəsizlik zonalarına (fövqəladə,
qəza və axtarış-xilasetmə halları istisna
olmaqla) yalnız bu qurğulara xidmət göstərən
gəmilərin daxil olmaq hüququ vardır.
5. Gəmilərin hərəkətinin idarə
olunması
5.1.
Azərbaycan Respublikasının ərazi sularında və
liman akvatoriyalarında üzən gəmilərin
hərəkəti Agentliyin tabeliyində olan qurum
tərəfindən idarə edilir.
5.2.
Agentliyin tabeliyində
olan qurum dəniz üzgüçülüyünün
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə:
5.2.1.
Azərbaycan Respublikasının ərazi sularında
gəmilərin uzaq məsafədən tanınmasını
və izlənilməsini Beynəlxalq Dəniz
Təşkilatının tələblərinə uyğun
olaraq həyata keçirir;
5.2.2.
Azərbaycan Respublikasının ərazi sularında, liman
akvatoriyasında və limanın akvatoriyasının
girəcəklərində gəmilərin
hərəkətinin təhlükəsizliyinin
təşkilinə, idarə olunması, habelə bu
Qaydaların tələblərinə və üzmə
rejiminə riayət olunmasını təmin edir;
5.2.3.
gəmilərə naviqasiya, hidrometeoroloji, hidroloji,
əməliyyat və digər məlumatların
ötürülməsini təmin edir;
5.2.4.
radar müşahidəsini və gəmilərin
təhlükəsiz keçməsini təmin edir;
5.2.5.
axtarış və xilasetmə əməliyyatlarında
iştirak edir;
5.2.6.
neft məhsullarının dağılmasının
nəticələrinin aradan qaldırılmasında iştirak
edir;
5.2.7.
bu Qaydaların 1.2-ci bəndində göstərilən
dövlət orqanlarına gəmilərin hərəkəti
ilə bağlı məlumatları ötürür;
5.2.8.
gəmilərin Azərbaycan Respublikasının ərazi
sularına daxil olmasının aşkar edilməsi,
gəmilərlə rabitə əlaqəsinin
yaradılması, hər bir gəmi haqqında
məlumatları toplayır;
5.2.9.
gəmilərin hərəkətinin daimi
müşahidəsini həyata keçirir ;
5.2.10.
gəmilər tərəfindən bu Qaydaların
tələblərinə riayət edilməsini təmin edir;
5.2.11.
gəmilərin hərəkətinin idarə olunması,
habelə gəmilər tərəfindən müəyyən
edilmiş marşruta, sürətə və ara
məsafəsinə riayət olunmasını təmin edir;
5.2.12.
lövbər dayanacaqlarında olan gəmilərin mövqeyini
müəyyən edir və onların müşahidəsini
təşkil edir;
5.2.13.
gəmiləri radar vasitəsilə müşayiət edir;
5.2.14.
qəza-xilasetmə, dibdərinləşdirmə, yedək
əməliyyatları zamanı koordinasiyanı təşkil
edir.
5.3.
Agentliyin
tabeliyində olan qurum tərəfindən gəmilərə
xidmət aşağıdakı ardıcıllıqla
həyata keçirilir:
5.3.1.
qəzaya uğrayan və bortunda ağır
xəstələr olan gəmilərə köməyə
göndərilən gəmilər;
5.3.2.
Hərbi Dəniz Qüvvələrinin və Sahil
Mühafizəsinin gəmiləri;
5.3.3.
gömrük orqanlarının və Fövqəladə Hallar
Nazirliyinin gəmiləri;
5.3.4.
bərə və sərnişin gəmiləri;
5.3.5.
tez korlanan yükləri daşıyan gəmilər;
5.3.6.
təhlükəli yükləri daşıyan gəmilər;
5.3.7.
xətti üzmə marşrutuna malik olan gəmilər;
5.3.8.
digər gəmilər.
5.4.
Radar müşayiətinin ardıcıllığı
gəminin kapitanı və operator arasında
müşayiət başlananadək razılaşdırılır.
Radar müşayiəti zamanı gəmi operatora
görüləcək tədbirlər haqqında məlumat
verməlidir. Radar müşayiətinin başlanması və
bitməsi operator tərəfindən elan edilməli və
gəmi tərəfindən təsdiqlənməlidir.
5.5.
HBS-də gəmilərin hərəkəti yalnız operatorun
icazəsi ilə həyata keçirilir.
5.6.
Operatorun aşağıdakılar barədə
göstərişlərinin yerinə yetirilməsi
gəmilər üçün məcburidir:
5.6.1.
hərəkətin ardıcıllığı;
5.6.2.
hərəkətin istiqaməti və sürəti;
5.6.3.
lövbər dayanacağının yeri;
5.6.4.
təhlükənin qarşısının alınmasına
dair tədbirlər.
5.7.
Gəmi bu Qaydaların 5.6-cı bəndində
göstərilən tələblərə əməl edə
bilmədikdə, bunun səbəbləri barədə operator
məlumat verməlidir.
5.8.
Gəmilər ilə operator arasında rabitə
əlaqələri Dəniz Səyyar Rabitə Xidmətinin
və Dəniz Səyyar Peyk Xidmətinin qaydalarına uyğun
olaraq, radiotelefon vasitəsilə həyata keçirilir.
5.9.
Gəmi kapitanı operator ilə ilk rabitə əlaqəsi
yaratdıqda aşağıdakı məlumatları
bildirməlidir:
5.9.1.
gəminin adı, tipi, bayrağı, Beynəlxalq Dəniz
Təşkilatının (BDT) nömrəsi, gəminin
mövqeyi;
5.9.2.
limana və ya HBS-yə yaxınlaşma vaxtı;
5.9.3.
gəminin kursu və sürəti;
5.9.4.
gəminin çıxış və təyinat
limanının adı, ehtimal olunan gəlmə vaxtı;
5.9.5.
gəminin əsas parametrləri;
5.9.6.
gəmidəki heyət üzvlərinin və
sərnişinlərin sayı;
5.9.7.
yükün növü və miqdarı, təhlükəli
yük olduğu təqdirdə, onun təsnifatı;
5.9.8.
gəmidə olan radar qurğusu haqqında məlumat;
5.9.9.
gəmidə olan hər hansı bir nasazlıq haqqında
məlumat;
5.9.10.
gəmidə sanitar-epidemioloji vəziyyət haqqında
məlumat.
5.10.
Gəmi kapitanı verilən məlumatın doğruluğuna
görə cavabdehdir.
5.11.
Operator gəminin aşkar edilməsi üçün sorğu
verdikdə, gəmi kapitanı hər hansı bir oriyentirə
uyğun öz yerini bildirməli və ya aşkaredici manevr
etməlidir.
5.12.
Operator aşkar edilmiş gəmiyə limana və ya HBS-yə
daxil olmağa icazə verir və ona hərəkət
marşrutunu, habelə dayanacaq yerini və digər
məlumatları çatdırır.
5.13.
Körpüdə və ya lövbərdə dayanan gəmi
hərəkətə başlamazdan əvvəl operator,
Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun
və Sahil Mühafizəsinin növbətçi xidməti
ilə radio və ya telefon əlaqəsi yaratmalıdır.
5.14.
Hərəkətdə olan gəmilər operator ilə UQD radiostansiyası
vasitəsilə daimi radiorabitə əlaqəsində
olmalıdırlar.
5.15.
Gəmi körpüyə yan aldıqdan və ya
lövbərə dayandıqdan sonra rabitə əlaqəsi
üçün müəyyən olunmuş digər kanallara
keçməlidir.
5.16.
İşlək radar qurğusuna malik və operatorun
müşayiəti ilə hərəkət edən
gəmilərin liman akvatoriyasında məhdud
görünüş şəraitində üzməsi
yalnız liman kapitanının icazəsi ilə həyata
keçirilir.
5.17.
Liman akvatoriyasında məhdud görünüş
şəraitində gəminin radar qurğusu yararsız olduqda
və operatorun müşayiəti ilə üzməni
həyata keçirə bilmədikdə, gəmi (əgər
suya oturumu imkan verirsə) kanaldan (farvaterdən) kənara
çıxmalı və bu barədə operatora məlumat
verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
gəmiçilik şirkətləri üçün qəza
hallarında tədbirlər planının təşkili
üzrə Təlimat”a və “Azərbaycan Respublikasının
nəqliyyat donanması gəmilərində Xidmət
Nizamnaməsi”nə uyğun hərəkət etməlidir.
6. Gəmilərin identifikasiya vasitələri
6.1.
Azərbaycan Respublikasının Dövlət bayrağı
altında üzən gəmilər öz adına və
Beynəlxalq Dəniz Təşkilatının
tələblərinə uyğun olaraq,
çağırış siqnalına və tanınma
(identifikasiya) nömrəsinə malik olmalıdırlar.
6.2.
Gəminin texniki təchizatından asılı olaraq,
gəmiyə peyk rabitə stansiyasının identifikasiya
nömrəsi və rəqəmlə seçici
çağırış nömrəsi verilir.
6.3.
Gəmilərdə avtomatik identifikasiya sistemi (bundan sonra –
AİS) quraşdırılmalıdır.
6.4.
Kiçikhəcmli gəmilər adını və
nömrəsini, gəmi sahibinin adını və
ünvanını özündə əks etdirən qeydiyyat
sənədinə malik olmalıdırlar.
6.5.
Gəminin xilasetmə qayıqlarının bortunda onun
ölçüləri, tutumu və gəminin adı
yazılmalıdır.
6.6.
Gəmilər Beynəlxalq Dəniz Təşkilatının
tələblərinə uyğun olaraq
aşağıdakılara riayət etməlidirlər:
6.6.1.
öz adını, qeydiyyat limanını və identifikasiya
nömrəsini aydın görünən yerlərdə
göstərməlidirlər;
6.6.2.
uzaq məsafədən tanınma və izləmə
sisteminə qoşulmalıdırlar;
6.6.3.
qlobal dəniz fəlakəti zamanı əmniyyətli
rabitə sisteminə malik olmalıdırlar.
7. Vizual siqnallardan istifadə
7.1.
Azərbaycan Respublikasının ərazi sularında
üzən gəmilərdəki vizual siqnallardan (işıq
və nişanlar) istifadə zamanı
aşağıdakılar qadağan olunur:
7.1.1.
“Dənizdə gəmilərin toqquşmasının
qarşısının alınmasına dair 1972-ci il tarixli
Beynəlxalq Qaydalar”da göstərilən işıq və
nişanlarla səhv salına biləcək digər
işıq və nişanlardan istifadə;
7.1.2.
dəniz üzgüçülüyünə
təhlükə və maneə yarada biləcək, habelə
gəmilərdə naviqasiya işıqları və
siqnallarının aşkar olunmasını çətinləşdirən
və ya onların görünüşünü
pisləşdirən işıqlandırıcı
qurğuların, projektorların, həmçinin
şitlərin, bayraqların və digər
əşyaların istifadəsi;
7.2.
Məhdud görmə şəraitində, həmçinin gün
batandan gün çıxanadək gəmilərdə vizual
siqnallara (işıq və nişanlar) “Dənizdə
gəmilərin toqquşmasının qarşısının
alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”da
və “Azərbaycan Respublikasının nəqliyyat
donanması gəmilərində xidmət Nizamnaməsi”ndə
göstərilən tələblər tətbiq olunur.
8. Gəmilərin limana girişi və
çıxışı
8.1.
Gəmilərin limana girişinə və limandan
çıxışına və yaxud lövbərdə
dayanmasına Sahil Mühafizəsi ilə
razılaşdırmaqla liman kapitanı və operator icazə
verir. Xarici dövlətin ərazisindən gələn
gəminin limana daxil olmasına və xarici dövlətin
ərazisinə yola düşən gəminin limandan
çıxışına operator Sahil Mühafizəsi və
gömrük orqanları ilə razılaşdırılmaqla
icazə verir.
8.2.
Gəmi kapitanı təyinat limanına yaxınlaşma
haqqında məlumatı aşağıda
göstərilən ünvanlara çatdırmalıdır:
8.2.1.
xarici dövlətin ərazisindən gələn Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəminin kapitanı – operatora, liman
dispetçerinə, liman kapitanına, Hərbi Dəniz
Qüvvələrinin Liman Xidməti Postuna, Sahil
Mühafizəsinə və gömrük orqanlarına,
gəmidəki yüklərin sahiblərinə;
8.2.2.
xarici dövlətin bayrağı altında üzən
gəminin kapitanı – müvafiq gəmi agentinə.
8.3.
Azərbaycan Respublikasının ərazisində
yerləşən məntəqələr arasında
üzən gəmilər təyinat limanına
yaxınlaşma haqqında ilkin məlumatı 24 saat
əvvəl, dəqiqləşdirilmiş məlumatı
isə yaxınlaşmadan 4 saat əvvəl operatora və Sahil
Mühafizəsinə təqdim edirlər (keçid vaxtı
24 saatdan az olan gəmi limandan çıxdıqdan sonra
yaxınlaşma barədə məlumat 2 saat
müddətində dəqiqləşdirilir).
8.4.
Xarici dövlətin bayrağı altında üzən
gəminin kapitanı limana yaxınlaşma haqqında ilkin
və dəqiqləşdirilmiş məlumatı bu
Qaydaların 8.3-cü bəndində göstərilən
müddətlərdə müvafiq gəmi agentinə
göndərir.
8.5.
Gəmi agenti gəmidən alınmış bütün
məlumatları bu Qaydaların 8.8-ci bəndində
göstərilən qurumlara göndərir.
8.6.
Gəmi kapitanı səfərdə baş verən
ləngimələr haqqında liman idarəsinə və
operatora məlumat verməli və gəlmə vaxtını
dəqiqləşdirməlidir.
8.7.
Gəmi kapitanı bələdçinin gəmiyə qəbul
nöqtəsinə yaxınlaşmazdan 4 saat əvvəl
gəminin burun və arxa hissədən suya oturum
vəziyyətini qeyd edərək, gözlənilən
yaxınlaşma haqqında məlumatın
dəqiqləşdirilmiş vaxtı barədə
xəbər verməlidir.
8.8.
Gəmi hərəkətə başlamazdan (limandan
çıxmazdan) və ya gəminin limana daxil olmasından 4
saat əvvəl gəmi kapitanı operatora, liman kapitanına
və Sahil Mühafizəsinə aşağıdakılar
barədə məlumatları verməlidir:
8.8.1.
giriş (çıxış) vaxtı;
8.8.2.
heyət və sərnişinlərin sayı;
8.8.3.
nəzərdə tutulan hərəkət marşrutu;
8.8.4.
təyinat məntəqəsi.
8.9.
Gəmi kapitanı və ya gəmi sahibi təyinat limanına
yaxınlaşma haqqında məlumatda
aşağıdakıları bildirməlidir:
8.9.1.
gəminin adını, bayrağını və sahibinin
adını;
8.9.2.
sonuncu giriş limanını;
8.9.3.
gəminin tutumunu, maksimum uzunluğunu, enini və bortun
hündürlüyünü;
8.9.4.
gəminin burun və arxa hissədən suya oturumunu;
8.9.5.
heyətin, sərnişinlərin sayını və
vətəndaşlığını;
8.9.6.
yükün adını və xüsusiyyətlərini;
8.9.7.
yükalanın adını;
8.9.8.
bunker və təchizata tələbatı;
8.9.9.
texniki və təmir işlərinin görülməsinə
tələbatı;
8.9.10.
ballastın (ballastın qəbul olunma vaxtı, yeri və
miqdarı barədə təsdiq olunmuş formada), lyalın
(tərləmə və ya anbarların yuyulması zamanı
və yaxud hər hansı bir səbəbdən anbarlarda
yaranan suyun yığılması üçün xüsusi
yer), təsərrüfat-fekal çirkab sularının və
zibil konteynerlərinin təhvili üçün sifarişi;
8.9.11.
yedək xidməti üzrə tələbatı;
8.9.12.
bələdçi sifarişini;
8.9.13.
gəminin mühərrikində və avadanlığında
mövcud olan nasazlıqları;
8.9.14.
“Gəmi və liman vasitələrinin mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq,
mühafizə səviyyəsi haqqında məlumatı;
8.9.15.
digər liman xidmətlərinə tələbatı;
8.9.16.
gəmidə sanitar-epidemioloji vəziyyət haqqında məlumatı.
8.10.
Xarici dövlətin ərazisinə yola düşən
gəmi hərəkətə başlamazdan (limandan
çıxmazdan) və ya xarici dövlətin
ərazisindən gələn gəminin limana daxil olmasından
4 saat əvvəl bu Qaydaların 8.9-cu bəndində
göstərilən məlumatlar gəmi kapitanı
tərəfindən operatora, liman kapitanına, Sahil
Mühafizəsinə və gömrük orqanlarına
bildirilməlidir.
8.11.
Neft məhsulları ilə yüklənmiş gəminin
kapitanı neftlə çirklənmədən yaranan
zərərə görə mülki məsuliyyətin
maliyyə təminatı haqqında
şəhadətnamənin mövcudluğu barədə
təyinat limanına məlumat verməlidir, əks halda
təyinat limanı həmin gəmini qəbul etməkdən
imtina edir.
8.12.
Gəminin təyinat limanı dəyişdirildikdə, gəmi
kapitanı radioqram vasitəsilə birinci təyinat limanına
əvvəlcədən verilmiş sifarişi ləğv
etməlidir.
8.13.
Limana yalnız yanacaq, içməli su, ərzaq və
başqa təchizatın qəbulu üçün
gələn gəminin kapitanı təyin olunmuş vaxtda
limana çatma barədə bu Qaydaların 8.9-cu
bəndində sadalanan məlumatları verir.
8.14.
Gəminin limana qəbul olunmasından 1 saat əvvəl onun
lövbərdə dayanma yeri, yanalma və yük
əməliyyatları, habelə digər
məsələlər bu Qaydaların 8.8-ci bəndində
göstərilən qurumlar və liman idarəsi ilə
razılaşdırılmalı və operator bu barədə
gəmi kapitanını məlumatlandırmalıdır.
8.15.
Azərbaycan Respublikasının gəmi reyestrlərindən
birində qeydiyyata alınmış gəmilərdə
Azərbaycan Respublikasının Dövlət bayrağı
hər gün saat 8-də qaldırılır və gün
batdıqda endirilir.
8.16.
Azərbaycan Respublikasının Dövlət bayrağı
aşağıdakı hallarda müəyyən edilmiş
vaxtdan əvvəl (saat 8-dək) qaldırılır və
gün batarkən endirilmir:
8.16.1.
gəmi limana daxil olduqda və limandan çıxdıqda;
8.16.2.
dənizdə Azərbaycan Respublikasının Dövlət
bayrağı altında üzən hərbi və digər
gəmilərə rast gəlindikdə.
8.17.
Gəmi dayanacaqda olduğu zaman Azərbaycan
Respublikasının Dövlət bayrağı yalnız arxa
bayraq ağacında, hərəkət etdiyi zaman isə arxa
bayraq ağacında və yaxud qafeldə qaldırılır.
Kiçikhəcmli və yedək gəmiləri dayanacaqda
və ya hərəkətdə olduğu zaman Azərbaycan
Respublikasının Dövlət bayrağını
qafeldə qaldırmaq hüququna malikdirlər.
8.18.
Bələdçi xidməti xarici dövlətin
bayrağı altında üzən gəmilər
üçün məcburidir.
8.19.
Limana girişi qadağan edilən gəmi mütləq
dreyfə yatmalı, yaxud göstərilən yerdə
lövbərdə dayanmalıdır. Bu halda limanın
dispetçeri gəmi kapitanına limana girişin təxmini
vaxtı haqqında məlumat verməlidir.
8.20.
Gəminin limana girişinin və
çıxışının ardıcıllığı
operator tərəfindən liman kapitanı ilə
razılaşdırılmaqla müəyyən edilir.
Gəmilərin körpüyə qəbul olunması
limanın dispetçer xidməti ilə
razılaşdırılır. Gəmilərin limana girişi
və çıxışı zamanı Agentliyin, Hərbi Dəniz
Qüvvələrinin, Sahil Mühafizəsinin,
Fövqəladə Hallar Nazirliyinin və gömrük
orqanlarının gəmilərinə üstünlük
verilir.
8.21.
Liman akvatoriyasında bütün gəmilərin və
üzən vasitələrin təhlükəsiz üzməsi
operator və liman kapitanı tərəfindən təmin
olunur.
8.22.
Liman akvatoriyasında üzmə zamanı gəmi
kapitanları irimiqyaslı xəritələrdən,
bələdçi kitablarından və digər
köməkçi ləvazimatlardan yararlanmalı və
“Dənizdə gəmilərin toqquşmasının
qarşısının alınmasına dair 1972-ci il tarixli
Beynəlxalq Qaydalar”a əməl etməlidirlər.
8.23.
Gəmilər, o cümlədən yedəyə alınan
gəmilər, kanal və liman akvatoriyası ilə keçid
zamanı lövbərləri hazır vəziyyətdə
saxlamalıdırlar.
8.24.
Gəmilərin suya oturumu limanlar üçün
müəyyən edilmiş dərinlikdən artıq
olmamalıdır.
8.25.
Limanda gəmilərin sürəti dəniz
üzgüçülüyünün
təhlükəsizliyini, liman hidrotexniki qurğularının
və kanallarının qorunmasını təmin etmək
məqsədi ilə yerli şərait nəzərə
alınmaqla, liman kapitanı ilə
razılaşdırılmaqla operator tərəfindən
müəyyən olunur.
8.26.
“Gəmi və liman vasitələrinin mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğun olaraq, gəmi kapitanı
limana girişdən əvvəl və ya limanda dayanarkən,
liman vasitələrinin mühafizəsi üzrə məsul
şəxsi gəminin mühafizəsi üzrə
görülən tədbirlər barədə məlumatlandırır
və bu tədbirlərin liman vasitələrinin
mühafizəsi üzrə məsul şəxslə
razılaşdırmaqla həyata keçirilməsini təmin
edir.
8.27.
Aşağıda göstərilən hallarda liman
vasitələrinin mühafizəsi üzrə məsul
şəxs gəminin mühafizəsini təmin etmək
üçün görülən tədbirləri gəminin
mühafizəsi üzrə məsul olan komandir heyətinin
üzvü ilə əlaqələndirilməlidir:
8.27.1.
gəminin mühafizə planına uyğun tədbirlər həyata
keçirildikdə;
8.27.2.
“Gəmi və liman vasitələrinin mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinin yerinə yetirilməsi zamanı yaranan
çətinliklər haqqında məlumat alındıqda;
8.27.3.
“Gəmi və liman vasitələrinin mühafizəsi haqqında
Beynəlxalq Məcəllə”yə uyğun olaraq, Agentlik
tərəfindən müəyyən olunmuş 2-ci və
3-cü mühafizə səviyyəsi üzrə
gəmilərin və limanların mühafizə planında
nəzərdə tutulmuş tədbirlər icra edildikdə.
8.28.
Limanda dayanma zamanı mülkiyyətindən və mənsubiyyətindən
asılı olmayaraq gəmi sahibləri, gəminin kapitanı
və heyət üzvləri liman qaydalarına və liman
adətlərinə, habelə Agentliyin, liman
müfəttişlərinin, limanın dispetçer
xidmətinin və limanın mühafizə xidmətinin limanda
dayanma ilə əlaqədar göstərişlərinə
əməl etməlidirlər.
8.29.
Dövlət əhəmiyyətli tədbirlərin
keçirilməsi zamanı, habelə hidrometeoroloji
şəraitdən asılı olaraq və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59
nömrəli qərarı ilə təsdiq edilmiş
“Gəmilərin nəzarət yoxlamasına dair
Əsasnamə”nin 6.5-ci bəndində qeyd olunan hallarda
gəmiyə limana girmək və limanda dayanmaq icazəsi
verilmir.
8.30.
Gəmi heyətinin, sərnişinlərin, eləcə də
Azərbaycan Respublikası ərazisinin yoluxucu
xəstəliklərdən mühafizəsi üzrə
tədbirlər “Beynəlxalq tibbi sanitariya Qaydaları”nın
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinin
sanitariya mühafizəsi qaydaları”nın
tələblərinə uyğun həyata
keçirilməlidir.
9. Gəminin limana girişinin
rəsmiləşdirilməsi
9.1.
Gəminin limana girişi gəmi limana daxil olduqdan sonra 24 saat ərzində
liman kapitanı tərəfindən rəsmiləşdirilir.
Xarici dövlətin bayrağı altında üzən
gəmilərin limana girişinin rəsmiləşdirilməsi
Sahil Mühafizəsinin və gömrük orqanlarının
qanunvericiliklə müəyyən edilmiş
tələblərinə riayət etməklə gəmi agenti
tərəfindən həyata keçirilir.
9.2.
Xarici dövlətin ərazisindən gələn gəminin
girişinin daxili və xarici reyddə
rəsmiləşdirilməsi zamanı Sahil Mühafizəsinin
və gömrük orqanlarının
nümayəndələrinin iştirakı təmin
olunmalıdır.
9.3.
Gəminin limana girişi aşağıdakı sənədlərin
təqdim edilməsi ilə rəsmiləşdirilir:
9.3.1.
ümumi deklarasiya;
9.3.2.
heyət üzvlərinin siyahısı;
9.3.3.
sərnişinlərin siyahısı (sərnişin gəmisi
üçün);
9.3.4.
yük deklarasiyası;
9.3.5.
yük manifesti;
9.3.6.
yük konosamentləri;
9.3.7.
dəniz tibbi-sanitariya deklarasiyası;
9.3.8.
gəmi ehtiyatları haqqında arayış;
9.3.9.
gəmi heyətinin şəxsi əşyaları haqqında
deklarasiya;
9.3.10.
gəmidə olan ballast sularına dair hesabat;
9.3.11.
“Gəmi və liman vasitələrinin mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq
Mühafizə Bəyannaməsi;
9.3.12.
səfərə çıxmaq hüququ haqqında gəmi
sanitariya şəhadətnaməsi;
9.3.13.
sanitariya jurnalı.
9.4.
Limana yedəkdə daxil olan gəmi kapitan və heyət
üzvlərindən ibarət olduqda, yedəyə alınan
gəminin kapitanı onun girişini yedək gəmisindən
ayrı rəsmiləşdirməlidir. Digər hallarda isə
yedək karvanının limana girişi yedək gəmisinin
kapitanı tərəfindən rəsmiləşdirilir.
9.5.
Azərbaycan Respublikasının ərazisində
yerləşən məntəqələr arasında
üzən gəmilərin limana girişi liman kapitanı
tərəfindən rəsmiləşdirilir.
9.6.
Xarici dövlətin bayrağı altında üzən
gəmilərin limana girişinin rəsmiləşdirilməsi
zamanı bu Qaydaların 9.3-cü bəndində
göstərilən sənədlərə əlavə olaraq
aşağıdakı sənədlər təqdim
edilməlidir:
9.6.1.
müvafiq dövlətin bayrağı altında üzmək
hüququ haqqında şəhadətnamə;
9.6.2.
gəmiyə mülkiyyət hüququ haqqında
şəhadətnamə;
9.6.3.
gəmi heyətinin tərkibi haqqında
şəhadətnamə;
9.6.4.
təsnifat şəhadətnaməsi;
9.6.5.
ölçü şəhadətnaməsi;
9.6.6.
yük nişanı haqqında beynəlxalq
şəhadətnamə;
9.6.7.
sərnişin gəmisinin təhlükəsizliyi haqqında
şəhadətnamə;
9.6.8.
gəminin quruluşunun təhlükəsizliyinə dair
şəhadətnamə;
9.6.9.
avadanlıq (qurğu) və təchizata görə gəmi
təhlükəsizliyinə dair şəhadətnamə;
9.6.10.
gəmi radiostansiyasının fəaliyyəti
üçün xüsusi icazə və radiojurnal (gəminin
radiostansiyası olduqda);
9.6.11.
gəminin “Gəmi və liman vasitələrinin
mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğun olması haqqında
şəhadətnamə;
9.6.12.
neftlə çirklənmədən yaranan zərərə
görə mülki məsuliyyətin maliyyə
təminatı haqqında şəhadətnamə;
9.6.13.
“Dənizin gəmilərdən çirkləndirilməsinin
qarşısının alınması haqqında” 1973-cü
il tarixli Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş
şəhadətnamələr;
9.6.14.
neft tankerləri olmayan gəmilər üçün neft
əməliyyatları jurnalı;
9.6.15.
neft tankerləri üçün neft əməliyyatları
jurnalı;
9.6.16.
istisnalar haqqında şəhadətnamə (əgər varsa);
9.6.17.
heyət üzvlərinin diplomları, sertifikatları və
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsində nəzərdə tutulmuş
digər sənədləri;
9.6.18.
gəminin sanitariya nəzarətindən azad edilməsi
haqqında şəhadətnamə və ya gəminin
sanitariya nəzarətindən keçməsi haqqında
şəhadətnamə;
9.6.19.
heyətin şəxsi əşyaları haqqında deklarasiya
(əgər tələb olunarsa);
9.6.20.
gəminin “Əmniyyətli idarəetmə haqqında
Beynəlxalq Məcəllə”nin tələblərinə
uyğun olması haqqında şəhadətnamə;
9.6.21.
bunker yanacağı ilə çirklənmə
nəticəsində vurulan zərərə görə
mülki məsuliyyətlə bağlı sığorta
və ya digər maliyyə təminatı haqqında sertifikat;
9.6.22.
gəmi tarixinin fasiləsiz qeydlər sənədi.
9.7.
Xarici dövlətin ərazisindən limana daxil olan gəminin
kapitanı və ya gəmi agenti tərəfindən
gömrük qanunvericiliyində nəzərdə tutulmuş
müvafiq sənədlər gömrük orqanına təqdim
olunur.
9.8.
Xarici dövlətin ərazisindən limana daxil olan gəmi
və onunla daşınan mallar üzərində
gömrük orqanları tərəfindən gömrük
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
gömrük nəzarəti həyata keçirilir.
9.9.
Səfər zamanı gəmidə qurğu və
mexanizmlər qırıldıqda və (və ya) sıradan
çıxdıqda, gəmi kapitanı limana daxil olduqdan sonra
bu barədə liman kapitanına yazılı məlumat
verməlidir.
10. Gəminin limandan çıxışının
rəsmiləşdirilməsi
10.1.
Gəminin limandan çıxışını Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq konvensiyalarda və Azərbaycan
Respublikasının normativ hüquqi aktlarında
nəzərdə tutulmuş sənədlər
yoxlanıldıqdan sonra liman kapitanı Sahil Mühafizəsi
ilə razılaşdırılmaqla rəsmiləşdirir
və gəminin limandan çıxışına icazə
verilir. Xarici dövlətin ərazisinə yola
düşən gəminin çıxışına
icazə Sahil Mühafizəsi ilə yanaşı
gömrük orqanları ilə
razılaşdırıldıqdan sonra verilir.
10.2.
Gəmilərin limanlarda yoxlanılması Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59
nömrəli qərarı ilə təsdiq edilmiş
“Gəmilərin nəzarət yoxlamasına dair
Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
10.3.
Liman kapitanı tərəfindən aşağıdakı
hallarda operatora məlumat verilməklə, gəminin dəniz
limanından çıxışı qadağan edilir:
10.3.1.
gəmi üzməyə yararlı olmadıqda;
10.3.2.
gəminin yüklənməsinə, təchizatına, gəmi
heyətinin komplektləşdirilməsinə dair
tələblər pozulduqda, həmçinin gəmidə olan
insanların həyatına və ya sağlamlığına
təhlükə, habelə gəmidə dəniz
mühitinə zərər vurmaq təhlükəsi yarada
biləcək digər qüsurlar olduqda;
10.3.3.
gəmi sənədlərinə dair Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinin və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin tələbləri pozulduqda;
10.3.4.
Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin,
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin,
Sahil Mühafizəsinin, gömrük və digər
səlahiyyətli dövlət orqanlarının
göstərişi olduqda;
10.3.5.
liman ödənişləri və ya liman kapitanının
qəbul etdiyi qərara əsasən tətbiq edilmiş
sanksiyaların məbləğləri
ödənilmədikdə;
10.3.6.
məhkəmənin qanuni qüvvəyə minmiş
müvafiq qərarı olduqda.
10.4.
Gəminin nəzarət yoxlanması zamanı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59
nömrəli qərarı ilə təsdiq edilmiş
“Gəmilərin nəzarət yoxlamasına dair
Əsasnaməsi”nin 6.1-ci bəndinə uyğun olaraq
gəmidə dəniz üzgüçülüyünün
təhlükəsizliyinə, insan həyatına və
sağlamlığına və ya ətraf mühitə real
təhlükə yaradan qüsurlar aşkar edildikdə,
gəminin limandan çıxışına icazə verilmir
(gəmi saxlanılır) və bu barədə operatora,
gəmi sahibinə (gəmi agentinə), gəminin bayraq
dövlətinə, gəminin nəzarəti altında
olduğu təsnifat cəmiyyətinə və Beynəlxalq
Dəniz Təşkilatına məlumat verilir.
10.5.
Liman kapitanının və Agentliyin tabeliyində olan qurumun
icazəsi olmadan gəmi limanı tərk etdikdə, operator bu
barədə dərhal Hərbi Dəniz Qüvvələrinin
əməliyyat növbətçisini, Sahil Mühafizəsini
və gömrük orqanlarını məlumatlandırır.
10.6.
Bu Qaydanın 10.5-ci bəndində göstərilən orqanlar
gəminin limanı icazəsiz tərk etməsi barədə
məlumat aldıqda, həmin gəminin limana
qaytarılması üçün tədbirlər
görməli və gəminin limanı icazəsiz tərk
etməsinin səbəblərini birgə araşdırmalıdırlar.
Araşdırma müddətində limanı icazəsiz
tərk etmiş gəmi limanda saxlanılır.
10.7.
Gəmi kapitanı limandan çıxmaq üçün
hazırlıq haqqında liman kapitanına müəyyən
edilmiş vaxtdan ən geci 6 saat əvvəl məlumat
verməlidir.
10.8.
Limanda qısamüddətli dayanma zamanı (6 saatdan az
olduğu halda) çıxma haqqında məlumat gəminin
çıxışı üçün müəyyən
olunmuş vaxtdan ən geci 2 saat əvvəl xəbər
verilir.
10.9.
Gəmi kapitanı (xarici dövlətin ərazisinə yola
düşən gəmilərdə - gəmi agenti) gəminin
limandan çıxışını rəsmiləşdirmək
üçün liman kapitanına aşağıdakı
sənədləri təqdim etməlidir:
10.9.1.
limanı tərk etmək haqqında ümumi deklarasiyanı
və ya ərizəni;
10.9.2.
heyət üzvlərinin siyahısını;
10.9.3.
sərnişinlərin siyahısını (sərnişin
gəmisi üçün);
10.9.4.
heyət üzvlərinin diplomları, sertifikatları və
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsində nəzərdə tutulmuş
digər sənədləri barədə məlumatları;
10.9.5.
səfərə çıxmaq hüququ haqqında gəminin
sanitariya şəhadətnaməsini;
10.9.6.
gəminin səfərə çıxışı
üçün onun davamlılığının
hesablanması barədə məlumatları;
10.9.7.
ölçü şəhadətnaməsini;
10.9.8.
yük nişanı haqqında beynəlxalq
şəhadətnaməni;
10.9.9.
sərnişin şəhadətnaməsini (sərnişin
gəmisi üçün);
10.9.10.
gəminin quruluşunun təhlükəsizliyinə dair
şəhadətnaməni;
10.9.11.
avadanlıq (qurğu) və təchizata görə gəmi
təhlükəsizliyinə dair şəhadətnaməni;
10.9.12.
gəmi radiostansiyasının fəaliyyəti
üçün xüsusi icazəni və radiojurnalı
(gəminin radiostansiyası olduqda);
10.9.13.
istisnalar haqqında şəhadətnaməni (əgər
varsa);
10.9.14.
neftlə çirklənmədən yaranan zərərə
görə mülki məsuliyyətin maliyyə
təminatı haqqında şəhadətnaməni;
10.9.15.
neftlə çirkləndirmənin qarşısının
alınması haqqında şəhadətnaməni;
10.9.16.
gəmi heyətinin tərkibi haqqında
şəhadətnaməni;
10.9.17.
daşınma qaydalarına uyğun olaraq,
ağırçəkili və göyərtə
yüklərinin bərkidilməsinə dair hesablamanı;
10.9.18.
təsnifat şəhadətnaməsini;
10.9.19.
qeyri-standart yüklər olduqda, texniki şərtlərin
standart sxemlərə uyğun bərkidilməsi haqqında
hesablamaları və müvafiq aktı;
10.9.20.
gəminin “Əmniyyətli idarəetmə haqqında
Beynəlxalq Məcəllə”nin tələblərinə
uyğun olması haqqında şəhadətnaməni;
10.9.21.
bunker yanacağı ilə çirklənmə
nəticəsində vurulan zərərə görə
mülki məsuliyyətlə bağlı sığorta
və ya digər maliyyə təminatı haqqında
sertifikatı;
10.9.22.
gəminin “Gəmi və liman vasitələrinin
mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğun olması haqqında
şəhadətnaməni;
10.9.23.
gəmi tarixinin fasiləsiz qeydlər sənədini;
10.9.24.
“Dənizin gəmilərdən çirkləndirilməsinin
qarşısının alınması haqqında” 1973-cü
il tarixli Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş
şəhadətnamələri;
10.9.25.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq konvensiyalarda
nəzərdə tutulan digər sənədləri;
10.9.26.
gəminin sanitariya nəzarətindən azad edilməsi
haqqında şəhadətnaməni və ya gəminin
sanitariya nəzarətindən keçməsi haqqında
şəhadətnaməni;
10.9.27.
sanitariya jurnalını.
10.10.
Limandan xarici dövlətin ərazisinə yola
düşən gəminin kapitanı və ya gəmi agenti
tərəfindən gömrük qanunvericiliyində
nəzərdə tutulmuş müvafiq sənədlər
gömrük orqanlarına, gəmi heyəti üzvlərinin
siyahısı, onların şəxsiyyətini təsdiq
edən sənədlər, gəminin mənsubiyyəti və
sahibi barədə məlumatlar isə Sahil
Mühafizəsinə təqdim edilməlidir.
10.11.
Limandan xarici dövlətin ərazisinə yola
düşən gəmi və həmin gəmidə
daşınan mallar üzərində gömrük
orqanları tərəfindən gömrük qanunvericiliyində
nəzərdə tutulmuş qaydada gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi
həyata keçirilir.
10.12.
Azərbaycan Respublikasının ərazisində
yerləşən məntəqələr arasında
üzən gəmilərin limandan çıxışı
liman kapitanı tərəfindən Sahil Mühafizəsi
ilə razılaşdırılmaqla birdəfəlik (gəmi
sahibinin əsaslandırılmış müraciəti
əsasında - çoxdəfəlik)
rəsmiləşdirilir. İcazənin qüvvədəolma
müddətində gəminin kapitanı limana giriş və
ya çıxış zamanı Sahil Mühafizəsinin
növbətçi xidmətini və Hərbi Dəniz
Qüvvələrinin Liman Xidməti Postunu telefon, UQD
radiostansiya və ya telefonoqram vasitəsilə heyət
üzvlərinin və sərnişinlərin sayı,
metasentrik hündürlük, gəminin suya oturumu,
çıxış üçün icazənin
qüvvədəolma müddəti və bu icazəni verən
orqan barədə məlumatlandırır.
10.13.
Xarici dövlətin ərazisinə yola düşən
gəminin dənizə çıxışına yalnız
Sahil Mühafizəsi tərəfindən yanalma
körpüsündə (yerləşmə
məntəqəsində və ya xüsusi ayrılmış
başqa yerdə) gəmi heyəti üzvlərinin
şəxsiyyətini təsdiq edən sənədlər
yoxlanıldıqdan sonra icazə verilir.
10.14.
Gəminin texniki vəziyyəti və gəmi heyətinin
tərkibi dəyişdikdə, habelə dəniz
üzgüçülüyünün
təhlükəsizliyinə təsir göstərən
digər dəyişikliklər baş verdikdə, gəmi
kapitanı bu barədə liman kapitanını, gəmi
heyətinin tərkibi dəyişdikdə isə həmçinin
Sahil Mühafizəsini məlumatlandırmalı və
gəminin limandan çıxmasını yenidən
rəsmiləşdirməlidir.
10.15.
Balıqçı gəmisinin limandan
çıxışı rəsmiləşdirilərkən,
əlavə olaraq aşağıdakı sənədlər
də yoxlanılmalıdır:
10.15.1.
sənaye məqsədi ilə balıq ovlamaq üçün
rayonların xəritəsi;
10.15.2.
beynəlxalq konvensiyalar tətbiq olunan rayonlarda balıq ovu
ilə məşğul olmağa dair icazə;
10.15.3.
balıq ovu zamanı üzmə və ovun aparılması
qaydaları, yaxud onları əvəz edən digər
sənədlərin toplusu.
10.16.
Yedəyə alınan və heyət üzvləri ilə
birlikdə limandan çıxan gəminin
çıxışı həmin gəminin kapitanı
tərəfindən rəsmiləşdirilir.
10.17.
Yedəyə alınmış karvanın limanı tərk
etməsi yedək gəmisinin kapitanı tərəfindən
rəsmiləşdirilir.
10.18.
Yedək gəmisinin kapitanı gəminin limandan
çıxışını
rəsmiləşdirərkən, liman kapitanına gəminin
keçid planını və yedək xəttinin sxemini və
hesablanmasını da təqdim etməlidir.
10.19.
Manevri məhdudlaşdırılmış gəmilərin
və digər qurğuların limandan
çıxışı rəsmiləşdirilərkən
onların yedəklənməsində konstruktor-layihə
bürosunun hazırladığı və Agentlik ilə
razılaşdırdığı bağlanma sistemi,
müxtəlif konstruksiyaların bərkidilməsi
barədə sənədlər liman kapitanına təqdim
olunmalıdır.
10.20.
Gəminin üzməsi ilə bağlı məhdudiyyət
olduqda və ya gəmilərdə iriqabaritli qeyri-standart
yüklər daşındıqda və ya iri platformalar
yedəyə alındıqda, yedəkləmə sxemi,
keçid planı, müxtəlif qurğuların,
gövdənin bərkidilməsi və digər
sənədlər toplusu tərtib olunaraq, Agentlik tərəfindən
təsdiq edilir və bu keçidə birdəfəlik
icazə verilir.
10.21.
Yedəkləmə rəsmiləşdirilərkən həm
yedək, həm də yedək olunan gəminin
sənədləri və onların
üzgüçülüyə yararlılığına
dair akt liman kapitanına təqdim edilməlidir.
10.22.
Liman kapitanının göstərişinə əsasən,
Azərbaycan Respublikasının ərazi sularını
tərk etməməklə, gəminin qəza-xilasetmə
əməliyyatlarında iştirak etməsi məqsədi
ilə və ya təbii fəlakət nəticəsində
limandan çıxışı zamanı
rəsmiləşdirmə tələb olunmur.
10.23.
Çıxış üçün icazə 24 saat
ərzində qüvvədədir. Hər hansı bir
səbəbdən gəmi limanda bu müddətdən
artıq dayanarsa, gəmi kapitanı bu barədə liman
kapitanına məlumat verməli və gəminin
çıxışını yenidən rəsmiləşdirməlidir.
10.24.
Hidrometeoroloji və naviqasiya şəraitinin
dəyişməsi gəminin limandan çıxmasına
maneə törətdikdə, liman kapitanı gəminin limandan
çıxışını qadağan etmək hüququna
malikdir.
10.25.
Gəminin limanda dayanması 12 saatdan az müddət
üçün nəzərdə tutulduqda, liman
kapitanının icazəsi ilə gəminin limana girişi
və çıxışı eyni zamanda
rəsmiləşdirilir.
10.26.
Limanın fəaliyyətinin təmin edilməsi məqsədi
ilə istismar olunan gəmilərin girişi və
çıxışı 24 saat ərzində
birdəfəlik rəsmiləşdirilir.
10.27.
Tərsanələrdən istismar sınağına
çıxan gəmilərin kapitanı onların limandan
çıxışını rəsmiləşdirmək
üçün təsnifat cəmiyyətinin icazəsini,
gəmi heyətinin siyahısını, tərsanənin
və başqa təşkilatların
mütəxəssislərinin siyahısını liman
kapitanına təqdim etməlidir.
10.28.
Limandan dənizə və ya başqa körpüyə yanalmaq
üçün körpüdən çıxmazdan 15
dəqiqə əvvəl gəmi kapitanı tərəfindən
UQD radiostansiyası vasitəsilə operatordan icazə
alınmalıdır.
11. Gəmilərin lövbər dayanacaqlarında
dayanması
11.1.
Gəmilərin daxili və xarici reydlərdə lövbər
dayanacaqlarında dayanması operator tərəfindən
müəyyən olunur.
11.2.
Lövbər dayanacağı aşağıdakı hallarda
qadağandır:
11.2.1.
xəritələrdə, üzgüçülük
üzrə rəhbər sənədlərdə və
“Dənizçilər üçün
bildirişlər”də göstərilən qadağan
edilmiş rayonlarda;
11.2.2.
farvaterlərdən, kanal və buy və bakenlərlə
birlikdə farvaterin xəttinə nəzərən gəminin mövqeyini
müəyyən etmək üçün çay və
göllərin sahillərində kontrast rənglərdə
olan naviqasiya vasitəsindən 1,5 mil və ya daha az
məsafədə;
11.2.3.
dayanacağın təhlükəsizliyini təmin
etməyən dərinliklərdə;
11.2.4.
tərsanələrin akvatoriyalarında;
11.2.5.
sualtı kommunikasiyaların keçid zonalarında.
11.3.
Gəmilərin lövbərə durması və ya
lövbər dayanacağı yerinin dəyişməsi
operatorun icazəsi ilə Hərbi Dəniz
Qüvvələrinin Liman Xidməti Postu və Sahil
Mühafizəsi ilə razılaşdırılmaqla həyata
keçirilir.
11.4.
İcazəsiz və ya nəzərdə tutulmamış
yerdə lövbərə dayanmış gəminin kapitanı
operatorun göstərişinə əsasən gəminin
lövbər dayanacağı yerini dəyişməli və
dərhal bu barədə operatoru
məlumatlandırmalıdır.
11.5.
Dreyf üsulu ilə gəminin lövbər dayanacağı
yerini dəyişdirmək qadağandır.
11.6.
Gəmidə naviqasiya işıqları kimi qəbul edilə
biləcək işıqlardan istifadə olunması
qadağandır.
11.7.
Lövbərdə dayanan gəmilərin məsul
növbətçisi gəmi radiostansiyalarının 16-cı
kanalında və ya “Liman üzrə məcburi Qaydalar”da
nəzərdə tutulan UQD kanallarında radio növbəsi
çəkməlidir.
11.8.
Günün qaranlıq vaxtı lövbərdə dayanan
gəmilərdə “Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a
müvafiq işıqlar yandırılmalıdır.
11.9.
Heyəti olmayan özühərəkətetməyən
gəmilərin və üzən vasitələrin
lövbərdə yedəksiz dayanması qadağandır.
11.10.
Gəmi kapitanı gəminin bortuna
götürülmüş və ya bortda aşkar edilmiş
kənar şəxslər haqqında dərhal Sahil
Mühafizəsinin növbətçi xidmətini (sahil məntəqəsini)
və liman kapitanını məlumatlandırmalı və
onları aidiyyəti dövlət orqanlarına təhvil
verməlidir.
11.11.
Katerin, qayıqların və salların suya salınması
yalnız Sahil Mühafizəsinin və Agentliyin tabeliyində olan
qurumun razılığı ilə həyata keçirilir. Bu
tələblər suda batan insanlara kömək
göstərən və qəza-xilasetmə işlərini
yerinə yetirən gəmilərə şamil edilmir.
11.12.
Lövbərdə dayanarkən, gəmilərdə yük
oxları, sallar və traplar yalnız onların istifadəsi
zamanı bortdan aşırılmalıdır.
11.13.
Gəminin lövbər dayanacağında təhlükəsiz
dayanmasını təmin etmək məqsədi ilə baş
mühərriklər hazır vəziyyətdə
saxlanılmalıdır.
11.14.
Lövbər dayanacağında dayanmış gəminin
kapitanı lövbər dayanacağını
təhlükəli hesab etdikdə, bu barədə operatoru
məlumatlandırır və operator tərəfindən
gəmiyə təhlükəsiz lövbər
dayanacağı təqdim edilir. Limanın daxili reydində
belə yer olmadıqda, gəmiyə xarici reydə
istiqamətlənməsi barədə göstəriş
verilir.
12. Körpülərin gəmilərin yanalmasına
hazırlanması
12.1.
Körpü sahibi gəminin körpüyə girişi və
körpüdən çıxışı,
təhlükəsiz yanalması, körpüdə
dayanması, yük əməliyyatlarının və
digər işlərin aparılması üçün
hazırlıq işləri görməlidir.
12.2.
Körpüyə yaxınlaşan gəminin yanalması
üçün körpü xəttinin sərbəst
uzunluğu kifayət qədər təmin olunmalı,
gəmilərin ölçüsündən və dayanacaq
şəraitindən asılı olaraq, gəmilərarası
məsafə 10 metrdən az olmamalıdır.
12.3.
Körpü xəttinin 3 metrlik hissəsi yüklərdən
və yanalma əməliyyatına maneə törədə
bilən digər əşyalardan təmizlənməlidir.
12.4.
Körpü kranları körpü xəttindən liman
idarəsinin təsdiq etdiyi sxemə uyğun
kənarlaşdırılır.
12.5.
Yanalma zonasında bütün işlər və
nəqliyyatın hərəkəti
dayandırılmalıdır.
12.6.
Günün qaranlıq vaxtı körpü tam
işıqlandırılmalıdır.
12.7.
Gəminin yanalma yeri körpü sahibinin nümayəndəsi
tərəfindən gündüz vaxtı qırmızı
bayraq, gecə vaxtı isə qırmızı
fənərlə göstərilir.
12.8.
Gəminin yanalmasına başlamazdan əvvəl gəmi
kapitanı operatordan və ya bələdçidən
körpünün vəziyyəti, ölçüləri
və mövcud dərinliklər haqqında məlumat
almalıdır.
12.9.
Liman kapitanının sərnişin körpülərində
yük əməliyyatının aparılmasına liman
idarəsi ilə razılaşdırmaqla icazə vermək
hüququ vardır.
12.10.
İki gəminin laq üsulu ilə körpüyə
qoyulması yalnız həmin gəmilərin
kapitanlarının birgə razılığı və liman
kapitanının icazəsi ilə həyata keçirilir.
12.11.
Körpüdə dayanan gəminin bortuna ikinci gəminin
yanalması zamanı bütün yük
əməliyyatları dayandırılmalıdır.
12.12.
Gəmidə infeksiya və ya kontaminasiya mənbəyi
aşkar edildikdə, dezinfeksiya, dekontaminasiya, dezinseksiya və
ya deratizasiya tədbirlərinin aparılması
üçün şərait yaradılmalıdır.
13. Gəmilərin körpüyə yanalması
13.1.
Gəmilərin körpüyə yanalması zamanı
aşağıdakılar qadağan olunur:
13.1.1.
körpülər gəmilərin təhlükəsiz
yanalması üçün hazır olmadıqda,
gəmilərin həmin körpülərə yanalması;
13.1.2.
gəmiləri yanalma üçün təyin edilməmiş
hər hansı bir qurğunun hissəsinə bağlamaq;
13.1.3.
yanalma əməliyyatında kənar şəxslərin
olması;
13.1.4.
iki və daha artıq gəminin eyni zamanda qonşu
körpülərə yan- alması və ya
körpüdən aralanması;
13.1.5.
iki gəmi paralel bort borta bağlı olduğu halda,
onların körpüyə yanalması.
13.2.
Gəminin körpüyə yanalması liman kapitanından,
liman dispetçerindən və ya körpü sahibindən
icazə alınmaqla, operator və Sahil Mühafizəsi
ilə, gəmidə təhlükəli yüklər olduqda
isə limanın yanğından mühafizə xidməti
ilə razılaşdırılmaqla həyata keçirilir.
13.3.
Gəmidə xüsusi təhlükəli yoluxucu
xəstəliklərin əlamətləri aşkar
edildikdə və ya həmin xəstəliklərin olmasına
dair şübhə yarandıqda, gəminin körpüyə
yanalması Su Nəqliyyatında Gigiyena və Epidemiologiya
Mərkəzinin “Beynəlxalq tibbi sanitariya Qaydaları”nın
tələblərinə uyğun olaraq verilmiş rəyi
nəzərə alınmaqla həyata keçirilir. Xarici
dövlətin ərazisindən gələn gəminin
körpüyə yanalması Sahil Mühafizəsi və
gömrük orqanları ilə
razılaşdırılmalıdır.
13.4.
Gəminin körpüyə yanalması üçün
körpü sahibi yanalma əməliyyatının
rəhbəri ilə birgə gəminin tam tutumundan
asılı olaraq, yanalma əməliyyatı
işçilərinin sayını aşağıdakı
kimi müəyyən edir:
13.4.1.
gəminin tutumu 300 registr ton olduqda - yanalma əməliyyatı
işçilərinin sayı 1 nəfər;
13.4.2.
gəminin tutumu 300-1500 registr ton olduqda - yanalma
əməliyyatı işçilərinin sayı 2
nəfər;
13.4.3.
gəminin tutumu 1500-2500 registr ton olduqda - yanalma
əməliyyatı işçilərinin sayı 3
nəfər;
13.4.4.
gəminin tutumu 2500-5000 registr ton olduqda - yanalma
əməliyyatı işçilərinin sayı 4
nəfər;
13.4.5.
gəminin tutumu 5000 registr tondan artıq olduqda - yanalma
əməliyyatı işçilərinin sayı 4 və ya 4
nəfərdən yuxarı.
13.5.
Gəmi körpüdə dayanan digər gəminin bortuna yan
alarkən, körpüdə dayanan gəminin heyəti
gəminin gövdəsinin zədələnməsinin və
körpüyə yanalma zamanı gövdəyə
düşən zərbənin gücünü azaltmaq
məqsədi ilə gəminin bortunu yastıqların
köməyi ilə qorumalı və gəmiyə verilən
yanalma kəndirlərini qəbul etməlidir. Sahil yanalma
kəndirlərinin qəbulu körpünün sahibi
tərəfindən təmin edilir.
13.6.
Yanalma əməliyyatlarına cəlb olunan yedək
gəmilərinin sayı Agentliyin tabeliyində olan qurum
tərəfindən müəyyən edilir.
13.7.
Kiçikhəcmli gəmilərin körpüyə yalnız
liman kapitanının və limanın növbətçi
dispetçerinin icazəsi ilə yanalmaq hüququ vardır.
13.8.
Neftdaşıyan gəmilərin quru yük
körpülərinə yanalmasına liman kapitanının
və liman dispetçerinin icazəsi ilə yol verilir. Xarici
dövlətin bayrağı altında üzən
gəmilərin körpüyə yanalması və onların
yerlərinin dəyişdirilməsi əvvəlcədən
Sahil Mühafizəsi və gömrük orqanları ilə
razılaşdırılmalıdır.
14. Gəmilərin körpüdə dayanması
14.1.
Gəmilərdə 1-ci və ya 2-ci sinif təhlükəli
yük olarsa (bunker əməliyyatından başqa), onların
körpüdə laq üsulu ilə dayanması
qadağandır.
14.2.
Körpüdə dayanmış gəminin kapitanı
dənizin üst səthinin, dibinin və körpünün
çirklənməsinin qarşısının
alınması üçün zəruri tədbirlər
görməli, həmçinin qarlı günlərdə trap
ətrafının təmizlənməsini təmin
etməlidir.
14.3.
Yanalma əməliyyatı sona çatdıqdan sonra gəminin
istifadə olunmamış lövbərləri yerinə
yığılmalı və lövbər zəncirləri
stoporlarla bağlanılmalıdır.
14.4.
Gəmidən körpüyə verilmiş traplar leyer və
tutacaqlarla təchiz edilməli, trapın yanında 30 metr
uzunluğu olan iplə bağlı xilasetmə dairəsi olmalıdır.
14.5.
Trapın alt hissəsində insanların düşməsinin
qarşısını alan qoruyucu tor olmalıdır.
Günün qaranlıq vaxtı trap və onun ətrafı
yetərli dərəcədə
işıqlandırılmalıdır.
14.6.
Gəmi təmiri tərsanəsinin rəhbərliyi təmir
olunan gəmilərin və üzən vasitələrin
təhlükəsiz dayanacağının
təşkilinə, həmçinin tərsanənin
akvatoriyasında ətraf mühitin qorunmasına cavabdehlik
daşıyır.
14.7.
Günün qaranlıq vaxtı körpüdə
dayanmış gəmi körpüdən işıqlandırılmalı,
gəminin burun və arxa hissələrində isə
gəminin qurtaracaqlarını işarə edən
işıqlar qoyulmalıdır.
14.8.
Gəminin ölçüsündən və
mənsubiyyətindən asılı olmayaraq, trapın
yanında növbətçi durmalıdır.
Növbətçinin liman kapitanı, liman dispetçeri,
limanın mühafizə xidməti, limanın yanğından
mühafizə xidməti ilə mütəmadi rabitə
əlaqəsi təmin olunmalıdır.
14.9.
Gəmidən sahilə və əksinə keçməyə
yalnız trap vasitəsilə icazə verilir. Gəmi
traplarının texniki vəziyyətinə və
təhlükəsiz istifadəsinə görə gəmi
kapitanı, gəmiyə sahildən verilmiş trapın texniki
vəziyyətinə görə isə körpü sahibi
cavabdehdir.
14.10.
Tanker və ya maye yanacağı olan bunker gəmiləri
gecə vaxtı ştat işıqlarından əlavə, ən
azı 2 mil məsafədən görünən yerdə bir
qırmızı işıq yandırmalı, gündüz
isə Beynəlxalq Bayraqlar Toplusuna (BBT) əsasən “Bravo”
bayrağını qaldırmalıdırlar.
14.11.
Körpüdə dayanmış gəmidə liman
kapitanının icazəsi olmadan yük kranlarını,
oxları, trapları, qayıq və digər vasitələri
sallanmış vəziyyətdə saxlamaq qadağandır.
14.12.
Körpüdə dayanan gəmiyə gəmi
qayıqlarını bortun yanında saxlamaq, həmçinin
bortdan kənara çıxarmaq və suyadək endirmək
qadağandır.
14.13.
Baş mühərriklərin, sükanın, lövbər
və yanalma qurğuları sıradan çıxdıqda,
onların təmiri üçün qayıq və ya digər
üzən vasitələrdən istifadəyə liman
kapitanından yazılı razılıq alındıqdan sonra
yol verilir.
14.14.
Limanda dayanmış gəmidə bortun rəngləmə
işlərinin aparılması qadağan edilir, qəza və
yanğın əleyhinə vasitələr saz və
istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır.
14.15.
Kiçikhəcmli gəmilərin mühafizəsi gəmi
sahibi tərəfindən həyata keçirilir.
14.16.
Yük əməliyyatları zamanı gəminin yana meyili
(kren) 5 dərəcədən artıq olmamalıdır.
14.17.
Limandan çıxan iritonnajlı gəmilər manevr
üçün yedəkçi gəmilərdən
istifadə etməli və öz mühərrikləri ilə
körpülərin yaxınlığında manevr
etməməlidirlər.
14.18.
Gəmi bilavasitə körpüdə dayanarkən,
mühərriklərin qızdırılması
üçün vintlər ən kiçik
dövrlərdə işlədilməlidir.
14.19.
Yük əməliyyatlarının aparılması
məqsədi ilə neftdaşıyan tankerlərin yalnız
müvafiq boru xətti ilə təchiz edilən
körpülərə yanalmasına icazə verilir.
14.20.
Alışma temperaturu 28 C-dən az olan neft
məhsulları ilə yüklənmiş tankerlərin
körpülərə yanalması qeyri-metal buraz
vasitəsilə həyata keçirilməlidir.
14.21.
Neftdaşıyan tankerlərə digər gəmilərin
yaxınlaşması və yanalması zamanı gəmidə
aparılan yük əməliyyatları dərhal
dayandırılmalıdır.
14.22.
Körpüdə dayanmış gəmiyə
gəmiricilərin və həşəratların daxil
olmasının qarşısını almaq üçün
tədbirlər görülməlidir.
15. Körpüdə dayanacaq yerinin
dəyişdirilməsi
15.1.
Limanın növbətçi dispetçerinin və Sahil
Mühafizəsinin razılığı olmadan gəminin
limanda dayanacaq yerinin dəyişdirilməsi qadağandır.
Limanın növbətçi dispetçeri gəmi
kapitanını nəzərdə tutulan dayanacaq yerinin
dəyişdirilməsi barədə 2 saatdan əvvəl
xəbərdar etməlidir.
15.2.
Əgər körpüdə yerdəyişmə saat 17:00-dan
növbəti gün saat 08:00-dək planlaşdırılarsa,
liman dispetçeri bu barədə gəmi kapitanına saat
15:00-dək məlumat verməlidir.
15.3.
Dayanacaq yerini dəyişən gəmi körpüdə
dayanan digər gəminin bortuna laq üsulu ilə yan alarsa,
sonuncu yerdəyişməyə başlamazdan 1 saat
əvvəl məlumatlandırılır.
15.4.
Gəminin dayanacaq yerinin bir körpüdən digərinə
dəyişdirilməsi üçün gəmi kapitanı
əməliyyatın başlanmasına 15 dəqiqə
qalmış UQD radiostansiyası ilə müəyyən olunmuş
kanalda operatordan icazə almalıdır.
15.5.
Gəminin bir körpüdən digərinə
yerdəyişməsinə və ya reydə
çıxarılmasına yalnız gəminin bayrağı
altında üzdüyü dövlət tərəfindən
təsdiq edilmiş gəminin minimum heyət tərkibinin
mövcud olduğu hallarda icazə verilir.
15.6.
Körpünün uzunluğu boyunca yerdəyişmə 50 metr
məsafədən çox olduqda, gəminin dayanacaq yerinin
dəyişdirilməsi yalnız yedəkçi
gəmilərin köməyi ilə aparılmalı, yerdəyişmə
50 metr məsafədən az olduqda isə gəmi kapitanı
yerdəyişməni yanalma kəndir ilə dartma üsulu
ilə həyata keçirmək hüququna malikdir.
15.7.
Gəminin liman kapitanının və operatorun icazəsi
olmadan körpünü tərk etməsinin
nəticələrinə görə gəmi kapitanı
(gəmi sahibi) cavabdehdir.
15.8.
Xarici dövlətin bayrağı altında üzən
gəmilərin limanda hər hansı bir yerdəyişməsi
üçün gəmidə bələdçinin olması
məcburidir.
15.9.
Gəmi kapitanı gəminin kəndirlə dartılma
üsulu ilə körpü boyu yerdəyişməsini liman
kapitanının icazəsi ilə bələdçisiz
həyata keçirmək hüququna malikdir.
16. Əlverişsiz hidrometeoroloji şəraitdə
görülən tədbirlər
16.1.
Hava şəraitinin dəyişməsi haqqında məlumat
alan operator bu barədə liman kapitanlarını, liman
akvatoriyasında olan gəmilərin sahiblərini,
dispetçer xidmətini, liman akvatoriyasında və
körpülərdə olan bütün gəmi kapitanlarını
və gəmi agentlərini dərhal
məlumatlandırmalıdır.
16.2.
Hava şəraitinin pisləşməsi aydın
müşahidə olunduqda və fırtına
xəbərdarlığı haqqında məlumat
alındıqda, kapitanlar gəmilərin təhlükəsizliyinin
təmin edilməsi üçün tədbirlər
görməlidirlər.
16.3.
Fırtına xəbərdarlığını alan liman
kapitanı limanın dispetçer xidmətinə
fırtına zamanı limanı tərk edəcək
gəmilərin siyahısını təqdim etməli və
gəmi kapitanı ilə birlikdə gəmi və üzən
vasitələrin təhlükəsizliyinin təmin edilməsi
məqsədi ilə onları yüksək hazırlıq
vəziyyətinə gətirməlidir.
16.4.
Limanın ərazisində küləkdən və
dalğalanmadan qorunmaq üçün şərait
olmadıqda, gəmilər dənizə çıxmaq
məqsədi ilə yüksək hazırlıq
vəziyyətinə gətirilməlidir.
16.5.
Fırtına xəbərdarlığı və
küləyin sürətinin 17 m/san-dən artıq
güclənməsi haqqında məlumat alındıqda,
gəminin minimum heyət tərkibi gəmidə
olmalıdır.
16.6.
Fırtınalı hava şəraitində limanda dayanan
gəminin kapitanı liman kapitanının və operatorun
təhlükəsizliyin təmin olunmasına
yönəldilmiş bütün tələblərini
dərhal yerinə yetirməli, texniki cəhətdən saz
olan hər bir gəmi fırtına zamanı liman
kapitanının tələbinə əsasən limanı
tərk etməlidir.
16.7.
Gəmi kapitanı, heyət üzvləri, liman idarəsi
və gəmi sahibləri limanda gəmilərin
təhlükəsiz dayanmasının təmin
edilməsinə dair liman kapitanının və operatorun
göstərişlərinə riayət etməlidirlər.
16.8.
Kiçikhəcmli gəmilərin və
özühərəkətetməyən üzən
vasitələrin kapitanları təhlükəli
vəziyyət haqqında xəbərdarlıq aldıqda,
dərhal təhlükəsiz dayanacağın təmin
edilməsi üçün tədbirlər
görməlidirlər.
16.9.
Hava kəskin surətdə dəyişdikdə və
fırtına gözlənildikdə, limanın yedək
gəmiləri və bələdçi xidməti
yüksək hazırlıq vəziyyətinə
gətirilməlidir.
17. Kiçikhəcmli gəmilərin və
üzən vasitələrin limanda dayanması və
hərəkəti
17.1.
Qeydiyyata alınmış kiçikhəcmli gəmilərin
sahiblərinə gəmi biletləri verilir və tanınma
(identifikasiya) nömrəsi təqdim olunur.
17.2.
Kiçikhəcmli gəmilərin sahibləri
mülkiyyətində olan gəmilərin texniki
vəziyyətinin qiymətləndirilməsi və üzmə
müddətinin uzadılması üçün onları
hər il texniki baxışa təqdim etməlidirlər.
17.3. Kiçikhəcmli gəmilərin
sürücüləri həmin gəmiləri idarə
etmək üçün Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidməti tərəfindən verilmiş
sürücülük vəsiqələrinə malik
olmalıdırlar.[5]
17.4.
Kiçikhəcmli gəmilərin bortunda
aşağıdakılar aydın şəkildə
göstərilməlidir:
17.4.1.
burun hissədə - gəminin adı;
17.4.2.
arxa hissədə - qeydiyyat limanı və nömrəsi.
17.5.
Kiçikhəcmli gəmilər limanların akvatoriyasında
üzdükdə, UQD radiostansiyası vasitəsilə operator
ilə rabitə əlaqəsinə malik olmalıdırlar,
əks halda onların hərəkəti qadağandır.
17.6.
Küləyin sürəti 7m/san-dən artıq olduqda,
avarlı qayıqların üzməsi qadağan edilir.
17.7.
Küləkli və dalğalı havada yelkənli və
mühərrikli qayıqların hərəkətinə
onların inşa sənədlərində
göstərilmiş məhdudiyyətlər nəzərə
alınmaqla yol verilir.
17.8.
Kiçikhəcmli gəmilərə
aşağıdakılar qadağandır:
17.8.1.
liman akvatoriyalarının daxilində onlar üçün
ayrılmış üzmə rayonunun hüdudlarından
kənara çıxmaq;
17.8.2.
nəqliyyat və digər gəmilərin kurslarını
kəsmək və onların hərəkətinə mane
olmaq;
17.8.3.
limanın körpülərində və lövbərdə
dayanmış gəmilərə, naviqasiya avadanlıqları
vasitələrinin işarələrinə, gəmi təmiri
tərsanələrinin körpülərinə və
dənizkənarı parkın sahil sütunlarına yanalmaq;
17.8.4.
göyərtəsinə inşa sənədlərində
müəyyən olunmuş saydan artıq insan götürmək;
17.8.5.
inşa sənədlərində nəzərdə
tutulmadığı halda sərnişin və yüklər
daşımaq.
17.9.
Kiçikhəcmli gəmilər və üzən qurğular
limanda yalnız onlar üçün ayrılmış
yerlərdə dayanmalıdırlar.
17.10.
Könüllü idman cəmiyyətlərinin,
yaxt-klubların və digər təşkilatların
rəhbərləri, həmçinin kiçikhəcmli və
idman gəmilərinə sahib olan hüquqi şəxslər
tərəfindən gəmilərin dayanacaq yerlərində müşahidə
məntəqələri təşkil edilməlidir.
17.11.
Kiçikhəcmli gəmilərin (tam tutumu 70 tondan az olan
gəmilər istisna olmaqla) limanlardan
çıxışını rəsmiləşdirmək
üçün hüquqi və fiziki şəxslər liman
kapitanına müraciət etməli və
aşağıdakı məlumatları bildirməlidirlər:
17.11.1.
gəminin adı;
17.11.2.
gəminin xüsusiyyətləri (spesifikasiyası);
17.11.3.
gəmi sürücülərinin adları və onların
sertifikatları;
17.11.4.
bortda olan sərnişinlərin sayı;
17.11.5.
gəminin çıxışının məqsədi.
17.12.
Agentliyin
tabeliyində olan qurum su idman tədbirlərində
(yarışlar, olimpiadalar, dərs təlimləri və s.)
iştirak edən idman gəmilərinin hərəkətini
dayandırmaq hüququna malikdır.
17.13.
Külək və dalğalanma şəraitində
kiçikhəcmli gəmilərin təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə onlar üçün
dayanacaq yerləri iritonnajlı gəmilərin
hərəkət yollarından və dayanacaq
məntəqələrindən kifayət qədər uzaqda
müəyyən edilməlidir.
17.14.
Kiçikhəcmli gəmilərin sahibləri və
kapitanları onların təyin olunmuş dayanacaq
yerlərində təhlükəsiz dayanmasını təmin
etməlidirlər.
17.15.
Heyəti olmayan, özühərəkətetməyən,
yedəklə üzən qurğuları lövbərdə
saxlamaq qadağandır.
17.16.
Kiçikhəcmli gəmilərin yük
körpülərinə yalnız liman kapitanının və
liman dispetçerinin icazəsi ilə yanalmasına yol verilir.
17.17.
Kiçikhəcmli gəmilərin neft
körpülərində və tankerlər üçün
nəzərdə tutulmuş dayanacaqlarda dayanması
qadağandır.
18. Dənizin çirkləndirilməsinin
qarşısının alınması
18.1.
Azərbaycan Respublikasının ərazi sularında və
liman akvatoriyalarında üzən bütün gəmilər,
eləcə də liman ərazisində və sahilboyu
ərazilərdə fəaliyyət göstərən fiziki
və hüquqi şəxslər “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikası
Qanununun, digər normativ hüquqi aktların, habelə
“Dənizin gəmilərdən çirkləndirilməsinin
qarşısının alınması haqqında”
Beynəlxalq Konvensiyanın və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
digər beynəlxalq müqavilələrin
tələblərinə riayət etməlidir.
18.2.
Limanlarda üzən gəmilər və gəmiçilik
sahəsində fəaliyyət göstərən hüquqi
və fiziki şəxslər tərəfindən dənizin
çirkləndirilməsinin qarşısının
alınmasına dair görüləcək tədbirlərin
xüsusiyyətləri, gəmilərdən və
müəssisələrdən istismar zamanı
əmələ gələn neft tərkibli maddələrin,
zibillərin, çirkab sularının və digər
zərərli tullantıların qəbulu qaydaları Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi tərəfindən
müəyyən edilir.
18.3.
Dənizin canlı orqanizmləri və insan
sağlamlığı üçün aşağıda
adları sadalanan zərərli maddələrin gəmidən
dənizə atılması qadağandır:
18.3.1.
neft və hər növ neft məhsulları, həmçinin
müxtəlif gəmi qurğularında istifadə olunan
qarışıqlar;
18.3.2.
kimyəvi xam maddələr və kimyəvi istehsal
məhsulları;
18.3.3.
tualetlərdən, ambulatoriya və lazaretlərdən, heyvanlar
saxlanılan yerlərdən axan təmizlənməmiş
çirkab suları;
18.3.4.
dəniz suyunun xüsusiyyətlərini, rəngini, iyini
dəyişən digər çirkab axıntıları;
18.3.5.
zibil və qida (ərzaq) qalıqları;
18.3.6.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş
tullantılar.
18.4.
Atmosferin və ətraf mühitin zəhərli qazlarla
çirkləndirilməsinin həddi Azərbaycan
Respublikasının bu sahədə qüvvədə olan
normativ hüquqi aktlarının və “Dənizin
gəmilərdən çirkləndirilməsinin
qarşısının alınması haqqında” 1973-cü
il tarixli Beynəlxalq Konvensiyanın tələbləri ilə
tənzimlənir.
18.5.
Liman akvatoriyalarında və ərazi sularında
çirklənmənin qarşısını almaq
məqsədi ilə aşağıdakılar təmin
edilməlidir:
18.5.1.
təsadüfi və ya nəzərdə tutulmuş
tullantıların atıla biləcəyi klapanları
bağlı saxlamaq və plomblamaq;
18.5.2.
göyərtədə şpiqatları bağlı saxlamaq,
şlanq və hava borularının birləşən
yerlərinin altında altlıqlar qoymaq;
18.5.3.
ballast sularını yalnız liman kapitanının icazəsi
ilə boşaltmaq və ya qəbul qurğularına təhvil
vermək;
18.5.4.
gəmilərin rənglənməsini, göyərtə
və anbarların yuyulmasını, qaynaq və təmir
işlərini yalnız liman kapitanının icazəsi
ilə həyata keçirmək.
18.6.
Gəmi kapitanları liman akvatoriyasında istər öz
gəmilərindən, istərsə də digər
mənbələrdən zərərli maddələrin
dənizə atılması halları barədə liman
kapitanına dərhal məlumat verməlidirlər.
18.7.
Ətraf mühitin mühafizəsinə dair gəmi
sənədləri liman kapitanının tələbinə
əsasən dərhal təqdim olunmalıdır.
18.8.
Gəmidə yığılmış hər növ
çirkabın, döşəməaltı və ballast
sularının, habelə zibillərin qəbulu liman idarəsi
tərəfindən təmin edilməlidir.
18.9.
Gəmidən gələn sifariş əsasında limana
verilən sərt separasiya, neft məhsullarının
qalıqları, yağlanmış əskilər, sənaye
zibilləri, texniki və qida tullantıları,
işlənmiş qablar və digər tullantılar xüsusi
taralarda daşınmalıdır.
18.10.
Mühərriklərin soyuducu su sisteminin çəkilmə
dəlikləri gəmi limana daxil olanadək, xüsusi
örtüklə bağlanılmalıdır.
18.11.
Yük əməliyyatı, gəminin yanacaq qəbul
etməsi, çirkab və ballast sularının
boşaldılması zamanı gəmi heyətinin səhvi
və ya istifadə olunan gəmi avadanlığının
texniki nasazlığı nəticəsində körpü
və ya dəniz akvatoriyasının
çirklənməsinə görə gəmi kapitanı
və gəmi sahibi cavabdehlik daşıyır.
18.12.
Zibil, çirkab və döşəməaltı sular, qida
və digər sərt qalıqlı tullantılar gəmi
limanı tərk etməzdən əvvəl təhvil
verilməlidir.
18.13.
Liman akvatoriyasında neft ləkələrinin gəmi
heyəti tərəfindən nefti dibə
çökdürən və ya onu suda həll edən
məhlulların istifadəsi ilə aradan
qaldırılması qadağandır.
18.14.
Neft dağıntısını törədən hər
hansı bir gəminin heyət üzvlərinin
dağıntının aradan qaldırılması
işlərində köməklik göstərməsi məcburidir.
19. Limanda radiorabitə vasitələrindən
istifadə
19.1.
Liman akvatoriyasında olan gəmilərin UQD radiostansiyası
və peyk rabitə vasitələri istisna olmaqla, teleqraf və
digər telefon radio qurğularından istifadə etməsi
qadağandır.
19.2.
Gəmi təhlükəyə məruz qalarsa və ya
digər fəlakətə uğramış
gəmilərə yardım etmək məqsədi ilə
istənilən rabitə vasitəsilə məlumatın
ötürülməsinə icazə verilir.
19.3.
Gəmilərin hərəkətini tənzimləmək
üçün ayrılmış müəyyən UQD
kanallarında gəmilərin hərəkətinin
tənzimlənməsinə aid olmayan
danışıqların aparılması qadağandır.
19.4.
Əgər abunəçi ilə sahil telefon
şəbəkəsi vasitəsilə əlaqə saxlamaq
mümkün deyildirsə, bu halda körpüyə yan
almış gəminin peyk və ya UQD radiostansiya sistemindən
istifadə etmək hüququ vardır.
19.5.
UQD radiostansiyasına malik olan gəmi liman sularında
üzərkən məlumatı qəbul etmək
üçün onları işlək vəziyyətdə
saxlamalı və radiorabitə qaydalarına ciddi riayət
etməlidir.
19.6.
Liman akvatoriyasında radiorabitə vasitələri ilə
danışıqların aparılması Agentliyin tabeliyində olan
qurum tərəfindən təşkil olunur.
20. Liman akvatoriyasında mühafizə və
hərəkət qaydaları
20.1.
Azərbaycan Respublikasının ərazisində
yerləşən hər hansı bir liman “Gəmi və liman
vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq
Məcəllənin tələblərinə uyğun
reqlamentlərə və müvafiq
şəhadətnaməyə, “Gəmi və liman
vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq
Məcəllənin tələbləri tətbiq edilən
gəmilər isə həmin Məcəllədə
nəzərdə tutulmuş mühafizə planına və
şəhadətnaməyə malik olmalıdırlar.
20.2.
Bu Qaydaların 19.1-ci bəndində nəzərdə tutulan
sənədləri olmayan gəmilərin limanlara daxil
olması qadağandır.
20.3.
Liman akvatoriyasında üzmə və dayanma zamanı gəmi
limanda olan başqa gəmilərin təhlükəsizliyini,
hidrotexniki və digər liman qurğularının, o
cümlədən naviqasiya avadanlıqlarının qorunub
saxlanılmasını təmin edən qaydalara riayət
etməlidir.
20.4.
Üzən mayaka, buylara və digər üzən naviqasiya
avadanlıqlarına yaxınlaşmaq və yanalmaq
qadağandır.
20.5.
Naviqasiya avadanlıqlarının zədələnməsini
və onların öz yerindən kənarlaşmasını
aşkar edən gəmi kapitanı bu barədə liman
kapitanına dərhal məlumat verməlidir.
20.6.
İstənilən üzən vasitələrin təmir
və ya digər məqsədlər üçün
sahilə və ya körpüyə çıxarılması
yalnız liman kapitanının icazəsinə əsasən
Sahil Mühafizəsi ilə razılaşdırılmaqla
həyata keçirilir.
20.7.
Liman daxilində dayanan gəmilərin və onlarda olan
yüklərin qorunmasını gəmi heyəti
üzvləri təmin edir.
Qeyd. Bu Qaydalarda dəyişikliklər
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 26 may 2016-cı il tarixli 204
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 may
2016-cı il, ¹ 115, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 963)
2. 11 may 2017-ci il tarixli 201 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci il, ¹ 100, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
972)
3. 19 sentyabr 2017-ci il tarixli 376 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 sentyabr 2017-ci il, ¹ 205, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9 , maddə
1732)
4. 7 may 2019-cu il tarixli 213 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, ¹
102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 5, maddə 948)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7
may 2019-cu il tarixli 213
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 11 may 2019-cu il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 5, maddə 948) ilə “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın 1.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra –
Administrasiya)” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)”
sözləri ilə, 3.7-ci və 18.2-ci bəndlərində “Administrasiya” sözu “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”
sözləri ilə, 1.5-ci, 3.2-ci, 3.4-cü, 3.18-ci, 3.20-ci,
3.23-cü, 3.24-cü (hər dörd halda), 4.1-ci, 4.2-ci, 4.25-ci,
4.29-cu, 5.1-ci, 5.2-ci, 5.3-cü, 8.20-ci, 8.28-ci, 10.5-ci, 10.19-cu,
10.20-ci, 11.11-ci, 13.6-cı, 17.12-ci, 19.6-cı
bəndlərində və 8.27.3-cü yarımbəndində
ismin müvafiq hallarında “Administrasiya”
sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.
[2] 26 may 2016-cı il tarixli 204
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 may
2016-cı il, ¹ 115, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 963) ilə “Azərbaycan Respublikasının ərazi sularında
üzmə Qaydaları”nın 2.1.10-cu yarımbəndində “balıq ovlayan” sözləri “balıq və digər su
bioresurslarının ovunu həyata keçirən”
sözləri ilə əvəz edilmişdir.
[3]
11
may 2017-ci il tarixli 201
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 may 2017-ci il, ¹
100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 5, maddə 972) ilə “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın 3.16-cı bəndində “Kiçik Həcmli Gəmilər üzrə
Dövlət Müfəttişliyi (bundan sonra - Kiçik
Həcmli Gəmilər üzrə Dövlət
Müfəttişliyi)” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin (bundan sonra -
Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti)” sözləri
ilə əvəz edilmişdir.
[4]
11
may 2017-ci il tarixli 201
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 may 2017-ci il, ¹
100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 5, maddə 972) ilə “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın 3.17-ci bəndində “Kiçik Həcmli Gəmilər üzrə
Dövlət Müfəttişliyi” sözləri “Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti” sözləri ilə əvəz
edilmişdir.
[5]
11
may 2017-ci il tarixli 201
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 may 2017-ci il, ¹
100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 5, maddə 972) ilə “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın 17.3-cü bəndində “Kiçik Həcmli Gəmilər
üzrə Dövlət Müfəttişliyinin” sözləri
“Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin” sözləri ilə əvəz
edilmişdir.
19
sentyabr 2017-ci il tarixli 376
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 21 sentyabr 2017-ci il,
¹ 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹9 , maddə 1732) ilə “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın 17.3-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
17.3.
Kiçikhəcmli gəmilərin sürücüləri Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin İxtisas Komissiyası
tərəfindən verilmiş mühərrikli və
yelkənli qayıqların idarə olunması hüququnu
verən şəhadətnaməyə malik olmalıdırlar.